Ötən onilliyin sonu hamının yaddaşında pandemiya ilə qalsa da, ən böyük problemlərdən biri, Suriya vətəndaş müharibəsi və bu müharibənin fonunda meydana çıxan, özlərini Xilafət elan edən radikal-təkfirçi sələfi qrup – İraq Şam İslam Dövləti (İŞİD, DAEŞ) oldu. Qısa zaman ərzində Yaxın Şərqin iki böyük dövləti – İraq və Suriya ərazisində qurulan “dövlət”, dunyanın hər yerindən tərəfdar toplamağa nail oldu, İslam coğrafiyasının çox yerində əmirliklər yarada bildi. 2018-ci ilin dekabrında D. Trump İŞİD-in məğlub olduğunu bəyan etsə də, bu, problemin birdəfəlik həll olunduğunu deməyə əsas vermir.
İŞİD-in yaranması 2010-cu illərə təsadüf etsə də, əsası 2000-ci illərdə, İraqda qoyulub. İraq əl-Qaidəsinin müharibə zonasında “amerikalı kafirlərlə” birbaşa silahlı mübarizə aparması əl-Qaidənin (ƏQ) İraqda genişlənməsinə və daha müstəqil hərəkət etməsinə gətirib çıxarmışdı. İraq ƏQ-nin əsasını, 1999-cu ildə Əbu-Musab əl-Zərqavi tərəfindən yaradılmış Camaat əl-Təvhid vəl-Cihad sələfi qruplaşması təşkil edirdi. Qruplaşmanın lideri Zərqavinin 2004-cü ildə Bin Ladenə beyət etməsiylə (bəzən beyətin formal xarakter daşıdığı iddia olunur) qruplaşma adını Tənzim Qaidət əl-Cihad fi Biləd əl Rafideyn olaraq dəyişdirir və İraq (Mesopotamiya) əl-Qaidəsi (ƏQİ) adlanır.
Kim idi Zərqavi və necə olmuşdu ki, iordaniyalı biri, İraqda bu qədər məhşurlaşıb Cihadın liderinə çevrilə bilmişdi?
Əsl adı Əhməd Fazil əl-Nazal əl-Xaleyli olan Əbu Musab, İordaniyanın Zərqa şəhərində doğulub. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Əfqanıstanda Taliban düşərgələrində təlim keçdiyi, Xust əyalətində iordaniyalı cihadçılarla əməliyyatlarda iştirak etdiyi deyilir. İordaniyaya geri dönən Əbu Musab, burada həbs edilir. Azadlığa çıxdıqdan sonra yenidən Əfqanıstana gedən Əbu Musab, iordaniyalı və fələstinli gəncləri toplayaraq geri qayıdır və İordan hökumətini devirməyi planlaşdırır. Onun Bin Ladenlə bəzən fikir ayrılıqları da olurmuş. Bu səbəbdən ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsi başlayanda Əbu Musab öz qrupu ilə Əfqanıstanı tərk edib İrana, oradan da İraq Kürdüstanına keçir və orada talibanın cihadını dəstəkləməyən sələfi qruplarla əlaqə yaradır.
2003-cü ildə ABŞ dövlət katibinin BMT-yə təqdim etdiyi hesabatda, Əbu Musabın Bin Ladenin səhra komandirləri ilə əlaqədə olduğu, Səddamın beynəlxalq terrorizmə dəstək verdiyi, Zərqavinin Bin Laden və Səddam arasında əlaqələndirici olduğu ehtimalının mövcudluğu deyilsə də, buna dair heç bir sübut göstərilmir. Hətta ABŞ Dövlət Katibi K. Pauel “ehtiyatlı” davranaraq Zərqavinin formal olaraq, ƏQ üzvü olduğunu bəyan etmir. Buna görə də bəzən, Əbu Musabın MKİ tərəfindən qəsdən “şişirdildiyi”, Bin Ladenin Səddamla əlaqələrini üzə çıxarmaq üçün istifadə olunduğu iddia edilir.
