“Biz Afrikada doğulduğumuza görə deyil, Afrika bizdə doğulduğuna görə afrikalıyıq”
Çester Higgins
Hadisələr o qədər sürətlə inkişaf edir ki, yeni baş verən nəyisə qaçırmamaq üçün internetlə yatıb, internetlə qalxmaq lazım gəlir. 2020-ci il ərzində baş verənlərin fonunda, yəqin ki, dünya əhalisinin böyük bir hissəsinin psixoloji dəstəyə ehtiyacı olacaq. Bu problemli günlərdə indi də Afrika qitəsində sarı qızdırma deyilən xəstəliyin yenidən baş qaldırması ilə bağlı xəbər yayıldı.
Əslində xəstəliyin Afrikada yayılması həyat keyfiyyətinin nisbətən aşağı olması səbəbindən normal qarşılana bilər, ancaq, həmin aşağı standartlar həm də zəruri tədbirlərin görülməsini çətinləşdirir ki, bu da xəstəliyin yaradacağı fəsadların miqyasının artmasına birbaşa təsir edə bilər. Hər il Afrikada milyonlarla insan ilkin tibbi müdaxilə ilə asanlıqla qarşısının alına biləcəyi sadə xəstəliklər səbəbindən vəfat edir. Dünyada QİÇS xəstələrinin təxminən 80 faizi Afrikada yaşayır. Qitə eyni zamanda ana və uşaq ölümlərinin ən çox qeydə alındığı regiondur. Hər 40 min insan 1 həkimin düşməsi ucbatından hər gün çox sayda insan qızdırma, vərəm, suçiçəyi kimi xəstəliklər səbəbilə həyatını itirir.
Bütün bunların fonunda qitədən vaxtilə ayrılmış indi müxtəlif yerlərdə yaşayan qaradərili insanlar rasizmin qurbanıdır. Bunun əskini biz hər nə cür də olsa mediada, çəkilən filmlərdə, bəstələnən musiqilərdə görürük. Məsələn, ABŞ-da bir afro-amerikan mənim ulu babam amerikalı olub desə, bu digərlərinə bir az qəribə gələr. Təbii ki, söhbət dəri rənginə görə rasizmdən gedir. Hal-hazırda ABŞ-da mediada ağdərili olmayan şəxsləri ifadə etmək üçün “Person of Color” birləşməsi işlədilir. Bu zaman Afro-Amerikan, İspan-Amerikan, Asiya-Amerikan nəzərdə tutulur.
Karantin şəraitinin yaratdığı fürsətdən istifadə edərək, mövzuyla əlaqədar olan və uzun müddətdir izləmə siyahımda gözləyən bir neçə filmi izləmək şansım oldu. Eyni zamanda çox mistik keçmişi olan afrika xalqları haqqında da kiçik araşdırma apardım. Mənə görə siyahıda ilk yerdə “12 illik əsarət” filmi gəlir. Film o qədər məşhurdur ki, hətta Azərbaycan dilində dublajı da var. Məni filmdə ən çox üzən isə sevimli aktyorum Benedict Cumberbatchın “pis adam” rolunu oynamasıdır.
“Sorry to bother you”- Narahatlıq üçün üzr istəyirəm. Bu film Cash Green adlı bir gəncin iş tapmağa çalışması, daha sonra məhsul satan bir firmada işə girməsi ilə başlayır, ancaq elə olur ki, heç cür uğur əldə edə bilmir, zəng etdiyi hər kəs telefonu üzünə qapadır. Bir gün iş yoldaşı ona danışarkən ağ səsindən istifadə etməsini söyləyir. Cash təəccüblənərək ağ səsin nə olduğunu tapmağa çalışır. Ağ səs isə tamamilə bütün problemlərdən uzaq, daimi işi, yaxşı maaşı, həyatı olan, ABŞ-da yaşayan “rəngli insanların” həyatına xor baxan ağdərili insanın səsidir. Arada insan həqiqətən də belə söhbətlərə film çəkməyə dəyərmi deyə düşünür, amma filmdə göstərilən dram qarışıq komediya bizə nəyin ağ, nəyin qara olduğuna qərar verə bilməyəcəyimizi göstərir.
İzləməyə bir az tərəddüd etdiyim, sonradan çox bəyəndiyim film isə “Straight Outta Compton” filmi rep ilə yaxından maraqlananlar üçün izlənilməsi tövsiyə olunanlar içərisindədir. Filmdə Eazy-E, İce Cube, Dr.Dre kimi məşhur reperlərin sənətə hardan gəldiyini, onların Compton qəsəbəsində keçən çətin həyatını, polislər tərəfindən dəfələrcə qaradərili olduqlarına görə təqib olunmaları və döyülmələrini göstərir. Təbii ki, bütün bunların fonunda qələbə də qaçınılmaz idi. Ancaq vəhşilik, şiddətə qarşı şiddətin əks olunduğu bu bioqrafik filmdə Comptondan qurtulmağa çalışan, ancaq keçmişin heç cür yaxalarını buraxmadığı gənclər əks olunub, bu döngü isə daima belə davam edir. Həyatda qalmaq üçün mübarizə aparmalısan.
