Orta əsrlər Avropa mədəniyyəti müasir Qərb mədəniyyətindən həm xeyli fərqlənir, həm də bir çox cəhətləriylə oxşardır və buna görə də çox maraqlıdır. Biz orta əsrlərin varisləriyik. Bu da maraqlı müqayisələr aparmağa səbəb verir. Biz həmin dövrün seksuallıq və insan vücudu ilə bağlı ideyalarının hələ də araşdırıldığını görürük.
SEKSLƏ BAĞLI YAZILI, VİZUAL VƏ MADDİ MƏNBƏLƏR
Orta əsrlərdə seksə dair çoxlu müxtəlif mənbələr mövcuddur. Onların arasında ən maraqlılarından biri – kilsə məhkəmələrinin protokollarıdır. Qərbi Avropada mənəviyyat və əxlaq məsələləri ilə bağlı bütün qanunlar kilsənin səlahiyyətində idi. Məhz, buna görə də, belə məsələlərə dünyəvi məhkəmələrdə yox, kilsə məhkəmələrində baxılırdı və Orta əsrlərin sonlarına təsadüf eləyən kilsə məhkəmə iclaslarının protokolları günümüzə qədər qorunub.
Sözügedən protokollar, o dövrdə yaşamış insanların həyatı ilə tanış olmağımıza imkan verdiyi üçün son dərəcə böyük maraq kəsb eləyir.
Məsələn, bir şahid ifadəsinə əsasən, məhkəmə istirakçılarından biri partnyoru ilə nigah bağladıqlarını bildirir, digər tərəf isə nıgahın olmadığını. Bu əhvalat, nigahın keşiş tərəfindən bağlanılmasının tələb olunmadığı dövrlərdə baş verib: o dövrdə belə güman edilirdi ki, nigah düz kilsənin önündə bağlanılır. Lakin hətta bu, baş verməyəndə də qanuni hesab olunurdu. İnsanlar qeyri-rəsmi evlənirdilər və buna görə də, partnyorlardan birinin nigahın bağlanması faktını mübahisələndirməsi kifayət qədər asan idi.
Şahidlər öz ifadələrində partnyorların sözlərini təkrarlayır, nigah mərasimində kimlərin iştirak etdiyini, nigah bağlanıb ər-arvad yatağa yollananda onların harda olduqlarını xatırlayırdılar. Orta əsrlər Parisində məhkəmə protokollarından belə məlum olur ki, şəhər sakinləri tez-tez axurda sekslə məşğul olurmuşlar. Bu maraqlı fakt onunla izah edilir ki, kişi nökərlər, məhz, axurda yatırdılar və onlardan biri yatağına qadın gətirəndə, əslində, onu axura gətirirdi. Beləcə, məhkəmə protokollarında qeyd olunan şəxsi ifadələr, insanların necə yaşadıqları ilə bağlı canlı təsəvvür yaradır. Digər tərəfdən, ifadələrin hər zaman dəqiq olduğunu iddia eləmək mümkün deyil: tez-tez insanlar məhkəmədə özlərini daha yaxşı tərəfdən göstərməyə çalışırdılar.
Məhkəmə protokollarından başqa mənbələr də var. Məsələn, seks haqqında ədəbiyyat, əsasən, poeziya. Keşişlərin tələb olunan hərəkət və davranış qaydaları barədə mətnləri: moizələr, traktatlar, fanilərə etməli və etməməli olduqları şeyləri və dini izah eləyən didaktik əsərlər. Həmçinin keşişlər üçün təlimatlar. Məsələn, moizə yazmaq üçün təlimatlar – onlarda mətnə daxil edilə biləcək ibrətamiz hekayə örnəkləri də verilib. Hekayələrin bəziləri əlifba sırası ilə göstərilib. Odur ki, moizədə qadınlar barədə nəsə demək lazımdırsa, təlimatlarda bu mövzu ilə bağlı hekayələr toplusu tapmaq mümkündür. Belə hekayələrdə qadın zinakarlığı barədə əhvalatlar üstünlük təşkil eləyir.
