Münaqişənin başlanması
1988-ci il fevralın 20-də DQMV Xalq Komissarları Ali Soveti Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Sovetinə qurumun Ermənistan SSR-ə birləşdirilməsi haqqında müraciət yayımladı. Bununla da Dağlıq Qarabağ münaqişəsi başlandı. DQMV Ali Sovetinin bu müraciətini nə Azərbaycan SSR, nə də SSRİ Ali Soveti qəbul etmədi. Bu qərardan sonra Dağlıq Qarabağda ermənilər və azərbaycanlılar arasında toqquşmalar başladı. İlk ölümlə nəticələnən qarşıdurma 22 fevralda Əsgəranda baş verdi. Burada 2 azərbaycanlı öldürüldü[1] (De Vaal, 2008:46).
1988-ci ilin yaz-yay aylarında regionda vəziyyət tamamilə nəzarətdən çıxdı. SSRİ DİN Daxili qoşun bölmələri ərazidə qarşıdurmalara imkan verməmək üçün birgəyaşayışın çox olduğu məntəqələrdə postlar qurdu. Bu ərəfədə Dağlıq Qarabağ Muxtar Vilayətinə xüsusi vəziyyət zonasının birinci komendantı general-mayor Vladislav Safonov[2] təyin edildi. Safonov xatırlayır: “SSRİ DİN Daxili Qoşunlarının komandanı, general-polkovnik Yuri Şatalin əmr verdi ki, Stepanakertə[3] gedim. Bu, 1988-ci il mayın 12-də baş verdi. Gələn kimi mən dərhal çox mürəkkəb və çaşqın vəziyyətə düşdüm. DQMV vilayət komitəsinin birinci katibi Henrix Poqosyan dərhal bəyan etdi ki, bir neçə həftədən sonra Qarabağ Ermənistana birləşdiriləcək, bu, məsələ artıq həll olunub: “Burada sizin işiniz yoxdur, yoldaş general. Biz burada sənsiz də qayda-qanun yaradacağıq”. Poqosyanın dediyi qayda-qanunun nə olduğunu bilirdim. Onun qayda-qanun dediyi azərbaycanlıların döyülməsi, mülklərinin zorla əllərindən alınması və hər cür zorakılıq idi.” 1988-ci il sentyabr ayında Şuşada ermənilərə, Stepanakertdə isə azərbaycanlılara qarşı poqromlar başladı. Daxili qoşunlar qarşıdurmaların qarşısını almaq üçün Stepanakert azərbaycanlılarını Şuşaya, Şuşa ermənilərini isə Stepanakertə köçürməyə başladı. 1989-cu ilin əvvəlində SSRİ rəhbərliyi DQMV-də birbaşa idarəçilik tətbiq etdi. Bu addımla yerli özünüidarə orqanları faktiki olaraq ləğv edildi (Sanamyan, 2016:6).
Siyasi həll yolu ilə DQMV-nin Ermənistana birləşdirə bilməyəcəyini yəqin edən ermənilər 1989-cu ilin əvvəlində silahlanmağa başladılar. Artıq gərginlik təkcə DQMV ərazisində deyil, ətraf rayonlarda da hiss edilməyə başlamışdı. Xüsusilə Azərbaycan-Ermənistan sərhədi boyunca atışmalar səngimək bilmirdi. 1989-cu ilin aprelin 25-də Razmik Vasilyanın komandanlığı ilə “Ermənistan Milli Ordusu” yaradıldı. Həmin il ərzində qeyri-qanuni hərbi birləşmələrin sayı sürətlə artdı. Ermənistan Respublikasının rəsmi məlumatına əsasən, ölkədə 30 min polis, 1000 nəfər OMON, 750 nəfər “Ermənistan Milli Ordusu”, 1000 nəfər “Yerkrapah” dəstəsi, 1000 nəfər “David Sasunlu” qrupu, hər biri 20 nəfərdən 40 nəfərə qədər olan 20 kiçik dəstə, könüllülərdən ibarət 25 dəstə və ayrı-ayrı silahlı şəxslər fəaliyyət göstərirdi (Yemelyanenko,1991:6). Bunlardan polis və OMON istisna, digərləri qanunsuz silahlı birləşmələr hesab olunurdu.
Eyni vəziyyət Qarabağda da müşahidə olunurdu. 1988-ci ilin yayından 1990-cu ilin martın əvvəllərinə qədər Qarabağda onlarla qeyri-qanuni silahlı dəstələr mövcud idi (Krivopuskov, 2007: 221). Qarabağdakı fabriklərdə əldəqayırma və kütləvi istehsal olunan silah növlərinin, o cümlədən avtomatların, əl qumbaraatanlarının və portativ minaatanların istehsalına başlanıldı (Melik-Şaxnazarov, 2009: 541). Əvvəlcə postlarda duran ermənilər yerli sakinlər arasından seçilirdi və onlar tüfənglə təmin edilmişdilər. 1990-cı ilin yaz aylarında Ermənistandan könüllülərin axını ilə münaqişə bölgəsində silahlı dəstələrin sıralarını artırdı. Bu amil Sovet bölmələri ilə erməni silahlıları arasında ara sıra qarşıdurmalara gətirib çıxarırdı. Erməni hərbçiləri ilə Sovet qoşunları arasında ən güclü toqquşma 1990-cı il mayın 28-də İrəvanda baş verdi. Ermənistanda respublika günü ilə bağlı tədbirlərdə Sovet bölmələri və ermənilər arasındakı toqquşmalarda 22 erməni öldürüldü. Bu hadisələr Ermənistan rəsmilərinin yaxınlaşan seçkilərə Dağlıq Qarabağı da daxil etmək qərarından sonra baş vermişdi. SSRİ rəhbərliyi Ermənistana millətçi qrupların tərksilah edilməsi ilə bağlı ultimatum göndərsə də buna əməl edilmədi. Bu vəziyyətdə Azərbaycan SSR rəhbərliyi problemin həlli üçün Moskvaya güvənsə də, ermənilər başqa ölkələrdən qanunsuz silah ticarəti ilə silahlandılar.
Həmin dövrdə Ermənistandakı müşahidəçilər Beyrutdan gələn hərbi texnika ilə yüklənmiş təyyarələrin İrəvana gəlməsini və daha sonra Qarabağa daşınmasını qeydə almışdı (Cornell, 2001:76). 1990-cı il yay aylarında “Daşnaksütyun” partiyası keçmiş Şaumyan və Xanlar[4] rayonlarındakı erməni əhalisinə hərbi yardım göstərməyə qərara aldı (Volxonski və Muxanov, 2009:325). Xüsusən də İrandakı erməni diasporunun nümayəndəsi, “Daşnaksütyun” partiyası rəhbərlərindən biri olan Hrant Markaryan silah-sursatın paylanması və erməni könüllülərinin Qarabağa gətirilməsində aktiv iştirak edirdi. Cəbhənin təmin olunması xərclərini erməni diasporu qarşılayırdı.
Avqust ayında Ermənistan yarımhərbi birləşmələri Qazax rayonunun Ermənistanla sərhəd kəndlərinə hücum etdi. Sovet hərbçiləri bu döyüşlərdə Azərbaycan özünümüdafiə qüvvələrini dəstəklədi. Bütün bu hadisələr Ermənistanda müxalifətin getdikcə güclənməsinə gətirib çıxardı. Ermənistan KP daşnak, hnçak və liberal siyasi qrupların təzyiqi ilə populyarlığını itirdi. 1990-cu ilin avqustun 4-də Ermənistanda Sovet hakimiyyəti devrildi. Dövlət faktiki olaraq “Ermənistan Ümummilli Hərəkatı” (HHŞ) lideri, Ali Sovetin sədri Levon Ter-Petrosyan tərəfindən idarə edilirdi. 1990-cı il avqustun 23-də Ermənistan hökuməti 12 maddədən ibarət müstəqillik haqqında deklarasiyanı yayımladı. Deklarasiyada Dağlıq Qarabağ Ermənistan ərazisi kimi qeyd edilirdi. 1990-cı il sentyabrın 12-də Ter-Petrosyan Mixail Qorbaçov, Azərbaycan prezidenti Ayaz Mütəllibov və digər Sovet rəsmiləri ilə görüşdü. Burada Qorbaçov Ter-Petrosyanın Sovet Ordusunun erməni yaşayış məntəqələrindən çıxarılması və Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında sərhəd xəttinin yaradılması tələblərini rədd etdi (Suny, 2015: 379).
Azərbaycan SSR rəhbərliyi Ermənistandakı silahlanmadan narahat idi və bunun gətirəcəyi təhdidləri aradan qaldırmaq üçün Daxili İşlər Nazirliyində xüsusi qüvvələr yaratmağa başladı. 1990-cı ilin mayında Azərbaycan SSR Daxili İşlər Nazirliyinin OMON-u yaradıldı. Sentyabr ayınadək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin OMON-unun formalaşdırılması başa çatdı və bölmə DQMV-də və Ermənistan SSR ilə həmsərhəd rayonlarda döyüş tapşırıqlarını yerinə yetirməyə başladı. OMON-un ilk komandiri polkovnik Əbil Rzayev təyin olundu. Bundan başqa, Azərbaycan SSR DTK-nın tərkibində xüsusi təyinatlı “A” qrupu yaradıldı. Bu qrupa Riad Əhmədov rəhbərlik edirdi (Vəliməmmədov, 2021:21).
Əməliyyat ərəfəsində siyasi vəziyyət
1991-ci ildə SSRİ-də iqtisadi və siyasi baxımdan vəziyyət gərgin idi. Ölkədə demokratik dəyişikliklər getdikcə mərkəzin regionlara nəzarətinin itirməsinə gətirib çıxartdı. Müttəfiq respublikalardakı hökumətlərin əksəriyyəti SSRİ-nin yenidən transformasiya edilməsini istəyirdi. Bunun üçün mart ayında “SSRİ-nin saxlanması haqqında referendum” keçirilməli idi. Bu referendumdakı nəticədən asılı olaraq “Suveren Respublikalar İttifaqı” (SRİ) yaradılması planlaşdırılmışdı. Azərbaycan SSR rəhbərliyi bu təşəbbüsü dəstəklədi və Qarabağ məsələsinin birbaşa Sovet qoşunları ilə həll ediləcəyini düşündü. Ermənistan lideri Levon Ter-Petrosyan isə Mixail Qorbaçovun yeni birlik müqaviləsi təklifini qəbul etmədi. Ermənistan 1991-ci ilin martında keçirilən referendumda iştirak etməyən altı Sovet respublikasından (Estoniya, Litva, Latviya, Moldova, Gürcüstan) biri idi (Suny, 2015: 381-382).
