Azərbaycanın ilk inqilabçıları barədə danışarkən adətən XIX əsrin sonu – XX əsrin əvvəli yada düşür. Bəziləri, azərbaycanlılardan ilk inqilabi təşkilat yaradanın M.Ə. Rəsulzadə olduğunu iddia edir. Ümumi olaraqsa bizim ənənəvi biliklərimiz N. Nərimanov, M. Əzizbəyov və M.Ə. Rəsulzadə ilə məhduddur. Hərdən təsadüfən yada salırıq ki, məşhur Babayev fabrikasının adı da, Nuxada ilk fəhlə tətillərini təşkil edən şəxslə bağlıdır (fabrika Pyotr Akimoviç Babayevin adını daşıyır. Pyotr Babayev 1878-ci ildə, fəhlə tətilinin təşkilinə görə sürgünə göndərilən Hakim Babayevin ailəsində doğulub). Ümumi qənaət isə belədir ki, bu dövrdən əvvəl azərbaycanlılar ən yaxşı halda kəndli hərəkatları yarada biliblər.
Əslində bu, tam olaraq belə deyil. XX əsrin əvvəlində Azərbaycanda olan inqilabi hərəkat Rusiya inqilabi hərəkatının bir hissəsi idi və müvafiq olaraq onunla birlikdə inkişaf edirdi. Rusiyada isə bu hərəkat 19-cu əsrin ortalarında geniş vüsət alıb. O zaman, bu hərəkatın aktiv iştirakçıları qismində tələbələr çıxış edirdilər. Bizim erməni və gürcü tələbələri barədə məlumatımız var. Onların təşkilatları və fəaliyyəti barədə (misal üçün Qnçak. Rusiyada oxuyan erməni tələbələr tərəfindən 1887-ci ildə yaradılıb, 1890-ci ildə isə, bir neçə Rusiya ermənisi Daşnaksutyun-u yaradıblar) kifayət qədər məlumata malikik. Azərbaycanlı tələbələrin bu dövrki fəaliyyəti barədə isə, məlumat çox kasaddır. Bizim tarix elmimiz adətən, yalnız 1860-ci illərin tələbələri olan H. Zərdabi və M. Şahtaxtinski barədə ətraflı məlumat verir. Onlar isə inqilabı yox, tərəqqi yolunu seçmiş qrup nümayəndələri idi və müəyyən qədər mövcud hökumətlə razılaşıb, fəaliyyətləri ilə məşğul olurdular (biri kənd təsərrüfatında, başqası müəllimlikdə). Hər ikisinin Azərbaycanın mədəni inkişafında rolu böyükdür, amma onlardan başqa azərbaycanlı tələbələr də olub, hətta inqilabi hərəkatın mərkəzində dayanıblar.
Ə. Tahirzadənin «1920-ci ilədək ali təhsil almış mütəxəssislər» siyahısından bilirik ki, ən azı 9 azərbaycanlı, 1870-ci illərin əvvəlində ali təhsil alıblar (onların arasında N. Vəzirov, S. Mehmandarov kimi şəxslər də var). Bu dövrdə isə Rusiyada bir çox maraqlı proseslər baş verirdi (həm islahatlar tədricən kontr-islahatlara çevrilməyə başlamışdı, həm də əhalinin narazılığı artırdı). Nəticə etibarilə tələbə hərəkatı da genişləndi. Bəs azərbaycanlı tələbələr bu hərəkatda iştirak edirdilərmi?
Təsadüfən, bu yaxınlarda “Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri: İctimai elmlər seriyası”nın 1964-cü ilə aid nüsxəsini vərəqləyərkən, maraqlı məqaləyə rast gəldim. Məqalə müəllifi N.A. Tahirzadə qafqazlı tələbələrin Rusiya inqilabi hərəkatında iştirakını araşdırır. Göründüyü kimi, Sovet dövründə Azərbaycan inqilabçılarının tarixini araşdırmağa çalışırdılar, amma ümumi olaraq məlumat az idi. Buna baxmayaraq həm bu məqalə, həm də bir sıra digər mənbələr hesabına maraqlı məlumatlar əldə etmək olar.
İlk əvvəl qeyd edilməlidir ki, qafqazlı tələbə dedikdə, yalnız azərbaycanlı, gürcü ya da erməni başa düşülmürdü. Ümumiyyətlə Qafqazdan olan hər kəs nəzərdə tutulurdu. Qafqazlılar isə tələbə hərəkatında aktiv iştirak edirdilər. Bu fəaliyyət heç də diqqətdən kənar qalmırdı. Hətta Rusiya imperatoru qafqazlı tələbələr ilə bağlı xüsusi bir qərar qəbul etmişdi. Bu qərara görə, Qafqazdan olan tələbələrin Rusiya universitetlərinə qəbulu üçün, bitirdikləri məktəbin rəhbərliyindən “siyasi etibarlılığa” dair zəmanət məktubu tələb olunurdu.
