Bu mövzu ilə bağlı uzun zamandır yazmağı planlaşdırsam da, düzü necə yazacağımı, haradan başlayıb, harda bitirəcəyimi dəqiq bilmirdim, baxmayaraq ki, dissertasiya işim sırf bu məsələ üzərində formalaşıb.
Əslində, Quran ayələrinin universallığı, zaman və məkandan aslı olmayaraq hər bir dövrdə tətbiq edilə biləcəyi ilə bağlı fikirlər ilk dəfə müsəlman reformist mütəfəkkirləri tərəfindən müzakirəyə çıxarılmamışdır. İslam tarixinə nəzərə yetirsək, istər vəhyin nazil olduğu dövrdə, istərsə də müsəlman xəlifələrin dövlət və sosial problemlərin həllində dini mətnlərə münasibətdə birmənalı davranış sərgiləmədikləri açıq-aydın görünür. Ancaq çox təəssüf ki, universallıq problemi hicri II əsrdən sonra İslam dünyasında çox ciddi problemlərin, ən əsası ciddi bir ətalətin təməlini qoymuşdur. Bu dövrdən başlayaraq dini mətnlərin (Quran və Sünnə) əzəliliyi məsələsi, habelə dövrün, zamanın bütün problemlərinə Quran və Sünnə işığında baxılması və həll edilməsinin vacibliyi məsələsi müzakirə edilmişdir.
Din təhsili aldığım illərdə hər bir inanclı insan kimi bir yerdə Allahın adı çəkildiyi zaman Ondan gələn hər bir şeyin sorğusuz-sualsız qəbul edilməsi, Onun tərəfindən nazil edilən hər bir ayə və surənin qeydsiz-şərtsiz heç dəyişikliyə uğramadan qəbul edilməsinin vacibliyinə mən də inanmışam və bunu təbliğ etmişəm. O zaman bunu edərkən səhv etdiyimi demirəm, çünki insan düşdüyü şəraitin və ona təlqin və təbliğ edilən reallıqların övladıdır. Bu hər zaman belə olub və olacaq. Ancaq bir qayda bu reallığı alt-üst edir, o da düşünmək, müzakirə etmək, ən əsası inanc dəyərlərini hesaba çəkə bilməkdir. Bu, heç də bəzilərinin düşündüyü kimi insanı dindən, imandan etmir, əskinə həyatın bir çox rənglərini sənə daha aydın göstərir, əşyanın arxasındakı həqiqəti və reallığı gün kimi ortaya qoymağa kömək edir. Düzünü desəm, bu axtarış və kəşf heç də asan başa gələcək bir proses deyildir üstəlik bir çox qurbanlar tələb edirdi və mən də bu qurbanları verməyə hazır idim.
Sualları bir-birinin ardınca beynimdə düzürdüm:
- Əgər Allah bu kitabı insan üçün göndəribsə, dəyişən və ətrafındakı reallıqları və sədləri aşmağa hər an, hər dəqiqə meylli olan və bu xarakterdə yaradılan bir varlıq heç bir zaman dəyişməyən və sabit qalan qanunlar arasında necə inkişaf edə bilər?
- 7 əsrdə əhalisi yüz min nəfəri keçməyən Məkkə və Mədinə əhalisinə nazil olan, vəhy qapısının açıq olduğu bir müddətdə ehtiyac hiss edildiyi zaman “nəsx”lə[1] dəyişilmə ehtiyacı yaranan bir çox ayə, cəmiyyətin ehtiyacı nəzərə alanaraq dəyişə bilirsə, 2 milyard müsəlman dünyası, 8 milyard dünya əhalisi, üstəlik 8 milyard problemin olduğu bir dünyada mədəni və dövlət hüququ ilə bağlı vur-tut 200 ayəsi olan bir kitab necə həll yolu ola bilər?
- Quranın içində olan hər bir ayə, surə dindirmi, yoxsa orada ərəb cəmiyyətinin adət-ənənləri, sosial kodları, düşüncə tərzi, fantaziyası və başqa bu kimi anlayışlar varmı?
- Əgər Quran bütün insanlığa göndərilibsə, məqsəd bütün insanlığın məhz Quran vasitəsi ilə hidayəti və doğru yolu tapmasıdırsa, o zaman bu dinin gedib çata bilmədiyi yerlərin, ölkələrin, ərazilərin insanlarının aqibəti necə olacaq?
- Əgər Qurandakı ayələrin və surələrin hökmləri zaman və məkan anlayışından uzaq olub, bütün dövürlərdə tətbiq edilməlidir deyə iddia edilirsə, bəs o zaman köləlik, cariyəlik, müşriklərin görüldüyü yerdə ödürülməsi, cihad, cizyə və başqa bu kimi mövzular niyə tətbiq edilmir və əgər edilmirsə, bu universallığı tətbiq etməyən bir inanclı olaraq mənim Allah qatındakı məqamım və vəziyyətim, “daha inanclı” insanların nəzdində və Qiyamət günü necə olacaq?
