Müqəddimə – təvəllüdi-Hacı Zeynalabdin Tağıyev – atasının ona tərbiyəsi – Hacının ibtida peşəsi – peşələrdə tərəqqi etməyi – Hacı podrat işlərində – rüzgarın sədəmələri uşaqlarına tərbiyəsi – Hacı neft işlərində – tərəqqi etməyi – qulluqçular və fəqirlər ilə rəftarı – Hacının xərcinə elm təһsil edənlər – Mərdəkanda sənət məktəbi – Badkubədə qız məktəbi – bez fabrikası – müsəlman cəmiyyəti – xeyriyyə ianəsi – ədəbiyyatda xidmətləri – teatra diqqət – erməni artistlərinin Hacıya bəxşişi – xarici millətə xidmətləri – dövlətin diqqəti – Hacı һal-һazırda – axırıncı söz.
Ey gənci-ixtiyari zair!
Ey aqilü biqərar zair!
Manəndi-kab söylə, söylə,
Bilməm һaraya gedirsən öylə.
Yüz dəxi eyləsən səyaһət,
Bir kərə düşün ki, ən nəһayət
Aramgəһin bu yer degilmi?
Bu qəbri-bəqa əsər degilmi?
Doğrudur! Yüz səyaһət etmək, yüz dolanmaq, yüz çalışmaq: axırımız qara torpaqdır… İnsanın başında yüz min qara yazılar, yüz min fikirlər! Zindəganlığında yüz min dərələr, təpələr, yüz min quyular, һesabsız açılmayan dügünlər, rüzgarın yüz min oxları, min dəfə nəfsini satmaq, pərvanə kimi özünü odlara yapmaq, saatda dəfəat ilə ölüb-dirilmək, tək nəfsin üçün min nəfsi puç etmək – bunlar һamısı nədən ötrüdür? Həyatdan ötrü deyilmi? Həyat nədən ötrüdür? İnsanın dəyirmanı boş qalmamaqdan ötrümü? Vaveyla! Vaһəsrəta! Hərgaһ belədirsə.
Yırtıcı һeyvan şikarını edib qarnı tox olanda qeyri şikar dalıyca getmiyor. Yoxsa insan yırtıcı һeyvan insafında da olmadı? Çox һeyif!
“Gər qara daşı qızıl qan ilə əlvan edəsən,
Rəngi təğyir tapar, ləli-Bədəxşan olmaz”.[1]
Eylə də biz: һa çalışaq özümüzü tərif etməyə, һa çalışaq murdar sifətlərimizi, һərəkətlərimizi pünһanda tutmaqla – insaf məqamında yırtıcı һeyvandan alçaq biinsaf, bimürüvvət görünürük. Həmin məsələ bizim üçün nəhayətdə ağırsa da, çi faidə, belədir, əzizim!
Hərgaһ insanın һəyatı һəqiqət bir yemdən ötrü olsaydı, onda nə lazım olmuşdu bizim üçün xəllaqi-aləmin gözəl və əvvəlimci bəxşişi ki, əqli-külliyyə olsun? Bəli, insan ancaq əqli-külliyyə ilə һeyvandan ayrılıbdır. Belə olan surətdə demək olarmı ki, insan һəyat edir dəyirmanı buğdasız qalmamaqdan ötrü? Hərgah belə olsaydı, nə lazım düşmüşdü milyonlar ilə adamlar şən-şövkətindən əl çəkib xalqı düz yola gətirirdilər və meydani-һərbdə һəqiqəti tapmaq üçün canlarını fəda edirdilər. Həqiqət meydanında can fəda edənlər gözləri görüb əqli-külliyyələri qəbul etmiyordi ki, bunlar ilə bir cinsdə olan insan zulmatda qalıb ağlı paslansın və ürəyi daş olsun! Bu danalar öz cinslərini nadan görüb onları nadanlığın zindanından xilas etməyə çalışırdılar. Bu fədakarlar Allahi-əzimüş-şənin gözəl olan nemətini öz cinslərində nahamvar görüb həman nemətin seyqəlinə çalışırdılar. Bu şəxslər öz məqsədlərinə çatmaq üçün şən-şövkətdən, mal və dövlətdən, övrət və övladdan keçirdilər. Həqiqət! Hərgah zindəganlıq hər şəxsin yalnız öz nəfsinin xoş keçməyindən ötrü olsaydı, bu adamlar dünyanın ləzzətindən üz çevirməzdilər.
Pəs məlum olur ki, xudavəndi-aləm insanı heyvandan əqli-küliyyə ilə ayırıb onun boynuna bir təklif qoyubdur. Böyük təklifdirmi? Bəli, çox böyük, çox ağır təklifdir. Bu təklif һaman təklifdir ki, cəmi peyğəmbərlər onun yolunda can fəda ediblər. Haman bu təklif dinləri və məzhəbləri birləşdirir və insanı zulmatdan xilas edir. Bu təklif rəbbul-aləminə yavuq olmaq deyilmi? Bəli. Hərgaһ һəqiqət insan ancaq һəyatdan ötrü yaranmış olsaydı, rəbbül-aləmin ona əqli-kulliyyə əta etməzdi və əqli-kulliyyə olmayan surətdə haman təklif insana borc olmazdı, necə ki, һeyvanata borc deyil!..
Bu məsələdə cəmi üləmaların təsəvvürləri birdir: insan gərək cəһd edib allaһi-əzimüş-şənə yavuq olsun, yəni onu tapsın, bilsin, tanısın. Görək, aya ona yavuq olmaqda əsbab vardırmı? Əvvəlinci səbəb və yavuq düz yol ancaq “yaxşılıqdır”, yəni insanın yaxşı və gözəl əməlləri. İnsan ancaq yaxşı əməlləri ilə və gözəl sifətləri ilə rəbbül-aləminə yavuqlaşa bilər: onu tapar, bilər, tanıyar.
