Yerli iqtisadçılar müstəqillik dövrü Azərbaycan iqtisadiyyatını çox zaman 3 mərhələyə ayırır: Müstəqilliyin elanından neft kontraktlarından gəlir əldə edilməsinə qədər olan “keçid dövrü” (1991-2004), neft kontraktlarından əldə edilən gəlirlərin büdcəyə daxil olmağa başlamasından, devalvasiyaya qədərki “böyük neft gəlirləri dövrü” (2005-2014) və devalvasiyadan sonrakı müddəti əhatə edən “post-neft gəlirləri” dövrü.
Böyük neft gəlirlərinin ölkəyə daxil olduğu dövrdə Azərbaycanda bir çox sahələrin inkişafını hədəfləyən proqramlar, qanun layihələri qəbul edilməyə başlandı. Bunlar arasında ən diqqət çəkənlərdən biri də 2012-ci ilin sonlarında imzalanan “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası idi. İmzalandığı dövrdə geniş ictimai müzakirələrə səbəb olan sənəd, bir növ hökümətin 2020-ci il üçün Azərbaycan vədi idi.
Vaxt keçdi, vədə dolandı və 2020 gəldi çatdı. Sənətdə müxtəlif sahələrdəki məsələlərlə bağlı hədəflər qeyd edilsə də, “Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər” bölməsindəki əsas prioritetlərdən bəzilərini dəyərləndirərək ümumi təəssürat yarada bilərik.
1- “Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir.“
Hal-hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir kimi şəhərlərdə göstəricilər əsasən yüksək olsa da, müxtəlif xidmətlərlə təminat dərəcəsi regionlar üzrə fərqlilik göstərə bilir: Ayrı-ayrı bölgələrin qazla təminat göstəriciləri 45-95% ətrafında dəyişir. Mərkəzləşdirilmiş şəbəkə vasitəsilə içməli su təminatı müxtəlif bölgələrdə çox fərqlidir. Bu xidmət üzrə ən aşağı göstərici 2-10% intervalındadır. Mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təminat isə regionlarda daha pis vəziyyətdədir. Rəsmi rəqəmlərdən görünür ki, 60-dan artıq kənd rayonundan 18-də mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təminat səviyyəsi 20%-dən, öz növbəsində 32 bölgədə 40%-dən aşağıdır. Sosial xidmətlərlə təminat səviyyəsinə görə paytaxt və bölgələr arasında fərq ilk növbədə özünü əhalinin həkim kadrlarla təminatında göstərir. Əhalinin hər 10 000 nəfərinə düşən ixtisaslı həkimlərin sayı Bakıda 89 nəfər, Lerik, Yardımlı, Masallı, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Şabran, Ucar, Zərdab, Kürdəmir və Hacıqabul kimi rayonlarda isə 6-10 nəfərdir. Ümumilikdə 60-dan artıq kənd rayonunun 48-də əhalinin hər 10 000 nəfərinə düşən ixtisaslı həkimlərin sayı 20 nəfərdən azdır ki, bu da Bakı şəhəri üzrə göstəricidən orta hesabla 5 dəfə aşağıdır. Məktəbəqədər təhsillə əhatə səviyyəsi Bakı şəhəri üzrə 20% ətrafındadır. Burada 6 yaşdan aşağı təxminən 200 min uşağın 40 mini məktəbəqədər təhsilə cəlb olunur. Regionlar üzrə isə 6 yaşdan aşağı təxminən 900 min uşağın cəmi 80 mini və ya 9%-i məktəbəqədər təhsil müəssisələrinə gedir. Rəsmi statistikaya görə, hazırda hər 100 ailəyə düşən sabit şəbəkə telefonlarının sayı Bakı şəhərində 120, ölkənin ayrı-ayrı regionlararında 20-60 intervalında dəyişir. ölkə üzrə rabitə xidmətlərinə görə rabitə müəssisələrinə ödənən xidmət haqlarının 93%-i Bakı şəhərinin payına düşür”.
2- “Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çatacaqdır.”
2020-ci il üçün dövlət büdcəsinin layihəsində ümumdaxili məhsulun həcmi 82,7 mlrd. manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da adambaşına düşən göstəricinin təxminən 4850 dollar ətrafında olacağını göstərir.
3- “Qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.”
2019-cu il ərzində qeyri-neft sektoru üzrə 1 milyard 954 milyon ABŞ dolları dəyərində mal ixrac olunmuşdur. Buna nəzərən, adambaşına düşən qeyri-neft ixracı təxminən 200 dollara yaxındır.
Bunlara paralel olaraq bir neçə statistikaya daha toxunaq. 53 nəfər tərəfindən yaradılan Whatsapp qurulandan 5 il sonra 19 milyard dollara satılmışdı, bu isə Azərbaycan Respublikasının son 10 ildəki bütün qeyri-neft ixracının dəyərinə bərabərdir. “Minecraft” oyunu bir neçə il öncə 2.5 milyard dollara satılmışdı. Bu həmin oyunun Gədəbəy qızıl mədənindən daha dəyərli olduğunu göstərir. Əsas qeyri-neft ixrac məhsulumuz olan bir Qazel dolusu pomidoru Rusiyaya sataraq ən yaxşı halda 1 yeni İphone almaq mümkündür. Siyahını uzatmaq olar, amma görünür ki, dünya dəyişir və bu dəyişən dünyada iqtisadi rifaha çatmaq baxımından təbii resurslara yox, texnologiya tutumlu və əlavə dəyər yaradan məhsullara sahib ölkələr daha güclü olacaqlar.
