Bu gün LGBT fərdlərinin hüquqlarının qorunması “mütərəqqi” Qərbin, “mütərəqqi” siyasətinin ayrılmaz hissəsi sayılır. Həmçinin, İslam dünyasını və müsəlmanları qəddar və homofob kimi təqdim etmək də, Qərbin mühüm strategiyasıdır. Halbuki, bir neçə əsr əvvəl vəziyyət tamam fərqli, yəni əksinə idi: Avropada homoseksuallıq cinayət sayılır, dünyanın başqa bölgələrində, o cümlədən islam coğrafiyasında isə ona laqeyd yanaşılırdı. Homofobiyanı hər yerə ixrac edənlər də məhz avropalıların özləri olmuşdur. AzLogos Knife Media-dan Aleksandr Finiarelin “Şərq ilə Qərb homoseksuallığa münasibətdə necə yerlərini dəyişdi” araşdırma-məqaləsini təqdim edir.
Şərq ilə Qərb homoseksuallığa münasibətdə necə yerlərini dəyişdi
1916-cı ildə İrlandiyalı millətçi Roger Casement İngilis polisi tərəfindən həbs edilir. Həbsindən əvvəl o, İngiltərə ilə müharibə vəziyyətində olan Almaniya hökuməti ilə, İrlandiyada qiyam qaldırmaq üçün silah tədarükü barədə razılığa gəlmişdi. İngilislər Almaniya ilə hərbi əlaqələrini artıq kəsmişdilər, odur ki, silahı daşıyan hərbi gəmi İrlandiya sahillərinə çatmadan, Casement həbs edilmiş və xəyanətdə ittiham olunmuşdu.
Bu hadisənin əks-sədası böyük oldu, bir çox ingilis ziyalısı Casement üçün ayağa qalxdı, onun azadlığını tələb etdi. Məsələ burasındadır ki, İrlandiyanın müstəqilliyi mövzusu İngiltərə cəmiyyətini çoxdan iki yerə bölmüşdü, yəni müstəqillik tərəfdarı olan ingilislərin də sayı az deyildi. Bundan əlavə, uzun müddət Konqo və Peruda İngiltərə səfiri kimi işləmiş Casement, o torpaqlarda müstəmləkə administrasiyasının törətdiyi cinayətləri də araşdırmış və məsələn, Arthur Conan Doyle, Bernard Shaw kimi məşhurların dəstək və simpatiyasını qazanmışdı. Casement həbs olunanda, onun üçün ayağa qalxanlar arasında bu məşhur yazıçılar da var idi.
Hər şeyi korlayan isə, Casementin “Qara dəftərlər” adlı kitabçasının nəşri oldu.
“Qara dəftərlər”də Casementin ziyarət etdiyi koloniyalarda yaşadığı seksual macəralar ətraflı təsvir olunurdu. Problem, seksual sərgüzəştlərin özü yox, onların müstəsna olaraq homoseksual xarakterli olması idi. İyirminci əsrin əvvəlinin Avropası üçün bu, ciddi qalmaqal səbəbi idi.
Bəziləri onun homoseksuallığını, vətənə xəyanətdən daha dəhşətli bir fakt olmasını qeyd edirdi. İrlandiyalılar isə iddia edirdilər ki, ingilislər onu şərləmək üçün, özlərindən saxta dəftərlər uydurublar. Onu xilas etmək üçün edilən bütün cəhdlərə baxmayaraq, dəftərlərdə yazılanlar Casementə olan dəstəyi zəiflətdi və o, edam edildi.
Cinsi ehtiras və ehtiyacları, dövrün Avropa gender normalarına sığmayan, burjua həyatının darıxdırıcılığından, viktorian əxlaqdan bezən və başını götürüb “sirli və vəhşi Şərqə” qaçaraq, orada eyş-işrətə qurşanan təkcə Roger Casement olmamışdır. Müstəmləkə dövrünün ta əvvəlindən, seksual macəra axtarışları ilə koloniyalara səyahət etmək, avropalı aristokratlar arasında dəb halına gəlmişdi. Yazıçı Edward Morgan Forster, “Hindistana səyahət” kitabını orada olarkən aşiq olduğu yerli cavan oğlana həsr etmişdi. Arxeoloji ekspedisiya adı ilə Türkiyədə kəşfiyyat fəaliyyəti ilə məşğul olmuş, Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasına qarşı ərəb qiyamını hazırlamış, Forsterin arxeoloq dostu Tomas Edvard Lourens (Lawrence of Arabian) isə, Şimali Suriyadakı qazıntılar zamanı tanış olduğu ərəb oğlanla eşq macərası yaşamışdı.
