2023-cü ilin bitməsinə hələ çox var, lakin indidən ilin ən vacib və əlamətdar mədəni hadisələrindən birinin “1-ci Müasir Musiqi Günləri” Festivalının olduğunu deyə bilərik. Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 21 – 25 may tarixində keçirilən bu festival sayəsində bir zamanlar Azərbaycanda mövcud olan akademik müasir musiqi festivalı ənənələrinin bərpasının şahidi olduq. Bu məqamı bir çoxları qeyd edirdi – “Üzü zirvəyə”, “Zamanla üz-üzə”, “Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı”nın təşkilatçıları, iştirakçıları bir sıra paralellər aparır, bu sahədə yaranan sükutun, nəhayət, pozulmasına görə sevinclərini bildirirdilər. Həmçinin, musiqi həyatımızda baş tutan bir sıra mühüm hadisələr – uzun fasilədən sonra bəstəkar Fərəc Qarayev, daha sonra isə Elmir Mirzəyevin Bakı səfərləri, mühazirə və konsertləri də müəyyən zəminin yaranmasına vəsilə oldu. Eləcə də, artıq iki ildir fəaliyyət göstərən Cadenza Orkestri, onların daimi konsertləri və ən əsası, istedadlı musiqiçilərdən ibarət komandanın fəaliyyəti belə bir festavalın keçirilməsini mümkün etdi.
Bəstəkar Türkər Qasımzadə: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) Azərbaycan musiqisi və ictimaiyyətinə iki istiqamət üzrə xidmət etməyi özü üçün məqsəd qoymuşdur: birinci istiqamət – musiqi maarifçiliyi, ikincisi isə Azərbaycanda müasir musiqi ifası və çağdaş dünya musiqisi ilə təmaslar qurmaq ənənəsini yaşatmaq. Bakı Müasir Musiqi Günləri yuxarıda qeyd edilən ikinci fəaliyyət istiqaməti üzrə keçirilən bir layihədir. Əlbəttə, belə bir layihə ilə dinləyici görüşünə gəlməyə bizi sövq edən xeyli səbəblər də var idi: Cadenza orkestri konsertlərində auditoriya quruculuğu ilə bağlı işlər aparılmış, ötən iki il ərzində hər ay (avqust istisna olmaqla) keçirdiyi konsertlərdə dinləyicilərə təkrarlanmayan və ifası qəliz proqramlar təqdim etmiş, ifaçıların gərgin məşqləri ilə texniki – bədii imkanlarının yüksəldilməsinə nail olmuşdu. Məhəmməd Hadinin məşhur “Yox millətimin imzası imzalar içində!” şikayətli nidasında həmvətənlərinə məfkurəvi bir çağırışı var. Məqsədimizi bu çağırışa uyğun belə qurmağı nəzərdə tutduq ki, Avropa və Amerikanın çağdaş müəllif əsərlərinin ölkəmizdə ilk ifalarının təşkili ilə bu kontekstdə Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin onlarla təmaslarını, qarşılıqlı əlaqələrinin dərinləşməsini təmin edək. Bundan əlavə, ölkəmizdə vaxtilə keçirilmiş müasir musiqi festivalları ənənəsinin qorunması, müasir musiqi mərkəzləri, müəllifləri və ifaçıları ilə əlaqələrin bərpası və yenilərinin yaradılması da bizim üçün çox vacib məsələlərdən idi.”
Gördüyümüz kimi, təşkilatçılar – Türkər Qasımzadə, Rəna Fəhradova, Sara Muradova, Ayaz Qəmbərli, Səid Qəni və Tahir İbişov qarşılarına xeyli ciddi məqsədlər qoymuşdular və biz festival boyu bu başlanğıcların həyata keçməsinin şahidi olduq. İsveçrə, Almaniya, Avstriya, Rusiya, Macarıstan və Azərbaycandan olan ifaçı və bəstəkarların qatıldığı festivalın proqramı konseptual baxımdan düşünülmüş, müxtəlif fəaliyyət istiqamətlərinin inkişafını təmin edəcək perspektivlərə hesablanmış şəkildə təşkil olunmuşdur. Festival günlərinin ilk tədbiri mühazirə, açıq dərs, “workshop”ların keçirilməsini nəzərdə tuturdu. Heç kimə sirr deyil ki, müasir musiqi təhsili sahəsində böyük boşluqlarımız var: əlaqədar kafedraların, studiya, laboratoriya tipli araşdırma mərkəzlərinin olmaması, tədris proqramlarında (istər nəzəri, istər ifaçılıq, hətta qəribə görünsə belə, bəstəkarlıq ixtisasının tədrisi zamanı) müasir musiqiyə çox az və formal yer ayrılması bu sahədə geridə qalmağımıza, gənc nəslin skeptik yanaşmalarına səbəb olur. Ona görə də baş tutan səhər görüşlərinin faydası danılmazdır.
