Homoseksuallar – insan populyasiyasının modifikasiyalarından biridir və bu növün uğurlu inkişafında böyük əhəmiyyət kəsb edir.
Rusiya mediaməkanında qeyri-ənənəvi seksual oriyentasiyaya sahib insanların hüquqları ilə bağlı gedən qızğın diskussiyalarda mütəmadi olaraq təkamül nəzəriyyəsinə aid arqumentlərdən istifadə edilir. Lakin onlar asanlıqla dini doktrinalarla qarışdırılaraq təqdim olunur. Hisslər coşur, emosiyaların hərarəti həddini aşır, amma mübahisə edən tərəflər, razılaşma istiqamətində bir addım belə ata bilmirlər. Ona görə də, sözügedən mövzuya sırf elmi mövqedən yanaşmaq pis olmazdı: Homo sapiensin populyasiyası üçün homoseksual münasibətlərin mövcudluğunun hansı faydaları ola bilər?
Geniş yayılmış fikirlərə rəğmən, homoseksual münasibətlər cəmiyyətdə tamamilə gözəgörünməz ola bilər. Öz istəklərinin açıq nümayişinə meylli olan müəyyən insanları çıxmaq şərtilə, homoseksual oriyentasiyalı insanların böyük əksəriyyəti ətrafdakıları qıcıqlandırmağa can atmırlar. Necə ki, heteroseksuallar da öz seksual həyatlarının detallarını açıb-ağartmaq istəmirlər. Bunun çox sadə bir səbəbi var: bu onların özəlidir və həyat bütün təzahürləri ilə birlikdə seksual oyunlardan daha zəngindir.
Əgər bizə müxtəlif yaşlarda və fərqli cinslərdə olan yüz çılpaq insanın fotolarını versələr, onların zahiri görkəmlərinə baxmaqla kimin kim olduğunu müəyyənləşdirə bilmərik. Homolar da, heterolar da işləyirlər, bizneslə məşğul olurlar, xəstələnirlər, dostluq, ya da nifrət eləyirlər, itki verirlər. Ana-ata, bacı-qardaş sevgisi hər iki tərəf üçün səciyyəvidir. Həmçinin uşaq sevgisi də. Məhz, uşaq sevgisi. Bu, mühüm məqamdır – homoseksuallar da uşaqları sevirlər. Üstəlik, onların da fiziki olaraq öz uşaqlarını dünyaya gətirmək imkanları var və həmin uşaqlar homoseksual davranış tərzinə meylli olmaya bilərlər.
Yaxşı, bəs onda təbiət onları niyə yaradıb?
NƏYİN BAHASINA OLUR-OLSUN, SAĞ QALMAQ…
Ümumiyyətlə, təbiət çox qəddardır. Onda mərhəmət duyğusu yerli-dibli yoxdur. Paleontologiya (qədim həyat haqqında elm), canlı məxluqların nəhəng siniflərinin necə yarandığını, necə inkişaf etdiyini, sonra da amansızca yer üzündən silindiyini əyani şəkildə göstərir. 350 milyon il əvvəl yerdə hökmranlıq edən tribolitlər indi hardadır? 200 milyon il – planetdə dinozavrların peyda olmasında xeyli əvvəl hamısı yoxa çıxıb, nəsli kəsilib.
Biz həyatın necə yarandığından, təkamülün anlamından, hətta onun bir çox qanunlarından xəbərsizik. Lakin bir şey aydındır: təbiət, planetimizdə hansısa bir növün dominantlığında yox, həyatın rəqabətli-balanslaşdırılmış inkişafında maraqlıdır. Əks halda, təkamül olmazdı – bütün planetdə bakteriyaların tək bir növü hökmranlıq edərdi. Amma belə deyil. Təbiət maneəli nəhəng yarış təşkil edərək geri qalanları məhv edib və biosferanı insanın meydana çıxmasına hazırlayıb.
