1776-cı il müasir dünya üçün həm siyasi, həm də iqtisadi baxımdan çox önəmli ildir. Obrazlı desək, müasir dünyanın təməllərinin bir baxıma 1776-cı ildə atıldığını da iddia etmək olar. Siyasi baxımdan ona görə ki, həmin il İstiqlaliyyət Bəyannaməsi qəbul edildi və Amerika dövləti yarandı. Onun indiki dünya siyasətindəki mövqeyini izah etməyə ehtiyac yoxdur. İqtisadi baxımdan isə ona görə ki, iqtisad elminin banisi hesab edilən Adam Smitin məşhur “Xalqların sərvəti” (“Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat”) əşəri nəşr edildi. Bu əsər iqtisadi münasibətlərə və iqtisadi sistemə ciddi təsir etdi və bir çox yeniliklər gətirdi. Smitin əsərində irəli sürdüyü fikirlərin praktikada ən çox istifadə edildiyi ölkələrdən biri elə ABŞ idi.
ABŞ və dünya iqtisadiyyatı baxımından önəm kəsb edən ortaq rəqəmlərdən biri də 1929-dur. Amerika Birləşmiş Ştatlarının 244 illik tarixində qarşılaşdığı ən çətin illərdən biri yəqin ki, 1929-cu ildir. Məhz bu il başlanan böhran tarixdə “Böyük depressiya” adı ilə qaldı. Böhran 1929-1933-cü illəri əhatə etsə də, onun təsiri ikinci dünya müharibəsinin sonuna qədər qalmaqda idi. İndinin özündə də, ABŞ-da iqtisadi göstəricilər aşağı düşdükcə həmin göstəricilər 1929-cu ildəki vəziyyətlə müqayisə edilir. Yəni, Böyük Depressiya hələ də mənfi mənada müqayisə obyekti rolunu oynamaqdadır. Son günlər bu yanaşmaya daha tez-tez rast gəlməkdəyik, çünki, hazırda dünyada hökm sürən iqtisadi durğunluq bütün ölkələrdə olduğu kimi dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da da, bir çox göstəriciləri “Böyük Depressiya” illərindəki səviyyəyə yaxınlaşdırıb. Bəs həmin illərdə nələr baş vermişdi, böhran necə ortaya çıxdı və necə öhdəsindən gəlindi?
Birinci Dünya Müharibəsindən sonra ABŞ artıq supergücə çevrilmişdi. Avropa ölkələrinin əksəriyyətinin müharibədən sonra iqtisadiyyatlarının dağılması beynəlxalq ticarətdə ABŞ-ın rəqiblərini azaltmış və onu şəriksiz liderə çevirmişdi. 1920-ci illərdə dünyada istehsal olunan bütün məhsulun yarısına yaxını sadəcə ABŞ-da istehsal olunurdu. Ümumdaxili Məhsulun həcminə görə dünyada liderliyə yüksələn ABŞ, bir əsrdir ki, bu statusunu qoruyub saxlaya bilib.
Digər tərəfdən bu illərdə artıq “Ford inqilabı” baş tutmuş və bir çox şirkətlərin istehsal gücü və satışı artmışdı. Bu hal işçilərin qazancına da təsir edirdi və daha çox gəlir qazanmalarına səbəb olurdu. Artıq ABŞ-da işçi sinifi də tətilə gedir, daşınmaz əmlak ala bilirdi. Soyuducu, tozsoran, paltaryuyan maşınlar bu dövrdən etibarən bütün evlərdə tapılan əşyalara çevrilmişdi. 1922-ci ildə ABŞ-da aktiv fəaliyyət göstərən 60-dan çox radio var idi və orada səslənən reklamlar əsasən bankların təbliği istiqamətində idi ki, bu da insanların banklardan kredit əldə etməsini və istehlakı artırırdı. Həmin illərdə ölkədəki bankların sayı isə bu gün üçün fantastik səslənir – 24.000! 1920-ci illərin ortalarında hava nəqliyyatı vasitəsi ilə sərnişin daşıması da artmağa başladı. Bu sektora özəl şirkətlərin daxil olmasına icazə verildikdən sonra, əgər 1926-cı ildə cəmi altı min adam hava nəqliyyatından istifadə etmişdisə, cəmi üç il sonra bu rəqəm 173 minə bərabər idi. Artan tələbin qarşılanmasında Birinci Dünya Müharibəsində hərbi pilot olaraq xidmət etmiş pilotların mülki aviasiyaya keçid etməsinin də rolu oldu. 20-ci illərdə hava nəqliyyatı qədər, avtomobil nəqliyyatında da sıçrayış yaşanmışdı. Ford şirkətinin kütləvi istehsala başlaması və avtomobil qiymətinin sadəcə 300 dollar olması səbəbiylə artıq on illiyin sonunda ölkədə 26 milyon avtomobil qeydiyyata alınmışdı. Bütün bunlar ABŞ-da 1920-ci illərin “kükrəyən iyirmilər” adlandırılmasına səbəb olmuşdu. Bir sözlə, amerikan röyası (American dream) gerçəkləşməkdə idi. Ancaq, tezliklə bu şirin röya kabusa çevrildi.
