Müsahibimiz landşaft memarı, AzLogos-da “Dizayn” bölməsinin idarəçisi Sahil Qənbərlidir. Sahil bəylə landşaft memarlığı, şəhərsalma və müasir Bakının memarlığındakı dəyişikliklər barədə danışmışıq.
– XIX əsrin sonları XX əsrin əvvəllərində həyətlərindən neft fontan vurub bir anda milyoner olan savadsız insanlar, özlərinə ev tikdirmək üçün avropalı memarlar dəvət eləyirdilər. Yəni təhsilsizliklərinə, o ana qədər memarlıq sözünün heç “M” hərfini bilməmələrinə rəğmən, bu işə kifayət qədər bilincli yanaşmışdılar. Amma XX əsrin sonlarında müstəqil Azərbaycanda peyda olan yeni milyonerlər təhsillərinə, dünyadan az-çox xəbərdar olmalarına rəğmən, zövqsüz, görünüşü ilə ancaq pulun çoxluğundan xəbər verən malikanələrlə, parklarla Bakının özünəməxsus memarlığını pozdular. Sizcə, bunun səbəbi nə idi? Nə dəyişmişdi?
– Maraqlı sualdır. Amma doğru yanaşma olduğunu deyə bilməyəcəyəm. Çünki indi də zəngin təbəqə olduqca gözəl nümunələr yarada bilən memarlara müraciət edir. Təbii ki, bu, hamısına şamil edilməməlidir. Karikaturaya bənzər evlər də görürük. Bilirsiniz, hər şeydən əvvəl memarlıq sənət və elmin vəhdətidir. Çox məşhur sual var, sənət insan üçündür, yoxsa sənət üçün? Deyim ki, bu, artıq öz əhəmiyyətini itirmiş sualdır. İndi məsələ belədir – sənət kapital üçündür, yoxsa kapital sənət üçün? İstehlak xəstəliyinə çevrilmiş mütləq əksəriyyət bu suala heç vaxt cavab tapa bilməyəcək. Çünki onlar üçün sənət yox, kapital əsasdır. Əsasən, özəlləşdirmə dövründən sonra meydana çıxan dediyiniz zümrə öz komfortundan öncə imicini düşünür: “Nə qədər böyük, o qədər yaxşı.” Qaldı ki özünəməxsus memarlıq stilinə, Bakını Paris, London, Vyana ilə müqayisə edib, “şəhərin özünəməxsus tarixi memarlıq stili var” desək, tam doğru sayılmayacaq. Adı çəkilən şəhərlərin əsrlərə dayanan, olduqca ciddi infrastruktur planlanması var. Şəhərləri insan ömrünə bənzətsək, deyə bilərik ki, Bakı hələ onlarla müqayisə olunmayacaq qədər gənc və ərköyündür, tez-tez dəyişməli, xətalar etməlidir. Necə ki, əvvəllər şəhərimizin siluetini çəkməkdə çətinlik çəkirdik, artıq 10 ildir ki, bu siluet formalaşmağa başlayıb.
– Landşaft memarlığı deyəndə adından da bəlli olduğu kimi, təbiət, bitkilər, tikilinin ətrafının dizaynı başa düşülür. Daha geniş anlamda landşaft memarlığından danışanda nə nəzərdə tutulur? Konkret Bakıda bu iş necə həyata keçirilir? Mənfi və müsbət cəhətləri.