1991-ci ilin yaz və yay aylarında zorakılıq artmağa başladı. Münaqişə qonşu kəndlər arasında partizan mərhələsinə keçmişdi, qəfil basqınlar edilir, insanlar girov götürülürdü. Ermənilər yeni silahdan – hərbi əməliyyatlar üçün nəzərdə tutulmayan “Alazan” raketindən istifadə etməyə başlamışdı. Bu raket uzunluğu 60 sm olan nazik boru və mərmidən ibarət idi. Sovet meteoroloji xidmətləri bu raketdən dağ bölgələrində qara buludları qovmaq və dolu yağıntısının qarşısını almaq üçün istifadə edirdilər. Erməni hərbçilərinin Martuni rayonunun Qaradağlı kəndinə təşkil etdikləri belə hücumların birində altı azərbaycanlı öldürülmüşdü (De Vaal, 2008:139). Yanvarın 9-da isə Laçından Şuşaya gedən yolda “Molodyoj Azerbaydjana” (Azərbaycan gəncləri) qəzetinin müxbiri Salatın Əsgərovanın olduğu avtomobil atəşə tutuldu. Hücum nəticəsində jurnalist Salatın Əsgərova və SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının üç hərbçisi (polkovnik-leytenant Oleq Larionov, mayor İqor İvanov, serjant İqor Qoyek) həlak oldu (Vəliməmmədov, 2021:18).
Əsas təhlükə isə Dağlıq Qarabağın şimalında idi. 1990-cı ildə Şamxor (indiki Şəmkir) və Xanların ermənilər yaşayan Mirzik, Zurnabad, Quşçu-Armavir və bir sıra kəndlərin sakinləri Ermənistan azərbaycanlıları ilə evlərini dəyişdirərək buranı tərk etdilər. Lakin Xanlar rayonundakı aktivlik rəsmi Bakını narahat edirdi. Çaykənd, Kamo, Azad[5] və Martunaşen[6] kəndləri ərazisində, eləcə də keçmiş Şaumyanın Todan kəndindəki erməni silahlıları mülki şəxslərə, eləcə də ərazidən keçən Gəncə-Baku avtobuslarına hücum edirdi. Bununla belə bu kəndlərin hamısında Azərbaycan hökumətinə qarşı düşmənlik yox idi. O dövrdə Azərbaycan DTK-sı sədri olmuş Vaqif Hüseynov xatırlayır: “Regiondakı əhali ilə bağlı çoxlu informasiya toplamışdıq. Kamo və Azad sakinlərinin böyük əksəriyyəti 1990-cı ilin yazında Stavropola köçmək istəyirdi. Bu kəndlərin icra nümayəndələri hər görüşdə bizdən onları İrəvan emissarlarından xilas etmək üçün yalvarırdı. Onların nə respublika rəhbərliyinə, nə də regionun hakimiyyət orqanlarına, ümumiyyətlə, azərbaycanlı qonşularına heç bir iddiası yox idi. Hər biri mülklərini münasib qiymətə satıb çıxmaq istəyirdi.” (Quseynov, 2013:345).
1990-ci ilin yay aylarında Azad və Kamo kəndlərinin sakinləri də mülklərini sataraq buranı tərk etdilər. Boş qalan kəndlərdə əsasən 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlar məskunlaşdırıldı. Çaykənd və Martunaşen kəndlərinin sakinləri isə rayon rəhbərliyinin dəfələrlə təkliflərinə baxmayaraq evlərini tərk etməkdən imtina etdilər. Faktiki olaraq bir-birindən 1 km məsafədə aralı yerləşən bu iki kənd blokadada idi. Ərzaq ləvazimatları və tibbi yardım Ermənistandan gələn helikopterlərlə təmin edilirdi. 1991-ci ilə qədər Çaykənddə 3000-ə yaxın, Martunaşendə isə 315 nəfər yaşayırdı.
Ermənilərin çoxluq təşkil etdiyi keçmiş Şaumyan rayonu, Xanların Çaykənd və Martunaşen kəndlərində silahlı dəstələr mövcud idi. Azərbaycan SSR hökuməti bu ərazilərdə nəzarəti faktiki olaraq əldən vermişdi. Azərbaycan SSR rəhbərliyi Ermənistan SSR-lə sərhəd boyu ərazilərdə, eləcə də DQMV və keçmiş Şaumyan rayonlarında ermənilərin müqavimətini qırmaq üçün aprel ayında təxirəsalınmaz tədbirlər paketi hazırladı. Bu plan hələ ilin əvvəlindən hazırlanmışdı. 1991-ci ilin fevral ayında Azərbaycanda açıq şəkildə ermənilərin Bakıya tabe olmadığı halda Qarabağdan çıxarılması fikri səsləndirilməyə başlandı. Azərbaycan KP MK-nın ikinci katibi, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin rəhbəri Viktor Polyaniçko Bakıda çıxış edərək demişdi: “1991-ci il Qarabağ ili elan ediləcək. Bu il Azərbaycanın sonuncu çətin ili olacaq. Qarabağ torpağı bizim torpağımızdır və biz onu övladlarımız üçün almalıyıq” (Krivopuskov, 2007: 156).
Azərbaycan rəhbərliyi əməliyyata hazırlığın ilk mərhələsi olaraq 1991-ci ilin martında Sovet Ordusu qoşunlarının müşayiəti ilə Dağlıq Qarabağ və Ermənistanın sərhəd kəndlərində “pasport rejimi” tətbiq etdi. 1991-ci ilin iyununda “Helsinki Watch”-a müsahibə verən Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmiləri pasport rejiminə əsas səbəb kimi ermənilərin Dağlıq Qarabağa, Xanlar və Şaumyan rayonlarına qanunsuz köçünü göstərirdi (Denber və Goldman, 1992:7). Həmin ay SSRİ Daxili İşlər Nazirliyinin, DTK-nın və SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi SSRİ Prezidentinə göndərdikləri məlumatlarda münaqişənin güc yolu ilə həlli üsulunu təklif etdilər. Aprel ayının əvvəlində SSRİ və Azərbaycan SSR rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün topyekun hərbi əməliyyat keçirmək haqqında razılaşma əldə etdilər. Azərbaycan Respublikası Müdafiə Şurasının 10 aprel tarixli iclasında “DQMV-nin ermənilər yaşayan bir sıra kəndlərinin və ona bitişik rayonlar ərazisində hərbi əməliyyat” haqqında qərar qəbul edildi. Aprelin 16-da Bakıda DTK, Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Mütəllibov itaətsizlik edəcəkləri halda Şaumyan rayonu, eləcə də Xanların Çaykənd və Martunaşen kəndlərində yaşayan ermənilərin deportasiya edilməsini təklif etdi.
19 apreldə Çaykənd və Martunaşendən bu yaşayış məntəqələrini qoruyan və DQMV-nin xüsusi bölgə komendantına tabe olan SSRİ Daxili Qoşunlarının qoşunları çıxarıldı. Əraziyə Gəncədən Bakı alayının SSRİ Daxili Qoşunlarının bölmələri göndərildi. Əməliyyatda 5477 saylı və 5478 saylı hərbi hissənin tərkibində olan daxili qoşun hissələri, SSRİ Daxili İşlər Nazirliyinin Bakı Əməliyyat Alayı, Sovet Ordusunun tank və istehkam hissələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin OMON bölmələri iştirak edirdi (Melik-Şaxnazarov,2009:563). 23 apreldə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistan Respublikası Ali Sovetinin Rəyasət Heyəti Ermənistan Respublikası Ali Sovetinin növbədənkənar iclasını çağırdı. Həmin gün Çaykənd və Martunaşendə elektrik və su təchizatı kəsildi, ərazi blokadaya alındı. Sovet bölmələri əraziyə Ermənistandan helikopterlərin gəlməsini qadağan etdi. Aprelin 24-də erməni silahlı birləşmələri Çaykənd və Martunaşen şəhərlərinin blokadasına cavab olaraq Şuşa şəhərini “Alazan” tipli raketlərdən atəşə tutdu. Şəhərdə bir neçə ev dağıdıldı, nəticədə 3 dinc sakin yaralandı (De Vaal, 2008:140).
2 gün sonra Ermənistan Respublikasının Ali Soveti Dağlıq Qarabağ və Ermənistan Respublikasının Azərbaycanla sərhəd zonasında vəziyyəti müzakirə etmək üçün SSRİ Xalq Deputatları Konqresinin növbədənkənar iclasının çağırılması barədə məsələ qaldırdı (Jiroxov, 2012:65). SSRİ Ali Sovetininin qəbul etmədiyi bu müraciət Azərbaycan hökuməti tərəfindən də sərt tənqid edildi: “Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və ermənilər yaşayan digər məntəqələri barəsində məsələ müzakirə etmək üçün “SSRİ xalq deputatlarının növbədənkənar qurultayının çağırılmasına dair məsələ qaldırmaq haqqında” Ermənistan Respublikası Ali Sovetinin qərarını Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti respublikamızın daxili işlərinə kobud müdaxilə, SSRİ Konstitusiyasının 76-cı maddəsinə zidd qərar, regionda vəziyyəti yenidən kəskinləşdirmək, erməni və Azərbaycan xalqları arasında düşmənçiliyi qızışdırmaq, bu çirkin işə yenidən İttifaqın hakimiyyət orqanlarını cəlb etmək cəhdi hesab edir.” Beynəlxalq təzyiqə məruz qalmamaq üçün Ayaz Mütəllibov birlik mərkəzinə təqdim etdiyi planda “DQMV-nin və ona bitişik ərazilərin erməni əhalisindən qanunsuz saxlanılan silahların ələ keçirilməsi məqsədilə genişmiqyaslı əməliyyatdan” bəhs edirdi. Amma aprelin 27-də Azərbaycan televiziyası ilə çıxış edən Prezident daha qəti idi: “ Bu əməliyyat Azərbaycanın erməni əhalisinin problemini həll etməyə yönəlik addımdır. Əgər Moskva bunu edə bilməsə, o zaman respublikanın öz gücü və vasitələri bunu həll edəcəyik” (Koçaryan, 2019:59). 29 apreldə SSRİ DİN qoşunları Ermənistan-Azərbaycan sərhəddi boyunca hərəkətə başladı. 4-cü Sovet Ordusunun 23-cü diviziyası Çaykənd istiqamətində mövqeləndi. Artıq əməliyyat üçün hər şey hazır idi. Əraziyə Azərbaycan baş prokuroru İsmət Qayıbov və daxili işlər naziri Məhəmməd Əsədov gəlmişdi. Əməliyyata polkovnik-leytenant İqor Maşkov rəhbərlik edirdi. Ümumi komandanlıq isə Viktor Polyaniçkonun nəzarətində idi (Quseynov, 2013:347).