Mənbələr arasında özəl xarakterli olanları da var; ilk növbədə, Pyer Abelyarın məşhur avtobioqrafiyası və Eloiza ilə yazışmalarını göstərmək olar. Bu yazışmalarda onlar öz mübasibətlərindən, nigahdan, sonradan dinə gəlmələrindən danışırlar. Amma bu cür şəxsi mənbələrə nadir rast gəlinir. Əslində, mənbələr çoxdur və onları müqayisə eləmək – pazl toplamaq kimidir.
Maddi mənbələr yazılılardan daha azdır. Məsələn, əlyazmalarda sevgililəri yataqda təsvir eləyən miniatürlərə, tamamilə çılpaq olan, ancaq baş geyimlərini çıxartmamış sevgililərin təsvirlərinə rast gəlinir. Cismani sevgi mövzusunda rəsmləri məbədlərin kapitellərində – sütunların yuxarı, qübbə ilə birləşən hissələrində də görmək mümkündür. Orta əsrlər Fransasında üzərində bütöv hekayətlər – Qanimedanın qaçırılması ilə bağlı klassik süjetlər, fahişələrlə bağlı əhvalatlar (onlar cəhənnəmdə əzab çəkirlər, ilan-qurbağalar onların döşlərini əmir) – təsvir olunmuş çoxlu kapitellər mövcud idi. Həmin hekayətləri bizə məlum olan yazılı mətnlərlə əlaqələndirmək mümkündür.
O ki qaldı gündəlik maddi mədəniyyət predmetlərinə, burda konkret əşyaları seksuallıq tarixinə aid eləmək çətindir. Günümüzə qədər qorunmuş həmin əşyalar metala bənzər bərk materiallardan hazırlanıb. Halbuki seksual aktivliklə əlaqəli olan bir çox əşyalar o qədər də bərk materialdan hazırlanmırdı. Məsələn, mənbələrdə orta əsrlərdə yaşayan qadınların dəridən hazırlanmış dildodan (süni penis) istifadə etdikləri yazılıb. Bu cür predmet uzun əsrlər boyu qala bilməz, hətta qalsa belə, günümüzə sadəcə dərinin bir parçası salamat çata bilər. Ki, onun da nəyə xidmət elədiyini anlaya bilmərik. Metal predmetlərdən günümüzə çatanlar arasında, əsasən, insanların geyimlərində daşıdıqları dəmir nişanlar üstünlük təşkil edir. İnsan harasa səyahətə yollananda, getdiyi yerdə olduğunu təsdiqləmək məqsədilə suvenir qismində həmin nişanlardan ala bilərdi. Belə nişanların üzərində tez-tez qanadlı fallos təsvirlərinə rast gəlinir. Onların, seksuallığın tarixi ilə əlaqəsi olduğu dəqiqdir, lakin, məhz, hansı anlam daşıdığı aydın deyil. Ola bilsin ki, bu nişanlar, üstündə senzuradan kənar yazılar olan müasir köynəklərin rolunu oynayıb: belə nişanların məzəli olduğu və insanları heyrətləndirəcəyi güman edilirmiş.
SEKS VƏ KİLSƏ
Əksər kilsə təlimlərində və moizələrdə şəhvətin təhlükələri haqqında fikirlər var. Həmin təlimlərə əsasən, insanlar, xüsusən də qadınlar, asanlıqla nəfslərinə tabe ola bilərlər. Qeyd etmək lazımdır ki, Qərbi Avropada, ələlxüsus da XI əsrdən sonra, ruhanilər subay olurdular və əbədi subaylıq andına – selibata – riayət etməli idilər. Sözügedən mətnlər də subay, qadınlardan uzaq dayanmağa məcbur olan kişilər tərəfindən yazılırdı və buna görə də, qadınlar barədə şəhvət və tamah predmeti kimi yazmaqları təəccüblü deyil. İnsan sekssiz yaşayanda, hətta bu onun öz seçimi olsa belə, tərəddüd keçirə və ya tamahlana bilər. Onu əbədi subaylıq andı içməyə məcbur eləyəndə isə şirnikləndirici şeylərdən daha çox yazacaq və bunu mətnlərdə tətbiq eləyəcək.
