“Fəlsəfə diletantlara etibar edilməyəcək dərəcədə əhəmiyyətli fəaliyyət sahəsidir. Hər fəlsəfə oxuyan da filosof olmur.”
Əli Novruzov
Öncəliklə, yazının məqsədini və məramını açıqlamaq zərurəti hiss edirəm ki, üslubum və istifadə etdiyim dil konkret şəxslərə qarşı reaksiya kimi başa düşülməsin. Yazı özlüyündə cavab xarakteri daşımır. Sadəcə olaraq Azərbaycan ictimaiyyətində son dövrlərdə özünə yer etmiş və dərin köklərə malik düşüncəni hədəf alır: Fəlsəfə ilə kimlər məşğul olmalıdır? Bu yanaşma müxtəlif formada və tərzdə cəmiyyətin fərqli kəsimlərində müzakirə olunur. Hər kəs fəlsəfə ilə kimin məşğul olması ilə bağlı müəyyən fikirə sahibdir. Mən isə “seçilmişlər üçün fəlsəfə” əvəzinə “hər kəs üçün fəlsəfə” deyənlərdənəm.
Yuxarıda gətirdiyim sitat isə “Periklin qəbirüstü nitqi” ilə tanıdığım Əli Novruzovun son yazısındandır. Ümid edirəm ki, dəyərli Əli bəy, onun fikirlərini öz kilsəmi ucaldacağım qayaya çevirərək Azərbaycandakı bir problemə toxunma cəsarəti göstərməyimi anlayışla qarşılayacaq.
Əli Novruzovun Laroşfuko sayağı aforizmini nəzərdən keçirdiyimizdə qarşımıza ilk olaraq belə bir sual çıxır. “Fəlsəfəni diletantlara etibar edən kimdir?”. Müəllif bu harayı ilə kimə səslənməyə çalışır? O hansı müqəddəs qüvvədir ki, fəlsəfəni qorumaq kimi ülvi bir amal onun çiyinlərinə yüklənib. Hər kimidirsə və ya nədirsə gəlin onu tapaq və qulaqlarına müəllifin aforizmini pıçıldayaq ki, “fəlsəfəni diletantlara etibar etmək olmaz!”.
“Fəlsəfəni diletantlara etibar etmək olmaz” ifadəsi əslində olduqca təhlükəli yanaşmadan xəbər verir. Çünki bu ifadəni doğrulayacaq digər tezis həmən arxası ilə gələn “əhəmiyyətli sahədir” sözləri arasında gizlənib. “Fəlsəfə ilə ona görə diletantlar məşğul olmalı deyil ki, o əhəmiyyətli sahədir”. Yaxşı bəs, fəlsəfəni əhəmiyyətli edən nədir?
Ümid edirəm ki, bu suala müəllifin də qeyd etdiyi kimi “həqiqət kimi qəbul etdiyimiz təməl şeyləri sorğulamaq” cavabını versək, yanılmarıq. “Fəlsəfə ona görə əhəmiyyətlidir ki, həqiqət kimi qəbul etdiyimiz şeyləri sorğulamağa imkan verir”. O zaman başqa bir sual yaranmış olur. Həqiqət kimi qəbul etdiyimiz şeyləri niyə hansısa fəlsəfi metodist sorğulasın ki? Olmazmı ki, adi alma satıcısı özü bu ziddiyyətləri görsün və sorğulasın?
Qarşımızda suallar zəncirinin uzun ardıcıllığı yaranır. Ən sonda gəldiyimiz nöqtədə isə bizi qulağa çox da xoş gəlməyən bir sual qarşılayır: Alma satıcısının həqiqətləri sorğulaması ilə bir ədəbi tənqidçinin həqiqəti sorğulaması arasında nə fərq var? Əgər bir fərq varsa, bu hər iki peşə sahibinin fərdi keyfiyyətlərinin qeyri-bərabər olmasındanmı qaynaqlanır, yoxsa ixtisaslaşma ilə bağlı məsələdir? Hər kəs həqiqətləri sorğulaya bilər, yoxsa ancaq müəyyən insanlar bunu edə bilər? Ən başda ünvanladığımız suala yenidən qayıdırıq, həqiqəti kimin sorğulaya biləcəyini müəyyənləşdirən şey nədir?