Qərarın 1869-cu ildə qəbul edilməsi isə bir neçə hadisə ilə bağlıdır. Bu hadisələrdə iki azərbaycanlı tələbə iştirak edirdi. İlk əvvəl bu tələbələri təsvir edək. Birincisi İbrahim Rəhimov (indi Qazaxda onun adına küçə də var) 1849-cü ildə Yelizavetpol (indi Gəncə) qəzasının Qazax sahəsinin Dağkəsəmən kəndində İslam dini müəlliminin ailəsində anadan olub. 1867-ci ildə Tiflis qimnaziyasını əlaçı olaraq bitirib və qubernator tərəfindən müvafiq stipendiyaya layiq görülüb. Bu stipendiya hesabına 1867-ci ildə Moskva Universitetinin tibbi fakültəsinə daxil olub. N. Tahirzadə qeyd edir ki, Rəhimov həkim karyerasını seçən ilk könüllü azərbaycanlı olub. Bir ildən sonra Qafqaz Coğrafiya Cəmiyyətinin üzvü (M.F. Axundovun, İ. Qutqaşenlinin üzv olduğu təşkilatın) Mirzə Hacıbəyovun oğlu Həmid Hacıbəyov da tibb fakültəsinə daxil olur. Düzdür o, bir ildən sonra fizika-riyaziyyat fakültəsinə keçir (“anatomik teatrda praktiki məşğələləri müşahidə etmək iqtidarında olmadığına görə”).
Qafqazlılar tədricən öz çevrələrini yarada bildilər. Bu çevrədə daha bir neçə qafqazlı var idi: zadəgan əsilli F. Ripman (1866-ci ildə Tiflis gimnaziyasını bitirmişdi. İnqilabi hərəkata qoşulduqdan sonra, o stipendiya almaqdan imtina etdi. Hesab edirdi ki, hökumətə qarşı mübarizədə hökumətdən maliyyə yardımı almaq düzgün deyil), D. İşxanov (erməni), Y. Saribekov (erməni) və İ. Şanayev (osetin).
F. Ripman 1869-cu ilin sentyabrında Neçayev ilə tanış olur.
Neçayev Rusiya tarixində və inqilabi hərəkatda heç də birmənalı qarşılanmayan şəxsdir. Amma buna baxmayaraq, o Rusiya inqilabi hərəkatının ilk nümayəndələrindən hesab olunur. 1869-cu ilin sentyabrında həbsxanadan növbəti qaçışdan sonra, o Rusiyaya qayıdır və yeni ideyasını reallaşdırmağa başlayır. O, “Narodnaya rasprava” (“Milli qisas”) adlı təşkilat yaradır. Bu təşkilatın nə qədər böyük olub-olmaması barədə dəqiq məlumat yoxdur. Neçayevin sözlərinə görə sayları çox idi (sonradan, onun işi ilə əlaqədar 300 insan həbs olunmuşdu), amma bunun nə qədər reallığı əks etdirdiyini deyə bilmərik.
Neçayev peşəkarcasına insanları həm aldadır, həm də propaqanda ilə məşğul olurdu. Təşkilatın prinsipi belə idi ki, bir üzv yalnız öz icmasının üzvlərini tanıya bilərdi (5 nəfər), qalan üzvləri isə tanımırdı. Bu fakt, hər hansı araşdırma aparmağı artıq mənasız edir. Həqiqəti yalnız Neçayev bilirdi. O da bu həqiqəti başqalarına açmaq niyyətində deyildi (gələcəkdə o, həbsdən qaçmaqdan da imtina edəcək ki, inqilabçıların bütün gücü II Aleksandrın öldürülməsinə yönəlsin). Bununla belə, onun yaratdığı təşkilatın baş özəyi Petrovsk Əkinçi Akademiyasında yerləşirdi. Buradakı çevrənin üzvlərindən biri də F. Ripman idi. O, tədricən dostlarını da təşkilata qoşmağa başladı. Maraqlıdır ki, təşkilatın bir çox üzvləri heç Neçayevin yazdığı və təşkilatın əsas sənədi hesab olunan “Катехизис революционера” (“İnqilabçı katexizisi”) ilə tanış deyildilər. Neçayev bunu konspirasiya məqsədi ilə etdiyini deyirdi. Buna baxmayaraq, tələbələr bir çox hallarda könüllü və şüürlu olaraq təşkilata qoşulurdular.