Bizim kökümüzün Afrika xalqlarına dayandığını göstərən bir çox araşdırma mövcuddur. Müasiri olduğumuz ilk insan övladı da məhz bir afrikalı qadının dünyaya gətirdiyi uşaq olmuşdur. Onlar nə qədər çətin olsa da, təbiətin sərt iqlimi ilə hesablaşmış, illərcə davam edən həm soyuğa, həm də qızmar günəş istisinə dözmüş və nəhayətdə Afrikadan Avropaya, Asiya və Amerika qitələrinə yayılmışlar.
Təkcə Afrikada dünyadakı bütün dillərin dörddə birindən istifadə olunmaqdadır. Burada 3000 etnik qrup və 1500 dil aşkar olunmuşdur. Stanford Universitetindən olan dilçi alim Josef Qrinberq Afrikadakı 1500 dil qrupunun 5 dil ailəsində qruplaşdırıla biləcəyini söylədi. Coğrafların belə yaxşı tanımadığı Afrika iqlim qurşaqlarının təkrar olunduğu yeganə materikdir. Hətta fantastik janrda çəkilmiş “2012” filmində də sular altından çıxan tək qitənin Afrika olduğunu görürük. Film bizə hal-hazırda vecimizə olmayan, arxa planda qalmış bu qitənin gələcəkdə tək quru torpaq olaraq qala biləcəyini göstərir.
1962-ci ildə Çadda tapılan 2,5 milyon il əvvəl yaşamış, Çad insanına- Tchadanthropea aid sümük qalıqları və fransız professoru Camille Arabourgun 1967-1968-ci illərdə bugünkü Efiopiya adlanan Həbəşistanda, Omo çayı sahilində tapılmış 3 milyon 700 min illik sümüklər dünyanın ən qədim yaşayış izlərinin Afrikada olduğunu dəqiqləşdirmişdir. Afrika bizim eramızın 1000-ci ilində dünyadakı məlum olan 6 qrup insandan beşinin (qaralar, ağlar, afrikalı piqmeylər, koisanlar, asiyalılar) yaşadığı torpaqlar idi və bunlardan üçü Afrikadan başqa heç yerdə yaşamayan Afrikanın yerli insanları idilər. Qeyd edilən “ağlar” sözü afrikalılar içərisində şimali Afrikada yaşayan və dəri rənginə görə cənubdakılardan bir az daha açıq qara rəngə malik olan afrikalılardır. Onlar “qara” olmayanlar və ərəb kökləri olanlardır.
Piqmeylər də qaralar kimi qaradərili və sıx qıvrımsaçdırlar. Amma qaralardan fərqli olaraq başqa tərəfləri də vardır. Nisbətən açıq rəngli dəriyə, qısa boya, qızılı saçlara, tüklü üz və bədənə malikdirlər. Əsasən ovçuluqla məşğuldurlar. Orta Afrikanın cəngəlliklərinə dağılmış qruplar halında yaşayan xalqlardır, qara əkinçi qonşuları ilə ticarətlə məşğul olurlar və ya onların yanında işləyirlər.
İndiyə qədər həddindən çox insan tərəfindən izlənilmiş, 1980-ci ildə yayıma verilmiş olan “Tanrılar dəli olmalıdır” filmi Koisan xalqının həyatından bəhs edir. Koisanlar adları o qədər də məşhur olmayan afrikalı etnik qruplardır. Onlar əvvəllər San olaraq tanınan, əsasən ovçuluq və qida toplamaqla məşğul olan etnik qrupla, Koi adlanan və heyvandarıqla məşğul olan etnik qrupun birləşmələrindən yaranmışdır. Həm Koilər, həm də Sanlar afrikalı “qaralar”a bənzəyirdilər. Sarıtəhər dəri rəngləri, çox qıvırcıq saçları ilə diqqət çəkirlər. Qadınların budlarında isə yağ topu (steatopygia) mövcuddur. Ayrı bir qrup olan Koilərin sayı bu gün çox azalmışdır, çünki bir çox avropalı işğalçıların hədəflərinə tuş gələrək torpaqlarından qovuldular, ya da onların gətirdikləri xəstəliklərə yoluxdular. Sağ qalanların çoxu isə avropalılarla qarışdılar və Cənubi Afrikada Rənglilər və Teyyelilər olaraq tanınan iki etnik qrup meydana çıxdı. Sanlar da eyni şəkildə avropalıların hədəfləri sırasına düşərək yerlərindən qovuldular, lakin onlar öz qruplarını qoruya bilmək üçün iqlim cəhətdən çox əlverişsiz sayılan Namibiya səhralarına köçdülər. Əgər komediya tərzi bioqrafiya filmini sevirsinizsə, onda 1974-cü ildə çəkilmiş, Namib səhrası, orda yaşayan San xalqından bəhs edən “Beautiful People” filmi sizə görədir.
