Azərbaycanda bəzi mövzular daim öz aktuallığını qoruyur. İldən-ilə bu mövzular bu və ya digər formada sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir. Son illərin trendlərinə şort da daxildir. Hər il geyim sahəsində yenilik görəndə, biz fikirləşirik ki, cəmiyyətimiz inkişaf edir və artıq geyimə diqqət yetirən yoxdur və biz daim, bunun əksi ilə rastlaşırıq. Son həftə ərzində isə sosial şəbəkədə şort ilə bağlı ən azı iki hadisə diqqətimi çəkdi. Hər iki hadisə universitet ilə əlaqəli idi.
İlk əvvəl, iyulun 4-ü, Hüseyn İsmayılbəyli adlı Facebook istifadəçisi xəbər verdi ki, “Şortiklə getdiyi üçün oğlumu BDU-ya buraxmayıblar bu gün”. Bir gün sonra Azlogos-da Əli Novruzovun “Çuşka akademizm, akademik çuşkalıq” adlı məqaləsi dərc olundu. Bu dəfə, heç universitetə aid olmayan insanı, şortda olduğu üçün universitet ərazisinə buraxmayıblar.
Hər iki hal qəribədir. Ən azı ona görə ki, universitet təhsil müəssisəsidir və rəsmi olaraq, məktəblərdən fərqli, universitetlərdə dress-kod adlı bir anlayış yoxdur. Hər iki universitetdə vaxtilə tədris aldığıma görə, dəqiqliklə deyə bilərəm ki, dress-kod adlı bir anlayış yoxdur. Hətta BDU-da müəllimlik etdiyim dövrdə, geyimimə digər müəllim və kafedra nümayəndələri tərəfindən iradlar olmasına baxmayaraq, nəsə bir ciddi təzyiq müşahidə etməmişdim (hətta bir dəfə deyəsən imtahan yoxlamasına şortda getmişdim). Ona görə, ali təhsil məktəbinin girişində geyim tərzinə önəm verilməsi, bir qədər gülməli görünür.
Başqa tərəfdən, sizi içəri buraxmaq istəməyən müvafiq qurum nümayəndələri daxili nizamnaməyə istinad edirlər. Maraqlıdır ki, daxili nizamnamə nə qədər də daxili olsa da, ictimaiyyət üçün açıq olmur. Ən azı bu nizamnamə universitetə aid olmayan insanın hüquqlarına toxunursa, o ümumiyyətlə girişdə də göstərilməlidir. Misal üçün, hətta Bakı Dövlət Universitetinin nizamnməsində qeyd olunub ki, universitetinin vəzifələrinə “hər bir təhsilalanın, valideynin və ya digər qanuni nümayəndənin Universitetin nizamnaməsi, lisenziyası və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq” aiddir. Yəni hər bir şəxs bu sənəd ilə tanış ola bilər. Buna əsaslanaraq, onların nizamnaməsi müvafiq dövlət resurslarında yerləşdirilib.
“Həyatını dəyişmək istəsən, bizimlə başla” deyimini özünə sloqan kimi götürən Azərbaycan Dövlət Neft və Sənaye Akademiyası isə müvafiq sənədi dərc etməkdən imtina edir. Saytlarında bir çox xəbərlərdə (magistr və ya tələbələrə aid), onlar müvafiq Nizamnaməyə istinad edirlər, amma yeganə yerləşdirilən Əsasnamə qrant layihəsinə aiddir. Ona görə, belə bir sənədin olub-olmaması şübhəlidir. Dərc edilmədiyi halda isə, bu nizamnamə faktiki olaraq hüquqi qüvvəsini də itirmiş olur. Heç bir vətəndaş tanış ola bilmədiyi sənədə uyğun hərəkət edə bilməz (ən azı universitetə aid olmayan şəxs olduğu halda. Ora aiddirsə, daxili sənəd ilə tanış edilməlidir).
