Neft insanlar tərəfindən müxtəlif məqsədlər üçün əsrlər boyu istifadə edilsə də, dünyada neft sənayesinin formalaşması 19-cu əsrin ortalarına təsadüf edir. Həmin illərdə neft daha çox müalicə və işıqlandırma məqsədi üçün istifadə edilirdi və 1859-cu ildə neftin bir bareli təqribən iki dollar dəyərində idi. (Barel təxminən 159 litrə bərabərdir). Bu dövrdə sənaye istehsalının artması dünyada enerji daşıyıcılarına olan tələbatı artırırdı. İlk dönəmlərdə əsas pay kömürə məxsus olsa da, Birinci dünya müharibəsi ərəfəsində neft artıq əsas enerji daşıyıcısı mövqeyinə yüksəlmişdi və onun bu mövqeyi bütövlükdə 20-ci əsrin tarixinə təsir etdi demək olar.
Qlobal neft sənayesində ilk böyük hərəkətlənmə Birinci Dünya Müharibəsinin başladığı 1914-cü ilə təsadüf edir. 1914-cü ildə neftin qiyməti 0.81 dollar olsa da, müharibənin sonuna doğru, 1918-ci ildə bu rəqəm iki dəfədən çox artaraq 2 dollaradək çatmışdı. Ancaq onu da qeyd etmək lazımdır ki, bu rəqəmi dolların hazırki dəyəri ilə müqayisə etsək təxminən 30 dollara bərabər idi. “Böyül böhran”nın başladığı 1929-cu ildə isə neftin qiyməti 1,27 dollar idi. Böhran illərində, 1935-ci ildə neft 0,97 dollara qədər ucuzlaşmışdı. (İndiki dəyəri ilə təxminən 16.50 dollar). İkinci dünya müharibəsinin başlaması da neft qiymətlərinə ciddi təsir etdi. Ümumilikdə, müharibə illərində dünyada neftin qiyməti 1,02 dollar ilə 1,21 dollar arasında dəyişmişdir. (Dolların indiki dəyəri ilə 14-18 dollar). Lakin müharibə başa çatdıqdan sonra, ölkə iqtisadiyyatları bərpa olunmağa başladığı və istehsal göstəriciləri artdığına görə neft qiymətləri yenidən artmış və 1948-ci ildə 2 dollar olmuşdur.
“Soyuq müharibə”nin kəskinləşdiyi 1956-cı ildə baş verən “Süveyş böhranı” da neft qiymətlərinə ciddi təsir etmişdir. Bu böhranın nəticəsi olaraq qlobal neft ticarəti təxminən 10% azaldı və neft qiymətləri il ərzində 3,07 dollara qədər yüksəldi. Daha sonra, 1967-ci ildə Ərəb ölkələri “Altı günlük müharibə”də ABŞ və İngiltərənin İsrailə kömək etməsi səbəbi ilə bu iki ölkəyə embarqo tətbiq etdi, ancaq bu hadisə neftin qiymətinə elə də ciddi təsri etmədi. Neftin qiymətinə inqilabi təsir edən hadisələr isə 1973-cü ildə baş verdi və dünya ilk dəfə ciddi miqyaslı neft böhranı ilə 1973-cü ildə qarşılaşdı. Bu ildə baş verən Ərəb-İsrail müharibəsində neft hasilatçısı ərəb dövlətləri neftin “silah” olaraq da istifadə edilə biləcəyini “kəşf “ etdilər. Amerika Birləşmiş Ştatlarının İsraili dəstəkləməsinə etiraz edən 10 ərəb dövləti Amerikaya neft ixrac etməyə embarqo tətbiq etdi. Sonrakı 1 il ərzində demək olar ki, bütün Qərbi Avropa ölkələrinə bu embarqo tətbiq edildi. Həmin ərəb dövlətləri embarqo ilə yanaşı, həm də neft qiymətlərini artırmağa başladılar. 1973-cü ilin əvvəllərində 3,5 dollar olan neft qiymətləri 1974-cü ildə artıq 13 dollar olmuşdu. 1974-cü ildə böhran sona çatmışdı, neft qiyməti 13-15 dollar arasında sabitlənmişdi. (İndiki dəyəri ilə 55-60 dollar intervalında).