Madaqaskar Afrikadan milyon illər əvvəl litosfer tavalarının ayrılması nəticəsində uzaq düşdüyü kimi əhalisi də tam olaraq yerli afrikalılar deyil. Asiyalılar ilə qarışmış madaqaskarlılar Afrika materikindən 400 km məsafədə yerləşən adada məskunlaşıblar. Madaqaskarlılar Avstroneziya dilində danışırlar ki, bu da Hind okeanının o biri tərəfində, Madaqaskar adasından 6500 km uzaqda yerləşən İndoneziya adasında, Borneo adlanan yerdə danışılan “Maanyan” dilinə çox oxşardır. Avstroneziya dilində danışan avstroneziyalılar hələ 1500-cü ildə avropalılar Madaqaskara gələndə orda yaşamaqda idilər. “Heç bir kompasları, xüsusi gəmiləri, xəritələri olmadan Borneo xalqı Madaqaskara necə gəlmişdi” sualının cavabında isə orada araşdırma aparan arxeoloqlar Avstroneziyalılar adlandırılan bu xalqın Madaqaskar adasına eramızın 800-cü ilində gəldiklərini deyir.
Afrikanın şimalında yaşayan daha bir xalq isə bərbərlərdir. Bərbərlər bugünkü Misir, Liviya, Tunis, ƏL-cəzayirdə yaşayan və Şimali Afrikanın tanınan ən qədim yerli xalqlarındandır. Tapılmış olan bəzi mağara rəsmlərindən bərbərlərin paleolitik cəmiyyətdən gəlib çıxdığı iddiasını ortaya qoyur. Köçəri və yarımköçəri halda yaşayan bərbərlər arasında ortaq bir dilin mövcud olmaması ilə yanaşı, Finikiya, Kartaca, Roma, İslam və Osmanlı mədəniyyətinin burada toqquşması da onların müxtəlif mədəniyyətlərə sahib olmalarına gətirib çıxarmışdır. Geniş çöl ərazilərində isə mədəniyyət qısıtlandığından, bərbərlər arasında müxtəlif ləhcələr ortaya çıxmışdır. Bölgədəki bir qrup insan isə 7-ci əsrdən etibarən islamın yayılması ilə əlaqədar bu dini mənimsəməyə başlamışlar. 12-ci əsrdəki bədəvi yayılması isə bir çox oturaq bərbərin köçəri və yarımköçəri bərbərə çevrilməsinə səbəb olmuşdur. Çöl ərazilərində yaşayan bir çox bərbər isə yerli yaşayış tərzini davam etdirməkdə, qışda alçaq düzənliklərdə əkinçiliklə məşğul olmaqda, yayda isə daha yüksək ərazilərə köçməkdədirlər. Əsasən yerli bərbərlərin torpaqlar üzərində şəxsi hakimiyyəti yoxdur. Burada hələ də tarlalar püşk atma ilə paylanılır, otlaqlar isə ortaq istifadə edilir. “Fallahin” adlandırılan torpaqsız kəndlilər isə məhsulun 1/5i qarşılığında torpaqlarda işçi olaraq işləyirlər.
Afrika insanının dini dünyası avropalılarınkından xeyli fərqlidir. Biz afrikalı dininin təməlində Misir, Hind və Avropa təsirini görə bilərik. Bu səbəbdən də müxtəlif inanclarla bağlılı olan afrikalılarn dinlərini başa düşmək olduqca çətindir. Afrikadakı ilk müasir dinlər arasında ən çox yerlərində bu gün də islamdan sonra geniş yayılmağa başlamış animizm dini hökmranlıq etməkdədir. Animizm təbiətdə insan ruhuna az-çox bənzəyən ruhların mövcud olduğunu iddia edən bir dindir. Aparılan araşdırmalara görə Afrikada müsəlman insanların sayı 102 milyon, animist sayı isə 95 milyondur. Xristian (katolik, protestant və kipti) sayı is təxmini olaraq 60 milyondur. Avropalılar tərəfindən istila olunduqdan sonra həm torpaqlardan, həm qidadan, həm də zaman keçdikcə nəsillərindən vaz keçməyə məcbur oldular. Afrikada dinlərlə bağlı çəkilmiş ən məşhur filmlər siyahısında “The Cidatel”, “Au nom du Christ”, “Clouds over Conakry”, “Thunderbolt: Magnum”, “Buud Yam” ilk sıralardadır.