Uğura necə nail olmalı?
İngilis dilində olan bu ifadəyə tez-tez rast gəlmək olur: həyatda heç nə “impossible” deyil, sözün özü hətta deyir ki, “I-am-possible”. Əgər uğura nail ola bilməmisənsə, deməli, kifayət qədər çalışmamısan və ya cəhd etməmisən. Hər nə qədər motivasiya kitablarında, videomateriallarında uğurun, nailiyyətə çatmanın insanın öz əlində olması bu cür təlqin olunsa da, uğurun alınma şərtləri böyük hesabla insan iradəsinə tabe deyil. Reallıq tam tərsinədir – nə qədər çalışmaqdan asılı olmayaraq həyatda çox şeylər mümkün deyil. Hətta olduqca çox şey mümkün deyil. Mümkün ola bilənlərin sayının qeyri-mümkünlərə nisbəti çox azdır. Bu yazıda uğurun alınma şərtlərindən bəhs olunacaq, təbiətin fiziki qanunlarının müvəffəqiyyətin meydanagəlmə şərtlərini necə əhatə dairəsində saxlamasından söhbət açılacaq.
Uğur situativ və subyektiv ola bilər, nisbi qavram sayıla bilər. İctimai mənada uğura sosial, mədəni və iqtisadi kapitalın artması kimi tərif vermək olar. Məsələn, iş mühitində yaxşı professional statusa sahib olma, qohumlar arasında hörmət və s. zəngin sosial kapitaldır; universitet diplomu, yarışda birincilik və s. mədəni; var-dövlət, ev, maşın və s. isə iqtisadı kapitaldır. “New York Times” bestseller müəllifi, biznesmen James Clear uğuru müyyən qədər konkret anlayışa yaxınlaşdırmaq üçün onu iki qrupda təsnifatlandırır: relativisit və absolutist uğur. Məs., “Bill Qeyts 10 filan vərdişinə görə dünyanın ən varlı adamı oldu” kimi iddialara tez-tez rast gəlinir və uğura misal göstərilir. Bundan daha mənalı olan şey 18 yaşlı bir yeniyetmənin ilboyu çalışıb universitetə qəbul olmasını uğur kimi təqdim etməkdir. Böyük bir şirkətin icraçı direktorunun səyləri nəticəsində şirkət gəlirlərinin filan qədər artmasıyla müqayisədə karyerasına yenicə başlamış rəssamın öz kiçik sərgisinin keçirilməsinə nail olmağı daha təqdirəlayiq və meritokratik uğurdur. Bu misallarda birincilər absolutist (qlobal və çoxlu nəzarət edilə bilməyən dəyişənlərin mövcudluğu), ikincilər isə relativ uğurdur – lokal və mümkün qədər hadisələrin ipləri şəxslərin öz əlindədir. J.Clear elə bu səbəbdən iddia edir ki, absolutist uğur şans əsəridir, relativist uğur isə gərgin əməyin üstünlük təşkil etdiyi nailiyyət növüdür.
Buna baxmayaraq gərgin əmək belə qərarverici faktor deyil. İnsanın içində yaşadığı sosial-iqtisadi mühit gərgin əməyin nəticəsinə qüvvətli təsir edir, yəni gərgin əmək sıfır nəticə də verə bilər. Məhz buna görə britaniyalı yazar, bir neçə kitab müəllifi George Monbiot deyir: “Əgər var-dövlət gərgin əmək və təşəbbüsün inkarolunmaz nəticəsi olsaydı, Afrikadakı hər qadın milyonçu olardı”. Müəllifin bu sözləri digər bir araşdırma faktını da xatırladır – insanın doğulduğu ölkə onun nə qədər var-dövlətə sahib olacağını, nə dərəcədə rifaha çatacağını proqnoz verməyə yetərli parametrlərdən biridir. Təəssüf ki, XXI əsrdə hələ də elə ölkələr var ki, vətəndaşlarının çox arzuları ürəklərində qalmağa, çox planları kağız üstə çürüməyə məhkumdur. Bunun müqabilində inkişaf etmiş ölkələr qənaətbəxş səviyyədə meritokratik sistem yarada biliblər, iqtisadi-siyasi, ictimai siyasətlərini elə qurublar ki, bacarıqlı insanlarının özlərini realizə etmələri üçün geniş platforma; irqindən, cinsindən, dinindən asılı olmayaraq ambisiyalı fərdlərinin məqsədlərinə çatmaları üçün nisbətən məhsuldar şərait yarada biliblər.
Bəs necə olur ki, uğur çox vaxt qeyri-bərabər paylanır, alınma ehtimalı azdır? Yuxarıda deyildiyi kimi, niyə müvəffəqiyyətə gedən yolda qeyri-mümkünlərin sayı daha çoxdur? Bura kimi yazılan – gərgin əmək, effektiv iqtisadi mühit belə eventual təsirli faktorlar deyil. Eventual təsiredici faktorları bilmək üçün iş gedib çıxır uzun illərin elmi tədqiqatlarının nəticələrinə – təbiətin fundamental fiziki qanunlarına. Bunu izah etmək üçün insanların, heyvanların və ümumilikdə canlı aləmin embrion inkişafından başlayaraq təsir göstərən və nisbətən gözdən yayınan təbii faktorlardan biri haqqında bəhs etmək lazım gələcək – səs-küy.
