Ortaçağ haqqında xatirələr
Birinci dəfə Araqon əyalətinin hüdudlarından qırağa çıxanda, mənim on üç yaşım vardı. Yayı İspaniyanın şimalında, Santandera yaxınlığındakı Veqa-de-Pasda keçirən ailə dostlarımız məni dəvət etmişdilər. Mən indiyə qədər gördüyüm mənzərələrə heç bənzəməyən təbiətə sahib basklar diyarını kəşf edir, baxmaqdan doymurdum. Buludlara, yağışa, başını çən almış meşələrə, daşların üstüntəki nəm mamırlara acgözlüklə baxırdım. O mənzərələrin mənə yaşatdığı ecazkar təəssüratı yəqin ki, heç vaxt unuda bilməyəcəyəm. Çünki şimalı, soyuğu, qarı və dağlardan axıb gələn qətiyyətli selləri sevirəm.
Aşağı Araqonun torpağı çox məhsuldar olsa da, tozlu və dəhşətli dərəcədə quraqdır. Buranın elə vaxtları olur ki, səma bir ya iki il bulud üzü görmür. Dağların başında təsadüfi topa buludlar peyda olan kimi də, qonşularımız, ərzaq dükanının işçiləri bərk-bərk damımızı döyəcləyirdilər – balaca observatoriyanın boruları bizim damda yerləşirdi. Onlar uzun-uzadı bu borudan baxır və aramla yaxınlaşan buludları görüb, kədərlə deyirdilər: «Külək cənubdan əsir. Yan ötəcək…». Qonşular haqlı çıxırdı. Bulud ac torpaqlarımıza bir damla belə yağdırmadan, ötüb keçirdi.
Bir dəfə, qorxunc quraqlıq illərindən birində, qonşu Kastelseras kəndində rahiblərin başçılıq elədiyi əhali, göylərdən yağış yağdırsın deyə, xaç yürüşü təşkil etmişdi. Həmin gün kəndin üstündəki göy üzü elə sıx buludlu idi ki, adama elə gəlirdi, heç göylərə yalvarmağa da ehtiyac yoxdur.
Amma buludlar hələ xaç yürüşü başa çatmadan dağılıb getdi, yerinə adamı qarsan günəş çıxdı. Bu vaxt kəndin ən hövsələsiz adamları (bütün kəndlərdə belələrindən var) Müqəddəs Məryəmin heykəlciyini götürüb, Quadalupenin üstüntən keçən körpüdən suya tolazladılar.
1900-cü ilin 22 fevralında doğulduğum kənddə, ortaçağ demək olar ki, Birinci Dünya Müharibəsinə qədər çəkdi. Təcrid olunmuş, dəqiq sinfi fərqləndirmə ilə işarələnmiş özbaşına bir toplum…Hörmət, zəhmətkeş kəndlilərin senyorlara hörməti o qədər qocafəndi idi ki, adama elə gəlirdi bu münasibətlər kökü əsrlərin dərinliyindən gələn ənənədir. Pilar kilsəsinin zəngləri ilə idarə edilən həyat sakit, aram, boz keçirdi, ildə bir dəfə hər fəsil hamı üçün eyni olan qayda-qanununu gətirirdi. Kilsə zəngləri məbəddəki tədbirlərdən (səhər, gecə ayinləri, dua günləri) və gündəlik olaylardan, məsələn, kiminsə ölüm saatının çatmağından xəbər verirdir, ölüm hadisələrində bu zənglər toque de agonia, yəni “ölüm ayağındakı adama çalınan zəng” adlanırdır. Yaşlı sakinlərdən kimsə ölüm darvazalarına yaxınlaşanda, kilsə zəngləri aramla çalırdı. Kilsənin ən ağır, iti və təmtaraqlı zəngi insanın son mübarizəsini elan edir, ən balaca, ən yüngül zəng isə bir körpənin ovuclarımızdan uçduğundan xəbər verirdi. İnsanlar tarlalarda, yollarda, küçələrdə əl, ayaq saxlayıb, soruşurdular : “Ölən kimdir?”. Yanğın vaxtı çalınan zəngin və bazar günlərindəki böyük bayramlarda ard-arda çalınan zənglər də yadıma gəlir.