Fransız yazıçı André Gide, öz homoseksuallığını Əlcəzairə səyahət etdikdən sonra kəşf etmişdi. Alman səyyahı Alexander von Humboldt və rus coğrafiyaşünas Nikolay Prjevalskinin də koloniyalarda homoseksual sərgüzəştlərinin olduğuna dair ehtimallar var.
Heteroseksualları müstəmləkə torpaqlarında cəlb edən, fateh statusunun gətirdiyi imtiyazlar və yad mühitdə istədikləri oyundan çıxa bilmə imkanları idi. Müstəmləkə administrasiyası yerli əhalinin hüquqları ilə elə də maraqlanmırdı, həmçinin yerlilər də Avropanın əxlaq dəyərləri haqqında məlumatsız idilər, deməli avropalı səyyahlar heç bir hərəkətlərindən ötrü qınağa məruz qala bilməzdilər, qaldı ki, aborigenlərin onları qınaması avropalılar üçün heç bir məna kəsb etmirdi.
Bundan başqa, yerlilərin özləri də Avropa standartlarından uzaq həyat tərzinə malik idilər: bəzi ölkələrdə cinsi əlaqəyə razılıq yaşı Avropadakından xeyli aşağı idi, bəzi ölkələrdə isə aborigenlər ümumiyyətlə, çılpaq gəzirdilər.
Bu hal, Paul Gauguin kimi səyyahların koloniyalara getmələrini, orada yetkinlik yaşına çatmamış qızlarla münasibət qurmalarını, yerli qadınların pornoqrafik şəkillərini çəkmələrini, vətənlərinə qayıdaraq bütün bunları, özə də mühakimə olunmadan, “nəcib vəhşilər”in ekzotik görüntüləri adı ilə satmalarını təmin edirdi.
Bu cür səyahətlər avropalılara şöhrət və pul qazandırır, üstəlik onlar heç bir xərc çəkmədən gəzir, yeyib-içir, kef çəkirdilər, çünki dövlət onlara tədqiqat missiyasına yollanırlar deyə, sponsorluq edirdi.
Homoseksuallar üçün isə bu səyahətlər həm də ona görə sərfəli idi ki, Avropanın bir çox ölkəsində homoseksuallıq rəsmən cinayət sayılmasa da, son dərəcə pislənir, homoseksuallığı ifşa olunanlar lağa qoyulur, cəmiyyətdən uzaqlaşdırılırdı.
Məsələn, inqilabdan sonra qanunvericiliyin sekulyarizasiyası yolu ilə homoseksuallığı dekriminallaşdıran ilk Avropa ölkəsi olmasına baxmayaraq, Fransada homoseksuallara qarşı təzyiq və təqiblər səngimək bilmirdi.
Polis eynicinsli münasibətlərdə olanları və transvestitləri həbs etməyə davam edirdi. Dəyişən sadəcə o idi ki, indi onlar Tanrıya qarşı cinayətdə yox, ictimai asayişi pozmaq və qeyri-təbii hərəkətlərə yol verməkdə ittiham olunurdular.
Fransanın özündə homoseksuallıq qanunvericiliklə qadağan olunmasa da, metropoliyadan azad olan keçmiş müstəmləkələrin üçdə birində, belə bir qanun artıq qüvvəyə minmişdi. Halbuki, Avropadan kənarda, demək olar ki, hər yerdə eyni cinsdən olanların münasibəti və cinsi nonkonformizm norma kimi qəbul olunurdu.
Homoseksuallıq və islam
İslam ölkələrində homoseksuallığa münasibət, qədim Yunanıstan və Romadakından fərqli deyildi (ellinistik dövrdə islam coğrafiyasının vahid bir mədəni məkana mənsub olduğunu nəzərə alsaq, bunda təəccüblü heç nə yoxdur), odur ki, yetkin kişilərlə cavan oğlanlar arasında romantik münasibət, az qala qadınlarla münasibətdən daha çox qiymətləndirilirdi. Xristianlıq və yəhudilikdə olduğu kimi, Qurani Kərimdə də homoseksuallıq Lut qövmünün əhvalatı kontekstində qınanılır (baxmayaraq ki, bir çox müasir tədqiqatçıya görə, bu əhvalatda konkret homoseksuallığın özü qınanılmır). Bütün hallarda, homoseksuallığa görə şəxsin hansı cəzaya məruz qalacağına dair heç bir məlumat yoxdur. Bəzi hədislərdə isə, islam peyğəmbərinə istinadla, saqqalsız sütül oğlanların gözəlliyinin və naz-qəmzəsinin cənnət hurilərindən daha cəzbedici və təhrikedici olmasına dair xəbərdarlıq edilir, kişilərə ehtiyatlı olmaq məsləhət görülür.
