Tarixin kəskin dolambaclarında yaşanan gerçəklər çox zaman əfsanələrin arxasında gizlənir, ya da gözdən qaçır. Çünki tarixdə yaşanan müəyyən hadisələr qığılcım təsiri bağışlayır – bəzi insanlara ümid və arzular gətirə və ya zəncirvari şəkildə tarixin təkrarlanmasına səbəb ola bilər. Bu mənada sol düşüncə, tarix boyu yaranan solçu hərəkatlar, inqilablar alayarımçıq öyrədilir, hətta öyrədilmir. Öz axtarışları nəticəsində sol düşüncəyə gəlib çıxanlar da cəmiyyətdə sərt tənqid, hətta təhdid atəşinə tutulur. Çünki sol düşüncə mövcud düzəni dəyişməyi, hər kəsin bərabər yaşadığı və sosial olaraq ədalətli bir cəmiyyətin qurulmasını istəyir, üstəlik, bunu yalnız inqilab yolu ilə etməyin mümkünlüyünü iddia edir.
Bu yazımda sol düşüncədəki inqilab fikrindən, inqilab vasitəsilə qurulan kommuna nümunələrindən və kommunaların günümüzdə hansı transformasiyalara məruz qaldığından bəhs edəcəyəm.
İnqilab düşüncədə, yoxsa meydanda başlayır?
Bir cəmiyyətin tarixi baxımdan hazır olmadığı şeyi ona zorla qəbul etdirmək imkansızdır. Hazır olmaq isə daha sonra yaşanacaq halların bir-bir meydana çıxması ilə mümkündür. Yəni, inqilabın ünsürləri inqilabdan əvvəl peyda olmasa, hər hansı inqilabdan söz gedə bilməz. Başqa sözlə desək, insanlar meydana axışmadan öncə onların fikirlərində inqilab baş verməlidir. Bunun üçün isə durmadan maarifləndirmə işi tələb olunur.
İnsanları sol düşüncə yönündə maarifləndirən ideologiya marksizmdir.
Sol düşüncədə dövlət və inqilab fikri
Sol düşüncədə dövlət – sinfi qarşıdurmanın tam ortasında və sözügedən qarşıdurmanı azaltmaq ehtiyacından yaranır. Buna görə də, o, iqtisadi baxımdan güclü olan, bunun sayəsində siyasi hakimiyyəti əlinə ala bilən, beləliklə də, əzilən sinfi idarə və daha çox istismar etmək üçün yeni alətlər qazanan sinfin dövlətidir. Antik dövlət kölə sahiblərinin, feodal dövlət feodal zənginlərin, kapitalist dövlət də sərmayə sahiblərinin, burjuaziyanın dövləti olub onların maraqlarını qoruyur. Belə çıxır ki, işçi sinfinin öz maraqlarını təmin etməsi üçün öz dövləti olmalıdır.
Burjua maraqlarının və ya kapitalizmin müdafiəsini ən yaxşı təmin edən siyasi forma demokratiyadır. Sərmayə sahibləri zamanla dövlətin içinə elə sirayət edirlər ki, heç bir qurum, ya da partiya dəyişikliyi onu yıxa bilmir. Kapitalist sistemdə demokratik dövlət işçilərin haqları baxımından da nisbətən daha məqbul formadır. Xüsusilə demokratik dövlətdə sosialist partiyaların idarəetmədə iştirakı işçi sinifinin vəziyyətinin yaxşılaşdırılması baxımından önəm daşıyır. Nümunə olaraq günümüz parlamentlərində sosialist partiyaların təmsil olunduğu bir çox dövlətlərin adını (məsələn, əksər Avropa ölkələri, Avstraliya, Yaponiya kimi dünyanın ən inkişaf etmiş ölkələri) çəkmək olar. Lakin bu cür “sosialist” iştirak da tam olaraq istənilən nəticəni vermir. Sol düşüncəyə görə işçilərin haqq və hüquqlarının tam anlamıyla təmin olunması problemini yalnız işçi sinfinin dövləti (diktaturası) aradan qaldıra bilər. Bu diktatura isə daimi olmayıb kommunizm ideyasına əsaslanır və burada son məqsəd sinifsiz cəmiyyətin təşkilidir.
