Müsahibimiz seksoloq Maarif Məmmədovdur. Maarif bəylə həm qadınları, həm də kişiləri narahat edən seksual problemlər və onların yaranma səbəbləri barədə danışmışıq.
Maarif bəy, istər KİV-də, istərsə də sosial şəbəkələrdə seksual problemlərlə bağlı məqalələrə, paylaşımlara verilən reaksiyaların böyük əksəriyyəti inkarçılıq xarakteri daşıyır, müəlliflər əxlaqsızlığın təbliğində, milli-mental dəyərləri pozmaqda ittiham olunurlar. Odur ki, söhbətə başlamazdan əvvəl bir məsələni dəqiqləşdirmək, necə deyərlər, faktlaşdırmaq istəyirəm: azərbaycanlılar sekslə məşğul olurlar, ya yox?
Azərbaycanlılar sekslə məşğul olurlar, amma məşğul olduqları şeyin seks olduğunu bilmirlər.
Onda həyatımızda seksin mövcudluğunu, bunun təbii bir ehtiyac olduğunu qəbullanmaq bizim cəmiyyət üçün niyə bu qədər çətindir?
Mən cinsi terapiyaya başlayanda əvvəlcə mənə müraciət edənlərlə bağlı bəzi fikirlər formalaşdırıram. Danışacağımız dil, ortaq lüğətimiz… Birinci bunları müəyyənləşdirirəm və onların danışdığı dildə danışmağa üstünlük verirəm. Məsələn, bəziləri orqanlarını tanımır, bəziləri orqanlarının elmi adlarını bilmir, onlardan danışanda başqa sözlərdən istifadə eləyirlər. Penis deyirsən, soruşur ki, penis nədir? Ereksiya deyirsən, deyir, ereksiya nədir? Bəziləri elmi adları bilir, onlarla terminlərlə danışırıq. Çünki cinsi terapiyada ortaq dil tapmağımız çox vacibdir. Bu, həm terapiya üçün müraciət etmiş şəxsin rahatlığı üçün önəmlidir, həm də mənim dediyimlə onun dediyi, onun dediyi ilə mənim dediyim üst-üstə düşməlidir.
Mənə elə gəlir ki, bizdə problem sırf seks sözündədir, daha doğrusu, ona yüklədiyimiz mənadadır. Ola bilsin ki, seks deyəndə çox insanın ağlına sırf pul qarşılığında reallaşan bir fəaliyyət, yaxud da pornoqrafik həyat tərzinə sahib olan bir kəsim gəlir. Məsələn, bir partnyordan “həyat yoldaşınla seksual münasibətiniz necədir?” deyə soruşsanız, çaşar. Amma “intim münasibətiniz necədir”, ya da “aranızdakı münasibət necədir?” deyəndə bir az rahat yanaşır, sanki seks sözünü işlətməyəndə bu mövzuda danışmaq asanlaşır. O ki qaldı “niyə biz bundan bu qədər uzağıq”, yaxud “niyə bunu danışmaq istəmirik” sualına…
Mənə elə gəlir ki, burda cinsəlliyi tərbiyə və əxlaq sistemimizdə ayıb, yaxud günah, nöqsan olaraq görməyə meylli bir yaşantı da var. Məsələn, mən yaşlı nəsildən bu barədə soruşanda deyirlər ki, biz valideynlərimizin yanında uşaqlarımızı qucağımıza almazdıq. Ya da çox qarşılaşdığımız başqa bir nümunə: kişi öz xanımı haqqında danışanda deyir ki, üzr istəyirəm, mənim həyat yoldaşım filankəs. Düşünürəm ki, biz seks, cinsəllik, intim yaşantı deyən kimi ağlımıza spesifik cinsi nəsnələr – penis, vagina gəlir, yəni bir şey simvollaşır və biz dərhal oranı qapatmaq istəyirik. Məncə, biz qadın-kişi münasibətlərini də bu nəsnələr üzərindən dəyərləndiririk. Söhbət eləyən kişi və qadın görən kimi, dərhal ağlımıza “əcabalar” gəlir: “hmm, danışıb, deyib-gülürlərsə, əcaba…” Əslində, bu zaman insanı çox aşağılayırıq, çünki bir orqana, bir nəsnəyə sığışdırmış oluruq. Və əgər bu düşüncəyə meylliyiksə, məsələn, flirt dönəmimiz çox sıxıntılı keçə bilər, tanış olduqdan sonra “ancaq onunla evlənməliyəm” şərti gələr.
Evlənməliyəm, çünki…
Çünki adım çıxacaq. Çünki başqa cür intim münasibətdə olmağım mümkün deyil, yaxud da ancaq o olmalıdır. Mən evlilik ərəfəsində olan cütlüklərə psixoloji konsultasiya verirəm. Çox diqqətimi çəkən bir şey var. Bəziləri tanış olduqdan çox qısa müddət sonra bir-birilərinə intim mövzularda mesajlar yazdıqlarını və dərhal o mövzunun üzərinə getdiklərini deyirlər. Bəlkə də, hələ o barədə danışmağa hazır deyillər, hələ danışmasalar, yaxşıdır. Sonrakı mərhələdə bu mövzudan geri addım atmaq çətinləşir, çünki artıq bir-birinin özəlinə giriblər: nələrsə paylaşıblar, bir-birinə özəl şəkillərini göndəriblər. Bu, bir-birimizi tanımamağımızdan, bir-birimizin məhrəmiyyətini bilməməyimizdən qaynaqlanır.