Həyatın inkişafı üçün Yer kürəsinin bütün ekosistemində populyasiyaların balansı çox vacibdir. Çünki planetimizin resurs ehtiyatları tükənməz deyil və artıq milyon illər əvvəl ilk orqanizmlər qida, məskunlaşmaq üçün yer çatışmazlığı ilə üzləşiblər. Bura rahat şəkildə çoxalmaq və düşmənlərdən gizlənmək üçün də yerlər daxildir.
Beləliklə, hər növ üçün “mühitin tutumluluğu” adlanan resurs məhdudiyyətləri mövcuddur. Əvvəlcə populyasiya ekstensiv şəkildə, sadəcə boş ərazilərə sahib olmaqla böyüməyə can atır. Məsələn, qida çatışmazlığı və populyasiyanın yüksək sıxlığı zamanı bitkibitlərinin (latınca: aphidoidea) bəzi növlərində qanadlar inkişaf etməyə başlayır və onlar başqa bitkilərə uçur. Genişlənmə üçün bütün resurslar tükənəndən sonra populyasiya əlində olanlardan daha yaxşı istifadə etməklə intensiv şəkildə inkişaf etməyə başlayır. Nəhayət, sıxlaşma artıqca populyasiyanın məhdudlaşdırılması mexanizmləri işə düşür.
ÖLDÜRMƏDƏN YAŞAMAQ
Populyasiyanın miqdarında dəyişiklik baş verməsi ya ölüm sayının artması, ya da doğum sayının azaldılması hesabına mümkündür. Təbiət üçün ölümləri sürətləndirmək daha asandır – bundan ötrü genetik oyunlara müdaxilə etməyə ehtiyac yoxdur. Məsələn, qida çatışmazlığı zamanı populyasiyanın üzvləri avtomatik olaraq fiziki baxımdan zəifləməyə başlayır, xəstələnir, yırtıcılar, xəstəliklər üçün yüngül qənimətə çevrilirlər. Bu da işə yaramayanda populyasiya üzvlərinin bir-birinə qarşı aqressivliyini artıran hormonal yerdəyişmələr başlayır. Yenə ölüm sayı artır, eyni zamanda doğum miqdarı da aşağı düşür, o cümldən övladlara qayğı da azalır, nəticədə onlar reproduktiv yaşa çatmadan ölürlər. Populyasiya azalandan sonra hər şey qaydasına düşür.
Hazırda insanların populyasiyasının mümkün həddi aşdığına işarə edən əlamətlər aydın görünür. Biz həddindən artıq sıx yaşayırıq və səbəbsiz yerə son dərəcə çox resurs istifadə edirik. Yeddi milyard – həddindən çoxdur və daha da çoxalacaq. Əgər bizi bütün planetə bərabər şəkildə yaysaq, hər kəsə, buzluqlar, səhralar, bataqlıqlar və dağlar da daxil olmaqla cəmi 213 sotluq sahə düşəcək. Yer planetinin bir sakini üçün yararlı sahə isə, ümumiyyətlə, 150 sotdan az olacaq. Amma praktikada şəhərlərdə əhali sıxlığı, bir kvadrat kilometrə düşən, təxminən, beş min insandan ibarətdir. Yəni, tək bir insana, parklar, yollar və sənaye sahələri də daxil olmaqla cəmi 200 kvadrat metr düşür. Şəhər sakininin bütün həyatı həmin 200 kvadrat metrdə keçir.
Günümüzdə populyasiya miqdarının tənzimləməsi ilə bağlı canlı təbiətdə işə yarayan faktorların bir çoxu inkişaf etmiş ölkələrdə xeyli məhdudlaşıb. İlk növbədə ölüm – xüsusən də, kişilərin ölümü. Müharibələr və epidemiyalar istisnaya çevrilib. Bu gün, ölkə əhalisinin, XIV-XVI əsrlərdəki kimi iki dəfə azalmasını təsəvvür etmək sadəcə imkansızdır. Uşaq və ana ölümləri də kəskn şəkildə azalıb. Bəşəriyyət pandemiyanın yayılmasının qarşısını almaqdan ötrü böyük səy göstərir.