Çaykənd və Martunaşen əməliyyatı
SSRİ və Azərbaycan OMON-u ilk olaraq Çaykənd istiqamətində əməliyyata başladı. Buranın əhalisi daha çox silahlanmışdı və ciddi təhlükə törədirdi. Çaykənddən olan və adının çəkilməsini istəməyən erməni qadın “Helsinki Watch”-a verdiyi məlumatda bunu etiraf edir: “Qadınlar kənddə “Molotov kokteyli” hazırlayırdılar. Kənd özünü müdafiə etməyə tam hazır idi. Kəndlilərin özlərini və ailələrini müdafiə etmək üçün silahları var idi. Sadəcə çoxu bunu etiraf etməkdən çəkinir.” (Denber və Goldman, 1992:9-10). Çaykənddəki dəstənin rəhbəri tarix müəllimi olan Tatul Krpeyan idi. O, orta məktəb şagirdlərinə özünümüdafiə bacarıqlarını öyrədirdi. Azərbaycan SSR DİN rəhbərliyi kənddə dəstənin olduğunu bilirdi, lakin onun kim tərəfindən idarə olunduğunu müəyyənləşdirə bilməmişdi. Bundan başqa kənddə “Pzo” ləqəbli ABŞ ermənisi Armen Kazaryanın dəstəsi fəaliyyət göstərirdi. Silah ticarəti ilə məşğul olan Kazaryan ABŞ xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu güman olunurdu (Quseynov, 2013:344).
Aprelin 30-da SSRİ DİN qoşunları Çaykəndə baxan təpələrdə mövqe tutaraq kəndi atəşə tutmağa başladı. Kənddəki əməliyyatı polkovnik-leytenant İlham İsmayılov belə xatırlayır: “Aprelin 30-da, sübh tezdən 10-dan çox zirehli hərbi maşın Kamo və Azad kəndlərindən keçib Çaykənd qəbiristanlığı tərəfdə mövqe tutdu. Çaykəndin radiostansiyasını iflic etmişdik. Bütün efiri pelenqasiya edib xarici aləmlə əlaqələrini tamam kəsmişdik. Ermənilər dalğaları dəyişdirdikdə tezliklə müəyyən edir, dərhal 3 saylı radiostansiyanın köməyi ilə dalğaları vururduq. Hər dəfə bundan ötrü Hacıkənddən Xanlara gəlir, tezliklərin rəqəmlərini verirdim. Polkovnik-leytenant Maşkov BTR-lə kəndə girəcəyini deyib bələdçi istədi. Kəndi yaxşı tanıdığımdan bələdçilik etmək istədiyimi bildirdim. Rəisimiz Rəhman Mikayılov icazə vermədi, “Sən hər an burda lazımsan” dedi. Xanlarda avtovağzalda işləyən Aydın adlı gənc bələdçilik edəcəyini söylədi və BTR-ə mindi. Səsgücləndiricilərlə kənd əhalisinə silahların təhvil verilməsinə çağırdıq. Əks tərəf heç bir addım atmadı. Belə olan halda Əsədov OMON-a Toğana istiqamətindən kəndə girmək göstərişi verdi. Polkovnik Maşkov BTR-lə kəndə getdi.” (İsmayıl, 2011:12).
İlk olaraq dinc vasitələrdən istifadə etmək istəyən Sovet bölmələri kəndin mərkəzinə çatanda silahlı ermənilər tərəfindən dövrəyə alındı. Saat 10:30 radələrində Krpeyanın dəstəsi polkovnik-leytenant Maşkov, 13 əsgər və onlarla birlikdə olan azərbaycanlı mülki bələdçini girov götürdü. Həmin anı Vardan Hovhannisyan belə xatırlayır: “Kəndin mərkəzində iki zirehli maşın dayanmışdı. Tatul maşınlardan birinin üstünə tullandı, qumbaranın sancağını çəkib dedi : “Bəsdir, əsgərlərin geri çəkilməsini əmr et, yoxsa qumbaranı içəri atacam”. Bir neçə metr aralıda rus zabitinin sifətində dəhşətli ifadə yaranmışdı. Digər zirehli maşında üç-dörd rus əsgəri avtomatlarını Tatula tuşlamışdı. Bu səhnə beş-on dəqiqə davam etdi. Bəlkə daha qısa idi, amma mənə uzun göründü.”
Baş verən izdiham zamanı azərbaycanlı bələdçi vəhşicəsinə döyüldü. Sovet əsgərlərini girov götürən ermənilər Azərbaycanın OMON bölmələrinin Çaykənddən çıxarılmasını tələb etdilər. Erməni silahlı dəstəsinin 3 üzvü polkovnik-leytenant Maşkovu özü ilə götürərək Azərbaycan OMON-u ilə danışıqlara başladılar. Sovet əsgərləri ilə danışıqlar aparan zaman kəndin sakinlərindən biri Krpeyanı göstərərək onun Çaykənddəki dəstənin rəhbəri olduğunu bildirdi. Qarşısındakı şəxsin uzun müddət axtarılan şəxs olduğunu görən Sovet hərbçiləri onlara atəş açmağa başladı. Həmin anı İlham İsmayılov belə xatırlayır: “Rus əsgərlərinin əsir düşməsi işləri korlamışdı. OMON kəndin Toğana hissəsində bir neçə erməni yaraqlını məhv etmişdi. Hərbçilər narazılıq etdilər. Zabitlər OMON-un aşırı güc tətbiq etdiyini, lazım olmadan atəş açdıqlarını, dinc sakinlərə zərər vurduqlarını deyirdilər. Mərkəzi Komitənin birinci katibi Ayaz Mütəllibov zəng vurub məsələni tez bitirməyi, Moskvadan narazılıq başlandığını demişdi. Vaqif Hüseynov üzünü Eldar Həsənova tutub “Sənin işçilərin və bizim uşaqlar əsirləri azad etmək üçün hazırlaşsınlar” dedi. Rus zabitləri də ayağa qalxdı: “Biz yoldaşlarımızı azad edəcəyik”. Onlar tərpənənə qədər Gəncənin milisləri və bizim xüsusi dəstəmiz kəndin içərisinə irəlilədik. Tatul Krpeyan Maşkovun arxasında dayanmışdı. Atışma başlayan kimi Maşkov Tatulun önündən çəkilərək arxasına keçdi. İlk atəşlə Tatul və ona köməyə gələn döyüşçüləri yerə sərildilər. Əsgərlər azad olundu. Təəssüf ki, bələdçi Aydın əsirlərin arasında yox idi. Ermənilər onu işgəncə ilə öldürmüşdülər.” (İsmayıl, 2011:12).
Atışma zamanı Maşkov isə ayağından yaralandı. Bundan sonra OMON qüvvələri kəndi iriçaplı pulemyotlardan atəşə tutmağa başladılar. Mayın 1-də saat 15.00-da tanklar kəndə doğru irəliləməyə başladı, səsgücləndiricilər vasitəsilə hücumun başlandığı elan edildi. Bu ultimatumdan sonra ermənilər əsir alınan digər əsgərləri dərhal azad edərək silahlarla birlikdə hərbçilərə təhvil verdilər. Buna cavab olaraq hərbçilər saxlanılan kənd sakinlərindən 27-ni geri qaytardılar, digərləri isə Gəncə təcridxanasına aparıldı. Burada həmin sakinlərə Çaykənddən çıxmaq istədikləri barədə arayış imzaladıldı. Bütün bunlara baxmayaraq ermənilərin əksəriyyəti kəndi tərk istəmirdi. Əhalidə panika yaratmaq üçün tanklardan dağ yamacları atəşə tutuldu, iri qaya parçaları əraziyə düşdü. Bu amil kənd sakinlərində qorxu yaratdı və onlar silahları təhvil verərək könüllü olaraq Çaykənddən çıxmağa razı oldular. Ümumi əməliyyat zamanı Çaykəndin kənarında bir neçə ev yandırıldı, hərbçilər və çevik polislər 50-yə yaxın kənd sakinini həbs etdilər. Azərbaycan dövlət televiziyası isə axşam buraxılışında Çaykəndin OMON və Sovet bölmələri tərəfindən ələ keçirildiyini, 15 erməninin öldürüldüyünü, 45 erməninin girov götürüldüyünü, 4 azərbaycanlı hərbçinin isə yaralandığını bildirmişdi (Jiroxov, 2012:65-66).
Xanlar rayonunda erməni silahlılarının ikinci əsas dayaq məntəqəsi Martunaşen idi. Bu kənddə “Arabo” dəstəsi fəaliyyət göstərirdi. Bu dəstəyə “Baba” ləqəbli Simon Açıqgözyan rəhbərlik edirdi (Quseynov,2013:344). İxtisasca geoloq olan Açıqgözyan Ermənistan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyirdi. O, Qarabağ hərəkatı başlayanda əksəriyyəti ehtiyatda olan zabitlərdən ibarət olan dəstə formalaşdıraraq Martunaşenə gəldi. Sovet hərbçiləri Çaykənddən fərqli olaraq Martunaşenə Azərbaycan OMON-un üzvləri ilə birlikdə daxil oldular. Buna görə də aprelin 30-da səhər saatlarında ermənilər güclü müqavimət göstərdi. Atışma zamanı bir Sovet zirehli transportyoru vuruldu, OMON qüvvələri arasında yaralananlar oldu. Buna cavab olaraq kənd tanklardan atəşə tutuldu. Nəticədə 1 silahlı və 1 mülki erməni öldürüldü. Kənddə ağır texnika yeridildiyini görən erməni silahlılarının əksəriyyəti ərazini tərk etdilər. Martunaşenin mərkəzində gedən atışmada daha 3 nəfər erməni öldürüldü. Öldürülənlər arasında dəstənin komandiri Simon Açıqgözyan da var idi (Harutyunyan, 2013: 93-94). Lakin meşələrə çəkilən ermənilər 2 gün müqavimət göstərdilər. OMON və Sovet bölmələri 3 may tarixində kəndi ələ keçirdilər. Martunaşen tamamilə yandırıldı. Bu döyüşlərdə 12 erməni öldürüldü, 20 nəfər itkin düşdü, 7 nəfər isə girov götürüldü (Jiroxov, 2012:66).
Hər iki kəndin sakinlərinin mayın 2-dən etibarən Ermənistana deportasiyası başlandı. Azərbaycanın OMON-u Çaykənd və Martunaşen kəndlərinin sakinlərinin çevik polisdən və hərbçilərdən kəndləri maneəsiz tərk etmək imkanı verməsini xahiş etdiyi sənədi yayımladı. SSRİ DTK-nın sədri Kryuçkov Ter-Petrosyanla telefon danışığında bu sənədin mətnini qeyd etdi və köçürülmənin tam qanuni olduğunu bildirdi. Ermənistandakı ciddi etirazlara baxmayaraq deportasiya 8 maya qədər davam etdi, nəticədə Xanlar rayonunun Çaykənd və Martunaşen kəndlərinin 3000-dən çox sakini köçürüldü. Mayın 4-dən 7-ə kimi 2287 uşaq, qadın və qoca hərbi helikopterlərlə Stepanakertə, bir neçə gün sonra isə İcevan şəhərinə aparıldı. Mayın 8-də isə 700-dən çox kişi avtobusla İcevana aparıldı. Beləliklə, bu istiqamətdə əməliyyat başa çatdı.
