Πολι (poli) çoxluq, τικός (tikos) maraq anlamını ifadə edən politikanın, yəni siyasətin əsasında çoxlu maraqlar dayanır. Siyasi maraqlar isə, təbii olaraq, bu maraqları həyata keçirən dövlət adamlarının çoxüzlü olmasını, yaxşı halda ikiüzlü olmasını tələb edir. Odur ki, siyasətin nəinki ikiüzlülük, hətta çoxüzlülükdən başqa bir şey olmadığını deyə bilərik. Siyasətçilər həm daxili, həm də xarici siyasətdə ikiüzlü/çoxüzlü olmağa məhkumdurlar. Bu onların işidir. Bunu şəxsi qəbul etmək və buna üzülmək əbəsdir.
Məsələn, bir vaxtlar Britaniya Baş naziri Tony Blair tərəfindən “cəsarətli”, ABŞ prezidentliyə namizəd John McCain tərəfindən “maraqlı adam” adlandırılan, görüşlərdə Qərb liderləri tərəfindən qucaqlanan Qəddafi cəmi bir neçə ayın içində “şeytan” obrazı qazanmış, tiran adlandırılmış, qəddarcasına öldürülməsinə hər kəs tərəfindən alqış tutulmuşdur. Yəni bu gün Qərbin dəstəklədiyi bir gücün, sabah həmin Qərb tərəfindən tənqid və təhqir olunması, taxtından endirilməsi heç kəsdə təəccüb doğurmur.
Yenə də, bütün bunları necəsə anlamaq və qəbul etmək olar. Belə ki, Soyuq Müharibənin başa çatmasından sonra Qərb bütün dünyaya öz dəyərlərinin etik və moral üstünlüyünü sübut etməyə çalışır. Bu dəyərlərlə razılaşmayan hökumətlər isə sıxışdırılır, onlar haqqında hesabatlar hazırlanır, onlar “qınanır”, tənqid və təhqir olunur, artıq bütün bunlar fayda verməyəndə isə “şeytan” obrazı qazanır və hakimiyyətdən devrilir. Burada da fərq var – hamısı yox, yalnız “özününkü” sayılmayanlar. Qərbin ən məlum ikiüzlülüyü “özününkülər” və “digərləri”ni birbirindən ayırması, hər ikisinin eyni formalı davranışına fərqli münasibət tərzi sərgiləməsi və hətta özününkülərin davranışını çox zaman görməzdən gəlməsidir.
Məsələn, John Le Carre “The Spy Who Came in from the Cold” (Soyuqdan gələn Gizli Agent) adlı hekayəsində (1965-ci ildə Martin Ritt tərəfindən bu əsər əsasında film də çəkilmişdir) Qərbin ikiüzlü olduğu, demokratiya konsepsiyasının müəyyən zümrələr üçün işlədiyi və bütün insanlığı əhatə etmədiyi qənaətinə gəlir. Əsərdə həmçinin sistemi qorumaq üçün bu sistemə aid olmayanlara qarşı qəddar, qeyri-demokratik metodların istifadənin mümkün olduğu vurğulanır.
Hətta iş o yerə çatmışdır ki, Avropa İttifaqından nəinki kənarda, hətta Aİ-nin öz içində avtoritar rejimlər baş qaldırmağa başlayıb ve ittifaq bununla necə rəftar edəcəyinə dair vahid qərara gələ bilmir. Məsələn, Aİ siyasi elitası 2010-cu ildən Macarıstanın Baş naziri (hökümət başçısı) postuna qayıdan Viktor Orbanın hakimiyyətini nə qədər bəyənməsə də bunu çox üzə vurub, açıb-ağartmır. Belə ki, Orbanın siyasəti və ritorikası, xüsusilə Çinin yüksəlişinə pərəstiş etməsi, Türkiyə, Azərbaycan və Qazaxıstanın siyasi elitasına simpatiya duyması, Aİ idarəçilik formasının dəyişməsinə dair fikirləri onları heç də qane eləmir. Yenə də Aİ Macarıstana və Orbana “özümüzünküdür” deyib, məsələnin üstünə çox getmir.
