İnkişaf edib möhkəmlənən Türkiyə bölgədəki ölkələrlə daha sıx əlaqələr qurmağa çalışacaq. Amma bunu niyə “yeni osmanlı” siyasəti adlandırırlar?
İsmayıl Səfi, Türkiyə Cümhuriyyəti prezidenti yanında təhlükəsizlik və xarici siyasət şurasının üzvüdür. İqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) təsisçilərindən biridir.
Onunla globalaffairs.ru üçün İlya Fabriçnikov söhbətləşib.
– Yaxın perspektivdə, yəni 3-5 il müddətində Türkiyənin milli maraqlarını necə ifadə edə bilərsiniz? Sizcə, xarici siyasət həmin milli maraqların reallaşdırılmasına xidmət edəcəkmi?
– Türkiyənin yaxın və orta perspektivdəki maraqları prioritet məqsəd kimi, ölkə daxilində və ətrafında ona təhlükə yaradan terrorçu təzahürlərlə mübarizəni nəzərdə tutur. Digər bir prioritet isə beynəlxalq arenada, o cümlədən bölgədə sülh və sabitliyin möhkəmləndirilməsidir. Belə ki, Türkiyə – həm öz daxilində, həm də sərhədlərindən kənarda – terror təşkilatlarına qarşı çıxış edəcək və qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq modelini təkmilləşdirməyə çalışacaq.
– Bu dəfə Qarabağ münaqişəsinə aktiv şəkildə qoşulan Ankara, qarşısına hansı məqsədlər qoyub? Prezident Ərdoğan ərazilərin işğaldan azad olunmasının labüdlüyündən danışırdı, amma bu, son dərəcə böyük müharibədir. Ankara bu məsələnin həllində Bakını dəstəkləməyə hazırdırmı?
– Biz bilirik ki, Azərbaycan ərazilərinin bir hissəsi erməni işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının erməni işğalının dayandırılmasını tələb edən bir sıra qətnamələri var. Türkiyə beynəlxalq hüquqa və qanuniliyə riayət olunmasının zəruriliyi məsələsində qardaş Azərbaycan xalqının yanında olacaq. Əlbəttə, çox istəyərdik ki, işğal müharibəsiz dayandırılsın, sülh və firavanlıq mümkün qədər tez bərqərar olsun. Biz sülh deyəndə davamlı sülhü nəzərdə tuturuq. Hətta müəyyən fasilələrlə olsa belə, otuz il sürən atəşkəs rejiminə ümumən riayət olunurdu. Lakin bu problemin həllinə gətirib çıxardımı? Təbii ki, yox. Müharibənin davam etməsi də problemin həlli deyil, ancaq bir halda ki atəşkəs də bu həlli təmin etmir, onda daha hərtərəfli və əsaslı tənzimləməyə can atmaq lazımdır. Münaqişə edən tərəflər, o cümlədən vasitəçilər buna hazırdırlarmı? Onlar, həqiqətən, problemin həllinə nail olmaq istəyirlər? Cavab gözləyən əsas sual budur.
– Ankara Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana özünün təsir dairəsi, öz milli maraqlarının tətbiq bölgəsi kimi baxır? Sizə elə gəlmir ki, Moskva, Türkiyənin adıçəkilən ölkələrdəki maraqlarını Rusiyanın milli maraqlarına zidd hesab edə bilər?
– Ankara bu ölkələrə öz təsir, ya da maraqlar dairəsi kimi baxmır, onların simasında layiqli dost və qardaş ölkələri görür. Əslində, Ankaranın yanaşması fərqlidir. Adları çəkilən ölkələrin kimlərinsə təsir, ya da maraqlar dairəsinə aid edilməsi onlara qarşı ədalətsizlik, hətta alçaldıcı olardı. Bizim xarici siyasətimizdə belə anlayışlara və yanaşmalara yer yoxdur. Bundan çıxış etsək, mən əminəm ki, sözügedən bölgədə maraqlar arasında ziddiyətlər yaranması, təsir sferası uğrunda Moskva ilə Türkiyə arasında hansısa mübarizənin başlayacağı ehtimalına görə narahat olmaq lazım deyil. Biz bu dövlətlərə, hər iki ölkənin ümumi maraqları və qarşılıqlı hörmət prinsipi çərçivəsində əməkdaşlıq istiqaməti kimi baxırıq.