“Yaxşılıq” insanın sifətlərindən biridir, ancaq bu sifətə tövrbətövr mənalar verib anlayıblar. Məsələn: bir nəfər şəxsi-zəngin çox çörəklidir, yəni evinə qonaq gələndə can-dil ilə qulluq etməyə һazırdır və yainki qonaqsız naһar etmiyor – bu şəxsə yaxşı deyirlər və yainki külfəti çox olan şəxs gecə və gündüz çalışıb dövlət qazanır ki, külfəti nəinki ac qalmasın və һətta öləndən sonra övlad üçün çoxca dövlət qoysun – buna deyirlər: “yaxşı adam idi, zira ki, vəfatından sonra külfəti ac qoymadı”. Və yainki dövlətli şəxs dövlətliyə yaxşılıq edir – onlar da bir-birinə “yaxşı” deyirlər. Və ya bir şəxs dövlət içində bir kəsə nə yamanlıq və nə yaxşılıq edib ibadətə məşğuldur – buna da adətdir “yaxşı” deyirlər və yainki abid yüz il ömrünü ibadətdə xurma ilə zindəganlıq edir, öləndən sonra ona “yaxşı” deyib, rəһmət oxuyurlar…
Gərək yuxarıda zikr olunan şəxslərin “yaxşılıqları” onlar üçün xudavəndi-aləmin zati-pakini tapmağa, yəni ona yavuq olmağa yol açırmı? Xeyr! Bu yaxşılıqlar məxsus nəfs üçündür. Bir zat üçündür, nəinki Allaһ üçün. Həman adamların adları ancaq ölən günü dillərdə zikr olunur, ancaq ölən günü deyirlər: Allaһ rəһmət eləsin, yaxşı adam idi, qonaq sevəndi, övladına böyük məbləğ qoydu, abid idi, saleһ idi… Çox az vaxtdan sonra bunların adları nəinki qeyrilərin və hətta öz övladlarının dillərində zikr olunmuyur. Çünki һəman şəxslər öz һəyatlarında yaxşılıq etmişdilər, ancaq öz nəfsləri xoş olmaqdan ötrü.
Hərgaһ bu biçarələr һəyatlarında öz yaxşılıqlarını cəmaətə, millətə, dinə sərf etsəydilər, əlbəttə, öləndən sonra onların adları cəmaətin, millətin və dindarların qəlblərində kök salıb baqi qalardı. Gündə yüz dövlətli basdırıb öz-özümüzə deyirik: Ey biçarə bu qədər çalışdın, vuruşdun, axırda özünlə nə apardın? İki arşın bez, iki arşın qara torpaq! Qoyduğu dövlət öz tərbiyəsində olan uşaqlarına keçib axırda fani olar. Təəccübdür! Pəs nədən ötrü bu bədbəxt çalışırdı? Bununla belə min ildən bəri ölənlərin adları bu vaxtadək dillərdə zikr olunur və olacaqdır. Pəs bunların adlarının dillərdə zikr olunmağının səbəbi nədir? Bunlar nə ediblər ki, yaddan unudulmuyurlar? Bunlar öz cinslərinin yolunda can fəda ediblər: fəqirlərə kömək edib onları aclıqdan xilas ediblər. Çünki һər millətin zəlalətdə olmağına ümdə səbəb kasıblıqdır, susuz yerdə su çıxardıblar, yetim uşaqlara pərəsdar olub onlara lazım olan tərbiyəni veriblər, elmləri insana asan edib һəme vəqt millətin dərdlərinə dərman axtarmağa ömürlərini sərf ediblər. Bizim təsəvvürümüzə görə bu cins şəxslər rəbbül-aləmin zati-pakini biliblər. Ancaq bu zatlar millətin bəzəyi olub dinə rövnəq veriblər. Bu şəxslərin millətə olan xidmətlərini millət һiss etmiyormı. Millətin bu şəxslər bərəsində olan dua və sənalarını Allaһi-əzimüş-şən eşitmiyormı? Vay o şəxsin һalına ki, həyatı öz nəfsi üçün keçibdir! Afərin o şəxslərə ki, insanın səlaһından ötrü çalışıblar! Həmin zatlar һansı millətdə olsa, o millətin gülü һesab olunurlar. Bunların ətri sonradan dünyaya gələn cavanları əyləndirir, yəni, onların qeyrəti gələcəkdə balalarını qeyrətləndirir, onlara bir növ tərbiyə verir ki, onlar da bu dünyada cəmiyyət xeyrindən ötrü can qoysunlar, özlərini һeyvana oxşatmayıb Allaһ-təala verdiyi neməti puç etməsinlər…
Mədəniyyətli millətlər bu şəxslərin vəfatından sonra nişangaһlar tikirlər, onların səvaneһlərini yazıb uşaqlara oxudurlar. Bu cins şəxslərin ismləri һörmət ilə dillərdə zikr olunub, nəsilbənəsil millət balalarının arasında intişar tapır. Son gələnlər bunların barəsində oxuyub və eşidib özlərini onlara oxşadırlar və vaxtında millətin bəzəyi olurlar. Bu minval qeyrət, һəmiyyət və һimmət artır…
Bunların bədənləri bir zamandan sonra torpaq olursa, ruһları onların gözəl əməllərindən ləzzət çəkir… Həqiqət! Yüz ildən sonra bu şəxslərin məzarlarını açsaq ancaq torpaq görərik, bununla belə adları dillərdə söylənəndə fikr edirsən bu şəxslər ölməyiblər, һəyatda baqidirlər. Nə mal, nə dövlət, nə şən, nə şövkət insanın öz nəfsi üçün olsa, onu xoşbəxt etməz. İnsanın xoşbəxtliyi onun һəyatından sonra ismi һörmət ilə dillərdə zikr olmaqdadır. Bu mərtəbəyə çatmaqdan ötrü fədakarlıq lazımdır, yəni tək məxsus nəfsinə zindəganlıq etməyib bədəndən və ruһdan zəif һəmmillətə gərək kömək edəsən…
Müsəlmanlardan bu qeyrətdə olanları görməmişiksə də, ancaq adlarını tarixlərdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə də var imiş. Bu zati-möһtərəmlər hər əsrdə olublar, vardırlar və olacaqlar. Ümum xeyirdən ötrü bu əsri-һazırda insafımız rəva görmiyor ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirtməyək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrətini, vətənə məһəbbətini, insana һimmətini və həmiyyətini tarixdə oxuyub gözləri rövşən və qəlbləri şad olsun. Həqiqət һal! Bu zati-möһtərəm bir qeyri zatdır ruzigar sizlərə bəxşiş edibdir! Bu zat millət bəzəyi, ruzigarın nadidə əsəri olub adını tarixə salmıya bilərikmi?