- Nazil olduğu dövrdə ağlın, dərrakənin qarşısına sədd çəkən və bu sədləri aradan qaldırmaq üçün bir mübarizə yolu hesab edilən İslam, bu gün özü düşüncə və ağıl üçün bir maneə ola bilərmi?
- “əl-Bəqərə” surəsindəki “Din Allahın oluncaya qədər onlarla vuruşun…” ayəsi həqiqətənmi yer üzərində bir nəfər də olsun “kafir” qalmasın, hər kəs “müsəlman” olsun şəklində başa düşülməlidir? Belə başa düşüləcəyi təqdirdə despotizmi yıxan, kölələri azad etməyi təşviq edən, insanları fərd olmağa çağıran bir din özü bütün yuxarıda sadalananların baiskarı olmayacaqmı?
Bu sualların sayını istənilən qədər uzada bilərəm, ancaq əsas olan bu sualları dinləmək, ən əsası dinləyə bilmək cəsarətini tapa bilməkdir. Pedaqoji fəaliyyətim boyu şagirdlərimin mənə verdiyi suallar məhz bu qəbildən idi və bu sualların cavabını vermək üçün bir şeydən əmin oldum ki, qəlibləşmiş, doqmalaşmış inanc sisteminə sual ünvanlamağı, onları bəzən tənqid edib, düşüncə süzgəcindən keçirməyi bacarmalısan. Düzü ölkəmdə ilahiyyat qurumunun vəziyyəti mən düşündüyüm qədər də bu sualları geniş şəkildə müzakirəyə çıxaracaq, İslam mirasını masa üzərinə sərib onları saf-çürük edəcək və ənənəni, kültürü, Quranın nazil olduğu cəmiyyətin reallıqlarını, sosial qavrayışlarını dindən ayıra biləcək bir gücdə və potensialda deyil. Bu tendensiya bəzi kiçik istisnaları nəzərə alsaq, Türkiyə cəmiyyəti üçün də aşağı-yuxarı eynidir. Bu sualları ortaya qoyan, elmi müstəvidə bu suallarını müzakirəsini tələb edən mütəfəkkir və akademiklərin başına nələrin gəldiyini çox yaxşı bilirəm.
Gələk bu universallıq məsələsinə. Uzun zamandır ki, İslam mənbələrinin içində işləyirəm, necə deyərlər yaşıma görə bu sahədə çox kitab tozu udmuşam. İlahiyyatçı dostlarla, akademik çevrədə fəaliyyət göstərən bəzi elm adamları ilə bu mövzuları müzakirə edərkən, üzdə olmasa da, sənin artıq dindən çıxdığın, Qurana, hədisə, irsə şübhə ilə yanaşdığını həm aralarındakı söhbətlər zamanı, həm də gözlərindən və sənə qarşı davranışlarından hiss edirdim. Ancaq nə qəribədir ki, onlar belə Quran ayələrinin müəyyən bir tarixi reallıqlar və hadisələr üzərinə nazil olduğunu İŞİD adlanan bir terror təşkilatının ortaya çıxmasından sonra iddia etməyə başladılar. Bu, məni həqiqətən də təəccübləndirirdi. Çünki hər zaman durmadan dünyaya izah edilməyə çalışılan və bunun üçün özlərinin belə başa düşməkdə və inanmaqda çətinlik çəkdikləri universallıq ritorikası və onun timsalında qurulmağa çalışılan sistem çökməyə doğru gedirdi. Axı bu reallığı – İslamın haqq, ədalət, qan, kin, nifrət dini olmadığını özün cəhənnəm, dünyaya necə başa salacaqdın? Həmin andan iddia etdikləri bütün o universal dəyərlər bir anda tarixi bağlarla əlaqələndirilir, əslində müşrikləri harda gördün öldürün, cizyə, cihad kimi məsələlər “əgər şərait uyğun gələrsə…” şərt cümləsi ilə əvəz olunurdu. Sual verirdim ki, Quranda keçən köləlik mövzusu bir daha şərtlər geri qayıdarsa, icrası yenidən tətbiq ediləcək bir məsələdir, yoxsa Quran bu qurumun tamamilə kökündən qurudulması məqsədi ilə bu mövzuya toxunub? Cavab isə birmənalı idi. Hətta XIX əsrə qədər Osmanlıda kölə bazarları ilə bağlı araşdırmaları oxuduğum zaman başa düşdüm ki, bizim düşüncədə nəsə düz getməyən bir şey var. Qeyd edim ki, İstanbulda kölə bazarları 1847-ci ildə Əbdülməcid tərəfindən bağlanıldığı zaman Səudiyyə Ərəbistanında Osmanlı İmperiyası şəriətin ən mühüm qurumunu aradan qaldırmağa təşəbbüs etdiyi üçün kafir dövlət olaraq elan edilmişdir.
