Bu gün Avropanın qürubu haqqında söz-söhbətlər, az qala, adət olunmuş gündəlik hadisəyə çevrilir. Hər gün onun keçmişinin mühakimə olunduğunu, dəyərlərinin başqa bir paradiqma xeyrinə inkar edildiyini görürük. Bunun fərəhlə, yoxsa təəssüflə baş verdiyi vacib deyil. Vacib olan odur ki, artıq Avropa adlı bir məfhumun qalmadığı ilə bağlı mövqelərə daha tez-tez rast gəlinir. Lakin filosof Mark Vigilant başqa fikirdədir. O, öz essesində Avropa ideyasını müdafiə edir və mövcud reallıqda onun necə var olduğunu göstərir.
***
Avropa öz keyfiyyətlərinin və hədəflərinin rəngarəngliyində ruh tapacaq. Fundamental konsepsiyaların vəhdəti nə ənənə və inancların çoxluğuna, nə də fərdi qərarların məsuliyyətinə zidd deyil.
Rober Şuman “Avropa uğrunda”
Avropa. Bu söz əsrlər boyu çoxlarına ilham verib. O, ağlın aliliyi və ondan çıxan şüurlu üstünlüklərlə, mədəniyyətin çiçəklənməsi və daima ən yaxşı axtarışları ilə assosiasiya olunub. Bu, qismən də elə həmin avropa mədəniyyəti ilə yetişdirilmiş tənqidi şüur sahibləri tərəfindən mütəmadi olaraq təkəbbürlü təbəssüm, ya da kəskin sarkazmla qarşılanan bir mifdir.
Lakin son 70 ildə Avropa daha barışmaz tənqidin, hətta amansız ittihamın obyektinə çevrilib: indi o, müstəmləkəçiliyin dəhşətləri, Avropanın müharibələri və Şoa ilə assosiasiya olunur. Hətta siyasi baxımdan mötədil intellektuallar belə, özlərində əvvəlki təsəvvürlərin hamısını dağıtmaq kimi qeyri-sağlam bir meyl aşkar ediblər.
Niyə belə olur? Ona görə ki, doqmatik yuxudan ayılıblar? Sanki reallığın, əsası iki yüz il əvvəl qoyulmuş ideallara uyğun gəlmədiyini sadəcə XIX-XX əsrlərdə kəşf ediblər. Təəccüblüdür ki, bu yeni mif kiməsə mənəvi yenilənmə və həqiqətin zəfəri kimi görünür. Ola bilsin, 80-90-ların skeptik akademikləri öz diskurslarını tənqid kimi qəbul edirdilər, amma bu gün o, sadəcə qara və kədərli əfsanələrdən ibarət mifoloji şüurun dirçəldilməsi təsiri bağışlayır. Hərçənd bəlkə, avropalılar daha yaxşı bilərlər?!
Əslində, bu mülahizə, Yan Mooyun yaxınlarda tərcümə olunmuş, “Avropa mədəniyyəti” anlayışını araşdıran məqaləsinə replika kimi yaranıb. Zənnimcə, sözügedən mətn o qədər boş və səthidir ki, orada sırf nəzəri diskussiyalar çərçivəsində qaldırılan suallar başqalarında yalnız son dərəcə açıq tənqidi fikirlər yarada bilərdi. Amma biz, o məqalədən otuz il sonrakı dövrdə yaşayırıq. Odur ki, onun doğurduğu sualları artıq reallıq özü verir. O reallıq ki, bir anlamda bizə bu tip mülahizələrin istiqamətlərindən daha çox, XX əsr intellektuallarına xas olan, öz mədəniyyətinin materiallarında tənqid məşqi tendensiyasını sərgiləyir.
AVROPA NƏDİR?