Hadrut və Şuşa rayonundakı ermənilərin deportasiyası
SSRİ DİN qoşunları və Azərbaycan OMON-u mayın əvvəllərində Hadrut və Şuşa rayonlarının 17 yaşayış məntəqəsində sakinlərin deportasiyası həyata keçirilməsinə başlandı. Adətən deportasiyadan əvvəl Sovet bölmələri kəndi mühasirəyə alır, əraziyə daxil olan Azərbaycan OMON-çuları isə evlərdə axtarışlara başlayırdı. Əməliyyat zamanı digər yerlərdə olduğu kimi silahlar müsadirə edilir, əhaliyə isə həmişəlik kəndi tərk etmək tələbi qoyulurdu. Kəndlərdə müqavimət göstərməyə çalışan kişilər isə həbs edilir, Laçına, Şuşaya və Cəbrayıla aparılırdı.
Cəbrayıl rayonunun sərhəd kəndlərininin mühafizəsi üçün ilk olaraq Hadrut rayonunda əməliyyat başlandı. Azərbaycan rəhbərliyi Hadrutdakı əməliyyatı eyni zamanda ordakı ermənilərin şikayətləri ilə əsaslandırırdı. Polyaniçkonun köməkçisi olmuş Seyran Mirzəyev qeyd edir: “Erməni kəndlərinin sakinləri onlara dəfələrlə erməni döyüşçülərindən şikayətlər göndərmişdilər. Məsələn, Hadrut rayonundan altı qoca yalvarırdı ki, onlara kənddən köçməyə kömək etsinlər, çünki cavanlar kəndi tərk etdikdən sonra onlar müdafiəsiz qalmışdılar, Ermənistandan olan silahlı dəstələr isə öz istəklərinə uyğun gəlib-gedirdilər.” (De Vaal, 2008:145).
13 mayda Azərbaycan OMON-u Hadrut rayonunun Dolanlar, Xandzadzor (indiki Ağcakənd) , Arakül, Banazur (indiki Binədərəsi) və Köhnə Tağlar kəndlərini mühasirəyə aldı. Azərbaycan milis qüvvələri Dolanlar kəndində 37, Arakül, Daşbaşı və Zamzur (indiki Dərəkənd) kəndlərində 60 nəfəri həbs etdi. Hadrut bölgəsində saxlanılan 60 girovdan 47-si daha sonra azad edildi. Ətraf kəndlərdə həbs edilən 22 nəfər isə Cəbrayıla, 12 nəfər isə Füzuliyə aparıldı. Həbs edilənlər arasında Tuğ kəndinin sovxoz direktoru, onun müavini və məktəb direktoru da var idi. Mayın 5-dən 16-na kimi Ağbulaq , Arpagədik, Arakül, Banazur, Bünyadlı, Cilən, Dolanlar, Mülküdərə[7], Daşbaşı, Petrosaşen, Spitakaşen, Tsamdzor (indiki Dərəkənd), Sor, Xandzadzor kəndlərində yaşayan ümumi 1350 nəfərdən çox erməni deportasiya edildi, burdakı əhalinin 600 nəfər yaxını ətrafdakı kəndlərə qaçdı. Hadrutun cənubunda sadəcə Köhnə Tağlar və Çaylaqqala kəndlərində deportasiya həyata keçirilmədi. 750 nəfər sakin isə Ermənistan-Azərbaycan sərhədi yaxınlığında yerləşən Xndzoresk (Xınzirək) deportasiya düşərgəsinə aparıldı.
15 mayda erməni milisi Cilən və Bünyadlı kəndlərinə daxil olmaq istəsə də Azərbaycan OMON-u buna imkan vermədi, atəş açıldıqdan sonra milislər geri çəkilməli oldular. Aparılan əməliyyat zamanı DQMV Rayon Daxili İşlər idarəsi rəis müavini Qərib Harutyunyan və milis zabiti Vilen Verdiyan həbs edildi. 17 mayda Arakül, Dolanlar və Arpagədik kənd sakinlərinin bir qismi Azərbaycan OMON-u tərəfindən həbs edildi və naməlum istiqamətə aparıldı. Köhnə Tağlar kəndi isə hərbi helikopterdən atəşə tutuldu. 1991-ci il mayın 20-də Hadrutdan qovulan Banazur, Arakül, Daşbaşı, Dərəkənd, Ağcakənd Arpagədik kənd sakinləri evlərinə qayıtdı. Lakin iyunun 3-4-də geri qayıdan sakinlər yenidən deportasiya edildi. Mayın 21-də Hadrutun Sor kəndində SSRİ DİN daxili qoşunlarının postu quruldu. Bundan sonra iyunun əvvəlində Hadrut şəhərinə qaçan sakinlərin bir hissəsi kəndə qayıtdı və burda yaşamağa başladı. Bununla da regiondakı əməliyyat yekunlaşdı. Azərbaycan hökuməti boş qalan kəndlərdə azərbaycanlı əhalini köçürməyi planlamışdı. Belə ki, 28 iyuna qədər Hadrutun 8 kəndində 1870 azərbaycanlı yerləşdirildi.
Azərbaycan SSR rəhbərliyi Şuşa rayonundakı bütün erməni kəndlərini deportasiya etmək düşünürdü. Şuşadakı əməliyyat isə hələ 1991-cı ilin əvvəlində başlamışdı. Belə ki, bu dövrdə Azərbaycan OMON-unun apardığı əməliyyat nəticəsində Şuşa rayonunun Saxkadzor[8] kəndi yandırıldı. Əməliyyat ərəfəsində erməni silahlıları Azərbaycan SSR nümayəndələrinə qarşı sui-qəsd hazırladı. Mayın 10-da saat 21:05 radələrində Stepanakertdə (indiki Xankəndi) DQMV üzrə Respublika Təşkilat Komitəsinin yerləşdiyi binanın qarşısındakı meydandan qumbaraatanla atəş açıldı. 150 metr məsafədən atılan qumbara DQMV üzrə Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçkonun[9] kabinetinə dəydi. Həmin anda orada hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirilirdi. Yalnız möcüzə nəticəsində bu hücum zamanı itki olmadı, kabinetdəki rəsmi şəxslər həyati təhlükəsi olmayan xəsarətlər və aldılar (Vəliməmmədov, 2021:36).
Şuşanın ermənilərdən topyekun təmizlənməsi əməliyyatı 15 mayda başlandı. Səhər saat 5-də SSR DİN əsgərlərinin hərbi dəstəyinə arxalanan Azərbaycan OMON-u pasport rejiminin yoxlanılması adı ilə kəndlərə daxil oldu. İlk gün Berdadzor[10] kəndi ələ keçirildi, burada yaşayan 100 nəfər girov götürüldü. Kəndin alınması zamanı müqavimət göstərən 1 erməni isə öldürüldü. Azərbaycan OMON-u sakinlərə kəndi tərk etmələri üçün saat 19:00-a qədər vaxt verdi. Həmin gün Azərbaycan milisləri Kirov[11] kəndinə daxil oldu.
Bu əməliyyatlarda iştirak edən DQMV Daxili İşlər İdarəsinin rəis müavini, polis polkovniki Sadir Məmmədov xatırlayır: “Yadımdadır ki, əsas gücü Metsqaladərəsi[12] və Kirov ətrafına toplamışdıq. Erməni yaraqlıları əsasən orada cəmlənirdi. Onlar adətən vertolyotla Ermənistanın Qafan şəhərindən Qaladərəsinə uçub gəlir, silah-sursat, ərzaq gətirir, oradan isə digər kəndlərə sızırdılar. Əməliyyat nəticəsində Metsqaladərəsinin yanında yerə enən vertolyotu ələ keçirdik. Məlum oldu ki, vertolyotda 4 pilot və 24 yaraqlı var. Sonra həbs edilmiş erməni terrorçularının hamısını istintaq üçün Şuşa həbsxanasına yığdıq”. Şuşa rayonunda Sovet Ordusunun hissələri Azərbaycan OMON-unu dəstəkləsə də vəziyyətin həddindən artıq gərginləşməsinə izn vermirdi. Mayın 15-də Metsqaladərəsi kəndində pasport nəzarəti zamanı Azərbaycan OMON-u bir nəfər mülki ermənini öldürdü. Kənddə gərginliyin qarşısını almaq üçün Sovet bölmələri bura da müdaxilə etdi və qarşıdurmaların qarşısını aldı. Sovet bölmələri həmin gün Şuşanın Daşaltı kəndi sakinlərinin deportasiyasına icazə vermədi.[13] Mayın 17-də Azərbaycan OMON-u Xankəndinin azərbaycanlılar yaşayan Kərkicahan hissəsinə daxil oldu. Buradakı əməliyyatlarda 10 nəfər saxlanılaraq Ağdama aparıldı. Həbs edilənlər arasında Ermənistan Respublikası Ali Sovetinin deputatı Hamlet Qriqoryan[14] da var idi. Beləliklə, 15-18 may tarixlərində SSRİ DİN və Azərbaycan SSR DİN qoşunlarının birgə əməliyyatı nəticəsində Metsqaladərəsi, Kirov və Yextsahoq[15] kəndlərinin 550-dən çox sakini deportasiya edildi (Jiroxov, 2012:75). Onlardan 316 nəfəri Stepanakertə qaça bildi, digərləri isə Xndzoresk yaxınlığında yerləşən deportasiya düşərgəsinə aparıldı. Bu əməliyyatlar nəticəsində bütün Şuşa rayonu Azərbaycanın nəzarətinə keçdi.
