Mədəni olmağın göstəriciləri müxtəlif tarixi dövrlərə, həmçinin müxtəlif cəmiyyətlərə görə fərqlənib. Məsələn bu günün özündə də İranda dükandan nəsə alanda satıcı mədəniyyət göstəricisi kimi əvvəlcə puldan imtina edir, sonra sən yüngülcə israr edəndən sonra ödənişi qəbul edir. Başqa bir cəmiyyətin üzvü bu hərəkətin mədəniyyət işarəsi olduğunu anlamayıb, təsadüfən xeyriyyə aksiyasıyla rastlaşdığını düşünə bilər. Eləcə də məsələn Okeaniya bölgəsindəki bəzi cəmiyyətlərdə hörmətli qonağı yarıçılpaq qarşılamaq mədəniyyət sayıla bilər, amma bir başqa cəmiyyətin üzvü də haqlı olaraq elə məhz bunu mədəniyyətsizlik kimi qəbul edər.
Bizim cəmiyyətdə də o cümlədən; mədəniyyət göstəricilərindən bəziləri söyüş söyməmək və ya böyüklərin sözündən çıxmamaq sayılır, amma ola bilər başqa bir cəmiyyətin üzvü bu adətlərin mədəniyyət kateqoriyasına aid olub-olmamasını mübahisə etsin.
Bu gün inkişaf etmiş cəmiyyətlərdə mədəniyyətin əsas ölçülərindən biri də siyasi mədəniyyət sayılır. Yəni insanlar hansısa məqsədlər uğrunda təşkilatlanır, diskussiya edəndə bir tərəfin fikrini qarşı tərəf təmkinlə dinləyir – ümumiyyətlə hər kəsin fikrinə hörmətlə yanaşılır, o cümlədən də icmalar və ya təşkilatlar öz nümayəndələrini seçərək hamıya təsiri ola biləcək məsələlərlə bağlı müzakirələr keçirilən məclislərdə öz mövqelərini onlar vasitəsilə ortaya qoyur. Bu və bənzər şərtlərə cavab verən cəmiyyət başqaları tərəfindən də mədəni cəmiyyət hesab edilir və ona hörmət olunur.
Biz təəssüf ki, siyasi mədəniyyət səviyyəmizə görə öyünə bilmərik. Bunun da obyektiv səbəbləri var. Onlardan ən mühümü Türkmənçay müqaviləsindən sonra Qafqazdakı siyasi aktiv müsəlmanların Arazdan cənuba köçməsi və siyasi ənənələri orada davam etməsidir. Bunun nəticəsində Təbriz demək olar ki, iki əsr boyu İranın siyasi həyatının ən aktiv iştirakçısına çevrilir. Arazdan şimalda isə əsasən siyasi cəhətdən passiv, bir az da işğalçılarla əməkdaşlığa meylli kəsim qalır və burada onların ənənələri davam edir. Bölgənin xristian (xüsusən də erməni) əhalisində isə əks miqrasiya müşahidə olunur: siyasi aktiv ermənilər Rusiyaya ilhaq olunmuş ərazilərə köçməyi şans olaraq dəyərləndirir, passiv siyasi kəsim isə müsəlman Qacar Dövlətinin ərazisində yaşamağa davam edir. Qarabağın indiki vəziyyətinin də əsas səbəblərindən biri iki əsr əvvəl Arazdan şimaldakı bölgədə siyasi aktiv ermənilərin çoxalması, eyni meyarlı azərbaycanlıların isə azalmasıdır.
XX əsrin əvvəllərindəki azsaylı və ironik dərəcədə aztirajll mətbuatımızı oxuyanda da görünən odur ki, ziyalılarımız xalqı siyasətdən uzaq durmamağa, Rus çarından zorla qoparılmış imtiyazlara – Parlament və bələdiyyə seçkilərində iştiraka çağırıblar. Təbii ki, bu çağırışların da nəticəsi az olub. Tərslikdən bu nəticələrdən ortaya çıxan bir balaca oyaq kəsim də 30-cu illərin repressiyaları və növbəti onillikdəki Dünya Müharibəsinin süzgəcindən keçərək demək olar miksroskopik kəmiyyətə enib.