Musiqişünas-pianoçu Rəna Fəhradova: “Mənim üçün festivalın strukturu ilə bağlı prinsipial vacib məqam təhsil komponentinin olması idi və bu təhsil proqramı vasitəsilə kifayət qədər qeyri-normativ mövzuları, ifaçı anlayışının müasir zamanda nə qədər geniş qavram daşımasını nümayiş etdirməyi düşünürdüm. Əsəri təqdim edənlərin müasir dövrdə refleksiya etməsi, analitik düşüncəyə malik olması çox vacibdir.”
Həqiqətən, bəlli məsələdir ki, dövrümüzün tanınan müasir musiqi ifaçıları əsərlərin həmmüəllifi kimi çıxış edir və bu zaman onların nəzəri-tarixi biliklərinin səviyyəsi, konteksti anlayabilmə bacarıqları ön plana çıxır. Bu günlərin təqdirəlayiq hallarından biri dəvət olunan, həm də bizi təmsil edən ifaçılarımızın son dərəcə yüksək peşəkarlıq göstərməsi oldu. Bu, həm konsert ifalarında, həm də dəvət olunan qonaqların səhər mühazirələrinin səviyyəsində özünü biruzə verirdi. Piano ifaçısı, hal-hazırda Almaniyada yaşayan həmyerlimiz Fidan Ağayeva-Edler yeni ifaçılıq texnikaları, klarnet ifaçısı Szilard Benes alətin yeni imkanları, özünün tərtib etdiyi müxtəlif sistemlər, violin ifaçısı Qleb Xoxlov və fleyta ifaçısı Avital Kohen akademik əsərlərin ifa üsulları, violonçel ifaçısı Yulia Miqunova ifaçılıq sənətinin teatral formaları, bəstəkarlar Daniel Weissberg və Aleksandr Xubeyev elektron musiqi və konkret əsərlərin təhlili, klarnet ifaçısı və musiqişünas Andrey Yurgenson isə “Müasir musiqidə tembr və forma” məsələləri ətrafında söhbət açdı.
Klarnet ifaçısı Andrey Yurgenson: “Qeyd edim ki, yalnız Salvatore Sciarrino deyil, Tristan Murail , Mark Andrenin də yaradıcılığını araşdırmışam. Məni, əsasən, tembr komponentini aktiv şəkildə tətbiq edən bəstəkarların yaradıcılığı maraqlandırır. Tembrlərin funksional lad anlayışını nəzərdən keçirmək üzərində düşünürəm. Ümumən isə festival məni yaxşı mənada təəccübləndirdi, düzü gözləntilərim elə də böyük deyildi. Azərbaycanlı bəstəkarların əsərləri orijinal və üslub baxımından individual, təravətli gəldi mənə, ümumi kontekstlə uzlaşaraq, klassiklərin əsərləri ilə yanaşı, orqanik şəkildə qəbul edilirdilər. Aleksandr Xubeyevin ustad dərslərində əsərlərini təqdim edən iki gənc bəstəkar – Fatimə Məmmədzadə və Nigar Süleymanı da qeyd etmək istərdim. İkisinin də böyük potensialının olduğunu düşünürəm.”