Başqa mövzuları olmadığı üçün ola bilərmi? Yəni danışmağa ortaq mövzuları yoxdur, özlərinə bir-birini tanımaq imkanı da vermirlər.
Ola bilər. Əslində ən böyük mövzu “öz”ümüzlə əlaqəlidir. Məsələn, ailələrdə ən böyük problem ünsiyyətin olmamasıdır: biz bir-birimizlə danışa bilmirik, qarşı tərəfi dinləyə bilmirik, qarşı tərəfin duyğu və düşüncələrini öz istədiyimiz formada anlamağa meylliyik. Bir hadisə olanda qarşı tərəfin dünyasında nələr baş verdiyini yox, ona necə cavab verəcəyimizi düşünürük. Flirt dönəmində söhbət üçün mövzü tapa bilməməyimiz də bundan qaynaqlanır. Normalda həyatda o qədər mövzu var ki… Mənə təsir eləyən, sizə təsir eləyən, başqasına təsir eləyən. Bunları saatlarla müzakirə eləyə bilərik. Əgər müzakirəmiz qarşı tərəfin fikirlərini qəbul edib onu nəyəsə inandırmağa yönəlik olsa, söhbət məcburən məhdudlaşacaq. Amma özümüzü ifadə etməyə yönəlik olsa, çox genişdir.
Özümüzü anlamaq və anlatmaq üçün o qədər mövzumuz var ki! Biz münasibətdə özümüzü qarşı tərəfə danışdıqlarına cavab verməyə proqramlaşdırırıq. Dinləmirik, daha doğrusu, anlamırıq. Münasibətlərdə ən çox qarşılaşdığımız problem nədir? Tərəflər deyirlər ki, bu, məni başa düşmür. Niyə? Çünki bir tərəfin dediyi ilə qarşı tərəfin anladığı arasında çox ciddi fərq var. Ola bilsin, ikisi də eyni şeydən danışdğını zənn edir, amma ortaq bir şeydən danışmırlar. Nümunə göstərim. Tutaq ki, bir cütlük bir məclisə gedib. Geri qayıdanda partnyorlardan biri deyə bilər ki, rəfiqəmin qolunda çox gözəl bir qolbaq gördüm. Bu, digər partnyor tərəfindən “sən mənə qolbaq almırsan” kimi də anlaşıla bilər, “o, çox yaxşı diqqət görür, amma sən mənə diqqət göstərmirsən” kimi də anlaşıla bilər, “mənim də qolbağım var, amma sən heç vaxt mənə bunun yaxşı olduğunu deməmisən”, “bizim nişanımız olanda anan mənə söz vermişdi, amma hələ də almadı” mesajı da ola bilər. Nə olacağını bilmirik. Partnyorun alqıladığı nədisə, ona uyğun cavab verəcək. Hər mövzu kontekstə görə, bizə nəsə bir mesaj verir, qarşı tərəf nəyisə anlatmağa çalışır. Amma biz o mesajı qarşı tərəfin anlatmaq istədiklərindən daha çox, öz anladığımız şəkildə alırıq. Beləcə söhbətimiz, ünsiyyətimiz müəyyən bir zaman sonra bitir və deyirik ki, biz bir-birimizi başa düşmürük.
Cinsəl mövzularda da belədir. Məsələn, partnyorlardan cinsi istəklərini bir-birinə bildirib-bildirmədiklərini soruşuram. Yaxud cinsi akt zamanı xoşladıqları şeyləri bir-birinə söyləyirlərmi, “mən belə istəyirəm, bu pozanı sevirəm” deyirlərmi? Bəziləri “mən bunu istəsəm, qarşı tərəf deyəcək ki, sən bunu hardan öyrənmisən? Niyə belə bir şey istəyirsən? Yəqin, əvvəl eləmisən, xoşuna gəlib, indi də istəyirsən”, – deyə cavab verir. Bu, o deməkdir ki, mən qarşı tərəfin istəklərini və duyğularını düşünmürəm, özümə aid olan sualların cavablarını tapmaq üçün danışıram. Odur ki, bizim ən təməl ehtiyacımız ünsiyyət qura bilməkdir. Bu, sadəcə cinsəlliyə aid deyil. Marketdəki münasibətimizə də aiddir, sürücü-sərnişin münasibətlərinə də və sair aiddir. Qışqırmadan, qarşı tərəfin sözünü kəsmədən sonuna qədər dinləyəcəyəm, sonra eşitdiklərimi anlayıb-anlamadığımı dəqiqləşdirəcəyəm, bundan sonra mövzu ilə bağlı öz fikrimi söyləyəcəyəm.
Əvvəlki illərlə müqayisədə cəmiyyətimizdə seksoloqa müraciət edənlərin miqdarında dəyişiklik varmı?