Kalandada beş minə yaxən əhali vardı. Bu, Terueldə əyalətində yerləşən, daima harasa tələsən tüuristlər üçün heç bir maraq kəsb etməyən bu böyük kənd, bizləri Saraqosadan gətirən qatarın dayandığı Alkanyisin on səkkiz kilometrliyindədir. Atların qoşulduğu üç fayton bizi vokzalda gözləyirdir. Onlardan ən böyüyünün adı «hardinera» idi, ikinci «galera» kacavəli arabaydı. Daha bir balaca, ikitəkərli araba da arxamızca gəlirdi. Külfət böyük, yük çox idi, hələ qulluqçular da vardı, amma necə elədiksə, hamımız üç arabaya sığışdıq. Qaynar günəşin altında on səkkiz saat yol getmək üçün düz üç saat lazım idi. Amma heç yadıma gəlmir ki, harasa səfərim mənə darıxdırıcı gəlsin.
Sentyabr yarmarkalarını və Müqəddəs Pilar bayramını hesaba almasaq, deyə bilərəm ki, Kalandaya qıradan gələn az adam olardı. Hər günorta Makandan qatırlara qoşulmuş, arxasınca nəhəng toz buludu qoparaqlanan poçt arabası gəlirdi. Bu arabada poçt və hardansa buralarda peyda olmuş gəzərgi alverçiləri gətirirdi. Bizim kənddə avtomobil ilk dəfə 1919-cu ildə peyda oldu.
Maşını alan adam don Luis Qonsales idi, bu cənab həndəvərdə müasir, liberal adam, hətta antiklerikal biri kimi ad çıxarmışdı. Onun anası, donya Trinidad dul qalmış general arvadı idi, özü də Sevilyanın bir zadəgan nəslindən gəlməydi. Bu nəcib qadın öz qulluqçularının qeybətlərinin qurbanı olmuşdu. Qadının intim yuyunmalar üçün istifadə elədiyi gitarayabənzər qurğunu Kalandanın yüksək cəmiyyətinin həyalı qadınları əl işarələri ilə göstərirdilər. Donya Trinidadın bide həvəsi ona baha başa gəlmişdi – bu qadınlar uzun müddət onunla danışmaqdan imtina emişdilər.
Kalandanın üzüm bağlarına filloksera azarı daraşanda da, qətiyyə nümayiş etdirən şəxs elə həmin Luis Qonsales oldu. Meynələr dava-dərmansız batıb gedirdi, amma kəndlilər bütün Avrpada olduğu kimi, azara yoluxmuş meynələri qoparıb, amerikan şitilləri ilə əvəz etməkdən boyun qaçırırdılar. Terueldən məxsusi bunun üşün gələn aqronom, bəblədiyyənin böyük zalında zıyanvericiləri görməyə imkan verən mikroskop quraşdırmışdı. Amma heç nəyin təsiri yox idi. Kəndlilər yenə də meynələri əvəzləməkdən boyun qaçırırdılar. Bax, bu vaxt don Qonsales öz meynələrini qoparıb atmaqla, nümunə göstərdi. Kəndlilər onu ölümlə hədələdiyinə görə, don üzümlüyə tüfənglə çıxmalı olurdu. Kəndlilərin bu hərəkəti tipik araqon inadkarlığı idi ki, bunun öhdəsindən ancaq illər sonra gəlmək mümkün oldu.
Araqon əyalətinin aşağı hissəsində İspaniyanın, demək olar ki, elə bütün dünyanın ən yaxşı zeytun yağı istehsal olunur. Bəzən il quraqlıq gəlir və zeytun ağaclarını lüt-üryan qoyurdu. Yaxşı mütəxəssis hesab edilən bəzi kəndlilər – budamaçılar, Andalusiyaya, Xaena və Kordovanın ağaclarını budamağa gedirdilər. Məhsul yığımı qışda başlayırdı, iş vaxtı kəndlilər “Olivavera” duasını oxuyurdular. Kişilər ağaca dırmaşıb, əllərindəki odunla budaqları çırpır, ağac dibindəki qadınlar isə meyvələri dənləyirdilər. «Olivavera» duasının çox incə bir ahəngi var, hər halda, mənim yadımda elə qalıb. Bu melodiya Araqonun ehtiras dolu yerli mahnıları ilə güclü bir ziddiyyət təşkil edirdi.