Hər bir festival öz simaları və ya əhəmiyyətinə görə seçilən konsertləri ilə yadda qalır, xatırlanır. Müasir musiqi günlərinin ikinci, yəni günorta “Portretlər”adlanan konsertləri istisna olmadı. Festival boyu portretlərini “çəkdiyimiz” və ya tədqiq etməyə çalışdığımız ifaçılar – Avital Kohen (fleyta), Qleb Xoxlov (violin) və Yuliya Miqunova (violonçel), Szilard Benes (klarnet), Samir Əsədov (violin) və Afaq Qarayeva (piano) – XX və XXI əsrin tanınmış bəstəkarlarının əsərlərini sərgilədilər. Repertuar seçimində ifaçılar sərbəst idi. Diqqət etsək görərik ki, proqramlara daxil olan əsərlərin əksəriyyəti Bakıda ilk dəfə səslənirdi. Cadenzanın ənənəsinə sadiq qalaraq, hər konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova dinləyicilərə müəllif və əsərlər haqda müxtəlif məlumatlar verirdi. Bu silsilədən olan ilk konsertdə əvvələr də şəhərimizdəki ifaları ilə bizi heyrətləndirməyi bacaran Qleb Xoxlov və Yuliya Miqunova çıxış etdi. Solo və ansambl ifaların ardıcıllığı, elektron akustik vasitələr, işıq effektlərinin istifadəsi və fərqli ifaçılıq texnikaları nümayiş etdirilən əsərlər, üstəlik ifaçıların ustalıq səviyyəsi – bütün sadalananlar təqdim olunan əsərləri “bəlkə başqa ifada, təfsirdə bəyənərəm, anlayaram…?”, “görəsən, etalon ifa hesab etmək olarmı…?” – kimi fikirləri qətiyyən doğurmurdu. Bu isə müasir musiqi üçün ən vacib məsələlərdən biridir. Zahirən çox sakit biri olan Qleb Xoxlovun ifa zamanı müstəsna enerjisi, virtuozluğu, çılğın özünüifadəsi isə unudulmaz idi.
Violin ifaçısı Qleb Xoxlov: “İlk növbədə, bütün təşkilatçıları, xüsusən, Türkər Qasımzadə və Rəna Fəhradovanı təbrik etmək istəyirəm. Təsəvvür edə bilməyəcəyim səviyyədə nəhəng bir iş görülüb. Festival mənim üçün emosialarımın, hisslərimin ifadəsi baxımından dəyərli oldu. Yenidən ansambllarda ifa etmək imkanının əmələ gəlməsi – Rusiyadan köçdüyümə görə belə bir imkandan məhrum idim. Yuliya ilə 5 ildir ki, əməkdaşlıq edirik və bir-birimizi çox gözəl başa düşürük. Həmçinin, belə qaynar, dolğun musiqi hadisələrinin içində olmaq, 4 iri həcmli kamera ansamblı üçün əsər ifa etmək, qısa zaman içində əvvəllər ifa etmədiyim musiqiçilərlə əsərlər hazırlamaq – bu istənilən ifaçı üçün ciddi sınaqdır.
Mənim üçün müasir musiqi, başlıca olaraq, geniş imkanlar, yeni üsullar, nadir olan bəstəkarla işləmək və ünsiyyətdə olmaq imkanı deməkdir. Qlobal baxsaq, çağdaş musiqi əsərinə aidiyyatımız bizi tarixi prosesin bilavasitə iştirakçısına çevirir. Mən qətiyyən standart klassik-romantik repertuarı dəyərsizləşdirmirəm. Sədəcə, deyim ki, Lyuserndə müasir musiqi üzrə orkestr akademiyasının dinləyişləri üçün təqdim olunan repertuara 10-15 pyes daxildir, onlardan ikisini ifa etmişəm. Xeyli ifa etdiyim əsər hələ siyahıya salınmayıb, öz zamanını gözləyən əsərlər var, bəziləri haqda məlumatım belə yoxdur, digərləri isə hələ yazılır. Bu canlı prosesin iştirakçısı olmaq çox həyəcanvericidir. Heç zaman dünyanın ən yaxşı zalında, ən yaxşı orkestrlə romantik konsert ifasını Morton Feldmanın ikinci kvartetinin ifasından sonra hiss etdiyim təəssüratlara dəyişmərəm. Bir məsələ də var ki, yalnız müasir musiqi ilə məşğul olsanız, ifa aparatınızı korlaya bilərsiniz – bunu bir zamanlar yaşamışam. İntonasiya, səs korlanır, musiqini musiqi kimi deyil, müəyyən jest və quramaların məcmusu kimi qavramağa başlayırsan. Ona görə də bir neçə ildir ki, məşğələlərimə İ.S. Baxın partitaları və ya E. İzainin sonatalarından başlayıram. Bu, qulaqlarımı və beynimi təmizləməyə çox kömək edir.”
