Ədəbiyyatla maraqlanandan ən sevdiyim janrlardan biri memuar ədəbiyyatı olub. Məşhur yazıçıların, filosofların, bəşəriyyət və ya hansısa xalq, ölkə üçün əhəmiyyətli insanların barəsində yazılanlar, ya da tanınmış şəxsiyyətlərin özləri, öz zamanları barədə yazdıqları bioqrafiyalar həmişə olduqca maraqlı gəlib. Bu baxımdan, mən xalqları iki yerə bölürəm. Memuar ənənəsi olan xalqlar və memuar ənənəsi olmayan xalqlar.
Məsələn, çox uzağa getmədən, götürək Rusiyanı. Məşhur şəxsiyyətlər heç. Kimi qaldırsan, anası, bacısı, qardaşı, qonşusu, iş yoldaşı barəsində memuar yazıb. Sevdiyim şair Sergey Yesenini götürək. Məncə Yesenin barədə yazılan memuarlar özü ayrıca bir araşdırma mövzusudur. Rus poeziyasının ən işıqlı şairi barədə memuar yazmayan yaxını yoxdur. Bacısı Şura Aleksandrovna yazıb, ikinci arvadı Aysedora Dunkan yazıb, sonuncu həyat yoldaşı Sofiya Tolstaya yazıb, sevgilisi Qalina Benislavskaya yazıb, dostları yazıb, müasirləri yazıb… Kim yazmayıb ki. Mən bu memuarların çoxunu oxuyub, şair barədə yazanların necə ziddiyyətli fikirləri, xatirələrinin olmasına xeyli təəccüblənmişəm, amma eyni zamanda bir tarixi şəxiyyətə müxtəlif insanların gözü ilə baxmaq imkanım da olub.
Yaxşı, deyək ki, Yesenin rus poeziyasının ən önəmli adlarından birirdir və onun haqda memuar yazılmağı adi bir şeydir.
Netflix sag olsun, ötən il məşhur Kolumbiyalı narkobaron Pablo Eskobar barədə bir seriala baxmaq imkanımız oldu. Serialdan sonra Eskobar barədə də maraqlandım, internetdə bir az axtardım. Bir narkotik alverçisi barədə oğlu yazıb, arvadı yazıb, qardaşı yazıb, qulluqçusu yazıb, hətta məşuqəsi də kitab yazıb. Oxuyursan, insanı gözünün qabağına gətirə bilrisən, hadisələri özün görmüşmüşsən kimi izləyirsən.
Rus yazıçısı Eduard Limonovun “Bu mənəm, Ediçka” biqorafik romanında onun keçmiş həyat yoldaşı Elena Şapova barədə xeyli ziddiyyətli, epataj söhbətlər var. Kitab çıxar-çıxmaz Yelena Şapova bu bioqrafiyaya cavab olaraq “Bu mənəm, Yelena” adlı biqorafiyasını buraxıb. Bir-biri ilə problemi olan iki yazıçı (Yelena Şapova məşhur deyil, amma o da şairdir) öz şəxsi diskussiyalarını belə yazmaqla, kitabla aparıblar. Demirəm, bu belə vacib söhbətdir, burda məni təsirləndirən əsas məqam, bu iki insanın kitabı necə vacib bir nəsnə hesab etməsidir.
Bu misalları yüzlərlə dəfə artırmaq mümkündür. Yüzlərlə tarixi şəxsiyyətdən danışmaq olar ki, barəsində saysız memuarlar yazılıb. Təkcə şəxsiyyətlər deyil, hadisələr, yerlər barədə də.
Bu baxımdan mənə həmişə maraqlı gəlib ki, Azərbaycanda baş verən bu qədər maraqlı cərəyanlar, hadisələr, yerlər və insanlar barədə memuarlar niyə belə qıtdır? Əlbəttə, siz durub bir neçə şəxsiyyət, bir neçə hadisə barədə tək-tük memuarın adını çəkə bilərsiz. Mən bundan danışmıram. Memuar yazmağın, biqorafik ədəbiyyatın bir ənənə halına gəlməsindən danışıram.
Təbii, bunun məntiqli və haqlı izahları da var. Məsələn, klassik ədəbiyyatımızdakı şair, yazıçıların çoxu kasıb, savadsız ailələrdən olurdu və ailələrində heç kimin savadı çatmırdı onun barəsində memuar yazmağa. Hüqo kimi, Tolstoy, Dostoyevski kimi zadəgan ailəsindən çıxmış yazıçılarımız oldu da, ailə üzvləri yazmadımı, desəniz, haqlısınız, burası heç.
Amma kifayət qədər hadisələr var ki, onların iştirakçıları, şahidlərinin savadına, yazmaq qabiliyyətinə şübhə etmək olmur axı.
Məsələn, götürək Müsavat-Cəbhə hakimiyyətini, o illərə qədər və o illərdə baş verən hadisələri. Hə, Zərdüşt Əlizadə yazıb və bu günə qədər də müsavatçılar da, cəbhəçilər də iddia edirlər ki, filan şey yalandır, filan şey böhtandır, filan şey təhrifdir və s. Amma bu yalanlamalar, bu iddialar məclis söhbətləri və sosial media statuslarından o yana keçmir. Ay müəllim, a bəy, yaxşı, yalan yazıb, bəs doğrusu hardadır, kimin kitabındadır? Böhtandır, şərdir, götür, doğrusunu sən yaz, kitab burax, sənədləşdir, tarixə öz töhvəni ver də, AzTV demişkən. Sən nə qədər ki, onun yazdıqlarına cavab olan kitabı yazmamısan, o sənə bir-sıfır qalibdir. Yalan da olsa, iftira da olsa.
Pənah Hüseynin, İsa Qəmbərin, Əli Kərimlinin memuarları hanı? Bu adamlara “memuar” sözünü deyəndə, niyə hirslənirlər ki? Adam az qalır soruşsun ki, a bəy, siz o vaxt neyləmisiz ki, yazmağa çəkinirsiz.
Ən pisi budur ki, İsa Qəmbər kimi adamlar memuar yazmamaqla özlərini tarixdəki yerlərindən məhrum edirlər. İllər keçəcək, o hadisələr, o illərdəki liderlər unudulub gedəcək ya da tarix kitabında bir səhifə yer tutacaq. Amma kitab qalacaq, memuarlar qalacaq, oxunulacaq, istinad ediləcək. Pisi budur ki, bu adamlar kitabın, yazmağın gücünə inanmır. O inam bir kolumbiyalı narkotacirin oğlunda olur, bir yazıçının həyat yoldaşında olur, bir prezident arvadında olur, yəni hadisələrin bilmərrə iştirakçısı, qəhrəmanı olmayan insalarda olur, onlar öz şahidlik postlarından da istifadə edib, gerçəkləri yazmağın vacibliyinə inanırlar. Amma bu inam bir vaxtlar bizim ölkənin müqəddəratını həll etmiş liderlərdə olmur.
Memuar yazın, cənablar! Memuar yazın, qadınlar! Yazın ki, yazmaq ənənəmiz olsun, memuar ənənəmiz olsun, öz tarixi şəxsiyyətlərimizi, hadisələrimizi əcnəbilərin mətnlərindən oxumayaq. Öz mədəniyyətimiz olsun, öz ədəbiyyatımız olsun. Kitaba, mətnə inanın.