Mən Azərbaycana gəlməzdən əvvəl Türkiyədə təhsil alırdım, bura iki ildir gəlmişəm. Təzə gələndə mənə deyirdilər ki, Azərbaycanda, ümumiyyətlə, psixoloji yardıma qarşı münasibət birmənalı deyil, bu xidmətdən istifadə eləyən insanlar azdır. İki il əvvəllə bu günə baxanda fərq çoxdur. Psixoloji yardım almaq istəyən insanların daha cürətli olduqlarını müşahidə eləyirəm. Cinsi məsələlərlə bağlı da, mənə elə gəlir ki, daha rahat danışmağa başlayıblar. Seksual problemlərlə bağlı mütəxəssisə müraciət eləyən insanların sayında irəliləmə var. Düzdür, cinsi terapiya almağa bir az fərqli motivlərlə gəlirlər və bir seksoloq olaraq mən bunu doğru hesab eləmirəm. Bizdə seksual terapiyaya müraciət edənlərin böyük əksəriyyətinin hədəfi uşaq sahibi olmaqdır. Təbii ki, problem fərdlərin məlumatsızlığı, cinsəlliyin təbii ehtiyac olduğunu, həzz kimi yaşanılması gərəkdiyi bilməmələridir.
Mənə elə gəlir ki, cinsi münasibətdə cütlüklər öncə özlərini düşünməlidirlər, sırf uşaq üçün cinsi münasibətdə olmaq doğru deyil. Cinsi münasibəti birbirlərinə xidmət edərək gözəl yaşayan cütlüklər bunu sadəcə penis-vagina birlikdəliyi olaraq yaşamırlar. Əks halda irəli yaşlarda cinsi münasibətlərində bir tərəfin, ya da hər iki tərəfin yaşadığı fizioloji dəyişikliklər nəticəsində, başqa partnyora yönəlmə ola bilir ki, bu da ailə üçün ciddi problemlər yaradır. Cinsi terapiyaya müraciət edənlər arasında ən çox vaginizm, erkən boşalma, ereksiya problemi, orqazm ola bilməmə kimi problemlərə rast gəlirik. Müşahidələrimə görə, son dövrdə ən sürətlə artan cinsi disfunksiya isə seksual istəksizlikdir.
Məndə istər-istəməz belə bir sual yarandı: seksual münasibətin, əslində, həzz verdiyini anlayanda şok keçirənlər olur?
Sizə müraciət edənlər arasında qadınlar üstünlük təşkil edirlər, yoxsa kişilər? Hansı cins belə mövzulardan danışarkən daha cəsarətlidir?
Mənə elə gəlir ki, təkcə cinsi münasibətlərlə bağlı yox, ümumiyyətlə, psixoloji yardım almağa qadınlar daha meylli və istəklidilər, belə məsələlərdə daha cürətlidilər. Bunun bir neçə səbəbi ola bilər. Ən başlıca səbəblərdən biri odur ki, yardım etmək, yardım istəmək qadınsı bir şeydir, feminin davranışdır. Kişi hələm-hələm yardım almaq istəməz, çünki onda əskikliyi ortaya çıxar. Qadınların bu mövzuda istəkli olmalarının daha bir səbəbi də odur ki, bizdə ailəni, münasibəti qoruyan tərəf daha çox qadınlardır. Həm cəmiyyət onların üzərinə belə bir öhdəlik qoyub, həm də qadının bioloji yapısı bunu gərəkdirir. Uşaq doğmaq, ona qulluq eləmək, yaxud evdə olan hər hansı bir hadisəni dərhal analiz edə bilmək qabiliyyəti də qadınlarda daha güclüdür. Mən bunu çox görmüşəm. Partnyorda bir problem varsa, xanım bunu çox tez hiss eləyir. Məsələn, deyir ki, partnyorumda nəsə problem var, deyəsən, məni aldadır. Mümkün deyil ki, kişi aldatsın və qadın bunu hiss eləməsin. Amma kişinin bioloji yapısı belə deyil. Qadınlarımız özlərini ifadə etmək anlamında daha ünsiyyətcildilər. Kişilərə belə mövzulardan danışmaq, “mənim belə bir problemim var demək” daha çətindir. Kişi öz əskikliyini hiss etdirmək istəmir. Ümumiyyətlə, kişilər təməl olaraq əskik görünmək istəmirlər.
Elə bu söylədiklərinizin davamı olaraq: bizim cəmiyyətdə brutal kişi obrazı həddindən çox qabardılır, təbliğ olunur. Amma ailədə, münasibətlərdə nəsə problem olanda həmişə qadını qabağa verirlər, kişi qadının ittiham olunmasına nəinki susur, bəzən hətta bu fikri dəstəkləyir. Bu qorxaqlıq brutal kişi obrazı ilə necə uzlaşır?
Kişinin formalaşması ağır bir prosesdir. Kişi olmaq çətindir. Çünki bizi ana-qadın dünyaya gətirir. Yeni doğulmuş uşaq qarşısındakının ana olduğunu bilməz, gözlərinə baxdığı insan onun təməl ehtiyaclarını – yemək, fiziki təmas və oyun –ödəyəndən sonra körpədə ana fiquru formalaşmağa başlayır. Biz dünyaya o qədər aciz gəlirik ki, o qadını-ananı itirmək bizim üçün ən ağır travma olur. Aylar keçdikcə bizə elə gəlir ki, biz də o qadın kimiyik, ondanıq, çünki o, güləndə gülürük, o, pis olanda biz ağlamağa başlayırıq, ana – bizim yaşam qaynağımızdır. O, olmasa, öləcəyik. Bir az eqoistlikdir, amma biz özümüzü qorumalıyıq.