– Xarici İşlər naziri Çavuşoğlu bildirib ki, Qarabağ üçün Moskvaya Suriya sxemini təklif ediblər. Praktikada bu nə deməkdir? Tənzimləmənin yeni düsturu? De-eskalasiya zonaları?
– Təəssüf ki, Cenevrə prosesi Suriyada uzun illər sürən qanlı qırğınların dayandırılması üçün yetərli olmadı. Bununla belə, Rusiya, Türkiyə və İran tərəfindən əsası qoyulan Astana prosesi uğurlu oldu və əslində, Suriyada sülhə yol açdı. Başqa sözlərlə, “Astana prosesi” bizim hamımız üçün yaxşı təcrübəyə, uğurla verilmiş imtahana çevrildi. Analoji olaraq, bu, Qarabağ müharibəsi üçün də uyğundur, Rusiya və Türkiyə tərəfindən başladılan proses orda da sülhü təmin edə bilər. O ki qaldı tənzimləmənin mümkün düstürlarına, bu, artıq daha çox texniki məsələdir. 30 il ərzində Qarabağ probleminin həllini tapmayan, sülhü təmin edə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti, əfsus ki, uğurlu olmadı. Təbii ki, biz, sülhün bərpasına və münaqişənin tənzimlənməsinə bəslədiyimiz ümidləri hələ də qoruyuruq. Bununla belə, mən güman edirəm ki, hazırda yeni yanaşmalara, yeni qarşılıqlı əlaqə formalarına ehtiyac var.
– Hazırda Türkiyənin xarici siyasətini “yeni osmanlı” siyasəti adlandırırlar. Bu siyasətin məqsədi əvvəlki bütün təsir sferalarına qayıtmaqdır? Kənardan məhz belə görünür.
– Təəssüf ki, Türkiyənin beynəlxalq arenada yürütdüyü daha qətiyyətli və müstəqil xarici siyasətin, xüsusilə, son zamanlar bir sıra ölkələrin narahatlığına səbəb olduğunu müşahidə edirik. Bu yolla onlar bizə layiq olmadığımız damğalar vurmağa çalışırlar. Əlbəttə, inkişaf edən və möhkəmlənən Türkiyə bölgə ölkələri ilə daha sıx əlaqələr qurmağa səy göstərəcək. Amma bu, niyə “yeni osmanlı” siyasəti adlandırılmalıdır? Zənnimcə, bu cür dəyərləndirmələrin əsas səbəbi hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının xarici siyasətdə tutduğu xətt deyil. Onların səbəbi daha çox gələcəkdə Türkiyənin rolunun genişlənəcəyi ilə bağlı narahatlıq keçirən bəzi güclərin əndişələridir. Analoji olaraq, ayrı-ayrı çevrələrin son zamanlar aktiv xarici siyasət yürüdən Rusiyaya da bu cür damğalar vurmaq, onu yeni Rusiya İmperiyası, ya da yeni SSRİ yaratmaqda ittiham etmək səyləri də müşahidə olunmurmu?
– Necə hesab edirsiniz, Suriyadakı təmasları, Liviya ətrafındakı diskussiyaları, Türkiyənin Aralıq dənizi hövzəsindəki mübahisəli karbohidrogen yataqlarına iddialarını nəzərə alsaq, Rusiya Federasiyası Türkiyəyə özünün bölgədəki opponenti kimi yanaşır? Və bu, ikitərəfli ticari və enerji əməkdaşlığına mane ola bilərmi?