Bin Ladenin gizləndiyi müddətdə, Əbu Musabın İraqda ABŞ əsgərlərinə qarşı istişad (canlı bomba) hücumları, xarici vətəndaşları oğurlaması, onun nüfuzunu sürətlə artırırdı. Belə “uğurlar” Əbu Musabı İraq Mücahidlər Şurası Məclisinin başına keçirdi. Beləliklə, iordaniyalı təkfirçi, sürətlə yüksəlib (və ya yüksəldilib) “Qatillər Şeyxi” olur və ən çox axtarılanlar siyahısına düşməyi bacarır. 2005-ci ildə “bütün şiələrə müharibə” elan edən Əbu Musab əl-Zərqavi, 2006-cı ildə ABŞ-ın hava zərbəsi nəticəsində məhv edilir.
Zərqavinin ölümündən sonra ƏQ, İraqdakı vəziyyəti nəzarətə götürmək məqsədi ilə Mücahid Şura Məclisinin başına Əbu-Əyyub əl-Məsrini gətirmək istəsə də, görünür, iraqlı mücahidlər narazı qalmasın deyə daha sonra bu vəzifə Əbu Ömər əl-Bağdadiyə verilir. Beləcə, İraq İslam Dövləti (İİD) qurulur. Əbu Əyyub əl-Məsri isə “baş nazir” təyin olunur. ƏQ qismən də olsa, İraq cihadına nəzarəti bərpa edir. Hətta koalisiya qoşunları qərargahında əvvəlcə elə bilirlər ki, Əbu Ömər, əl-Məsrinin iraqlıları ruhlandırmaq, İraq cihadına patriotik çalar qatmaq üçün uydurduğu addır və belə adam, ümumiyyətlə, yoxdur. Amma İraqın baş naziri Nuri əl-Maliki 2010-cu ildə əl-Məsri ilə bərabər Əbu Ömərin də zərərsizləşdirildiyini rəsmən bəyan edir.
Ümumiyyətlə, Zərqavidən sonrakı dövr, İİD-in BAAS-laşması dövrü hesab olunur, İraq ordusuna qoşulmalarına icazə verilməyən köhnə Səddam zabitlərinin İİD sıralarına qoşulma şərtləri çox asan idi. Bir tövbə kifayət edirdi ki, köhnə “baasçı” yeni “mücahid” olsun. İddialara görə, Köhnə BAAS generalı olan Hacı Bəkir də hərbi biliyi və nüfuzu sayəsində İİD-də yüksəlməyi bacarmış, hətta Şuraya üzv seçilmişdi. 2010-cu ildə İraq və ABŞ güclərinin Şuranın toplantılarından birinə qəfil basqını nəticəsində Əbu Ömər və Əbu Əyyub məhv edilmiş, Şuradakı digər iştirakçıların çoxu tezliklə ələ keçirilmişdi.
Hacı Bəkir və yaxın ətrafı olan baasçı zabitlər Şurada çoxluğa nail olmuşdu. Əvvəllər təşkilatda elə də yüksək nüfuza sahib olmayan Əbu Bəkir əl-Bağdadinin əmirliyə namizədliyinin verilməsinə də Elə Hacı Bəkir nail ola bilmişdi. Beləliklə, Əbu Bəkr əl-Bağdadi (Əbu Dua, xəlifə İbrahim, xəyalət) İraq İslam Dövlətinin əmiri seçilir. Bağdadinin digər əmirlər kimi “cəngavər” keçmişi olmasa da, lazımi əlaqələri, qureyşə, hətta peyğəmbər soyuna dayanan şəcərəsi (Əl-Bu Badri) var idi (*Xəlifəlik üçün təyin olunan şəxsin Qureyşdən olması şərtdir).