İki-üç yaşlardan sonra körpənin həyatında başqa bir fiqur ortaya çıxır. İki-üç yaş cinsiyyətimizin fərqinə vardığımız dönəmdir və bu dönəmdə ana fiqurunun yanında bir də ata fiquru ortaya çıxır. O yaşa qədər bizdə ata obrazı olmur, çünki cinsiyyətimizi fərqinə varmağımız – “mən anam kimi deyiləm”-in formalaşması iki-üç yaşdan sonra başlayır, iki-üç yaşdan sonra “mən ondan deyiləm, fərqliyəm” deyirik. Qızlar bu sürəci daha rahat keçirirlər, çünki anası ilə eyni cinsdəndilər, onun kimidilər. Amma kişi anasından fərqli olduğunu görür və atası kimi olmağa çalışır. Kişilərin özünü natamam, əskik görməyinin də burdan qaynaqlandığı deyilir. Bu, bir çox cəmiyyətlərdə belədir. Kişilər özlərini yetərsiz, uğursuz hiss eləyəndə, ya da kənardan belə göründüklərini düşünəndə bu, onlar üçün ciddi travmaya çevrilir.
Buna görə də, istər adi, istərsə də cinsəl münasibətlərdə qadın kişini əzən, ona özünü yetərsiz hiss etdirən bir dil istifadə eləyirsə, o kişini özünə gətirmək çox çətin olur. Özünə gətirməyi nə anlamda deyirəm? Ya münasibətə gəlməz, ya evə gəlməz, saatlarla çöldə olar, ya ereksiya problemi yaşayar, ya erkən boşalar. Aldığı travma özünü bir formada büruzə verər. Yetərsizlik var bizim içimizdə və onu üzə çıxaracaq hər davranışın önünü kəsməyə çalışırıq. Məsələn, qadın bir şey söyləyər, susdurmağa çalışarıq, filan şey düzgün getmədi deyəndə dayandırmaq istəyərik. Niyə? Çünki bizi incidir. Kişiliyi incidir, əskikliyini hiss etdirir. Ona görə də mühakiməedici, əskik hiss etdirən, bacarıqsız göstərən bir dilin münasibətləri çox ciddi şəkildə pozduğunu görürük. Əslində, mənə elə gəlir ki, bu, bütün cəmiyyətlərdə var. Bir çox cəmiyyətlərdə aparılan tədqiqatlara baxa bilərik. Onlar da aşağı-yuxarı eyni şeyi yaşayırlar. Həmin tədqiqatlarda terapevtlər kişilərə aid, onların özlərini yetərli görmələrinə dair çoxlu nüansları ortaya çıxarmağa çalışırlar. Biz müəyyən mövzularda yetərsizik, amma bunu qəbul etməyimiz çətin olur. Və çox təəssüf ki, bu, xoşgəlməz davranışlara – fiziki, cinsi, yaxud da sözlü zorakılığa gətirib çıxara bilir.
Niyə bu bizim cəmiyyət, yəni şərq cəmiyyəti üçün daha xarakterikdir? Məsələn, kişilər onlardan ayrılmaq, boşanmaq istəyən qadınları buraxmırlar. Nəinki buraxmırlar, zorla yanlarında saxlamağa çalışırlar, hətta son variant kimi qətlə yetirirlər. Bununla bağlı, az qala, hər gün bir xəbər oxuyuruq. Bu, şərq cəmiyyətində daha çox təkrarlanır. Üstəlik kişinin özünə partnyor tapmaq imkanları qadından daha çoxdur. Üstəlik o kişilərin həyat yoldaşlarından başqa, kənarda da münasibətləri olur. Amma yenə də qadın ayrılmaq, boşanmaq istəyəndə kişi kəskin reaksiya verir.
Mənə elə gəlir ki, biz mən ola bilmirik. Mən deyərkən, yəni biz şəxs olaraq özümüzü əskik, natamam hiss eləyirik. Bunu, bəlkə də, şərq cəmiyyəti, qərb cəmiyyəti olaraq ayırmaq, daha toplumsal-psixoloji bucaqdan baxmaq lazımdır. Uşaq yetişdirmə tərzlərimiz buna təsir eləyə bilər. Toplumsal-cinsiyyət yanaşmamız təsir eləyə bilər – oğlana yüklədiyimiz məna, qıza yüklədiyimiz məna, ona verilən dəyər, digərinə verilən dəyər, ona verilən imtiyazlar, digərinə verilən imtiyazlar və s. Bəlkə bunları bilsək, daha yaxşı analiz eləyə bilərik. Amma indi mən öz fikrimi söyləyirəm. Bir kişi öz şəxsi keyfiyyətlərini nələrləsə tamamlayırsa – məsələn, maşını ilə, işlədiyi yerlə, marka geyimləriylə, istifadə etdiyi telefonla – deməli, o özünü şərtli formalaşdırıb. Şərtlərə bağlıdır – filan şey olarsa, mən yaxşıyam, filan şey olarsa, mən tamam. Ailə həyatında da ortaya çıxan bir problemə sırf insani münasibətlər nöqteyi-nəzərindən yox, əşya və şərtlilik nöqteyi-nəzərindən baxırıqsa, “o mənimdir, mənim olmazsa, olmaz” düşüncəsiylə yaşayırıqsa, bu, yenə də əskik olmanın ağrısını basdırmaq cəhdidir. Əslində, biz insan olaraq ayrı-ayrılıqda da tamıq. Və birlikdə olarkən yaxşıyıq, eyni olmağımıza ehtiyac yoxdur. Eyni olmaq o deməkdir ki, mənim kimi baxmağını, mənim istədiyim kimi düşünməyini tələb eləyəcəm. Bu isə qarşı tərəfi mənimkiləşdirmək deməkdir. Halbuki o özü kimi qalsa, daha zəngin olarıq.
