Ötən əsrdə nüvə texnologiyaları müharibələri dəyişdi. Robotlar və süni intellekt isə müharibələri indiki dövrdə dəyişməkdədir. 50 il sonrasında qarşıdurmalar nəyə bənzəyəcək? Və ya kənar təhdidlər bəşəriyyəti sıx birləşdirərək, müharibələrə son qoya biləcəkmi?
Müharibə – bəşəriyyət özü mövcud olduğu müddətcə var olan hadisədir. Lakin ən tanınan qarşıdurma növü olan, hüquqi və siyasi status nöqteyi-nəzərindən bərabər subyektlər kimi iki dövlətin bir-biri ilə savaşması ancaq XVII-XVIII əsrlərdə formalaşıb.
Düşmən – dövlət deyil
Xirosima və Naqasakiyə bomba atılmasından sonra qarşıdurma konkret ölkələr arasında deyil, başında SSRİ dayanan kommunist və başında ABŞ-ın durduğu kapitalist rejimlər arasında meydana gəlmişdi. Daha sonradan NATO və Varşava müqaviləsi ölkələri bu mübarizənin iştirakçılarına çevrildilər. Bu situasiyanın unikallığı ondadır ki, nüvə üstünlüyünə malik olan ölkə (1945-1949-cu illərdə ABŞ) müharibənin bütün qanunlarına görə zərbə endirməli idi, amma bunu etmədi. Bu, yəqin ki, nüvə potensialının ölümcüllüyünü hər iki blokun dərk etməsi ilə bağlı idi: təkcə düşmənlər yox, bütün dünya zərər çəkə bilərdi. Bu günədək ölkələr arasında qlobal müharibələrin baş vermədiyini əsasən məhz nüvə təhdidi amili ilə əlaqələndirirlər.
Gələcəkdə hərbi əməliyyatların əsas iştirakçıları siyasətin qeyri-dövlət subyektləri – qeyri-hökumət və humanitar təşkilatlar, transmilli korporasiyalar, üsyançı qruplar və terrorçular olacaq. Bir çox transmilli şirkətlərin büdcəsi dövlətlərin büdcələri ilə müqayisə oluna biləcək qədərdir, Apple isə özü üçün kiçik bir orduya belə sahib olmaq imkanına yiyələnə bilər. Gələcəkdə bəzi şirkətlər üçün konkret dövlətlərin loyallığı vacib olacaq. Oxşar presedentlər artıq mövcuddur. Misal üçün, Latın Amerikasında meyvələrin ixracı ilə rəsmi olaraq məşğul olan şirkətlər yerli vətəndaş müharibələrində iştirak etmiş və ABŞ-a sərf edə biləcək şəkildə siyasi mənzərəyə təsir etmişdilər. Amma gələcəkdə kommersiya şirkətlərinin müstəqil davranması, o cümlədən özlərinin varlanması üçün müharibə kimi siyasi alətlərdən istifadə etməyə başlaması kimi bir süjet də olduqca realdır.
O ki qaldı üsyançı qruplar və terrorçulara, onlar, böyük ehtimalla, dövlət yaratmaq məqsədini güdməyi dayandıracaqlar: özlüyündə müharibə onlar üçün sərfəli bir iş olacaq və döyüş əməliyyatları qazanc vasitəsinə çevriləcək. Yəni onlar müharibədə siyasi səbəblərdən deyil, daha çox iqtisadi cəhətdən maraqlı olacaqlar.
Üstəlik dövlətin müharibələrdə rolu azalacaq. İnkişaf etmiş ölkələrin genişmiqyaslı müharibə aparacağı konkret düşməni olmayacaq. Onlar üçün açıq hərbi əməliyyatlar indi artıq bir o qədər də sərfəli deyil – nə maliyyə baxımından, nə də siyasi. Müharibə aparmaq çox baha başa gəlir. Siyasətçilər seçicilərinə müharibənin niyə zəruri olduğunu izah etməlidir. Bundan savayı, xalq elə ilk çağırışda döyüşə getməyə hazır olmur. Amerikalı siyasi ekspert Edvard Lüttvak bunu bizim post-heroik dövrdə yaşadığımızla əlaqələndirir. Qərb ölkələri, o cümlədən Rusiyada əhalinin qocalması və doğum templərinin azalması, humanizasiya, şiddətə meylin olmaması, azad KİV-lər, BMT kimi qeyri-dövlət təşkilatları və başqa amillər müharibəni milyardlarla insanın gözündən salıb.