Hansı halda fəlsəfə ilə xüsusi elit təbəqə məşğul ola bilər?
Bəli, mən qəbul edirəm ki, sağlamlığımla bağlı problem yarandığı zaman bu barədə söz haqqı ixtisaslı həkimdə olmalıdır. Mən bir diş həkiminin mənim dişlərim haqqında verdiyi rəyə güvənməliyəm, nəinki alma satıcısının türkəçarələrinə. Çünki o, bu işdə ixtisaslaşmış şəxsdir, mənim isə yenidən stomatologiya təhsili almaq üçün vaxtım yoxdur. Mən diş sahəsində öz ağlımı istifadə etmək əvəzinə, bir az irrasional da olsa, diş həkiminin ağılına güvənməyi üstün tuturam. Amma gəlin sual edək, fəlsəfə və diş həkimliyi hansı dərəcədə oxşarlığa malikdir? Bütün dünyadakı diş həkimləri çürük dişimlə bağlı mənə eyni diaqnozu deyə bilər, ancaq bütün fəlsəfçilər “ağrı” anlayışı ilə bağlı eyni tərifi verəcəkmi? Ən önəmlisi bu tərif 2 il sonra dəyişməyəcək ki?
Diqqət etdinizsə, bu metod bizi fəlsəfəni xəstəlikdən sağaltmağa çalışan möhtərəm Vitgenştaynın hüzuruna gətirib çıxarır. Fəlsəfə və elm problemi. Fəlsəfə elmdirmi? Elmi ola bilərmi? Elmi metodlara əsaslanmalıdırmı? Bu artıq fərqli müzakirənin mövzusudur. Yuxarıdakı aforizmin müəllifinin də məsələni bu baxımdan qiymətləndirdiyinə əminəm. Bəli, əgər fəlsəfə diş həkimliyi kimi elmdirsə, özünəmxəsus konkret metodları və nəticələri varsa, bu nəticələr uzun təcrübələrlə, praktika və təkrarlanma ilə əldə edilibsə.. Siz haqlısınız! Yox edilməyibsə və elmlə yaxından uzaqdan əlaqəsi yoxdursa…
***
Hesab edək ki, sübh tezdən bütün fəlsəfə diletantları olaraq əməlimizdən əl çəkirik. Hamılıqla qərar veririk ki, fəlsəfəni ancaq fəlsəfi problemlərə fəlsəfi metodlarla yanaşan şəxslərin ixtiyarına buraxırıq. Özümüz də daha uyğun peşələrə yönəlirik, cəmiyyətin düşüncə istiqamətini müəyyən etməkdəki iddiamızdan əl çəkirik. Daha Koelhodan və digər müəlliflərdən sitat gətirmirik. Bəs sonra? Əgər fəlsəfə bir elm sahəsi deyilsə, praktiki və təkrarlanan nəticələr ortaya qoymursa, fəlsəfə ilə ancaq müəyyən hazırlığı olan, fəlsəfi problemlərə fəlsəfi metodlarla yanaşan biri məşğul olarsa nə baş verəcək? Olmazsa nə baş verəcək? Yəni fəlsəfə uzunömürlülüyün sirrini, yoxsa xərçəngin dərmanını tapacaqdı, amma diletantlara görə bu plan alınmadı? Əgər həqiqətən fəlsəfənin belə iddiası varsa, biri bizi aydınlatsın lütfən.
Əgər fəlsəfənin bu qədər “cahanşumul” bir iddiası yoxdursa, o zaman bir fəlsəfi metodistin “gözəl” anlayışının fəlsəfi izahını verməsindən mənə nə? Küçədə alma satan bir adam onunla eyni ölkədə yaşayan fəlsəfi metodistin “gözəl” sözünə verdiyi tərifi hansı səbəbdən qəbullansın ki?
Nə üçün fəlsəfə hər kəs üçün olmalıdır?