Yadımda həmişəlik qalan daha bir mahnı var – o, hardasa yuxu və oyanmanın arasında səslənirdi. Məncə, bu mahnını daha oxuyan yoxdur, o ağızdan-ağıza nəsillərə ötürülmüş, heç vaxt notlara köçürülməmişdi. Mahnının adı “Sübh nəğməsi” idi. Günəş çıxmamışdan oğlanlar küçələrə qaçaraq, sübhdən işə başlayacaq kəndliləri bu mahnı ilə oyadırdılar. Bəlkə də, o adamlardan kimlərsə hələ sağdır və melodiyanı da, sözləri də yadlarına sala bilərlər, yaxşı olardı ki, bizə qədimdən gəlib çıxmış bu yarıdini-yarıdünyavi mahnı itib-batmasın. Məhsul yığımı vaxtı, gecə bu mahnı məni yuxudan oyadır, sonra mən yenə yatırdım.
İlin qalan bütün fəsillərində bizim yuxumuzun keşiyində dayanan iki gecə qarovulçusu vardı – onlar qaval və balaca tütəklərlə yaxşıca yaraqlanıb-yasaqlanmışdılar, hərdənbir bir-birinə “Tanrı müqəddəsdir” və cavabında “Qoy Tanrının işığı min illər boyu sönməsin deyə qışqırırdılar. Hərdən onlar, məsələn, belə deyirdilər: “Saat on birdi, hava nə gözəldi!” ya da lap təkəm-seyrək hallarda “Hava bulduludur” deyidilər, “Yağış yağır” sözü isə onların dilindən təbii ki, möcüzə kimi qopurdu. Kalandada səkkiz zeytun dəyirmanı vardı. Onlardan biri su ilə işləyrdi, qalnları isə romalıların dövründəki kimiydi, qatırların köməyi ilə fırlanan konusəkilli daş məhsulu digər yastı daşın üstünə pərçimləyib, üyüdürdü. Adama elə gəlirdi ki, heç nə dəyişməyəcək və heç dəyişməməlidir də. eyni hərəkətlər, eyni istək və arzular atadan oğula, anadan qıza ötürülürdü. Yalnız hardansa, lap uzaqlardakı inkişaf barədə soraqlar dənizin başı üstü ilə axıb gələn buludlar kimi, bizə bəzən gəlib çatır, bəzən də buralardan yan ötürdü.
Ölüm, inam, seks
Hər cümə günü ahal çağlarını yaşayan bir düjün kişi və qadınlardan ibarət dəstə bizim evimizin qarşısındakı kilsənin divarı dibində əyləşirdi. Bunlar qəsəbənin ən kasıb adamları idi. Qulluqçularımızdan birir küçəyə çıxıb, hərəsinə bir dilim çörək verirdi, səfillər bu çörəyi tez ehtiramla öpürdülər. Sonra qulluqçu onlara beş santimlik pulu təqdim edirdi, bu da qəsəbənin başqa Varlılarının onlara lütf elədikləri bir santimlə müqayisədə böyük səxavət göstəricisi idi.
Məhz Kalandada mən ömrümdə ilk dəfə ölümlə qarşılaşdım. O vaxtdan ölüm, o aralar yavaş-yavaş baş qaldırmağa başlayan cinsəllik və dərin inamla birlikdə mənim yaradıcılığımın ayrılmaz bir parçasına çevrildi. Bir dəfə, atamla zeytun bağlarında gəzərkən, külək burnumuza nəsə iyrənc, üfunətli bir şey doldurdu. Bizdən yüz metr aralıda şişib, tuluğa dönən bir eşşək leşi vardı, onlarla quzğun və bir neçə it cəsədi didib-parçalamaqla məşğul idi. Bu mənzərə məni həm hürküdür, həm də özünə cəlb edirdi. Doymuş quşlar çətinliklə havaya qalxırdılar. Yerlilərimiz cəsədlərin torpağa gübrə olduğuna inanaraq, heyvan leşlərini basdırmırdılar. Mən, sehirlənmiş halda, bu mənzərədəki nəsə metafizik bir mənanı bulanıq bir şəkildə hiss edərək, donub qalmışdım. Atam məni ordan güclə araladı.
