Biz tez-tez qeyd edirik ki, Azərbaycanda elmi tədqiqatlara yer ayrılmır: ya ümumiyyətlə keçirilmir, ya da keçirilən tədqiqatlar çox hallarda mənasız olur. Amma indiki vəziyyət bunun əksini göstərdi. Koronavirus ilə mübarizədə Azərbaycan hökuməti əhali üzərində tez-tez eksperimentlər və faktiki tədqiqatlar keçirməyə başladı: gah 2 aylıq sərt karantin, gah 2 günlük küçəyə çıxmaq qadağası, gah da bir kəndin mühasirəyə alınması. Yəni bu üsulların hər biri müxtəlif ölkələrdə və müxtəlif səviyyələrdə tətbiq olunub. Azərbaycan da ordan-buradan götürür və tətbiq edir. Nəticə etibarilə əhali üzərində eksperimentlər keçirirərək, hər birinin effektiv olub-olmamasını yoxlayır.
Misal üçün, iyunun 6-7-si Azərbaycanın koronavirusun yayılmasına görə “narıncı” zonalarına daxil olan bölgələrdə: Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonlarında tam qadağa sistemi tətbiq olundu. Yəni bu 2 gün ərzində (daha doğrusu 54 saat ərzində) yerli sakinlərin küçəyə çıxmasına qadağa qoyuldu. Bu üsuldan vaxtilə Hindistanda, sonradan Türkiyədə və bir sıra digər yerlərdə tətbiq olunub. O ölkələr üçün bu, effektiv təcrübə idimi? Dəqiq demək çətindir. Təəssüflər olsun ki, Avropa ölkələrindən fərqli olaraq bu ölkələrdə hər hansı üsul ilə bağlı elmi yazılar dərc olunmur və təqdim olunan statistik məlumatlar da bir çox hallarda çox detallı olmur.
Azərbaycanda isə belə qadağanın ilk tətbiqinin effektivliyində şübhələr yaranır. Belə ki, qadağa 6-7 iyun tarixlərində tətbiq olunub. İcbari Tibbi Sığorta Agentliyinin məlumatına görə koronavirusun müəyyən olunması üçün çox hallarda inkubasiya dövrü 5 gündür. Nəzərə alsaq ki, test üçün də 1 gün gedirsə, bu artıq 6 edir. Azərbaycanda bəzi adət-ənənələri (yəni həkimə çox gec müraciət edilməsi və s.) əlavə etsək, bu hardasa 7-8 gün edir. 6 iyun tarixindən hesablasaq bu artıq 11, 12, 13 və 14 iyun tarixləri edir. TƏBİB-in açıqladığı məlumatlara görə, ayın 11-i 352, 12-si 336, 13-ü 352 və 14-ü 387 (yeni rekord) insan yoluxub. Hətta ayın 11-i rekord sayda ölüm – gün ərzində 6 nəfər – qeydə alınıb. Düzdür daha aydın təsvir almaq üçün 10 gün də gözləmək olar (testin nəticələri bəzən 3 günə gəlir). Amma indiki halda qərarlar nisbətən tez verilməlidir və bunun üçün qısa müddət də kifayətdir. Hətta nəzərə almaq lazımdır ki, TƏBİB çox məlumatları paylaşmır və müvafiq tendensiyalar barədə daha məlumatlıdır. Pozitiv tendensiyalar olsaydı bu barədə az qala hər gün keçirilən brifinqlərin birində elan edilərdi.
Yaxşı, təsəvvür edək ki, 2 günlük qadağa (gələn həftə də tətbiqi planlaşdırılır) effektiv üsuldur. Bəs qərarvermə prosesi necə olmalı idi? Yəni hələ ki, biz bu 2 günlük qadağaların mənfi tərəfini müşahidə edirik: mağazalarda insanların təşviş halında alış-veriş etməsi, logistik problemlər və s. Gəlin bir-bir problemləri müzakirə edək.
Birincisi, insanların bir gün əvvəl mağazalara axışması, çörək çatışmazlığı və s. kimi problemlər. Bunun əsas səbəbi hökumətə inamsızlıqdır. Əslinə qalsa bu, bütün dünya üzrə trenddir, əhali arasında hökumətlərə inam azalır. Bunun bir çox səbəbi var, amma Azərbaycanda ümumiyyətlə inanmaq çətindir.
