Koronavirus necə öldürür? Həkimlər beyindən ayağın baş barmaqlarına qədər vücuda şiddətli təcavüzün izini aşkarladılar
Həkim Coşua Denson iyirmi yerlik intensiv terapiya şöbəsində qıcolmadan əziyyət çəkən iki xəstəni, nəfəs çatışmazlığından, o cümlədən böyrək çatışmazlığından şikayətlənən çoxlu insanı müayinə elədi. Bir gün əvvəl müayinə yarımçıq kəsilmişdi, çünki həkimin komandası ürəyi dayanmış gənc qadını həyata qaytarmağa çalışırdı. Amma onların səyləri uğursuzluqla nəticələnmişdi.
“Klinik mənzərənin fərqli olmasına baxmayaraq, mənim şöbəmdəki bütün xəstələrin ortaq bir cəhəti var, – Tuleyn Universitetinin nəzdindəki Tibb məktəbinin həkimi, reanimatoloq və pulmanoloq Denson deyir. – Bizim şöbəmizdəki xəstələrin hamısında COVİD-19 müsbətdir”.
Bütün dünyada təsdiqlənmiş COVİD-19-a yoluxma halları 2,2 milyonu, ölüm sayı isə 150 mini keçdiyinə görə, xəstəxanalarda işləyən həkimlər və patoloqoanatomlar var-gücləri ilə koronavirusun zədələyə biləcəyi sistem və orqanları, həmçinin virusun, orqanizmə daxil olduğu zaman vura biləcəyi zərərin miqyasını anlamağa çalışırlar. Onlar başa düşürlər ki, ağciyərlər – “sıfır nöqtəsi“ (ilkin səbəb) olsa da, virusun təsiri və vurduğu zərər bir çox orqanlara yayıla bilər; o cümlədən ürək və qan-damar sisteminə, böyrəklər, bağırsaqlar və beyinə də.
Harlan Krumholts COVİD-19-la bağlı klinik məlumatların toplanması üzrə işlərə rəhbərlik edir.
“Virusun aqressivliyi həm bizim acizliyimizi üzə çıxarır, həm də sarsıdır“, – o deyir.
Sözügedən məhvedici prosesləri anlamaq yoluxan insanların, xəstəliyi sürətlə, gözlənilməz inkişaf edən və qəflətən ölən hissəsinin müalicəsində həkimlərə yardım edə bilər.
Görəsən, bu yaxınlarda tapılan və qan laxtalanma prossesinin pozğunluğu ilə bağlı olan qeyri-tipik tendensiya, xəstəliyn yüngül və simptomsuz gedişatının həyat üçün təhlükəli ağır formaya çevrilməsinə səbəb olur?
Görəsən, kritik halların arxasında “həddindən artıq qısqanc” hipererqik immun cavabı (sitokin fırtınası nəzərdə tutulur) dayanırmı? Və belə vəziyyətlərdə immunosupressor preparatlar tətbiq oluna bilərmi?
Bəzi həkimlərin haqqında məlumat verdiyi respirator sindromun əlamətlərini daşımayan xəstələrin qanında oksigen səviyyəsinin son dərəcə aşağı olmasının səbəbi nədir?
“Müalicə haqqında düşünməyə başlayanda sistemli, disiplinlərarası yanaşmadan istifadə faydalı ola bilər”, – Pensilvaniya Universitetinin xəstəxanasının həkimi, reanimatoloq Nilam Manqalmurti deyir.
Hələ indi-indi başlayan və qlobal nəzarət altında aparılan araşdırmaların yoxluğunu nəzərə alsaq, alimlər tez-tez “onlayn-rejimdə“ dərc olunan, hələ rəy almamış kiçik tədqiqatlardan və tematik məruzələrdən yararlanmaqdan çəkinməməlidirlər.