Bizim professor Mooy öz mətnini həddindən artıq zəif bir iddia ilə başlayır: guya, əgər detallara varası olsaq, avropalılar hələ də həddindən artıq fərqlidirlər və sosiologiya da bunu təsdiqləyir. Bəli, sosioloqlar statistikanı göstərib “öz dəyərləri baxımından Avropa artıq dünyanın homogen bir hissəsi deyil” tezisini sübut edə bilərlər. Amma biz çox gözəl bilirik ki, onlar eyni asanlıqla tamamilə əksini də sübut edərlər (sifariş dəyişən kimi – bunu 2004 və 2007-ci illərdə Avropa Şurasının iki genişlənməsində görmüşdük).
Avropanın heterogenliyini, ən azı, üç-dörd əsrdir ki, isbatlamağa cəhd edirlər. İqlimin ictimai quruluşu müəyyənləşdirdiyinə inanan çoğrafi determinisitlər (məsələn, Monteskyö kimi) Avropanı Şimala və Cənuba bölürdülər. XVIII əsrin sonlarında səyyahlar və diplomatlar kartoqrafik oxu dəyişdirdilər – o vaxtdan da indi bizim alışdığımız Avropanın Qərbə və Şərqə bölünməsi mövcuddur. Ancaq bu spekulyasiyalar, müasir sosial araşdırmalar qədər əhəmiyyətli deyil.
Həmişə olduğu kimi, alternativləri bilmək belə şeylərə o qədər də ciddi yanaşmamağımıza kömək edir.
Rus imperiyası çox uzun müddət özünün Şərq kimi təsvir olunmasına müqavimət göstərib – bütün o “Şimali Palmira”nı (Peterburqun obrazı), “Şimalın Semiramidaları”nı (II Yekaterinanın obrazı), “Severnıy vestnik” (“Şimal xəbərləri”) və “Severnıy Merkuriy” (“Şimal Merkurisi”) qəzetlərini, 1834-cü ildən bəri Peterburqda fəaliyyət göstərən «Du Nord» kafesini (yeri gəlmişkən, fransızlar tərəfindən açılmış) və s. xatırlayın. Əgər özünütəsvirin bu versiyası qalib gəlsəydi, indi biz Rusiyanı Polşa, Ukrayna və Macarıstanın yanında görmək əvəzinə, İsveç, Norveç, Finlandiya, Hollandiya və Böyük Britaniya kimi ölkələr qrupunda görərdik. I Dünya Müharibəsinin qızğın çağında almanlar Mərkəzi Avropa (Mitteleuropa) ideyasını topa tutdular. Almanlar kimi, şərqli barbarlar da – öz avropalılıqlarını itirmiş və neqroid irqi ilə qarışmış kübar qərbi fransızlar – bu ideyaya nifrət edirdilər. Amma almanların layihələrinin bəxti heç vaxt gətirmir. Bu da Avropanın taleyi barədə düşünmək üçün yaxşı səbəbdir.
Əslində, “Avropa” – məhz müəyyən antropoloji tipə xas dəyərlər və şəxsiyyət, cəmiyyət, mədəniyyət və dövlətin uzlaşma modelləri qrupunun adıdır. Asiyada, Amerikada, Afrikada çoxlu müxtəlif regionlar var, amma Avropa bir dənədir. Təbii ki, bu Avropanın sərhədləri coğrafi yox, mədəni-tarixidir. Onlar mərhələdən-mərhələyə – təkcə ayrı-ayrı ölkələrdə yox, həm də ayrı-ayrı beyinlərdən və ürəklərdə gedən sosial-siyasi proseslərdən asılı olaraq dəyişir. Avropalıların özlərini Avropanın özəyi və daşıyıcıları (Romada, Londonda, Madriddə, Parisdə və Berlində hələ də bununla məşğul olurlar), ya da sərhədi və sonuncu istinadgahı kimi xəyal etməkdən xoşları gəlir (bolqarlar özlərini Avropanın qurtardığı nöqtə hesab edirlər – onlardan o yana türklər var; xorvatlar və serblər isə onlardan şərqdə və cənubda olan hər kəsi həddindən çox “asiyalı” hesab edirlər; eynilə slovenlər, macarlar və avstriyalılar da, demək olar ki, bütün ifrat emosional və ənənəvi Balkanları avropalıların sırasından silməyə hazırdılar).
