SSRİ-nin dağılması ilə Soyuq Müharibə başa çatsa da Qərb dünyası və Rusiya arasında bəzən düşmənlik həddinə çatan rəqabət hələ də davam etməkdədir. Dünyanın müxtəlif regionlarında bu qlobal güclər bir-biri ilə təsir uğrunda rəqabət aparırlar. 2010-2020-ci illərdə Yaxın Şərqdə müvafiq rəqabət müharibələrlə assosiasiya olunurdusa, 2020-dən sonra bu rəqabətin əsas arealı Mərkəzi Asiya regionuna transformasiya etmişdir.
ABŞ-ın Mərkəzi Asiya ilə əməkdaşlıq üçün ilk dəfə 2015-ci ildə ortaya atdığı “C5+1” formatı, yəni Mərkəzi Asiyanın 5 ölkəsi və ABŞ arasındakı əməkdaşlıq Tramp administrasiyası dövründə arxa plana keçsə də Bidenin hakimiyyətə gəlməsində sonra, daha doğrusu demokratların yenidən hakim postu ələ keçirməsindən sonra təkrar gündəmə gəlmişdir.
7 yanvar 2021 tarixində Mərkəzi Asiya ölkələrinə 1 milyard dollar dəyərində yatırımları nəzərdə tutan ABŞ, Özbəkistan və Qazaxıstanın birgə “Mərkəzi Asiya İnvestisiya Əməkdaşlığı” təşəbbüsünü elan etməsi isə bunun göstəricisi hesab edilə bilər. Lakin, ABŞ-ın bu regionda güclü rəqibləri vardır – Rusiya, Çin və İran. Rusiyanın təsir gücü regionda get-gedə azalmaqdadır. Məsələn 2012-ci ildə Özbəkistan ODKB-dən (Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çıxmış, bu gün isə həm Özbəkistan, həm Qazaxıstanın Avrasiya İqtisadi Birliyini tərk etməsi məsələsi Qərb dairələrində müzakirə olunur. Yaxşı, bəs bu dövlətlər Rusiya orbitini tərk edərsə, onun yerinə hansı platformaya üstünlük verəcəklər? Çinin mərkəzi güc olduğu Şanxay Əməkdaşlıq Təşkilatına? Yoxsa İranla əməkdaşlığa? Bəlkə Türk Şurasına?
Məhz, hələ ki, cavabı olmayan bu suallar fonunda son günlərdə türkdilli dövlətlərin (yəni türk dövlətlərinin) əməkdaşlıq görüşlərinin artması, bu dövlətlər arasında daha güclü bir birliyin formalaşması və bunun Rusiyanın regiondakı təsir gücünün azaldılmasında önəmli alternativ təşkil edə biləcəyi ehtimalı müxtəlif dairələrdə müzakirə olunmağa başlamışdır. Mərkəzi Asiya üzrə ekspertlərdən olan Aleksandr Şustovun “`C5+1`: pantürk vektoru” adlı məqaləsini də məhz bu mövzuda rus həyacanının ilkin təbili olaraq dəyərləndirə bilərik.
Şustov, 2020-ci ilin sonlarından etibarən Türkiyənin Müdafiə naziri Hulusi Akarın Mərkəzi Asiya bölgəsi ölkələrinə səfərlərini, bölgənin “onurğa sütunu” adlandırdığı Qazaxıstan və Özbəkistanla hərbi əməkdalıq sazişləri imzalamasını Türk Şurasının hərbi qanadı olacaq “Böyük Turan ordusu”nun yaradılmasının başlanğıcı olaraq görür və yazısında buna dair təbii rus narahatlığını gizlədə bilmir. O, Azərbaycanı Türkiyə və Mərkəzi Asiya ölkələri arasında tramplin adlandırır və bu baxımdan Rusiyanın əleyhinə, Qərbin isə lehinə ortaya atılan və zamanla inkişaf etdirilən nəqliyyat və enerji koridorlarını məhz bölgədə Rusiyanın təsirini azaltmağa hesablanan ABŞ (Qərb) layihəsi olaraq qiymətləndirir. Yəni guya Türk Şurası ABŞ layihəsiymiş. Üstəlik post-Sovet məkanında yerləşən Cənubi Qafqazın məhz nəqliyyat və enerji koridorları vasitəsilə Rusiyadan qoparıldığını, bunun sayəsində Azərbaycanın Rusiyadan enerji ixracı və dolayısıyla siyasi asılılığının yox olduğunu, Azərbaycanın Gürcüstanı enerji ilə təmin etdiyi üçün Gürcüstanın da Rusiyadan zaman içərisində tamamilə qopduğunu iddia edən Şustov, artıq bu cür layihənin yeni ünvanının Mərkəzi Asiya olduğunu qeyd edir. Bu məsələdə Trans-Xəzər nəqliyyat və enerji dəhlizi layihəsi açar rolu oynayır (Trans-Xəzər qaz kəməri haqda daha öncəki yazımı oxuya bilərsiniz).