– Pəncərədən çölə baxanda gördüyünüz hər şey landşafta daxildir. Landşaft memarlığı, memarlıq nümunəsini ortaya çıxaran ən vacib faktorlardan biridir. Memarlığın bu sahəsi olduqca çətin və eyni zamanda ən əyləncəli sahədir, deyə bilərəm. Çünki biz təbiətdən ilham alıb təbiəti öz mədəni, sosial, iqtisadi şərtlərimizə görə dəyişirik və ya inkişaf etdiririk. Deyə bilərik ki, mövcud ekosistemin qorunması və daha da inkişaf etdirilməsində landşaft memarlarının rolu əvəzolunmazdır. Gələk paytaxtımıza. Landşaft memarlığı ölkəmizdə, ümumiyyətlə, heç bakalavr səviyyəsində də tədris olunmur. Adətən, landşaft memarlığı deyiləndə insanlarımızın ağlında bağban, dendroloq, aqronom canlanır. Bu, qətiyyən belə deyil. Salınan parklarda tez-tez yanan ağaclar görməyimizin, açıq hava məkanlarının həddindən artıq absurd olmasının ən böyük səbəbi də məhz budur. Şəhər meriyası bu tip lahiyələri, əsasən, ya ixtisası inşaat mühəndisi olan mütəxəssislərə, ya da memarlara həvalə edərək, çox ciddi səhvlərə yol verir.
– Bizdə istər landşaft memarlığı -parklar və s. olsun, istər inzibati, ya da yaşayış binaları olsun – minimalist üslub çox da maraq doğurmur. Minimalizmə meylli zövqlər hələ indi-indi meydana çıxır. Bu proses bütün dünyada belədi, yoxsa bizdə belə gedib? Əgər məhz bizə xas bir haldısa, səbəbləri barədə fikrinizi bilmək maraqlı olardı.
– Minimalizm olduqca geniş yayılmış stillərdən biridir. Bu sualı sırf minimalizmə aid edə bilərəm. Memarlığın bu stili, xüsusilə, landşaft dizaynında da tez-tez istifadə edilir. Minimalizm onsuz da yeni cərəyan olduğu üçün hal-hazırda ölkəmizdə qismən populyar olması da başa düşüləndir. “Az çoxdur” şüarı ilə inkişaf edən bu stilə maraq getdikcə artmaqdadır. Bu stili seçən sifarişçilər, adətən, qarışıq iş həyatından, olduqca xaotik və dinamik həyat tərzindən getdikcə bezən, qismən də olsa, monotonluq axtarışında olan insanlardır. Qloballaşan dünya, hiperkapitalizmin həyatımıza yansıması bu stili populyar hala gətirib deyə bilərəm. Landşaft memarlığında minimalizmə, əsasən, şərq ölkələrində rast gəlirik. Bunu yapon bağ sənəti ilə qarışdırmaq olmaz. Bir və ya iki rəng seçimindən, ya da materiallardan, onların tonlarından yararlanaraq hazırlanan lahiyələr əslində art-nouveau stilini kölgədə qoyub. İnanıram ki, gələcək memarlıq minimalizmin təməlləri üstündə qurulacaq.
– Ümumiyyətlə, Azərbaycanda sifarişçi – istər fərdi şəxs olsun, istər hansısa qurum – tikdirmək istədiyi evində, inzibati binasında, ofisində hansı üsluba və ya dizayna üstünlük verir?
– Öz təcrübəmdən deyə bilərəm ki, sifarişçilər, adətən, klassik üsluba daha çox meyl edirlər. Bunun da, əvvəldə dediyim kimi, çox sadə səbəbi var. Mən klassik stili qətiyyən sevmirəm, ona görə də, ondan bacardığım qədər qaçıram. Onu da deyə bilərəm ki, memarın bir vəzifəsi də sifarişçiyə yön verməkdir. Bütün günahı sifarişçiyə atmaq da olmur. Bəzən məlumatı olmaya bilir. Belə hallarda memar, təklif etdiyi konsepti müdafiə etməyi bacarmalıdır. Sifarişçi çox absurd bir layihə də istəyə bilər. Bu, o demək deyil ki, memar onu mütləq layihələndirməlidir. Ölkəmizdə müşahidə etdiyimiz kimi, interyer dizaynı get-gedə inkişaf edir. Minimalist, modern, klassika, neoqotika, hətta deyərdim, art-deco tərzini tez-tez görürük. Təəssüf ki, eyni şeyi eksteryer və landşaft memarlığı haqqında da deyə bilməyəcəyəm. Landşaftın nə qədər vacib olduğunu çox ləng başa düşürük.