Bağdadi İİD başına keçəndə İİD hələ də formal olaraq Əl-Qaidənin bir qolu idi. 2011-ci ildə Bin Laden məhv ediləndən sonra Bağdadi, Eymən əl Zəvahiriyə beyətini yeniləyir. Həmin il ABŞ qoşunlarının İraqdan çəkilməsi, Malikinin hakimiyyəti şiələşdirmək meylləri, sünnilər və kürdlərə qarşı diskriminasiya, sünni (ərəb, kürd) aşirətlərin Bağdadini dəstəkləməsi İİD-in fəaliyyətini daha da intensivləşdirir. İİD-in hücumları çoxalır. Deyildiyinə görə, 2011-in iyul ayına qədər 2500 iraqlı bu hücumların qurbanı olub və həmin dövr İraqın ən təhlükəli dövrü hesab olunur. İİD, Suriyada başlayan vətəndaş müharibəsinə də əsasən, suriyalı və legioner mücahidləri göndərərək Nüsrət Cəbhəsinin (Nusra) yaranmasına nail olur. Cəbhəyə Zərqavi dönəmindən bəri təşkilatda olan (hələ də fəaliyyətini davam etdirir) Əbu Muhəmməd əl Colani əmir təyin olunur. Colani qısa zamanda güclü şəbəkə qurmağı bacarır.
2012-ci ildə Bağdadi yeni, “Divarları dağıtma (Breaking the Walls)” kampaniyasına start verir. Bu kampaniya çərçivəsində 24 VBİED (vehicle-borne improvised explosive devices) və 8 həbsxanalardan qaçış planı həyata keçirilir, keçmiş ƏQ üzvləri azad edilir.
2013-cü ilin martında suriyalı müxaliflər (ASO), islamçı qruplaşmalar (Əhrar əl-Şam, liva əl-Təvhid və s.), eləcə də Nusra ortaq əməliyyat həyata keçirərək Əsəd qüvvələrini Raqqa şəhərindən çıxarırlar və şəhər qısa zamanda Nusranın bazasına çevrilir. Aprelin 8-də Bağdadi İraq və Şam İslam Dövlətinin yarandığını, Nusra ilə birləşib genişləndiyini bildirsə də, Nusra əmiri Colani beyət etməyə tələsmir. Bağdadinin bəyanatından sonra Zəvahiri, Bağdadinin nüfuzunun İraq ərazisində keçərli olduğunu, dolayısıyla Suriyadan çıxmalı olduğunu bəyan edir. İxtilafların aradan qaldırılması üçün Şura yaradılır və Əhrar əl Şamın qurucularından Əbu Musab əl-Suri hakim təyin olunur. Nusra razılıq versə də, İŞİD buna qarşı çıxır. Əbu Muhəmməd əl-Maqdisi, Əbu Katadə kimi cihadçı alimlərin Nusranı dəstəkləməsi də İŞİD-i yolundan döndərmir. İŞİD və ƏQ arasında gərginlik yaranmağa başlayır. Suriyada olan legioner döyüşçülər, əsasən, Pankisidən olan Ömər Şişaninin (Çeçen) tabeliyindəki Mühacir və Ənsar qruplaşması və Nusranın əksər hissəsi İŞİD-ə beyət edir. Bir neçə gün sonra isə Suriyadakı islamçı qruplarla İŞİD arasında ilk güllə atılır. Tərəflər bir-birini ittiham edərək yollarının ayrıldığını, İslamçılar İŞİD-i “xavaric”, İŞİD isə İslamçıları, “mürtəd” elan edir. Səbəb olaraq da İŞİD, savaşda olan mücahidlərin ailələrinə suriyalı İslamçıların hücumunu, qarşı tərəf isə İŞİD-in vahid şərri məhkəməyə tabe olmadığını göstərirdi. Bu qarışıqlıqlar əsnasında – 2014-cü ilin yanvarında İŞİD, Rəqqada müxalifləri və islamçı qrulaşmaları sıxışdırmağa müvəffəq olur, strateji Tabka hərbi hava limanı inventarı ilə birlikdə İŞİD-in əlinə keçir.