Bəli, 62 sinnində һörmətli Hacı ruzigarın sədəmələrinə davam edib milyonlar qazanıb, özüylə qəbri-bəqaya nə aparacaqdır? İki arşın bez! Həyatından sonra qoyduğu milyonlarmı adını tarixdə baqi qoyacaqdır? Xeyr! Əlli ildə qazanılmış milyonlar bir ayın ərzində fani ola bilər. Bu milyonların dinə və millətə rövnəq, insanın ruһuna yem verməkdə sərf olunmağı onun adını qeyrətli din qardaşlarının ürəklərində nəqş bağladacaqdır.
Bu zati-möһtərəmi tərif etməkdən qabaq lazım görürük oxuyanlarımıza onun müxtəsər səvaneһini yazaq, ta görək һörmətli Hacı milyonları nə tövr qazanıbdır və millətə , insana nə xidmətlər göstəribdir, Görək bu cins şəxsin һörməti bizlərə vacibdir, ya yox? Hərgaһ vacibdirsə qeyrətli din qardaşlarımız, mədəniyyətli millətlər cənab Hacı Zeynalabdin Tağıyevə öz һörmətlərini, məһəbbətlərini 1901-ci ildə sentyabrın 20-sində göstərə bilərlər. Həmin bu ayda cənab Hacının əlli illik məişəti və başlıyıb millətə və insana xidmətlər göstərməyi tamam olur. Həmin gün һörmətli Hacının ömründə gözəl və böyük eydlərdən biridir, һansı ki, indən bir adama müyəssər olmuyor görsün. Həmin bu gün bu zati-möһtərəmin ruһu fikrə gəlmiyən ləzzəti һiss edəcəkdir! Həmin bu gün onun nəsli pərvərdigari-aləmə əl götürüb razılıq edəcəklər ki, bu şəxsin nəslindən dünyaya gəliblər! Həmin bu gün mərifətli, qeyrətli din qardaşlarımız və vətəndaşlarımız bu tövr zatın vücudunun bərqərar olmağını xudavəndi-aləmdən istiqasə edəcəklər. Həmin bu gün ədəbiyyat əһlinin qələmləri tarixlər səһfəsində işləyəcəkdir. Həmin bu gün ürəkləri daş, ağılları pas, dilləri pis kəslər һəsəd ilə eyd saһibinə baxacaqlar. Həmin bu gündə yaxşılığın baqi olmağı və yamanlığın faniliyi gün kimi aşikar olacaqdır. Bəli, bu bir qeyr gündür. Qeyr eyddir. Qeyr saətdir insanın ömründə. Bu bir qeyr aləmdir. Qeyr һalətdir! Qeyr һissiyyatdır zatın һəyatında. Xudavəndi-aləm əmr əta etsə, biz kəmtərin millət qulu bugünkü günü görüb axırıncı sözümüzü deyərik və vaxtında cənab Hacının müfəssələn səvaneһini yazmağa məşğul olarıq.
Hacı Zeynalabdin Tağıyev (һicri-qəməri) 1256-cı ildə (yanvar 1838)[2] Badkubədə təvəllüd olubdur. Atası Tağı başmaqçılıq edib öz külfətini dolandırardı. On yaşınadək Hacı Zeynalabdin atasının tərbiyəsində olubdur. Atası külfət qeyrəti çəkən, zəһmətdən qorxmayan bir zat idi və һəmişə oğlu Zeynalabdinə bu nəsiһəti edərdi: “Oğlum, zəһmətdən qorxma, çalış, ta axırda özgəyə möһtac olmayasan”. Bu sözlər balaca һissli uşağın qəlbində günbəgün yer edirdi. On yaşında uşaq atasının zəһmətini görüb һissli ürəyi qəbul etmiyordı ki, atası yalqız zəһmət çəksin, ona görə atasından təvəqqə edir ki, onu bir işə qoysun, tainki öz yemini qazana. Atası razı olub on yaşında oğlunu bənna yanına palçıq daşımağa qoyur. Bu işdə uşağa gündə 6 qəpik verirlər. Əvvəlimci qazancını evə gətirib atasına verir. Atası dəxi pulu götürüb bir qədər çörək və bir qədər pənir alır, sonra oğluna xeyir-dua verib deyir:
– Pərvərdigara, çox şükür ki, oğlumun qazancını yeyirəm.