Ancaq bu hal çox davam etmədi və 1979-cu ildə İranda baş verən inqilab və ardınca 1980-ci ildə başlayan İran-İraq müharibəsi neft qiymətlərinin ikinci dəfə yüksəlməsi ilə nəticələndi. İran neftinin bazardan çıxması ilə qiymətlər bir anda 38 dollara qədər qalxdı. (İndiki dəyəri ilə 100 dollardan çox) Bu tarixdən etibarən Nigeriya və Şimal dənizində neft hasilatının artması nəticəsində 1985-ci ildə qiymətlər 25 dollara qədər ucuzlaşdı. Daha sonra Səudiyyə Ərəbistanının neft hasilatını artırmasıyla isə qiymətlər bir anda 14 dollara qədər düşdü. 1990-cı ildə isə “Körfəz böhranı” səbəbi ilə neftin qiyməti yenidən 40 dollar səviyyəsinə yüksəlmişdi. “Asiya Böhranı” nəticəsində 1998-ci ildə 12 dollara qədər ucuzlaşan neft qiymətləri, daha sonra 2000-ci illərin ortalarınadək 25-30 dollar aralığında qaldı 2004-cü ilin ikinci yarısında təxminən 30 dollar olan neft qiymətləri bu dövrdən etibarən yüksəlməyə başlamışdır.
2000-ci illərin əvvəllərindən etibarən qlobal iqtisadiyyatın böyüməsi neft qiymətlərinin artışının əsas səbəbi kimi göstərilir. 2005-ci ilin son rübündə 60 dollar olan neft qiymətləri, ilin sonunda 75 dollaradək yüksəldi. 2006-ci il ərzində 100 dollaradək yüksələn neft qiymətləri dünyada yeni böhran yaranacağı qorxusunu da özü ilə gətirdi. 2008-ci il də neft qiymətləri üçün əlamətdar oldu. Belə ki, qlobal iqtisadi böyümənin artması və OPEC-in azalan ehtiyatı bazarlarda yüksək tələbə və aşağı təklifə səbəb oldu. 2008-ci ilin iyun ayında Brend tipli xam neftin barelinin qiyməti tarixdəki ən yüksək səviyyəsi olan 147 dollara qədər yüksəldi. Neft qiymətləri, 2008-ci ilin İyun ayında 147 dollar olduğu halda , ilin sonunda 36 dollara qədər geriləyərək tarixdəki ən sürətli enişini yaşadı. 2008-dəki qlobal iqtisadi böhranın ardından yüksəlməyə başlayan xam neft qiyməti, 2012-ci ildə 128 dollara qədər yüksəldi. Neft qiymətləri, 2014-cü ilin iyunda 115 dollara qədər yüksəldiyi halda 2014-cü ilin sonundan etibarən sürətlə enməyə başladı və ilin sonunda 50 dollardan da aşağı düşdü.
Bu ucuzlaşma prosesini mütəxəsislər müxtəlif fikirlərlə əsaslandırır. Bunlara dünyanın ən böyük neft idxalçısı ABŞ-ın öz daxilində neft hasilatını şist nefti hesabına artırması, Çin və Avropa ölkələrinin iqtisadiyyatındakı yavaşlama səbəbiylə tələbin azalması, Liviya neftinin bazara dönməsi ilə təklifin artması kimi səbəblər daxildir. Həmin dönəmdə yaşanan ucuzlaşma Azərbaycan üçün də təsirsiz ötüşmədi və il ərzində manat dollar qarşısında iki dəfə dəyər itirdi. 2016-cı ildə dünya bazarlarında brend markalı neftin orta qiyməti 43 dollaradək endi, 2017-ci ildə bu rəqəm 54, 2018-ci ildə isə 71 dollara yüksəldi. 2019-cu ildə nisbətən azalaraq 64 dollara ensə də, 2020-ci ildən etibarən neft sənayesində yenidən maraqlı vəziyyət yaranıb. Əslində Beynəlxalq Energetika Agentliyinin ilin əvvəlində yayımlanılan 2020-ci il üzrə proqrnozu resurs asılılığı olan ölkələrə bir növ xəbərdarlıq idi. Hesabatda qeyd edilirdi ki, bazarların neftlə təchizatında mümkün risklər xeyli dərəcədə azalıb. Bunun əsas səbəbi OPEC-dən kənar hasilatın xeyli artmasıdır. Bu artım əvvəlki dövrlərlə müqayisədə geopolitik risklərin bazara təsirini əhəmiyyətli dərəcədə neytrallaşdıracaq.
