Bir publisist dostum danışır ki, hansısa yazısında öz kəndinin adını çəkib, kənddə nəyisə tənqid edib. Yazının çıxdığı qəzet, Bakıda təsadüfən həmkəndlisinin əlinə keçib. Adam qayıdıb kəndə, qaldırıb camaatı ayağa, kəndlilər hiddətləniblər, Bakıya zəng ediblər, teleqram çəkiblər. Bir qrup ağsaqqal Bakıya yola düşüb. Jurnalistin qohum-əqrabasını, ailə üzvlərini tapıb, onlara ağır sözlər deyiblər.
Kənddə intizarda qalan qadınlar, uşaqlar, yaşlılar (onlar da yazıdan sarsıntı keçiriblər, çox hiddətləniblər) jurnalistin tapılıb-tapılmadığını bilmək istəyirlər. Tapılıbsa döyülübmü, «hamının qabağında» üzr istəyibmi deyə, çox nigarandırlar. Kiminsə əri söz verib ki, jurnalist üzr istəyən yerdə videoya çəkib, WhatsApp-la arvadına yollayacaq.
Siz bu kəndlilərdəki fəaliyyətə, aktivliyə, həvəsə baxın. Başqa hansı motivasiya ilə, onlar belə cəld səfərbər ola bilərdilər? Azərbaycanda on minlərlə kənd var, amma adı çəkilən bunların kəndidir. Bəs necə! Özlərini birdən-birə əhəmiyyətli hiss ediblər. Bunu yazan adamı tez tapıb, üzr istətmək üçün yollara düşüblər.
Səbəb? Azərbaycanlılar darıxırlar, həyatlarını mənalandıra bilmirlər. Onlara məşğuliyyət lazımdır. Fikir verin – kənddən çıxmaq, Bakıya gəlmək, adamı axtarıb tapmaq, ona üzr istətmək, prosesi videoya çəkib kəndə, Qızbəsə yollamaq – görün boz həyatlar necə birdən-birə rəngləndi, mənalandı.
Bədbəxt publisist, hardan biləydi ki, bu yazını yazmaqla kəndlilərinə, bir il bəs edəcək mövzu və məşğuliyyət verir. Hələ yaxşıdı qaçıb gizlənə bilmişdi, tapmamışdılar.
Qərəz, ölkədə «publik üzr istətmək” epidemiyası baş alıb gedir. Elə bil hamı bir-birilə yarışa girib. Bəlkə də artıq yeni azərbaycanlıların dialoqlarında belə cümlələr eşitmək olur – «Mən, altmış nəfərə üzr istətmişəm», «filankəs məhlədə hamıya üzr istədib», «dəhşət üzr istədən oğlandır», «qızların ürəyi gedir çatmaqaş, üzr istədən oğlanlardan ötrü…».
Üzr istəmək, bizim milli xarakterimizdə “çmoluğun» sinonimi kimi qəbul olunur. Ona görə «üzr istətmək», azərbaycanlı üçün sındırmaq, alçaltmaq, opponentin üstünə sidik ifraz etmək kimi bir şeydir. Yəni çox vacibdir.
Üzr istədən oğlanlar, bu ehtiyacdan yaranıblar.