Doğrudu, bu, kifayət qədər məşhur olan freydist izahdı, amma insanların, onları narahat eləyən şəxsi məsələlər ucbatından yaşadıqları, ətrafda baş verən hadisələrə də güclü təsir edir. Ki, bəzi mətnlərdə bu narahatlıqların əksini görürük.
Kilsədən danışanda biz, böyük və müxtəlif tərkibli təşkilatı nəzərdə tuturuq. Yəni, keşişlərin bəzilərinin moizələri digərlərininkindən daha sərt olurdu, seks bəzi insanları digərlərindən daha çox narahat eləyirdi. Yepiskopluq öz ziyarətçilərinin əxlaqından narahat idi, onlar isə orta əsrlər Avropasının böyük hissəsini təşkil edirdi. Odur ki, seks, hər şeydən daha çox nəzarət tələb eləyən bir sahə sayılırdı.
KƏNDLİ MÜHİTİNDƏ SEKS
Qərbi Avropa əhalisinin 90%-ni təşkil eləyən kəndli mühiti haqqında dəqiq nəsə demək çətindir. Moizələrin mətnlərindən, keşişlərin o insanlara nə dediklərini bilirik, ancaq onların bunu necə anladıqlarını yox.
Cudit Bennet ingilis kəndlilərinə və leywite – feodalların, nigahdan kənar sekslə məşğul olan kəndli qadınlardan aldıqları vergi – həsr olunmuş maraqlı bir araşdırma aparıb. Alimin qənaətinə görə, leywite – sosial nəzarətin bir metodu, o cümlədən subay qadınların sayını və fəalliyyətlərini izləmək üsulu idi. Lakin insanların, kilsənin öyüdlərini necə interpretasiya etdiklərini bilmək qeyri-mümkündür.
Əlimizdə həmin dövrün sonlarına təsadüf eləyən, xaçsuyuna çəkilmə ilə bağlı qeydlər var. Məsələn, İngiltərədə Reformasiyadan sonra bütün kilsələrdə nigahları və xaçsuyuna çəkilmə mərasimlərini qeydiyyata almağa başlamışdılar. Həmin qeydlərə əsasən, ilk uşağın doğum tarixi ilə nigahın bağlanma tarixini müqayisə eləyən alimlər müəyyənləşdiriblər ki, XVI əsrdə İngiltərədə qadınların 10%-dən 30%-ə qədəri (bölgədən asılı olaraq), çox güman ki, nigah bağlanan ana qədər artıq hamilə olublar. Və çox güman ki, qadınların daha çox faizi də nigaha qədər sekslə məşğul olublar, lakin hamilə qalmayıblar. Böyük ehtimalla, nigaha qədər seks adi iş olub və qadın hamilə qaldığı halda cütlük evlənirmiş. Kilsə məhkəmələrinin protokollarında kişilərin onlarla evləndiklərini və ya evlənməyə söz verdiklərini iddia eləyən hamilə qadınlar haqqında qeydlər tapmaq mümkündür. Bu qadınlar məhkəmədə kişilərin, verdikləri sözü yerinə yetirmələrini tələb eləyirdilər. Odur ki, xalq “nigaha qədər seks qadağandır” qaydasına çox da əməl eləmirdi – hətta çətin ki, nə vaxtsa əməl eləmiş olsun.
ORTA ƏSRLƏRDƏ KONTRASEPSİYA
Kilsə, seksin, hər şeydən əvvəl reproduktiv məqsəd daşıdığını öyrədirdi, hərçənd evli cütlüklərə menopauzadan sonra sekslə məşğul olmaq yasaqlanmırdı. Reproduktiv funksiya – sekslə məşğul olmağa icazə verən yeganə səbəb deyildi, amma çox vacib idi. Sekslə doğum arasındakı sıx əlaqə effektiv qorunma vasitələri yaranana qədər qırılmamışdı, yəni XX əsrin ikinci yarısına qədər. Təbii ki, əvvəllər də bəzi qorunma üsulları mövcud idi, ancaq yenə də, Orta əsrlərdə effektiv kontrasepsiya yox idi.