Növbəti “Pertretlər” proqramını bir sıra bəstəkarlarımızla əvvəllər də əməkdaşlıq etmiş (konsertdə Türkər Qasımzadə ilə birgə müəllifi olduğu əsər də ifa olundu) Avital Cohen təqdim etdi. O, dinləyici kütləsi ilə həm konsert zamanı, həm də konsertdən sonra səmimi şəkildə ünsiyyətə açıq, teatral komponentlərlə zəngin “performanse”ı ilə ciddi mövzular ətrafında düşündürən, digər tərəfdən, fleyta alətinin texniki imkanlarının nə qədər zəngin olduğunu üzə çıxarmağı bacaran, son dərəcə dəyərli bir musiqiçidir. Bu günlər ərzində “facebook” səhifəsində festivalın səfirinə çevrilmiş Avital Kohenin öz portreti sanki Van Qoqun günəşi kimi parlaq, narıncı tonlarda, ifası isə Kandinskinin tablolarındakı cizgilər qədər incə, fəzadan asılmış bir vəziyyətdə idi.
Fleyta ifaçısı Avital Cohen: “Festivalın özü-özlüyündə bədii kompozisiya kimi qurulması diqqətimi cəlb etdi. Proqram elə tərtib edilmişdi ki, dinləyicilər zövq alır, maariflənir, musiqi barədə düşünə bilirdilər. Səslənən ən mürəkkəb əsərlər belə, kolleqalarım tərəfindən yüksək səviyyədə ifa olunurdu. Bütün varlığımızla daxilimizdə olanı dinləyicilərlə bölüşmək istəyirdik. Bu hiss istənilən bədii və texniki çətinliklərin öhdəsindən gəlmək imkanı yaradır. Azərbaycana tez-tez gəlmək istərdim, müasir musiqinin təbliği baxımından faydalı olacağımı düşünürəm. Gənclərin, həmçinin, professional ifaçıların daha yaxşı alətlərə ehtiyacının olduğunu gördüm, bu onların həll edə bilməyəcəyi çətinliklər yaradır. Üstəlik, taxta nəfəs alətlərinin təmiri ilə bağlı personalın olmaması. Mən Bakıya mütəxəssisləri dəvət edə, ifaçıların bu sahədəki çətinliklərinin aradan qalxmasına yardımçı ola bilərəm.”
Festivalın ən parlaq və heyranedici portretlərindən biri klarnet ifaçısı Szilard Benesin portreti idi. Onun Muzey Mərkəzində baş tutan konserti böyük bir hadisəyə çevrildi. Müstəsna professionallığı diqqəti cəlb edən ifaçı dəqiqələrlə ayaq üstə alqışlandı və bu təntənənin qəhrəmanları iki əsərdə solistlə birgə çıxış edən Rəna Fəhradova, mistik abu-havalı, meditativ ruhlu, kifayət qədər maraqlı “Tuğba ağacı” əsərinin müəllifi Tahir İbişov, kontrastları, ekspressiyası, Şərq motivləri ilə yaddaqalan “Pe-lig in” əsərinin müəllifi, macar bəstəkar Akos Zarandy və mümkün olmayanı da həyata keçirə, səsləndirə bilən Szilard Benes idi.
Klarnet ifaçısı Szilard Benes: “Bu festivalın böyük potensialı var. Yalnız sizin ölkə deyil, bütün region üçün vacib festivallardan birinə çevrilə bilər. Gözəl konsert məkanlarınız mövcuddur, gələcəkdə daha yaxşı dəstək olarsa, böyük işlərin şahidi ola bilərik. Mənə gəldikdə, hər bir çıxışıma yüksək məsuliyyət hissi ilə yanaşıram, ifa etdiyim musiqini anlamalı və sevməliyəm – istər klassik, istər müasir musiqi olsun. Sadəcə, müasir musiqi bu günümüzü özündə əks etdirir, sanki nəfəs aldığımız havada əks-sədası var. Hər bir dövrün də öz dili olduğu üçün bu musiqi mənə mürəkkəb gəlmir. Avstriyada uşaqlara 9 yaşdan başlayara, yeni əsərlərlə bağlı müxtəlif ustad dərsləri təşkil edir, ifaçılıq texnikalarını öyrədir, improvizələr edirik. Məncə, müasir musiqini akademik musiqidən bu dərəcədə ayırmaq lazım deyil, əvvəldən onları paralel öyrənmək mümkündür.”