Səs-küy (küy) termindir, bir çox elm sahəsində, fizikada, biologiyada, mühəndislikdə, elektronikada, radiotexnikada, aeronavtikada istifadə olunur. Səs-küy arzu olunmayan səslərin məcmusudur. Söhbət təkcə akustik səslərdən getmir, ixtiyari siqnalın qəbuluna maneə törədən yan siqnallar, küylərdir. Məsələn, radioda dalğa qəbulu zamanı gələn xışıltı səsi səs-küydür. TV-də kanal tutmayanda yaranan ağ-qara təsadüfi mozaika səs-küydür.
Hər iki halda radio və ya TV antenna lazımı siqnalı tuta bilmir, kənardan gələn lazımsız siqnalları, səs-küyü tutur. Səs-küy hər yerdədir. Bahalı konsumer qulaqlıqlarını ucuzundan fərqləndirən şey odur ki, birincilər əsl səs siqnallarını, musiqini fondakı səs-küydən yaxşı ayıra bilirlər. Başqa bir misal: milyon illərin uzaqdan gələn ulduz işıqları digər işıqlarla, səs-küylə birlikdə Yerdəki teleskoplarda tutulur, astronomlar əsl işığı səs-küydən ayırmaq üçün xüsusi metodlardan, filterlərdən istifadə edirlər. Səs-küy nəinki təbiətdə, bütün bioloji sistemlərdə, insan bədənində də mövcuddur – beyində, hüceyrələrin içində, hətta hüceyrə nüvəsinin içində belə səs-küy özünü təsadüfi dalğalanmalar, “random” fluktasiyalar kimi göstərir. Gecə yatmağa hazırlaşıb gözləri yumarkən göz tamam qaranlıq görmür, görüntüdə qığılcımlar və fiqurlar yaranır, yanıb-sönür, sayrışırlar. Bu, göz sinirlərindəki səs küydür.
TV-də səs-küy
Dublin Triniti Kollecin genetikaçısı və neyroalimi K.Mitçell uzun illər ərzində apardığı tədqiqatlarıyla bu nəticəyə gəlib ki, genlər insan orqanizminin planı deyil, o, hər hansı bir nəticəni planlamır. O, ancaq biokimyəvi qaydaları müəyyənləşdirir, hansı ki, embrio həmin qaydalardan istifadə edib, başlayır öz-özünə təşkilatlanmağa. Maraqlıdır ki, uzun illər müəmma olaraq qalan, identik genoma malik eyni hüceyrədən yaranan əkiz uşaqların yetkinlik yaşlarında bir-birilərindən tamamilə fərqli psixi xüsusiyyətlərə sahib olmasına bununla aydınlıq gəlir. Rüşeymdə beyin inkişaf etdikcə, neyronlar səbəbsiz yerə yanıb-sönməyə başlayır. Tam təsadüfi, qığılcımları ancaq səs-küy idarə edir. Səs-küyün olduğu mühitdə isə heç nə identik alınmır.
Belə görünür ki, insan beyni yaranarkən ən əhəmiyyətli təsir edən faktor səs-küydür. Rüşeymdə beyin formalaşmağa başlayanda ilkin neyronal əlaqələr tamamilə səs-küyün diqtəsilə hərərkət edir: bir neyron gah digəri ilə əlaqə qurur, sonra qopub gedir başqa biriylə birləşir. Beləcə neyron əlaqələri stabilləşənə kimi davam edir. Səs-küyün diqtə etdiyi başlanğıc şərtlər artıq insan yetkinləşdikcə öz təsirini göstərməyə başlayır, bəzən nəcib ailədən bivec uşaqlar, bəzən də sənətkar ata-anadan texniki zəkalı uşaqlar elə bu səbəbdən törəyir. Hətta onlar eyni genetikaya, eyni mühitə malik olsalar belə. Beləliklə, son illərin araşdırmaları səs-küyün düşünüləndən daha çox təsir etdiyini, hətta uzun illərin diskussiyasını – “genetika yoxsa şərait” dixotomiyasını “genetika + şərait + səs-küy” triadı (üçlüsü) kimi dəyişməyə vadar edir.