Misal üçün, İ. Rəhimov D. İşxanovun qrupuna daxil olarkən, inqilab haqda suala müsbət cavab vermiş və inqilabi hərəkata rəğbət bəslədiyini demişdi. Sonradan istintaq zamanı, o bildirmişdi ki, “təşkilatın məqsədi siyasi çevriliş vasitəsilə “aşağı sinfin” vəziyyətinin yaxşılaşdırılması və bərabərliyin təmin edilməsi”dir. H. Hacıbəyov da təşkilatın hökumət əleyhinə fəaliyyətlə məşğul olduğunu dəqiq bilirdi. Başqa sözlə onlar hara üzv olduqlarını başa düşürdülər. Eyni dövrdə bir çox tələbələr adi tətillərdə, professorların əvəz edilməsinə qarşı çıxış edəndə, Universitetdən xaric olunurdular. Onlar isə bundan daha yüksək mərhələ olan – inqilabi hərəkatda iştiraka hazır idilər.
Məlumata görə təşkilat böyüyürdü və tədricən aktiv fəaliyyətə keçməyə hazırlaşırdı, lakin Neçayevin xarakteri, bütün hərəkat üçün problemə çevrilmişdi.
1869-cu ilin noyabrında Moskva Universitetində tələbə etirazları başlamışdı. Neçayev istəyirdi ki, Petrvosk Akademiyası da bu etirazlara dəstək nümayiş etdirsin. Akademiyanın 23 yaşlı tələbəsi İvan İvanov buna qarşı çıxış etdi. Onun fikrincə bu, Akademiyanın bağlanmasına gətirə bilərdi. Bundan sonra baş vermiş hadisənin tarixi isə F.M. Dostoyevki tərəfindən “Cinlər” romanında təsvir olunub. İ. İvanovun öldürülməsindən sonra təşkilatın fəaliyyətində problemlər yaşanmağa başladı.
Bu problemlər, azərbaycanlı üzvlərin öz bacarıqlarını, nələrə qadir olduqlarını göstərməyə mane oldu. Məhz İ. Rəhimova mətbəə avadanlığını gizlətmək, H. Hacıbəyova isə Tiflisə qayıdıb, həm yerli Tiflis gimnaziyası, həm də Tiflisə sürgün olunmuş tələbələr ilə əlaqə yaratmaq tapşırılmışdı. Amma İvanovun qətli ilə bağlı təhqiqat nəticəsində bütün təşkilat ifşa olundu və həbslər başlandı. Rəhimov 1869-cu ilin 30 dekabrında, Hacıbəyov isə 1870-ci ilin fevralın 1-də həbs olundu.
Bu işin çox geniş xarakter alması hökuməti maraqlı eksperiment keçirməyə vadar etdi. İlk əvvəl ittihamın hazırlanmasına 1 ildən çox vaxt getdi (məhkəmə 1871-ci ilin iyulunda başladı). Bu dövr ərzində ittiham olunanlar həbsxanalarda idilər. Hətta müvafiq qurumlar şikayət edirdilər ki, həbsxanalar dolub və onları boşaltmaq lazımdır. Sonra hökumət prosesi tam açıq aparmağa və qərarın verilməsini andlılara həvalə etdi. Onların fikrincə bu, inqilabi hərəkatın ifşasına və ona qarşı nifrətin yaranmasına gətirəcəkdi. Amma necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”…
İlk əvvəl, rəsmi mətbuatda “İnqilabçı katexizisi” və prosesin bütün materialları (ittiham olunanların çıxışları, sözləri, ittiham və s.) dərc olundu. Düzdür, cəmiyyətdə Neçayevə qarşı nifrət yaransa da (Dostoyevski məhz bu hekayədən təsirlənmişdi), inqilabçılara qarşı əksinə, rəğbət yaranmışdı. Bəziləri onları “aldanmış”, bəziləri isə “öz prinsiplərinə sadiq adamlar” kimi qəbul edirdilər. Çıxışlardan məlum olurdu ki, bu tələbələr öz ideyaları uğrunda, aşağı sinfin daha azad yaşaması uğrunda ən radikal addımlara getməyə hazır imişlər.