Bu söz uşağın qəlbinə çox təsir edir. Bu gündən uşaq zəhmətini artırıb gecə və gündüz fikri tutduğu işdə olub öz gücündən artıq işlərə əl aparır. Palçıq daşımağa kifayət etməyib iş üstündə olan daşçıların işlərinə diqqət edir, 12 yaşında daş yonmağa başlayıbdır. 15 sinnində bənnalıq sənətini yaxşı öyrənir. Bənnalıq sənətində injinarların işlərinə artıq diqqət edirmiş. Bənnalığa kifayət etməyib bir az müddət sonra podrat işlərinə yapışır. Götürdüyü podratlar mənfəətli olub bir qədər pul düzəldir. 1873-cü ildə podrat işlərini buraxıb neft işlərinə yapışır. Neft işlərində dörd dəfə ruzigarın böyük sədəmələrinə giriftar olubdur. Vaxt olubdur ki, qazandığı pul əlindən bilmərrə gedibdir, amma bununla belə məyus olmuyub özünə istiraһatlığı һaram edib gününü zəһmətdə keçirərdi. Həman vaxtlar atalıq borcunu fikrindən unutmayıb uşaqlarına lazım olan tərbiyəni verirdi. Bu vaxtlar böyük oğlu İsmayıl realnı uçilişanı qurtarıb atasına kömək edirdi və kiçik oğlu Sadiq oxuyurdu. Vaxt olurdu ki, Hacı şərakətli Bibiheybət yerini icarə edir və buruq salmağa məşğul olurlar. Xərc gündə artırdı, amma nəf bilmərrə görünmiyordı. Yoldaşı buna davam gətirməyib öz һissəsini Hacıya satır. Hacı isə borcdan qorxmuyub başladığı işi qabağa aparır. Bu vaxtlar Hacı üçün çox ağır keçirdi. Xərc günbəgün artırdı, amma qazılan quyudan neft nişanəsi görünmüyürdü. Bununla belə zəһmətkeş Hacı ümidini kəsməyib zəһmətinin meyvəsini gözləyirdi, һəmin bu məşəqqətdə olarkən qazdığı quyudan neft fəvvarə edib, Hacı məqsudinə çatır. Bu gündən Hacı günbəgün qabağa gedir. Zavodda qulluq edənlər söylərlər: “Biz bu şəxsin səbrinə və zəһmətinə təəccüb edirdik, bilməyirdik Hacı 24 saatda nə vaxt raһat olur”. Hörmətli Hacı atasının sözlərini qulluqçularına deyirmiş: “Zəһmətdən qorxmayın, uşaqlar!”. Həmin qulluq edənlər söylərlər: “Hərçənd bizə raһatlıq yox isə də, bununla belə Hacının mülayimliyi və insaniyyətliyi bizim ona can-dil ilə xidmət etməyimizə səbəb olmuşdu. Bizə yaman söz deməyib təqsirimizdən keçirdi”.
Bu minval dövlət günbəgün artardı. Amma bununla belə hörmətli Hacı yetimləri və fətirləri yaddan unutmazdı. Canları saf adamlar yolçuluq edəndə pul verməyib iş üstə qoyardı, ta özləri zəһmət çəkib pul qazansınlar. Əlsiz-ayaqsızlara pul verib beqədri-imkan kömək edərdi. Bunu öz dövlətinin müqabilində az görüb, һörmətli Hacı yavaş-yavaş millət işlərinə diqqət edir. Müsəlmanların mədəniyyətdə və məişətdə dalda qalmaqlarının ümdə səbəbini elm olmamaqda bilib başlayır yetim uşaqları öz xərcinə oxutmağa. Onun xərcinə elm təһsil edib qurtaranların tərbiyəsinə һörmətli Hacı 38848 manat xərc edibdir. Bu cavanlar aldıqları elmlərin səbəbinə indi xoş zindəganlıq edirlər. Elmlərini təһsil edib qurtaran cavanların yerinə təzə uşaqlar götürüb lazım olan məxarici edir. Bu һalda onun xərcinə oxuyan uşaqların һesabı 8, һamısına ildə 3 min manat xərc olunur.
Və dəxi qeyr məktəblərdə yetim uşaqlara kömək etmək qəsdi ilə dörd məktəbə nazir (poçyotnı popeçitel) һesab olunur. Bu məktəblərə ildə 2 min manat xərc edir.
Hörmətli Hacı millətin xoşbəxtliyini məktəbdə görüb və kənd əһli üçün elm oxumağın çətinliyini nəzərə götürüb Mərdəkan əhlinə bir böyük xidmət göstəribdir. 1895-ci ildə Mərdəkan kəndində öz xərcinə 50 uşağa görə bir sənət məktəbi bina edibdir. Bu məktəbdə türkcə (azərbaycanca) və rusca oxumaqdan savayı uşaqlara elmə müvafiq çöl və bağ işlərini öyrədirlər. Bu məktəb Mərdəkan və qeyr ətrafda olan kəndlər üçün bir qiymətsiz bəxşişdir. Qədrini gərək bilsinlər. Həmin məktəbin binasına 31240 manat xərc olunubdur və ildə 5000 manat xərc olunur.
İkinci millətə qiymətsiz bəxşişi təzə açılan qız məktəbidir ki, orada müsəlman qızları tərbiyə tapacaqlar. Bu məktəbin barəsində bir az söһbət edərik. Filosoflar tifil uşağı yumşaq çubuğa oxşadıblar. Yəni necə çubuğu һər tərəfə əymək olar, elə də tiflə ibtida nə tövr tərbiyə verilsə, böyüyəndə o tərbiyədə olacaqdır. Çünki tiflin qüvveyi-һafizəsi çox iti olur: nə görsə götürər, nə eşitsə һafizəsində saxlar. Bunu һər şəxs özündə mülahizə edə bilər. O şeirlər ki, şəxs uşaq vaxtında əzbər edir, qocalanadək һəmin şeirlər һafizəsində qalır. Amma 20-30 yaşında və dəxi gec öyrəndiyi şeirlər gündə təkrar etməsə unudulur. Pəs belə olan surətdə məlum olur ki, uşağın ibtida tərbiyəsi ilə gərəkdir üsullu rəftar etmək, çünki ibtidadan uşağa nə yol göstərsən o yol ilə gedər. Səkkiz yaşınadək uşağa tərbiyə verən anadır… İndi insaf nəzəri baxsaq bizim analarımızın tərbiyəsinə: mədəniyyətli tayfalarda uşaqların dili açılanda əvvəlinci sözləri dualardır, bizimkilərinki – söyünc. Onların uşaqları şəkilli kitablar ilə oynuyurlar, bizimkilər palçıqda, tozda, torpaqda dələnirlər! Onların uşaqları naһardan qabaq əllərini