Dövlət yalnız bir sinfin yox, bütün siniflərin təmsilçisi olduğu zaman öz-özlüyündə anlamını itirər. Çünki bir sinfi digərindən asılı saxlamaq zərurəti ortadan götürülər, dövləti idarə edən hökumətin yerinə müxtəlif işlərə nəzarəti həyata keçirən xalq idarələri gələr. Amma bu, işçilərin inqilabı olmadan mümkün deyil. Bu inqilabı isə mütləq mənada zorakılığa baş vurmadan həyata keçirmək imkansızdır. Çünki heç bir zəngin xalq (bütün siniflər) və siniflərin bərabərliyi naminə öz xoşu ilə zənginliyindən imtina etməz. Burjuaziyanın qaçılmaz dirənişi yalnız işçi sinifin təşkilatlanması və birinciyə qarşı güc tətbiq etməsi ilə qırıla bilər. Beləliklə, sol düşüncənin təməlində duran inqilab, xalqın bir hissəsinin öz iradəsini silah vasitəsilə, başqa sözlə, avtoritar vasitələrlə xalqın digər hissəsinə zorla qəbul etdirdiyi bir fəaliyyət növüdür.
İnqilab vasitəsilə proletar diktaturasının qurulduğu ilk nümunə Paris Kommunasıdır (1871-ci il). Paris kommunası sadəcə Fransız monarxiyasını devirən quruluş deyildi, həm də bir sinfin hakimiyyətini devirən proletar sosialist respublika idi. Bəli, respublika. Çünki kommuna üzvləri hər bölgədən ümumi səsvermə yolu ilə seçilmiş yerli idarəetmə orqanı təmsilçilərindən təşkil olunmuşdu və ömürlük olmayıb, hər an vəzifədən geri alına bilərdilər. Təmsilçilərin böyük əksəriyyəti işçilərdən ibarət idi. Məmurların bütün imtiyazları ləğv edilmiş, əmək haqları sadə işçinin məvacibi səviyyəsinə endirilmişdi.
Kommunanın parlamentdən fərqi o idi ki, o, həm qanunverici, həm də icraedici hakimiyyəti özündə birləşdirirdi. Çünki xalqı təmsil edən və onun üçün əhəmiyyətli qərarlar çıxaran bir orqan həm də bu qərarların necə, hansı şəkildə, düzgün, yoxsa yanlış icra olunub-olunmamasına da cavabdeh olmalı idi. Beləliklə, burjua demokratiyası yıxılmış, yerinə geniş xalq kütlələrinin səsini daha yaxşı ifadə edən proletar demokratiyası qurulmuşdu. Amma burada demokratiyaya uyğun olmayan bir amil var idi: burjuaziya öz xoşu ilə getmək istəmədiyi üçün onu mümkün qədər sərt bir şəkildə əzmək və məhv etmək lazım idi. Bu məqsədə nail olandan sonra “xüsusi zor gücü”nə ehtiyac qalmayacaq, hər kəsin bərabər haqlara sahib olduğu idarə yaradılacaq və dövlət aparatı öz-özlüyündə əhəmiyyətini itirib “sönəcəkdi”. Lakin Paris kommunası bunu bacarmadığı üçün çox az (72 gün) yaşadı. Eynilə Bakı kommunası kimi. O da hakimiyyətini sadəcə üç ay qoruya bilmişdi.