Xüsusilə son illərdə Aİ-nin qırmızı xətlərindən birini LGBT haqlarının qorunması təşkil edir ki, bu məsələdə Orban yetəri qədər sərt mövqe tutmuşdur. 2000-ci ildə qəbul edilən Aİ İnsan Haqları Nizamnaməsinin 21-ci maddəsi cinsi oriyentasiyasına görə insanlara qarşı ayrıseçkiliyin istənilən formasını qadağan edir. Bu ilin iyun ayında isə Macarıstan Parlamenti məktəb dərsliklərində və 18 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulan TV proqramlarında homoseksuallığı və eynicinsli insanlar arasında seksual əlaqə ilə bağlı təbliğatı əks etdirən görüntülərin yayılmasını qadağan edən qanun qəbul etmişdir. Buna görə Aİ ölkələrinin görüşündə 27 Aİ üzvündən 16-sının Belçika, Niderland və Lüksemburqun (BeNiLüks ölkələri) müraciəti əsasında Macarıstanda qəbul edilən bu anti-LGBT qərarına etiraz edilmişdir.[1]
Macarıstanla yanaşı Polşada da avtoritarizm əlamətləri sezilməyə başlayır və Avropa bundan artıq “narahat” olmağa başlayıb. Hətta 2020-ci il Freedom House Index-ində Polşa artıq tam demokratik ölkə siyahısından çıxarılmış və geri sıralara atılmışdır. Belə ki, daha öncələri demokratiya indeksinə görə 18-ci yerdə olan Polşa, 2020-ci ildə 62-ci sıraya yerləşdirilmişdir.[2] Buna təsir edən əsas amillərdən biri də 2019-cu ildən etibarən Polşada anti-LGBT hərəkatının başlaması, 2020-ci il etibarilə ölkənin yüzədək cənub və cənub-şərq vilayətlərində (munisipalitetlərində) LGBT ideologiyasından azad zonaların (LGBT ideology-free zones) yaradılmasıdır. 2019-cu ilin dekabrında Avropa Parlamenti Polşanı bu zonaların yaradılmasına görə kəskin tənqid edən qətnamə qəbul etmişdir.[3]
Lakin bu qətnamə, bəyanat və çağırışların heç biri həmin dövlətləri (“özününküləri”) və onların idarəçiliyini tənqidə, təhqirə və təhdidə yönəlməyib, sadəcə mövcud vəziyyətin dəyişdirilməsinə dair Aİ-nin tələblərini və təkliflərini əks etdirir. “Digərlərinin” bənzər və ya hətta daha yumşaq davranışı isə onların gözünə batır.
Qərbin daha bir ikiüzlülüyü mediada təzahür edir. Həmin bu media insan düşüncələrini, duyğularını manipulyasiya etməyə çalışır, bəzən həqiqəti gizlədir, bəzən təhrif edilmiş formada izləyiciyə çatdırır. Beləliklə, onun müəyyən məsələ haqqında fikrinin formalaşmasında rol oynayır. Məsələn, 1991-də insanların CNN-dən izlədiyi Körfəz müharibəsi ilə İraq hökümətinin təqdim etdiyi Körfəz müharibəsi arasında 400 min iraqlı ölü fərqi vardı.[4] Bunun məqsədi yəqin ki, Qərbin imicini zədələnməkdən qorumaq idi. Axı o qədər insanı Qərb koalisiyası məhv etmişdi. Yaxud, 1988-ci il Seul Yay Olimpiya Oyunları zamanı atlet Robert Dover yarışa başlamazdan əvvəl öz homoseksual kimliyini mediaya açıqlamış, bundan sonra kütlələrin qəlbində LGBT ilə bağlı qadağa götürülməyə başlamışdı. Ümumiyyətlə LGBT-yə qarşı ictimai münasibətin dəyişməsində məhz media böyük rol oynamışdır.[5] Lakin yenə də məhz həmin Qərb mediasıdır ki, LGBT ilə bağlı hansı hadisənin işıqlandırılıb, hansının işıqlandırılmayacağını, yaxud hansı tərzdə işıqlandırılacağını özü müəyyən edir.
Məsələn, Gürcüstanda 4 iyul 2021 tarixində keçirilən LGBT Pride (Qürur) marşının dağıdılması, iştirakçılarına qarşı fiziki zorakılıq törədilməsi, LGBT mənzil-qərargahına basqının[6] təşkil olunması haqqında bütün Qərb mediasında sadəcə bir-iki məqalə yayınlanmış, hadisə tənqid olunmuş, Tiflisdəki bir sıra Aİ ölkələrinin səfirliklərinin ortaq bəyanatı ilə LGBT nümayəndələrinə qarşı bu cür ayrıseçkiliyin “qəbuledilməz” olduğu bildirilmişdir.[7],[8] Lakin Azərbaycanda 3 iyul 2021 tarixində baş tutan UEFA 2020 çempionatının Çexiya-Danimarka oyununda LGBT bayrağı qaldıran iki xarici (danimarkalı) vətəndaşın əllərindən bayrağın alınması (daha sonra özlərinə qaytarılsa da) haqqında[9] demək olar, yazmayan Qərb mediası qalmamışdır. Bu yazıların əksəriyyətində hadisənin özünün təsvirindən çox Azərbaycanda insan haqlarının, demokratiyanın vəziyyəti müzakirə və tənqid olunmuşdur. Beləliklə, bundan qat-qat ağır hadisənin (poqromun) yaşandığı Tiflis hadisələri ilə müqayisədə Bakıdakı bayraq hadisəsi çox daha böyük rezonans doğurmuşdur. ILGA (The International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association) tərəfindən hazırlanan Göyqurşağı Xəritəsində (Rainbow Map) Azərbaycana Avropanın 49 ölkəsi arasında axırıncı sırada yer verilmişdir.[10],[11]
Ən riyakar mövqeyi isə Norveç Helsinki Komitəsinin resursu göstərmişdir. Tiflisdə poqromların getdiyi, homoseksualların və jurnalistlərin döyüldüyü əsnada, norveçli Mina Wikshåland Skouen və Berit Lindeman “Azərbaycanda geylərə edilən zülmlər” haqqında məqalə dərc edir, saytın LGBT bölməsində Gürcüstanla bağlı bircə xəbərin yer almamasını isə iqnor edirdilər. Bu nümayişkəranə meydan oxumaya hətta bir sıra azərbaycanlı geylər etiraz etmiş, müəlliflərdən bu ikili standartın səbəbini soruşmuşdular. Norveç Helsinki Komitəsinin cavabı qısa olmuşdu “Biz Azərbaycanla Gürcüstanı müqayisə etmirik”. Təəssüflər olsun ki, bu məqalə qələmə alındığı sırada (11 iyul 2021) Gürcüstandan ağır xəbər aldıq. 5 iyulda, Tiflisdəki anti-LGBT hücumlarında döyülən və ağır yaralanan operator Lekso Laşkrava xəstəxanada vəfat etmişdir.