Ona görə maraqlı gəldi, müvafiq sənədlərdə belə bir bənd mövcuddurmu? Ümumiyyətlə universitetdə şort qadağandırmı? Bakı Dövlət Universitetinin Nizamnaməsi-ndə qeyd olunub ki, “Universitetin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Universitetin idarəetmə orqanları həyata keçirirlər”. Başqa sözlə, idarəetmə prosesində başqa bir sənədə əsaslana bilməzlər. Nizamnamədə isə geyim ilə bağlı heç bir qeyd yoxdur. Qeyd olunan bütün maddələr əsasən ali təhsil siyasətinin həyata keçirilməsi ilə bağlıdır və geyim tərzinin formalaşmasına heç biri aid deyil. Ən yaxşı halda geyimə, “hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək” və “təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək” bəndlərini aid etmək olar. Amma birbaşa olaraq nə geyim ilə, nə də şort ilə bağlı bənd tapmaq mümkün deyil.
Başqa tərəfdən, bu Nizamnamə tələbə-universitet münasibətlərini yalnız ümumi olaraq tənzimləyir. Adətən tələbənin vəzifə və hüquqları müvafiq jurnallarda (tədris jurnalının birinci səhifəsində) və ya qaydalarda əks olunur. BDU-ya aid müvafiq sənəd açıq mənbələrdə yoxdur (tədris jurnalında olan hüquq və vəzifələrdə şorta aid bənd yadıma gəlmir), amma ona yaxın və eyni qanun ilə tənzimlənən Azərbaycan Dövlət İqtisad Universitetinin “Tələbələrin Universitetdaxili intizam qaydaları” açıq mənbələrdə dərc olunub. Fikrimcə, universitetlər arasında ciddi fərq olmamalıdır. Qaydaların əsas məqsədi kimi, “tələbələr arasında tədris intizamını möhkəmləndirmək və onlarda tədris prosesinə şüurlu yanaşmanı formalaşdırmaqdır”. Məqsəddən başa düşüldüyü kimi, qaydalar geyim tərzini tənzimləmək niyyətində deyl. Amma orada geyimə aid ola biləcək bir bənd var: “həm universitetdə, həm də universiteti təmsil etdiyi ictimai yerlərdə nizam-intizamlı və səliqəli olmaq”. Nizam-intizamlı və səliqəli olmaq anlayışları bir qədər geniş anlayışlardır və dəqiqləşdirmə tələb edir, amma ən azı şort ilə əlaqəsi yoxdur. Həm şalvarda, həm şortda səliqəli, həm də səliqəsiz olmaq olar. Eyni zamanda bu qaydalar yalnız universitet-tələbə münasibətlərini tənzimləyir. Heç bir halda ondan kənara çıxmır. Bu münasibətlərdən kənara çıxan münasibətləri tənzimləyən sənədin Universitetdə qəbul olunması da şübhəlidir. Universitet həyatında iştirak etməyən mülki şəxsə universitetin heç bir daxili sənədinin aidiyyatı yoxdur: o, həm səliqəsiz, həm nizam-intizamsız ola bilər, sadəcə Azərbaycan Respublikasının qanunvericiliyini pozmamalıdır. Ölkə qanunverciliyi isə şort məsələsinə baxmır. Beləliklə, universitetlərin təhsildən kənar şort məsələsinə təsir etmək istəkləri heç bir real sənədə əsaslanmır.
Yeri gəlmişkən, rəsmi statistikaya görə, Azərbaycanda kişilər (müvafiq qadağalar qadınlara nəyəsə görə aid olmur) üçün şort və bric istehsalı artır. Düzdür, hələ 1-2 min ədəd civarındadır, amma şort mədəniyyəti genişləndikcə, onların istehsalı da artacaq. İndi elə çıxır ki, ən azı iki universitet Azərbaycan iqtisadiyyatının bir hissəsini dəstəkləmək niyyətində deyil.