Kommuna nümunələri
Dünyada kommunalara münasibət heç də birmənalı (neqativ) deyil. 1840-cı ilə qədər kommuna dedikdə “kommunist və sosialistlərin yaşayış məskənləri” nəzərdə tutulurdu. 1860-cı illərdən etibarən bu məskənlər “kommunarlar” adlanmağa başladı. 1920-ci ildən isə “fikir birliyinə malik, və ya ortaq məqsədli cəmiyyətlər” (intentional community) ifadələri gündəmə gəldi. Ron E. Roberts 1970-ci illərdə kommunaları “utopiyanın kiçik versiyası” adlandırmışdı. Əslində, Tomas Morun “Utopiya”sında da (1516-cı il), Campanellanın “Günəş Ölkəsi”ndə də (1602-ci il) bu cür kommunalar – hər şeyin hər kəsə aid olduğu, siniflər arası fərqin və xüsusi mülkiyyətin olmadığı, sosial ədalətin hökm sürdüyü kommunal cəmiyyətlər təsvir olunurdu. Bu ideyaların üzərindən beş əsr keçməsinə baxmayaraq, hazırda dünyada sosial yardımlaşma məqsədi ilə qurulmuş çox sayda müxtəlif kommunaların (fikir birliyinə malik cəmiyyətlər) olduğunu görə bilərik. Bu cəmiyyətlər kommuna, ortaq ev paylaşımı, kibbutz, kooperativlər, eko-yerləşmə məntəqələri, eko-kəndlər, vs. şəklində bir-birindən fərqli identifikasiyaya malikdir. Onlar ABŞ-dan tutmuş Avstraliyaya qədər, Avropadan tutmuş Okeaniya ölkələrinə qədər müxtəlif yerlərə yayılıblar. Sözügedən kommunalar haqqında ətraflı məlumatı qeyd olunan linkdən əldə edə bilərsiniz.
Məsələn, İsraildəki Kibbutz adlanan kommunaları götürək. Kibbutzlarda insanlar birlikdə işləyir, birlikdə yaşayır, hər şeyi, o cümlədən eyni ideologiyanı paylaşır və kommunanın fəaliyyətilə bağlı bütün qərarları birlikdə qəbul edirlər. Bir sözlə, kibbutzlarda insanların arasında sinfi fərqlər yoxdur, hamı bərabərdir. Bu cür cəmiyyətlərin ideologiyası sosial utopizm, marksizm və XIX əsr alman romantizminə söykənir, Tolstoy və Jan Jak Russo kimi filosofların nəzəriyyələrini əsas götürürlər. Lakin qeyd edim ki, belə cəmiyyətlər, onların mövcudiyyətinə zərurət olduğu zaman bir əhəmiyyət kəsb edirlər. Məsələn, bir insan qrupunun yaşadığı cəmiyyətdə müəyyən məsələ ilə bağlı mövcud problemlər, həlli olmayan narahatlıqlar qrup üzvlərini dövlətin mövcud qanunlarına qarşı, ümumi iş uğrunda birləşməyə cəlb edir. Müvafiq problemlər dövlət tərəfindən ortadan qaldırılsa, toplumdan yadlaşma da ortadan qalxar və kommuna üzvləri təkrar ümumi cəmiyyətə inteqrasiya edərlər.
Günümüzdə kommunaların əksəriyyəti fəaliyyətlərini məhəlli səviyyədə davam etdirir. Hətta bir çox dövlətlərdə kommunalar yüksək səlahiyyətlərə malik yerli idarəetmə orqanları olaraq dövlətin bir parçası sayılır və fəaliyyətlərinə məhdudiyyət və ya maneə qoyulmur. Hətta BMT-nin Baş Katibi Kofi Annan 2006-cı ildəki çıxışında iqtisadi məqsədlərlə təsis olunan kommuna növü olan kooperativlərin müsbət bir cəhd olduğunu demiş, onların önəmindən, insanlar arasında daha güvənli münasibətlər və sülh yaranmasına səbəb olduğunu qeyd etmişdi. Təəccüblü deyil ki, BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qərara (№ 47/90) əsasən, iyul ayının ilk şənbə günü “kooperativlər günü” kimi qeyd olunmuş və 1994-cü ildən etibarən hər il daimi əsasda “kooperativlər günü” keçirilməyə başlamışdır.
Amma marksizm ideologiyası sadəcə kiçik bir qrup üçün deyil, bütün cəmiyyət üçün sosial ədalət prinsipinin bərqərar olmasını arzulayır. Odur ki, yerli xarakter daşıyan müasir kommunaların müsbət bir cəhd olduğunu bilsək də, son məqsəd olan kommunizmə xidmət etmədiyini də vurğulamalıyıq.