Söhbət ermənilərdən düşdüsə, bir neçə il əvvəl rastıma çıxan videoda müşahidə etdiklərimi bölüşmək istərdim. Demək Ermənistandakı Rusiya hərbi hissəsinin əsgərləri poliqon olaraq onlara ayrılmış ərazidən kənara çıxaraq, manevr zamanı yaxınlıqdakı kəndin ərazisinə keçir. Buna etiraz olaraq bir qrup kəndli gedir onların yanına və rus zabiti ilə danışıqlar aparır. Bu prosesi səhv etmirəmsə Facebook vasitəsilə canlı yayıma da çəkirlər. Deməli, kəndlilərdən biri zabitlə ciddi, rəsmi tonla danışır, o birisi söhbəti zarafata salır, bir başqası hərbə-zorba göstərmək istəyir, amma onu digər həmkəndliləri lüzumsuz hərəkətlərdən çəkindirməyə çalışır, əlqərəz, hərə bir variantı yoxlayaraq nəticədə həm də qarşı tərəfi emosiyalar burulğanına salır. Doğrudur, rus zabit bu psixoloji basqıya davam gətirə bilir, amma hiss olunur ki, bu onunçün də asan deyil. Kəndlilərin hərəkəti qətiyyən süni, qurama təsir bağışlamır. Görünür ki, onlar buna əvvəlcədən hazırlaşıb, aktyorluqla məşğul olmurlar; bu, gözlənilməz situasiyaya qarşı artıq ənənəyə çevrilmiş münasibətdir. Xalqın siyasi mədəniyyətinin müəyyən mənada göstəricisidir.
Bizdə (iraq-iraq) xarici ölkənin hərbi hissəsi olsa və onlar belə hərəkət etsə, o zaman bizim kəndlilər nə edərdi? Dəqiq deyə bilmərəm, amma bu ikisindən biri ola bilməsi ehtimalı böyükdür: ya hamı əsgərlərə hücum edəcəkdi, ya da heç kəs onların qarşısına çıxmayacaqdı.
Xalqın siyasi mədəniyyətə malik olması da elə məhz gözlənilməz situasiyalarda cəmiyyətin özünü itirməməsi, doğru qərarlar qəbul etməsi üçün gərəklidir.
Bir az obrazlı misal çəksək, siyasi mədəniyyətə malik cəmiyyəti səhranın ortasına da atsan, orada təşkilatlanıb vəziyyətdən çıxış yolu tapa biləcək. Buna malik olmayan xalq isə normal ərazidə belə xaotik halda yaşayaraq, tez-tez problemlərə düşəcək, nəticədə bəlkə də yoxa çıxacaq.
Siyasi mədəniyyətə malik cəmiyyət yaxşını pisdən ayıra bilir – əlbəttə, bu o dəqiqə baş vermir; yaxşını pisdən ayırmaq üçün əvvəlcə dəfələrlə səhv edib, nəticə çıxarmalısan. Ona malik olmayan xalqın isə səhv etmək lüksü belə olmur, ona görə də ən yaxşı halda bu səhvlərlə daha gec rastlaşaraq nəticədə başqalarından geri qalır.
Bunlara misal kimi ərəb ölkələrini göstərmək olar: Səddam, Qəddafi və digər rejimlər kənardan sabit görünsə də, əslində sadəcə problemlərin üstünə örtük çəkir, beləliklə də o xalqların sosial təkamülünü tormozlayır, bəlkə də keyləşdirirdi. Yalnız indi, yarım əsr gecikməklə onlar qaldıqları yerdən davam etməyə məcburdular; amma inanıram ki, çox gec olmadan indiki silahlı təşkilatlar yavaş-yavaş siyasi təşkilatlara çevriləcək, bir-birləri ilə gülləylə deyil, sözlə mübarizə aparacaqlar.
Cəmiyyətin aktiv siyasi ənənələrə malik olması xarici siyasətdə də manevrlər böyük imkan yaradır. Buna ən parlaq misal kimi ingilisləri göstərmək olar: Birləşmiş Krallığın baş nazir postu mütəmadi dəyişdiyindən xarici siyasətdə daim redaktələr edilməsi mümkünə çevrilir və başqaları ilə münasibətlər dinamik şəkildə irəliləyir. Siyasi mədəniyyəti zəif olan cəmiyyətlərin gözündə bu dinamika doğru anlaşılmır və sadələşdirilərək “ingilis bayrağı” şəklində görünür. Halbuki onların çoxu təsəvvür belə etmirlər ki, Birləşmiş Krallığın baş naziri məqamına gedən yol necə çətin ola və nə cür yüksək siyasi bacarıqlar tələb edə bilər.
Nəhayət, siyasi mədəniyyətə malik olan, təşkilatlana, nümayəndə seçə bilən cəmiyyətin üzvləri yaşadığı yeri həqiqətən də öz ölkəsi hiss edir, ona bağlı olur və oradan baş götürüb qaçmağa meylli olmur.
Son olaraq, məşhur “çəkişməsən bərkiməzsən” fikrini cəmiyyətə tətbiq etsək, hesab edə bilərik ki, cəmiyyətin özünün də bərkiməsi, həmçinin yetkinləşməsi üçün öz arasında siyasi çəkişmələrə, diskussiyalara ehtiyacı var.
Sabahkı seçkilərin xeyirli olması arzusu ilə.