Hərdən demoqrafik məlumatlara əsasən, orta əsrlərdə ailələrin nisbətən kiçik olduğu bildirilir – amma müasir ailələrlə müqayisədə yox, gözləntilərlə müqayisədə. Belə bir stereotip hökm sürür ki, orta əsrlərdə hər ailədə 8-12 uşaq olub, lakin bu, belə deyil. Bəzi tədqiqatçılar iddia eləyirlər ki, ailələr daha da böyüməsin deyə insanlar kontrasepsiyadan istifadə eləməyə məcbur olurdular. Ancaq bu, mübahisəli fikirdir. Birincisi, biz nə qədər insanın yetkinlik çağına qədər yaşadığını, nə qədərinin körpəykən öldüyünü bilmirik, ailənin ölçüsünü sadəcə vergi sənədləri kimi mənbələrə əsasən təyin eləyirik. Həmin sənədlərdə bəzən ailə üzvlərinin sayı göstərilir, ancaq uşaqlardan neçəsinin körpəykən öldüyü, qadının neçə düşük keçirdiyi göstərilmir. Halbuki əhalinin böyük əksəriyyətinin pis qidalandığını nəzərə alsaq, hər iki hal böyük miqdarda mövcud idi.
Bundan əlavə, həmin dövrlərdə uşaqları daha çox ana südü ilə saxlayırdılar: varlılar uşaqları süd analarına verirdilər, kasıblarsa özləri əmizdirirdilər. Yarıac vəziyyətdə əmizdirmə zamanı isə hamilə qalmaq ehtimalı azalır.
Əlbəttə, bu, qorunma üsulu deyil, amma sözügedən faktorlar ovulyasiyaya mane olurdu. Ki, bu da hamiləlik sayının azalmasıyla nəticələnə bilərdi.
Kontrasepsiya ilə əlaqəli olan və alimlər arasında mübahisə doğuran daha bir məsələ də var: qadınlar üçün müəyyən məşğuliyyətləri yasaqlayan bir sıra qadağalar mövcud idi. Hesab olunurdu ki, onlar hamiləliyin yarımçıq kəsilməsinə səbəb ola bilər. Bəziləri bunu insanlara qorunma üsullarının göstərilməsinin xüsusi forması kimi izah eləyir: qadına, düşük olmaması üçün nələrdən uzaq durmalı olduğu deyilirsə, bu, həm də uşaqdan qurtulmaq üçün hansı yolları sınaya biləcəyini deməyə bərabərdir. Amma Orta əsrlərdə qadın təbabəti sahəsi üzrə aparıcı tədqiqatçı Monika Qrin qaneedici şəkildə isbat eləyib ki, əksər insanlar, həqiqətən, uşaq istəyirdilər, odur ki, xəbərdarlıqlar düşüyə təhrik eləməyin yollarını göstərmək xarakteri daşımırdı. Digər tərəfdən hamiləlikdən qorunmaq üsullarını açıq-aydın təsvir eləyən tibbi traktatlar da var, lakin onların nə qədər geniş tətbiq olunduğunu öyrənmək çətindir.
Kilsə, kontrasepsiyanı rəsmi şəkildə yasaqlamışdı, ancaq yəhudi icmalarında ona icazə verilirdi. Yəhudi mədəniyyətində xüsusi hallarda, məsələn, süngərlərdən istifadə eləməyə icazə verilmişdi – hamiləlik zamanı və ya əmizdirmə dövründə. Bu halda ər-arvad arasında cinsi əlaqə qadağan olunmurdu.
Sonrakı dövrlərə aid dəlillərə əsasən güman etmək olar ki, müsəlman dünyasında kontrasepsiyaya icazə verilirdi və xristianlıqdan fərqli olaraq, bu, günah, tanrının işinə qarışmaq hesab olunmurdu. Hərçənd böyük ailə hər zaman müsbət hal, Allahın mərhəmətini qazanmaq kimi dəyərləndirilirdi.
