Filosof Kirill Martınov əsl tətil ideyası, libertarianizm doktrinası və Ayn Rendin inqilabdan sonrakı Rusiyadakı həyatı haqqında Postnauka üçün yazıb.
1957-ci ildə Rend tərəfindən nəşr olunan “Atlant”, cəmiyyəti çiyinlərində daşıyan istedadlı, enerjili insanların fərasətsiz əksəriyyət tərəfindən əks təsirlə qarşılaşmalarının tarixini əks etdirir. Kütlələr haqsızlıq adlandırdıqları şeylərin aradan qaldırılmasına çağırır, həqiqətdə isə təşəbbüslərdən və xüsusi mülkiyyətdən imtina edilməsini, bütün Amerika müəssisələrinin Vaşinqtondan idarə olunduğu planlı iqtisadiyyata keçməsini tələb edirlər.
Rend xalq və partiya maraqlarının həmişə şəxsi marağınızdan daha əhəmiyyətli olduğu bir cəmiyyət qurmağın dağıdıcı nəticələrini təsvir edir. “Atlant”-ın işçi adı olan “Tətil”-də («The Strike») Rendin əsas ideyası əks edilmişdi: Əsl tətili heç də daha yaxşı iş şəraiti tələb edən fəhlələr deyil, cəmiyyətin çiçəklənməsi üçün doğrudan da ehtiyac duyulan sahibkarlar və alimlər təşkil edə bilərlər. Özünün xudbinliyə köklənmiş liderlərinin iştirakı olmadan bütün ictimai sistem işləməyə qadir deyil.
Amerikanın “ən yaxşı insanları”nın görkəmli sahibkar Con Qolt tərəfindən yaradılmış Kolorado dağlarındakı “Qolto Dərəsi” şəhərinə getməsindən bəhs edən romanın süjeti bununla əlaqəlidir.
Bu vadinin axtarışları və Con Qoltun kimliyi, hansı dəyərlərə sahib olduğunu izah etmək Rend mətninin əsas nüvəsini təşkil edir.
Tərbiyə romanı
“Atlant çiyinlərini düzəltdi” – tərbiyə romanıdır. Ayn Rendi gənc yaşda oxumaq, cəmiyyətin – məsələn, valideynlərin, sosial mühit və ya müəllimlərin müqavimətinə baxmayaraq, öz həyatınız üçün məsuliyyəti əlinizə almağa ilhamlanmaq deməkdir. Rendin əsas tezisi ondan ibarətdir ki, əgər öz yolunuzu seçmirsinizsə və bacarıqlı olduğunuz şeyi etmirsinizsə, bu həm şəxsən sizin, həm də bütövlüklə cəmiyyət üçün itkilərlə nəticələnəcəkdir. Mətn şəxsi təcrübəyə, fikirə və ağıla inamı təbliğ edir. Əgər ironiya ilə yanaşsaq, Ayn Rendin oxucuları hamının foto çəkə bilməyəcəyini deyən – hipsterlərdir. Amma onlar özlərinə böyük peşəkar obyektivlər almağa və onunla küçələrdə gəzməyə inadla davam edirlər. Gözlənilmədən onlardan bəziləri doğrudan da peşəkar fotoqraf oldular, öz həyatlarını və bununla da ətraflarındakı həyatı dəyişdirdilər. Məhz buna görə də ABŞ Federal Ehtiyat Sisteminin keçmiş rəhbəri Alan Qrinspen kimi Rendın mətnlərinə sevgilərini ömürləri boyunca daşıyan insanlar var. İndiki iyirmiyaşlılar üçün tərbiyə romanının həminki rolunu, qəribə olsa da, müqayisəedilməz dərəcədə daha yaxşı yazılmış “Harri Potter” oynayır.