Bəli, maraqlı burasındadır ki, İŞİD ortaya çıxıb bu gün xilafət arzusunda olan müsəlmanın “xəyallarını” reallaşdırdığı zaman, hər kəs həqiqətin bu qədər acı olacağını düşünmürdü. Çünki inanclı, şəriətin tətbiqini yuxularında belə xəyal edən müsəlman qardaşlarım “bu, əsl islam deyil”-deməklə, canlarını bu acı həqiqətin tərs şilləsindən xilas edəcəklərini düşünürdülər. Bir çoxlarına ünvanladığım sual bu idi: “Demirdiniz hər bir ayə, surə universaldır, bəs niyə adamları tənqid edirsiniz, hətta qəddarlıqda, zalımlıqda, vəhşilikdə təqsirləndirirsiniz. Adamlar qollarını çırmaladılar, sizə göstərdilər ki, baş necə kəsilir, kölə necə tutulur, alınır, satılır. Necə cariyə edilir. Sizin üçün hətta futbol çempionatı təşkil etdilər. Pul vahidi çıxardılar. Niyə gedib beyət etmirsiniz Bağdadiyə?”
Əslində bu sualları verərkən, həmin insanların gözlərindəki təəccübü, dodaqlarının altında “biz belə gözləmirdik, belə olmalı deyildi axı…” cümlələrini rahat eşidə bilirdim. O insanlar səmimi deyildilər, inandıqları din ilə əslində yaşamaq istədikləri və dünyaya tətbiq etmək istədikləri “İslam” öz acı reallığını gün kimi gözlər önünə sərmişdi. Sualların ardı-arası kəsilmirdi, çünki İŞİD-ə qədər Hizbullah, Əl-Qaidə kimi təşkilatlar bir o qədər də güclü effekt yaratmamışdı, çünki onlar İsrailə, ABŞ-a, Qərb dünyasına düşmən olduqlarını bar-bar bağırır, bu bağırtı isə əzilmişlik və məğlubiyyət kompleksi altında əzilən müsəlman kütlələri az da olsa qane edir, ürəklərinə su səpirdi. Ancaq İŞİD-in yumruq zərbəsi çox ağır idi, çünki başını kəsdiyi, odda yandırdığı insanlar da “Allah-u Əkbər”, deyirdi, baş kəsib, odda yandıranlar da. Bununla bilirsiniz nə mesaj var idi ortada: “Baxın ey dünya, kafir və müşrik təbəqəsi! Biz, bizdən olanlara bu divanı tuturuqsa, gör sizə nələr edərik!”
Mənə bir inanclı olaraq bu səhnələr çox pis təsir edir, çünki həyatda nəyə nail olmuşamsa, inancım, dəyərlərim, sahib olduğum imanın sayəsində nail olmuşam. Bu gün də Mozambikdə yaşananlar bir daha 2000-ci illəri yada salır, onsuz da köləliyi irsən qəbul etmiş o ölkələrdə bir də İŞİD kimi terror təşkilatının o insanların başlarına açdığı oyunu görəndə, nəyi, necə müdafiə edəcəyini bilmirsən. Əslində mənim danışacaq və əlimdə olan dəyərin üzərinə yığılmış qalaq-qalaq toz qatını təmizləməyə, onun namusunu və qeyrətini çəkməyə gücüm var və bunu da edirəm. Kiminsə imanını, inancını sorğulamadan, kimisə kimdənsə ayırmadan, xristianı, yəhudini bircə tutub müsəlman etsəydim, o dünyaya rahat gedərdim arzusunda olmadan, ibadətimi kiminsə başına qaxmadan, insanları mühakimə etmək əvəzinə, hər gün özümü mühakimə edərək, yaxşı dost, yaxşı qonşu, yaxşı fərd, yaşamağa və ölməyə layiqli bir insan olmağı qarşıma məqsəd qoyub və bu istiqamətdə əlimdən gələni edərək inancıma xidmət edirəm. Bir həqiqəti başa düşməliyik ki, problemlər dəyişkəndir, bu günün problemləri artıq sabahın problemlərindən yerlə göy qədər fərqlənir, hər bir insan öz daxilində bir dünya qədər məna və fərqli həqiqətlər daşıyır, hər şey işıq sürəti ilə dəyişir və müsəlmanlar bu sürətin qarşısında hər şeyi Quranda keçdi deyə dondurur, Quranın başına elə bir oyun açılır ki, oradan atom bombasına qədər hər şey çıxarılmağa cəhd edilir, bircə dünya görsün ki, bizim kitab da elmə “hə” deyir təfəkkürü ilə gülünc bir vəziyyət yaranır. Ancaq bu təfəkkürdə olan insanlar başa düşməlidirlər ki, sən bir şeyə universal, zaman və məkandan asılı olmayaraq tətbiq edilməsi vacib və qaçınılmaz deyirsənsə, bunu gecə-gündüz bar-bar bağırırsansa, İŞİD kimi bir təşkilat ortaya çıxar və başda sən olmaqla, dünyaya elə bir divan tutar ki, bu dəfə əvvəldə “tüpürdüyünü” yalamaq məcburiyyətində qalarsan və bu, sənə ayıb olaraq yetər.