Əksər İslam ölkələrində homoseksual münasibətlərin tabu sayılmasına baxmayaraq, onlara görə cəzanın verilməsi halları son dərəcə nadir idi. Məlum olan cəzaların isə, demək olar ki, hamısı eynicinsli təcavüzlər və açıq-aşkar ictimai pozğunluqla əlaqəlidir.
Kimisə homoseksuallıqda ittiham etmək üçün (istənilən zina hərəkətində), islami cəmiyyətdə ən az dörd hörmətli adamın şahidliyi tələb olunur ki, belə bir şərt, əgər tam yazıldığı kimi ona əməl olunarsa və saxtakarlığa yol verilməzsə, zina cəzasının tətbiqini ümumiyyətlə mümkünsüz edir.
19-cu əsrdə Parisə səfər edən misirli mütəfəkkir Rifai ət-Tahtavi, avropalıların homoseksuallara qarşı olan nifrətinə təəccüblənmiş və ərəblərin məhəbbət poeziyasındakı, qadınlara deyil, cavan oğlanlara həsr olunmuş sevgi şeirlərini tərcümə edərkən, avropalıların kişi cinsini qadın cinsi ilə əvəzləməsini rişxənd və heyrətlə qarşılamışdı. 16-cı əsrdə Osmanlı İmperiyasını ziyarət edən Bernadetto Romberti kölə edilmiş, döyüşlərdə əsir düşmüş yüzlərlə cavan oğlanın Sultanın sarayında, xədimlərin əhatə və mühafizəsində yaşadığını qeyd edirdi. 9-12-ci əsrlərdə hökm sürmüş Əl-Mütəmid, II Hişam, III Abd ər-Rəhman, II Əl-Həkəm kimi hökmdarların da saraylarında, açıq-aşkar qaydada oğlan hərəmləri mövcud olub. Belə hərəmxanaların musiqi truppalarında beçə-bazi və ya küçəki adlı, qadın paltarında rəqs edən və arzulayan hər kəsin seksual ehtiyacını pul müqabilində ödəməyə hazır olan gənc rəqqaslar olurdu.
İslam dünyasında bir çox alim sodomiyanı günah hesab etsə də, əksəriyyəti bir oğlana səmimi qəlbdən aşiq olmağın və bu sevgini şeirlə ifadə etməyin qəbahət, yaxud haram olduğuna inanmırdı.
Buna görə də, məsələn, 18-ci əsrdə 30 il boyunca ərəb dünyasının ən nüfuzlu təhsil ocağı kimi tanınmış əl-Əzhər Universitetinin rektoru, misirli din alimi və şair Abdullah əl-Şəbrəvi, çox rahat şəkildə sütül oğlanlara sevgi şeirləri həsr edir və ona güldən artıq söz deyən olmurdu. Yeri gəlmişkən, əl-Əzhər rektorunun eşqi-məhəbbət obyekti, İbrahim adlı saqqalsız bir gənc idi…
Dini ocaqların xaricində, dünyəvi cəmiyyətdə isə, kişinin bir gənclə cinsi əlaqəyə girməsi ümumiyyətlə norma sayılır, hətta təqdir olunurdu.
Şərq cəmiyyətlərində cinsi münasibət iyerarxik mahiyyət daşıyırdı. Bu səbəbdən qadınlar və gənc oğlanlar, yetkin və onlardan təbii olaraq üstün kişilərin nəzərində cinsi obyekt kimi qəbul olunurdu, çünki yekə, bazburtlu kişiyə nisbətdə cavan oğlan uşağı və qadın – hər ikisi feminin, qızfason statusda idi. 9-cu əsr ərəb ilahiyyatçısı əl-Cahizin “Bakirələr və gənc oğlanlar” satirik oçerkində, yetkin bir kişinin saqqalsız gəncə üstünlük verməsindən bəhs olunur və bu, qətiyyən hər hansı bir sapma, yaxud günah kimi qiymətləndirilmir. Yox, əgər yetkin kişinin özü passiv rolda çıxış edərsə, özünü cinsi obyekt kimi kiməsə verərsə, bu zaman stiqmaya məruz qala, damğalana bilərdi. Ona görə də, kişilərin oğlanlarla seksual münasibəti, oğlanın saqqalının çıxmasına qədər davam edə bilərdi.
Lakin, o da qeyd olunmalıdır ki, iki yetkin kişi arasında sevgi münasibəti və cinsi əlaqənin özü də, kişinin öz arvadı ilə münasibəti kimi qiymətləndirilir və bu haqda danışmaq, bunu müzakirə etmək xoş qarşılanmırdı.