Bəstəkar Tahir İbişov: “Deyim ki, “Tuğba ağacı” əsəri Avstriyada tələbə olduğum illərdən bu yana, dostluq münasibətində olduğum Szilard Benesə ithaf edilib və məhz, bu festival üçün bəstələnib. Əsərə gəldikdə, Tuğba cənnətdə bitən bir ağacdır. Yanından Səlsəlbi və Qafur adında bulaq axır. “İlahi komediya”nın Əraf hissəsinin 22-ci nəğməsində Dante və müəllimi Vergili də dincələrkən, “budağındakı meyvələrin ətriylə bihuş edən” bir ağacın altında əyləşirlər… Əsər, ümumilikdə, epik janrda – təsvir və hekayət tərzində bəstələnib və üç şərti hissədən ibarətdir: Cənnət-Əraf/Sədd -Cəhənnəm. Sonda isə remarka olaraq, işıq axtarışında olan insan, mərkəzi fiqur qismində ətrafa sanki çoxlu suallar yönəldir.”
Sonuncu “Portretlər” konserti Samir Əsədov və Afaq Qarayevanın iştirakı ilə baş tutdu. Burada Cohn Cage, Morton Feldman, Adnan Marafi, Bakıda ilk dəfə olaraq, Firudin Allahverdinin özündə müxtəlif üslub və dil komponentlərini maraqlı şəkildə cəmləşdirməyi bacaran “Yasamal Regtime” əsəri ifa olundu. Konsert, vaxtı ikən, həm yaradıcılığı, həm də Bəstəkarlar İttifaqındakı fəaliyyəti ilə gələcək nəsillər üçün yollar açmış dəyərli bəstəkarımız Aqşin Əlizadənin Tahir Salahova ithaf olunan “Portret” əsəri ilə tamamlandı.
Festivalın axşam konsertlərində müasir musiqinin son dövrlərinə aid tanınmış, həm də müəyyən mənada klassikə çevrilmiş Avropa, Amerika bəstəkarları və bu bəstəkarların yaradıcılıqları ilə əlaqələri, müəyyən bağlarının olduğunu nümayiş etdirən Azərbaycan müəlliflərinin əsərləri səsləndi. Aleksandr Xubeyev, Reiko Füting, Nils Vigeland, Beat Furrer, Georq Friederch Haas, Janis Petraşkeviç, Georgy Ligeti, Karlheinz Stockhausenlə yanaşı, Səid Qəni, Ayaz Qəmbərli, Türkər Qasımzadə və Tahir İbişovun əsərlirini dinlədik. Festivalın açılış konsertində musiqişünas Zümrüd Dadaşzadəninin məqaləsinə istinadən, Sara Muradovanın dilə gətirdiyi məşhur kəlam – “axı biz də bu dünyanın bir hissəsiyk”, Qara Qarayevin yaradıcılıq ənənələrinin davam etdirilməsi, gənc, amma artıq bir sıra uğurlu əsərlərinə görə nüfuz qazana bilmiş bəstəkarlarımızın bu kontekstə layiqli səslənməsi qeyd olunmalıdır. Bütün digər ifaların məziyyətlərini, peşəkarlıq səviyyəsini qətiyyən danmadan, axşam konsertlərinin özünəməxsus kulminasiya anlarının olduğunu deyə bilərəm. Onlardan birincisi G.F.Haasın iki saylı Simli Kvarteinin ifası oldu. Fatimə Nəsirli (violin), Ümid Mustafazadə (violin), Üzeyir Mahmudbəyli (viola) və Ərol Rzayev (violonçel) olduqca mürəkkəb əsərin öhdəsindən məharətlə gəldilər. Rəylərini soruşduğum bütün xarici qonaqlar, peşəkar musiqiçilər də, özəlliklə, bu ifanı qeyd edir, solistlərin ansambl və ifa mədəniyyətini vurğulayırdılar. Şübhəsiz ki, digər fenomenal hadisə Rəna Fəhradova və Kamil Hüseynzadənin ifasında səslənən “Kontakte” əsəri oldu. Coşğulu alqışlar, ifadə olunması çətin emosiyalar, musiqi möcüzəsi, sanki kosmoqonik proseslərin cövlan etdiyi unudulmaz 30 dəqiqə – XX əsrin ən vacib fiqurlarından biri olan Karlheinz Stockhausenin piano, zərb alətləri və elektron vasitələr üçün yazdığı əsərin Bakıda ilk ifası xatirimizdə bu cəhətləri ilə iz qoya bildi. Rəna Fəhradova bu əsəri proqrama daxil etmək ideyasını Türkər Qasımzadənin irəli sürdüyünü deyir. Müxtəlif texniki və təşkilati çətinliklərə yanaşı, ifanın bu səviyyədə baş tutması festivalın böyük uğuru idi. Digər kəşfimiz isə 19 yaşlı zərb alətləri ifaçısı Kamil Hüseynzadə oldu. Gənc olmasına baxmayaraq, müasir musiqi dilini belə duymaq, qrafik partituranın öhdəsindən gəlmək, bir an belə əsərin nəbzini buraxmamaq, sözsüz ki, çox böyük istedadın və gərgin əməyin göstəricisidir.