Bəs niyə mən ola bilmirik?
Mən buna ailədə yetişmə şərtlərimizin səbəb olduğunu düşünürəm. Mən Azərbaycanda uşaq yetişdirmə fəlsəfəsini anlamaq üçün bir çox ədəbiyyata baxmışam. Biz uşağı böyüdərkən hansı prizmadan, hansı fəlsəfi baxış bucağından yanışırıq? Nağıllarımızı ona görə qururuq, məktəbdə dərsliklərimizi ona görə formalaşdırırıq, nə bilim, musiqilərimizdə verdiyimiz mesajlar buna görədir. Bizim uşaq böyütmə şəklimiz necədir deyə baxanda ortaya çox qarışıq-dolaşıq şeylər çıxır. Biz çox müqayisə edən bir struktura malikik: dərsini yaxşı oxuyan-pis oxuyan, çox pul qazanan-az pul qazanan, maşını olan-olmayan, bacarıqlı-bacarıqsız. Biz ailədə uşaqlarımıza şərtli sevgi verib ona şərtli sevgini öyrədirik – filan şeyi etsən, mən səni çox istəyərəm, filan şeyi eləsən, filan şeyi alarsan. Əslində, biz onu yox, özümüzün formalaşdırdığı məni sevirik. Bu da sonra qarşı cinslə münasibətə də təsir eləyir. Deyirik ki, filan şeyi eləsən, səni sevərəm, mənə gül almadığına görə, sən pis adamsan. O da deyir ki, sən mənimlə sevişmədiyinə görə mən səni cəzalandıracam.
Ailədə, seksual münasibətlərdə problem olanda da qadın günahlandırılır, yataqda aktivlik göstərəndə də qadın şübhə altına alınır – hardan öyrənmisən, hardan bilirsən və s. Ya da məsələn, homoseksualları qəbul etməyən kişilər cəzalandırmaq üçün onları zorlayırlar. Bir mahnıda deyildiyi kimi: “nə yaman çelişkidi” bu kişilik?
Mənə elə gəlir ki, biz bayaq dediyim anadan qopma sürəcindəki əskikliyi tamamladığımızı zənn edirik, amma tamamlamamışıq. Elə bilirik ki, biz əslində “ok”ik, amma deyilik. Bu, nə deməkdir? Məsələn, uşaq sahibi ola bilməmək, ya da uşağın qız olması. Fizioloji tərəfdən bu prosesdə qadının da payı var, kişinin də. Amma niyə kişi özünün şübhə altında qoymaz? Çünki bunu eləsə, əskik olacaq. Ona görə də deyir ki, sənlikdir. Cinsi münasibətlərdə kişi ancaq tərif eşitmək istəyir. Partnyor öz istəyini dilə gətirəndə kişi özünə “ay da, yəqin bu, məni yetərsiz hesab eləyir, mənim nöqsanlarımı üzümə vurur” deyir. Niyə qadını susdurur? Çünki ona acımasını istəmir. Kişi hər zaman özünü yetərli görmək istəyəcək, elə biləcək ki, yetərlidir, amma içərisində yetərsizliyi yaşayacaq. Bu, heç vaxt bitməyəcək.
Vasif İsmayılla müsahibədən sonra da kişilərə yazığım gəlmişdi, indi lap çox yazığım gəldi.
Kişi olmaq çətindir. Bəs nə vaxt özümüzü tamamlanmış hiss eləyirik? Nə vaxt sağlam yapıya sahib oluruq? “Mən mənfi və müsbətlərimlə bir bütünəm. Bəli, məndə bəzi şeylər alınmır” deyə biləndə. Onda terapiyaya da gələcək, onda yolda maşının təkəri partlayanda yardım da çağıracaq, qadın müdiri ona irad tutanda da rahat qəbul eləyəcək. Həyat yoldaşı deyəndə ki, evə aldığın şeylər xarab çıxıb, o özünün mənfi tərəflərini xatırlamayacaq, bunu o ankı diqqətsizliyi ilə izah eləyəcək. Ya da deyəcək ki, mən müəyyən şeyləri pis eləyə bilərəm, amma bunu düzəldə bilərəm. Yaxud müəyyən məsələlərdə başarısız ola bilərəm, amma bu mənim şəxsimin əskik olduğu demək deyil, o deməkdir ki, məhz, bu şeyi bacarmıram. Bir bütün, tam olmasaq, hər zaman nəsə bizi incidəcək. Bu, qadınlarda fərqli formada işləyir, kişilərdə fərqli formada.
Vasif bəyin adını çəkmişkən, yəqin ki, müsahibəni oxudunuz. Orda məni də, düşünürəm ki, əksəriyyəti də təəccübləndirən məqamlardan biri anaların öz azyaşlı uşaqlarını penisböyütmə əməliyyatına gətirməsiydi. Ümumiyyətlə, bu əməliyyata bu qədər meylin olmasının altında hansı psixoloji amillər yatır?