Maraqlıdır ki, bu günlərdə (5-7 aprel 2021) Bakıda keçirilən Türk Şurasının yüksək rəsmiləri və üzv ölkələrinin rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirlərinin görüşünün əsas müzakirə mövzusu da məhz Trans-Xəzər dəhlizidir. Bütün bunların Rusiya ilə Qərb arasında son zamanlar gərginləşən münasibətlər fonunda təsadüf yoxsa zərurət olması sual doğursa da, Türk dövlətləri arasında gündən-günə inkişaf edən münasibətlərin həqiqət olduğu dəqiqdir. Bununla belə Rusiyanın Qərbə meyl edən post-Sovet ölkələrinə yönəlmiş ənənəvi siyasəti vardır: qaynar nöqtələr və müharibələr. Məsələn, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Şimali Osetiya, Ukraynada Donbass, Krım. Bəs Rusiya vektorunu qırmağa çalışan Mərkəzi Asiyadan nə gözləyək? İronik də olsa məhz Şustov 2016-cı ildə yazdığı məqaləsində “Mərkəzi Asiyanın Qarabağı” haqqında bəhs etmişdir.
Həqiqətən Mərkəzi Asiyada Dağlıq Qarabağ müharibəsi/münaqişəsinin bənzəri olan hadisələr varmı, yoxsa Şustov bunu məqsədli vəya məqsədsiz şəkildə qabartmışdır? Belə bir münaqişənin olması Türk dövlətləri arasında əməkdaşlığa mane ola bilərmi? Bu suallara cavab tapmaq üçün öncəliklə Mərkəzi Asiyanın Qarabağı deyərkən Şustovun nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq lazımdır.
Fərqanə Vadisi
Mərkəzi Asiyanın üç dövləti, Özbəkistan, Qırğızıstan və Tacikistan sərhədlərində yerləşən, dörd tərəfdən dağlar (Kuramin, Çatkal, Alay, Fərqanə və Türküstan dağları) və çaylar (Narin, Qaradərya və onların birləşərək təşkil etdiyi Sırdərya çayları) ilə çevrəli olan, gözəl təbiəti və təbii zənginlikləri ilə geniş bir ərazini (şimaldan cənuba 100 km, şərqdən qərbə 300 km ərazi) əhatə edən Vadi həm də uzun müddət bu ölkələr arasında təhlükəsizlik problemlərinin və sərhəd mübahisələrinin əsas mərkəzi olmuşdur. Vadinin Tacikistana aid hissəsində Hucənd, Qırğızıstana aid hissəsində Oş, Batkən və Cəlalabad, Özbəkistana aid hissəsində isə Hokand, Fərqanə, Nemenqan və Andican şəhərləri yerləşir.