Neft təklifi ilə bağlı risklər aradan qalxsa da, tələbə təsir edən gözlənilməz amillər 2020-ci ildə neft qiymətlərinə ciddi təsir etdi. Goldman Sachs investisiya bankının hesablamalarına görə koronavirusu səbəbindən cari ilin birinci rübündə Çində neftə olan gündəlik tələbat orta hesabla 250 min barreldən çox azalacaq. Çin iqtisadiyyatındakı yavaşlama dolayısıyla ABŞ və Yaponiya başda olmaqla ümumilikdə qlobal iqtisadiyyata təsir etmiş olacaq. Eyni zamanda, ABŞ-ın enerji informasiya idarǝsi də, 2020-ci il üçün neft qiyməti proqnozunu aşağı salıb. Bunun əsas səbəblərindən biri olaraq, yeni koronavirus yayılması səbəbindən, dəmiryolu və hava nəqliyyatı ilə sərnişin daşınmasının azalması göstərilir.
Qiymətindən asılı olmayaraq neftin dünya enerji bazarında hegemonluğu hələ də davam edir. Ancaq bunun belə davam etməsi də sual altındadır, çünki artıq uzun illərdir bir çox inkişaf etmiş ölkələr alternativ enerji növlərinin tətbiqinin artırılması istiqamətində çalışmalarını davam etdirir. Resurs ixracatçıları üçün ən riskli məqamlardan biri budur ki, qlobal iqtisadi artım tempinin zəifləməsi elektromobilləşmənin və alternativ enerjinin artım sürətinin böyüməsilə paralel baş verir.
2019-cu ildə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 66.79 dollar olsa da, 2020-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub. İlin ilk günlərində Azərbaycan neftinin qiyməti 70 dollar həddini keçsə də, bu günlərdə büdcədən nəzərdə tutulan həddən də aşağı enərək 50 dollara yaxınlaşır. Neft qiymətlərinin son illərin ən aşağı səviyyəsinə endiyini, büdcə gəlirlərinin 56 faizinin neft gəlirlərindən formalaşdığını, Azərbaycanın ixracında neft-qaz və neft məhsullarının payının 90 faizdən çox olduğunu nəzərə alaraq, neft qiymətlərinin ucuzlaşmasının uzunmüddətli olacağı təqdirdə Azərbaycan iqtisadiyyatı ilə bağlı ciddi risklərin yaranacağını qeyd edə bilərik. Onu da vurğulamaq lazımdır ki, Hesablama Palatasının 2020-ci il büdcəsi haqqındakı rəyində də, qeyd edilir ki, “2020-ci il və növbəti üç il üçün hazırlanmış makroiqtisadi proqnoz göstəriciləri ənənəvi olaraq bir variantda hazırlanmışdır ki, bu da iqtisadi şərtlərin pisləşəcəyi halda mümkün iqtisadi nəticələri dəqiq müəyyənləşdirmək imkanını çətinləşdirir.” Yəni, büdcədə neftin hər barelinin qiyməti optimist ssenariyə əsaslanır. Neft qiymətlərinin gözləniləndən aşağı olacağı təqdirdə, pessimist ssenari zamanı hansı addımların atılacağının qeyri-müəyyən olması iqtisadi riskləri və narahatlıqları formalaşdıran əsas amildir.