Ermənistan-Azərbaycan sərhədyanı əməliyyatları
Ermənistan-Azərbaycan arasında münaqişə Dağlıq Qarabağda başlasa da ən ciddi toqquşmalar Qazax rayonunun Ermənistanla sərhəd kəndlərində baş verirdi. 1990-cı ildə erməni silahlılarının Bağanis-Ayrum kəndində həyata keçirdiyi qətliamdan sonra vəziyyət daha da gərginləşdi. Qazaxın Ermənistan daxilində qalan Yuxarı Əksipara, Barxudarlı və Sofulu kəndlərində vəziyyət xüsusilə mürəkkəb idi. Bu səbəbdən SSRİ 4-cü Ordusunun 23-cü diviziyası Qazax istiqamətində yerləşdirildi. Bununla belə, atəşkəs mütəmadi Voskepar, Kirants, Barmekavan kəndlərindən açılan atəşlər nəticəsində pozulurdu. Bundan başqa, Laçının və Gədəbəyin sərhəd ərazilərində də atışmalar səngimək bilmirdi. Bu səbəbdən maydakı əməliyyatların ən vacib hissəsi burada həyata keçirildi. 30 apreldə Ermənistanın sərhədyanı kəndlərində Sovet qoşunları aktiv hərəkətə başladı. İlk olaraq Aşağı Əksipara və Yuxarı Əksiparadakı mövqelərdən Noyemberyan rayonunun Voskepar kəndi mühasirəyə alındı. Mayın 1-də Noyemberyan, İcevan, Tavuş rayonları Azərbaycan tərəfdən SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunları və Azərbaycan OMON-u tərəfindən atəşə tutuldu. Bu istiqamətdə döyüşlər zamanı çox sayıda erməni yaralandı, bir nəfər öldürüldü. Mayın 3-də döyüşlər intensivləşdiyi üçün İcevan rayonunun bir neçə kəndindən qadınlar və uşaqlar təxliyə edildi. Həmin gün Tavuş rayonunun Paravakar, Movses, Karmirağpyur, Nerkin-Şen kəndləri artilleriyadan və avtomat silahlardan atəşə tutuldu. Bu istiqamətdə də 1 erməni öldürüldü. İcevan rayonunun Kirants kəndinin atəşə tutulması zamanı mərmilərdən biri yolda hərəkət edən “Jiquli”yə dəydi, nəticədə 2 erməni həyatını itirdi. Ən qanlı döyüşlər isə mayın 6-da Noyemberyan rayonunun Voskepar kəndində baş verdi. Hərbçilər Voskepar kəndinin rəhbərlərinə Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidməti silahlarının təhvil verilməsi tələbi ilə ultimatum verdilər. Bu tələb yerinə yetirilmədiyi üçün kənd bombardman edilməyə başlandı. Kəndə bitişik ərazilər və meşələr yandırıldı. Voskeparın yaxınlığında otuza yaxın erməni milis işçisinin getdiyi avtobus 23-cü diviziyanın əsgərləri tərəfindən qurulan pusquya düşdü. 14[16] nəfər öldürüldü, qalanlan əsir götürüldü (De Vaal, 2008:142). Noyemberyanın Barekamavan kəndinin atəşə tutulması zamanı isə 1 erməni milis öldürüldü. Mayın 6-da Sovet bölmələri Noyemberyan rayonunda daha 40 nəfər milisi girov götürdü. Həmin gün axşam saatlarında Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan Ermənistanın Moskvadakı daimi nümayəndəsi Feliks Mamikonyana zəng edərək bunları qeyd edirdi : “Sovet İttifaqı faktiki olaraq Ermənistana müharibə elan edib. Sovet Ordusu Ermənistan ərazisində cəza əməliyyatlarını davam etdirir. Sovet qoşunlarının Azərbaycan ərazisində yerləşən 4-cü ordusunun bölmələri helikopterlərdən, tanklardan və ağır artilleriyadan istifadə etməklə Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndini tamamilə darmadağın edib. Bütün evlər dağıdılıb, yaxınlıqdakı bağlar və meşələr yandırılıb.”
Mayın 7-də sərhədin cənub sektorunda əməliyyatlar başlandı. Burdakı döyüşlərdə Azərbaycan OMON-u helikopterlərdən istifadə edərək Gorus rayonunun Tex kəndini atəşə tutmağa başladı. Həmin gün eyni zamanda helikopterlərlə Aravus kəndində silah saxlanılan fermaya zərbələr endirildi, 3 maşın sıradan çıxarıldı. Sovet rəsmi xəbər agentliyi olan “TASS”-ın verdiyi məlumatda Gorusdakı erməni ekstremistlərinin Qubadlı rayonunun bombalandığı qeyd edilmişdi. Mayın 7-i və 8-də Azərbaycan OMON-u Kornidzor və Şurnux kəndinə daxil oldu və burda erməni yaraqlıları ilə əlaqəli olan 25 milis əməkdaşını həbs etdi (Vəliməmmədov, 2021:34).
Həmin gün sərhədin mərkəz sektorunda əməliyyatlar başladı. Sovet hərbçiləri Ermənistanın Azərbaycan ərazisindəki yeganə anklavı, Krasnoselsk rayonunun Artsvaşen (Başkənd) kəndindəki əhaliyə silahların təhvil verilməsi haqqında ultimatum verdi. Kəndin əhalisi bu ultimatumu qəbul etdi və ərazidəki silahlı milislər tərksilah edildi. Ən ağır döyüşlər isə 10 may tarixində Tavuş rayonunun Parakavar kəndi istiqamətində başladı. Erməni dəstələri bu istiqamətdə Sovet bölmələrini atəşə tutmaq üçün iriçaplı artilleriya qurğularından istifadə etməyə başladı. Hücumun qarşısını almaq üçün döyüşə 50 tank, 10 hərbi helikopter, 1000-1200 əsgər cəlb edildi. Buradakı döyüşlərə SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının general-leytenantı Andreyev rəhbərlik edirdi. Paravakar istiqamətində döyüşlər mayın sonuna kimi davam etdi. Əhalidəki silahların təhvil verilməsindən sonra əməliyyatlar dayandırıldı və Sovet bölmələri Ermənistan ərazisindən çıxdı. Beləliklə, mayın 1-dən 8-dək Ermənistan sərhədində keçirilən hərbi əməliyyatlar nəticəsində ən az 24 nəfər erməni öldürüldü, onlardan 14-ü polis, 10-u mülki şəxs idi (Melik-Şaxnazarov,2009:566). Sovet hərbçiləri və Azərbaycan OMON-u 67-si hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla 104 nəfəri əsir götürdü. Noyemberyan rayonunda əsir götürülmüş 40 polis əməkdaşı və 5 mülki şəxs Gəncəyə aparıldı. Əməliyyat nəticəsində erməni silahlılarından 166 odlu silah, o cümlədən 124 xidməti, 42 ov tüfəngi götürüldü (Jiroxov, 2012:69).
Əsgəran, Martuni, Mardakert və Goranboy rayonlarındakı əməliyyatlar
Azərbaycan OMON-u erməni dəstələrinin tərksilah etmək üçün mayın 13-də DQMV-yə daxil olan Martuni, Əsgəran, Mardakert rayonlarında əməliyyata başladı. İlk olaraq Martuni rayonunda “pasport rejimi” yoxlanılışına başlandı. 1990-1991-ci illərdə Martuni rayonunun içərisində qalan Füzulinin Yuxarı Veysəlli kəndində vəziyyət gərgin olaraq qalırdı. Kənd daim atəş altında qaldığı üçün OMON-çular ərazinin təhlükəsizliyini qorumaq üçün burada post qurdular. Azərbaycan milisləri mayın 13-də Martuni-Çartar magistralında, Yuxarı Veysəlli kəndi yaxınlığında silahlı ermənilərdən ibarət “Jiquli” markalı avtomobili atəşə tutdular. Atəş nəticəsində bir erməni öldürüldü, digəri isə yaralandı. Həmin gün OMON bölmələri Mardakert rayonunun Kiçən, Karmiravan (indiki Qızıloba) və Seysulan kəndinə daxil oldular. Kiçən kəndindəki axtarışlar zamanı silahlı müqavimətlə rastlaşan milislər bir ermənini zərərsizləşdirə bildilər. OMON bölmələri Karmiravan kəndindəki əməliyyat zamanı 16 nəfər, Seysulanda isə kənd sovetinin sədri, sovxoz direktoru və feldşer olmaqla 11 nəfəri həbs etdilər. Talış kəndindəki əməliyyat zamanı isə 2 nəfər həbs edildi, rayon milis əməkdaşlarından 6 ədəd xidməti tapança götürüldü. Mayın 16-da Mardakert rayonunun Mets Şen (indiki Ulu Qarabəy) kəndinə daxil olan Azərbaycan milisi kənd əhalisinə Ermənistana göndərilməsi haqqında ərizə yazdırdı. Həmin gün OMON bölmələri Əsgəranın Daşbulaq və Badara kəndlərinə daxil olur və əhalini deportasiya edir. 3 tank və 9 yük maşınından ibarət dəstə ilə Əsgəran rayonunun Kötük kəndindəki əməliyyat zamanı isə axtarışlar heç bir nəticə vermir və milislər bu kəndi tərk edirlər. Mayın 17-də isə OMON bölmələri Martuni (indiki Xocavənd) şəhərinə daxil oldu. Şəhərdə aparılan axtarışlardan sonra şəhərin meri, rayon prokuroru, elektrik şəbəkəsinin rəisinin də daxil olduğu 70 nəfər saxlanıldı (Jiroxov, 2012:73). Həmin gün Mardakert (indiki Ağdərə) şəhərində isə 20-dən çox erməni həbs edildi. Mayın 20-nə qədər davam edən əməliyyatlarda Talış kəndində erməni silahlı dəstəsinə aid “UAZ” markalı maşın yandırıldı, 2 nəfər erməni girov götürüldü. Mardakertin Umudlu kəndindən açılan atəş nəticəsində isə qonşu Zəylik kəndində 1 silahlı erməni zərərsizləşdirildi. Beləliklə, SSRİ və OMON qüvvələrinin mayın 13-dən 20-nə kimi Əsgəran, Mardakert və Martuni rayonlarındakı əməliyyat erməni silahlılarının tərksilah edilməsi ilə uğurla başa çatdırıldı.
