Türkiyə Prezidentinin himayəsində təşkil və təqdim olunan TÜBA – Beynəlxalq Akademiya Mükafatı (TÜBA-GEBİP – Görkəmli Gənc Alim və TÜBA-TESEP – Elmi Müəllif Hüququ İşi) öz növbəti sahiblərini tapıb. Mükafatlar 28 dekabr 2021-ci il tarixində Türkiyə Prezidentinin Rezidensiyasında keçiriləcək TÜBA-TÜBİTAK Elm Mükafatları Mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunacaq.
TÜBA Mükafatlarının elm adamlarını həvəsləndirmək üçün Akademiyanın ənənəvi olaraq təqdim etdiyi mükafat olduğunu qeyd edən TÜBA prezidenti Prof. Dr. Muzaffer Şeker deyib ki, qiymətləndirmə elmi mühakimə proseslərindən tutmuş elmi etika prinsipləri və fəaliyyət meyarlarına qədər bir çox prosesləri əhatə edən əmək tutumlu araşdırma nəticəsində yekunlaşıb. Prof. Şeker, həmçinin “Əczaçılıq sahəsində elmi tədqiqat, layihə və araşdırmalar“ı ilə fərqlənən gənc alimlərə verilən “Ahmet və Nezahat Keleşoğlu TÜBA-GEBİP Əczaçılıq Xüsusi Mükafatı”nın da Akademiya Şurasının qərarı ilə mükafat siyahısına daxil edildiyini bildirib.
Elmlə məşğul olmağın bir həyat tərzi olduğunu, Türkiyədə və ya dünyanın istənilən yerində aparılan elmi işlərin insanlığın ortaq dəyəri olduğunu qeyd edən Prof. Şeker təbrik mesajında deyib: “Dünyamızın və bəşəriyyətin gələcəyi üçün vaxtını və səylərini sərf edən, hətta sağlamlığı bahasına olsa da elm yolunda fədakarlıq göstərən hər bir elm adamının zəhmətinin hər bir anını mükafata layiq görür, onlara təşəkkürümü bildirir və bütün mükafat sahiblərini təbrik edirəm”.
TÜBA Beynəlxalq Akademiya Mükafatları Akademiyanın Medalı və təxminən 30.000 ABŞ dollarından ibarətdir. Mükafat tədqiqatlarında “orijinallığı, qabaqcıllığı və novatorluğu” ilə seçilən elm adamlarına təqdim olunur.
AzLogos Prof. Məsud Aşina ilə əlaqə saxlayaraq, onu redaksiya adından təbrik etdi və mükafata layiq görülməsi ilə bağlı təəssüratlarını soruşdu:
“Öz adımdan və əlbəttə ki, elmi qrupum adından təşkilatçılara minnətdarlığımı bildirirəm. Şübhəsiz ki, bu mükafat uzun illərin əməyinə, elmi fəaliyyətimizə və nailiyyətlərimizə verilmiş yüksək qiymətdir. Ən böyük arzum elmi çalışmalarımız nəticəsində miqren xəstələrinin həyatını yüngülləşdirəcək, onları sağlamlıqlarına qovuşduracaq çarənin tezliklə tapılmasıdır”.
TÜBA – Beynəlxalq Akademiya Mükafatı – 2021
TÜBA-nın elm adamlarını həvəsləndirmək və qiymətləndirmək missiyası çərçivəsində təsis etdiyi və dünyanın bütün elm adamları üçün açıq olan mükafata bu il iki kateqoriyada (Sosial və Humanitar Elmlər ilə Sağlamlıq və Həyat Elmləri) cəmi üç elm adamı layiq görülüb.
Akademik Şura tərəfindən yerli və xarici hakim rəyləri ilə sahə komitələrinin qiymətləndirməsi əsasında builki mükafata layiq görülən elm adamları aşağıdakılardır:
Sosial və Humanitar Elmlər kateqoriyasında
Prof. Dr. Jeffrey David Sachs (Kolumbiya Universiteti)
Qloballaşma və davamlı inkişaf, məsuliyyətli istehsal və istehlak mexanizmləri, xəstəliklərə qarşı mübarizə mövzusunda apardığı elmi, texniki və səmərəli tədqiqatlar və nəzəri araşdırmalarla yanaşı, o, ifrat yoxsulluğun azaldılması, əhalinin sosial müdafiəsi, gəlir bərabərsizliyi kimi müstəmləkəçiliyin vurduğu zərərlər kimi mövzularda məlumatlılığı artırmaq üçün dünyanın yüz otuzdan çox ölkəsinə səfər etmişdir. Göstərdiyi səylər və etik mövqeyinə görə mükafatlandırılır.