2012-ci ildə hədəflənən 2020-ci il Azərbaycanının hədəflərdən bu qədər uzaq qalmasının əsas səbəbi də, yəqin ki, post-neft dövründə hələ də təhsil və texnologiyadan daha çox pambıqçılığın inkişafına önəm verməyimizdir. Pambıq demişkən, xatirinizdə olar ki, bir neçə il öncə Qarabağ futbol klubu Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmışdı. Həmin il ərzində Azərbaycan 9362 ton pambıq ipliyinin ixracından 18 milyon dollar gəlir əldə etmişdi. Bunun üçün minlərlə hektar ərazidə əkin aparılmış və on minlərlə işçi bu işə cəlb edilmişdi, amma, 105 metr uzunluğu, 70 metr eni olan bir ərazidə çalışan 11 adam, yəni, Qarabağ FK-nun oyunçuları, qrup mərhələsinə qədər irəlləyərək həmin il klublarına 20 milyon dollara yaxın vəsait qazandırmışdılar. Ölkəyə valyuta cəlb edilməsi baxımından Azərbaycanın qeyri-neft sektorunda ən uğurlulardan biri elə Qarabağ futbol klubudur deyə bilərik.
Məsələdən uzaqlaşmadan qeyd edək ki, yuxarda dediyimiz texnoloji və əlavə dəyər yaradan məhsulların istehsalı üçün ilk şərtlərdən biri həmin məhsulu yaratmaq potensialına sahib olan insanlar yetişdirməkdir. Buna görə də, təhsil artıq həm də iqtisadiyyatın tərkib hissəsidir. Əgər ”köhnə” – sənaye istehsalına əsaslanan modelin əsas tərkib hissələri təbii resurslar, kənd təsərrüfatı və geosiyasi mövqe idisə, yeni iqtisadi modelin əsasında ixtisaslı kadrlar, yəni təhsilli fərdlər dayanır. Bu modelə ona görə həm də “Bilgi iqtisadiyyatı” deyilir ki, bu iqtisadiyyat bilgiyə azad şəkildə çıxışı olan, həmin bilgilərə tənqidi təfəkkürlə yanaşmağı bacaran və bunlara əsaslanıb yeni yanaşmalar ortaya qoyan insaların yaratdığı iqtisadiyyatdır.
Yeni iqtisadiyyat əlavə dəyər yaradan məhsullara əsaslanır, bunun əsasında isə innovasiyalar dayanır. İnnovasiyalar dedikdə ilk olaraq hər kəsin ağlına yüksək texnoloji məhsullar gəlir, amma əslində hər hansı bir qida məhsulunu xarab olmadan bazarda daha çox qalmasına, turistlərin daha çox pul xərcləməsinə imkan yaradan yeniliklər də innovasiyalar hesab edilə bilər. Buna innovasiya yerinə təxəyyül də deyə bilərik. Çünki innovasiya üçün ilk olaraq var olanı tənqit etməyi bacarmaq, sonra da olmayanı yaratmaq lazımdır. Bəs Azərbaycan təhsil sistemi şagirdlərə və tələbələrə bu bacarıqları qazandıra bilirmi? Ötən il qəbul imtahanında I-IV ixtisas qrupları üzrə abituriyentlərin 46.4%-nin 200 baldan aşağı nəticə göstərməsi bu sualın cavabıdır əslində. Digər tərəfdən, BMT və Cornell Universitetinin də hazırlanmasında iştirak etdiyi Qlobal İnnovasiya İndeksinə də baxa bilərik. Bu indeksin maraqlı tərəfi sadəcə araşdırma və inkişaf məsələlərinə ayrılan xərclərə yox, həm də texnoloji və əlavə dəyər yaradan məhsul yaratma potensialına əsaslanmasıdır. 2019-cu ildəki hesabata nəzərən, Azərbaycan 129 ölkə arasında 84-cü yeri tutur. Ənənəvi müqayisə etalonlarımız olan Gürcüstan və Ermənistan isə müvafiq olaraq 48-ci və 64-cü yerləri tutur.
Məsələnin ilk addımı təhsillə bağlıdır, amma hələ təhsilli fərdlər yetişdirmək məsələnin həll edilməsi demək deyil. Yeni iqtisadi sistemdə informasiyanın hər kəs üçün əlçatan olması və ədalətli rəqabət imkanları da önəmli faktorlardır. Bilgi iqtisadiyyatı fərdlərin informasiyaya rahatlıqla çıxışının olduğu və təxəyyülünü istifadə edə bildiyi ekosistemdə yaranır. Bu səbəbdən, OECD və Dünya Bankı kimi nüfuzlu qurumlar informasiyaya sərbəst çıxışın təmin edilməsini iqtisadi hədəflər çərçivəsində qiymətləndirməyə başlayıb və bir çox digər təşkilatlar da bu göstəriciylə bağlı hesabatlar hazırlayır.
Əfsuslar olsun ki, Azərbaycan innovasiya ilə bağlı olduğu kimi, bu göstəricilərdə arzulanan nəticələri göstərmir. Sərhədsiz Reportyorlar Təşkilatının 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 166-cı yeri tutur. İnnovasiya və mətbuat azadlığı indeksləriylə bağlı araşdırmada da, bu iki məqam arasında korrelyasiya olduğu ortaya çıxıb. Belə ki, ölkələrin innovasiya indeksinin səviyyəsinə mətbuat azadlığının təsiri 42% həcmindədir. Bu baxımdan, müxtəlif konteksli və profilli, keyfiyyətli mətbu orqanların olması və rahat şəkildə fəaliyyət göstərməsi dolayı yolla həm də, ölkənin müasir iqtisadiyyatın tələblərinə cavab verməsinə tövhə vermiş olur. 2020-dən gələcəyə baxası olsaq, ancaq innovasiyaların və informasiyanın əlçatanlığının təmin edilməsi ilə növbəti gələcək Azərbaycan vədi uğurlu edilə bilər.