Günümüzdə çox istifadə etdiyimiz sözlərdən biri də depressiyadır. Müasir insan, az qala, bütün stress hallarını depressiya adlandırmağa meyllidir. Bəs əslində əhval-ruhiyyəmizdə, orqanizmimizdə baş verən hansı dəyişikliklər depressiya əlamətləridir, hansılar deyil? Mütəxəssislər depressiya ilə bağlı populyar miflərin nə qədər həqiqətəuyğun olub-olmadığını izah etməyə çalışıblar.
DEPRESSİYA XƏSTƏLİKDİR
Bu, mifdir. Depressiyanın müxtəlif formaları – depressiv epizod, rekurrent (təkrarlanan) depressiv pozuntu, bipolyar pozuntu – Beynəlxalq Xəstəliklər Təsnifatına daxil edilib. Lakin psixi xəstəliklər bədən xəstəliklərindən fərqlənir, ikinciləri rahatlıqla “xəstəlik” adlandıra bilirik. Birinciləri isə “pozuntu” termini ilə (məsələn, “həyəcan, təlaş pozuntuları”, “əhval-ruhiyyə pozuntuları” və s.) adlandırmaq daha doğru olar. Xəstəliklər və pozuntular bölgüsündən ona görə istifadə edilir ki, samotik xəstəliklərdən fərqli olaraq, psixi pozuntularda bioloji faktorlar hər zaman dominant rol oynamır. Buna görə də, psixi pozuntular biopsixososial fenomenlər kimi gözdən keçirilir. Bu zaman, psixi pozuntuların, əsasən də, depressiyanın – bir-biri ilə əlaqəli bioloji, psixoloji və sosial səbəblərin nəticəsi olduğu nəzərdə tutulur.
Depressiyanın bioloji səbəblərindən biri irsilikdir. Biryumurtali monoziqot əkizlərdə konkordantlıq ehtimalı (eyni əlamətin hər iki tərəfdə olması) 70%-dir. Neyrotizm (neqativ emosionallıq) kimi fərdi xüsusiyyət depressiyanın əsas xəbərçisidir və 40-60% irsiliyə malikdir.
DEPRESSİYALI İNSAN DAİMA PİS ƏHVALDA OLUR
Bu, mifdir. Depressiyanın diaqnostikası zamanı üç əsas komponent nəzərə alınır. Birinci – affekt, əhval-ruhiyyənin aşağı olması. Depressiya zamanı, adətən, bu özünü kəskin xiffət duyğusu, güclü təlaş, laqeydlik və apatiya ilə göstərir. İkinci komponent – ümumi lənglikdir: insan astagəl, qapalı olur, ağır hallarda isə pasient embrion pozasında yata bilər. Üçüncü komponent – qavrama funksiyasının ləngiməsidir, bu halda düşüncə və nitq əlaqəsiz olur.
Əgər xəstənin ağır vəziyyəti uzun müddət davam edirsə, bu üç komponent psixiatra depressiya diaqnozu qoymağa imkan verir. Bir də larvalanmış (lat: “larva” – “maska” deməkdir) depressiya anlayışı mövcuddur. Depressiyanın bu formasında affekt halı özünü zəif büruzə verə bilər və ya ümumiyyətlə, büruzə verməz. Bu vəziyyətdə insanda həyəcan, kədər, çarəsizlik hissi olmur, ya da çox yumşaq şəkildə üzə çıxır. Belə depressiyadan danışarkən hər zaman onun bir neçə maskası (tipi) olduğunu nəzərə almalıyıq.
Birinci maska – kifayət qədər geniş yayılmış psixosomatik pozuntudur, yəni tibbi nöqteyi-nəzərdən izahı olmayan fiziki simptomlara malikdir: başağrıları, qarın və ya ürək nahiyəsində ağrılar, dəri xəstəlikləri, vegetativ pozuntular. İnsan həkimə müraciət edir, ancaq həkim onu orqanlarında heç bir problem olmadığına inandırır. Psixosomatik pozuntu diaqnozu qoyan terapevt xəstəni psixiatra, ya da psixoterapevtə yönləndirir. Yalnız onlar maskalanmış depressiya diaqnozu qoya bilərlər.
Psixosomatik pozuntulara aid edə biləcəyimiz ikinci maska – yuxunun pozulmasıdır. Bu, səbəbsiz xroniki və ağır yuxusuzluq vəziyyətidir. Üçüncü maska – davranış pozuntusudur. Bu maskaya, adətən, yeniyetmə-gənclik yaşlarında rast gəlinir. Bu dövrdə yeniyetmələrdə xiffət, ya da təlaş yox, davranış pozuntusu ön plana çıxır: evdən qaçmaq, narkotizasiya, münaqişəyə meyl, aqressivlik və promiskuitet (nizamsız cinsi əlaqələr). Daha çox 30 yaşdan yuxarı kişilərdə rast gəlinən sonuncu maska alkoqolla müşayiət olunur: İnsan müəyyən bir anda həyatının öz istədiyi kimi getmədiyini anlayır və bu vəziyyətin öhdəsindən gələ bilməyəndə təsəllini alkoqolda axtarır.
Beləliklə, depressiya zamanı insanlar həmişə neqativ duyğular yaşamırlar. Hər şey insanın fərdi-psixoloji özəlliklərindən asılıdır.
DEPRESSİYA BAŞQA XƏSTƏLİKLƏRİN ƏLAMƏTİ OLA BİLƏR
Bəli, bu, doğrudur. Depressiya eyni anda bir neçə halı birləşdirən geniş bir anlayışdır.