– Türkiyə Şərqi Aralıq dənizi bölgəsində ən uzun sahil xəttinə malikdir və burda öz haqlarını və maraqlarını qətiyyətli şəkildə qorumaq niyyətindədir. Biz Rusiyaya bu bölgədəki opponentimiz kimi baxmırıq, onu tərəfdaşımız hesab edirik. Xüsusilə, son zamanlar hər iki ölkə bu cür əməkdaşlığın əhəmiyyətini yaxşı başa düşür və bundan müvafiq fayda götürür. Şərqi Aralıq dənizi bölgəsində daha çox avropalılar bizim rəqibimiz hesab oluna bilərlər və bu, təbiidir. Rusiya niyə orda bizim opponentimiz olmalıdır ki?! Prinsipcə, əgər bütün tarixi önyarğılardan qurtulsaq, diqqətimizi bu günə, ümumi maraqlarımızın sferalarına yönəldə bilsək, əminəm ki, sizinlə bölgədəki rəqabətdən və ziddiyyətlərdən yox, sülh və firavanlıq mövzularından danışacağıq.
– 1990-cı illərin başlanğıcında prezidentlər – Özal və Dəmirəl keçmiş SSRİ-nin türkdilli xalqları ilə sıx əlaqələrin yaradılmasına böyük diqqət ayırırdılar. Bu məqsəd indi də qalırmı? Siz, MDB-nin, RF-nın təsir və təhlükəsizlik zonası olduğu, bizim hakimiyyətin Rusiyanın sözügedən ölkələrdəki iştirakını “silmək” cəhdlərinə kəskin reaksiya verə biləcəyi fikri ilə razısınızmı?
– Təkcə Dəmirəl və Özal yox, Atatürk də, bizim digər dövlət xadimlərimiz də bu məsələyə böyük əhəmiyyət verirdilər. Təbii ki, Türkiyə ona qohum olan türk xalqları, həmçinin ortaq dinlə bağlı olduğu müsəlman ölkələri ilə sıx əlaqələri dəstəkləməyə çalışacaq. Bunu anlamaq çətin olmamalıdır. Eyni şəkildə Rusiyanın slavyan və ya digər pravoslav xalqlarla sıx əlaqələr qurmasını da anlayışla qarşılamaq olar. Ümumi desək, biz – ruslar və türk xalqları bu coğrafi məkanda minilliklər boyu birlikdə yaşamışıq və bundan sonra da birlikdə yaşamağa davam edəcəyik. Heç kim minilliklər boyu yan-yana yaşamış türk və rus xalqlarını bir-birindən ayırmağa nail olmayacaq. Bu reallıqdan çıxış edərək biz, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında sülhün möhkəmləndirilməsi və firavanlığın təminatı işinə öz töhfəmizi vermək üçün səy göstərməliyik. Bilmirəm, fikir vermisiniz, ya yox, amma sizin suallarınız daha çox “ziddiyyətlər”, “rəqabət” və “təsir dairəsi uğrunda mübarizə” kimi məqamları vurğulayır. Niyə ziddiyətlər, rəqabət və təsir dairəsi uğrunda mübarizədən uzaqlaşıb söhbətimizi daha sıx münasibətlər mövzusuna keçirmirik? Məsələn, türk-slavyan, ya da pravoslav-müsəlman tərəfdaşlığı mövzusuna…
– Avropa İttifaqına üzvlük Türkiyənin hədəfi olaraq qalırmı? Rəsmi danışıqların başladığı andan sonra vəziyyət əsaslı şəkildə dəyişib, amma formal olaraq Türkiyə namizəd statusunu qoruyur.