İş ondadır ki, “Avropa” – “Volksgeist” (almanca: milli ruh) deyil, o, daha çox sosial texnologiya, bir şeylər düzəltmək – ağılla, hədəflərlə, ideallarla yanaşı dünyanın gerçəkliklərini və insanın təbiətini nəzərə alaraq düzəltmək – üsuludur. Götürək, elə Avropa müharibələrini – məsələn, Napoleonun yürüşlərini. Əgər dərindən fikirləşsək, görərik ki, burada arxa cəbhənin və cəmiyyətin bütün elementlərinin işində “Avropa mədəniyyəti” daha çoxdur, nəinki onların toplu, süvarili, lələkli şlyapalı (plümajlı) döyüşlərində. Buna görə də, tarixçi Livenin də qeyd etdiyi kimi: rusların 1812-1813-cü illərdəki qələbəsində heç bir sirr və möcüzəvi “general Morozovlar” yox idi, “necə etmək lazımdır?”ı anlayan (ya da bunu anlayanları dinləyən) minlərlə insanın daha rasional və sistemli işi (düşmənə nisbətən) vardı.
Bununla belə, bir-iki nümunə əsasında nəticə çıxarmaq doğru olmaz. Belə ki, öz avropalı ləyaqəti ilə Mooy da Avropa mədəniyyətindən danışarkən mübaliğəyə yol verməməyin vacibliyini qeyd edir. Amma nədənsə o öz akademik skeptisizmi ilə bir şeyi tamamilə unudur: geniş həcmdə tarixi araşdırmalarla paralel avropa məkanının vəhdətini dəqiqliklə vurğulayan antropoloji araşdırmalar da var. Məsələn, bəllidir ki, katolik kilsəsi sayəsində Avropa min il boyu lingua franka (latın dili) şərtlərində yaşamışdı. Yaxud təsərrüfatda ata üstünlük vermək (ayaqaltı yemlə qidalanan nəqliyyat heyvanına yox) Avropanı Asiya və digərlərindən radikal şəkildə ayırmışdı. Bu məqam Smilin “Enerji və sivilizasiya” əsərində də göstərilib (atın gücü çox böyük vaxt boşluğu yaratdı). Avropalıların coğrafi uğurunu da – isti Qolfstrim, daxili dəniz (Aralıq dənizi) və şimalla cənubu, şərqlə qərbi birləşdirən çayların çoxluğunu – unutmaq olmaz.
Avropa “makro səviyyədə tarix, həyati-fəaliyyət formaları, ideya və ərzaq baxımından digərlərindən” çoxdan və aydın şəkildə fərqlənmişdi. Avropanı yunan fəlsəfəsi, roma hüququ, latın universitetləri, hərbi və iqtisadi ekspansiya, eyni zamanda başqalarının ekspansiyasına qarşı son dərəcə inadlı müqavimət (həm texniki baxımdan, həm də sayca müsəlmanlar Kaleyə və Baltikə çatmalıydı, onlardan əvvəl isə farslar Afinanı yandırmalıydılar), texnoloji sıçrayışlar və siyasi nümayəndəliklər yaratmışdı. Digərləri kimi, Avropa dövlətçiliyi də qeyri-bərabərliyin nə olduğunu bilirdi, ancaq Avropada ideal qismində, tədricən, diskussiya qaydalarını nəzərdə tutan bərabərhüquqluların söhbəti meydana çıxırdı. İndi bu halı həm yaxın, həm də uzaq Şərq sakinlərində həmsöhbətin statusunun qeyri-müəyyənliyinin mədəni narahatlıq yaratması ilə müqayisə edin.