1876-cı ildə Rusiya İmperiyası tərəfindən tutulan bu ərazidə Türküstan Qubernatorluğuna bağlı Fərqanə Oblastı yaradılmışdır. İmperiya ərazisində Sovet idarəçiliyi qurulduqdan sonra Türküstan ərazisində, yəni Mərkəzi Asiyada etnik əsaslı milli-dövlətlər: Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi Türk əsilli dövlətlər və Tacikistan dövləti yaradıldı. Fərqanə Vadisi isə bunlardan üçünün arasında bölündü və beləliklə etnik qarışıq bir ərazi formalaşdırıldı. Məhz bu bölgü SSRİ-nin dağılmasından sonra bölgədəki sabitlik və təhlükəsizlik üçün əsas problem olacaqdı. Belə ki, post-Sovet dövründə Mərkəzi Asiyada yaşanan etnik qarşıdurmaların, radikal dini qrupların və ekstremistlərin fəaliyyətlərinin, bölgədəki əsas iqtisadi problemlərin, su və enerji problemlərinin, hətta dövlət çevrilişlərinə gətirip çıxaran ayaqlanmaların mərkəzi bu ərazi olmuşdur. Bunun da səbəbi bölgə ölkələrinin bu ərazidəki sərhədləri tam olaraq müəyyənləşdirə bilməməsi və bundan qaynaqlanan qarşıdurmalar olmuşdur.
Məsələn, Fərqanə Vadisindəki ilk etnik qarşıdurma Məshəti türkləri (II Dünya Müharibəsi dövründə (1944-də) Stalinin əmri ilə Gürcüstandan buraya sürgün olunmuşlar) ilə özbəklər arasında yaşanmış, Məshəti türklərinin təkrar köç etməsi ilə nəticələnmişdir. 1990-cı ildə Qırğızıstanın Oş şəhərində özbəklərlə qırğızlar arasında sərt etnik qarşıdurma yaşanmışdır. Qırğızıstanın ilk prezidenti Əsgər Akayev qırğızların milli duyğularını kontrol etməyə və qırğız olmayanlara qarşı yumşaq davranmağa çalışmış, buna görə 1990-cı illər boyu ölkənin qeyri-qırğız sakinləri, yəni özbəklər və taciklər tərəfindən dəstəklənmişdir. BMT Milli Azlıqlar Yüksək Komissiyasına “Qırğızıstan-Ortaq Ev” konsepsiyasını təqdim etməsi və digər demokratik təşəbbüsləri səbəbilə ABŞ Dövlət Katibi Stove Talbott onu “Mərkəzi Asiyanın Ceffersonu” adlandırmışdır. Lakin daha sonra iqtidarda davamlı qalmaq üçün göstərdiyi davranış tərzi ona qarşı müxalifəti gücləndirmişdir. Ümumiyyətlə Mərkəzi Asiya dövlətlərindəki müxalifətin ümumi görünüşü radikal, mühafizəkar və dini olaraq xarakterizə edilə bilər.
Radikal dini qrupların fəaliyyətləri bölgədə günümüzə qədər davam edən ciddi təhlükəsizlik problemlərinə yol açmışdır. Günümüzdə Mərkəzi Asiyanın post-Sovet dövlətlərində gedərək artan İslamlaşma prosesi müşahidə olunur. Bu proses SSRİ-nin dağılmasından sonra, xüsusilə Fərqanə Vadisi bölgəsində aktivləşmişdir. İlk dəfə 1992-ci ildə Özbəkistanın Nemenqan şəhərində İslami hərəkat tərəfindən şiddət partlaması yaşanmışdır.
Tacikistanda isə hökümət və İslami hərəkat tərəfdarları arasında mübarizə 1992-1997-ci illərin vətəndaş müharibəsinə yol açmışdır. Tacikistan və Özbəkistandakı radikal dini hərəkatlar Qırğızıstana da yayılmış və burdakı hadisələrdə katalizator rolu oynamışdır. 2000-ci ildə radikal müsəlman qruplaşması Vadidəki Tacikistanla sərhəddə yerləşən Qırğızıstan şəhəri Batkənə hücum etmişdir. Transmilli terror fəaliyyətləri ilə tanınan bu qrupların 2006-cı ildəki hücumları zamanı da Batkəndəki qırğız sərhəd keçid məntəqəsi zərər görmüşdür. Tacikistan höküməti tərəfindən ölkədə bir sıra dini qruplaşmaların ekstremist olması səbəbilə qeyri-qanuni olduğu bildirilmişdir. Bu qruplar arasında Hizb ut-Tahrir, Türküstan İslam Partiyası, Harakati Tabliğt, Sozmoni Tabliğt, Todjikistoni Ozod, Özbəkistan və Türküstanın İslam Hərəkatı göstərilə bilər.