“Biz hələ də öyrənirik! Yayılmanın son dərəcə sürətlə getdiyini nəzərə alsaq, belə məlumatların peyda olmasına diqqətlə və obyektiv yanaşmalıyıq“, – qaraciyər transplantasiyası üzrə mütəxəssis Nensi Rio deyir. O, Raş Universiteti Tibbi mərkəzində xəstələri COVİD-19-dan müalicə edir.
YOLUXMANIN BAŞLANĞICI
Yoluxmuş insan nəfəs verəndə aerozol şəklindəki virus hava mühitinə düşür. Başqa insan yoluxmuş havanı içinə çəkəndə SARS-CoV-2 adlanan virus, əvvəlcə burun və boğaza, ordan da orqanizmə daxil olur.
“Wellcome Sanger“ İnstitunun alimlərinin preprintlərinə görə, virusun membran zülalı – anqiotenzinçevirən ferment2 (ACE2) tərkibli reseptorlardan keçərək inkişaf üçün əlverişli mühit tapır. Ağciyərlərin, ürəyin, böyrəklər və cinsi sistemin hüceyrələrində olan АCE2 orqanizmdə mühüm rol oynayır və qan təzyiqinin tənzimlənməsinə cavabdehdir.
O, yoluxmaya meylli olan toxumaları nişanlayır. Membranda yerləşən АCE2, virusun hüceyrəyə daxil olmaq üçün reseptordan istifadə etməsinə icazə verir. Virus içəri düşəndən sonra hüceyrə mexanizmlərini ələ keçirir, öz surətini dəfələrə artırır və yeni hüceyrələrə daxil olur.
Virusun yayılması nəticəsində aşağıdakı simptomlar əmələ gələ bilər: titrəmə, quru öskürək, qoxu və dad duyğusunun itirilməsi, baş ağrıları, bütün vücudun əzginliyi. Virusun çoxaldığı ilk həftə ərzində hətta simptomlar olmasa belə, yoluxmuş insan onu yaya və başqalarını yoluxdura bilər.
Adətən, oksigen alveollar vasitəsilə, hava torbacıqlarının yanında yerləşən kapillyarlara və kiçik qan damarlarına ötürülür; daha sonra oksigen bədənin qalan hissələrinə keçir. Lakin immun sistemi işğalçı ilə vuruşduğuna görə, savaşın özü oksigenin sağlam şəkildə ötürülməsi prosesini pozur. Xemokin adlanan ön xətt leykositləri (xemotoksik sitokinlər) iltihab molekulları ifraz edirlər ki, bu da nəticədə iltihab ocağına daha çox immun hüceyrələrin toplanmasına və virusa yoluxmuş hüceyrələrin məhv edilməsi ilə irin kürlələrinin yaranmasına səbəb olur. Bu, pnevmoniyanın əsas patogenezidir və uyğun simptomları- öskürək, üşütmə və təngnəfəsliklə müşayət olunur.
Bəzi hallarda COVID-19 xəstələri süni tənəffüs aparatı (STA) və oksigenoterapiya olmadan daha yaxşı sağalırlar.
Amma bəzən əksi baş verir, xəstənin vəziyyəti ağırlaşır – tez-tez bu, qəflətən baş verir – kəskin respirator distress sindromu (KRDS) adlanan hal inkişaf edir. Belə xəstələrin qanında oksigenin səviyyəsi kəskin düşür, xəstələrin nəfəs alması get-gedə daha da çətinləşir. Rentgen şəkilləri və kompyuter tomoqrafiyalarında onların ağciyərlərində qara boşluq – hava olmalı olan yerlərdə ağ, bulanıq sahələr görünür. Bir qayda olaraq, belə xəstələr STA-na düşür, çoxları ölür. Cəsədlərin müayinəsi göstərir ki, onların alveolları maye, qanlı, ağ qan hüceyrələri, selik və ölmüş ağ ciyər hüceyrələrinin komponentləri ilə dolu olur.