Sağlamlıq və Həyat Elmləri kateqoriyasında
Prof. Dr. Məsud Aşina (Kopenhagen Universiteti)
Migren baş ağrısını təşviq edən siqnal mexanizmlərini aşkar edən, xəstələr üzərində aparılan tədqiqatlarla yeni molekulları təsvir edən, miqreni başladan neyrovaskulyar mexanizmləri aydınlaşdıran və PACAP-38 neyropeptidinin klinik əhəmiyyətini və terapevtik potensialını vurğulayan tədqiqatlarına görə mükafatlandırılıb.
Prof. Dr. Nəzmi Volkan Adsay (Koç Universiteti)
Pankreasın intraduktal onkositik papiller neoplaziyası, mədəaltı vəzinin kolloid karsinoması kimi şiş növlərini təsvir etdiyinə görə mükafatlandırılmışdır. Bundan əlavə, o, mədəaltı vəzi şişlərinin nadir növlərindən biri olan intraduktal tubulopapiller neoplaziyanı ilk təsvir edənlərdən biri olub və diaqnozda çətinlik çəkən bir neçə pasiyentin differensial diaqnostikası və müalicəsi üçün paraduodenal pankreatit konsepsiyalı yeni pəncərə təqdim edib.
***
Prof. Dr. Jeffrey David Sachs. 1954-cü ildə anadan olub. 1978-ci ildə magistr dərəcəsini, 1980-ci ildə isə doktorluq dərəcəsini Harvard Universitetinin İqtisadiyyat fakültəsində almışdır. O, beynəlxalq davamlı inkişaf təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, bir çox ölkələrin universitetlərində və tədqiqat müəssisələrində qonaq alim və tədqiqatçı kimi işləyib. Həmçinin beynəlxalq və iqtisadi inkişaf proqramları üzrə məsləhətçi kimi çalışıb. Davamlı böyümə və inkişaf məsələləri ilə yanaşı, etik iqtisadiyyat kontekstində də əhəmiyyətli tədqiqatlar aparmışdır. Hal-hazırda Nyu Yorkdakı Kolumbiya Universitetində müəllimdir. O, BMT-nin Dayanıqlı İnkişaf Həlləri üzrə Şəbəkə Sisteminin direktoru kimi də fəaliyyətini davam etdirir.
Prof. Dr. Məsud Aşina. 1965-ci ildə Azərbaycanda anadan olub. 1988-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-cü ildə Kopenhagen Universitetində nevroloq ixtisasına yiyələnib və doktorluq dissertasiyasını müdafiə edib. Baş ağrısı sahəsinin ən əhəmiyyətli mütəxəssislərindən biri olan Jes Olesenin rəhbərliyində təhsilini tamamlayaraq, yüksək nailiyyətləri sayəsində eyni universitetdə qalıb və akademik həyatını uğurla davam etdirib. Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub. Hal-hazırda İnsan Migren Araşdırmaları Mərkəzinin Direktoru vəzifəsində çalışır.
Prof. Dr. Nəzmi Volkan Adsay. 1982-ci ildə TED Ankara Kollecini, 1988-ci ildə Hacettepe Universitetinin Tibb Fakültəsini bitirib. ABŞ-da patoloji və laboratoriya elmləri üzrə ixtisaslaşaraq, Amerika Patologiya Şurasının sertifikatını almışdır. Dünyanın qabaqcıl xərçəng mərkəzlərindən biri olan Memorial Sloan-Kettering Xərçəng Mərkəzində onkoloji patoloji rezidenturasını tamamlayaraq, təhsilini bu mərkəzin ən əhəmiyyətli mütəxəssisləri ilə davam etdirdikdən sonra 10 il Michigan Wayne State Universitetində çalışaraq professorluq dərəcəsinə yüksəldi. 2007-ci ildə Emori Universitetində Patologiya Direktoru olaraq işə başlayan Prof. Adsay 10 ildən çox bu vəzifədə çalışıb. 2018-ci ildə Koç Universiteti Tibb Fakültəsinin Patologiya kafedrasının müdiri vəzifəsinə təyin edilib. O, Amerika Xərçəng Araşdırma Qrupu Elm Mükafatı və ABŞ-ın Corciya Ştatının Görkəmli Xərçəng Alimi Mükafatı da daxil olmaqla bir çox tədqiqat və təhsil mükafatlarını alıb. O, həm də təsis etdiyi beynəlxalq Pankreatobiliar Patologiya Cəmiyyətinin ilk prezidenti vəzifəsində çalışıb.