Bu qrupların hərəkət rotalarında xüsusilə Vadinin hər üç dövlətə aid hissəsində yer alan anklav kəndlər önəm daşıyır. Belə ki, Batkən şəhərində, yəni Vadinin Qırğızıstana aid hissəsində Özbəkistanın anklav əraziləri olan Şahimərdan, Soh və Kalah Djanqayl kəndləri və Tacikistanın anklav əraziləri olan Voruh və Zapadnaya (Qərbi) Kolaça kəndləri yerləşir. Bənzər şəkildə Fərqanə şəhərində, yəni Vadinin Özbəkistana aid hissəsində Qırğızıstanın anklav əraziləri olan Barak kəndi və Tacikistanın anklav ərazisi olan Sarvak kəndi yerləşir. Sovet dövrü bu anklavlardan keçmək üçün hər hansı idari problemlərlə qarşılaşmayan yerli əhali bu gün müstəqil üç fərqli dövlətin vətəndaşları olduğu üçün müəyyən idari-administrativ vs. problemlərlə qarşı-qarşıyadırlar.
Məsələn, Vadinin Qırğızıstan hissəsi içərisində qalan lakin Tacikistana aid olan Voruh kəndi ilə qırğızlar yaşayan Ak Say kəndi arasında daima müxtəlif səbəblərlə gərginlik yaşanır. Bu isə bölgənin nəqliyyat və təhlükəsizlik problemlərini artırır. Xüsusilə Qırğızıstan, öz otlaqlarında digər ölkə vətəndaşlarının mal-qara otlatmasını qadağan etmişdir. 1999 və 2002-ci ildə qəbul edilən qanunlar otlaqların kirə yolu ilə istifadəsini nəzərdə tutaraq bu fəaliyyəti məhdudlaşdırmış, 2009-cu il qanunu isə xarici ölkə vətəndaşlarının bu fəaliyyətini tamamilə qadağan etmişdir. Bu qadağa müxtəlif zamanlarda Qırğızıstan vətəndaşları ilə Özbəkistan və Tacikistan vətəndaşları arasında gərginliyə səbəb olmuşdur. Məsələn, 2004-cü ildə tacik kəndlilər qırğızların iddia etdiyi ərazidə ərik ağacları əkmiş, qırğız kəndlilər isə bu ağacları yerindən çıxarmış və buna görə “Ərik müharibəsi” adı alan gərginlik yaşanmışdır.
2014-cü ildə Batkən (Qırğızıstan) və Soğd (Tacikistan) arasındakı avtomobil yolunun çəkilməsi iki ölkənin sərhədçiləri arasında silahlı qarşıdurmaya gətirib çıxarmış, 8 nəfərin yaralanmasına səbəb olmuşdur. Həmin ilin aprel ayındakı qarşıdurmada isə 4 nəfər yaralanmış, 1 nəfər həlak olmuşdur. Bu cür gərginliklərdən ən sonuncusu 2020-ci ilin May ayında Batkən və Soğd arasındakı ərazidə otlaqların heyvanları otlatmaq məqsədilə istifadəsi səbəbilə yaşanmış və 1 nəfərin yaralanmasına gətirib çıxarmışdır.
Bundan başqa radikal dini qrupların sərhədləri qanunsuz keçməsini bəhanə edərək sərhədlərinə minalar düzən Özbəkistanın rəftarı da bölgədə nəqliyyat problemlərini artırmışdır. Məsələn Fərqanə Vadisinin Tacikistana aid hissəsi olan Hucənddən ölkənin paytaxtı Düşənbəyə ən qısa və rahat yol Özbəkistanın Vadidəki torpaqlarından keçir. Lakin Özbəkistan bu yolu bağladığı üçün əhali çətin keçilən və ilin yarısı qar yağması səbəbilə bağlı olan dağ keçidlərini istifadə etmək məcburiyyətində qalırlar. Özbəkistanın bu rəftarı özünə də ziyan verir. Belə ki, Özbəkistanın Vadidəki şəhəri Andicandan paytaxt Daşkəndə ən təhlükəsiz yol Tacikistana aid Hucənddən keçir. Lakin yollar bağlı olduğu üçün əhali uzun və təhlükəli yollardan istifadə etməli olur. Bu isə öz növbəsində bölgə əhalisi üçün iqtisadi problemləri də bərabərində gətirir.