Azərbaycan nümunəsi
Tarix – bir çox hallarda cəmiyyətdə mövcud olan sinfi, milli və dini fərqlilikləri və onların dövləti məhv edə biləcək gücünü zərərsizləşdirmək üçün istifadə edilən alətdir. Bu baxımdan deyə bilərik ki, Azərbaycanın müasir tarix yazılarkən inqilab, sinif, sinfi fərqliliklər və bunları təməl araşdırma mövzusuna çevirən marksizm tənqid edilir, sol düşüncənin xalq arasında yayılmasının qarşısını almağa, beləliklə də onun mümkün təsirlərini zərərsizləşdirməyə cəhd olunur.
Azərbaycan Çar Rusiyasının tərkibində olanda da sol düşüncəyə sahib insanlar təqib və təhdid edilirdilər. Məsələn, 1905-ci ildə baş vermiş ilk işçi inqilabına qədərki hadisələrə nəzər yetirsək, bunu aydın görə bilərik. Həmin dövrdə hətta universitetlərdə sol düşüncəyə sahib olan tələbələr izlənilir, fəaliyyətləri qadağan olunur, həbsxanalara salınırdılar. Bu taleyi yaşayan azərbaycanlı sol düşüncəli aydınlar da az olmayıb. Onlarınn başında Nəriman Nərimanov gəlirdi.
Müəllim, həkim, publisist, teatr aktyoru, qiyamçı, təşkilatçı, natiq, dövlət xadimi və nəhayət, professional inqilabçı olan Nərimanov da sol düşüncələrinə görə xeyli təqib olunmuşdu, lakin işçi xalqı müxtəlif üsullarla (yazıları, tamaşaları, çıxışları vs.) maarifləndirməkdən heç bir vəchlə imtina etməmişdi. O dövrün işçi xalqı avam, siyasi və sosial haqlardan məhrum olub ağır həyat şəraitində yaşayırdı. On iki saatlıq iş rejimində, təhlükəsizlik qaydalarının təmin olunmadığı müəssisələrdə, məsələn, Sabunçu neft mədənində çalışan 33 min fəhlənin hər il 15%-i, yəni 4500 adam zədələnir, bir çoxu həyatını itirirdi. Neft mədənlərinə sahib milyonerlər isə şahşahalı həyat sürürdülər.
Məsələn, Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabriki, neft mədənləri, balıq və kürü vətəgələri, şərabçılıq məntəqələri vardı, özü də imperiyanın fəxri vətəndaşı idi. Və o, insanları mövcud rejimə loyal olmağa, etirazlara qatılmamağa səsləyirdi. Maraqlıdır ki, 1903-cü ildə bütün Bakını bürüyən işçi tətillərindən biri də, məhz, Tağıyevin toxuculuq fabrikində başlamışdı. Yalnız müsəlman işçilərin qəbul edildiyi bu fabrikdə əmək haqqı olduqca aşağı idi və işçilər fiziki təzyiqlərə məruz qalırdılar. İşçilərin etiraz dalğaları böyüyüb bütün Rusiya imperiyasını əhatə edəndə çarın ağlına daha əvvəllər də müxtəlif imperiyalar tərəfindən tətbiq olunan bir fikir gəldi: “parçala və hökmranlıq et”. İmperiyanın müxtəlif yerlərində qəsdən etnik davalar, o cümlədən Azərbaycanda erməni-müsəlman davası qızışdırıldı. Bu davada Nərimanov kimi sol düşüncəli aydınlar, insanların etnik mənsubiyyətinə görə bir-birinə düşmən olmaması üçün əllərindən gələni etmişdilər. Ancaq təəssüf ki, hər dövrün öz millətçiləri, davakarları, “xalqın keşikçiləri”, bir sözlə yalana inananları olub, var və olacaq. Beləliklə işçi etirazları 1917-ci ilədək susduruldu. İşçi xalq 1917-ci ildə təkrar ayağa qalxaraq bütün imperiyanı alt-üst etdi.