İŞĞALÇININ TƏSİRİ
Yuxarıda da deyildiyi kimi, ağır hallarda ağciyərlərə düşən SARS-CoV-2 ciddi xətər yetirə bilər. Lakin vuris, ya da orqanizmin ona reaksiyası bir çox başqa orqanları da zədələyə bilər. Alimlər sözügedən zərərin xarakterini və miqyasını hələ indi araşdırmağa başlayırlar.
Sitokinlər – sağlam immun cavabı verən kimyəvi siqnal molekullarıdır. Amma hipersitokinemiya zamanı (sitokin fırtınası) immun hüceyrələrinin sitokinlər tərəfindən aktivləşdirilməsi baş verir. Öz növbəsində immun hüceyrələri də sağlam toxumalara hücum edib onları zədələməyə başlayır. Qan damarlarının divarları zədələnir, qan təzyiqi düşür, bəzi orqanların hədsiz çatışmazlığına səbəb ola biləcək tromblar yaranır.
Bəzi həkimlərin xəstəxanaya yatırılmış COVID-19 xəstələrinin qanında iltihab doğuran sitokinlərin artdığını qeydə alırlar.
“Çox güman ki, xəstəliyə yoluxma və ölüm halları virusa qarşı sözügedən qeyri-proporsional iltihablı reaksiya ilə bağlıdır”, – Templ Universitetinin xəstəxanasında COVID-19 xəstələri ilə işləyən pulmonoloq Ceymi Qarfild deyir.
Lakin digər mütəxəssislər bu yanaşma ilə razılaşmırlar.
“Belə görünür ki, sözügedən hiperiltihab halları ilə COVID-19-un əlaqəsi haqqında tələsik nəticələr çıxarılıb. Mən bununla bağlı inandırıcı məlumatlar görməmişəm”, – Stenford Universiteti nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin pulmanoloq-reanimatoloqu Cozef Levitt deyir.
Cozef Levitt sitokin reaksiyanı zəiflətmək cəhdlərinin əks nəticələr verə biləcəyindən narahatdır. Hazırda spesifik sitokinlər üçün nəzərdə tutulan bir neçə preparat COVID-19 xəstələri üzərində klinik sınaqdan keçirilir. Amma Levitt bu preparatların “sağlam“ immun cavabını da zəiflədəcəyindən ehtiyat edir. Halbuki onlar virusla mübarizə aparmaq üçün orqanizmə çox lazımdır.
“Böyük virus replikasiyasının yaranması ilə bağlı real risk var“, – Levitt xəbərdarlıq edir.
Digər alimlər isə diqqətlərini tamamilə başqa orqanlar sisteminə yönəldiblər. Mütəxəssislər bəzi xəstələrin vəziyyətinin ağırlaşmasını həmin orqanların – ürək və qan damarlarının reaksiyası ilə əlaqələndirirlər.
ÜRƏYƏ ZƏRBƏ
Virusun ürək və qan damarlarını necə zədələdiyi sirdir, lakin onlarla sənəd və preprintlər bu tip zədələrin geniş yayıldığını göstərir.
“JAMA Cardiology” jurnalında martın 25-də çıxan məqalədə Çinin Uhan şəhərində COVID-19-a yoluxmuş 416 xəstənin, demək olar ki, 20%-də ürək zədələnməsi qeydə alınıb. Uhanda aparılan başqa bir araşdırmada isə xəstəxanaya yatırılmış 138 xəstənin 44%-də aritmiya müşahidə olunub.
Deyəsən, pozuntular qanın özünə də yayılır.
Hollandiyada intensiv terapiya şöbəsində yatan COVID-19-lu 184 xəstənin 38%-inin qanı laxtalanmış olub, demək olar ki, üçdə birində isə artıq laxtalar yaranıb. (Mənbə: «Thrombosis Research» jurnalı 10 aprel)
Qan laxtaları hərəkət edə və ağciyərə düşərək həyati-vacib arteriyaları tıxaya, bununla da ağciyər emboliyası adı ilə tanınan vəziyyətin yaranmasına səbəb ola bilər. Ki, məlumatlara görə, artıq COVID-19 xəstələrində bu hal müşahidə olunub. Həmçinin arteriyadakı tromblar da beyinə doğru hərəkət edərək insulta səbəb ola bilər.