– Bakıda Şanxay, Sovetski kimi gecəqondu məhlələr söküləndə əksəriyyət böyük təəssüf hissi keçirdi, fotoqraflar, rejissorlar, az qala, son günə qədər o məhlələrdən çıxmırdılar. Bir submədəniyyətin məhv edildiyi deyilirdi. O məhlələr, doğrudan, tarixi, ya da yerli memarlıq baxımından hansısa əhəmiyyət daşıyırdı?
– Belə bir termin var – “məhəllə mədəniyyəti”. Təəssüf ki, bu termin artıq lüğətlərdə qalıb. Məhəllə mədəniyyətinin yaranması və dağılması inkişafın göstəricisidir. Nə qədər qəribə səslənsə də, bu belədir. Demək istəyirəm ki, memarlığı iqtisadiyyatdan ayırmaq mümkün deyil. Bəli, vaxtilə isti qonşuluq münasibətləri kimi adi əlaqələr artıq luks sayılmağa başlayıb. Yeri gəlmişkən, digər ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də zəngin təbəqənin şəhərdən qıraqda məskunlaşdığı kiçik komplekslər var. Şəhərləşmə, kənddən şəhərə köç bunu tələb edir. Məhv edilən – bu, bir az kobud səslənsə də, zəruri olaraq məhv edilmə deyə bilərəm – məhəllələr heç də Bakının tarixi memarlığında əhəmiyyətli olan obyektlər deyildi. Həmin məhəllələrdə yaşayan insanların arasındakı münasibətlər, səmimi qonşuluq əlaqələri, xoş xatirələr sadəcə iki nəsil üçün əhəmiyyət daşıyırdı. İnanmıram ki, həmin gecəqondular, informal, xaotik inşalar yeni nəslə maraqlı gəlsin. Digər tərəfdən də gün getdikcə ucalan göydələnlər “şəhərin baş daşlarına” çox oxşayır, elə deyil?
– Neft bumundan sonra şəhərdə tikilən göydələnlərin, çoxmərtəbəli binaların, bəzi inzibati binaların Bakının memari strukturunu pozduğu deyilir. Bakının o məşhur amfiteatral memarlığını qorumaq bu qədər vacibdir? Onu niyə pozmaq olmaz, ya da pozulmamalıydı?
– Mən belə düşünmürəm. Bakının memari strukturu təzə-təzə formalaşmağa başlayıb. Yeni ucalan göydələnlər şəhərin siluetini yaratmağa çox kömək edəcək. Şəhərin brendləşməsi mövzusu olduqca aktualdır qlobal dünyamızda. Bu, turizmin inkişafına birbaşa təsir edən faktordur. Memarlıq və texnologiya paralel inkişafdadır. Bəzi nöqtələrdə haqlı iraddır, yaşayış binalarının harda gəldi, necə gəldi inşası şəhər planlanmasına olduqca mənfi təsir göstərir. Amma yeni inşa edilən, xüsusilə, müasir memarlıq nümunələri – əksəriyyəti dövlət əhəmiyyətli inzibati binalardır – Bakıya gözəllik vermir demək insafsızlıqdır.
– Sahil bəy, bir az şəhərsalma planlaması barədə məlumat verə bilərsiniz? Nədir və necə olmalıdır? Məsələn, bundan əvvəlki sualda dediyim şey, məncə, sovet dövründə də baş verib. Standart “xruşşovkalar”, “stalinkalar”, ya da “Leninqrad” layihələrinin heç bir xüsusi gözəlliyi yoxdur, mən bilən. İndi tikilən binalar, ən azından, rəngarəngdilər. Onda bu, niyə indi problemə çevrilib?