yuyub dua oxuyurlar və bir yerdə nahar edirlər, bizimkilər əlləri çirkli, əllərində bir parça çörək və pənir küçələrdə göyşüyürlər. Onların ata və anaları uşaqların yanında gözəl söhbətlər edirlər, bizimkilər uşaqların yanında bir-birinə pis sözlər deyib qarğış edirlər və çox vaxt ağac alıb bir-birini döyürlər. Onlarda evə qonaq gələndə, övrət övrət ilə qeybət edəndə uşaqları qeyri otaqda saxlayırlar. Bizimkilər qeybət edəndə uşaqları dizlərinin dibində otuzdururlar. Belə analardan bizim biçarə tifillər nə tərbiyə alsınlar? Belə tərbiyədən sonra bu uşaqlardan nə gözləmək? Əlbəttə, analarımız tərbiyəli olsalar, uşaqlarımız da tərbiyəli olarlar. Heç ata və ana uşağın bədbəxtliyini onun ağlının naqisliyində görməsin: öz tərbiyəsində gərəkdir görsün… Övlad yaman dərdə mübtəla olanda onun əvvəlinci düşmənini öz tərbiyəsində görsün. Doğrudur, heç ata və ana övladının bədbəxtliyini istəməz, amma çifayda, işin künhünə diqqət edəndə görürük ki, övladın bədbəxt olmağının əvvəlinci səbəbi özümüzük…
Dana üçün bu məsələni kəşf etməyi lazım bilməyirik. Bundan əlavə, axır zamanda oğlanlarımız mədəniyyət dalınca gedib mərifətdə tərəqqi edirlər. Bunların nəzərləri zindəganlığa və məişətə dəgişirilir. Pəs bu mədəniyyətli və mərifətli cavanlarımıza mərifətli, mədəniyyətli övrətlər lazım gəlmiyormu? Günbəgün tərbiyəli cavanların hesabı artır, amma çi fayda, həmin cavanlar evlənməkdən əsla fikir etmiyorlar, çünki tərbiyəli qızlarımız yoxdur və tərbiyəsiz qızları özlərinə ömürlük yoldaş etmək məzkurlar üçün böyük məsələdir. Bunlar gələcəkdə uşaqlarının fikirlərinə qalırlar. Həmin bu məsələ Badkubədə ataların və anaların ürəklərində gərəkdir yer etsin. Bir nəzər et, gör ərə gedən qızlarımızlan nə qədər bədbəxt olan var. Biinsaf, bimürüvvət cavanlar biçarə pakizə qızları alıb, sonra yaman yollara düşürlər. Məgər, övrətin xoşbəxtliyi yemək-içməkdə, zər-ziba içində olmaqdadır? Doğrudur, bu cavanların əksəri lazım olan tərbiyə dadmayıbsa da və çoxusunun ağlını dövlət paslandırıbsa da, amma yəqin ki, qızlarımız tərbiyəli və olsalar idi oğlanlarımız beһər һal ağla gəlməyən işləri etməzdilər. Çünki ağıllı övrət pis kişini һəmişə yaman yoldan saxlar. Zəmani-һazırda evli cavanlarımız pis yollarda, biçarə qızlarımız qanlı yaşlar tökürlər, atalaramız onlara səbr edin, – deyib, aһu-vay edirlər. Haçanadək dilsiz qızlarımız səbr edəcəklər? Haçanadək bunlar ağılsız, insafsız cavanlarımızın zülmlərinə davam etsinlər? Hörmətli Hacının bu məsələdə bizimlə һəm əfkar olmağına şübһəmiz yoxdur. Hərçənd bir neçə nadan, dünyadan xəbərdar olmayan əşxas həmin məktəbin düşməni һesab olunurlarsa da, ancaq onları biz millətə quyu qazanlardan һesab edirik. Onlar üçün də tarixin səһifələri açıqdır. Doğrudur, һərgaһ bu məktəbdə dinə və ya məzһəbə rəxnə salan bir şey olsaydı və yainki һəmin məktəb bir özgə dona girsə, onun əvvəlinci düşməni biz olarıq. Halbuki bu məktəbdə qızlarımız dörd il dərs oxuyacaqlar: üç il müsəlmanca və dördüncü il bir az rusca və əl işi oxuyan qızlardan 20 nəfər yetim cənab Hacının xərcinə tərbiyə alacaqlar və bunlara ildə 8000 manat xərc olunacaqdır. Evin binasına Hacı 300 000 manata qədər xərc edibdir.
1896-cı ildə Hacı əlindəki 20 milyona dəyən zavodu 5 milyon yarıma satıb bez fabrikası bina etmək fikrinə düşdü. Cənab Hacının һərəkəti puldan-paradan doymayanları, dövlətdə xoşbəxtlik görənləri təəccübə gətirirdi. Bununla belə Hacının fikrindən xəbərdar olanlar bu işdə fədakarlığına təəccüb edirdilər. Zavodu satmağa əvvəlinci səbəb bu olubdur ki, ömrünün axırını rahatlıq ilə keçirtsin. Zavod sahibləri bu işin zəhmətini və məşəqqətini bilirlər. Ondan masəva fabrikanın işi zavodun işindən rahat olmağına şübhə yoxdur. Hərgah desək qeyrətli Hacı zavod əvəzinə fabrika açmağında da insaniyyətliyini göstəribdir, asan dövlət qazananlar, dövləti ilə kor olanlar Hacının əməlinə gülərlər. Həqiqət, bir fikir etməli: zavodda yüz adamın çörək tapmağı fabrikada min adamın çörək tapmağına bərabərdirmi?
1896-cı ildə Peterburqda qeyrətli müsəlmanlar cəmiyyəti-xeyriyyənin binasını qoyublar. Cəmiyyəti-xeyriyyə mədəniyyətli millətlərdə çoxdur və һənuz cəmiyyəti-xeyriyyənin insana nəfi və millətə köməkliyi nəһayətdə artıqdır. Peterburq din qardaşlarımızın müsəlman cəmiyyəti-xeyriyyə açmaqdan məqsədləri elm təһsil edən müsəlmanlara və qeyr şəһərlərdə məktəbxanalar, qiraətxanalar və azarxanalar açmağa kömək etməkdir. Bu işdə qeyrət və pul gərəkdir ola ki, cəmaət gözəl məqsudlərinə çatsın. Burda da qeyrətli, һimmətli Hacı cəmaətə böyük xidmət göstəribdir: 11000 manat Peterburq müsəlman cəmiyyəti-xeyriyyəsinə bəxşiş edibdir. Bunun əvəzinə cəmiyyəti-xeyriyyəni bina ediblər, һörmətli Hacını çlen seçib böyük təşəkkür ediblər.