“Xəstələrin əksəriyyətində D-dimerin – törəmə tromboz səviyyəsi kritik yüksəkdir”, – Kolumbiya Universitetinin Tibb mərkəzinin ürək-damar xəstəlikləri üzrə mütəxəssisi Benud Bikdeli qeyd edir.
“Nə qədər çox xəstəni müşahidə ediriksə, qan laxtalarının COVID-19 xəstəliyinin ağırlaşmasının və ölüm hallarının əsas səbələrindən biri olduğu ehtimalı bir o qədər artır“, – Bikdeli deyir.
COVID-19 nəticəsində yaranan pnevmoniya hallarında diqqət çəkən “sirli hal“la bağlı epizodik məlumat ağciyərlərdə qan damarlarının daralmasını izah edə bilər: bəzi xəstələrdə qanda oksigen səviyyəsinin həddindən artıq aşağı olması müşahidə edilir, ancaq hipoksiya əlamətləri (nəfəs dərinliyi və tezliyinin artması, təngnəfəslik yaranması) görünmür. Ola bilər ki, xəstəliyin bəzi mərhələlərində virus, qan təzyiqinin tənzimlənməsinə kömək edən hormonların incə balansını dəyişir və ağciyərlərə gedən qan damarlarını daraldır. Beləcə, oksigenin udulmasına tıxanmış alveollar yox, daralmış qan damarları mane olur.
“Nəzəriyyələrdən biri ondan ibarətdir ki, virus damarların biologiyasına təsir edir və məhz, buna görə də, biz oksigen səviyyəsinin xeyli aşağı olduğunu görürük“, – Levitt bildirir.
Əgər COVID-19 qan damarlarını zədələyirsə, bu, diabetin səbəb olduğu damar zədələrindən əziyyət çəkən, təzyiqi yüksək olan və s. xəstələrin niyə daha ağır patogenezlə üzləşdiklərini izah edir.
Xəstəliyə nəzarət və profilaktika üzrə mərkəzlərin ABŞ-ın 14 ştatında xəstəxanaya yatırılmış xəstələrlə bağlı verdikləri son məlumatlar göstərir ki, pasientlərin, təxminən, üçdə birinin xroniki ağciyər xəstəliyi olub, təxminən, eyni qədəri diabetdən, yarısı da əvvəldən yüksək qan təzyiqindən əziyyət çəkib. Manqalmurti deyir ki, onların “intensiv terapiya şöbələrində astma və ya başqa respirator xəstəliklərdən əziyyət çəkən insanların sayının həddindən çox olmaması” faktı onu heyrətə salıb: “Əsas risk faktorlarının damar problemləri – şəkər diabeti, piylənmə, yaş, hipertoniya olması bizi təəccübləndirir”.
Yaxud da sitokin fırtınası digər orqanlar kimi ürəyi də məhv edə bilər.
“Biz hələ də başlanğıc nöqtədəyik, – Krumholts deyir. – Biz kimin daha zəif olduğunu, niyə bəzi insanların daha çox əziyyət çəkdiyini, hər şeyin niyə belə sürətlə baş verdiyini və bəzi insanların niyə çox çətinliklə sağaldığını anlamağa çalışırıq”.
SAVAŞ MEYDANLARININ ÇOXLUĞU
Pnevmoniya hallarının həddindən çox olması ucbatından STA (ağciyərlərin süni ventilyasiyası cihazı) çatışmazlığı məsələsi bütün dünyanın diqqətini cəlb edib. Amma digər tərəfdən, başqa cihazların, əsasən də, dializ aparatlarının defisiti müzakirə olunmur.