Düşünürəm ki, belə mövzularla bağlı fikir bildirmək üçün mütləq müxtəlif araşdırmalarla tanış olmaq və onlara istinad etmək lazımdır. Hansı təbəqəyə, hansı yaş dövrünə aid, hansı sosial-iqtisadi və sosial-mədəni dəyərlərə sahib insanlar belə şeyləri istəyirlər? Təcrübəmiz çox ola bilər, ya da nələrsə mənə görə yanlış və ya doğru ola bilər, amma mütləq elmə əsaslanmalıyıq. Odur ki, bu fakt bütün Azərbaycana aiddir, yaxud şərq cəmiyyətinə aiddir, ya da bu coğrafiyaya şamil oluna bilərmi-bilməzmi kimi məsələlərdən danışarkən bir az ehtiyatlı olmaq istəyirəm.
Ancaq öz penisi ilə barışıq olmayan, yaxud penisin ölçüsü ilə bağlı narahatlıq duyan kişilər var. Bu, cinsi disfunksiyadır. Penis balaca olduğuna görə cinsəl həyatını yaşaya bilməyən kişilərlə qarşılaşırıq. Niyə belə olur? Cinsi aktda bizim performansımızı göstərməyimizə, qarşı tərəfi məmnun etməyimizə yardım edən ən təməl vasitələrdən biri cinsi orqanlardır. Biz isə cinsi orqanımızın funksiyaları, bacarıqları ilə bağlı yanlış məlumatlar alırıq və onlara uymağa, orqanı “düzəltməyə” çalışırıq. Məsələn, müxtəlif bitkilərlə, bəhməzlərlə, bitkisəl dərmanlarla və s. Çox vasitələr var, penisi böyüdən dərmanlar- filan. “Penis böyükdürsə, deməli, mən güclüyəm, yetərliyəm, yaxşıyam” fikri formalaşdığına görə, cinsəlliklə bağlı bilgilər daha çox pornolardan alındığına görə, penisə münasibət də ordan qaynaqlanır. Elə bilirlər ki, penis böyük olsa, cinsəl bacarıqları daha yaxşı olacaq: partnyora daha çox həzz verəcəm və o, məni seçəcək.
Tədqiqatlar göstərir ki, əslində, kişilər hər zaman seçilmək istəyirlər. Bunu yeniyetməlik dövründə də eləyirlər, həbsxanalarda da var. Masturbasiya eləyirlər və “kim daha çox boşaldı, erkən boşaldı, kimin cinsi orqanı daha böyükdür” kimi yarışlara girirlər. Bu, onların özlərini – güclərini, mükəmməliklərini göstərmək üsuludur. Amma təəssüflə bildirirəm ki, böyük cinsi orqan partnyora nəinki həzz vermir, əksinə, problem yaradır. Çünki orta penis ölçüsü, yəni norma kimi qəbul edilən ölçü 13-14 santimetrdir. Vaginanın uzunluğu 8-9-10 santimetrdir. Penis 20 santimetr olsa, vaginanın içində ancaq ağrı verəcək. Bir şeyi də söyləmək istəyirəm: əslində qadın o 8-9 santimetrin hər yerində zövq almır. Qadının zövq aldığı yer – həzz mənbəyi 3-4 santimetrlik giriş hissəsi, G nöqtəsi adlanan yerdir. Yəni penisin ölçüsü 5 santimer də olsa, qadına həzz verə bilər, onu 25 santimetrə qədər uzatmaq cinsi aktın keyfiyyətini artırmaz. Böyük ölçülər sadəcə kişinin özünü tətmin etməsinə yarayar, amma o böyük şey cinsəllikdə işə yaramaz. Niyə, məhz, analar? Bu mənim üçün bir sualdır. Amma analitik tərəfdən baxanda ağıla bəzi suallar gəlir: ananın bir qadın olaraq belə şeyə ehtiyacı varmı? Çünki ana, qadın penisi olmadığına görə, zatən başdan əskik qəbul edilir. Bəlkə həmin əskikliyi tamamlamaq istəyir, “məndə yoxdur, amma oğlumda ən böyüyü olsun!” deyir? Bunlar psixoanalitik və şüuraltında olan məsələlərdir. Ya da özünün seksual həyatında bir əskiklik var. Mən belə hallarla qarşılaşanda mütləq soruşuram ki, uşaq normal olub, yoxsa süni mayalanma ilə? Partnyorla münasibət necədir? Penis onun üçün nə deməkdir? Bəlkə mövzu genişlənir, amma hər pornoya baxan insan orda gördüklərini şablon kimi mənimsəməz.
Odur ki, seksoloq olaraq, pasientin pornodakı hansı personajdan, görüntüdən zövq aldığı mənim üçün önəmlidir. Kişinin də, qadının da. Kimin yerində olmaq istəyir? O videoda ona ən çox nə zövq verir? Çox güman ki, anaların, yaxud ataların belə addım atmasında ən təməl səbəblərdən biri özləriylə əlaqəli olan bir əskiklikdir və onu tamamlamağa çalışırlar. Bununla bağlı bir şeyi də söyləyim, cinsəl həyat yaşayan hər kəs üçün faydalı ola bilər: kişilərdə də, qadınlarda da Keqel əzələləri adlanan əzələlər var, genital bölgəni sıxıb-buraxan əzələlərdir. Biz fərqli fəaliyyətlərdə – təbii ehtiyaclarımızı ödəyərkən də, cinsi aktda da onlardan istifadə edirik. Normalda vagina sıxılıb-açılan və uzanan quruluşa malikdir. Əgər vaginanın içindəki penis “normal” – “normalı” dırnaq içində deyirəm, çünki o, hər kəsə görə dəyişir – olarsa, zatən əzələni sıxıb-buraxaraq seksi həm özünə, həm də partnyoruna zövq verə biləcək bir hala gətirir. Yəni “mənim vaginam böyükdür, sənin də penisin böyük olsun, mənə zövq versin” deməyə ehtiyac yoxdur. Cinsəl münasibətdə böyük ölçü heç bir rol oynamır.