Azərbaycan OMON-u ən son əməliyyatı isə keçmiş Şaumyan rayonunda həyata keçirdi. Bu rayonda yaşayan ermənilər Azərbaycan SSR Konstitusiyasına zidd olaraq DQMV-yə daxil olduqlarını bildirmişdilər. Rayonun azərbaycanlılar yaşayan şərq hissəsinə (4 kənd) Azərbaycan SSR hökuməti nəzarət etsə də, ermənilər yaşayan böyük bir hissə faktiki müstəqil idi. Erməni iddialarının qarşısını almaq üçün 14 yanvar 1991-ci ildə Azərbaycan Ali Soveti Şaumyan rayonunu ləğv edərək Goranboyun tərkibinə verdi. Azərbaycan OMON-unun aprel-may aylarında həyata keçirdiyi deportasiyanın gətirdiyi beynəlxalq təzyiq Goranboyun bu sektorunda nəzərdə tutulan əməliyyatın təxirə salınmasına gətirib çıxardı. Lakin 1991-ci il iyulun əvvəlində siyasi mühitin yumşalmasından istifadə edən hökumət bu istiqamətdə əməliyyata başladı. Qorbaçovun 1991-ci il iyulun 4-də imzaladığı fərman əməliyyata başlamaq üçün işarə oldu. Bu fərmanla o, vəziyyətin “normallaşması” ilə əlaqədar rayonda fövqəladə vəziyyəti ləğv etdi. Bu addımın məqsədi erməni kəndlərini qoruyan və yaxud neytrallığı güdən Sovet daxili qoşunlarını bölgədən çıxarmaq idi. Qoşunlar çıxarılan kimi Azərbaycan OMON-u Erkeç, Buzluq və Manaşid kəndlərini dövrələdilər. Region aprelin 16-dan etibarən blokadada idi, əraziyə elektrik enerjisinin verilişi dayandırılmışdı, rabitə əlaqəsi yox idi. Bu səbəbdən OMON bölmələri ərazini rahat ələ keçirəcəyini düşünürdü. İyulun 6-da səhər saat 6-da Azərbaycan OMON-u 350-yə yaxın çevik milis qüvvəsi və respublika DTK-nın əməkdaşlarının müşayiəti ilə əməliyyata başladı. Lakin ilk hücum uğursuzluqla nəticələndi. Həmin döyüşlərdə iştirak etmiş Elçin İsmayılov xatırlayır : “1991-ci ilin yayında Erkeç, Manaşid, Todan və Buzluq kəndlərində pasport rejimini yoxlamaq üçün bizi 4 yerə böldülər. Bizim dəstə Buzluq kəndinə getdi. Buzluq kəndinə gedərkən bizi kəndə 3 istiqamətdən daxil olmaq üçün hər birində 10 nəfər olmaqla, 3 yerə böldülər. Saat 06:00 radələri idi. Bizə dedilər ki, kənddə silahlı yoxdur, sakitcə kəndə girərək pasport rejimini yoxlayıb, çıxaq. Ağır silahlarımız yox idi, yalnız avtomat idi. Bəzilərimizdə hər ehtimala qarşı qumbara da vardı. Kəndə çatmağa 100 metr qalmışdı. Bizi gördülər və kənddən qışqırıq səsləri gəlməyə başladı. Kəndin arxa tərəfində möhkəmləndirilmiş mövqelər var idi, oradan atəş açılmağa başlandı. Qüvvələr qeyri-bərabər idi, bu səbəbdən geri çəkilməyə məcbur olduq. O döyüşdə Vüqar adlı bir silahdaşımızı itirdik[17]. Yaralananlar da oldu. Bizim olduğumuz dəstədə Fuad adlı yoldaşımız yaralandı.”
Beləliklə, ilk gündə baş verən döyüşlərdə Azərbaycan OMON-u 3 nəfər, ermənilər 2 nəfər itki verdi. Ermənistan mətbuatının yazdığına görə, döyüşün sonunda əməliyyata rəhbərlik edən respublikanın daxili işlər nazirinin müavini Rüfət Məmmədovun başçılıq etdiyi OMON taqımı mühasirəyə alındı və yalnız köməyə gələn DQMV komendantı, polkovnik Valentin Jukovun müdaxiləsi sayəsində mühasirə yarıla bildi. Əməliyyatın uğursuzluğuna səbəb kimi hücumun Sovet Ordusunun dəstəyi olmadan həyata keçirilməsi idi. Azərbaycan Daxili İşlər Nazirliyinin idarə rəisi, polkovnik Feliks Vıskubov “Kommersant”ın müxbirinə verdiyi müsahibədə bunu etiraf edir: “Biz dağlarda döyüşməyə hazır deyilik.” İyulun 8-də SSRİ daxili işlər naziri Boris Puqo SSRİ Ali Sovetinin iclasında çıxış edərək deputatlara bunları dedi: “İyulun 6-da səhər Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları pasport rejimini yoxlayarkən Erkeç, Manaşid və Buzluq kəndlərində güclü atəşə tutulub. Nəticədə Azərbaycan milisi geri çəkilməyə məcbur olub. Havadan aparılan kəşfiyyatlar göstərdi ki, Erkeç kəndi əslində istehkam ərazisinə çevrilib. Ötən gecə orada 500-dən 1000-ə qədər yaraqlı, çoxlu texnika cəmləşib. İndi erməni tərəfini yaraqlıları kənddən çıxarmağa inandırmaq üçün cəhdlər edilir.” (Vəliməmmədov, 2021:40). Lakin danışıqlar nəticə vermədiyi üçün bir neçə gün yeni bir əməliyyat başlandı. Bu dəfəki əməliyyatda Azərbaycan OMON-u ilə yanaşı Sovet Ordusuna məxsus 23-cü motoatıcı diviziya iştirak edirdi. Əməliyyata polkovnik Budeykin rəhbərlik edirdi (Kalinkin,1991:9). Münaqişə ərzində ilk dəfə Erkəç kəndində aviasiyadan istifadə edildi. Burdakı güclü müqavimət ərazinin hərbi baxımdan möhkəmləndirildiyini bir daha göstərirdi. Lakin aviasiya zərbələrinə qarşı müqavimət göstərə bilməyən erməni qüvvələri Yuxarı Ağcakəndə doğru geri çəkilməyə məcbur oldu (Melik-Şaxnazarov,2009:571). Kənd uğrunda gedən döyüşlərdə 2 nəfər mülki erməni də həyatını itirdi (De Vaal, 2008:144). İyulun 12-də Erkeç, Manaşid və Buzluq kəndləri ələ keçirildi və əhalisi Ermənistan SSR-ə köçürüldü. İyulun 14-də SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələri Goranboy rayonunun Yuxarı Ağcakənd, Qaraçinar, Erməni Borisi və Gülüstan kəndlərini mühasirəyə aldılar. Lakin bu əməliyyat başa çatdırılmadı. Ermənistan rəhbərliyi SSRİ və Azərbaycan OMON-una müqavimət göstərə bilməyəcəyini anladıqdan sonra sülh istəməyə məcbur oldu.
Əməliyyatın siyasi təsiri
“Halqa” əməliyyatının başlanmasından sonra Ermənistanda etirazlar başlandı. Əməliyyatın “aşkarlıq” dövründə həyata keçirilməsi ermənilərə informasiya baxımdan propaqanda aparmasına imkan yaratmışdı. Fransa Prezidenti Fransua Mitteran SSRİ-yə rəsmi səfəri zamanı erməni diasporunun xahişini yerinə yetirərək bu məsələni SSRİ Prezidenti Mixail Qorbaçovla müzakirə etdi. Mixail Qorbaçovun cavabı isə belə oldu: “ Təkcə 1991-ci ilin mart-may aylarında Dağlıq Qarabağ və sərhədyanı rayonlarda 235 silahlı hücum faktı qeydə alınıb. Bunlardan 150-si Ermənistan, 82-si isə Azərbaycan tərəfindən həyata keçirilib. Öldürülənlər arasında azərbaycanlılar dəfələrlə çoxdur. Dağlıq Qarabağda yerləşən SSR DİN daxili qoşunları 115 dəfə atəşə tutulub. Bu qarşıdurmalar zamanı 9 Sovet əsgəri həlak olub, 15-i yaralanıb. Məhz bu qanunsuz hərəkətlər qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi haqqında fərmanın ciddi şəkildə yerinə yetirilməsini zəruri etdi.” (Vəliməmmədov, 2021:35).
Buna baxmayaraq, mətbuatda Azərbaycana qarşı böyük bir propaqanda başlamışdı. Rusiyanın liberal qəzetləri “Nezavisimaya qazeta”, “Moskovskiye novosti” erməni mövqeyini əks etdirən yayımlar edirdi. Rusiyadakı müxalifət isə açıq şəkildə erməniləri dəstəkləyirdi. Mayın 4-də Levon Ter-Petrosyan RSFSR Ali Sovetinin sədri Yeltsinlə danışıqlar apardı. Bu danışıqlarda Yeltsin Ter-Petrosyana Çaykənd və Martunaşen kəndlərində vəziyyəti öz nəzarətində saxlamağa və əraziyə xüsusi komissiya göndərməyə söz vermişdi. Azərbaycandakı müxalifət də bu məsələdə aktiv formada hökumətin əleyhinə çıxdı. AXC-nin lideri Əbülfəz Elçibəy Xanlar, Goranboy, Şaumyan rayonlarında respublika hökumətinin yurisdiksiyasının bərpasını “deportasiya” adlandırdı. Mayın 14-də Azərbaycan Xalq Cəbhəsinin funksionerləri Riqada[18] “Erməni Milli Hərəkatı”nın nümayəndələri ilə görüşdülər və “Mütəllibovun Qarabağda keçirdiyi əməliyyatlar zamanı yerli erməni sakinlərinin hüquqlarının pozulmasına dair” birgə bəyanat imzaladılar (Vəliməmmədov, 2021:36-37).
Vaqif Hüseynov xatırlayır: “Məhəmməd Əsədovun sifətindəki ifadəni heç vaxt unutmayacam. Qəzetdə AXC-nin bəyanatını oxumuşdu. Bizimkilər, erməni kəndlərinin deportasiyasına görə həm Kommunist Partiyasını, həm də hərbçiləri qınayıblar. Belə çıxır ki, Goranboyun təpələrində qanını tökən oğullarımızı da qınayıblar! Nə deyim. Sağ olun, bəylər, demokratiyanıza görə.” (Quseynov, 2013:353). Mayın ortalarında Azərbaycana və SSRİ hökumətinə qarşı beynəlxalq təzyiqlər artdı. Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan mayın 15-də etdiyi müraciətdə “Halqa” əməliyyatını “soyqırım” adlandırdı: “ Ermənistan rəhbərliyi bütün ölkələrin parlamentlərinə, ali rəhbərlərinə, eləcə də bütün xoşməramlı insanlara müraciət edərək, Dağlıq Qarabağ ermənilərinin soyqırımının qarşısını almaq üçün SSRİ rəhbərliyinə təsir göstərmək üçün əllərində olan bütün vasitələrdən istifadə etməyə çağırır.” (Jiroxov,2012:72). 1 gün sonra Ermənistan SSR Ali Sovetinin növbədənkənar iclasında Ermənistan və Qarabağa müşahidəçilərin göndərilməsi xahişi ilə BMT-nin baş katibi Xavyer Peres de Kuelyara müraciət qəbul edildi. Həmin gün Fransa Sosialist Partiyası Sovet hərbçilərinin hərəkətlərini pisləyən bəyanat yaydı. Mayın 17-də Miçiqan ştatından olan senator Karl Levin “SSRİ və Azərbaycan rəhbərliyinin ermənilərə qarşı aqressiyası” haqqında qətnamə hazırladı. Bu qətnamə ABŞ Senatı tərəfindən qəbul edildi. Həmin gün Ukrayna SSR Ali Soveti də Azərbaycanla əleyhinə bəyanat qəbul etdi. Bəyanatda Azərbaycan və Ermənistan arasındakı münaqişədə SSRİ Silahlı Qüvvələrindən istifadənin yolverilməzliyi qeyd edilmişdi (Dudnik, 2013:40). Ermənistanın daxili işlər naziri Aşot Manuçaryan mayın 18-də “Le Monde” qəzetinə verdiyi müsahibədə Ermənistan Ali Soveti sədrinin dediyi fikirləri təkrarladı: “Sovet qoşunları Dağlıq Qarabağda otuza yaxın kəndi mühasirəyə alıb. Hazırda regionda baş verənlər şübhəsiz ki, 1915-ci il soyqırımını xatırladır.” Zori Balayanın “Literaturnaya qazeta” mətbu orqanında yazdığı yazılar, Moskvada erməni və rus ziyalıların qurduğu “Fəryad” komitəsinin aksiyaları, eləcə də Qərb dövlətlərinin Moskvaya təzyiqi nəticəsində əməliyyat dayandırıldı. Xüsusilə mayın ortalarında Moskvanın mərkəzində, Manejnaya meydanında keçirilən aksiya kifayət qədər böyük hay-küy yaratdı (Koçaryan, 2019:59-60). Lakin iyul ayında bu dəfə Goranboy istiqamətində başlayan əməliyyatdan sonra Dağlıq Qarabağ və Ermənistanın siyasi liderləri öz fikirlərini yenidən nəzərdən keçirməyə məcbur oldular. Onlar Sovet rəhbərliyinə müraciət edərək əməliyyatın dayandırılacağı təqdirdə tələblərinin əksəriyyətini geri götürməyə hazır olduqlarını açıqladılar.