“İnsanlar ağciyər çatışmazlığından ölmürlərsə, böyrək çatızmazlığından ölürlər”, – minlərlə COVID-19 xəstəsi ilə işləyən Nyu-York Universitetinin Langone Tibb Mərkəzinin nevroloqu Cennifer Frontera deyir. Onun xəstəxanası daha çox pasienti dəstəkləmək məqsədilə müxtəlif maşınlarla yeni dializ protokolları hazırlayırlar. Dializə tələbatın səbəbi ACE2 reseptorları ilə zəngin olan böyrəklərin virus üçün daha bir hədəf olması ehtmalıdır.
Preprintlərdən birində verilən məlumata görə, Uhanda xəstəxanaya yatırılmış 85 xəstənin 27%-də böyrək çatışmazlığı olub. Başqa bir preprintdə də isə deyilir ki, Uhanda COVID-19 diaqnozu ilə xəstəxanaya yatırılmış 200 xəstənin, demək olar ki, 59%-nin sidik analizlərində zülal və qan müşahidə olunub. Bu, böyrəklərin zədələnməsindən xəbər verir. Kəskin böyrək zədələnməsindən əziyyət çəkən xəstələr arasında ölüm halları bu xəstəliyi olmayan COVID-19 xəstələrindən daha çoxdur.
“Ağciyərlər – döyüş əməliyyatlarının getdiyi əsas bölgədir. Amma virusun bir hissəsi böyrəklərə hücum edir. Və gerçək döyüş meydanında olduğu kimi, burda da əgər iki yer eyni vaxtda hücuma məruz qalırsa, itkilər çoxalır“, – Çin Elmlər Akademiyasının Biotibbi Mühəndislik və Texnologiya İnstitunun neyrobioloqu və bu araşdırmanın müəlliflərindən biri Hunbo Tsizya deyir.
Həmçinin sitokin fırtınaları da böyrəklərə qan axışını kəskin azalda və bu, tez-tez fatal zədələrlə nəticələnə bilər. Elə diabet kimi əvvəldən mövcud olan xəstəliklər də böyrəklərin kəskin zədələnməsini artıra bilər.
“Xroniki böyrək xəstəliyindən əziyyət çəkən insanların əksəriyyəti böyrəklərin kəskin zədələnməsi riskinə daha çox məruz qalırlar”, – böyrəklərin araşdırılması üzrə “Northwest” Mərkəzinin baş həkimi Syüzan Uotnik deyir.
BEYİNƏ ZƏRBƏ
COVID-19 xəstələrində təəccüb doğuran simptomlar toplusundan biri də beyin və mərkəzi əsəb sisteminə aiddir.
Cennifer Frontera deyir ki, onun xəstəxanasında nevroloqların yardımına çox ehtiyac var və koronaviruslu xəstələrin 5-10%-nə yardım göstərilir. Eyni zamanda nevroloqun qeyd etdiyinə görə, çox güman ki, beyin zədələnməsi ilə mübarizədə yardıma ehtiyacı olanların sayı əhəmiyyətli dərəcədə çoxdur. Xüsusən də nəzərə almaq lazımdır ki, belə xəstələrin böyük qismi STA aparatları ilə sinxronizasiya məqsədi ilə sedatasiya edilirlər.
C.Fronter ensefalit əlamətləri (beyin iltihabı), tutmaları, beyində sitokin fırtınasının bir növü olan “vegetativ fırtınaları” olan xəstələri müşahidə edib. COVID-19-lu insanların bəziləri qısa müddətə huşlarını itirirlər. Bir qismi insult keçirir. Çoxları qoxu duyğusunu itirdiyini deyir.
Alimlər də müəyyən hallarda infeksiyanın, oksigen aclığı keçirən beyin gövdəsinin refleksinə təsir edib-etmədiyini araşdırırlar. Bu, qanda oksigen səviyyəsinin təhlükəli dərəcədə aşağı olmasına baxmayaraq, bəzi xəstələrin boğulmamasının daha bir izahıdır.