Misal üçün, brinfinqdə Dövlət Yol Polisinin mətbuat katibi deyir ki, “Lənkəranda sərt karantin rejimi sadəcə şəhərin özündə tətbiq ediləcək, kəndlərə aid deyil“. Ümumiyyətlə nəyə görə DYP bu suala cavab verir – bəlli deyir. Hətta Operativ Qərargah hansısa normaları izah etmək hüququna malik deyil. Ona görə adətən Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar ilə həyatımız tənzimlənir. Ən azı orada nəsə qeyd olunmayıbsa, deməli başqa qurumlar özü-özünə və öz xeyirlərinə bunu izah etmək hüququna malik deyil. Qaldı ki, yol polisi ümumiyyətlə çox spesifik sahənin tənzimlənməsi ilə bağlıdır – yol qaydalarına riayət edilməsinə baxır. Və onun nümayəndəsi Lənkərana aid suala cavab verir. Nəticədə növbəti gün artıq Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayır ki, “Sərt karantin rejimi Lənkəranda bütün rayon ərazisində qüvvədədir, kəndlər də daxil“.
İndi belə şəraitdə hökumətin nümayəndələrinə necə inanmaq olar? Hətta 14-16 iyun qadağaları ilə bağlı versiya bir neçə dəfə dəyişirdi (gah 13-15, gah 14-16 deyilirdi). Yəni belə şəraitdə kiməsə inanmaq çətindir. Ona görə insanlar da belə şəraitdə vəziyyətin bir gün ərzində dəyişəcəyi ehtimalını nəzərə alaraq, ərzağı 2 günlük yox, ən azı 1 həftəlik alırdılar. Belə çaşbaş vəziyyətdə nə olacağını dəqiq bilmək olmur.
Başqa tərəfdən 2 gün sərt karantin rejimindən sonra, bazar ertəsi Bakı normal həyata qayıtmalı idi. Amma bu mümkün deyildi. Sərt qadağa rejimi səhər saat 6-ya kimi davam edirdi. Müvafiq olaraq nə çörək zavodu işçilərinin işə çıxması, nə də adi tərəvəzin Bakıya gətirilməsi mümkün deyildi. Çünki bütöv bu logistik zəncir öz fəaliyyətini səhər saat 7.00-da başlamır (çörək zavodu səhər məhsul vermək üçün gecədən çalışır. 2 gün söndürülmüş zavod üçün isə daha çox vaxt tələb olunur). Müvafiq olaraq Bakıda ərzaq bölüşdürülməsi zənciri də pozuldu. Nəticədə səhər və gün ərzində hər yerdə mağazalar çətinliklər ilə üzləşdi.
Yalnız bu dəfə çörək zavodları nəzərə alındı. Başqa sözlə hökumət hansısa qərarı verərkən əvvəlcədən əsla planlaşdırma aparmır. Sadəcə qərar verir və sonradan problemlər yaranarsa – onları cari vəziyyətdə həll etməyə cəhd edir. Misal üçün bu dəfə zibil atmağa, it gəzdirməyə, çörək zavodlarının bir gün əvvəl axşamdan fəaliyyətinə, apteklərin çatdırılma servisinə icazə verildi. Yəni əvvəlcədən planlaşdırılmalı və hesablanmalı olan məsələləri, bizdə yalnız problem yaranandan sonra həll edə bilirlər. Bunun üçün nə Operativ Qərargah, nə də ali təhsil lazım deyil.
Yəni qərarvermə prosesi çox primitiv səviyyədə qurulub. Operativ Qərargah əslində bir çox sahələri təmsil edən qurumlardan ibarət olmalıdır: nəqliyyatdan başlamış təhsilə kimi, tibbdən başlamış ekologiya qurumlarına kimi təşkilatları birləşdirməlidir. Əsas məqsədi də müvafiq qurumlar arasında koordinasiyanın tez qurulmasıdır. Ona görə də operativ qərargahlar yaradılır. Əgər adi vaxtlarda nəqliyyat nazirliyi, Bakı Nəqliyyat Agentliyi və səhiyyə nazirliyi arasında əlaqə qurmaq üçün həftələr lazım olursa, belə qərargahlar hesabına bu dövr bir neçə saata düşməlidir. Eyni zamanda digər qurumlar da hər hansı qərarın verilməsində iştirak etməlidirlər. Yəni 2 günlük qadağa ilə bağlı nəqliyyat sistemi hazır olmalıdır. Misal üçün, əgər şəxsi nəqliyyat qadağan edilibsə, onlar xidməti avtobusları səfərbər etməlidirlər.