İŞİD, Rusiya istehsalı döyüş təyyarələrinin şəklini paylaşsa da, onları istifadə edə biləcək pilotlara sahib deyildi (sonralar bombardman zamanı, səudiyyəli 2 pilotun Tabkaya enərək Bağdadiyə beyət etdiyi və İŞİD-ə təlim keçdiyi ilə bağlı şayiələr yayılsa da, bu, elə şayiə olaraq qalır). Suriyanın şimalında kiçik qəsəbələri nəzarətə götürməyi bacarsa da, Raqqa şəhəri İŞİD-in nəzarətə götürdüyü ilk böyük şəhər idi və paytaxt elan olundu. Fevral ayında isə ƏQ rəsmi olaraq, İŞİD ilə ayrıldıqlarını bəyan etdi.
İraq ordusuna qarşı başladılan, “Əsgərlərin Yığımı (Soldiers`Harvest)” kampaniyası çərçivəsində İŞİD, 2013-cü ilin sonu- 2014-cü ilin əvvəlində bir neçə günə, Fəllucədəki mitinqlərdən istifadə edərək, həm də az qüvvə ilə İraqın Fəllucə və Ramadi şəhərlərinin bir hissəsini ələ keçirir, yerli xalq isə İŞİD-i xilaskar kimi qarşılayır.
2014-cü il İŞİD üçün “uğurlu” başlayır: əl-Hayat Media Center təsis olunur, cihad çağırışlarının əhatəsi daha da genişlənir, ingilis, rus, alman və fransız dilində çağırışlar edilir, internet vasitəsilə beyətlər qəbul olunur, dəvətlər göndərilir, əməliyyatların yüksək səviyyədə çəkilişləri təqdim edilir. İyul ayında İŞİD, özünün ilk internet jurnalını – “Dabiq”i (*Dabiq Suriyanın şimalında yer adıdır, hədislərə görə, qiyamətə yaxın kafirlərlə son savaş, “Məlhəmeyi Kubra” burda baş tutacaq) buraxır. Sonrakı dövrlərdə isə “Əl Həyat Media”, “Konstantiniyye”, “Rumiyye”, “dar al-İslam” adlı jurnallar dərc olunur. Artıq yayılan görüntülərdə döyüşçülərin fərqli dillərdə danışdıqları, türk və rus dillərinin “dövlət dili” səviyyəsinə yüksəldiyi müşahidə edilir.
Tezliklə təbliğatın nəticəsi özünü göstərir, fərqli regionlardan minlərlə canlı qüvvə Suriyaya axışır. İŞİD-in İraqda olan qoşunu, əsasən, yerlilərdən təşkil olunduğu halda, Suriyadakı qoşun, əsasən, gəlmə, legioner döyüşçülərdən ibarət idi. Ümumiyyətlə, İŞİD-in canlı qüvvə ehtiyatı barədə də fərqli məlumatlar mövcud idi. ABŞ mənbələri onların sayını 10000-15000 göstərsə də, İraq Kürdüstanı (Peşmergə) mənbələri bu rəqəmin 100000-ə yaxın olduğunu iddia edirdi.