Rend və rus mühacirəti
Ayn Rend hələ də Rusiyada, ən azı yaşlı nəsil arasında nisbətən populyar deyil. 15 il əvvələdək isə onun haqqında burada, demək olar ki, heç bir şey bilmirdilər. İlk baxışda, bu kifayət qədər qəribədir, çünki 1980-ci illərdən və ya hətta bir az da əvvəlki dövrdən “itirilmiş adlar” – xaricdə özünü təsdiq etmiş və SSRİ-də çap olunmayan rus mühacirləri, yazıçılar, filosoflar haqqında “samizdat”da geniş müzakirələr gedirdi. Bunların arasında Petroqrad Universitetində təhsil almış və bu zaman məsələn, filosof Nikolay Losskinin seminarına qatılmış Ayn Rend – Alisa Rozenbaum heç vaxt xatırlanmırdı.
Rusiyada onu bu ölkə ilə qətiyyən assosiasiya etmirlər – Rend bu ölkədə Hollivudda ssenari müəllifi kimi başlayan Amerikalı yazıçı hesab edilir. Nəzəri olaraq, Rendın rus filosoflarının və ya yazıçılarının panteonuna daxil olduğu alternativ bir ssenarini təsəvvür etmək olar. Mətninin bədii üstünlüklərinə dair bütün şübhələrə baxmayaraq, ehtimal ki, anarxist Mixail Bakunin, nasional-bolşevik Nikolay Ustryalov və ya hətta sadəcə bolşevik Vladimir Lenin ilə birlikdə xatırlana bilərdi. İnamlarına görə oxşar olduqları mənasında deyil, hamısının müasir cəmiyyətdə müxtəlif dərəcələrdə təsirli olan radikal siyasi fikirlərin müəllifləri olduqlarına görə. Əslində, əla brend ola bilərdi: yeganə rus qadın siyasi filosofu Alisa Rozenbaum. Qərbdə bu olduqca normal bir gedişdir – Rendin adı çağdaş siyasi mütəfəkkirlərin arasında çəkilir, ancaq Kris Skiabarra “Ayn Rend: rus radikalı” kitabı nəşr etdirib.
Kollektivizm və aqressiv kütlələrlə mübarizə ideyaları, əlbəttə ki, Rendin inqilabdan sonrakı Rusiyadakı təcrübəsi ilə birbaşa əlaqəlidir. Bunu, sözdə Sovet hüquqsuzlarının (hüquqlarından məhrum edilmiş insanların) həyatı haqqında yazdığı “Biz sağıq” adlı ilk avtobioqrafik hekayəsi də təsdiq edir. Onun sonrakı mətnləri və xüsusilə “Аtlant”, Sovet Rusiyasından kifayət qədər açıq şəkildə qopmanı əks etdirir: xatırlamaq lazımdır ki, soyuq müharibənin başlanması ilə kommunist təhlükəsi Amerikanın ictimai həyatında əsas mövzulardan birinə çevrilmişdi.
Rusiyada Rendə az maraq olduğundan, Petroqraddakı ünsiyyət çevrəsinin obyektivizm ideyalarının formalaşmasına təsiri çox fəal müzakirə olunmur – bəlkə də qiymətləndirilmir. Şair və tənqidçi Aleksey Svetkov hələ 2003-cü ildə Dostoyevski və Rend haqqında yazdığı məqalədə iddia edirdi ki, rus mədəniyyətinə mənsub olan bir qədər savadlı insan Rendin obyektivizmində 1860-cı illərdə Çernışevski və Pisarevin irəli çəkdiyi ağıllı eqoizm xüsusiyyətlərini asanlıqla tanıya bilər. Ağıllı eqoizmin ideyası ondan ibarətdir ki, ağlabatan bir cəmiyyət qurmağın yolu özünüzə qayğı göstərməkdən keçir. 1921-ci ildə Petroqrad Universitetinin auditoriyasında 19-cu əsr rus inqilabçılarının bu mirası haqqında tələbə müzakirələrini təsəvvür etmək asandır – o zaman bu kommunal həyata qarşı fronda idi (fronda – XVII-də Fransada mütləqiyyətə qarşı burjuaziya hərəkatı-red.)