Pornolarda göstərilən həddindən böyük penislər qətiyyən estetik görünmür. Pornoda böyük penislər göstərmək kimin ağlına gəlib, maraqlıdır.
Mənə elə gəlir ki, porno sənayesi bizim cinsəl münasibətlərimizə mənfi təsir eləyir. Niyə? Birinci, pornofilmlərdə ən çox sıxılan, əzilən, aşağılanan, üzünə boşaldılan, az qala, boğulacaq qədər oral seksə məruz qoyulan, bir alət kimi istifadə olunan qadın modeli görürük. Seks normaldır, cinsi birlikdəlik normal bir yaşantıdır, amma o pornolarda göstərilənlər normal deyil. Bunu kişlər üçün də deyə bilərik. Kişilər neynirlər? Daha çox boşalmaq istəyirlər, daha böyük penis arzulayırlar, həddindən artıq uzun çəkən, yaxud boşalmanı kontrol edə bilməyəcək bir hala gətirirlər özlərini. Bu da doğrunu bilməməkdən qaynaqlanır. Orda da güclü təlqin olunan bir yanaşma var. Mənə elə gəlir ki, pornolarla bağlı bir düzənləmələrə ehtiyac var. Hər pornonu izləmək faydalı deyil.
Son vaxtlar qadın problemləri arasında adı ən çox hallanan disfunksiyalardan biri vaginizmdir. Bu, daha çox psixoloji problemdir, yoxsa fizioloji?
Vaginizm bizim cəmiyyətdə qadınlara aid cinsi disfunksiyalar arasında, bəlkə də, ilk yerlərdən birini tutur. İstəksizliklə vaginizm yer dəyişə bilər. Kişilərdə də daha çox istəksizlik və erkən boşalmayla qarşılaşırıq. Vaginizm nədir? Qadının partnyorunu və seksi istəməsinə baxmayaraq, cinsi münasibətə girə bilməməsidir. Yəni partnyorunu da sevir, cinsi istəyi də var, əlaqəyə də girmək istəyir, uşaq da istəyir, amma cinsi akt zamanı özündən asılı olmadan vagina əzələləri sıxılıb penisin içəri girməsinə əngəl olur.
Vaginizmin yaranmasının ən böyük səbəbi qorxu və qayğılardır. Cinsəlliklə bağlı gələcəkdə ortaya çıxa biləcək bir problemlə bağlı qorxu ola bilər. Vaginizmin fizioloji səbəbdən yaranması çox nadir, bəlkə də milyonda, yüzmində bir rastgəlinən haldır. Bu zaman cərrahi müdaxiləyə ehtiyac olur. Amma bu, 99 faiz psixoloji səbəblərdən yaranan cinsi disfunksiyadır. Yəni, bir qadının vagina, penis, cinsi münasibətlə bağlı yanlış məlumatlar alması, yanlış yetişmə tərzi, sadaladığım akta və cinsi orqanlara yanlış anlamlar yükləməsi nəticəsində yaranır.
Əslində vaginizm qoruma refleksidir: “mənə bir şey olar, ona görə də özümü qoruyacam”. Biz nə vaxt özümüzü sıxırıq? Nə zaman ana bətnindəki rüşeymin formasını alırıq? Kənardan təhlükə gələndə. Vaginizm də budur- qadının hər hansı duruma qarşı özünü qoruma refleksidir. Əslində, qoruma refleksi təbiidir, normaldır, amma düzgün yerə yönlənməyib. Bu, bəzən yanlış məlumatlandırma əsasında, bəzən də anormal cinsi aktdan sonra ortaya çıxır. İlk gecə, yaxud ilk cinsi münasibət zamanı vaginizm olduğunu müşahidə edirik. “Filankəsi belə qan apardı və ya başqa bir şey oldu”. Reaksiya təbiidir, amma yanlış məlumatdan yaranıb. Çünki beynimiz real olanla qeyri-realı bir-birindən ayıra bilmir, hər iki halda eyni şəkildə reaksiya verir. Məsələn, qorxu filmi izləyirik və qorxuruq. Əlimizdə pult var, söndürə bilərik. Filmdir, amma qorxuruq. Niyə? Çünki beynimiz açısından ekranda baş verənlərin gerçək olub-olmamağı önəmli deyil. Beyin deyir ki, orda nəsə təhlükəli bir şey baş verir və mən səni qorumalıyam. Vaginizmdə də bunabənzər bir şeylə qarşı-qarşıya gəlirik. Amma vaginizm 100% həlli olan cinsi disfunksiyadır. Fərqi yoxdur – kənd insanı olsun, şəhərli olsun, ali təhsilli olsun, ya da savadsız olsun.
Vaginizmin aradan qalxmasında uşaq doğmağın bir rolu, faydası var?