Nəzərə alınmalıdır ki, kişilərlə oğlanlar arasında iyerarxik cinsi münasibətlər, sözügedən dövrün standartlarına görə pedofiliya sayılmırdı, çünki cinsi razılıq yaşı indikindən xeyli aşağı idi. Qədim Yunanıstandakı pederastiya meyarı kimi – orada qızların ərə verilmə, yəni yetkinlik yaşı təxminən 12-14 arasında dəyişirdi. Oğlanlar da həmin yaşda hərbi təlimlərə başlayırdılar. Oğlanlarla seksual əlaqənin məqsədlərindən biri də, yetkin kişilərin öz seksual enerjilərinə nəzarət etmələri, vəzifələrindən ötrü evlənə bilməyənlərin özlərini yad, ərli qadınlara təcavüzdən qorumaları idi. Razılıq yaşından əvvəl gənc oğlanla yatmaq cəhdinin cəzalandırıldığını da qeyd etmək yerinə düşər.
Həm Yunanistan, həm də yunan ənənələrini böyük ölçüdə miras almış Orta Şərqdə, gənc kişilərin və qadınların cinsi əlaqə yaşı, yetkinlərin etdiyi hər şeyi edə bilmə yaşına çatmalarını nəzərdə tuturdu: ailəyə baxa, uşaq böyüdə, müharibədə iştirak edə bilirsənsə, deməli yetişmisən, cinsi əlaqəyə də girə bilərsən. Bu yaşda olan qızlar onsuz da övlad dünyaya gətirir, ona baxa bilir, gənc kişilər isə qadınları ictimai yerlərdə müşayiət etmək haqqı qazanır (bir çox mədəniyyətdə qadınların qohum və ya ərləri yanlarında olmadan, cəmiyyətə çıxmalarına icazə verilmirdi), böyüklərlə bərabər döyüşlərə gedirdilər.
Bəzi ölkələrdə isə, ailədə bu rol üçün uyğun oğlan yoxdursa, kişinin yerini qız uşağı alırdı. Belə olan halda, qız cinsi əlaqəyə girməyəcəyinə dair and içir, ailə qayğısı kişi vəzifəsi olduğundan, kişi kimi geyinməyə və davranmağa başlayır, saçlarını qısa kəsdirib, özünə kişi adı götürürdü.
Orta Şərqdə və Orta Asiyada bu cür qızlara baça-poş deyilirdi, Osmanlının nəzarətində olan Qərbi Balkanlarda isə belə qızlar andlı bakirələr adlandırılırdı. Onların ən məşhuru, Albaniyanın müstəqilliyi uğrunda mübarizədə fəal iştirak etmiş və “Albanian Jeanne d’Arc” ləqəbi ilə tanınan, bakirə inqilabçı Yanitsadır.
Bu praktika, qızların məktəbə getməsinə, işə düzəlməsinə, müşayiətsiz gəzməsinə, idmanla məşğul olmasına və hətta əmlak miras almasına imkan verirdi. Varisi olmayan belə ailələr, bu qızlar sayəsində damğalanmaqdan, cəmiyyətin rişxəndindən xilas olurdu. Oğlu olmayan bəzi analar isə qızlarını əvvəlcədən oğlan kimi böyüdürdülər ki, qız ərə getməsin və ər evində qulluqçu olmaq məcburiyyətində qalmasın.
İbrahimi dinlərin xaricindəki dünya
Təsadüfi cinsi əlaqələrin qarşısını almaq, qadınların başqalarından yox, məhz öz ərlərindən varis-övlad dünyaya gətirmələrini təmin etmək məqsədilə, dünyada kişi ilə qadın arasına elə bir sədd çəkildi, elə sərt seqreqasiya qaydaları qoyuldu ki, heç kimin nəzarətində olmayan homoseksual münasibətlər, istər-istəməz kəllə-çarxa vurdu. Yanoama (Braziliya) və Araucanadaki (Çili və Argentina) yeniyetmə oğlanların əsksəriyyəti öz yaşıdları ilə homoseksual münasibətə girir, evləndikdən sonra isə bu münasibətlərə son qoyurlar.
Amazonun bəzi yerlərində kişilərin bir-birlərinin hüzurunda masturbasiya etmələri, yaxud elə bir-birilərinin cinsi orqanlarını sığallayaraq boşaltmaları, təkcə gənc subaylar yox, evli kişilər arasında da normal yoldaşlıq elementidir.
Bəzi yerlərdə, gənc subay qadınlar arasında da belə münasibətlərə yol verilir: Nandi (Keniya) və Akanda (Qana) evləndikdən sonra da, bu cür praktika qadınlar arasında davam etməkdədir.
Aralıq dənizində olduğu kimi, dünyanın digər bölgələrində də kişilərlə oğlanlar arasında iyerarxik seksual əlaqələrə rast gəlmək mümkündür. İndoneziyada 12-13 yaşlarında oğlan uşağı, evlənməzdən əvvəl dayısına cariyə kimi verilir, dayı onunla cinsi əlaqəyə girir, həyata hazırlayır.