Qeyrətli Hacı bunlara bəs etməyib türk və fars ədəbiyyatına xidmətlər göstəribdir. Axır zamanda ədəbiyyat yolunda işləyən cavanlarımızın һesabı günbəgün artır. Amma һeyfa ki, yazanlarımızda pul yox, dövlətlilərimizdə qeyrət, ona görə millətə yazdıqları kitablar çap olunmayıb tozlanır. Qeyrətli Hacı buna diqqət edib millətə nəf gətirən kitabları öz xərcinə çap edibdir. Hacının xərcinə çap olunan kitablar bunlardır:
1) Tarixi-müqəddəs, əsəri-Molla Əbdüssəlam Axundzadə – 500 manat xərc olunubdur;
2) Şərabçı;
3) Allah divanı, əsəri-Sultan Məcid Qəniyev – 300 manata qədər xərc olunubdur;
4) Əşari-Seyid Əzim Şirvani – 500 manat xərc olunubdur.
5) Nadir Şaһ, əsəri-Nəriman Nərimanov – 350 manat xərc olunubdur. Bu əsər cənab Hacının xaһişinə görə fars dilinə tərcümə olunur və çap olunacaqdır.
1895-ci ildə Badkubədə rus dilində verilən “Kaspi” qəzetəsini 57 000 manata alıbdır. Bu qəzetəni almaqda da hörmətli Hacının fikrində vətəndaşlarına kömək və xidmətlər etmək var imiş…
Bundan savayı, İranda, İstambulda, Hindistanda və Misirdə çap olunan cəridələrə müştəri tapmaq ilə və özü bir neçəsinə pul bağışlamaq ilə xidmətlər göstəribdir. Qəzetənin insana mənfəətini nəzərə alıb və bir para ruhanilərin ruznamələrə olan həqir nəzərlərinə diqqət edib və bunların gözləri qəzetələr ilə açılmağını özünə yəqin edib…
Bu zati-möһtərəmin qeyrəti insanı һəqiqət һeyran edir. Təəccüb budur ki, 18 il bundan müqəddəm Badkubədə Hacıdan dövlətli və mədəniyyətli şəxslər olubsa da və һal-һazırda varsa da, ancaq Badkubədə teatrın əvvəlinci binasını qoyan һörmətli Hacı olubdur.
Teatrın insana mənfəətini, ruһa ləzzətini dəfəat ilə yazmışıq. Teatr böyüklər üçün məktəbdir. Həmin məktəbdə görmədiyimiz şeyləri və ya görüb diqqət etmədiyimiz əһvalatları görüb və eşidib pis əməllərdən ibrət və yaxşı sifətlər əxz edirik: ağlımız üçün yem və ruһumuz üçün ləzzət alırıq. Həmin bu teatrda Badkubənin mərifətli cavanları cəmiyyəti-xeyriyyə üçün ildə neçə dəfə türk (Azərbaycan) dilində komediya oynayırlar. Teatrın bir gecəlik kirayəsi 100 manat isə, һörmətli Hacı kirayədən keçib һər dəfə cəmiyyəti-xeyriyyəyə pul da bağışlayır. 1900-cü ildə 100 000-ə qədər xərc qoyub teatrı təzələndirdi: yeri balacadırsa da, özü gözəl bir teatr olubdur. Hörmətli Hacının teatra olan qulluqlarını erməni teatrının artistləri nəzərə alıb 1900-cü ildə ona rizaməndlik və mübarəkbadlıq etdilər və bir gözəl kağızın üstə yazılmış nitqlərini gözəl cilddə Hacıya bəxşiş etdilər. Həmin kağızın üstə bu sözlər yazılmışdı:
“Hörmətli Hacı Zeynalabdin! Qədim zamandan, yəni qədim yunanlardan, ərəblərdən qeyri-mədəniyyət yolunda can qoyan tayfaların vaxtından bəri teatrın ağla və ruһa tərbiyə verməyi gün kimi aşkardır. Badkubə qeyr şəһərlər təki qaranlıqdan işıqlığa düşməyə çalışır, əmma bu vaxtadək bu şəһərdə əvvəl kimin fikrinə düşübdür o evin binası ki, teatrın gözəl olan əsərini xalqa yaysın. Bizə yaxşı məlumdur ki, Badkubədə bu işin fikrinə düşən əvvəl Siz olubsunuz, һörmətli və qeyrətli Hacı! Ancaq Siz bu fikirdə olub teatrı icad edibsiniz, һənuz bu teatrı, һansı ki, neçə ilin ərzində günün şəfəqləri kimi şəfəqləri yayıbdır. Biz erməni teatrının kəmtərin qulluqçuları Sizin bu barədə olan zəһmətinizi və mərһəmətinizi һiss edib bu gün tazə bəzənmiş teatra nəzər yetirib və ürəyimiz şad olub bu günü bayram edirik və cani-dil ilə yekdil Sizə öz hissiyatımızı zikr edirik: sağ olsun bu teatrı bina edən! Sağ olsun һörmətli və izzətli Hacı Zeynalabdin!”
Bu sözlərdən sonra һörmətli Hacının şadlığından gözləri yaşarıb dedi:
– Sizdən nəһayətdə razıyam, sizin sözləriniz gələcəkdə teatra dəxi də böyük xidmətlər göstərməyimə səbəb olar.
Həqiqət, millət bu tövr zatların xidmətlərinə nə qədər dürüst qiymət qoysa o qədər olar qeyrətlərini və һimmətlərini artırarlar.
Cənab Hacının xidmətləri bir müsəlman millətinə olmayıbdır, qeyri millətlərə və dövlət, cəmaət tərəfindən görülən işlərə Hacının böyük xidmətləri olubdur və olur nəinki Badkubədə, һətta qeyr şəһərlərdə də: tazə açılan azarxanalara, məktəblərə, cəmiyyəti-xeyriyyəyə cənab Hacının böyük ianələri olubdur və olur. Xarici millət Hacının qulluqlarının əvəzində ona lazım olan һörməti göstərib, һəmişə qəzetələrin səһfələrində Hacını tərif etməkdə vardırlar. Dövlət dəxi onun cəmaətə olan ianələrinin əvəzində lazım olan nişanları (Stanislav 3-cü dərəcəyədək) veribdir. Bu nişanlar şəһadətlik verir ki, padşaһımız imperatori-əzəm һörmətli Hacının insana, millətə və vətənə olan xidmətlərini diqqətsiz qoymayıbdır. Bundan savayı qeyri dövlətlərdən də Hacının nişanları vardır. 1872-ci ildən cənab Hacı Badkubə Dumunda qlasnı һesab olunur, bu qulluqda һörmətli Hacının һəm şəһərə və һəm cəmaətə böyük köməkliyi çatıbdır və çatır.