– Şəhərsalma, şəhər planlanması – cəmiyyətə faydalılığı ön planda saxlayan, etibarlı və davamlı yaşam standartları təqdim edən ictimai xidmətdir. Şəhər planlaması məkan varlığının səbəblərini, iqtisadi, demoqrafik, sosio-kultural çevrənin dinamiklərini elmi mənbələrlə sistematik tədqiq, təxmin edər və ən əsası, senariləşdirər. Planlamanın əsas funksiyası şəhərlə əlaqəli hədəflər qoymaq, məskənləşmə prosesinə təsir etmək və dəyişimi idarə etməkdir. Onu da deyim ki, bu sahənin mütəxəssisləri mütləq tədqiqatçı, dizayner, lider, müəllim rolunu oynamalıdırlar. Planlama, əsasən, daha çox funksionallığa üstünlük verdiyi üçün Sovet vaxtı tikilən yaşayış binalarına estetik gözlə baxa bilmirik. Onlar, daha çox funksionaldır. O vaxtın ideoloji mühitinə görə. Amma planlama baxımından Sovet dönəmi tarixin ən gözəl şəhərsalma təcrübəsinə sahib olan dövlətlərdən biridir, deyə bilərəm. Sovet İttifaqının qatı formalı, abidəyə oxşar memari ənənəsini Zaha Hadidin məşhur H.Əliyev Mərkəzi əsəri dağıtdı. Bu layihə olduqca radikal qərar idi. Onu da qeyd edim ki, işğaldan azad olunan bölgələrdə, məhv edilmiş şəhər və qəsəbələrdə ilk olaraq infrastruktur layihələrinə üstünlük veriləcəyini düşünürəm. Çünki sağlam infrastruktur şəhərin onurğasıdır.
– Ümumiyyətlə, son illərdə Bakının memari görünüşündə baş verən dəyişikliklər, həqiqətən, təqdim olunduğu qədər ciddi problemdir?
– Əsla. Bu problem qabardıldığı qədər ciddi deyil. Olduqca təbii prosesin bir hissəsidir. Mövcud iqtisadi sistemin tələbidir şəhərin brendləşməsi. Qeyd olunan ciddi dəyişiklikləri ancaq müsbət dəyərləndirirəm. Bu, zəruri metamorfoz bütün meqapolislərin taleyidir.
– Bir az da müasir memarlıqda hazırda hansı üslublara, hansı elementlərə üstünlük verildiyi barədə danışmağınızı istəyərdim.
– Müasir memarlığın tələbləri insanların ehtiyaclarına görə formalaşır. İnsanların iqtisadi baxımdan təbəqələşməsi onların ən təməl ehtiyaclarından biri olan sığınacaqlar arasında da kəskin fərqlər yaradır. Daha öncə dediyim kimi, xaotik və olduqca dinamik həyat tərzi insanları minimalizmə itələyir. Minimalizmin son dərəcə sürətlə inkişaf etməsinin ən böyük səbəbi məhz kapitalizmdir. Ancaq deyim ki, müasir memarlıqda orqanik formalardan istifadə də getdikcə yayğın hal alır. Müasir memarlığın davamlı, təbiətlə həmahəng olması, ekoloji faktorlara arxalanması, insanların ehtiyaclarını maksimum təmin etməsi əsas şərtdir. Üslublara gəldikdə isə, bu mövzuda konkret danışmaq mümkün deyil. Bəzi memarlıq stilləri zaman keçdikcə mövcud şərtlərlə ayaqlaşa bilməyib köhnəlir və unudulur. Məsələn, ötən əsrlərdə olduqca populyar olan qotik üslubu indi inşa olunan memarlıq nümunələrində görmək çətindir.
– Mənim suallarım bitdi. Təşəkkür eləyirəm vaxt ayırdığınız üçün.
Söhbətləşdi: Aygün Aslanlı