İkinci dəfə ölən çobanlarımızdan biri idi, mübahisə zamanı kürəyindən bıçaq saplayıb, öldürmüşdülər. Kişilər o vaxt faxa adlanan enli qurşalarını arasında iti bıçaqlar gəzdirirdilər. Ölünü yarma prosesi adətən qəbristanlıqdakı balaca kilsədə, kənd dəlləyinin iştirakı ilə baş tuturdu. Həkim və onun bir neçə dostu da burdaydı. Mən birtəhər kilsəyə girə bilmişdim.
Bir şüşə araq əldən-ələ ötürülür, elə mən də durmadan içirdim ki, kəllə sümüyünü yaran mişar səsi, bir-birindən pis qırılmış qabırğaların görüntüsünün yaratdığı dəhşətdən itirə biləcəyim ağlımı yerində saxlaya bilim. Axırda məni lül-qəmbər halda evə apardılar, atam isə sərxoşluq və “sadist” hərəkətimə görə məni cəzalandırdı.
Sadə kəndlilərin dəfn mərasimlərində tabutları açıq şəkildə kilsə qapısını ağzına qoyurdular. Rahiblər dua oxuyurdu. Rahibin köməkçisi məzlum gündə olan katafalkın böyrü-başında fırlanaraq, ora müqəddəs su çiləyir, aradabir mərhumun üstünü örtən parçanı qaldırıb, ölənin sinəsinə kül səpələyirdi (buna oxşar səhnəni siz «Şimşəkdən sığınacaq» filmində görə bilərsiniz.) Mərhum üçün ağır kilsə zəngləri çalır. Tabutu qəbristanlığa aparmaq üçün qaldırmağa başlayan kimi, ölənin anasının sinədağlayan ağısı eşdilir: «Оy, oğlum! Məni tək qoyub, hara gedirsən?! Mən axı səni bir də görməyəcəm!”. Ananın ağılarına mərhumun bacıları və başqa qohum arvadların ağlaşmaları qoşulur, sonra xora qonşu qadınlar qatılır və beləliklə, ağı xoru – planideras əmələ gəlirdi.
Ölüm daima özünü xatırladırdı, o, orta əsrlərdə olduğu kimi, həyatın bir parçası idi.
İman da eləydi. Roma katolisizminin qanunları ilə tərbiyə edilən bizlər, bir saniyə də olsun bu imanın mükəmməlliyinə şübhə etməzdik. Mənim çox mehriban, xoşxasiyyət rahib əmim vardı. Biz ona Tio Santos, yəni Santos əmi deyirdik. Hər yay o mənə latın və fransız dili öyrədirdi. Kilsədə isə mən onun əlbuyruqçusu idim və Müqəddəs Bakirə Del Karmen musiqili kapellasının heyətində oxuyurdum. Kapellada yeddi ya səkkiz nəfər idik. Mən skripkada çalırdım, dostlardan biri kontrabasda, Alkanyisin dini məktəblərindən birinin rektoru isə violonçeldə ifa edirdi.
Yaşıdımız olan oxuyanlarla biz dəfələrlə çalıb-oxuyurduq. Bizi tez-tez əvvəl karmelitlərin monastırına, sonra isə dominikanların monastırına dəvət edirdilər. On doqquzuncu əsrin sonlarında Kalanda sakini, Kasxakareslər sülaləsindən gələn aristokrat cənab Fortonun təməlini qoyduğu monastır kəndin ucqarında bərqərar idi. Bu imanlı ər-arvad bir dənə də olsun, ayini buraxmırdılar. Sonralar, vətəndaş müharibəsi başlayanda, monastırdakı dominikanları güllələdilər. Kalandada Tio Santosu çıxmaq şərtilə, yeddi rahib və iki kilsə vardı. Tio Santos isə ov vaxtı yarğana yıxılıb, zədələnəndən sonra atamın xahişi ilə, onun mülklərinin kahyalığını boynuna götürmüşdü.
Dinin hökmü, təsiri ən xırda şeylərdə belə, hiss olunurdu. Bacılarımla oyun oynayarkən, mən kilsə, ayin oyunu çıxarırdım. Bu oyunlar üçün kalan da oyuncağım vardı – qurğuşundan bir neçə “müqəddəs” əşyam, rahib əbası və bürüncəyi…
Ardı var
Tərcümə: Günel Mövlud