Skeptik Mooy buna qarşı hansı arqumenti qoya bilər? Əlbəttə, (gizli) əxlaqi ritorikanı. Lakin onun, XX əsrin dəhşətlərinə appelyasiya etmək cəhdi haqlı deyil. Totalitarizmi dünyaya Avropa bəxş etməmişdi. Onu avropalının faustsayağı ruhuna yox, heyvansayağı qorxmuş naturasına söykənən sadə həllər axtarmağa məcbur edən böhranlar yaratmışdı. Odur ki, herr professorun yazdığı “quş uçuşu yüksəkliyindən baxanda labüd nəticə çıxır – Avropa mədəniyyəti həm faydalı, həm də zərərlidir” cümləsini görəndə mənə elə gəlir ki, o, suyu həddindən artıq aşkar şəkildə bulandırır.
Birincisi, hələ də nə Mooy, nə də başqa birisi tarixi gerçəklikləri əxlaqi kateqoriyalarla birmənalı dəyərləndirməkdən ötrü aydın bir meyar göstərməyib. İkincisi isə, hətta mədəniyyətin bəzi təzahürlərinin yüz faiz zərərə çevrildiyi fikri ilə razılaşsaq belə, alternativ ssenarilərin daha yaxşı olub-olmadığı məlum deyil. Mən qeyri-avropa tarixinə aid, cəmiyyətin, ümuminin rifahı ilə fərdin maraqlarının birlikdə mövcud olmasının kompromisli və nisbətən rahat formalarını axtara-axtara dəyişdiyini göstərən yaxşı örnəklər xatırlamıram. Buna görə də, Leybnitslə həmrəy olmağa üstünlük verirəm və Avropanın mövcudluğunu mümkün variantların ən yaxşısı hesab edirəm.
Dahası, müəllif anlamaq istəmir ki, problem heç də ideallaşdırmada deyil (ki, bu, riyaziyyat üçün son dərəcə qəribə olardı). İdeallaşdırmanın tələsi – Avropa ilə konkret tarixi tipi, məsələn, şimali italiyan şəhərini, ya da Baron Osman dövrünün Parisini eyniləşdirməkdir. Avropa dövlətləri çərçivəsində barbarlığı və idealdan uzaqlaşmaları etiraf etmək isə fənd deyil. Bu – dəyərlərin özbaşına mövcud olmadığını, onlar uğrunda mübarizə, səylər (burada məğlubiyyətlər, geriçəkilmələr də mümkündür) tələb etdiyini anlamaqdır. Əslində, elə bir çox həmkarları kimi Mooyun özü də hiylə işlətməklə məşğuldur: əgər yalnız müsbət tərəflərdən danışırıqsa, onda bəlkə o da öz mədəniyyətinin ziddiyətli tərəflərini etiraf etsin və onları fərəhlə qəbullansın? Bəlkə, professor öz snobizmini azaltsa və öz mədəniyyətinə qarşı tənqidçi neytrallığının sadəcə XX əsrin sonları-XXI əsrin əvvəllərindəki akademik humanitarların söz oyunu olduğunu xatırlasa, daha yaxşı olmazmı?
Buna görə də, avropalıları avropasentrizmdə ittiham etmək cəhdləri gülməlidir. Çünki rasional tənqid özü-özlüyündə Avropa ideyasına söykənir (bu, intellektual polemika aparmağın başqa qaydaları və standartları olmadığı anlamına gəlmir, amma iş də elə ondadır ki, onlar başqadır). Dəyərlərə əsaslanaraq avropasentrizmdən imtina etmək – sadəcə fəlsəfi mülahizələr donu geyindirilmiş kin, özünənifrətdir.
Yeganə yersiz (bəsit) avropasentrizm – bütün xalqların öz inkişaf mərhələlərində Avropanın addımlarını və nailiyyətlərini təkrarladığını deyən optimist cəfəngiyyatdır. Xeyr, hamı və hər şeyi təkrarlamır. Bax, mədəniyyətlərin uzlaşmayan fərqlərinin təməlində bu dayanır. Frans Boasın bir çox ardıcılları bunu arzulayırdılar. Amma ayrı-ayrı individlər istəsələr, həqiqətən, avropalı ola bilərlər (tarix bunu dəfələrlə təsdiqləyib). Bu, ən qərəzsiz və sağlam yanaşmadır və elə burdan başlamaq lazımdır.