Ən gülməli an, güman ki, Rendin obyektivizminin – onun obyektiv həqiqətin mövcud olduğu fəlsəfi ağıl doktrinasının məhz Leninin bilik fəlsəfəsinə ciddi şəkildə bənzəməsi ilə bağlıdır. Sonuncunun “materializm və empirio-tənqid”i əvvəlcə insanın bilə biləcəyi hər şeyin təəssüratlar kompleksində birləşdiyini iddia edən Avstriya pozitivist filosofu Ernst Max-a qarşı yönəlmişdi. Alisa Rosenbaum-un Petroqradda oxuduğu illərdə Leninin bu traktatı və onun “Materiya bizə hisslərlə verilən obyektiv reallıqdır” kimi klassik formulaları tələbələr üçün məcburi oxu idi. Rendin gerçəkliyə dair fəlsəfi baxışları Leninə çox yaxın oldu.
Libertarianizm və ya obyektivizm Ayn Rendin xoşuna gəlmirdi ki, libertarianlar onun fikirlərindən istifadə edirlər.
Onun üçün libertarianizm söyüş termini idi və bu ideologiyanın daşıyıcıları anarxistlər və dini fanatiklər idi. Anarxizm Rend üçün qəbuledilməzdir, çünki insanı zülmdən qoruya bilmir: kommunist Rusiyasından ABŞ-a qaçdıqdan sonra anarxist ola bilməzsiniz. Ateist olan Rend, minimal dövlət və xristian inancının birləşməsinin Amerika xəyalının təcəssümü olduğu liberterianlar arasında geniş yayılmış dinə heyran olan mədəni mühafizəkarlıqdan da xoşlanmırdı.
Bununla belə, bu iki məqamı aradan qaldırsanız, Rend nə iddia etsə də, libertarianizm obyektivizmlə tamamilə birləşir. Sadəcə, libertarianlar, bir qayda olaraq, hansısa epistemoloji mövqe tutmurlar – onlar obyektiv reallığın mövcudluğunun və ağılın onu dərk etməyə qadir olub-olmadığının, yaxud bizim biliklərimizin yalnız alət olduğuna əhəmiyyət vermirlər. Libertarianizm, insanın bilikləri haqqında sistematik təsəvvür yaratdığını iddia etməyən siyasi doktrinadır.
Libertarianlığı ən sadə yolla necə təsvir etmək olar? Əgər mən bir libertarianamsa, bütün könüllü amlaşmalara icazə verilən və hər hansı qərəzsiz zorakılığın qadağan olunduğu və ona müqavimət göstərilən bir cəmiyyətdə yaşamaq istəyirəm.
Bu, yazı masasında icad edilən dünyadır: ən yaxşı cəmiyyətin bu iki qayda üzərində qurula biləcəyi düşünülür. Bütün Atlanta konteksti burada tamamilə uyğundur. Rendin romanı libertarian üçün bir növ emosional tramplindir. Atlanta-nı oxuyub nə cür bir cəmiyyətdə yaşamaq istədiyini başa düşüb libertarianlığa gəlmək olar. Bugünkü cəmiyyət dözülməzdir və azadlığın, xüsusi mülkiyyətin və könüllü sövdələşmələrin inkişaf etdiyi “Qolta Dərəsi”nə qaçmaq lazımdır.
Kapitalist realizmi
Nəyə görə Rend, adları vətənlərinə qaytarılan rus mütəfəkkirlərinin panteonunda yerini tutmadı? Birinci variant odur ki, postsovet vətəndaşları Ayn Rendi qiymətləndirmək üçün çox zövqlü idilər. Fikrimizcə, bu fərziyyə o qədər də inandırıcı deyil: Rusiyada çox pis yazıçıları oxuyurlar və “Atlant”ın ədəbi zəifliyi çətin ki, maneə ola bilərdi.