Belə vəziyyətdə təbiətin, populyasiyanın genişlənməsini dayandırmağa, onu izafi zorakılıq tətbiq etmədən ixtisara salmağa imkan verən mexanizmləri işə salması son dərəcə məntiqlidir. Özünü karyera qurmaq uğruna analıqdan imtinada büruzə verən qadın emansipasiyası, kişi hedonizmi, sarsılmaz ailə qurmamaq, övlad sahibi olmamaq, populyasiyanın bir hissəsinin diqqətləri öz cinsinə yönəltməsi (yəni homoseksuallıq) – bütün bunlar maddi və intellektual məhsulların artması ilə yanaşı nəzarətsiz çoxalmanın məhdudlaşdırılmasına yardım edir. Son vaxtlar daha bir davranış variantının – aseksuallığın da inkişafını qeyd etmək lazımdır. Aseksuallıq intim yaxınlığa marağın yerli-dibli itirilməsidir. Populyasiyanın məhdudlaşdırılmasının belə formaları insan növü üçün son dərəcə sərfəlidir, çünki insanların kütləvi məhvi (milyardlar) ilə nəticələnəcək təbii, ya da qeyri-təbii fəlakətlər olarsa, bütün aseksuallar, homosekuallar, hedonistlər və emansipasiyalaşmış qadınlar yenidən bəşəriyyətin özünüistehsal prosesinə qoşula bilərlər və onların nəvə-nəticələri ekspansiyanın yeni dövriyyəsini başladarlar.
Beləliklə, homoseksualların iki funksiyası var: əhali artımının qarşısını alan qoruyucu qapaq funksiyası və fəlakətsonrası çoxalma üçün gizli rezerv funksiyası.
Amma onların üçüncü funksiyası da var.
SOSİAL İXTİSASLAŞMA
Təbiət insanı yaratmazdan əvvəl həşəratlar üzərində təcrübə aparıb. Bu, lap çoxdan, təxminən, 130 milyon il əvvəl – ilk qarışqalar və arılar meydana çıxanda baş verib. O zamanlar dinozavrlar həyatlarının çiçəklənən dövrünü yaşayırdılar. Arılar və qarışqalar – bir növün çərçivəsində fərdlərin intizamlı ixtisaslaşmasının ifrat halıdır. Əsgər qarışqalar, işçi qarışqalar, fasiləsiz nəsil artıran ana arı var. Hər kəs öz işi ilə məşğuldur.
İnsan cəmiyyətində də əsrlər boyu bənzər sistem mövcud olub- kəndlilikdən zənginliyə keçid halları olsa belə, onlar, daha çox, qaydalardan istisnalar idi. Mütəmadi olaraq texnologiyanın və ya təbii şərtlərin dəyişməsi iə bağlı olan inqilabi islahatlar baş verirdi – məsələn, XX əsrin əvvəllərində inqilablar dalğası, Reformasiya və silsilə burjua inqilabları və sair. Bu zaman “ləklər alaqlardan” amansızlıqla təmizlənir, yeni imkanlar açılır və hər şey artıq yeni səviyyədə sabitləşirdi. Bunların hamısı bioloji sağqalma nəzəriyyəsinə tamamilə uyğun gəlir.
Adətən, insan da, elə planetimizdəki bir sıra başqa canlılar da (əsasən, yırtıcılar və primatlar) K-strategiya (Kenquru strategiyası və ya kenqurusayağı seçim) adlandırılan sağqalma variantını həyata keçirirlər. Bu, populyasiyanın sıxlığı mümkün olan ən son həddə çatanda özünü daha parlaq büruzə verir. K-strategiyanın ən səciyyəvi cəhətləri aşağıdakılardır: fərdlərin uzun ömürlülüyü, başqa növlərə nisbətən yüksək rəqabətədavamlılıq, aşağı sürətli nəsilartırma və gənc nəslin həyata uzun müddət ərzində daxil edilməsi şərtilə sahiblənilmiş ərazidə qalıcılıq. Amma belə populyasiyaların daha bir özəlliyi var – sosiumda ayrı-ayrı fərdlərin ixtisaslaşdırılmasının artımı.