Əfəndilər, gəlin yuxarıdakı aforizmi Luis Altüsserin “fəlsəfəni universitetlərə buraxılmayacaq qədər önəmli bir məsələdir” ifadəsi ilə qarışdırmayaq. Sözsüz ki, Altüsser bu sözləri deyərkən fəlsəfənin cəmiyyət üçün önəmini yaxşı başa düşürdü və onu hansısa bir universitetin özəlləşdirməsinə, bağlı qapılar arxasına həbs etməsinə qarşı çıxırdı. Bir baxımdan fəlsəfəni boş auditoriyalardan çıxarıb cəmiyyətin ictimai mülkiyyətinə çevirməyi hədəfləyirdi. İnsanlar fəlsəfə ilə məşğul olmağı ona görə universitetlərin, müəyyən qapalı çevrənin əlindən qapmağa çalışmayıb ki, başqa bir fəlsəfi metodistin fərdi inhisarına versinlər.
Yanlış anlamayın, mən demirəm ki, alma satıcısını bir neçə aforizm bilir deyə universitetə mühazirə oxumağa dəvət edək. Mən də fəlsəfənin hər şeydən öncə akademik disiplin olduğunu və akademik səviyyədə məşğul olmaq üçün ciddi metodiki fəaliyyətin vacibliyini qəbul edirəm. Amma yəqin hər kəs razılaşar ki, nə AzLogos universitet deyil, nə də o gənc yazarlar fəlsəfi mühazirə aparmaq iddiasında deyillər. Akademik fəlsəfə ilə məşğul olmağı düşünən birinin də nə məni, nə sizi, nə də Əliş Nəzərovu oxuyacağını düşünmürəm. Ancaq cəmiyyətdə, xüsusilə Azərbaycan cəmiyyətində elə bir kütlə var ki, onların fəlsəfi ədəbiyyata çıxışı, bəlkə də, elə AzLogos-dakı bu yazılar olacaq. Diletant fəlsəfəçilərin qısa aforizmləri ilə neçə adam Vittgenştaynı, Kripkeni, Sörlü, Putnamı tanıyacaq. Neçə neçə oxucu, bəlkə də, bu məqalədən “fəlsəfə” sözünün var olduğunu ilk dəfə duyacaq və bu sirrli sözün nə olması ilə bağlı daxilində maraq baş qaldıracaq. Bəs Platonun dialoqlarını məsləhət görən biri kimi, fəlsəfə elə bu maraqdan başlamırmı?
Mən düşünürəm ki, fəlsəfə insanlara özlərinin və məhkum olduqları cəmiyyətlərin problemlərinin həllini tapmaq imkanı verə bilər. Ən azından onları düşündürə, maddi görünən problemlərin nəzəri və ideoloji arxa planını görmələrinə imkan verə bilər. Bunun harası pisdir? 18 yaşında özünü binadan atan Sevilin vətənində qəbul etməyə məcbur edildiyimiz “həqiqətləri” metodsuz sorğulamaqmı önəmlidir, yoxsa fəlsəfənin akademikliyimi? Nə üçün Russovari formada başqalarının əvəzinə qərar vermək məsuliyyəti axtarırıq ki?
Bu gün Azərbaycanda fəlsəfənin problemi gənc yazarların fəlsəfə adı altında Koelhodan sitat gətirməsidirmi? Bəlkə, əsas problem fəlsəfə kitabları və fəlsəfi mövzular əvəzinə Koelhonun oxucular üçün daha əlçatan olmasıdır? Mən deyirəm ki, ölkədə fəlsəfəyə giriş üçün ciddi mənbə əskikliyi yaşayırıq, önəmli əsərlərin tərcüməsi, ciddi fəlsəfi müzakirələr yoxdur. Görəsən elə müəllifin özü bu istiqamətdə sadəcə bir kitab məsləhət görə bilməməsinə görə təəccüblənmir ki? Bəs müəllifin özü mənbə əskikliyi ilə bağlı bizə nə təklif edir? Yaxşı bir fəlsəfi yazı, fəlsəfəyə giriş kitabı oxumaq, normal fəlsəfəçidən təlim görmək üçün nə qədər ödəniş etməliyik?