Bəstəkar Aleksandr Xubeyev: “Müxtəlif beynəlxalq musiqi layihələrinin təşkilatçısı kimi deyə bilərəm ki, ilk dəfə keçirilsə də “Musiqi Günləri” digərlərinin nail ola bilmədiyi bir neçə vacib başlanğıclara malikdir: beynəlxalq institutlarla əməkdaşlıq, təhsil proqramının olması, şəhərin aparıcı mədəniyyət mərkəzləri ilə əməkdaşlıq. Bu həm lokal, həm də beynəlxalq kolloborasiyalar mənasında vacibdir. Azərbaycan və dünya bəstəkarları, həmçinin, yerli və xarici ifaçılar arasında balansın olması festivalın özünəməxsusluğudur, düşünürəm, bunu qoruyub saxlamaq gərəkdir. Maraqlı məqamlardan biri müxtəlif ölkələrdən olan ifaçıların festivaldan öncə gələrək, burada proqram hazırlamaları, beynəlxalq heyətli ansamblların çıxışı idi. Bunun öz mənfi və müsbət tərəfləri ilə bərabər, kifayət qədər maraqlı təcrübə olduğunu deyə bilərəm. Festivalın stabil maliyələşdirilməsi və davamlılığı ifaçı və bəstəkarları daimi inkişaf perspektivləri ilə təmin edə bilər, xaricdən gəlmiş musiqiçilər isə azərbaycanlı bəstəkarların yaradıcılıqları haqda daha çox məlumat əldə etmiş olarlar.
Dinləyicilərin isə müasir musiqi konsertlərinə, təmamilə, açıq fikirlə gəlməsi gərəkdir. Musiqi mütləq anlayış deyil, tarixən musiqi və estetika məfhumları kifayət qədər dəyişikliklərə məruz qalmışdır və bu proses hələ də davam edir. İstənilən muasir musiqi konsertinə gələrkən, təsəvvürlərimizin dəyişə biləcəyinə hazır olmalıylq”
Artıq bir neçə dəfə festivalın müəyyən konsepsiyaya, dramaturji xəttə uyğun olaraq, dünyada baş verən proseslərdən kənarda qalmamaq şərtilə qurulduğunu demişdik. Sonuncu konsertdə musiqişünas Sara Muradova öz məzmunlu və emosional giriş sözündə bu və digər aspektləri ön plana çəkdi. Dirijor Orxan Həşimovun rəhbərliyi altında Cadenza orkestrinin iştirakı ilə baş tutan bağlanış konserti “1-ci Müasir Musiqi Günləri” Festivalının layiqli yekunu idi. Bu il bütün dünyada XX əsr dünya musiqisinin ən önəmli simalarından biri, dövrünün bütün faciə və kataklizmlərini əsərlərində ifadə etmiş, yenilikçi bəstəkar G.Ligetinin 100 illik yubileyi qeyd edilir. Bu səbəbdən proqrama onun fortepiano ilə simli orkestr üçün konserti də daxil idi. Əsər şəhərimizdə ilk dəfə səslənirdi. Solist qismində, mütəmadi olaraq, Avropada müxtəlif layihələrdə uğurla çıxış edən, müasir akademik musiqi üzrə ixtisaslaşmış, son dətəcə istedadlı pianoçu Fidan Ağayeva – Edler çıxış etdi.