Papua Yeni Qvineyanın bir çox qəbilələrində oğlan uşaqlarının sağlam böyüməsi və yetişməsi üçün, böyük kişilərin spermasını içməsi nəzərdə tutulur. Adətən, bu kişilər oğlanların yeznələri, yəni qayınlar arasından seçilir ki, oğlanın bədəninə daxil olan sperma, bacısına gedən sperma ilə eyni olsun, qardaş və bacı eyni kişinin toxumunu “içsin”.
Yaponiyada, samuraylar arasında çox geniş yayılmış shudo ənənəsi, Yunanıstandakı pederastiya ənənəsi ilə eynilik təşkil edir: yaşlı bir kişi, oğlan uşağını himayəyə götürür, ona şərəf, ləyaqət dərsi keçir, döyüş sənətini öyrədir, gözəllik hissi və cinsi əlaqə texnikası aşılayır.
Yuxarıda qeyd olunan baça-bazi tipli fahişə oğlanlar, kaqema adı ilə yaponlarda da mövcud idi. Bunlar adətən kabuki teatrında təhsil alan, yaxud çayxana tipli əyləncə müəssisələrində çalışan və yetişən oğlanlar olurdu.
Sudandakı Zande qəbiləsindən olan döyüşçülər isə, yetkinlik yaşına çatanda müvəqqəti olaraq 12–20 yaşlı oğlanlarla evlənir, onlara eynilə qadınlara ödədikləri fidyə ödənilir və onları yetkinlik yaşına çatana qədər böyüdüb, başqa oğlanlarla evləndirirdilər.
Bəzi yerlərdə isə homoseksual münasibətlər təlim-tərbiyə prosesinin bir hissəsi sayılmır, tərəflər arasında iyerarxiyanı nəzərdə tutmurdu. Afrika boyunca, həm kişilər, həm də qadınlar arasında eynicinsli nikahın tətbiq olunduğu onlarla cəmiyyət qeyd edilmişdir. Qədim hind mətnlərində isə kişi və qadın cinsi ilə yanaşı, homoseksual və transgenderlərin üçüncü cinsindən bəhs olunur. Onların bir çoxunda homoseksuallıq təbii bir fenomen kimi qəbul edilir, qarşı cinsə qarşı istəyi olmayanlar heteroseksual münasibətlərə zorla cəlb edilmir və cəzalandırılmır.
Şimali Amerikalı hindular da gender non-konformizinin özünəməxsus sistemini yaradıblar. Avropanın binar (ikili) cinsiyyət sistemini rədd edən müasir Şimali Amerika hinduları, bu sistemə uyğun gəlməyən hər kəsi “iki ruhlu insan” adlandırırlar.
Çin tarixşünaslığı, hər təbəqədən olan insanlar arasındakı homoseksual münasibətlər, ilk növbədə isə əlbəttə ki, homoseksual aristokratlara dair hekayələrlə doludur. Belə ki, Han sülaləsindən olan bir çox imperatorun, arvadından başqa, oğlan sevgilisi də olurdu. Hətta bəzən, hökmdarların cinsiyyətini təyin etmək belə, çətinləşir, çünki yalnız fövqəladə hallar tarixdə qeyd olunub, homoseksuallıq isə heteroseksuallıq qədər adi bir şey olduğundan, tarixşünaslığın yaddaşına köçürülməyib. Tarixə düşmüş ən məşhur hekayələrdən biri isə, İmperator Ay-Di və sevgilisi Dong Xianın əhvalatıdır.
Bu, Çin tarixi üçün də nadir hadisədir. Belə ki, Ay-Dinin sadəcə homoseksual partnyoru var idi, bu səbəbdən də varisdən məhrum idi. Ona görə də, ölümündən sonra hakimiyyəti sevgilisinə ötürmək istəmişdi.
Dong Xian isə sevgilisinin ölümünə o qədər kədərlənmişdi ki, imperatorun son iradəsini yerinə yetirmək istəməyən saray məmurlarının intriqalarını nəzərdən qaçırtmış və dövlət çevrilişinin qarşısını ala bilməmişdi.
Əslində, bu hekayə hakimiyyətin sevgiliyə ötürülməsinin uğursuz cəhdindən çox, Ay Di və Dong Xian arasındakı güclü məhəbbətin hekayəsi kimi, Çində xatırlanır. Əhvalata görə, bir gün Dong Xian imperatorun qolunun üstündə yuxuya gedir. O əsnada isə imperatoru məsləhətləşmək üçün çağırırlar, lakin o, sevgilisini oyatmaq istəmədiyi üçün, öz qolunu kəsməli olur. O vaxtdan bəri, “qolu kəsik” ifadəsi, Çində homoseksuallığın evfemizmi kimi qəbul olunub.