Böyük böhranın baş verməsinin səbəbləriylə bağlı müxtəlif iqtisadi məktəblərin fərqli yanaşmaları var. Bəziləri bunu pul siyasəti ilə əlaqələndirir, bəziləri liberal iqtisadi siyasətlə, digərləri bank sektoruyla və ya qızıl standartıyla. 1920-ci illərin ortalarında ABŞ-da əmlak sektorundakı inkişaf xüsusilə Floridada gözə çarpırdı. Bu ərazidə qışın nisbətən mülayim keçməsi, nəqliyyat infrastrukturunun inkişafı və digər səbəblər insanlarda gələcəkdə bu ərazidə turizmin inkişaf etməsi səbəbiylə əmlak qiymətlərinin yüksələcəyi və indi alınan əmlakların daha yüksək qiymətə satılacağı fikrini formalaşdırdı və bu ərazidə kütləvi əmlak satışları həyata keçirildi. Ancaq, bir neçə il sonra bölgədə baş verən qasırğa nəticəsində bir çox evlər ziyan gördü və əmlak qiymətlərində ciddi ucuzlaşma baş verdi, bir sözlə, Floridada spekulyativ əmlak balonu partlamışdı və artıq investorların və spekulyasiyaların yeni ünvanı Nyu York birjası idi. Elə böhranın üzə çıxması da 1929-cu ilin oktyabrında “Qara Cümə Axşamı” adlanan hadisənin baş verməsi ilə oldu. Həmin gün birjada səhmlər kütləvi şəkildə böyük miqdarda ucuzlaşmağa başladı və ciddi maliyyə itkiləri yaşandı.
Həmin illərdə bankların fəaliyyəti demək olar ki, tənzimlənmirdi. Bu səbəbdən riskli və məsuliyyətsiz kreditləşmə həyata keçirilmişdi. Ona görə də, elə böhranın başlanğıcındaca minlərlə bank iflas etdi. Bir çox insanların şəxsi vəsaitlərinin də bu banklarda batması iqtisadi vəziyyəti daha da pisləşdirdi. Böhranın kəskinləşməsinə səbəb olan daha bir amil, ABŞ iqtisadiyyatının təxminən yarısının 200-ə yaxın holdinqin nəzarətində olması idi. Ona görə də, bir neçə holdinqin iflas etməsi belə ölkə iqtisadiyyatına ciddi təsir edirdi. Bu qədər az saylı şirkətin belə böyük paya sahib olması isə, Birinci Dünya Müharibəsi illərində orta və kiçik ölçülü şirkətlərin batmamaq üçün birləşib böyük şirkətlər şəklində fəaliyyət göstərməsi ilə bağlıydı. Böhranın təsiri təkcə Amerika ilə məhdudlaşmırdı. Başda onun ticarət partnyorları olmaqla bütün dünyada hiss edilirdi.
Bütün bu iflasların, təlatümlərin insanlara təsiri isə dəhşətli idi. Qısa zaman ərzində dünyada istehsal 42%, ticarət isə 65% azalmışdı. On milyonlarla insan iş yerlərini itirmişdi. Büdcə ixtisarları nəticəsində ABŞ-da dərs ili belə qısaldılmışdı. Həmin illərdə ABŞ-da ÜDM iki dəfəyədək azalmış, işsizlik 3.2%-dən 25%-ə yüksəlmiş və illər boyu iki rəqəmli həddə qalmışdı. Böhran illərində yüz minlərlə ailə yaşayış yerindən məhrum olmuş və yüz mindən artıq şirkət iflas etmişdi. Bir neçə il öncə rifah iqtisadiyyatından bəhs edilən ölkədə, indi milyonlarla insan pulsuz yemək üçün uzun müddət sırada gözləməli olurdu. Böhranın bu qədər dərinləşməsində həmin dövrdə prezident olan Herbert Huverin və adminstrasiyasının vəziyyəti düzgün qiymətləndirməməsi də rol oynadı. Belə ki, Huver baş verənlərin müvəqqəti olduğunu düşünür və bazarın özü-özünü tənzimləyəcəyini hesab edirdi. Ona görə də, hökümət tərəfindən vəziyyətin düzəldilməsi ilə bağlı ciddi addımlar atılmırdı. Belə vəziyyətdə böhranın kəskinləşməsi hətta ölkədə kütləvi ixtişaşların meydana gəlməsinə səbəb olmuşdu. Huverin bu yanlış qənaəti onun növbəti seçkilərdə Ruzveltə məğlub olması ilə nəticələndi.