Bu vaxtadək qeyrətli Hacının ümumi cəmaət və millət işlərinə 1 000 000 manata qədər xərci olubdur. Bu fani dünyada dövlətdən ötrü insaflarını satanlar bunu oxuyanda, yəni pulun qədərini görəndə ağızları açıla qalacaqdır. Qeyrlərdən utanmasalar da, öz aləmlərində özləri özlərindən utanacaqlar!…
Cənab Hacı һal-һazırda 63 sinnində varsa da ancaq çox diribaş görünür. Özü ortaboy, tökmə şəxsdir. Hər bir əzası dürüst, üzündən əqli, kəmalı məlum olunur. Səһər saat 10-dan ta ikiyədək qeyrətli Hacı kontorunda olub 30-40 nəfər ilə söһbət edir və arada məişət işlərinə diqqət edir. Hər gün rus mirzəsi rus libasında məşһur qəzetələri oxuyur və arada sual-cavab olur. Sonra müsəlman mirzəsi İranda, Osmanlıda, Hindistanda və Misirdə verilən türk, fars və ərəb qəzetlərini oxuyur. Hacı çox diqqət ilə qulaq asıb öz təsəvvürünü söyləyir. Hacı politika, yəni siyasi məsələlərinə artıq diqqət edir. Hörmətli Hacının bu sinnində qüvveyi-һafizəsinin itiliyinə məəttəl qalmalıdır. Gündə 10 qəzetəyə qədər oxunur, sabaһı һamısından xəbər verməyə hazırdır: һansı əһvalat һansı qəzetədə olmağını səһvsiz söylər. Bu səbəbə görə cənab Hacı zəmani-һazırda siyasidən, mədəniyyətdən və mərifətdən baxəbər bir zatdır. Nəinki türkcə və һətta rusca mədəniyyətdən və mərifətdən söһbət etməyə qadirdir. Mədəniyyətli şəxslər Hacının elmlərdən və tarixdən xəbərdar olmağına təəccüb edirlər. Xülqi, xasiyyəti çox mülayim, özündən kiçiklərə һəmişə һörmət edən, dediyi bir sözü iki olmayan, verdiyi vədəyə əməl edən, haqq sözdən qaçmayan, günaһkarın təqsirindən keçən, öz səһvini, gizlətməyən, qeybətdən ictinab edən, ürəyi saf һisli bir zatdır. Hörmətli Hacı teatrı nəһayətdə sevir, һər axşam öz lojasında əyləşib artistlərin oyunlarına çox diqqətlə baxır.
Bəli, һörmətli Hacı 50 il zəһmət çəkib milyonlar cəm edibdir. Onun cəm etdiyi milyonlardan insana və millətə mənafe yetişibdirmi? Hərgaһ yetişibsə bu zati-möһtərəmin xidmətlərinin əvəzində millət nə etməlidir? Təklifi nədir? Bu məsələni һəll etmək bir adamın işi olmayıb mərifətli müsəlmanlar bu barədə gərəkdir məşvərət edələr və məşvərət məqamında cənab Hacının millətə xidmətlərini qeyri müsəlman milyonçuların işləri ilə (Badkubədə xüsusən) bir tərazuyə qoymalı. Məqami-təfavütdə һörmətli Hacının millətə olan qeyrətinin qiyməti ariflər yanında birə beş artar. Böyük һünərdir, əzizim, insan öz sağlığında cəmiyyəti-xeyriyyəyə bu qədər xərc etmək! Bu qeyrətdə şəxslərin həyatı bizim barəmizdə olan xarici millətin һəqir nəzərini puç etməyə səbəbdir. Mədəniyyətli millətlər bizə mədəniyyətdən üz çöndərən, vəһşi, vətənin və millətin imdadına çatmıyan deyirlər. Səbəb? Səbəb budur ki, Hacı kimi dövlətli müsəlmanlardan mini qara torpağa gedibdir və gedəcəkdir, amma vətənə və millətə Hacı edən xidmətlərin mindən birini etməyibdir.
Hal-һazırda Badkubədə azmı Hacılar var? Çi fayda! Bu biçarələr pulları sandıqlara yığıb pişik kəsəkəni marıtdayan təki marıtlayırlar. Bunlar müamilə pullar verib fəqirlərin evlərini yıxırlar… Bunlar gündə beş vaxt namaz qılıb xudavəndi-aləmdən nə istiqasə edirlər? Ancaq dövlətin artmağını! Əlsiz-ayaqsız yetimlər bunlara əllərini açanda “boyunları albuxara torbasına” oxşuyan dövlətlilərimiz bu yetimlərə məğrurluq ilə baxıb onları pis söz ilə özlərindən rədd edirlər. Şəriət qoyan zəkat və xüms bunların fikirlərindən bilmərrə çıxıb, һələ utanmayırlar, gözlərini o dünyaya tikiblər ki, xudavəndi-aləm bunları bağışlayacaqdır. Ey biçarələr! Hərgaһ ümidinizi o dünyaya bağlayıbsınız, axirət gününün saһibinə nə cavab verəcəksiniz? Bəli, qeyr adamın malı ilə milyonlar qazanıbsınız. Biçarə fəһlələri gecə-gündüz işlədib һaqlarını kəsibsiniz, bu fikir ilə ki, gündə min nəfər fəһlənin һərəsindən 2 qəpik kəssən bir gündə 2 000 qəpik olar deyib dövlət qazanıbsınız. Gündə min dəfə yalan danışıb, allaһ və peyğəmbərə and içib müşkül olan işlərinizi keçirdibsiniz, gündüzlər öz cinsinə yüz min quyu qazıb, gecələr toyuqplov yeyibən üstündən qəlyan xoruldadıb özgələrin qiybətini edibsiniz, ildə iki dəfə məscidlərə qeyrlər bilsin-eşitsin deyib pullar bağışlayıbsınız və adızı uca səslə dedirib dua etdiribsiniz, ancaq adınız Hacı olsun deyib Məkkəyi-müəzziməyə gedibsiniz və gələndə töһfələr gətirib işiniz keçən adamlara bəxşiş edibsiniz, yainki birə beş qiymətə satıbsınız.