Müstəmləkə dövrü
İslam dünyasında vəziyyət yalnız 18-19-cu əsrlərdə, avropalıların nüfuzunun islam dünyasında getdikcə artması və buna reaksiya olaraq sələfilik-vəhhabilik kimi fundamentalist cərəyanların ortaya çıxması ilə dəyişməyə başladı. Sivilizasiyanın kandarında meydana gələn fundamentalist hərəkatlar, əsasən özünə şəhər mühitində yer tapa bilməyən yoxsullar, şəhərlərin əxlaqsızlığından qaçanlar, borc əsarətindən qurtulmaq istəyənlər, özlərini və ya uşaqlarını zənginlərə və harınlamış avropalılara seksual köləliyə satmaq istəməyən valideynlər tərəfindən rəğbət görürdü. Beləliklə, şəhər mədəniyyətində çiçəklənən hərəmxanalar, fahişəlik, homoseksuallıq, avropalılaşma və dünyəviləşmə meylləri bu kütlələrin nifrət obyektinə çevrildiyindən, onlar islamın özünə, dinin təməllərinə qayıtmaq, əsl islamı yaşamaqdan ötrü fundamentalist icmalara qoşulurdular.
19-cu əsrdə Şam və Bağdadı tutduqdan sonra, bu hərəkatlar yerli qadınları burka geyinməyə məcbur etdi və daha əvvəl perslərdə və Osmanlı İmperiyasında normal qəbul edilən homoseksual münasibətləri haram elan edərək, homoseksualların təqibinə fitva verdi.
Lakin, homofobik meyllərin cəmiyyətdə yayılmasına fundamentalistlərdən çox, avropalıların özləri təkan verdilər. Avropa müstəmləkə administrasiyaları, koloniyalara Avropanın qanunlarını da gətirirdilər. Elə məhz bu səbəbdən, bu günün özündə də, bir zamanlar müstəmləkə administrasiyaları tərəfindən tətbiq edilən və homoseksuallığı cinayət elan edən qanunlar, bir çox ölkədə qüvvədədir.
Müasir Özbəkistan və Türkmənistanda isə sodomiya əleyhinə qanunlar, Sovet dövrünün mirası kimi qalır. Homoseksuallığı cinayət hesab edən ölkələrin 57%-də qanunvericilik Britaniya İmperiyasının Cinayət Məcəlləsinə əsaslanır. İngilis müstəmləkələrinin 70%-də bu qanun hələ də qüvvədədir.
Avropalılar digər xalqlar üzərindəki üstünlüklərini adətən sivilizasion missiyaları ilə izah edir, bu yekəxanalığa bununla haqq qazandırırlar. Ağ olmayan insan, inkişaf etməmiş insandır, yabanı təbiətə daha yaxındır, bu səbəbdən də özünü idarə etmək iqtidarında deyil. 19-cu əsrin sonlarında, Avropadan başqa hər yerdə homoseksuallığın tüğyan etdiyi fikri çox geniş yayılmışdı. 1803-1806-cı illərdə Parisdəki Türk səfiri, avropalıların bütün türklərin homoseksual olduğunu hesab etmələrinə və homoseksuallığın ümumiyyətlə ayıb bir şey olduğunu düşünmələrinə çox təəccüblənmişdi. Avropalılar hesab edirdi ki, Avropa xaricindəki xalqların cinsi non-koformizmi, onların vəhşiliklərinin əlamətidir. Cinslər arasındakı kəskin bölgü, qəti ikicinslilik isə inkişafın göstəricisidir. Məsələn, Şotlandiya bioloqları Patrick Geddes və Arthur Thomson, 1889-cu ildə yazdıqları “Cinsiyyətin təkamülü” kitabında, “hermafroditizmin primitiv olduğunu” iddia edir; hermafroditlərin məhv edilməsi və Avropa normalarının zorla tətbiqinə haqq qazandırırdılar.
İyirminci əsrin əvvəllərində ağ kişilər öz irqlərinin təhlükənin astanasında olduğuna inanmağa və panikaya qapılmağa başlamışdılar. Artan miqrant axını, qadın və rəngli insanlar arasında böyüyən azadlıq hərəkatı ağ irqi əməlli-başlı qorxutmuşdu.