Ruzveltin iqtisadiyyatı xilas etmək üçün təqdim etdiyi plan “Yeni kurs” (New deal) adlanırdı. Bu islahatlar doğrudan da ABŞ üçün olduqca yeni yanaşma idi. Dövlətin iqtisadiyyata müdaxiləsinin minimum səviyyədə olduğu ölkədə, bir çox tənzimləmələrin aparılması nəzərdə tutulurdu. Ruzveltin konsepsiyasının əsasında dövlətin iqtisadiyyata fəal müdaxiləsi və aparıcı mövqeyə sahib olması dururdu. “Yeni kurs”un ən vacib tərkib hissələrindən biri də sənayenin inkişafı haqqında qanun layihəsi idi. Bu qanun vasitəsiylə Ruzvelt və komandası sənayedəki rəqabəti məhdudlaşdırmağın, həmkarlar təşkilatlarının yaradılması üçün fəhlələrə daha geniş hüquqlar verilməsinin, əmək standartlarının tənzimlənməsinin iqtisadi inkişafa daha çox fayda verəcəyini bəyan edirdi. Ruzveltin islahatlarının digər bir vacib tərkib hissəsi böyük miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi idi. Çünki, tikinti işlərinin genişləndirilməsinin həm işsizliyi azaldacağı, həm də iqtisadi fəaliyyəti canlandıracağı düşünülürdü. Bu səbəbdən 30-cu illərin ortalarından etibarən ABŞ böyük bir tikinti meydançasını xatırladırdı. İslahatların ən çox gözə çarpdığı sahələrdən biri də bank və maliyyə sektoru idi. Bu sahədəki qurumların fəaliyyətini tənzimləmək üçün 500-dən çox qanun qəbul edilmiş və əmanətlərə zəmanət verilməyə başlanmışdı. Ruzveltin proqramında iqtisadi addımlarla yanaşı, milli birliyin də vacibliyi qeyd edilir və bunun təmin edilməsi üçün də addımlar atılırdı. O aşağı sosial qruplardan olan vətəndaşlara daha yaxşı şəraitin yaradılmalı olduğunu qeyd edir və bu “unudulmuş insanlar”ın sayəsində həmin birliyi qura biləcəklərini düşünürdü. Ruzvelt həmin dövrdə məşhurlaşan ifadəsində isə qeyd edirdi ki, “qorxmalı olduğumuz tək şey qorxunun özüdür”. Bütün bu addımlar böhranın nəticələrinin aradan qaldırılmasına səbəb olmasa da, əvvəlki illərə nəzərən nisbətən artım qeydə alındı.
Böyük depressiyanın dünyaya qazandırdıqlarından biri də Keynsçilikdir. Əslində Ruzveltin yeni kursunun əsasında da məhz bu nəzəriyyə dururdu. Con Meynard Keynsin 1936-cı ildə yazdığı “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” kitabı keynsçiliyin mahiyyətini açıqlamaqla yanaşı, həm də, makroiqtisadiyyatın, yəni, bütövlükdə ölkə iqtisadiyyatını makro səviyyədə tədqiq edən yeni elm sahəsinin ortaya çıxmasına səbəb oldu. Keynsçilikdə maliyyə siyasəti pul siyasətindən daha vacib idi və onlar hesab edirdilər ki, hökümətlərin əsas vəzifəsi ölkə iqtisadiyyatında investisiyalar vasitəsiylə fəallığı artırmaq və tələbi stimullaşadırmaq olmalıdır. Bunun üçün onlar faiz dərəcələrini və vergiləri azaltmalı, büdcə xərclələrini isə artırmalı, işsizliyi aşağı həddə tutmalıdır. Bunu təmin etmək üçün hətta ölkənin borc alması və büdcə kəsrlərinin olması da qorxulu sayılmır, çünki, Keynsə görə, hökümət tərəfindən xərclənən vəsait artdıqca, ölkədə iqtisadi fəaliyyət də canlanır və bu son nəticədə ümumi rifaha təsir edir.
Keyns bu gün də dünyada əsas beynəlxalq maliyyə institutları hesab olunan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi qurumların qurucularından biridir. Onun bioqrafiyasında daha bir maraqlı məqam da onunla bağlıdır ki, Birinci Dünya Müharibəsindən sonra sülh müqaviləsinin hazırlandığı Paris Sülh Konfransında iştirak edən Keynes, müqavilənin şərtləri arasına Almaniyanın böyük miqdarda təzminat ödəməli olmasının da daxil edilməsini kəskin tənqid etmiş və bu şərtlərin gələcəkdə Almaniyanın iqtisadi olaraq çökməsinə səbəb olacağını, bunun da bütün Avropaya problemlər yaradacağını bildirərək etirazla konfransı yarımçıq tərk etmişdi. Zaman doğrudan da onu haqlı çıxardı, Almaniyada Hitlerin hakimiyyətə gəlməsinə şərait yaradan əsas amillərdən biri ölkənin içində olduğu dərin iqtisadi tənəzzül idi.
Keynsin nəzəriyyəsi digər iqtisadi məktəblər tərəfindən tənqid edilsə və 70-ci illərdən etibarən aktuallığını itirsə də, indi də hökümətlər iqtisadi böhran zamanlarında vəziyyətdən çıxmaq üçün Keynsi xatırlayır və onun nəzəriyyəsinə müraciət edirlər. Son dönəmlər dünya iqtisadiyyatında yaşananlar göstərir ki, yaxın illərdə Keyns və nəzəriyyəsi haqqında daha çox eşitməyə başlayacağıq.