İraqın Ənbar vilayətində qazandığı uğurdan ilhamlanan İŞİD, iyun ayının 4-də İraqın ikinci böyük şəhəri olan Mosula hücum əməliyyatını başladı. Əməliyyata, İŞİD-in öldürülmüş səhra komandirlərindən birinə ithafən “Əbu Abdurrəhman əl-Bilavinin intiqamı” adı verilmişdi. Kiçik çaplı silahlarla silahlanmış 1000-1500 nəfərlik İŞİD yaraqlıları altı gün içində 60000-lik, bəli, altmış minlik (30000 əsgər, 30000 polis) İraq Qüvvələrini şəhərdən qovdu. Bəzən bu məğlubiyyətin “strateji geri çəkilmə” olduğu iddia edilsə da, İŞİD-in Mosul banklarında ələ keçirdiyi 460000000 ABŞ dolları dəyərində vəsait, Mosul hava limanında ələ keçirilən “Sikorsky” helikopteri, 2000-dən çox “Humvee” hərbi nəqliyyat vasitəsi, əsir götürülüb edam olunmuş 4000-dən çox İraq polisi bu geriçəkilmənin o qədər də strateji olmadığını göstərir. Əslində, İraq ordusu şəhərdən qaçmış, hücum nəticəsində 500000 insan şəhəri tərk etmişdi. İŞİD Baduş həbscanasınındakı sünni məhbusları azad, 600-ə yaxın şiə məhbusu isə edam etmişdi. ABŞ Dövlət Departamenti, eləcə də B. Obama, İŞİD-in bu hücumunun onlar üçün gözlənilməz olduğunu (?) deyirdi. Mosulda yerləşən Türkiyə konsulluğunun nümayəndələri də əsir götürülmüşdü. Nümayəndələr geri qaytarılanda İŞİD-in onlarla pis davranmadığını söyləmişdilər.
İyunun 11-də Səddam Hüseynin doğulduğu Tikrit şəhəri də İŞİD-in nəzarətinə keçir. Tikritə əks-hücumda İranın dəstəklədiyi şiə qrupları ilk dəfə olaraq İraq səhnəsində İŞİD-ə qarşı vuruşur. İyunun 18-də İraq hökuməti İŞİD-ə qarşı ABŞ-dan hava dəstəyi xahiş edir.
Artıq 2014-cü ildə İŞİD, həm İraq, həm də Suriyada 34 000 kv.km əraziyə, bir neçə böyük şəhərə nəzarət edirdi. Ki, bu da Xilafətin elanı üçün kifayət idi.
İyun ayının 28-i – Ramazanın ilk günü Xilafət elan olunur, “Əhli-hal vəl əqd” (Şərri olaraq Xəlifəni təyin edən və onu vəzifədən uzaqlaşdırma səlahiyyətinə sahib olan orqan. Bu sistem, əsasən, sünni məzhəbləri arasında qəbul olunur, xəlifə seçkisinin Quran və Sünnə ilə sabitləndiyinə inanılır. Şiələrdə – İmamət yanaşmasında isə hakimiyyətin irsən keçdiyinə və Əlinin soyundan gəldiyinə inanılır) Bağdadini Xəlifə seçir. Bağdadi Xəlifə olaraq ilk çıxışını iyul ayının 4-də Mosulda, əl-Kəbir məscidində edir və dünyanın hər tərəfindən müsəlmanları hicrətə, İslam Dövlətinə (İD) köçməyə səsləyir. İD-nin sözçüsü Əbu Muhamməd əl-Adnani yaydığı səs yazısında İD ərazilərinin nə suriyalılara, nə də iraqlılara məxsus olmadığını, xilafətin bütün müsəlmanlara məxsus olduğunu deyir və müsəlmanları kafirlərə, əsasən, şiələrə və nusayrilərə qarşı cihada çağırır. Bundan sonra Filippinlərdən, İndoneziyadan tutmuş, Mavritaniyaya, Liviyaya qədər ƏQ-nin ofislərinin çoxu funksiyasını dəyişərək İD-nə beyət edir və onun “səfirliklərinə” çevrilir. İD-nin nüfuzu İslam coğrafiyasına sürətlə yayılır. Bəzi təşkilatlar (Ənsar əl Şəriə, Boko-Haram) isə ƏQ-yə bağlı qalsalar da, İD-yə dəstəklərini nümayiş etdirirlər. Məsələn, Ənsar əl-Şəriənin aktiv olduğu Tunisdə futbol oyunu zamanı tribunalarda İD bayrağı açılır.