İyulun 15-16-da Ermənistan parlamentində Dağlıq Qarabağ nümayəndə heyətinin Azərbaycan paytaxtına gedib-getməməsi ilə bağlı qızğın mübahisə baş verdi. Ermənistan parlamentinin 260 deputatından 10-u bu təklifin əleyhinə səs verdi, 18 nəfər isə bitərəf qaldı. Ali Sovetin sədri Levon Ter-Petrosyan, xarici işlər nazirinin müavini Şavarş Köçəryan və onlarla başqa deputat Dağlıq Qarabağ rəhbərliyinin Azərbaycan hakimiyyəti ilə siyasi danışıqlara başlamağa və SSRİ Konstitusiyasının çərçivəsində kompromis axtarmağa hazır olduğunu bildirən təklifə səs verdilər. 3 gün sonra bu məsələ DQMV Ali Sovetində müzakirə olundu. Azərbaycan DQMV tərəfinin qarşıdan gələn prezident seçkilərində iştirakı tələbi qoymuşdu. DQMV Regional Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini Oleq Esayan həmin günü belə xatırlayır: “Biz Bakının təklifini qəbul edib Azərbaycanda prezident seçkilərində iştirak etməliyikmi? Danışıqlar üçün Bakıya getmək Moskvanın təklifi idi. Biz seçkilərdə iştirak təklifini müzakirə etdik və rədd etdik, lakin Bakıya nümayəndə heyəti göndərmək qərarına gəldik. Vaxta qənaət etmək lazım idi. Bu görüşdə Leonard Petrosyan, Georgi Petrosyan, mən və bir çox başqaları iştirak etmişik. Hərəkatın siyasi liderləri, o cümlədən Serj Sərkisyan və Robert Köçəryan bu qərardan xəbərdar idilər. Vaxt qazanmaq və radikal addımlardan qaçmaq üçün nümayəndə heyətinin göndərilməsi qərara alındı.” Daha sonra iyulun 20-də Azərbaycan prezidenti Ayaz Mütəllibovla birbaşa danışıqlar aparmaq üçün Qarabağdan Bakıya DQMV vilayət şurasının sədri Leonard Petrosyanın başçılığı ilə 6 nəfərdən ibarət nümayəndə heyəti göndərildi. Nümayəndə heyətinin digər üzvləri Dağlıq Qarabağ Muxtar Vilayətinin 4 rayonunun rəhbərləri, Stepanakertdən olan partiya liderlərindən biri və Valeri Qriqoryan idi. Qarabağın erməni liderləri bu görüşdə Mütəllibova DQMV-nin yeni mövqeyini əks etdirən deklarasiya hazırladılar. Bu deklarasiya kapitulyasiya demək idi (Melander, 2001:70).
Ermənilərin Bakı üçün əlverişli şərtlərlə danışıqlara getməyə hazır olmasına baxmayaraq, Qarabağda alternativ, daha radikal rəhbərliyin hakimiyyətə gəlməsi münaqişənin sonrakı gərginləşməsində həlledici rol oynadı. Elita, eləcə də blokadaya alınmış anklavın əhalisi “Halqa” əməliyyatına necə cavab verməklə bağlı fikir ayrılığına düşdü. Ənənəvi nomenklaturadan kənar, paramilitar təşkilatlar vasitəsilə nüfuz qazanan gənclər əhalini Azərbaycanla genişmiqyaslı döyüşə çağırırdılar. İyulun 29-da radioda Bakıda keçirilən görüşlə bağlı bəyanat yayımlandı. Müxalifətin kəskin tənqidi Dağlıq Qarabağın erməni əhalisinin radikal təbəqələrinin qəzəbinə səbəb oldu. Həmin gün Dağlıq Qarabağdan olan erməni partizanları Azərbaycan xüsusi təyinatlılarının əvvəllər ələ keçirdiyi kəndə hücum edərək 7 milis əməkdaşını qətlə yetirdilər. (De Vaal, 2008:145). Ertəsi gün ermənilərin növbəti hücumu nəticəsində daha iki nəfər həlak oldu, üç nəfər isə girov götürüldü. Buna baxmayaraq, Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan Qarabağ məsələsində artıq qərarını vermişdi və 4 avqustda Moskvaya səfəri zamanı “Moskovskiye Novosti” müxbirinin suallarına cavab verərkən bunu bir daha vurğuladı:
- Novo-Oqarevoya gəlişiniz çoxlarını təəccübləndirdi. Bunun arxasında nə dayanır?
- Mənim Novo-Oqarevoya səfərim SSRİ Ali Sovetinin ittifaq müqaviləsinin işlənib hazırlanması ilə bağlı məşvərət iclaslarında iştirak etməyən respublikaların parlamentlərinə və xalq deputatlarına bu yaxınlarda etdiyi müraciətə cavabdır.
- Bu, Ermənistanın qeyd-şərtsiz müstəqilliyə doğru kursunu dəyişməyə hazır olması anlamına gəlirmi?
- Heç kim elan olunmuş kursdan, xalqın istəyini ortaya qoyacaq respublika referendumu imtina etməyə hazırlaşmır. Nəzərinizə çatdırım ki, referendum Sovet qanunları çərçivəsində keçirilir və ittifaqdan çıxış 5 illik keçid müddəti ərzində həyata keçiriləcək.
- Novo-Oqarevoda Dağlıq Qarabağ probleminə toxunuldumu?
- Mən Ermənistanda və ona bitişik Goranboy rayonunda son aylar baş verən hadisələrdən, deportasiyadan, rayonun erməni əhalisinə qarşı repressiya aktlarından danışdım. SSRİ Prezidentinin razılığı ilə nümayəndə heyətlərinin rəhbərlərinə DQMV-nin Azərbaycanla dialoqa hazır olduğunu əks etdirən sənədlər paketi verildi. Prezident DQMV zəhmətkeşlərinin səlahiyyətli nümayəndələrinin siyasi təşəbbüsünü və Ermənistan parlamenti tərəfindən dəstəklənməsini alqışlayıb.
Lakin Qarabağdakı erməni millətçilərinin geri çəkilmək niyyəti yox idi. Avqustun 10-da Bakıda keçirilən görüşün iştirakçılarından biri Valeri Qriqoryan Stepanakertin mərkəzində öldürüldü. [19] Köhnə nomenklatura rəhbərlərindən birinin öldürülməsi radikalların Bakı ilə danışıqlar tərəfdarlarını susdurmaq cəhdi idi. Rəsmi olaraq Qriqoryanın qətlini heç kəs üzərinə götürmədi. Lakin Qarabağ ermənilərinin radikal qanadının liderlərindən biri Janna Qalstyanın açıqlamaları qətlin dolayı yolla məhz Bakıdakı sənədlə bağlı olduğunu göstərir: “Kim belə bir sənədə imza atarsa onun həyatını təhdid edərik. O, bizim yaxın dostumuz olsa belə, güllələnərdi.” (Melander, 2001:71). Avqustun 19-da qeyd edilən sənədin, Azərbaycanın, ümumiyyətlə tarixin axını dəyişdirən hadisə baş verdi. SSRİ-nin yeni ittifaq siyasətini tanımayan bir qrup kommunist hərbi çevriliş həyata keçirdi. Daha çox tarixdə “QKÇP” (Dövlət Fövqəladə Hallar Komitəsi) hərbi çevrilişi kimi yadda qalan hadisələr zamanı SSRİ prezidenti Mixail Qorbaçov iqtidardan uzaqlaşdırıldı (Suny,2015:386). Bu hadisələr baş verəndə Azərbaycan prezidenti Ayaz Mütəllibov İranda səfərdə idi. Levon Ter-Petrosyan Ermənistan hökumətinin “QKÇP” iqtidarını qəbul etmədiyini bildirdi. Ayaz Mütəllibov və Polyaniçko isə Moskvada hakimiyyətə can atan mühafizəkarların Dağlıq Qarabağ məsələsində Azərbaycanın xeyrinə daha sərt mövqe tutacaqlarına ümid edərək hərbi çevrilişə dəstək verdilər. Prezidentin köməkçisi olmuş Vəfa Quluzadə xatırlayır: “Bakıya qayıtmazdan əvvəl Mütəllibovdan xahiş etdim ki, Moskvada baş verənlərə münasibət bildirməsin. Təbrizə getdik, İran tərəfi Mütəllibovu Şəhriyarın abidəsi qarşısında sırf mədəni məsələlərlə bağlı müsahibə verməyə razı saldı. Jurnalistlər bir-iki sualdan sonra prezidentin Moskvadakı hadisələrlə bağlı fikrini soruşdular . Mütəllibov tərəddüd etmədən çevrilişi həyata keçirənləri dəstəklədiyini bildirdi və Qorbaçovu tənqid etdi. Mən şoka düşdüm”.[20] Lakin Ayaz Mütəllibov və Polyaniçkonun gözlədiyi baş vermədi. Çevriliş uğursuz oldu, Azərbaycana Qarabağdakı əməliyyatlarda dəstək verən SSRİ daxili işlər naziri Boris Puqo intihar etdi. Hökumət çevrilişin uğursuz olması xəbərlərindən dərhal sonra İrandakı açıqlamanı təkzib etdi. Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi olmuş Rasim Ağayev xatırlayır: “Moskvadan gələn məlumatları son dəqiqəyə kimi izləyən Viktor Polyaniçko məni və Əfrand Daşdəmirovu öz kabinetinə dəvət etdi. İkinci katib lakonik danışdı: “Vəssəlam, biz məğlub olduq. Ən pisini gözləməliyik”.