Qayıdaq əsas mövzumuza – yəni Bakı kommunasına. Çarlıq rejiminin yıxılması, imperiya ərazisində müxtəlif de-facto müstəqil dövlətlərin qurulması fonunda 1918-ci ilin may ayında Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasından öncə, aprel ayında qurulan və cəmi 3 ay yaşayan Bakı Kommunası Azərbaycan tarixində bir ilk və bəlkə də bir sondur. Bakı Kommunası, maarifləndirilən işçilərin inqilabi fəaliyyəti sayəsində, Rusiya imperiyası ərazisində işçi sinfini, zəhmətkeş xalqı burjuaziyanın əlindən xilas edən bir dövlət qurmaq məqsədilə yaradılmış bir fortpost olaraq təsvir edilə bilər. Azərbaycanlıların bir qisminin iştirakı ilə qurulmasına baxmayaraq, Azərbaycan dövlətçiliyinə xidmət etmədiyi üçün müasir siyasi tarixdə Bakı kommunasına “düşmən qalası” kimi yanaşılır. Buna görə də, Bakı Kommunasının sinfi fərqləri necə ortadan qaldırdığı, insanlara hansı sosial-siyasi haqlar verdiyi kimi məsələlər diqqətə alınmır.
Haşiyə çıxaraq qeyd edim ki, Türkiyədə də Fatsa Kommunası (Ordu şəhərinin kəndlərindən biri) vardı, ancaq o da az, cəmi doqquz ay fəaliyyət göstərə bilmişdi. “Nöqtə” hərbi əməliyyatı ilə ləğv edilən Fatsa Kommunası ilə Türkiyədə ilk kommunist idarəçilik forması sona çatmışdı. Türk insanının Fatsa Kommunasına münasibəti azərbaycanlıların Bakı Kommunasına münasibəti kimidir. Bəziləri kommunanı bir işğal, bəziləri isə qalibiyyət kimi dəyərləndirirlər. Əsl həqiqət isə bu ikisinin arasında gizlənib. Fatsa Kommunasının Bakı Kommunasından tək fərqi qurucularının sadəcə türklərdən ibarət olması idi.
Son olaraq, kommunalar, insanlar arası sinfi fərqləri ortadan qaldırır, onlara daha öncə sahib olmadıqları və uğrunda mübarizə apardıqları sosial-siyasi haqlarını təmin edir, bərabər yaşayış tərzi təlqin edir, nəticə etibarilə sülh və əmin-amanlığa vəsilə olur. Dövlət bu cür qurumların fəaliyyətinə dəstək verirsə, uzun müddətdə mövcud ola bilir. Əks halda, ömürləri bir neçə ayda sona çatır, qurucuları isə ağır cəzalara məhkum edilirlər. Mələsən, Paris, Fatsa, Bakı kommunaları uğursuzluğa məhkum olsalar da, ABŞ-da mənzərə fərqlidir. ABŞ-da 1880-ci illərdə ortaya çıxmağa başlayan ilkin kommunaların sayı 1920-ci illərin “Böyük Böhran”ı sonrası qəbul edilən “New Deal” (Yeni Saziş) dəstəyi ilə artırılmış, 1950-ci illərdə isə Artur Morganın liderliyində Fellowship of Intentional Communities (Kommuna Programı) vasitəsilə yeni-yeni kommunalar yaradılmışdır.
Beləliklə, ABŞ-da yaradılan kommunaların dövlətin ideologiyası çərçivəsindən kənara çıxmadığı, eyni zamanda insanların fərdi istəkləri doğrultusunda fəaliyyətinə davam etdiyi görüntüsü ilə qarşılaşa bilərik. Bu isə müasir kommunaların sadəcə inqilab vasitəsilə sol düşüncənin hakim olduğu cəmiyyətlərdə deyil, bu çərçivədən kənarda da mövcud ola biləcəyini göstərir. Bu cür kommunalarda yaşayanları marksist, yaxud solçu adlandırmaq olmaz, onlar sadəcə idealistdirlər və yaşadıqları cəmiyyətdə hiss etdikləri çatışmazlıqları ortadan qaldırmaq və daha gözəl bir cəmiyyət qurmaq niyyətiylə birlikdə yaşamağı seçirlər. Beləliklə günümüzdə kommunaların inqilabi fikirlərdən arınaraq soldan mərkəzə doğru transformasiya içərisində olduğu qənaətinə gələ bilərik.