Qarışqalarda genetik şəkildə baş verən şey, insan cəmiyyətində daha çox sosial qanunlara söykənir. Bununla belə, bir çox bioloji xüsusiyyətlər də öz rolunu oynayır. Məsələn, əzələlərdə sürətli liflərin üstünlük təşkil etməsi qısa məsafələri tez qaçmağa və idmanda, ya da hərbi xidmətdə uğur qazanmağa imkan verir. Riskə meylli insanlar, sabitliyə, sakitliyə meylli insanlardan qat-qat azdır. Kimsə saatlarla mikroskop arxasında oturmaq, kimsə telekameraların işıqları altında dayanmaq üçün yaradılıb.
Bir qayda olaraq, homoseksual insanlar daha kəskin hissiyata malik olurlar, onlar daha emosional və reaktivdirlər. Ki, bu da onların incəsənət sahəsində uğur qazanmalarına imkan verir. Bu, onların təbii mühitidir. Təbiət onları yaradarkən bir bütün olmaq üçün ziddiyyətli səyləri birləşdirib və bu, bəzi məsələlərin həllini onlar üçün asanlaşdırır.
Bu, o deməkdir ki, homoseksuallar heteroseksuallardan daha istedadlı, daha bacarıqlıdırlar? Yox. Hər şey ampluadan, seçilən roldan asılıdır.
Qohumlar arasında homoseksual ailə üzvləri, tez-tez əsas gəlir gətirənlər olurlar. Onlar valideynlərin daha çox qayğısına qalırlar, nəinki onların ailə basmış bacı-qardaşları. Onlar, vəzifəsi bal tapmaq olan həmin işçi arılardır.
Homoseksuallar – insan populyasiyasının, bu növ üçün böyük əhəmiyyət daşıyan modifikasiyalarından biridir. Elə aseksual insanlar, ya da uşaqsız, ailəsiz yaşamağı seçənlər də. Buna görə də, homoseksuallara qarşı istənilən diskriminasiya sadəcə produktiv deyil. Onların davranışı – cəmiyyətin inkişaf indikatoru, bu və ya digər problemlərin mövcudluğu deməkdir. Obrazlı şəkildə desək, əgər yanğın həyəcanı siqnalı səslənirsə, siqnalı sındırmaq yox, yanğını söndürmək lazımdır.
Etiraf etməliyik ki, bütün üzvlərinin maraqlarını nəzərə alan mükəmməl cəmiyyət mövcud deyil. Amma zənnimcə, bu baxımdan Finlandiya nümunəsi diqqətəlayiqdir. Finlandiyada 2012-ci il prezident seçkilərində açıq gey Pekka Haavisto, az qala, prezident seçiləcəkdi, çünki heteroseksuallar da onu dəstəkləyirdilər. Fin kommunistlərinin lideri də geydir və bu, məhz, solçular üçün son dərəcə təbii hesab olunur. (Yeri gəlmişkən, LQBT-nin cinayət məsuliyyətinə cəlb olunmasını dünyada ilk dəfə, məhz, Sovet İttififaqı ləğv etmişdi). İslandiyanın baş naziri Yohanna Siqurdardottir lesbiyandır. Bu halların hamısında siyasətçinin keyfiyyətlərinin dəyərləndirilməsi zamanı əsas meyar özəl intim istəklər yox, peşəkar xüsusiyyətlər olub.
Amma bu yerdə artıq məsələnin təbii-elmi tərəfindən sosial-mədəni tərəfinə keçirik və bu, mənim sferam deyil. Homoseksual meylli insanların bir qisminin qıcıqlandırıcı davranışı, heteroseksualların bir qisminin yeniliyi qəbul etməməsi, onlar üçün anlaşılmaz qalması – bütün bunları başqa mütəxəssislər daha yaxşı izah edə bilərlər. Lakin təxmin edirəm ki, bu çətinliklərin də təkamül baxımından hansısa bir anlamı var.
Konstantin Ranks
Respublika