Baltimorda yerləşən Con Hopkins xəstəxanasının intensiv şöbəsinin həkimi Robert Stivens deyir ki, beynin gövdəsində də, sinir qabığında da ACE2 reseptorları var. Lakin virusun hansı hallarda beyinə daxil olub həmin reseptorlarla əlaqəyə girdiyi öyrənilməyib. Bununla belə, məlumdur ki, 2003-cü ildə baş vermiş ağır kəskin respirator sindrom (SARS) epidemiyasının səbəbkarı olan koronavirus – indiki virusun yaxın qohumu – neyronlara daxil olmağa və hərdən ensefalit yaratmağa qadirdir.
Aprelin 3-də Beynəlxalq infeksion xəstəliklər jurnalında (Journal of Infectious Diseases) tematik araşdırma aparılıb. Sözügedən araşdırmada iştirak edən bir qrup yaponiyalı alim, COVID-19 xəstəsinin onurğa beyni mayesində yeni koronavirusun izlərinin meydana çıxdığı barədə məlumat verib. Məlumatda bildirilir ki, xəstədə meningit və ensefalit inkişaf edib. Ki, bu da virusun mərkəzi sinir sisteminə girmə ehtimalının mümkünlüyünü göstərir.
Amma beyni başqa faktorlar da zədələyə bilər. Məsələn, sitokin fırtınası beyin şişinə, qanın yüksək laxtalanması isə insulta səbəb ola bilər.
Pittsburq Universiteti Tibb Mərkəzinin nevroloqu Şerri Çou, artıq yardım göstərilmiş xəstələrdən nevroloji məlumatlar toplamaq məqsədilə keçən ay 50 mərkəzin daxil olduğu Ümumdünya Konsorsiumu təşkil etməyə başlayıb. Konsorsiumun ilkin hədəfləri çox sadədir: xəstələrdə nevroloji ağırlaşmaların nə qədər yayıldığını müəyyənləşdirmək və prosesin gedişatını sənədləşdirmək. Daha uzunmüddətli perspektivdə Çou və həmkarları virusun beyin də daxil olmaqla bütün sinir sisteminə təsirini daha yaxşı anlamaqdan ötrü skanlar, laborator testlər və digər məlumatlar toplamaq fikrindədirlər.
Çou yoluxmanın mümkün yolu barədə belə mülahizə yürüdür: burundan keçir, daha sonra yuxarı qalxır və sensor yollar vasitəsilə beyinlə birləşən qoxu soğanağına düşür – həkim, bəzi xəstələrdə qoxu duyğusunun itməsini bununla izah edir.
“Bu, yaxşı nəzəriyyədir, – o deyir. – Biz, bu nəzəriyyəni araşdırıb sübut etməyə çalışırıq”.
Nevroloji simptomlarla bağlı məlumatların əksəriyyəti “ağızdan-ağıza, həmkardan həmkara ötürülür”, – deyə Cou əlavə edir: “Düşünmürəm ki, yaranmış vəziyyətdə kimsə özünü mütəxəssis adlandıra bilər. Mən dəqiq bunu edə bilmərəm”.
BAĞIRSAĞA ÇATANDAN SONRA…
Martın əvvəllərində 71 yaşlı miçiqanlı qadın Nil çayı kruizindən qanlı diareya, qusma və qarın ağrıları ilə qayıdıb. Başlanğıcda həkimlər onun, salmanellanın səbəb olduğu yoluxucu bağırsaq xəstəliyinə tutulduğundan şübhələniblər. Amma xəstədə öskürək yaranandan sonra onun burnundan nümunə götürülüb və yeni koronavirus testinin nəticələri müsbət çıxıb. Viruslu RNT testində müsbət çıxan nəcis nümunəsi, o cümlədən endoskopiya zamanı qalın bağırsağın zədələndiyi göstərən əlamətlər koronaviruslu mədə-bağırsaq infeksiyasından (Gİ) xəbər verirdi”, – “The American Journal of Gastroenterology”nin internetdə dərc olunmuş məqaləsində deyilir.
