Xəzər dənizinin dibində inşa olunması planlanan qaz kəməri… Bu, kimisi üçün bir gözlənti, kimisi üçün potensial reallıq, kimisi üçün də sadəcə reallaşması mümkün olmayan bir layihədir. Kəmərin çəkilməsi kimə və nəyə görə lazımdır? Yaxud kimə və nəyə görə çəkilməsi mümkün deyil? Yazıda bu suallara cavab verməyə çalışacağam.
Kəmərin texniki göstəriciləri
Layihəyə görə, Türkmənbaşı və Bakı şəhərləri arasında inşa olunacaq 300 km-lik (980 km-lik Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, təxminən, 3 dəfə qısa) kəmərin illik qaz ixracı həcminin 30 milyard m3 (illik qaz ixracı həcmi 20 milyard m3 olan BTE-dən 1,5 dəfə çox) olması və Türkmənistan qazının Azərbaycan-Gürcüstan və Türkiyə üzərindən artıq mövcud olan BTE (digər adı Cənubi Qafqaz) qaz kəmərinə birləşərək Avropaya nəql edilməsi nəzərdə tutulur.
Kəmərin önəminin statistik göstəricilərlə izahı
Bu layihənin Avropa üçün önəmi Avropa İttifaqının rəsmi sənədlərində dəfələrlə qeyd edilib (məsələn, 2012-ci ildə qəbul edilən “Enerji siyasəti: sərhədlərimizdən uzaqdakı ortaqlarımızla münasibətlər” adlı sənədi göstərə bilərik). Belə ki, enerji idxalında Rusiyadan ciddi asılı olan Avropa İttifaqı ölkələri alternativ qaz mənbələri arayışındadır. Türkmənistan isə qaz ehtiyatlarına görə, dünyada dördüncü yerdədir. Müqayisə üçün qeyd edim ki, OPEC-in 2019-cu il rəsmi statistikasına görə, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 1,7 trilyon m3-dursa, Türkmənistanda bu rəqəm 12,2 trilyon m3-dur (Azərbaycandan 7 dəfə çox). Avropa Komissiyasının 2020-ci ildə nəşr etdiyi rəsmi statistikaya görə, Avropa İttifaqının 2017 ildə 435,7 milyard m3 qaz idxal etdiyini və bunun 163,2 milyar m3-nun Rusiyadan idxal edildiyini nəzərə alsaq, birlik ölkələrinin Rusiyadan, həqiqətən, ciddi qaz asılılığı olduğu, eyni zamanda Türkmənistanın bu asılılığı azaltmaq üçün böyük potensiala malik olduğu nəticəsinə gələ bilərik. Lakin Trans-Xəzər qaz kəməri layihəsində nəzərdə tutulan həcm bu asılılığı yox etməyə kifayət deyil. Hətta bu asılılığın gələcəkdə uzun müddət davam edəcəyini vurğulaya bilərik. Lakin Türkiyənin mövqeyindən baxanda daha fərqli mənzərə görürük. Türkiyənin “Enerji Piyasası Düzenleme Kurulu”nun rəsmi statistikasına görə, 2017-ci ildə Türkiyə 55,2 milyard m3 qaz idxal edib, bunun 28,7 milyard m3-u Rusiyadan idxal olunub. Odur ki, Trans-Xəzər qaz kəməri layihəsi Avropanın Rusiyadan enerji asılılığını tamamən yox etməyə yetərli olmasa da, Türkiyənin Rusiyadan enerji asılılığını yox etməyə və ya önəmli ölçüdə azaltmağa yetərlidir.