Amma bu günlər ərzində ən böyük problem tibb sistemin özündə yaşandı. Belə ki, Bakıda normal günlərdə 139 təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Bu günlərdə onların sayını 16 ədəd artırılaraq – 155-ə çatdırılıb. Normal günlərdə bir briqada 11 çağırışa çıxır. Müvafiq olaraq hesablamaq olardı ki, qapanma günlərində təcili tibbi yardıma (TTY) müraciətlərin sayı artacaq. Bu dövrdə bütün poliklinika və xəstəxanaların faktiki bağlı olması isə müraciətləri daha da artıracaq. Müvafiq olaraq yalnız Bakıda müraciətlərin sayı gündəlik 2500-ə çatdı (ola bilər ondan da çox idi, sadəcə TTY-ın çıxdığı çağırışlar hesablandı). Yəni artıq bir briqadaya orta olaraq 16 çağırış düşürdü. Koronavirus xəstələri ilə bağlı briqadaları nəzərə alsaq, digərlərin payına daha çox iş düşdü. Əlbəttə ki, ciddi problemlər yaşandı. Hətta apteklərin işləməməsi nəticəsində, insanlar TTY-ə müraciət etməli olurdular. Məsələnin maraqlı tərəfi odur ki, bunu hesablamaq mümkün idi. Əvvəlcədən bəlli idi ki, dializə gedənlər dializə getməlidirlər, diabet və digər xəstələrə iynə vurmaq lazımdır, yayda insanların təzyiqi və s. kimi problemləri olur. Yəni TƏBİB ən azı bunu bilirdi. Nəyə görə əvvəlcədən bunu planlaşdırmadı? Bəlli deyil.
Beləliklə, bu məsələnin həlli üçün həkim personalı kifayət deyildisə, tibb universitetinin tələbələrini və digərlərini cəlb etmək olardı (hətta özəl klinikaları da işə cəlb edib, onların TTY briqadalarını vahid sistemə qoşmaq olardı). Heç kim demir ki, könüllü olaraq tələbələrdən istifadə etmək lazım idi. Amma ödənişli əsaslar ilə həm tələbələri cəlb etmək olardı, həm də müvəqqəti əlavə briqadalar da yaratmaq olardı. Əlavə maşınların cəlbi üçün həm özəl klinikalar ilə əməkdaşlıq etmək olardı, həm də nəqliyyat strukturlarının köməyindən istifadə etmək.
Yəni bir çox yaranmış problemləri əvvəlcədən həll etmək olardı. Təəssüflər olsun ki, bizim Operativ Qərargah deyəsən yalnız tibb və statistika bölməsindən ibarətdir. Hər iki bölmənin də nə tərkibini bilirik, nə də işinin nədən ibarət olduğunu. Ən azı statistika bölməsi barədə deyə bilərəm ki, o öz işinə çox səthi yanaşır. Digər bölmələrin fəaliyyəti barədə isə bizdə heç bir məlumat yoxdur.
Məhz bunun nəticəsidir ki, aktiv xəstələrin sayı gündən günə artır (yəni heç bir planlaşdırma işi aparılmır. Qərarlar verilir və onların yerinə yetirilməsi polisə həvalə edilir). Rəsmi olaraq koronavirus xəstələri üçün ayrılmış xəstəxana yerləri 5102 idi. Bu dövr ərzində 10 modul xəstəxana yerinə hələ ki, yalnız 4 modul xəstəxana istifadəyə verilib. Bu da əlavə 800 yer deməkdir. Ondan başqa artıq 200-300 yerlik Mərkəzi Gömrük Xəstəxanası da ayrılıb. Amma buna baxmayaraq, yerlər artıq çatışmır (faktiki 70% məşğuldur). Belə davam etsə, Azərbaycan başqa problemlər ilə üzləşə bilər.
Maraqlıdır ki, atılan hər bir tədbirin başqa bir tərəfi də olur. Misal üçün, 2 günlük qapanma işçilərin də hüquqlarına təsir edir. Belə ki, əmək qanunvericiliyinə əsasən, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. İstirahət vaxtı isə işçinin şəxsi fikri ilə əmək qabiliyyətinin bərpa olunmasına və özünün maraqlarının təmin olunmasına sərf etdiyi vaxtdır. İndiki halda isə işçilərin həftəsonlarını öz şəxsi fikri və seçimi ilə planlamaq hüququ pozulmuş olur. Maraqlıdır, məsələnin bu tərəfi işçilərə kompensasiya olunacaqmı?