İkinci fərziyyə, Rendin Sovet keçmişini inkar edərək, buradakı insanlar üçün çox radikal, şiddətli anti-kollektivçi olması ortaya çıxdı. Bu versiya da inandırıcı görünmür: bu ölkənin tarixində istənilən antisovet ədəbiyyatının partlayışla satıldığı bir dövr var idi. Məsələn, hər kəs Viktor Suvorovun “Buzqıran”ını oxumuşdu və ümumiyyətlə, cəmiyyət, tarix və siyasətlə bağlı sovet təsəvvürünə alternativ fikirlər axtarırdılar. Ayn Rendin kitabları postsovet Rusiyasında hit ola bilərdi, amma olmadı.
Bizim fərziyyəmiz budur ki, yaxın vaxtlara qədər Rendə çox əhəmiyyət verilməməsi, onun qatı sovetçi olmasıdır. “Atlant” mahiyyətcə istehsal dramıdır (daha doğrusu, Rendin erkən romanı “Mənbə” bu tərifə uyğundur). Stilistik olaraq Rendin mətnləri eyni zamanda kapitalistlərə, casuslara və qolçomaqlara qarşı çıxan fəhlələrin qəhrəmanlıq əməllərini xatırladan Sovet romanları üslubunda qarışıqlıq nöqtəsidir (bax, məsələn, Fyodor Qladkovun “Sement”i, Vsevolod Koçetov-un “Jurbinlər”-i və b.). Belə romanların sonunda düşmənləri ifşa edən dürüst kombaynçı hər hansı proqram nitqini deyə bilirdi – eynilə Con Qoltun məşhur nitqində olduğu kimi. Əlbəttə ki, Renddə baş qəhrəmanlar və antaqonistlər yerlərini dəyişdirirlər – sosialist realistlərin dövlətin faydaları və kollektivizm barədə dedikləri yerləri, şəxsi xeyir və ağıllı eqoizm haqqında yazmaq lazım idi. Kolxoz yerini Qolta dərəsi ilə əvəz etdi.
Mənfi işarəsi olan bu sosialist realizm, “kapitalist realizm” Rusiyada heç kəsi bağlaya bilmədi, çünki hamı real sosialist realizmdən çox bezmişdi. Rendin ağacayaq obrazları və pafosları, bunlardan yenicə qurtulmuş bir ölkədə özünə pərəstişkarlar tapmadı. Rendin kitablarının mağazalarda görünməsi və Rusiyada ictimai müzakirələrdə onun adının SSRİ-də yaşamayan bir nəslin yetişməsi ilə üst-üstə düşməsi xarakterikdir. İndiki 20-30 illik kapitalist realizmi böyük bir şey kimi görünürdü.
Qəhrəmanlar haqqında epos
Müasir mədəniyyətin qəhrəmanları kimlərdir? Bir müddət əvvəl daha çox Hollivud aktyorları və ya məşhur idmançılar idilər. İndi təbii olaraq, ikisi də öz statuslarını qoruyub saxlayırlar, amma artıq onlar yamsılama üçün birinci nümunə hesab edilmirlər. Dövrümüzün qəhrəmanı texno-təşəbbüskar, ixtiraçı və sərmayədardır. Adları məlumdur: Stiv Jobs, İlon Mask, Lerri Peyc. Ayn Rend mətnləri bu cür insanlar haqqında anlayışımıza əhəmiyyətli dərəcədə təsir göstərib. Bunlar dünyanın çiyinlərində dayandıqları titanlardır – sahibkar-liderin fiquru, dahi tənha, müasir mifin əsas süjetinə çevrilir.
Bütün dünyada indi sənaye inqilabının yeni dalğası başlanır: ağıllı proqramlar iş yerlərindəki insanları əvəz edir. Önümüzdəki on il ərzində ABŞ-da işlərin yarısı avtomatlaşdırılacaq və ixtisar ediləcək. Bu hərəkatın başında ixtiraları onlara milyardlarla dollar qazandıracaq və eyni zamanda milyonlarla insanı – “kütlə”nin nümayəndələrini iş yerlərindən məhrum edəcək qəhrəman sahibkarlar durur. Rend, işini itirmiş insanlara kompensasiya təklif etmədiyimiz təqdirdə haqlı olduğumuza şübhə etmək istəməyənlər üçün masaüstü kitab ola bilər.