Bölgə ölkələrinin üzərində razılaşa bilmədiyi ən əsas problemlərdən biri də su problemidir. Belə ki, sərhədlər çəkilərkən Vadinin ən geniş və yaşıl hissəsi Özbəkistana, su ilə zəngin olan və dağlar qoynunda yerləşən torpaqlar Qırğızıstana, iqtisadi və strateji baxımından açar nöqtədə yerləşən ərazi isə Tacikistana qalmışdır. Beləliklə Tacikistan Sırdərya çayının bəzi yuxarı axar bölgələrində suyun axışına nəzarət edə bilsə də, bölgənin əsas su təminatı (xüsusilə Narin çayı) Qırğızıstanın nəzarəti altında qalmışdır. Sovet dövrü bölgə ölkələri bu çayların suyunu rahat şəkildə istifadə etsələr də, müstəqillikdən sonrakı dövrdə ölkələr arasında problemlər yaşanmağa başlamışdır. İlk problem 1990-cı illərdə Narin çayının üzərindəki Qırğızıstana aid Toktogul su anbarının və su elektrik stansiyasının istifadəsi ilə bağlı olmuşdur. Çayın aşağı axarında yerləşən digər dövlətlər Qırğızıstanı sudan düzgün istifadə etməməkdə, yalnız öz maraqlarını güdərək ətraf ərazilərə ziyan verməkdə günahlandırmışlar.
Belə ki, qazla zəngin bölgə dövlətləri Qırğızıstana post-Sovet dövründə qazın qiymətini artırdıqları üçün, ölkə qış aylarında qaz kəsintilərinə məruz qalmışdır. Qırğızıstan qışın soyuq aylarında daha çox elektrik enerjisi almaq məqsədilə su anbarından daha çox istifadə etdiyi üçün yaz və yay aylarında (xüsusilə aprelin sonundan iyunun əvvəllərinədək olan əkin dövründə) aşağı axar bölgərində su qıtlığı yaşanmağa başlamışdır. Bununla yanaşı Qırğızıstan su anbarının qarşısını qış aylarında açdığı üçün bəzi aşağı axar bölgələri su altında qalmışdır. Beləliklə, çayın aşağı axarındakı ölkələr, xüsusilə Özbəkistan öz əkin sahələrinə zərər verdiyi üçün daima Qırğızıstandan şikayət edir. Həm də ki, Qırğızıstan bölgə ölkələrindən öz su elektrik stansiyalarının təmiri və baxımı üçün 15-25 milyon dollar arasında maddi yardım istəyir. Bölgə ölkələri isə bu miqdarı ödəmirlər. Hətta 2002-ci ilədək bu mövzuda onlar Qırğızıstana tamamilə heç bir yardım etməmişdirlər.
Beləliklə su, kənd təsərrüfatı, maldarlıq, nəqliyyat, təhlükəsizlik və ümumi olaraq iqtisadi inkişaf və siyasi sabitlik kimi problemləri özündə cəmləşdirən sərhəd problemi bölgə dövlətləri arasında vaxtaşırı gərginliklər, qarşıdurmalar yaşatmışdır. Günümüzə qədər həll edilə bilməyən bu problemlə bağlı müvafiq ölkələrdə iqtidara gələn yeni hökümətlər tərəfindən önəmli addımlar atılmışdır. Məsələn, 2016-cı ildə İslam Kərimovun ölümündə sonra Özbəkistanda hakimiyyətə gələn Şövkət Mirziyoyev və 2021-ci ildə Qırğızıstanda hakimiyyətə gələn Sadır Caparovun fəaliyyətləri bu baxımdan təqdirəlayiqdir. 2021-ci ilin mart ayında Özbəkistan və Qırğızıstan prezidentlərinin görüşü keçirilmiş, Caparov “sərhəd problemi 3 ay içərisində öz həllini tapacaqdır” şəklində açıqlama vermişdir. Maraqlıdır ki, bənzər açıqlamalar Tacikistanla bağlı gəlməmişdir. Mart ayında Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşıyev tərəfindən taciklərə Voruh kəndi əvəzində başqa bir yerdən 12000 hektar ərazinin veriləcəyi şəklində açıqlama gəlmişdir. Bu açıqlama iki ölkə arasında gərginliyi yenidən artırmışdır. Bundan sonra 4 aprel 2021 tarixində Tacikistan prezidenti Emomali Rahmonun Voruha səfərinin olacağı xəbəri yayılmış, lakin onun yerinə Tacikistandan rəsmi nümayəndə kəndə yollanmışdır. Tacikistanın eks-Xarici işlər naziri Hamrohon Zarifi isə öz Facebook səhifəsində ölkəsinin öz torpaqlarından heç vaxt imtina etməyəcəyini yazmışdır.