Odur ki, biz təkcə Yan Romeynlə razılaşa bilərik. Romeyn avropa tarixini ümuminsani trayektoriyadan kənaraçıxma kimi təsvir edirdi: “individualizm və rasional planlaşdırma təkcə burada meydana çıxmışdı, texnika tərəqqinin xidmətinə verilmişdi, dinamika sabitliyi əvəz etmişdi və bunun əlavə nəticəsi olaraq tarix avropalıların dünyanı qavramalarında mühüm rol oynayırdı”. Duqlas Nort və başqa iqtisad tarixçiləri də analoji arqumentdən istifadə edirlər. Onlar da deyirlər ki, Avropanın tarixini normativ örnək qismində deyil, iqtisadi və ictimai inkişafın ənənəvi patternlərinin qırılma tarixi qismində öyrənmək lazımdır. Dünyanın belə mənzərəsində permanent iqtisadi inkişaf, ictimai nemətlərin əlçatarlığı və müasirliyin digər atributları bu normadan kənaraçıxmadır. Bəşəriyyət üçünsə on min illik norma – maltuzian tələsi, yoxsulluq və despotizmdir. Tarixdə sadəcə “mənfi hadisələr toplusundan” daha böyük bir şey görməyi öyrənən hər kəs bunu aydın başa düşür. Mən hətta bohem-stayl arqumentindən də istifadə edə bilərəm: siz heç avropalı (bura “şəhər” Kanada, ABŞ və Avstraliya da daxildir) yox, başqa biri olmaq istəyən insanlar barədə eşitmisiniz? Bəlkə biz bilmirik, çinli olmaq istəyən xeyli insan var? Ya da konqolu və ya efiopiyalı olmaq istəyən var (onların orijinal mədəniyyətlərinə baxmayaraq)? Yaxud da bəlkə kraliça II Yelizavetanın pakistanlı, ya da hindli olmağa can atan (ən azından, simmetriya üçün) təbəələri çoxdur? Əfsus ki, Şərqin, Afrikanın və kolumbaqədərki Amerikanın möcüzələri və sirləri haqqında bütün söhbətlər – avropalıların məhsuludur (onların incəsənətinin, antropologiyalarının, siyasətinin və fəlsəfəsinin). İnsanlar həmişə başqa biri olmağı arzulayırlar, ancaq “avropalı olmaq” – “tutsi, yoxsa hutu”, “semit (ərəb), yoxsa semit (yəhudi)”, “arakanlı, yoxsa rohinca” tipli seçimlərlə maraqlanmayanlar üçün hər zaman alternativ olaraq qalacaq. Avropa – “əsrlərin mirası”nı, “bunu nüfuzlu bir kişi deyib”i yox, şəxsiyyəti seçməyə imkan verən istisnadır. Odur ki, avropalı olmağa can atmaq – təkcə kütləvi medianın mədəni ekspansiyasının nəticəsi deyil. Təkcə 90-ların postsovet yeniyetməsi amerikalı olmaq arzusu ilə alışıb-yanmayıb (özü də o, qətiyyən əyalətdə yaşayan amerikalı fermer olmağı arzulamrdı), elə yüzlərlə istedadlı alim və incəsənət xadimləri də əsrlər boyu Avropaya girməyə can atıblar.