Ona görə də, homoseksuallıq artıq dini səbəblərdən deyil, tibbi səbəblərdən patologizasiyaya məruz qalırdı. Məsələn, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaşamış Amerikalı seksoloq William Robinson, homoseksuallığın degenerasiya əlaməti olduğunu və “irqi çoxaltmağa xidmət etməyən istənilən cinsi sapmanın patologiya olduğunu” yazırdı. Elm adamları lezbiyan və geylərin cinsiyyət orqanlarının qaradərililərin cinsiyyət orqanlarına oxşadığını iddia etməyə; homoseksuallıq və cinsi sapmaların isə təkamüldə geriləmə, cinsi fərqlənmə prosesindəki uğursuzluq kimi qələmə verməyə başlamışdılar. Bu “qüsuru” düzəltmək üçün isə yevgeniklər homoseksualları kimyəvi kastrasiya, məcburi sterilizasiya, lobotomiya və konversiya terapiyasına məruz qoymağa girişmişdilər.
Sovet Rusiyasında inqilabdan sonra homoseksuallığın dekriminalizasiyasına baxmayaraq, çar dövrünün homofob qanunları islam respublikalarına sirayət etmişdi. Maraqlıdır ki, Rusiyanın özündə homoseksuallığı cinayət hesab edən qanunlar, alman qanunlarının təsiri altında qəbul edilmişdi. Avropanın kənarında olan və daim müstəmləkəyə çevrilmək riski ilə yaşayan Rusiya, I Pyotrun hakimiyyətinin ilk illərində, mövcud risklərdən qorunmaq üçün Avropanın bütün ənənə və qanunlarını qəbul etməyə başlamışdı. Pyotr Rusiyanın özünü imperiyaya çevirmək istəyirdi ki, əcnəbilərin fəth etdiyi, geridəqalmış ölkə statusunu həmişəlik istisna edə bilsin.
Lakin Rusiya İmperiyasında homofobiya kök salmadı: polis homoseksuallarla bağlı işlərə maraq göstərmir, homoseksuallığı fitri əlamət hesab edən həkimlər isə, homoseksuallara qarşı ifadə vermək istəmirdilər. Adətən aristokratiya arasında baş verən homoseksuallıqla bağlı qalmaqalları isə, imperatorların özləri yatırdırdı.
Bəstəkar Pyotr Çaykovski, mühafizəkar yazıçı Vladimir Meşerskinin, həmçinin Böyük Hersoqlar Sergey Aleksandroviç və Konstantin Konstantinoviçin homoseksual olduqları sarayda da bilinir, lakin bununla bağlı heç bir tədbir görülmürdü.
Rusiya İmperiyasında homoseksuallıqla bağlı ən səs-küylü qalmaqal, homoseksual erotizm motivli “Bir pajın sərgüzəştləri” şeirinin müəllifi olduğu güman edilən, yazıçı Aleksandr Şenin ətrafında baş vermişdi, ancaq onu da xidmətdən və Sankt-Peterburqdan qovmaqla kifayətlənmişdilər. Qanun ictimai qınaq qarşısında tab gətirməyərək nüfuzdan düşdü və beləliklə, 19-cu əsrin sonlarında homoseksuallara qarşı təzyiqlər xeyli azaldı. İyirminci əsrin əvvəllərində isə, sekulyarlıq prinsipləri və həkim rəyləri rəhbər tutularaq, homoseksuallığın dekriminalizasiyasının (sonradan, Sovet qanunvericiliyində homoseksuallıqla bağlı maddələrin əsasını təşkil edəcək olan) qanun layihəsi hazırlanmışdı.
Eyni zamanda, mərkəzdə inqilabi meyllərin güclənməsi və periferiyadakı müsəlman bölgələrin imperiyadan qopmağa həvəs göstərməsi, müsəlman cəmiyyətlərində homoseksuallığın geridəqalmış islam mədəniyyətinin ünsürü olması haqda qənaəti gücləndirmişdi. Sovet hüquqşünasları homoseksuallığın səbəbi kimi, həm burjua Avropa sivilizasiyasının tənəzzülü nəticəsində yaranan nəzarətsiz inkişafı görür, eyni zamanda da homoseksuallığı inkişafın anormallığı ilə əlaqələndirirdilər. Məhz bu səbəbdən, homoseksuallığın dekriminalizasiyası Sovet İttifaqının yalnız slavyan respublikalarında elan edildi, çünki slavlar daha inkişaf etmiş sayılırdılar, ona görə də homoseksuallıq onların fitri bir naxışı idi və ona simpatiya ilə yanaşmaq olardı. Müsəlman periferiyalar isə zorla sivilizasiyaya məruz qalmalı və oradakı homoseksuallıqla mübarizə aparılmalıydı, çünki onlardakı homoseksuallıq müsəlmanların geridəqalmışlığının əlaməti idi.
