Dünən yaxın dostlardan biri ilə danışanda söhbət əsnasında dedi ki, mənim yazılarımda bəzi sözlər-terminlər tez-tez təkrar edilir, bunlardan biri də “mantra” kəlməsidir. Onu çox işlədirəm və gözü bir növ cırmaqlayır.
Haqlı idi əlbəttə, dərhal razılaşdım. Amma bu kəlməni nə ilə əvəz edəcəyimi bilmirəm doğrusu. Əlbəttə ki, bu termini həqiqi mənasında yox, sırf metaforik anlamda istifadə edirdim.
Əslində mantra — ölü dil olan sanskritdə səsləndirilən və magik xarakter daşıyan bir sıra səslər, fonemlər, söz ifadələridir ki, əsasən hinduist dini ritualları zamanı işlədilir. Əlbəttə ki, spesifik olduğu üçün çox adam oradakı mənaları anlamır, zatən çox zaman heç məna da olmur, bəzən sadəcə “energetik səslərdən” də istifadə edilir, məs., “o-o-o-o-m” kimi.
Mənsə bu termini cəmiyyətimizdə indiyədək fırlanan, lakin mahiyyətinin hazırda artıq bir məna kəsb etmədiyi cümlələr, söz birləşmələri, ifadələr haqqında işlədirdim. Zənnimcə kifayət qədər dəqiq ifadə edirdi bu termin, bir zamanlar hamımız üçün dərin əhəmiyyət daşıyan, hazırda isə tamamən daşlaşmış həmin o fikirləri.
Meymunlar üzərində eksperiment
Bizə, yəni insanlara (homo sapiens) növ kimi ən yaxın canlılar primatlardır. Bizim kim olduğumuzu öyrənmək üçün bu zavallılar üzərində zaman-zaman necə eksperimentlər aparılıb, necə əzablar verilib bu günahsız heyvanlara. Onlar arasında sosioloji xarakter daşıyanları insan cəmiyyətlərinin davranış anatomiyasının açılışı optikasından xüsusi diqqət çəkir.
Bir eksperiment zamanı qəfəsin içərisinə 5 meymun yerləşdirilmiş, tavanına banan dəstəsi bağlanmış, altında da ora qalxmaq üçün pilləkən qoyulmuşdu. Qəfəsdəki meymunlardan biri bananı qoparmaq niyyəti ilə pilləkənlərə yaxınlaşır, lakin yuxarı qalxıb pəncəsini banana toxunduranda elektrik cərəyanı onu vurur və heyvan aşağı yıxılır.
Bir qədər zaman keçdikdən sonra başqa bir meymun yuxarı qalxıb bananı götürməyə cəhd edir — eynisi təkrar olunur, onu da elektrik cərəyanı vurur və yıxılır. Qısası, beləcə qəfəsdəki bütün meymunlar növbə ilə qalxıb banan götürməyin acı təcrübəsini yaşayır və hafizəsinə qeyd edir.
Bu zaman eksperimentin növbəti mərhələsi başlayır — eksperimentatorlar ilk öncə yuxarıdakı elektriki söndürür, sonra isə bu acı təcrübəni yaşamış meymunlardan birini qəfəsdən çıxarır və yerinə yeni bir meymun gətirirlər. O da tavanda bananları gördükdə dərhal qalxıb onlardan birini götürmək istəyir. Lakin onun fikrini duyan qəfəsdəki icma buna yol vermir — olmaz! Niyəsini anlamadığına görə bir qədər cəhd etsə də, digər meymunların davranışından bunun tabu olduğunu anlayıb fikrindən vaz keçir. Halbuki artıq yuxarıda elektrik yox idi.
Ardınca meymunlardan birini də əvəzləyirlər, o da bananları gördükdə eyni təcrübəni yaşayır və icmada apriori hökm sürən “yuxarıya qalxmaq olmaz!” tabusuna tabe olur. Beləliklə, tədricən bütün meymunları əvəz edirlər, qəfəsdə də yuxarıdakı elektriklə ümumiyyətlə heç bir təcrübəsi olmayan 5 meymun qalır. Lakin artıq bu icmada heç kimin tavandakı bananları götürməyinə imkan verməyəcək tabu vardır. Heç birinin özünə bəlli şəxsi təcrübəsi olmasa da, bu icmada hamı bu qanuna şəksiz tabedir.
İnsan cəmiyyətlərində də hökmran olmuş bir çox tabular, qanunlar belə işləyir, çoxuna irrasional gəlsə də, izahı mümkünsüz olsa da, dəllilər əksini sübut etsə də bu tabular uzun zaman həqiqət, reallıq kimi qəbul edilir və davamlı olaraq qalır.
Bizim cəmiyyətdə də təxmini bənzər fenomeni izləmək şansımız oldu. 90-cı illərin fəlakətli məğlubiyyət acılarını yaşamış toplum öz üzərində aşağıdan yuxarıyadək refleksiyalar, özünütənqid etdi, acı nəticələrə gəldi, cəmiyyətdə hökm sürən bir çox məsələlər təftişə uğradı və müsbət nəticələrini də verdi. Lakin bu refleksiyaların müsbət tərəfləri zamanla mənfiyə mutasiya etməyə başladı, acı illərin təcrübəsi olan həqiqətlər zamanla istənilən dəyişiklikləri görməyi çətinləşdirdi və nəhayətdə 00-cı illərdə (xüsusilə o zamankı gəncliyin səyləri hesabına) gəlinmiş nəticələr daşlaşdı, öz ilkin mahiyyətindən tədricən məhrum olub məhz mantra xarakteri almağa başladı.