Avropalı tənqidə qadirdir, çünki çoxlarına xas olan bu meyl cəmiyyətin inkişafı üçün faydalıdır. Hətta bu yerdə Mooyla razılaşmaq da mümkündür. Onun mülahizələrinin açar məqamı belədir: “İdeallaşdırma da, bəsitləşdirmə də hərdən bizi avropalıların reallığa çevirdikləri şeyə görə mədəni lovğalıq, qürur duymağa, ifrat mədhiyyəyə yol verməyə aparır”. Lakin müəllif bu sətirləri 80-ci illərdə yazır. O dövrdə ki, onda Avropa mədəniyyətini heç bir təhlükə gözləmirdi, buna görə də, qüruru da tənqid etmək mümkündür. Yəni “biz intellektuallar hər şeyə tənqidi yanaşırıq, sadə narsist sevinclər isə – sadəlövhlərin işidir”. Amma Əlahəzrət Dialektikanın ironiyası hər əbədiyaşardır: artıq 2020-ci ildə belə sadəlövhlər, demək olar ki, son istinadgahlardır, çünki bu gün mədəniyyət əleyhdarı olan aktivistlər və bir ovuc intelligensiya ağına-bozuna baxmadan Platonu, İntibahı, ümumi demokratiyanı mümkün etmiş imperialist-müstəmləkəçi keçmişi, hətta universitetin təməllərini (dürüstlük əxlaqi və həqiqətə sadiqliyi ilə birlikdə) darmadağın edirlər. O zamanlar böyük müharibələrə şahidlik etmiş insanlar elə düşünürdülər ki, universitet professorunun həyat səviyyəsi yüksək olmalıdır, bu, cəmiyyətin öhdəliyidir (Avropa 50-ci illərin sonlarına qədər kartlarla yaşamışdı).
XXI əsrin yeni reallığında isə universitet intelligensiyası, o cümlədən yeni meydana çıxmış IT sferası öz statuslarını təbii bir şey kimi qəbul edirlər və daha çoxunu istəyirlər – məsələn, hakimiyyət. Artıq heç kim nəticələr barədə düşünmək istəmir: belə adamlar istənilən hadisəni ya öz məğlubiyyətləri, ya da ardınca daha çox şey tələb etməyə fürsət verən müvəqqəti uğur kimi görürlər.
Bunların fonunda Mooyun darıxdırıcı mətni bu gün qadağan olunmuş göy qurşağı kimi, rənglərlə oynayır. Cənab Mooy və dəstəsi, siz daha tez sussaydınız, daha yaxşı olmazdımı? Müasir sadə avropalılar da, təxminən, buna bənzər şeylər düşünürlər. O avropalılar ki, onlara, tədricən, ən əsas şeyi – avropalı olmağın sevincini qadağan elədilər. Bu sevinci nə Mooy, nə də onun “şagirdləri” anlamırdılar. Başa düşmürdülər ki, avropalı olmaq sevinci, öz dəyərlərinə hörmət etmək, tənqidi yanaşmaya əngəl deyil, hətta ən ortastatistik insan belə, lovğalıqdan ağlını itirmiş kora çevrilmir. Burdakı yeganə kor – insanların necə qurulduğunu təsəvvür etməyən, buna görə də, sadəlövh şovinistin aşkar ucuz obrazlarına istinad edən təkəbbürlü professordur. Bir də, təbii ki, Nikolya Şoven – Yeddi birləşmiş Aşağı Torpaqların sakinlərinin xələfindən daha çox, avropalı olan, ancaq Vətəninin devizinin niyə «Je maintiendrai» (“Mən ayaqda qalacağam!”) olduğunu tamamilə unutmuş Nikolya Şoven (yarımifik fransız əsgəri, “şovinizm” anlayışı onun soyadından yaranıb).
AVROPADAN KƏNAR AVROPA
Maraqlıdır ki, Mooy, mətninin sonunda qəflətən Rusiyanı xatırlayır və əksər nəzəriyyəçilərin onu Avropadan ayırmaq cəhdlərinin doğru olmadığını bildirir. Bu, düzdür. Hərçənd Mooyun cəsarəti çatmır desin ki, bu, məhz son dərəcə rasional ideoloji strategiya ilə bağlıdır (avropalılıqda inhisarı qorumaq üçün diffamasiya; çünki dostlar müstəmləkələri əvəz edə bilməzlər).