Bu hadisə yaxın qohumu SARS kimi, yeni koronavirusun da həzm sisteminin aşağı bölmələrinin selikli qişasını yoluxdurduğu ilə bağlı günbəgün artan dəlillərə əlavə edilə bilər. Viruslu RNT araşdırılan xəstələrin nəcis nümunəsi 53%-də tapılıb. “Gastroenterology“ jurnalında dərc olunan məqalədə isə bildirilir ki, çinli aimlərdən ibarət komanda, COVID-19 xəstəsinin bioptatında mədə, onikibarmaq və düz bağırsaqların hüceyrələrində virusun zülal örtüyünün tapıldığı barədə məlumat verib.
“Çox güman ki, virus mədə-bağırsaq sistemində də təkrarlanır”, – Beylor Tibbi Kollecinin virusoloqu Meri Estes deyir.
“Son məruzələrdə bildirilir ki, bütün araşdırmalar üzrə, xəstələrin yarısı, orta hesabla, təxminən, 20%-i diareya keçirir“, – Los-Ancelesdəki “Cedars-Sinai Medical Center“in həkimi, “Gastroenterology“ jurnalının həmredaktoru Brennan Şpigel deyir.
Şpigel və həmkarlarının dediyinə görə, qastroenteroloji simptomlar COVID-19 simptomlarının siyahısına daxil deyil və bu, bəzi COVID-19 hallarının diqqətdənkənar qalmasına səbəb ola bilər.
“Əgər sizin əsas simptomlarınız titrəmə və diareyadırsa, sizi COVID testindən keçirməyəcəklər“, – Şimali Kaliforniyada yerləşən “Kaiser Permanente“in həkimi, “Gastroenterology“ jurnalının həmredaktoru Duqlas Korli deyir.
“Hazırda virusun fekaliyalar vasitəsilə ötürülməsinə dair əlimizdə sübutlar yoxdur“, – Ayova Universitetinin koronavirus üzrə mütəxəssisi Stenli Perlman deyir.
ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika üzrə mərkəzləri, SARS və yaxınşərqli respirator sindromun (MERS) yaranmasına səbəb olan virusla –yeni koronavirusun daha bir təhlükəli qohumu – bağlı təcrübələrə əsasən bildirir ki, fekaliyalar vasitəsilə yoluxma riski aşağıdır.
Bağırsaqlar – xəstəliyin orqanizmdə yürüşünün son məntəqəsi deyil. Məsələn, xəstəxanaya yatırdılan pasientlərin üçdə birində konyuktivit (çəhrayı, sulanmış gözlər) müşahidə olunur. Hərçənd virusun orqanizmə gözün selikli qişasından daxil olub-olmadığı aydınlaşdırılmayıb. Digər araşdırmalar isə qaraciyər pozuntuları barədə məlumat verir. İki preprintə əsasən, Çinin iki mərkəzində yatan COVID-19-lu xəstələrin yarıdan çoxunda fermentlərin səviyyəsi yüksək olub. Bu, qaraciyərin və ya safra yollarının pozuntularına işarədir.
Amma bəzi mütəxəssislərin “Science“ jurnalına verdikləri məlumata görə, birbaşa virus yoluxması ehtimalı, çətin ki, mümkün olsun. Onların sözlərinə görə, çox güman ki, qaraciyərin zədələnməsinə zəifləyən orqanizmdə baş verən başqa hadisələr – məsələn, dərmanlar, ya da yüklənmiş immun sistemi – səbəb olur.
Elmin inkişaf sürətini nəzərə alsaq, toxumaların mikroskop altında zondlaşdırılmasından tutmuş dərmanların xəstələr üzərində sınaqdan keçirilməsinə qədər müxtəlif müalicə üsulları və protokolları hazırda bütün dünyanı dondurmuş virusun özündən daha təhlükəli ola bilər.
Meredit Uodman, Cennifer Kouzin-Frankel, Coslin Kayzer, Ketrin Matasik
“Science Magazine” | 17 aprel, 2020
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.