– Biz, Avropa İttifaqına üzvlüyə sülhün möhkəmləndirilməsini və iqitisadi inkişafı hədəfləyən layihə kimi yanaşırdıq. Biz, artıq uzun illərdir ki, bu İttifaqa daxil olmaqdan ötrü səy göstəririk. Ancaq indi təəssüflə deyə bilərik ki, Avropa İttifaqı tərəfindən Türkiyəyə qarşı ikili standartlar və süründürməçilik siyasətinin tətbiqinə şahidlik edirik. Biz bu gün də Avropa İttifaqı ilə tamamilə açıq şəkildə danışıqlar aparmağa davam edirik. Bununla belə, razılaşın ki, Avropa İttifaqı Türkiyə üçün sonuncu və yeganə alternativ deyil.
– Səudiyyə Ərəbistanı ilə hazırkı münasibətlərinizi necə dəyərləndirərdiniz? Körfəz ölkələrinin İsraillə münasibət qurması məsələsində Türkiyənin mövqeyi necədir?
– Təəssüf ki, Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz bizim arzuladığımız səviyyədə deyil. Jurnalist Haşoqqiyə qarşı törədilən cinayətdən sonra bu münasibətlər xüsusilə pisləşib. Amma bölgədəki ümumi təhlükələri və ümumi maraqları nəzərə alsaq, bu ölkə ilə işlərimizi yoluna qoymağın imkansız olduğunu deyə bilmərik. Türkiyə ilə İsrailin münasibətləri “Mavi Mərmərə” mülki gəmisi ilə bağlı insidentdən sonra nəzərəçarpacaq dərəcədə korlanmışdı. Əfsus ki, üzərlərinə “anti-türk” missiyası götürmüş İran körfəzi ölkələri İsraillə əlaqə qursalar, öz təhlükəsizliklərini təmin edə və öz hakimiyyətlərini qoruya biləcəklərini düşünürlər. Türkiyə bölgədəki müttəfiqlik öhdəiklərinə malik heç bir ölkəyə, ya da ölkələr qrupuna qarşı qəsdən qərəzli və ya düşmən mövqe tutmur. Lakin prinsipial xəttimizə sadiq qaldığımız üçün – hətta bunun bizim üçün ticari-iqtisadi sferada itkilərlə nəticələnəcəyini anlasaq belə – həmin ölkələrin yanlış addımlarını qəbul və təqdir etmirik.
– Ərdoğan hökuməti “Müsəlman qardaşlar” assosiasiyasının ideologiyasına simpatiya bəsləyir. Türkiyənin siyasi isteblişmenti bölgədə bu hərəkatın təqib olunmasını necə qəbul etdi və bu, Türkiyənin Misir, BƏƏ, İordaniya və İsraillə strateji münasibətlərini necə müəyyənləşdirir?
– Zənnimcə, Ərdoğan hökuməti “Müsəlman qardaşları”na yox, ümumiyyətlə, zülmə məruz qalan müsəlman xalqlarına simpatiya bəsləyir. Problemin kökünə baxsaq, görə bilərik ki, Yaxın Şərqin avtoritar liderləri “Müsəlman qardaşları”nı yox, müsəlman xalqının özünü əzməyə çalışırlar. Və aydın görünür ki, onlar bunu sırf öz maraqlarını və şəxsi hakimiyyətlərini qorumaq üçün edirlər. Hazırda Türkiyənin yürütdüyü xarici siyasətin sırf Ərdoğan hökumətinin öz təşəbbüslərinin nəticəsi olduğunu düşünmək doğru olmazdı. Türkiyə xalqının böyük əksəriyyəti bu siyasəti dəstəkləyir və o, Türkiyə dövlətinin adından həyata keçirilir. Odur ki, bu kursun Türkiyənin növbəti hökumətləri tərəfindən də qorunacağına əmin ola bilərsiniz. Mən, Türkiyənin sadaladığınız ölkələrlə strateji münasibətlərində yaxın illərdə müsbət dəyişikliklərin olacağına əminəm və buna nikbin baxıram.
Globalaffairs.ru