Rusiyanın enerji gücündən siyasi təzyiq aləti olaraq istifadə etdiyini nəzərə alsaq, bu layihə həm Avropa, həm də Türkiyə üçün böyük önəm daşıyır. Haşiyəyə çıxaraq qeyd edim ki, bu siyasət təkcə Rusiyaya aid deyil, hətta Azərbaycan tərəfindən də istifadə olunub. 2009-2010-cu illərdə Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması və sərhədləri açması məsələsi gündəmə gələrkən Azərbaycan Türkiyəni qazın qiymətini qaldırmaq və Rusiya ilə təkrar enerji əməkdaşlığına getməklə təhdid etmiş və bu siyasət öz bəhrəsini vermişdi. Odur ki, dövlətlər enerji məsələsində bir ölkədən asılı olmamağa, qaz idxal etdiyi ölkələrin sayını artırmağa, yəni qaynaq çeşidləndirməsi siyasətini həyata keçirməyə çalışır. Bu baxımdan Trans-Xəzər qaz kəməri layihəsi ideal xarakter daşıyır. Lakin Avropa və Türkiyənin çoxsaylı cəhdlərinə baxmayaraq, sözügedən layihənin gerçəkləşməsi baş tutmadı. Sual doğur: niyə?!
Trans-Xəzər Qaz Kəməri layihəsinin önündəki əngəllər
Azərbaycan, Türkiyə, hətta Avropa cəmiyyətində belə bir stereotip var: “günahkar Rusiya”. Əgər hər hansı layihəni həyata keçirmək alınmırsa, günah Rusiyadadır. İki tərəf arasında savaş çıxırsa, günah Rusiyadadır. ABŞ-ın müxtəlif zamanlarda müxtəlif ölkələri təsvir etmək üçün istifadə etdiyi ifadə ilə desək, əsl “şər qüvvə”. Başqa ifadəylə, Trans-Xəzər qaz kəməri layihəsinin həyata keçirilməməsinin başlıca səbəblərindən birincisi kimi, Rusiyanın bu layihəyə qarşı çıxması göstərilir. Bunu iddia edənlərin əsas arqumentləri layihənin Rusiyanın hegemon maraqlarına zidd olması, gerçəkləşəcəyi təqdirdə Avropa və Türkiyə enerji bazarını itirmə təhlükəsi olduğu üçün bölgə ölkələrinə təzyiqlər etməsi, bunun sayəsində bölgə ölkələrinin layihəni imzalaya bilməməsi, yaxud öz aralarındakı anlaşmazlıqları kənara qoyub ortaq məxrəcə gələ bilməməsidir. Lakin bu, həqiqətən, belədirmi? Rusiya, həqiqətən də, bölgə ölkələrinə təzyiqlər edirmi? Bölgə ölkələri arasında hansı anlaşmazlıqlar var? Bu anlaşmazlıqların gətirdiyi qazanclar layihənin gerçəkləşəcəyi təqdirdə tərəflərin əldə edəcəkləri qazancdan çox mu böyükdür?
Əvvəlcə Rusiyanın bölgə ölkələrinə təzyiqlərindən bəhs edək. Trans-Xəzər layihəsi iki bölgə ölkəsinə aiddir: Azərbaycan və Türkmənistan. Rusiyanın Azərbaycana təməl təzyiq vasitəsi Dağlıq Qarabağ problemidir. Azərbaycanın Rusiya maraqlarına qarşı çıxdığı zamanlarda bu problemin qabardığı və daha çox üzə çıxdığını, müəyyən çaxnaşmaların yarandığını söyləyə bilərik. Lakin Azərbaycanın qərbə yönəlik layihələr gerçəkləşdirməsi və Rusiyanın Ermənistanla bir hərbi blokda yer aldığı üçün ona yardımlar etməsi, onun Dağlıq Qarabağ üzərindən Azərbaycana təsir gücünü minimuma endirir. Bu anlamda Rusiya Azərbaycanın Trans-Xəzər layihəsinə imza atmasına heç cür əngəl təşkil etmir. Bəs Türkmənistan necə? Çoxlarının düşüncəsinə görə, Rusiya Türkmənistan üzərində güclü təsirə malik olduğu üçün Türkmənistan Trans-Xəzər layihəsinə imza atmır. Lakin qeyd etmək lazımdır ki, Türkmənistan da Azərbaycan kimi hal-hazırda Rusiyanın öz üzərindəki təsir gücünü minimuma endirib. Bəlkə də Rusiyanın XX əsrin 90-cı illərində həm Azərbaycan, həm də Türkmənistan üzərindəki təsirindən danışsaq, yerində olardı. Lakin XXI əsrin 20-ci ilində artıq bu təsirdən danışmaq yerinə düşmür.