Bunlar barəsində keçən yazıda qeyd etdiyim kimi, “Keçmişin paraqdiqmaları, tutalım elə bu illər ərzində az qala milyon dəfə səsləndirdiyimiz “yox, biz komanda kimi çalışa bilmirik” kimi ən bayağı klişe də 2020-də yaşanan hadisələrin burulğanında yox oldu. Bitdi, bağlandı o söhbətlər, tarı-mar oldu, 27 sentyabrdan sonra son nöqtəsi qoyuldu. Bunlar artıq keçmişin mantralarıdır, unudun onları, o səhifələr birfədəlik çevrildi.”
Cəmiyyətimiz üçün çox ağır keçən 90-cı illərin acı təcrübəsindən doğan minlərlə belə ifadələr, klişelər var, indiyədək təkrar edilməkdədir, hərçənd ki, yeni nəsil, hazırkı gənclik artıq onların tamamilə əsassız olduğunu az qala hər gün sübut etməkdədir.
“Gülüstan və Viranələr”
Bu günlərdə görkəmli filosof və ictimai xadim, 4 il öncə, 2016-cı ilin dekabrında haqq dünyasına qovuşmuş böyük müəllimimiz Heydər Camalın nəşrdən yeni çıxmış son kitabını “Gülüstan və Viranələr” (“Сады и пустоши”) əsərini böyük zövqlə mütaliə edirəm. Bu nəhəng fikir adamı son əsərində uşaqlığından başlayaraq yetkin dövrünə kimi sırf xatirələrini bölüşür, həyat yolunda qarşılaşdığı personajların portretini zərgər dəqiqliyi ilə rəsm edir.
Filosofun əsərə ön sözləri xüsusi diqqət çəkir:
“Mən çoxdan düşünürdüm ki, insanlar sadəcə nə vaxt gəldi ölmürlər. İnsanlar xəstələndiklərinə, qocaldıqlarına, ya da sadəcə yaşamaqdan yorulduqlarına görə keçinmir. Ona görə ölürlər ki, onların dövrü bitir — müəyyən bir matritsanın daşıyıcıları olaraq, onlar lay-lay, qat-qat gedirlər.
Bu ideya ilk dəfə yaşadığım kommunal mənzildə — orda telefon giriş qapısı ilə üzbəüzdə, telefon nömrələri ilə bəzənmiş əhəngli divarda asılmışdı — zəng çalınıb Vısotskinin ölümü xəbər veriləndə ağlıma gəlmişdi.
O an içimdə kəskin bir hiss yarandı: Vısotski narkotik istifadə etdiyinə, ya da Voznesenski, Yevtuşenko kimi 60-cılar onu bezdirdiyinə görə ölməmişdi. Onun dövrü sona çatdığına görə ölmüşdü.
Yeni mentallığı ilə 80-lər başlayırdı və orda onun romantikasına, obrazlarına, metaforik gedişlərinə, pafosuna əsla yer yox idi.
Onun matritsası bitmişdi.”
Çox dərin bir həqiqət yatır bu sətirlərin içində.
Həqiqətən də zamanı bitmiş insanlar ölür — fərq etməz, bu fiziki ölümdür, yoxsa mənəvi. İstənilən halda bu entropiyadır, çürümədir yəni. Bunların bariz şahidi olduq bu keçən ildə, bir çoxlarının timsalında — baş verənləri heç bir cəhdlə qəbul edə bilmirdilər, çünki onların onilliklərlə yaşadıqları, izahını rahat verə bildikləri “komfort zonası”, qısaca atmosferi, kosmosu dağılırdı. 2020 magik rəqəmləri bu anlamda çox məsələlərə şahidlik etdi.
Keçmişin artıq məna kəsb etməyən həqiqətləri ilə yaşamaq hansısa romantik nostalgiya deyil, anlamları bəlli olan komfort zonadan çıxmamaq istəyidir. Çünki yenilik istənilən halda turbulent və təlatümlü olur, keçmişlərdəki təcrübələrdən beyinlərdə oturuşmuş nizamlı dünyaya xaos və qaydasız döyüş effekti gətirir. O səbəblərdən bunları görmək və anlamaq, qəbul etmək çox böyük cəsarət tələb edir. Hər bir insanın həm bir individum kimi, həm də toplumun bir hissəsi olaraq daima dəyişən dünyadakı yenilikləri qəbul etməsi onun öz üzərində dayanmadan çalışması və permanent refleksiyaları sayəsində başa gələ bilər, əks halda o, Heydər Camalın yazdığı kimi ölümə məhkumdur — fərq etməz, cismən, ya mənən. Zatən ikincisi daha dəhşətlidir, sözsüz.
P.S. Mantra kəlməsini isə bir daha işlətməyəcəm — əgər ki, artıq hamı mövzunu mənimsəyib, daha nə hacət? Görünür artıq mantra kəlməsinin işlədilməsinin də zamanı bitməkdə.