Pianoçu Fidan Ağayeva: – Edler “Mən D. Ligetini yaradıcılıq fəaliyyətim boyu elə də çox ifa etməmişəm, lakin hər zaman belə bir istəyim olub. Bu bəstəkarın musiqisi səni hər zaman irəlityə aparır, çox məxsusi, maraqlı, sehrlidir və qətiyyən bezdirmir. Dekabr ayında konserti ifa etmək təklifini alanda, dərhal razılıq verdim. Hərçənd, çox mürəkkəb əsər olduğu bilirdim, lakin bu dərəcədə çətin olacağını təsəvvür etmirdim. Müxtəlif reytinqinlərdə mürəkkəbliyinə görə ən yüksək yerlərdən birində olan bu konsert elə də çox ifa edilməyib. Qəliz ritmik quruluşları, emosional sferası, bəzi hissələrdəki tempinə görə insan imkanlarının sərhəddində duran bir əsərdir. Orkestrin ifasından çox razı qaldım, düzdür, adətən, canlı ifa zamanı hazırlananın müəyyən faizi istər – istəməz itirilir. Biz isə maksimum şəkildə özümüzü ifadə edə bildik. Məşqlər çox ağır keçirdi, həm ifaçılar, həm dirijor üçün bu çox mürəkkəb bir iş idi. Ona görə dirijor Orxan Həşimovu xüsusən qeyd etmək istəyirəm. Bizi bir araya gətirərək, xüsusi qəliz məqamlardan mahircəsinə keçirə bildi. Muasir musiqi ifa etmək istəyənlərə isə demək istərdim ki, bu işdən qorxmasınlar, müəlliflərlə əməkdaşlıq etsinlər. Ünsiyyətdə olmaq həqiqətən maraqlıdır, onların bizdən, bizim isə onlardan öyrənəcəyimiz şeylər çoxdur. Yaradıcılıq prosesinin tarixi ənənələri də özündə bunu ehtiva edir. Bir çox yeni əsərlərin səs yazısı mövcud deyil – istər Azərbaycan, istər xarici müəlliflərin. İlk dəfə belə bir işə imza atmaq necə də maraqlıdır! Cəmiyyətdə bu musiqiyə marağın artması naminə hibrid formalı konsertlər təşkil etmək yaxşı olardı, yaxud Almaniyada müasir əsərlər, aralarında mühazirələrin oxunması şərtilə, iki dəfə ifa olunur, bu da çox vacib olan emosinal bağların yaranmasına, baş verənləri anlamağa səbəb olur.”
Bundan başqa, son konsertdə Ayaz Qəmbərlinin bariton və ansambl üçün “Melancholia” və İsmayıl Hacıbəyov-Rüfət Xəlilovun piano və simli alətlər üçün “Capriccio” əsərlərinin Bakı premyerası baş tutdu. “Melancholiya” Mikayıl Müşfiqin “Sevirəm” şeiri əsasında yazılmış, estetik baxımdan yaxşı mənada təəccübləndirən, zərif səslənməyə malik həddən ziyadə orijinal bir əsər təəssüratı yaratdı. Bəstəkar Müşfiq poeziyasını çox individual tərzdə təfsir etmişdir. Belə gözəl obrazın yaranmasında çox nəcib və duyğulu ifası ilə seçilən solist Mahir Tağızadənin də rolunu qeyd etməliyəm.
İsmayıl Hacıbəyov – müasir akademik musiqimizi çağdaş dünya musiqi məcrasına qovuşduran, dəsti-xətti ilə seçilən bəstəkarımız və onun sadiq tələbəsi Rüfət Xəlilovun eskizlər əsasında tamamladığı “Capriccio” əsərininin ilk ifası da bu günlərin yaddaqalan və əlamətdar hadisəsi oldu. Rufət Xəlilov müəlliminin üslub xəttini qoruyub saxlamaqla yanaşı, maraqlı sintezlərə nail ola bilmişdir. Qeyd edək ki, əsər pianoçu Ülviyyə Hacıbəyovaya həsr olunub. Əminəm ki, solist, istedadlı pianoçu Zakir Əsədovdan sonra “Capriccio” Ülviyyə xanımın da repertuarında xüsusi yer tutacaq və biz bu maraqlı əsəri digər təfsirlərdə də dəfələrlə dinləyəcəyik.