Düşünmək olardı ki, rüşeymdə hökmranlıq edən səs-küy sonradan dayanır. Ancaq səs-küy heç vaxt dayanmır. İsveçrənin Sürix Universitetinin təkamül bioloqu A.Vaqner deyir: “Səs-küy qarşısıalınmazdır. O, həyatın qarşısıalınmaz yan məhsuludur”. Həyatın hər mərhələsində təsir göstərə-göstərə mikrodünyada baş verən bu kiçik hadisələr ali səviyyəli orqanizmlərə və sistemlərə, makrodünyanın proseslərinə doğru qalxdıqca yuvarlaqlaşıb olur şans – sosial, interpersonal münasibətlər üçün məişət dilində bəxt. İnsan genetikasının, onun düşdüyü mühitin və səs-küyün, şansın davamlı dəyişən nisbətiylə insan bəzən müvəffəqiyyətə nail olur, çox vaxt da olmur. Çalışıb-vuruşaraq əldə olunmuş uğurların böyük hissəsində belə şans əsasdır. Sosiologiya üzrə tədqiqatlar göstərir ki, uğurlu insanlar öz cəhdlərinə həddindən artıq şişirdilmiş pay biçirlər. Digər araşdırmada isə müəyyən olunub ki, öz uğurlarında bəxtin payının daha çox olduğunu qabul edən insanlar həmkarları tərəfindən daha çox sevilirlər.
Uğurun simvolları, yonca yarpağı və parabizən.
Beləliklə, insan öz fərdi mövcudiyyətini uğura hazır vəziyyətə gətirmək üçün işlək üç faktordan ikisinin nəzarətinə başdan malik deyil (genetika və səs-küy). Qismən kontroluna sahib olduğu mühit faktoru isə az hallarda insanın şəxsi iradəsinə tamamilə tabe olur. Bu kontr-intuitiv faktın özüylə gətirdiyi əsas çıxarışlardan ikisi odur ki, uğurun yolları həm azdır (çox şey mümkün deyil), həm də uğur üçün mübarizə aparan kandidatların böyük hissəsi uğursuzluğa düçar olmağa məhkumdur. Əlini ağdan-qaraya vurmamaqla həyatda çırpınıb uğura çatmaq arasında fərq uçurum deyil. Doğrudan da, səs-küy qarşısıalınmazdır. Bəşər tarixini, onun tarixində baş verən hadisələri insan psixikasını nəzərə alaraq analiz edə bilən cihaz olsaydı, şübhəsiz ki, nəticələrin səs-küydən, bəxt və şansdan asılılıq payı daha çox olardı, nəinki fərdi cəhdlərdən.
Əlavə olaraq, indiki texno-sosial dünyada sosial şəbəkələrin, xüsusilə İnstaqram kimi vizual əsaslı platformaların istifadəçilərin psixikiasında hansı dəyişikliklərə yol açdığı hal-hazırda sosial elmlərdə qızğın araşdırma mövzularından biridir. Eləcə də sosial şəbəkələşmənin yayılması uğurun, müvəffəqiyyətin insanlar tərəfindən qavranma tərzində də olduqca əsaslı dəyişikliklər yaradıb. Uğur qazanmağın bu qədər marketiniqinin aparılması, reklam olunması “mümkünləşdirmə acgözlüyü”nə rəvac verir. Mümkünləşdirmə acgözlüyü isə öz növbəsində çox vaxt dağıdıcı effekt göstərir. Bir neçəsinin uğuru bu və ya digər dərəcədə şişirdilib izləyicilərə sırınır, digər qism isə öz həyatlarında dəyərin azaldığı hissinə qapılır. Onlar “Xəyallarından heç vaxt vaz keçmə, mütləq sonda uğura çatacaqsan!” məsləhətinə əməl etmədiklərinə görə uğursuzluqlara düçar olduğunu düşünür, beləcə depressiya, hətta şəxsi həyatlarında, ailədə zəncirvari uğursuzluq effekti yaradırlar. Açılması heç bir vəchlə mümkün olmayan uğur qapısını döyəcləməkdən tutmuş, şəxsi münasibətlərdə daxili gücün, mənəvi qüvvənin səmərəsiz xərclənməsinə qədər fərd səviyyəsində aramsız bədbəxtliklərə səbəb olur. Təsadüfi deyil ki, dahi fizikaçı A.Eynşteyn hələ 20-ci əsrin birinci yarısında demişdi: “Sakit və sadə həyat daha çox xoşbəxtlik gətirir, nəinki dayanmadan çırpınaraq uğur arxasınca qaçmaq”.
Əlbəttə, çalışmaq və mübarizə aparmaq lazımdır. Mübarizə lüks davranış deyil, həyatın çılğın, qarşısıalınmaz və xaotik təbəddülatlarında, yaşamaq uğrunda mübarizədə bəlkə də yeganə seçimdir. Bəzi vaxtlarda daxili dünyasında kimsə bu ifadələrlə özünü ovundura bilər. Hətta ovundurub, çox istədiyi şeyi alındıra da bilər. Ancaq və müəyyən mənada təəssüf ki, uğurun ərsəyə gəlməsində cəhddən daha çox şans öz təsirini göstərir. Bu, “genetika + mühit + səs-küy” triadının kəsilməz interpleyidir, həyatın yan məhsuludur və nəhayət, təbiətin qaçılmaz reallığıdır.