Fəlsəfəni cəmiyyətin hər fərdi üçün əlçatan etməyin harası problemlidir axı? Cəmiyyətdəki bu qədər problem fərdlərin sorğulamağa, fərqli perspektivlərə, nəzəri düşüncələrə yad olmasına görə deyilmi? Əgər cəmiyyətdə fəlsəfə ilə elit bir kəsim məşğul olacaqsa, bu şəxslər nəticə etibarilə cəmiyyətdə nələrisə dəyişmək üçün fəlsəfəni yenidən kütləyə açmağa ehtiyac duymayacaqlarmı? Ya da əksinə, elə Platonun düşündüyü kimi…
Əgər bir universitet açsaydıq, orada dərs demək ya da məqalə yayımlamaq üçün müəyyən kriteriyalar qoya bilərdik. Ürək rahatlığı ilə ancaq fəlsəfi problemləri fəlsəfi metodika ilə yanaşan şəxsləri ətrafımıza toplayıb, hikmət işığında qızına bilərdik. Ancaq heç vaxt heç kimə sən fəlsəfə oxuma, fəlsəfə ilə məşğul olma demək haqqında sahib olmazdıq. Çünki bu “rəssam deyilsənsə, rəsm çəkə bilməzsən” məntiqinə bənzəyir.
Elmiliyi sübuta yetirilə bilmədiyi təqdirdə fəlsəfəyə bu cür yanaşma üzdə analitik ənənə kimi görünən, ancaq batində qatı kontinental Platonizmdən elə də fərqlənməyən bir yanaşmadır. Məhz Platonçu düşüncə sistemi 2 min ildən artıq bir zaman kəsiyində fəlsəfəni ancaq seçilmiş şəxslər üçün olduğunu iddia edirdi. Bu fəlsəfi elitizmin nəticələrini dünya 2 min il ərzində yaxından təcrübə etmək imkanı əldə edib. Bu düşüncə müstəvisi bir ucunda məşhur totalitar sistemlərin, digər ucunda isə fəlsəfi elitizmin yer aldığı uzun taxta parçasını xatırladır. Əgər taxta parçasının totalitar sistemlər olan tərəfi bütövlüklə sivri ucludursa, fəlsəfi elitizmin olduğu tərəf xırda tilişkələrlə doludur. Ancaq hər ikisi də mahiyyət etibarilə eyni məqsədə xidmət edir.
Mən elmiliyi sübuta yetirilməyən fəlsəfəni elitləşdirməyi, ixtisaslaşdırmağı və ya adına hər nə deyirsinizə deyin, düşüncələrimiz üzərindəki yeni totalitarizm inşa etmək cəhdi olaraq görürəm. Bu gün universitetlərdə, klublarda, publarda insanlar ordan-burdan çırpışdırdıqları aforizmlərlə fəlsəfəyə ilk addımlarını atmalı olurlar. Çünki hər düşünən adam kimi onlar da bilməyin və düşünməyin verdiyi ləzzəti dadmaq istəyirlər. Fəlsəfə yazılarının, kitabların yazılmaq məqsədi bu deyilsə, nədir bəs? Alma satıcısına varlığını sorğuladan bir tək aforizm belə istənilən fəlsəfi yazıdan daha üstün hesab oluna bilməzmi?
Bu şərtlər daxilində fəlsəfə ilə həvəskar məşğul olan şəxsləri fəlsəfədən küsdürməyin, onları fəlsəfədən uzaqlaşdırmağa çalışmağın ən geniş mənasında etik bir davranış olmadığı düşüncəsindəyəm. Ən dar mənasında isə bu sadəcə eqoist təkəbbürün maddiləşmiş halı olardı.
Orta əsr düşüncə adamlarından (artıq “filosof” deməyə çəkinirəm) Anisius Boesius həbsdə olarkən yazdığı “Fəlsəfənin təsəllisi” adlı əsərində fəlsəfəni bir qadına bənzədirdi. Hər gecə onu zindanda ziyarətə gələn bu qadın sabaha qədər Boesiusa dünyadakı heç bir şeyin yaşada bilmədiyi həzzləri yaşadırmış. Hər nə qədər obrazlı ifadə olsa da, bəzi müəlliflər bu cür həzlərin ancaq müəyyən elit çevrə üçün keçərli olmasına tərəfdardır. Onların fikrincə, adi həvəskar fəlsəfəsevər çoxalma mövsümündəki öz çirkli düşüncələri ilə fəlsəfənin təmiz ismətini ləkələyə bilər. Axı fəlsəfə əhəmiyyətli bir sahədir.