Təhlil və nəticə
“Halqa” əməliyyatı Qarabağ münaqişəsinin ilk böyük həcmli hərbi əməliyyatları idi. Əməliyyat zamanı ilkin dövrdə nəzərdə tutulan bütün vacib məsələlər həll edildi. Xüsusilə Göygöl rayonunun Çaykənd və Qarabulaq kəndlərinə nəzarətin həyata keçirilməsi buradan 24 km aralı yerləşən Gəncənin artilleriya zərbələrinə məruz qalmasına imkan vermədi. Əməliyyat nəticəsində ümumilikdə 7 min erməni deportasiya olundu. Müqavimət nəticəsində ən az 50 erməni öldürüldü, 200 nəfər isə itkin düşdü. Uppsala universitetinin tarixçisi, AMEA fəxri üzvü olan Svante Kornell isə 1991-ci il iyun ayına kimi 816 nəfərin əməliyyatın qurbanı olduğunu bildirir (Cornell, 2001:77).
Avqustdakı hadisələr əməliyyatın siyasi formada həllinə imkan vermədi. Moskvadakı çevrilişin uğursuz alınması Azərbaycan üçün böyük zərbə idi. Avqustun sonunda ölkədə iqtidar faktiki olaraq RSFSR prezidenti Boris Yeltsinin əlinə keçdi. Yeltsin ilk olaraq SSRİ Kommunist partiyasını qadağan etdi. Mixail Qorbaçovun prezidentliyi sadəcə formallıq təşkil edirdi. Boris Yeltsin başda olmaqla Rusiyanın yeni parlamenti Ermənistan rəhbərliyi ilə sıx alyansa girdi. Onların ümumi düşməni var idi və bu düşmən Sovet güc strukturlarının elitası idi. Rusiyalı deputatlar da erməniləri müdafiə etməyə başlamışdı (De Vaal, 2008:141). Mütəllibovun Yeltsin komandasının gəlişi ilə Moskvada heç bir dostu qalmadı, əvəzində çoxlu düşmən qazandı (Cheterian, 2008:126). Bu hadisələrdən sonra Viktor Polyaniçko da ölkəni tərk etdi. Azərbaycan Qarabağ məsələsində tək qaldı. Siyasi baxımdan Bakı Qarabağda hüquqi status-kvonu qorumaq üçün son ana qədər Moskvanın dəstəyinə arxalanmışdı. Məhz buna görə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, yazdığı avtobioqrafik kitabda SSRİ-nin dağılmayacağı təqdirdə Sovet bölmələrinin Qarabağdan bütün erməniləri çıxaracağını düşündüyünü bildirib (Koçaryan, 2019:59).
Siyasi vəziyyət dəyişdiyi üçün hökumət “QKÇP” çevrilişindən 9 gün sonra radikal qərar aldı. 1991-ci il martında həyata keçirilən “SSRİ-nin saxlanması haqqında” referendumun nəticələri ləğv edildi. 1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti “Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə”ni qəbul etdi. Bundan sonra münaqişə Azərbaycan-Ermənistan arasında davam edəcəkdi. Avqust hadisələrindən sonra regiondakı erməni silahlı dəstələri yenidən aktivləşməyə başladı. 1991-ci ilin avqustun sonunda Dağlıq Qarabağ Milli Şurası “Özünümüdafiə Komitəsi və Özünümüdafiə Qüvvələrinin qərargahını” yaratdı (Harutyunyan, 2013:94). Bu, Dağlıq Qarabağın silahlı qüvvələrinin yaradılması istiqamətində atılan ilk addımlardan biri idi. Sadəcə milislərdən ibarət qüvvəsi olan Azərbaycan həm Ermənistanda, həm də Qarabağda formalaşan hərbi dəstələrlə müharibəyə hazır deyildi. Sentyabrın əvvəllərində erməni bölmələri şimal istiqamətdə hücuma keçdilər. Sovet Ordusunun köməyindən məhrum qalan OMON-çular müqavimət göstərə bilmədi. Şahen Meqryanın rəhbərliyi altındakı erməni dəstəsi çətinlik çəkmədən Erkeç, Buzluq və Manaşid kəndlərini geri ala bildi (Melik-Şaxnazarov, 2009:606; Krivopuskov, 2007:218). [21]Oktyabr ayında isə erməni bölmələri Hadrut rayonunun cənubunu, eyni zamanda regionda azərbaycanlıların yaşadığı əsas məntəqə olan Tuğ kəndini ələ keçirdilər. Qarşıda isə Azərbaycanı Qarakənd faciəsi gözləyirdi.
Qeydlər
[1] Əsgəran dəstəsinin komandiri Vladimir Balasanyan tərəfindən həyata keçirilib
[2] Safonov 1990-ci ilin sonunda Azərbaycandakı fəaliyyətini tamamladıqdan sonra Rostov şəhərinə göndərildi. 1991-ci il aprelin 8-də erməni terrorçuları ona qarşı burada sui-qəsd təşkil etdilər. Lakin səhvən SSRİ DİN Şimali Qafqaz və Zaqafqaziya üzrə Daxili Qoşunlar İdarəsinin rəis müavini, polkovnik Vladimir Blaxotini öldürdülər.
[3] Şəhər rəsmi olaraq 1991-ci il noyabrın 26-da Xankəndi adlandırılıb.
[4] Rəsmi olaraq 25 aprel 2008-ci ildə Göygöl adlandırılıb.
[5] Kamo kəndi rəsmi olaraq 1999-cu ildə ləğv edilib. Həmin il Azad kəndi və keçmiş Kamo kəndi birləşdirilərək Yeni Zod yaşayış məntəqəsi yaradılıb.
[6] Rəsmi olaraq 29 dekabr 1992-ci ildə Qarabulaq adlandırılıb.
[7] Bu kəndin 100 nəfər əhalisi yük maşınları ilə Ermənistana göndərildi.
[8] Rəsmi olaraq 1999-cu ildə Onverst adlandırılıb.
[9] Viktor Polyaniçko 1993-cü il avqustun 1-də Şimali Osetiyada erməni terrorçularının qurbanı oldu.
[10] Bu kənd ləğv edilərək Böyük Qaladərəsinin tərkibinə daxil edilib. Bəzi erməni mənbələrində Şuşanın 4 kəndinə coğrafi ad kimi “Berdadzor” deyilir.
[11] Rəsmi olaraq 2004-cü ildə Kiçik Qaladərəsi adlandırılıb.
[12] 29 dekabr 1992-ci ildə Böyük Qaladərəsi adlandırılıb.
[13] Daşaltıdakı kişilər 1 gün sonra avtobuslarla kənddən çıxarıldı.
[14] Rafik Qabrielyan ilə birlikdə həbs edilən Hamlet Qriqoryan Bakı həbsxanasına aparıldı. Bir müddət sonra azad olunub.
[15] 5 oktyabr 1999-cu il tarixində Sarıbaba adlandırılıb.
[16] Avtobusa atəş zamanı 11 nəfər yerindəcə həyatını itirdi, daha 3 nəfər yaralı milis isə xəstəxanada keçindi.
[17] Həmin döyüşdə həlak olan Hüseynov Vüqar Tofiq oğlu Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
[18] Ronald Qriqor Saniyə əsasən (Suny, 2015:386).
[19] Qriqoryana 18 mərmi dəymişdi. Mərmilərdən 7-si bədənində qalmış, 11-i isə vücudunu deşib keçmişdi.
[20] Ayaz Mütəllibov 2019-cu ildə verdiyi müsahibədə belə bir açıqlama vermədiyini bildirib.
[21] Bu döyüşlər zamanı Todan kənd polis bölməsinin rəisi Ənvər Fərəcov həlak oldu. Ölümündən sonra Ənvər Fərəcov “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
İstifadə edilən ədəbiyyat
Cheterian, V. (2008). War and peace in the Caucasus: ethnic conflict and the new geopolitics. Columbia University Press.
Cornell, S. (2001). Small nations and great powers: a study of ethnopolitical conflict in the Caucasus. Routledge.
Denber, R., & Goldman, R. K. (1992). Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Karabakh (Vol. 1245). Human Rights Watch.
https://www.hrw.org/reports/1992%20Bloodshed%20in%20Cauc%20-%20Escalation%20in%20NK.pdf
İsmayıl, İlham (2012) Unudulmuş qələbə, Təzadlar qəzeti, 16-19 aprel.
http://www.anl.az/down/meqale/tezadlar/2011/aprel/170028.htm
Melander, E. (2001). The Nagorno-Karabakh conflict revisited: was the war inevitable?. Journal of Cold War Studies, 3(2), 48-75.
Sanamyan, E. (2016). The Logic of Occupation in the Nagorno-Karabakh War: The Cases of Agdam and Shaumyan (Doctoral dissertation, Virginia Tech).
Suny, R. G. (2015). Ararat’a bakmak: Modern tarihte Ermenistan.
Tomas, D. V. (2008). Qarabağ Ermənistan və Azərbaycan Sülh və Savaş Yollarında.[Карабах на пути мира и войны в Армении и Азербайджане]. Bakı: Nəşriyyat—İlay MMC.
Арутюнян М. (2013) Из истории строительства Армии обороны НКР // Государства де-факто Черноморско-Каспийского региона: проблемы внутреннего развития и влияния на политический процесс Юга России. Центр системных региональных исследований и прогнозирования ИППК ЮФУ и ИСПИ РАН / под ред. Бабаяна Г.М., Черноуса В.В. (Южнороссийское обозрение, № 77). С. 93 – 100.
Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус
Волхонский, М. А., & Муханов, В. М. (2009). Россия на Кавказе. Пять веков истории. Объединенная редакция Министерства внутренних дел Российской Федерации.
Гусейнов, В. (2013). Больше, чем одна жизнь. Кн. 2. Москва : Красная звезда
Дудник, А. (2013). Нагорно-карабахский вопрос во внешней политике Украины (1992-2012 гг.). Кавказ и глобализация, 7(3-4), 36-48.
Емельяненко, Владимир (1991) Карабах: партизаны уходят в горы // Московские новости.
Жирохов, М. А. (2012). Меч и огонь Карабаха: Хроники незнаменитой войны. Центрполиграф.
Калинкин, Николай (1991) В Карабахе без перемен // Новое время, № 43
Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, Москва : Интеллектуальная Литература
Кривопусков В.В. (2007) Мятежный Карабах. Из дневника офицера МВД СССР. Голос-Пресс
Мелик-Шахназаров, А. (2009). Нагорный Карабах: факты против лжи. Волшеб. фонарь.