Öncəliklə Rusiyanın Türkmənistana təsiri ölkədəki rus etnik azlığı vasitəsilə mümkün ola bilərdi. Başqa sözlə, Türkmənistan Rusiyanın təsir dairəsindən çıxsa (Ukraynanın NATO və Aİ ilə ittifaqa girmək istəməsi kimi), Rusiya buradaki rus etnik azlığını ayağa qaldıraraq Krım və Donbass nümunələrində olduğu kimi qarışıqlıq və vətəndaş müharibəsi yarada bilərdi. Lakin Türkmənistanın rus əhalisi gedərək azalır. Belə ki, 1959-cu il siyahıyaalmasına görə, əhalinin 17,3%-ni ruslar təşkil edirdisə, 1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Türkmənistanı rus əhalinin böyük hissəsi tərk edib, 1995-ci il əhali siyahıyaalmasına görə isə, ölkədəki rus əhalinin ümumi əhaliyə nisbəti 6,7% olub. Günümüzdə Türkmənistan qapalı bir ölkə olduğu üçün əhalinin rəsmi statistikası haqda dəqiq məlumat əldə edə bilməsək də, müxtəlif mənbələrin qeyd etdiyi rəqəmlərə əsasən deyə bilərik ki, hazırda Türkmənistanda əhalinin 2,3 %-ni[1] (155 min nəfər, bəlkə də daha az) ruslar təşkil edir. Əvvəllər rus əhali ikili vətəndaşlığa sahib ikən 2003-cü ildən etibarən həyata keçirilən siyasətə görə, ikili vətəndaşlıq siyasəti ləğv edilib və insanlar iki ölkədən yalnız birinin (ya Rusiya, ya da Türkmənistan) vətəndaşlığını qəbul etməyə məcbur edilib[2]. Bu siyasətə keçid əvvəlki prezident Saparmurad Niyazova ikili vətəndaşlığı olan şəxslərin 2002-ci ildə törətdikləri sui-qəsd cəhdi ilə əlaqələndirilir. Beləliklə, bu siyasət Türkmənistandakı rusların azalmasına səbəb olan amillərdən biri olub.
Buna baxmayaraq, ölkədə rus dili çox geniş bir istifadə dairəsinə malikdir. 1996-ci ilədək ölkə konstitusiyasına görə, rus dili rəsmi danışıq dili statusuna malik olsa da, 1996-cı ildən sonra rus dilinin bu statusu endirilib. Buna baxmayaraq, ölkədə çoxsaylı rus məktəbləri, xüsusilə də, rus sektorları olan məktəblər, rus telekanalları, rus teatrları mövcud idi. Günümüzə qədər rus məktəblərinin böyük əksəriyyəti, Puşkin adına rus teatrı, universitetlərdəki rusca təhsil və rus telekanalları ləğv edilib[3], 2020-ci ilin dərs ilinin başlanğıcında isə (sentyabrın əvvəlində elan edilən qərara əsasən) məlum olub ki, ölkədə rus sektorları da (əhalinin bir hissəsinin ciddi etirazlarına baxmayaraq) qadağan edilib[4]. Beləliklə, Türkmənistan hakimiyyəti yeritdiyi siyasətlə Rusiyanın nə ölkədəki rus əhalisinə, nə də rus dilində danışan türkmənlərə təsir gücünün qalmasına icazə verməyib, bu təsir gücünü minimuma endirib.
Rusiyanın Türkmənistana digər təzyiq vasitəsi olaraq iqtisadi təsir göstərilə bilər. Məsələn, azərbaycanlıların önəmli bir hissəsi Rusiyada işləyir, beləliklə, bu yolla Azərbaycana hər il böyük ölçüdə maddi vəsait daxil olur. Türkmənistanda isə belə bir hal mövcud deyil. Belə ki, ölkə vətəndaşlarının ölkədən kənara çıxmasına ciddi nəzarət və maneələr mövcuddur. İkili vətəndaşlıq sisteminin ləğv edilməsi də bu maneələrdən biridir. Xüsusilə, Türkmənistan, müstəqilliyinin ilk illərində neft və qazını yalnız Sovet vaxtı inşa olunan Orta Asiya-Mərkəz xətti ilə ixrac edə bilirdisə, 1990-cı illərin ortalarından etibarən Rusiyanın iştirak etmədiyi yeni enerji xətləri çəkilib. Bu isə Türkmənistanın enerji mənbələrini dünyaya ixrac etməsində vasitəçi olan Rusiyaya bağlılığını azaldıb.