Xilafətin təbliğatı artdıqca ona qarşı bəyanatlar da gəlməyə başlayırdı. İraq Müsəlman Alimlər Birliyi Xilafətin metodologiyasının yolverilməz olduğunu bəyan edərək onu pisləyir, Səudiyyə müftisi Şeyx Əbdüləziz İD və ƏQ-ni islamın nömrəli düşməni adlandırırdı. Beynəlxalq Müsəlman Alimlər Birliyinin rəhbəri Yusif əl Kardavi isə Xilafət elanının legitim olmadığını, şərri əsaslar daşımadığını bəyan edir. Hətta Əbu Katadə kimi illərlə cihada səsləyən alim belə, İD-yə qarşı rədiyyə yazır. Ayətullah Sistani isə İD terrorçularına qarşı silahlanmağın vacib olduğunu vurğulayaraq, İraq hökumətini buna şərait yaratmağa səsləyirdi. Bu çağırışlar İD-yə hicrət edənlərin qarşısını almaqda elə də effektiv maneə olmur. Əslində, Bağdadi və ətrafı, 70-ci illərdən başlayan Qlobal Cihad liderlərinin bu alimləri “haqqı gizlədən”, “dini satmış” alimlər hesab etdiklərini çox gözəl bilir və bundan məharətlə istifadə edirdi. Peyğəmbərin möhürü olan qara bayraq, Bağdadinin Qureyşdən olması və s. məharətlə istifadə olunurdu. İD-nin media orqanları isə bu işi çox yüksək səviyyədə həyata keçirməyi bacarırdı.
Digər dövlətlər isə hələlik sadəcə narahat olduqlarını deyir, ciddi hərəkətə keçmirdilər. Çünki bu hal onların da işinə yarayırdı. Avropa, Rusiya, Çin və s. kimi ölkələr qısa zaman kəsiyində öz ərazilərində sürətlə artan “zərərli fikir daşıyıcıları”ndan qurtulmağa nail olmuş, minlərlə cihadçının Türkiyə vasitəsilə İD-yə keçməsinə şərait yaradılmışdı. Bu, qaz dolmuş qapalı məkanların havalandırılmasına bənzəyirdi – hər hansı ani hərəkət partlayışla nəticələnməsin deyə, qapı-pəncərələrin açılıb, otağın havalandırılmasına. Türkiyə isə bu prosesdə hər iki tərəf üçün önəmli rola sahib idi.
Beləliklə, İraqda ƏQ ilə köhnə BAAS-çılar birləşib Xilafəti qura bilmişdilər, Xilafət – öz məhkəməsi, vergi, təhsil sistemi, ordusu, sənayesi, media quruluşu olan bir tanınmayan ərazi vahidi idi. Səddam Hüseynin məhkəmədə dedikləri (“İnanclı, vətənsevər iraqlılar bunun qisasını yerdə qoymayacaq”) gerçəkləşmişdi: “inanclı, vətənərvər iraqlılar”, Səddamı satmış İraq hakimiyyəti, Səddama lazımi dəstəyi verməyən Əsəd rejimi, Səddamın edamını qəbul edən dünya ilə Xilafət quraraq hesablaşırdılar. Hesablaşma hələ çox qanlı hadisələrlə davam edəcəkdi, bu, sadəcə başlanğıc idi…
Ardı var…
İstifadə olunmuş mənbələr:
Neo el-Kaide: İrak ve Şam İslam Devleti (İŞİD) – Can Acun
Middle East Security Reort. Al-Qaeda in Iraq Resurgent – Jesica D.Lewis
How Raqqa Become the Caital of ISIS/New America – N.Rosenblatt, d.Kilcullen
The Believer: How an Introvert with a Passion for Religion and Soccer Became Abu Bakr Al-Baghdadi Leader of the Islamic State – W. McCants.
Unraveling Zarqawi’s al-Qaeda Connection/Terorism Monitor by G. Corera.