Çox təəssüf ki, uşaq doğmaq, tibbi müdaxilə, anesteziya altında müdaxilə, dərmanla müdaxilənin uzunmüddətli bir faydası olmur. Çünki siz təbii bir prosesi nələrinsə yardımıyla, necə deyərlər, zorakı yolla həll eləməyə çalışırsınız. Hətta bu halda ikinci, üçüncü disfunksiya da yarana bilər. Bu- yemək yemək, çay içmək qədər təbii bir fəaliyyətdir və təbii yolla həll olunmalıdır. Cinsi orqanların istifadəsi də gözümüzün, əlimizin istifadəsi qədər təbii prosesdir. Nəsə bu təbiiliyi pozanda disfunksiya yaranır. Həlli var! Vaginizim yaranmasının ən təməl səbəblərindən biri də uşaqlıq travmalarıdır. Məsələn, qadın uşaqlıqda özünü qoruya bilməyib və bununla bağlı travmalar alıbsa, uşağını da qoruya bilməyəcəyini düşünə bilər və uşaq istəməz, özünü bağlayar. Ümumiyyətlə, vaginizm, individual yanaşma tələb edən disfunksiyadır. Hər vaginizm eyni şəkildə olmur. Buna görə də dərəcələndirilir. Biz də müalicə planını bunun əsasında hazırlayırıq. Çünki cinsəllik mexaniki bir proses deyil. Onun içində hisslərimiz, duyğularımız var. Ən əsası, sosial tərəfi var. Sekslə məşğul olduğumuz otaq, onun dizaynı, çöldə gözləyən yengənin bizi tələsdirməsindən tutmuş hər şey ona təsir eləyə bilər.
İstəksizlikdən danışarkən dediniz ki, qadınlar arasında da, kişilər arasında da istəksizlik artır. İstəksizlik deyəndə aseksuallığı nəzərdə tutursunuz? Və o, niyə artır?
Mənə elə gəlir ki, biz əslində təbii yaşantımızı pozuruq. Məsələn, iş həyatımızdakı streslə, çox işləməklə, “bir evimiz var, bir bağ da alaq”, “maşınımızı dəyişməliyik” hədəfi ilə. Təbii yaşantımızı bəlkə də o qədər ehtiyacımız olmayan istəklərimizə görə stresli vəziyyətə salırıq. Əslində, əlimizdə olanla kifayətlənib mutlu ola bilməyəndə, özümüzü nələrləsə tamamlamağa çalışırıq. Daha da çox olsun, daha da yaxşısı olsun! Amma bu, həqiqətən, ehtiyacdır, yoxsa mənim özümü göstərmə üsulumdur? Həqiqətən, ehtiyacdır, yoxsa mən onu elə qavrayıram? Bu halda, əslində, normal həyatımızı sürətləndiririk, yəni yeddi saat işləyib bitirmirik, on saata çıxarırıq. Belə eləyəndə istər-istəməz başqa sahələrdəki fəallığımız dəyişir. Uşağımızla vaxt keçirə bilmirik, partnyorumuzla vaxt keçirə bilmirik, gəzə bilmirik. Məsələn, cinsi istəksizliyi artıran səbəblərdən biri təbiətlə təmasımızın azalması, ofis mühitində çox vaxt keçirməyimiz, neqativ ion enerjilərini üzərimizdə gəzdirməyimizdir, idman fəaliyyətlərinin azlığıdır.
Eyni zamanda – bayaq da söylədim- özümüzü şərtlərlə bağlamağımız nəticəsində ortaya çıxan bir yarış içindəyik. Cinsəlliyi də belə yaşayırıq, tez-tələsik bitirməyə çalışırıq. Qadının seksual akta hazır olmaq üçün daha çox zamana ehtiyacı var. Toxunuşa, sözə, gözəl qoxuya, rahat olmağa ehtiyacı var. Kişidə sirkul daha fərqli işləyir. Bu sürətli gedişat içində biz enerjimizi bir-birimizlə zaman keçirməyə yox, bir-birimizi anlamağa yox, bir-birimizin duyğularını önəmsəməyə yox, başqa şeyə yönəldəndə cinsəllik bizim üçün yükə, külfətə çevrilir, anlamsız olur. Çünki bizim üçün öncəliklər dəyişir. Öncəliyimiz özümüz yox, başqa şeylərdir. Öncəliyimiz özümüz olanda yediyimiz yemək də, içdiyimiz çay da bizə dadlı gəlir, çünki o anı yaşayırıq, o anda olan şeylərdə qalırıq. Əks halda, qarnımızı da doyuzdururuq, susuzluğumuzu da söndürürük, amma nə yediyimizin, nə içdiyimizin fərqində olmuruq. Bu halda cinsəl münasibət bizim üçün külfət olur- yəni yükə çevrilir. Ona görə, deyirik ki, olmasa da, olar. Çox təəssüf ki, evli olub masturbasiya eləyən cütlüklər var. Çünki masturbasiya sürətlidir, anlaşılmağa ehtiyac yoxdur, onsuz da özümlə başbaşayam. Həm də qısa zamanda eləyə bilmək üçün yer, imkan var. Zatən illərlə beynimi də buna proqramlaşdırmışam, nə zaman gələcəyini bilirəm. Boşalmanın verdiyi həzzin məni rahatlatdığını, stressimi azaltdığını bilirəm. Bu asan yol varkən mən niyə yarım saat kimləsə uğraşmalıyam? Artıq partnyorlar başqasına həzz vermək üçün çalışmağı, başqası ilə birlikdə yaşamağı yox, sürətli yaşamağı seçirlər.
Mənim suallarım bitdi. Təşəkkür eləyirəm.
Söhbətləşdi: Aygün Aslanlı