Buna görə də mümkündür ki, gələcəkdə özəl hərbi şirkətlərin rolunun artmasını və orduların rolunun azalmasını görək. Bununla belə özəl ordunun sifarişçisi qismində dövlət çıxış edə bilər – belə yolla o, döyüş əməliyyatlarından özünü formal olaraq kənarlaşdırır. Muzdlular özləri isə müqavilə üzrə götürülən yaraqlı ola bildiyi kimi, döyüş hakerləri dəstəsi də ola bilər.
Lokal müharibələr qlobal müharibələrə çevrilir
Son iki onillikdə maraqlı tendensiya görmək olar: ölkədaxili münaqişələr tez-tez dövlətlərarası qarşıdurmalara çevrilir. Məsələn, Suriya münaqişəsi iqtidarla üsyançı müxalifətin toqquşması kimi başladı. Amma zamanla müxtəlif qüvvələr koalisiyalar formalaşdırdılar və indi bu konfliktin iştirakçılarını müəyyən etmək çox çətindir: tərəflərdən hər birisinin arxasında daha böyük və qlobal əhəmiyyətə malik oyunçular dayanır.
Lokal münaqişədən qlobal münaqişəyə çevrilən Vyetnam konflikti buna dair XX əsrin oxşar misalıdır. Vyetnam müharibəsi antikolonial kimi başlamış, lakin kapitalist (Qərb) və kommunist (Sovet İttifaqı) qütblərin qarşıdurma arenasına çevrilmişdi. Vyetnamda kommunistlər çox güclü idi. Bu, ABŞ və onların müttəfiqlərinin, həmçinin kommunist dövlətlərin diqqətini çəkdi. Çin Vyetnamı maliyyə cəhətdən dəstəkləyirdi, Sovet İttifaqı hərbi əməliyyatlarda bilavasitə iştirak edirdi. Buna oxşar hərbi ssenari təkrarlana bilər – bu, XXI əsrin müharibələri üçün arxetipikdir. Biz, Şimali Afrikada, Liviya və Suriyada bunu müşahidə edə bilirik. Oxşar hadisələr Ukraynada da baş vermişdir.
Belə hərbi münaqişələrin böyük bir hissəsi uzanan xarakterli olur: Konqo və ya Suriyadakı gərginlik uzun illər boyunca davam edir. XVII-XVIII əsrlərdən başlayaraq Avropada bütün müharibələr ya tərəflərdən birinin məğlubiyyəti və kapitulyasiyası, ya da sülh müqaviləsinin bağlanması ilə yekunlaşmalı idi. Bundan sonra münaqişə sona çatırdı. Lakin Avropa və Şimali Amerikanın hüdudlarından kənarda yerləşən bir çox regionlarda güclü dövlətlərin yaranmadığı faktı, konfliktlərin pasifikasiyasının (zor gücü ilə sülhə razılaşdırma) mümkünlüyünü zəiflədir: kim-kimlə sülh bağlayacaq, aydın deyil. Əgər müharibədə heç kim qalib gələ bilmirsə, demək münaqişə sonlanmayıb. Müharibənin institusional olaraq necə aradan qaldırılmalı olduğu məlum deyil, bir çox cəmiyyətlər üçün isə sülh içərisində yaşamaq savaşmaqdan daha çətindir.