Görünən odur ki, bölgənin türk dövlətləri arasında problemlər gedərək həll olunsa da, Qırgızıstan və Tacikistan problemi hələ ki, həll olunmaqdan xeyli uzaqdır (belə ki, bu yaxınlarda Türkmənistan və Azərbaycan arasında enerji yataqları ilə bağlı problem də Xəzərin dibinin bölüşdürülməsi haqda razılaşma ilə həll olunmuş və Trans-Xəzər Koridoru ilə bağlı layihələr təkrar canlanmışdır). Lakin bütün bu problemlərin Dağlıq Qarabağ probleminə bənzədilməsi də hadisələrin qəsdən qabardılmasından başqa bir şey deyildir. Mərkəzi Asiya ölkələri arasındakı problemlərin Dağlıq Qarabağ problemi səviyyəsinə çatması mümkün deyildir. Bəlkə də bu problemlər qabararaq Dağlıq Qarabağ nümunəsində müharibə həddinə çatsa, bu, bəzi qlobal güclərin maraqlarına xidmət edər. Lakin Türk Dünyasının birliyi üçün sülh və sabitlik önəmlidir. Bunun üçün isə Türk Şurası əlindən gələn hər şeyi etməyə hazırdır.
Nəticə
Bölgə dövlətlərinin bir-birinə və yerli xalqa qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər hər üç dövlətin iqtisadiyyatına mənfi təsir göstərir. Bunun əksinə bölgə ölkələri öz məsuliyyətlərini dərk edib ortaq bazar və qarşılıqlı mənfəət uğruna çalışsalar mövcud problemləri də həll edə bilərlər. Vadinin özbəklərə aid hissəsi neft, kömür, təbii qaz, dəmir, civə, gümüş və digər təbii sərvətlərə, qırğızlara aid hissəsi civə, antimon və su qaynaqlarına, taciklərə aid hissəsi dünyanın ikinci ən zəngin gümüş yataqlarına, həmçinin qızıl, dəmir, molibden vs. zənginliklərə sahibdir. Məhz Fərqanə vadisində çox sayda sənaye təsisləri yerləşməkdədir. Bölgənin sərhəd və onunla birlikdə təhlükəsizlik və digər problemlərini həll etməklə bura çoxlu xarici investisiya cəlb etmək mümkündür. Son dövrlərdə müvafiq ölkə rəhbərlərinin sərhəd problemlərini həll etməyə yönəlmiş addımları da məhz buna hesablanmışdır. Bütün bunların fonunda Türk Şurasının bölgədəki əməkdaşlığın artırılmasına dair inisiativləri, investisiya layihələrinin gündəmə gəlməsi də təsadüfi görünmür. Beləliklə qarşıdakı 10 illikdə bölgənin sülh və sabitlik, iqtisadi inkişaf və cazibə mərkəzi olub-olmayacağı məhz burdakı dövlətlər arasındakı münasibətdən asılı olacaqdır. Ümid edirəm ki, bölgədə öz maraqlarını güdən və bunun üçün hər bir atəşə barıt tökməyə hazır olan qüvvələrin maraqları qalib gəlməyəcəkdir.