Festivalın sonuncu günü Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində musiqişünas Zümrüd Dadaşzadənin moderatorluğu ilə elmi seminar keçirildi. Zümrüd xanımın festivalın bütün gedişatını qiymətləndirən ümumiləşdirici çıxışından sonra bəstəkar-kulturoloq Elmir Mirzəyev “Müasir Azərbaycan bəstəkar musiqisinin dünya musiqisi kontekstində yeri”, musiqişünas Gültəkin Şamilli “Şərq ya Qərb? Ənənə ya müasirlik?” və hazırki məqalənin müəllifi Vəfa Abbasova “Azərbaycanda musiqi tənqidinin vəziyyətinə dair” mövzularda məruzələr etdilər. Festival Nizami Kino Mərkəzində film nümayişi ilə başa çatdı. Məhz bu festival üçün “Ligeti – Pertret” filminin subtitrlərlə tərcüməsi təşkil edilmişdir ki, bununla da təşkilatçılar bəstəkarın 100 illik yubileyinə növbəti dəfə öz töhfələrini vermiş oldular.
Festival təşkilatçıları yaratdıqları çox ciddi və əlamətdar mədəniyyət hadisəsi ilə sadiq “contemporary musik” həvəskarlarına bayram abhavası yaşatdılar. Festivalın bütün tədbirlərini izləyən sadiq dinləyici komandasının bir üzvü kimi, növbəti dəfə musiqi cameəmizin aktivliyi, özlərinin bu və ya digər proseslərə nə dərəcədə aidiyyatlı olduqlarını hiss etmələri, yeniliklərə və özünüinkişafa meylli olmaları, müəyyən qruplara bölünmə kimi mövzuların hələ də aktuallığı duyulur.
Bəstəkar Türkər Qasımzadə: “Məni təşkilatçılardan biri olaraq qane edən o oldu ki, qeyd etdiyim auditoriya quruculuğunun öz kiçik bəhrələrini verdiyini gördüm. Konsertlərimizdə və digər tədbirlərimizdə, tamamilə, fərqli sahələrdə çalışan dinləyicilərin, ziyalıların iştirakı çox sevindiricidir. Bunu musiqi cəmiyyətimizin nümayəndələri haqqında isə demək olmur. Onların passivliyi, əlbəttə, təəssüf doğurur. Aydındır ki, məsələnin bu hissəsi isə musiqi təhsilinin təşkilinə, bilavasitə, məsul müəssisələrin fəaliyyətsizliyi ilə bağlıdır. Başqaları bir yana, çox təəssüflər ki, Bakı Musiqi Akademiyası, Milli Konservatoriya kimi təhsil ocaqları, onların tələbə və müəllim heyəti kütləvi qaydada passivlik göstərərək, 1-ci Bakı Müasir Musiqi Günlərinin tədbirlərinə gəlməyi, sanki unutmuşdular. Unutqanlıq, yaddaşsızlıq isə heç zaman müsbət nəticə vermir.”
Musiqişünas-pianoçu Rəna Fəhradova: “Mən qeyd edə bilərəm ki, festivalı planlayan zaman qarşımıza qoyduğumuz ən mürəkkəb və bəzən icrası mümkün görünməyən ideyaların belə 100 faiz həyata keçməsinə nail olduq. Buna görə çox sevincliyəm. Beynəlxalq festival təşkilatçılığı təcrübəsi olan biri kimi “1-ci Müasir Musiqi Günləri”nin, nəinki digərlərindən qeri qalmaması, hətta müəyyən faktorlara görə daha üstün olmasını deyə bilərəm. Ayrılan vəsait və mövcüd olan insan resurslarları ilə bu miqyasda işin görülməsini çox yüksək qiymətləndirirəm.”
Yuxarıda deyilənlərdə böyük həqiqət var. Şəxsi təşəbbüs nəticəsində çağdaş musiqi hərəkatının təəssübünü çəkən bir qrup musiqiçinin bir araya gələrək, belə yüksək səviyyədə iş ortaya qoymasını yalnız alqışlamaq olar. Ola bilər ki, festival zamanı səslənən bəzi əsərlərin bədii məzmun-keyfiyyət məsələsi kimdəsə sual doğursun və ya kimsə bu musiqini qəbul etməyib Elmir Mirzəyevin mühazirəsində qeyd etdiyi muzeyləşmə sindromuna qapılsın – istənilən halda tərəqqi, inkişafın tələb etdiyi doğru yol müasir musiqi mədəniyyətilə aktiv münasibətdən keçir. Ona görə növbəti “2-ci Müasiq Musiqi Günləri” Festivalını ümid və səbirsizliklə gözləyirik.
Fotolar: Cavid Əmiraslanov