Rusiyanın Türkmənistana təzyiq vasitələrini minimuma endirən ən önəmli amil isə ölkənin qoşulmama hərəkatına üzv olması, Rusiyanın öndərlik etdiyi siyasi (MDB), iqtisadi (Avrasiya İqtisadi Birliyi) və hərbi (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) birliklərə qoşulmamasıdır.
Beləliklə, qətiyyətlə deyə bilərik ki, günümüzdə Rusiya Türkmənistan üzərində nə siyasi, nə iqtisadi, nə hərbi, nə də mədəni təzyiq vasitələrinə sahib deyil. Lakin bu, o demək deyil ki, Rusiya bu haldan məmnundur. Əgər Türkmənistan gələcəkdə öz neytral mövqeyindən çəkilərək Rusiyanın maraqlarına zidd addım atarsa, ölkədə həqiqətən də, qarışıqlıqlar yaranma ehtimalı da nəzərə alınmalıdır. Xüsusilə, Türkmənistanın Əfqanıstanla qonşuluğu, ölkəyə potensial terrorist qrupların girmə ehtimalı, Rusiyanın Suriya və digər Yaxın Şərq ölkələrinə birbaşa və dolayı yolla (təbii vəya süni görüntülər yaradaraq) etdiyi müdaxilələr kimi Türkmənistana da müdaxilə edə bilmə ehtimalları göz önündən qaçırılmamalıdır. Lakin hazırda belə bir ehtimallara yol açacaq bir davranış tərzi gündəmdə yoxdur. Türkmənistan bütün bunları nəzərə alaraq praqmatik bir şəkildə siyasət yeridərək həm Rusiyanın ölkəyə təsirini maksimum şəkildə azaldıb, həm də Rusiya ilə konfrontasiyadan qaçmaq üçün öz “inkişaf” yolunu seçib. Bu yol isə Qərbə yox, Şərqə baxır. Məhz bu səbəblə Türkmənistanın Çin, Hindistan, Pakistan və digər uzaq şərq ölkələri ilə iqtisadi əməkdaşlıqlarını gücləndirdiyini qeyd edə bilərik. 2006-cı ildə Türkmənistan, Qazaxıstan üzərindən Çinə qaz kəmərinin çəkilməsi üçün anlaşma imzalamış, 2009-cu ildə isə kəmər fəaliyyətə başlamışdı. Xüsusilə, hazırda inşa edilməkdə olan TAPİ qaz kəməri bu çərçivədə böyük önəm daşıyır. Bu qaz kəməri fəaliyyətə başladıqdan sonra Türkmənistan Əfqanıstanı, Pakistanı və Hindistanı enerji ilə təmin edərək bölgənin enerji bazına daxil olacaq. Layihəyə görə, bu kəmərlə illik qaz ixracının 33 milyard m3 olacağı nəzərdə tutulub. Bu, Trans-Xəzər qaz kəmərinin enerji tutumundan bir az artıqdır. Beləliklə, Türkmənistan məhz öz istəyilə, məqsədli bir şəkildə qərbi deyil, şərqi seçib. Bu, xüsusilə, onun qoşulmama hərəkatına üzvü olması ilə izah olunmalıdır. Lakin onun enerji ehtiyatlarının zənginliyi gələcəkdə üzünü qərbə doğru döndərməyə də imkan verə bilər. Burda isə bəzi prinsipial məsələlər var:
Birincisi, qərb hər zaman Türkmənistanı insan haqlarının pozulması məsələlərinə görə tənqid edir. Bir diktatorun bundan, təbii ki, xoşu gəlmir və buna görə də, onu günahlandırmayan idarələrlə əməkdaşlığı üstün tutur.