Homoseksuallıq SSRİ-də, 1934-cü ildə Almaniyanın təsiri ilə yenidən cinayət kateqoriyasına aid edildi. Ancaq bu dəfə qanunun təşəbbüskarı, homoseksualların nasistlərə casusluq etməsindən qorxan NKVD idi. Homoseksualların davamlı olaraq cinayət məsuliyyətinə cəlb etməsinə baxmayaraq, Veymar Almaniyası seksual inqilabın mərkəzi hesab olunurdu. Nasistlərin homoseksuallara qarşı qanunları sərtləşdirdiyini Rusiyada bilmirdilər, hətta nasistlərin bir il əvvəl hakimiyyətə gəlmələrini də homoseksuallığın və seksual əxlaqsızığın çiçəklənməsi ilə əlaqələndirirdilər. Eyni zamanda, Rusiya xüsusi xidmət orqanlarının homoseksuallardan casusluq məqsədilə istifadə etməsi, müharibədən sonrakı ABŞ və Böyük Britaniyada, bütün homoseksualların kommunist olduqlarına və Sovetlərə casusluq etdiklərinə dair stereotipi gücləndirmişdi.
Anti-müstəmləkəçilik və homofobiya
LGBT hərəkatının ortaya çıxması dekolonizasiya ilə üst-üstə düşdü. II Dünya müharibəsi ilə 21-ci əsrin əvvəllərindəki dövr arasında bütün müstəmləkə imperiyaları çökdü, eyni zamanda, bütün Qərb ölkələrində homoseksual münasibətlər dekriminalizasiya olundu, hətta bəzi ölkələrdə eynicinslilərin nikahı qanuniləşdi. Rusiya bu baxımdan bir daha diqqət çəkməyi bacarmışdı: Avropa Şurasının təzyiqi altında, özü də ABŞ və Böyük Britaniyadan daha əvvəl, homoseksuallıq Rusiyada dekriminalizisiya edildi, hərçənd, buna dair heç bir geniş ictimai müzakirə aparılmamış və ölkədə ciddi LGBT hərəkatı formalaşmamışdı.
20-ci əsrin sonlarında isə, avropalılar artıq homoseksual münasibətlərə qarşı tolerantlığı inkişafın və sivilizasiyanın əlaməti kimi sırımağa başlamışdılar. Avropanın gender normaları ilə yalnız bu yaxınlarda tanış olmuş Afrika, Asiya və Orta Şərqdəki ölkələr isə, onlarda homofobiyanın geniş yayılması səbəbindən geridəqalmış kimi damğalanırdılar.
LGBT fərdləri və qadınların hüquqları əsas gətirilərək, Şərq mədəniyyətinin “geridəqalmış” və “dözümsüz” obrazı yaradılmış, ilk növbədə sikhlər, ərəblər və bütün müsəlmanların Qərb tərəfindən kənarlaşdırılması üçün genderdən silah kimi istifadə olunmağa başlanmışdır.
Bir yandan da, Şərq ölkələrini Avropanın təsirindən qorumaq istəyən fundamentalist cərəyanlar gündən-günə bütün islam dünyasına hakim kəsilməkdədir. İndi isə onlar geylərin və qadınların hüquqlarını, avropalıların əxlaqsızlığının əsas səbəbi kimi təqdim edərək, bu anlayışlara hücum edirlər. Sözün düzü, bu işdə müsəlmanlarla yanaşı, xristian fundamentalistləri də fəaldır. Məsələn, Afrikanın bəzi xristian ölkələrində homoseksuallığın kriminallığı avropalıların mirası hesab edilərək, qüvvədə saxlanılır, müsəlman ölkələrdə isə ləğv edilib, çünki bu qanunun dindən yox, müstəmləkəçilikdən qaynaqlandığını hesab ediblər. Heç vaxt müstəmləkə olmamış yeganə Afrika ölkəsi olan Efiopiyada isə, homoseksuallıq xristianlığın XIII əsrdə gəlişi ilə cinayət sayılmış və bu günə qədər də həmin statusunu qorumaqdadır.
Müasir Rusiyadakı “homoseksuallığın təbliği”nin qadağası isə, müstəsna olaraq anti-Avropa meyllərinin böyüməsi ilə əlaqəlidir və Qərbin əxlaqsızlığı ilə mübarizənin tərkib hissəsi kimi təqdim olunur.
Nə qədər paradoksal səslənsə də, fundamentalizm modernləşmənin nəticəsidir. Bu səbəbdən də, fundamentalistlərin təklif etdiyi keçmişə, köklərə qayıdış, modernləşmənin başlanğıc nöqtəsinə, həmin ana istiqamətlənib. Taleyin ironiyasına bax ki, guya həddini aşmış olan Qərblə, onun nüfuzu ilə, Avropa tolerantlığı ilə mübarizəyə səsləyən Orta Şərqdəki çağdaş islam fundamentalistləri və onların Rusiyadakı pravoslav kolleqaları, Avropanın bir zamanlar onlara zorla yeritməyə çalışdığı dəyərləri təsdiqləməkdədirlər.