Ancaq rus intelligensiyasının suisidal meyllərini də unutmamalıyıq (bu mövzuya ayrıca mətn həsr etməyə dəyər). Əgər siz Trubetskoyun, Vernadskinin və Qumilyovun ardınca “avroasiyalılıq” ideyasını müdafiə etməyə hazırsınızsa, özünüz bilərsiniz. Amma Avropa məkanını tərk etdiyiniz anda niyə müstəmləkələşdirmə obyektinə çevrildiyinizə təəccüblənməyin. Bunun günahı özünüzdədir. Ola bilsin, tənqidi düşüncənin nəticələrindən biri də – başqalarının maraqlarının mövcudluğunu anlamaqdır (onların şəxsən sizə sərf edib-etmədiyindən asılı olmayaraq), onları özünə tabe etməyin, ya da görməzdən gəlməyə çalışmağın ədalətsizlik olduğunu anlamaqdır. Bununla belə, rus ədəbiyyatı, baleti, elmi, mühəndislik məktəbi, imperiya siyasəti (inqilaba qədərki) və bir çox başqa şeylər – Avropaya aid olmağın təsdiqi üçün yetərlidir.
Bəs Avropanı və Avropa dəyərlərini yenidən sorğulamaq, arzulamaq bu gün niyə bu qədər vacib olub? Bəlkə ona görə ki, azad debatların əsl avropa formatı – nəticəyə hörmətlə yanaşmaq – get-gedə yerini medial post-həqiqətə verir? Ya da bəlkə ona görə ki, “avropa dəyərləri” haqqında bəyannamələr nəinki artıq qonşuları ruhlandırmır, elə AŞ-ın öz vətəndaşlarına da siyasətçilər tərəfindən gözdən pərdə asmaq üçün fənd təsiri bağışlayır? Ya da bəlkə məsələ sadəcə ondadır ki, artıq geosiyasi bölgülərdə siyasi mərkəz qismində Avropa deyilən şey yoxdur və onun yerində yalnız böyük və ziddiyyətli bazar var?
Yox, bütün bunlar dünən aktual idi. Bu gün bu mövzu yalnız ona görə qıcıqlandırır ki, geosiyasi Avropada Avropa və avropalılar, demək olar ki, qalmayıb. Məsələn, həmişə zəhərli olmayan maddələr və son dərəcə seçici casuslarla bağlı (ABŞ Almaniyanın birinci şəxslərini dinlədiyini inkar etmək əziyyətinə belə qatlaşmır) Şəhrizad nağıllarına şübhə ilə yanaşmayan, ya da bütün KİV-lərin etnik cinayətkarlıqdan qəzəblənən adi insanları diffamasiya etməsiylə razılaşan, ya da öz vergiləri ilə diplomatiyaya yox, öz vətəndaşlarının dezinformasiyasına yönəldilmiş onlarla mərkəz saxlamağa hazır olan adamı avropalı adlandırmaq çətindir. Elə korporasiyanın hər şübhəli fəaliyyətinə (məsələn, dərmanlarla, ya da haqqınızdakı məlumatlarla bağlı) səmimi qəlbdən inanan və “onlar bizimlə- avropalılara bunu eləyə bilməzlər” deyən adamları da.
Siyasətçilərin əliylə ötürülən belə cəfəngiyyatlar yalnız yaltaq, kəskin suallar verməyə, etiraz etməyə ağlı, gücü və iradəsi çatmayan, ya da düşünməyi unutmuş subyektə təsir edə bilər. Artıq Avropa deyilən şey yoxdur. Sonuncu avropalılar – Rusiyada və başqa ölkələrdə sual verməyə davam edən insanlardır.
Bu, o demək deyil ki, növbəti “Avropanın qürubu” baş verib – hara olmasa da, coğrafi Avropaya avropalılıq çox tez qayıda bilər. Bu, sadəcə stabillik və komfort dövründən sonra adi xatırlatmadır – ki, Avropa uğrunda mübarizə heç vaxt bitmir. O davam edir. Düşünməyi seçən, sosial təzyiqlərə, qara-qışqırığa baxmayaraq, məsələni özü araşdırmağı seçən hər kəsdə dava medir.
Özündə Avropa yetişdirmək – düşünmək, öhdəlik, məsuliyyət götürmək deməkdir. Bu gün döyüş meydanı genişdir: o, banal məişət hallarından, ayinlərdən tutmuş biliyin təşkili və yayılma formalarına qədər yayılır.
Syg.ma