Azad seçim imkanlarım olsaydı, heç şübhəsiz ki, kinotənqidçiliyi yox, bozbaş bişirməyi seçərdim. Bir ölkənin, cəmiyyətin keyfiyyəti, demokratikliyi onun vətəndaşının seçim imkanlarının olmasına bağlıdır. Yəni fərqi yoxdur, sən nəyi seçirsən: bozbaşı yoxsa iş qadını olmağı. Əsas odur ki, istədiyini mümkün edirsən.
Bozbaş bişirmək deyəndə, onun birbaşa, hərfi mənasını nəzərdə tutmuram. Bu söz birləşməsi mənim üçün daha çox ümumiləşmiş frazeoloji məna daşıyır: yəni ictimai-siyasi-mədəni-sosial qaynarlıqdan kənarda qalmaq, urbanist mədəniyyətdən, sənayeləşmədən, konsyumerizmdən arınaraq nisbətən asketik, mənəvi-psixioloji gigiyena baxımından sağlam həyat tərzi sürmək. Milsaçün, Roma imperatoru Diokletianın taxt-tacdan imtina edərək kələm yetişdirməkdən həzz alması kimi.
Ona görə millət vəkilliyinə namizəd Günel Səfərovaya MSK üzvü Ramiz İbrahimovun ünvanladığı: “Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir” replikasına başqa rakursdan baxıram. Təbii ki, Ramiz İbrahimovun traktovkasında bu, aşağılayıcı, qadına ikinci növ baxmaq, onun haqlarının pozulması mənasını daşıyır…
Dostlarım bilir ki, ən böyük arzularımdan biri təbiətdə yaşamaq, ev şərabçılığı ilə məşğul olmaqdır. Lakin Ramiz İbrahimovun daşıdığı siyasi dəyərlər üzündən, mən nəzərdə tutduğum anlamda bozbaş bişirmək hüququndan məhrum olmuşam. Çünki bölgələrdə alternativlərin olmaması, aşağı iqtisadi imkanlar, qaz ölkəsinin kəndlərində qazın verilməməsi, bərbad infrasturktur və s. mənim bir vətəndaş kimi bu hüququmu əlimdən alıb.
Qərbdə dövlət ev şərabçılığına böyük diqqət ayırır. Misalçün, İspaniya şərabçılığının əsas hissəsini ev şərabçılığı təşkil edir. Dövlət ev şərabçılığına dözümlü yanaşır, şərait yaradır, avadanlıq ala bilməyənə avadanlıq almaqda yardım göstərir. Ev şərabçılığının yüksək inkişafı nəticəsində bazarlara daha ucuz məhsul çıxarılır. Ümumiyyətlə, xırda təsərrüfatlar dövlət dəstəyi ilə yaşayır. Əsas məqsəd odur ki, kənd əhalisi şəhərə axışmasın.
Bizdə isə ev şərabçılığı mədəniyyətinin, strukturunun inkişafı üçün imkanlar yoxdur, xırda təsərrüfatlar lazımi dəstək alımır və nəticədə böyük şəhərlər, paytaxt bizim yeganə seçim məkanımıza çevrilir. Yenə də xatırladıram, Ramiz İbrahimovun daşıdığı siyasi dəyərlər, çürük təfəkkürü bu hüququmuzu əlimizdən alıb…
Mixail Haneke müsahibələrindən birində maraqlı bir qeyd edir: “Televizyanın bizə təqdim etdiyi dünya, yalnız depressiya, zorakılıq və dəhşətlə doludur. Kim düşünürsə ki, o bununla da informasiya alır, yanılır. Əvvəllər kiçik vadisi olan kəndli özü haqda deyirdi: mənim kiçik dünyam bu təpədən ibarətdir. Mən buranı yaxşı tanıyıram və qalan şeylər məni maraqlandırmır. İndi isə kəndli evində oturub və düşünür ki, o dünyanı yaxşı bilir, çünki onun miskin qutusu-televizoru var. Amma o dünya haqda məhz az şey bilir”.
Mən dünyası məhz kiçik təpədən ibraət olan kəndli kimi yaşamağı çox arzulayıram. Xüsusən, son parlament seçkilərindən sonra sosial şəbəkələrdə ictimai fəalların, müxalifət partiyalarının bir -birinə ünvanladığı qarayaxmaları, cəfəng mübahisələri, isterikaları, aqressiyaları görməmək, eşitməmək; elementar dialoq mədəniyyətindən məhrum bu acıqlı mühitin psixoloji təzyiqindən tamamən uzaqlaşmaq istəymi gücləndirir.
Ümumiyyətlə isə kinotənqidçi karyeram (heç bilmirəm, bunu nə qədər karyera adlandırmaq olar) təsadüfən baş tutub. Mənim heç vaxt belə bir məqsədim olmayıb. Yəni daim kino tənqidi ilə məşğul olmağa, mühazirələr deməyə, bu sahədə tanınmağa, söz sahibi olmağa, seçilməyə, ön planda olmağa can atmamışam. Kinematoqrafiya mənim üçün hər şeydən əvvəl ruhla bağlıdır. Ancaq bu ruhi bağlılığı kapitala çevirmək, üstəlik keyfiyyətli mətnlər yazmaq üçün daim inkişaf etmək, öz üzərində işləmək reallığın diktə elədiyi ehtiyaclardan, seçimsizlikdən doğub.
Və məcburi iş fəaliyyətim düzənsiz ekosistemin, şəhərin gətirdiyi xroniki yorğunluğun, xəstəhal dinamikanın, stressin, cürbəcür asılılıqların içərisində yaşamağın bahasına başa gəlir.
Məni sadəcə film izləmək, özümü təbiətin parçası kimi hiss etmək, onunla ünsiyyət qurmaq xoşbəxt edir. Sevdiyim kişi ilə həyatı paylaşmağı, şərab istehsalını da bura əlavə etsək, mənim üçün ideal həyat formulu tamamlanır.
Gün o gün olsun ki, bozbaş bişirmək hüququmuz gerçəkləşsin.