İsveçrəli məşhur psixiatr Paul Kielholz-a görə, depressiyanı mümkün variantlar spektrində konkret formaları ayıra biləcəyimiz kontinuum kimi təsəvvür edə bilərik. Kontinuumun bir qütbündə beynin zədələnməsi nəticəsində meydana çıxan orqanik depressiya, digər qütbündə isə psixoloji səbəblərdən yaranan depressiya dayanır. Aralıq variant isə – genetik mənşəli depressiyadır, yəni depressiyanın özü də, onun simptomlarının yaratdığı digər xəstəliklər də – məsələn, şizofreniya – endogen təbiətli ola bilər.
Depressiya başqa pozuntuların və xəstəliklərin, məsələn, neyrodegenerativ xəstəliklərin – Alsheymer xəstəliyi, Parkinson xəstəliyi, Pik xəstəliyi və Levi cisimli demensiya – simptomatik əks-sədası ola bilər. Bir şeyi anlamaq lazımdır: insanın istənilən intensiv fiziki əzabı depressiv simptomlarla müşayiət olunur. Buna görə də, depressiyanın əlamətləri bir çox ürək-damar xəstəliklərinin, onkoloji və digər somatik xəstəliklərin fonunda meydana çıxır.
Bir sıra hormonlar, o cümlədən cinsi hormonların yaratdığı dəyişikliklər də depressiyanın simptomlarına səbəb olur. Bu halda differensial diaqnostikaya ehtiyac var: klinik mənzərə depressiyanı xatırlada bilər, əslində isə pis əhval-ruhiyyənin başqa səbəbləri var. Məsələn, qalxanabənzər vəzinin funksiyasının aşağı düşməsi triyodtironin və tiroksin hasilatının azalmasına səbəb olur. Bu zaman insan özünü əzgin, halsız hiss eləyir, əhvalı pisləşir.
Odur ki, bu tip klinik mənzərənin səbəblərini araşdırmaq lazımdır.
Ən geniş yayılmış variant – insanın düşüncə tərzi ilə sıx bağlı olan psixoloji problemlərin depressiya ilə nəticələnməsidir. Amma müxtəlif növ zədələr və toxuma iltihabı, qan-damar və neyrodegenerativ xəstəliklər, yaxud bədxassəli və xoşxassəli şişlərin mövcudluğu da depressiyanın simptomlarını meydana çıxarır.
DEPRESSİYA İNTİHARA SƏBƏB OLA BİLƏR
Bu fikir tam doğru deyil. Depressiyadan əziyyət çəkən insanların böyük hissəsi intihara cəhd eləmir. Lakin depressiya suisidal riskin başlıca amilidir və özünü suisidal fikirlər, intihar planlarının qurulması və intihara cəhd şəklində büruzə verə bilər.
Bəzi araşdırmaların nəticələrinə görə, depressiyadan əziyyət çəkən kişilərin, təxminən, 7%-i, qadınların isə 1%-i intihar nəticəsində həlak olurlar.
Ancaq yadda saxlamaq lazımdır ki, başqa psixi pozuntular da yüksək suisidal risklə assosiasiya oluna bilər. Belə pozuntulara alkoqol və narkotiklərdən asılılıq, sərhədi şəxsiyyət pozuntusu, bipolyar affektiv pozuntu, posttravmatik stress pozuntusu və anamnezdə psixi travma aiddir.
Həmçinin unutmaq olmaz ki, suisidal risk – kompleks problemdir və ağır həyat şərtləri, işsizlik, yoxsulluq, sosial təcrid, həbsxanada olmaq, yüksək səviyyədə şəxsiyyət impulsivliyi kimi amillər intihar riskinin yüksək olmasında son dərəcə vacib rol oynayır.
Yadda saxlayın: Əgər yaxın bir insan suisidal fikirlər söyləyirsə, buna ciddi, ancaq panikaya yol vermədən yanaşmaq lazımdır. Suisidal risk vəziyyətində olan insanı dinləmək, dəstək göstərmək, təhlükənin səviyyəsini dəyərləndirmək məqsədilə təcili psixi sağlamlıq üzrə mütəxəssislərlə görüşünə yardımçı olmaq vacibdir.
YARADICILIQ DEPRESSİYANIN ÖHDƏSİNDƏN GƏLMƏYƏ KÖMƏK EDİR
Bu, o qədər də doğru deyil. Depressiya müsbət emosiyalar və enerji əskikliyi, həmçinin apatiya ilə xarakterizə olunur. Yaradıcı proses isə, adətən, gümrahlığı və yaxşı əhval-ruhiyyəni təmin edən xoş duyğular, həyəcan, ilhamla bağlı olur. Yaradıcılıq qapanmış emosiyaların açılması və ifadəsi üçün vasitə ola bilər. Əgər bu alınırsa, insan emosional qapanmalarla bağlı olan gərginlikdən qurtulmağa nail olur və bu, enerji mənbəyinə çevrilə bilər.
Digər tərəfdən, depressiyanı bir səbəb yox, səbəblər kompleksi yaradır və onlar birlikdə aradan qaldırılmalıdır. Əgər biz bir şeyin – məsələn, yaradıcılıq və ya fiziki aktivlik – depressiyadan çıxmağa kömək etdiyini deyiriksə, hansısa tək bir səbəbin mövcudluğunu, onu aradan qaldırmaq lazım gəldiyini nəzərdə tuturuq, onda insan sağalacaq. Amma bu, belə deyil. Çox vaxt depressiya zamanı yaradıcı prosesə təşəbbüs başqa amillər – məsələn, biokimyəvi pozuntular – tərəfindən əngəllənir.
Postnauka.ru