Sözsüz ki, dünya ictimaiyyəti heç də bütün müharibələrə qarışmır və heç də hər dəfəsində yerli münaqişələr qlobal miqyasa daşınmayacaq. Amma yerli müharibələr qlobal siyasətə hətta daha çox təsir edəcək. Məsələn, Sudanda artıq qırx ildir davam edən müharibə qaçqınların başqa ölkələrə köçməsinə və dəniz quldurluğuna gətirib çıxardı. Buna baxmayaraq, Yaxın Şərq, Afrika və Asiyada olduğu kimi, qəhrəmanlıq paradiqmasının hələ mövcud olduğu ölkələr Suriyada və Konqodakı kimi öz müharibələrinə post-heroizm ölkələrini də cəlb etməyə davam edirlər. Buna, demoqrafik və sosial əsaslar var: qəhrəmanlıq nümunəsi ölkələrinin gənc əhalisi Qərb ölkələrinin iqtisadi üstünlüklərindən məhrumdur, bundan əlavə isə orada gənclərin sayı Qərb ölkələrindəkindən daha çoxdur. Bu insanlar ən yaxşı həyata çatmaq üçün canlarını qurban verməyə hazırdır.
İslam terrorçuluğu fenomeni böyük ölçüdə bununla bağlıdır. Bənzər səbəblərlə Konqo qarşıdurmaları da, Ruanda soyqırımı da izah olunur. Bu münaqişələrdəki insanlar kütləvi zorakılıq aktlarını törətməyə də, hətta bu zorakılıqlara qarşı eyni şiddətlə cavab verməyə də hazırdır. Buna görə də, humanizasiyaya baxmayaraq, savaşmaq üçün bəşəriyyətin əlində legitim səbəblər qalmaqdadır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən, özünümüdafiə çərçivəsində müharibə yolveriləndir və öndəgedən dünya dövlətlərinin hərbi doktrinalarında təklif olunduğu kimi, ordu məhz bunun üçün zəruridir.
Müharibə aparma texnologiyaları dəyişir
Müharibə aparma texnologiyaları təkmilləşir, avtomatik döyüş kompleksləri yaradılır. Yaxın onilliklərdə hədəfi özbaşına müəyyən edə, onu təqib edə və zərbə endirə biləcək robotlaşdırılmış sistemlərin dəfələrlə artacağını görəcəyik. Onlar, məlumatları özləri təhlil edəcək və zərbələrin nəticələrini dəyərləndirəcəklər.
Hərbi əməliyyatlarda robotların iştirakından danışası olsaq, hərbi qarşıdurmalar hələlik buna bənzəyir: inkişaf etmiş infrastruktura sahib varlı dövlət öz robotlarını yaradaraq, belə texnologiyanı nə istehsal etmək, nə əldə etmək, nə də onlardan yararlanmaq imkanı olmayan daha az inkişaf etmiş dövlətlər və xalqlarla mübarizə üçün istifadə edir. Buna görə də robotların mübarizə apardığı dünya hələlik, böyük ehtimal ki, utopiya olaraq qalır.
Aristotelin dediyi kimi, gələcəyin müharibələri – ovdur. Maşınların, qəliz çoxfunksiyalı robotlar hazırlamaq imkanı olmayan, zəif silahlarla təchiz olunmuş insanlara qarşı başladığı ov. Süni intellektə gəldikdə isə, belə bir şeyə imkanı çatanlar gələcəkdə özbaşına qərarlar verə bilən texnikaların sayını daha da artıracaq.
Gələcəyin müharibələrində qələbə çalmaq çətin məsələyə çevriləcək, hətta əgər yadplanetlilər Yerə hücum etsə və bəşəriyyət yadelli düşmənə qarşı birləşməli olsa belə. Müharibələrdə maraqlı olanlar həddindən artıq çoxdur, zorakılığa, o cümlədən müharibə kimi bir kütləvi və mütəşəkkil zorakılığa tələbat da var. İnsan, müharibənin ona qazandıra biləcəyi bütün imkanları tükətməyib: müharibə həm siyasi, həm iqtisadi baxımdan, eləcə də dini baxışdan irəli gələrək sərfəli ola bilər. Bir çox insanlar müharibə hesabına yaşayır: savaşmaq üçün heç də on il oxumaq gərəkli deyil.
Arseniy Kumankov
Postnauka