İkincisi məsələ Xəzər dənizinin sektor bölgüsü və qaz yatağı məsələlərinə görə Türkmənistan və Azərbaycan arasındakı anlaşmazlıqlardır. Xəzərin dəniz, yoxsa göl olaraq sektorlara bölünməsi məsələsi ilə bağlı fikirayrılıqları[5] olan bu iki ölkə 12 avqust 2018 tarixində digər Xəzər dənizi ölkələrilə birlikdə anlaşmaya vararaq Xəzərin dəniz olaraq hüquqi statusunu müəyyən ediblər. Qeyd edim ki, Xəzərin statusunun müəyyənləşdirilməsi uğrunda uzun illər davam edən qarşıdurmada Azərbaycan və Qazaxıstan Xəzərin dəniz kimi, Türkmənistan və İran isə göl kimi bölünməsini dəstəkləyirdilər. Xəzərin dəniz olaraq bölünməsi zamanı neft və qazla zəngin olan Kəpəz (türkmənlər onu Sərdar adlandırır) yatağı dənizin Azərbaycana aid sektorunda qalırsa, göl olaraq bölünməsi zamanı Türkmənistana aid sektorda qalacaqdı. Kəpəz yatağı 1959-cu ildə Azərbaycan tərəfindən kəşf olunub və daha sonra işlədilməyə başlayıb. 1997-ci ildə yatağın işlədilməsi üçün Rusiya ilə anlaşmaya vardıqdan sonra Rusiya da Xəzərin dəniz olaraq bölünməsini dəstəkləmişdi. 2018-ci ilin mart ayında İran prezindenti Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkənin Sardar-e Jangar/Sərdar-Milli (Kəpəz yatağının da daxil olduğu geniş bir dəniz ərazisini əhatə edən neft və qazla zəngin sahə) yatağını birgə işlətmək haqda anlaşma memorandumuna imza atması İranın da Xəzər dənizinin statusuna dair əvvəlki mövqeyindən imtina edərək Azərbaycanın mövqeyini dəstəkləməsinə gətirib çıxarmış, beləliklə, Türkmənistan da Xəzərin dəniz hüquqi statusunu digər 4 dövlətin təkidi ilə qəbul etməyə məcbur olmuşdu. Lakin rəsmi Aşqabad Sərdar/Kəpəz yatağını Azərbaycanla birlikdə işlətməyə (1997-ci ildən etibarən Azərbaycan tərəfi Türkmənistan tərəfinə dəfələrlə bu təklifi edib) heç cür razı olmur[6]. Gələcəkdə Türkmənistan hazırkı mövqeyindən imtina edərsə, bu, Azərbaycan və Türkmənistan arasında anlaşmazlığın həll olunmasına (Azərbaycan-İran presedentində olduğu kimi) və Xəzər dənizi ilə bağlı bütün narazılıqların həllinə, beləliklə, Trans-Xəzər layihəsinin reallaşdırılmasına yol aça bilər. Bu layihənin reallaşması isə həm Azərbaycan və Türkmənistana iqtisadi, həm Türkiyə və Aİ-yə geo-strateji fayda gətirərək milli və regional maraqların gerçəkləşməsinə xidmət edə bilər.


Qeydlər
[1] http://www.brsu.by/Turkmenistan/naselenie-turkmenistana
[2] https://www.dw.com/ru/россиян-в-туркмении-вынуждают-отказаться-от-двойного-гражданства/a-5762326
[3] https://www.dw.com/ru/pochemu-v-shkolah-turkmenija-zakryli-russkie-klassy/a-54884826
[4] https://turkmenistan.mid.ru/home/-/asset_publisher/ZAJDCURhDPSR/content/o-polozenii-s-russkoazycnym-obrazovaniem-v-turkmenistane-v-novom-ucebnom-godu?inheritRedirect=true
[5] https://www.azer.com/aiweb/categories/magazine/53_folder/53_articles/53_statement.html
[6] https://jamestown.org/program/azerbaijan-iran-reach-breakthrough-on-disputed-fields-in-the-caspian-sea/