Bu isə, qərarın heç də hökumətin xeyrinə olmasına kömək etmədi. Rəhimov və Hacıbəyov ikinci qrupda məhkəməyə çıxarılmışdılar. Onların müdafiəçisi qismində məşhur rusiyalı vəkili A.İ. Urusov çıxış edirdi (ümumiyyətlə proses iştirakçılarını bir çox məşhur vəkillər tamamilə təmənnasız müdafiə edirdilər). Urusovun səyləri nəticəsində, andlılar məhkəməsi İ. Rəhimovu 3 həftəlik həbsə məhkum etdi, H. Hacıbəyov isə tam bəraət aldı.
Ümumiyyətlə proses iştirakçılarından 44-ü bəraət almış, 37 nəfər təqsirli bilinmiş, onlardan yalnız 4-ü katorqaya məhkum edilmişdi. Bu qərarlar hökumətin kefini pozdu. Hətta islahatçı II Aleksandr qərarla bağlı “ədalətin tələblərinə riayət olunmayıb” demişdi.
Nəticədə hökumət başqa yollara əl atmaq qərarına gəldi. İlk əvvəl tələbələri gələcəkdə təhsil almaq imkanından məhrum etdi. Təhsil naziri bütün təhsil ocaqlarına məxfi sənəd göndərdi. Bu sənədə gələcəkdə ali təhsil müəssisələrində təhsil almaq hüququndan məhrum olunan tələbələrin siyahısı əlavə olunmuşdu. Rəhimov və Hacıbəyovun adları da bu siyahıda düşmüşdü. Eyni zamanda Ədliyyə Nazirliyinin göndərdiyi sənədə görə bu insanların hər hansı dövlət işinə cəlb edilməsi də qadağan olunurdu. Başqa tərəfdən qeyri-müəyyən müddətə hər bir iştirakçıya qarşı gizli nəzarət həyata keçiriləcəkdi. Hətta vəkillərə də təzyiqlər başlamışdı. Bir ildən sonra isə A.İ. Urusovu da həbs edib, sürgünə yolladılar.
Vəkillər gələcəkdə işlərinə bərpa olunub, fəaliyyətlərinə davam edə biləcəkdilər, lakin tələbələrin artıq belə bir şansı qalmamışdı. Nə Rəhimov, nə də Hacıbəyov Rusiya Universitetlərində nə təhsil, nə də iş tapa bilməzdilər. Bəzi məlumatlara görə Hacıbəyov, 1871-ci ildə Dağ-Mədən İnstitutuna daxil ola bilmiş, lakin Vikipediya-nın bildirdiyinə görə, 1872-ci ildə təhsilini davam edirməsinə imkan verilməmişdi. Bunun nəticəsində isə o, özünü öldürmüşdü. Düzdür, bu məlumatın səhihliyini dəqiqləşdirmək çətindir.
Rəhimov isə, Rusiyada təhsilini davam etdirməyə imkanı olmadığından, Avstriyaya köçür (xüsusi xidmət orqanları onu gözdən qaçırtmış, Rəhimov bir il boyunca Rusiyada axtarışa verilmişdi) və Vyana Universitetinin tibbi fakültəsinə daxil olur. Sonradan, bahalılıq ucbatından Yenaya köçür və Fridrix Şillerin vaxtilə oxuduğu və dərs dediyi Yena Universitetində təhsilini davam etdirir. Yenadan Rusiyaya qayıdarkən, sərhəddə gömrük işçiləri onun çemodanında Marksın “Kapital” əsərini aşkar edirlər. Kitab Rusiyada artıq qadağan olunmuşdu. Sonda, Xarkov şəhərinə yerləşən Rəhimovun izlənilməsi bəzi sənədlərə görə ən azı 1892-ci ilə, qeyri-rəsmi versiyalara görə isə 1917-ci ilə qədər davam edib.
Xarkovda müxtəlif tibbi müəssisələrdə çalışan Rəhimov, karyerasının son 34 ilini Xarkov xəstəxanasında psixiatr vəzifəsində keçirib. Şəhərdə tanınmış həkimlər sırasına daxil olub. Xarkovda Sovet hakimiyyətin quruluşu şərəfinə keçirilən bayram şənliklərində İ. Rəhimov, artıq “inqilab veteranı” kimi iştirak edirdi. Ömrünün son 2 ilini Bakıda, qızının evində yaşayıb. Qızı, 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirən və Azərbaycanda ilk ali təhsilli qadın və həkim adını qazanan Sona Vəlixandır.
Keşməkeşli həyat yaşayan İ.Rəhimov, hələ Yenada olarkən dostuna yazdığı məktubda bunları qeyd edirdi: “İnqilabi nəzəriyyələrin təbliği – vicdanlı insana layiq yeganə işdir”.