Xilafətin qurulması, İslam şəriətinin tətbiqini arzu edənlər heç şübhəsiz ədalətin bərpasını, yer üzərinin abadlaşması və itirilmiş gücün bir daha geri qayıtmasını arzu edirlər, qısacası Quranın əmrlərini yerinə yetirməyə can atırlar. Ancaq mənim düşüncəmə görə arzu etdikləri “xilafət” əgər məzmundan ibarət deyilsə və onun yalnız şəkil və forma cəhətdən qurulmağı xəyal edilirsə, bunu İŞİD “mükəmməl” şəkildə icra etdi və dünyaya sübut etdi. Ancaq təəssüf ki, arzu edilən ədalət adına ortaya heç bir şey çıxmadı, əksinə müsəlmanlar ədaləti küfür və fisqi-fücurda ittiham etdikləri Qərb dünyasında axtarmağa çalışdılar və bu axtarış durmadan davam edir. Hər şeyin belə tərs çevrildiyi, ədalətin hər gün beş dəfə azan səsinin yüksəldiyi, din söhbətlərinin tüğyan etdiyi, hər yerindən din fışqıran İslam ölkələrində olacağını düşünməli olduğumuz halda, niyə Uca Yaradan müsəlmanları əsrlərdir ki, əğyara bu qədər möhtac edib?
Ola bilsin bu suallar özünü ənənəvi dinin nümayəndələri hesab edənləri maraqlandırmaya bilər, ancaq hər gün ateist səhifələrində durmadan bu kimi suallarla qarşılaşan azərbaycanlı gənci bu sual maraqlandıra bilər və öz tələbələrimdən illərdir ki, bu marağın və narahatlığın hansı dərinlikdə olduğunu və bu sualları ünvanladığı din adamlarının da cavablarını çox gözəl bilirəm. Onu da qeyd edim ki, bu yazı sırf elmi müstəvidə, işin əhli, düşünməyi və düşündürməyi arzu edən və bacaran insanların masasında müzakirə ediləcək bir mövzudur və kiminsə inancını, imanını zədələmək, əlindən almaq niyyəti güdmür. Mənim sadə bir vətəndaşın Allah ilə arasındakı inanca deyəcək bir sözüm yoxdur, daha dəqiq desək buna haqqım yoxdur. Dünyanın istənilən yerində inancından asılı olmayaraq hər kəsə hörmətim var, zülmün baiskarı olmadığı müddətçə hər kəs mənim düşüncəmə görə bir inanca, üstün dəyərlərə sahibdir və heç kimin kiminsə inancını mühakimə edib, özünü Allahın yer üzərindəki distirbütoru hesab etməyə haqqı yoxdur. Ancaq iş sırf teoloji problemlərin akademik səviyyədə müzakirəsindən gedirsə və bu işin əhli insanlar müasir dövr gənclərinin ağlında yaranan bu kimi sualları cavablamaqda acizdirlərsə, yaxud da bu sənlik deyil deyib, istəyirsən inan, istəmirsən inanma, Allah sənin qəlbini möhürləyib deyərək, başlarını qumun içinə salmaqla canlarını qurtaracaqlarını və üstəlik də Allahın dininə bu tərz xidmət etdiklərini zənn edirlərsə, bu kimi problemləri gün üzünə çıxaran və masa üzərinə qoyub saf-çürük etmək istəyən insanların varlığından narahat olsalar, çox yaxşı olar və Əli Şəriətinin sözü olmasın “Mən də sizi narahat etməyə gəlmişəm”.
Onu da qeyd edim ki, yazdığım məqalədə bir çox fikrin ayrıca bir yazıya da ehtiyacı var və bunlara zaman-zaman aydınlıq gətirməyə çalışacağam.
[1] Nəsx – hər hansı sabit bir şəri hökmün dövr və zamanı dəyişilməklə yəni hökmlə əvəz olunmasına deyilir.