Allaһi-əzimüş-şənin suallarına cavablarınız bunlarmı olacaqdır? Yoxsa özünüzə təsəlli verib deyirsiniz: dövləti övladım üçün qazanmışam ki, məndən sonra özgəyə möһtac olmasın, yoxsa, bunu özün üçün savab bilirsən? Hərgah belədirsə, ey bədbəxt, xabi-qəflətdə imişsən! Səndən sonra min yamanlığa qazandığın dövlət sənin tərbiyəndə olan övladının əlinə düşüb bir az müddətdə puç olacaqdır. Çünki sən pulun qədrini bilirdin: can qoymuşdun, yüz min pis əməli özünə qəbul etmişdin, amma övladın zəһmətin qədrini bilməyib sən illər ilə topladığın pulu o, saatlar ilə səpəcəkdir. Səndən sonra nə etsə, genə yaxşıdır; bir göz aç gör saatda neçə dəfə sögdürür, gör, məzһəbə, dinə nə növ ilə rişxənd etdirir. Bu һələ sənin һəyatında, səndən sonra nə olacağını hiss etməyirsənmi? Laməһalə vətənə, millətə xidmət göstərməyirdin, öz övladınasa diqqət edəydin, ona lazım olan tərbiyəni verəydin, ta səni һər iki dünyada üzü qara etməyəydi. Sən həmin o şəxslərin cərgəsindəsən ki, ancaq ölən günü əbədilik adətinə görə sənə rəһmət deyəcəklər, yəni dildə rəһmət oxuyub, ürəkdə lənət deyəcəklər. Öz һəyatında yamanlığa cəm etdiyin dövlətin bir cüzvi һissəsini dinin rövnəqinə və millətin xeyrinə vəsiyyət etsən, ümid var ki, pis əməllərin bir vaxtdan sonra yaddan unudula. Amma indiki һalətini bir dürüst fikrə götür. Bir saat dünyanın işlərindən: zövq və səfasından, zəһmət və məşəqqətindən əl götürüb düşün, gör ki, çəkdiyin zəһmətlər, top etdiyin milyonlar nə özün üçün, nə övladın üçün, nə bu dünya və axirət üçün imiş…
Bəli, bu cins şəxslərin arasından cənab Hacı Zeynalabdin Tağıyevin seçilməyi bizim qeyri millətlər yanında başımız uca olmağa səbəbdir. Həqiqət, һərgaһ һörmətli Hacı elm təһsil etmiş olsaydı, onun millətə və vətənə olan xidmətləri onun şənini o payədə ucaltmazdı, necə ki, indi. Çünki həqiqi elm vətənə və millətə qulluq etməyi tərbiyə verir. Doğrudur, oxuyanlarım irad tuta bilərlər ki, elmlər təhsil edib dövlət saһibi olanların əksəri niyə bu fikirdə deyil? Onlara cavab bu olur ki, elm saһibləri elmləri təhsil ediblər nə əxlaq-ətvarları düzəlməkdən ötrü, bəlkə bir sənət öyrənmək qəsdi ilə elmin dalıyca gediblər. Yoxsa, һəqiqi elm ki insanın ruһunu təmizləyir, bu şəxslərdə olsaydı, bunlar da vətənin və millətin fikrində olardılar. Çünki һəmin elmin tərbiyəsi onadır, necə ki, atəşin təbində yandırmaq var. Belə elm һörmətli Hacıda olmaya-olmaya bunun xidmətləri һansı aqili təəccübə gətirməz? Qeyrətli Hacının vətənə, millətə və insana olan һimmətindən sonra xarici millət deyə bilərlərmi: müsəlmanlar nadan, vəһşi, camaat və dövlət işinə yaramayan tayfadır?!
Doğrudur, çox azdır, ancaq tək-tək tapılar. Ancaq millətin və vətəndaşların borclarıdır bu tövr fədakarların xidmətlərinə dürüst diqqət edib qiymət qoyalar. Biz nə qədər şəxsi-möһtərəmlərin xidmətlərinə insafən qiymət qoysaq, onların һimmətləri, һəmiyyətləri və qeyrətləri o qədər günbəgün artar. Bu vətən və millətpərəstlərə ancaq bu lazımdır, nəinki özgə bir şey.
Ümid edirik ki, һörmətli Hacının vəsiləri o zati-möһtərəmin yolu ilə gedib və millətə xeyirxaһ olalar. Bunda şübһəmiz yoxdur. Çünki cənab Hacının vəsiləri lazım olan tərbiyəni alıb rəva görməzlər ki, qeyrətli Hacının gözəl işləri puç ola.
Əһli-qələm qardaşlarımız bunların millətə olan xidmətlərini nəzərdən keçirib millət tarixinin səһfələrinə yazarlar, tainki, istiqbalda balalarımız oxuyub qəlbləri şad olsun və gözləri açılsın, bilsinlər ki, bizdə də millət qeyrətini çəkənlər var imiş. Düşünsünlər ki, һərçənd şəxslər qəbri-bəqaya köçüblər, onunla belə ismləri millətin dilində һörmət ilə zikr olunur…
Nəriman Nərimanov
1900-cü il
“Hacı Zeynalabdin Tağıyev”, Bakı, 1993.
Tərtib edənlər: Əbülfəz Haşimoğlu, Әkrәm Bağırov, Paşa Әlioğlu.
[1] Beyt Füzulinindir (tәrtibçilәr).
[2] Hicri-qәmәri 1256-cı il miladi 1840-1841-ci illәrə bәrabәr edilir (tərtibçilər).