Təsadüfi deyil ki, Qərb siyasətçiləri və mediası bu gün Azərbaycana olmazın təzyiqlər göstərərək LGBT haqlarının təmin olunmasına çağırış edir. Halbuki, elə ILGA-nın özü tərəfindən hazırlanan 2019 hesabatına əsasən homoseksuallıqla bağlı faktların müqayisəsindən görünür ki, Azərbaycan və digər Avropa ölkələrinin bir çoxunda LGBT haqlarının təmin olunması baxımından ciddi fərq yoxdur. Məsələn, Azərbaycan 2001-ci ildə homoseksuallığa qarşı qanunvericilikdə nəzərdə tutulan rəsmi cəza tətbiqlərini ləğv etmişdir. Ermənistanda isə bundan 2 il sonra, yəni 2003-cü ildə ləğv olunmuşdur. Aşağıdakı cədvəldən də göründüyü kimi eyni cinsli insanların evliliyinə icazə verən barmaqla sayılacaq Avropa ölkəsi var (Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Hollandiya, Norveç, Portuqaliya, İspaniya, İsveç, Birləşmiş Krallıq). Hətta bu ölkələrdə belə LGBT üzvlərinə qarşı nifrət cinayətləri baş verir. Yəni Azərbaycanda LGBT-yə münasibət bu ölkələrin bir çoxundan heç nə ilə fərqlənmir. Azərbaycana qarşı tənqid və təzyiqlərin əsl səbəbi isə sadəcə və sadəcə “ikiüzlülük” ilə izah edilə bilər. İstənilən halda Azərbaycanda LGBT haqlarının hansı vəziyyətdə olmasından asılı olmayaraq, bu, Azərbaycanın Qərb ilə siyasi, iqtisadi və enerji əməkdaşlığına heç bir təsir göstərmir. Uzağı “narahat” olduqları ifadə olunur. Bağlı qapılar arxasında həyata keçirilən dərin siyasət isə öz işinə davam edir. Yəni, bu ikiüzlülüyü şəxsi qəbul etmək və üzülmək lazımsızdır.
Cədvəl. Avropanın 49 ölkəsində mövcud olan LGBT haqlarının müqayisəsi
İstinadlar:Mənbə: ILGA: Lucas Ramon Mendos (2019). State-Sponsored Homophobia: Global Legislation Overview Update, Geneva: ILGA.
[1] https://www.euronews.com/2021/06/22/thirteen-eu-countries-denounce-hungary-s-new-anti-lgbt-law
[2] https://notesfrompoland.com/2020/05/06/poland-no-longer-rated-as-full-democracy-in-new-freedom-house-index/
[3] https://www.europarl.europa.eu/news/en/press-room/20191212IPR68923/parliament-strongly-condemns-lgbti-free-zones-in-poland
[4] Herman, E.S. (2004). Medyada İkiyüzlülük: Propoganda Çağında Haberleri Deşifre Etmek, (Çev. Nur Nirven), Chiviyazıları Yayınevi, İstanbul, s. 10
[5] Lan .M and Cheng, Y. (2020). “The Role of the Media in LGBT Rights Movements Around the World”, 2020 4th International Seminar on Education, Management and Social Sciences, Atlantis Press SARL, s. 418
[6] https://www.youtube.com/watch?v=MN47M7wcb3c
[7] https://euobserver.com/world/152357
[8] https://foreignpolicy.com/2021/07/07/tblisi-pride-attack-lgbt-rights-georgia/
[9] https://www.theguardian.com/football/2021/jul/04/they-just-took-it-off-me-danish-fan-after-rainbow-flag-confiscated-in-baku-euro-2020-football
[10] https://globalvoices.org/2021/06/27/pride-month-marred-by-crackdown-in-azerbaijan/