SEKS VƏ ORTA ƏSRLƏR YƏHUDİ MƏDƏNİYYƏTİ
Xristiyanlar kimi yəhudilər üçün də Orta əsrlərdə qadınlar, adətən, tamah mənbəyi hesab olunurdu. Bununla belə, bir qayda olaraq, mədəniyyət, yəhudilərin yaşadıqları bölgənin ənənələrindən asılı idi. Buna görə də, Aşkenaz yəhudiləri ilə (Fransa və Almaniya) Sefard yəhudiləri (Pireney yarımadası) arasında çoxlu fərqlər tapmaq mümkündür: məsələn, Aşkenazda XI əsrdən sonra çoxarvadlılıq yasaqlanmışdı, amma müsəlman mədəniyyətinin əhatəsində yaşayan ispan yəhudiləri üçün bu qadağa aktual deyildi.
Müsəlmanların, ya da xristiyanların arasında yaşamalarından asılı olmayaraq, başqa dinlərin nümayəndələri ilə seks məsələsi yəhudiləri həddindən artıq narahat eləyirdi. Başqa dinin təmsilçisi ilə evlənmək olmazdı: nigah sırf dini mərasim sayılırdı (vətəndaş nigahı mövcud deyildi) və iudaizm dinindən olmayanlar bu mərasimdə iştirak edə bilməzdilər. Orta əsrlər mədəniyyətində bütün konfessiyalar, başqa dinlərin nümayəndələrinin onların qadınlarını əldə etməməsinə ciddi nəzarət edirdi.
Xristiyan və yəhudi mədəniyyətləri üçün kişilərin başqa dinlərin qadın nümayəndələri ilə cinsi əlaqəsi prinsipial məsələ deyildi, onları daha çox “öz” qadınlarının taleyi narahat eləyirdi. 1215-ci ildə IV Lateran kilsəsinin (İtaliya, Roma) qərarına əsasən, yəhudilər geyimlərində fərqləndirici nişanlar gəzdirməyə vadar edilmişdilər. Bu, onunla izah olunurdu ki, yəhudilər, onların dini mənsubiyyətini bilməyən xristiyan qadınlarla cinsi əlaqədə ola bilərdilər.
Devid Nirenberq, apardığı son dərəcə maraqlı araşdırmasında, xüsusilə, fahişələrin çətinlik çəkdiklərini göstərirdi: İspaniyada müsəlmanların xristiyan fahişələrlə cinsi əlaqədə olması böyük narahatlıq yaradırdı, belə hallar baş verəndə isə bütün məsuliyyət, məhz, fahişələrin üzərində qalırdı.
SEKS VASİTƏSİLƏ GENDER İDENTİFİKASİYASI
XXI əsrdə, ən azından, Qərbdə insanlar sekslə genderi ayırırlar: qadınla cinsi əlaqədə olmaq olar, amma bu, cinsi mənsubiyyətin mütləq kişi olması demək deyil – qadınla qadın da sekslə məşğul ola bilər; həmçinin kişi olub kişi ilə cinsi əlaqədə olmaq mümkündüк və bu, genderə heç bir şəkildə təsir eləmir. Son dərəcə feminin, yaxud son dərəcə maskulin qadın olub, eyni zamanda kişi ilə cinsi əlaqədə olmağı istəmək də normal qəbul edilir.
Lakin Orta əsrlərdə seks genderlə sıx bağlı idi. Sekslə məşğul olmaq rol bölgüsü ilə çərçivələnirdi: əgər siz aktiv partnyorsunuzsa, kişi rolunu oynayırsınız, passiv tərəfsinizsə, qadın rolunu. Seks bir adamın başqa bir adamla, kişinin qadınla elədiyi bir şey kimi qavranılırdı. İki kişi sekslə məşğul olursa, onlardan biri qadın rolunu oynayır, iki qadın məşğul olursa, onlardan biri kişi rolunu oynamalıdıк. Seksual meyllərin seçiminin dərki, seksə müasir yanaşma ilə Orta əsrlərdəki yanaşmanın müqayisəsində ən maraqlı amillərdən biridiк.
Orta əsrlərdə insanlar, indi bizim elədiyimiz kimi, özlərini seksual obyektin seçimi vasitəsilə identifikasiya eləmirdilər. Məsələn, bu gün insan özünü homoseksual, biseksual və s. qismində xarakterizə eləyə bilər. Orta əsr insanında belə halların adı yox idi: onlar “sodomy” sözündən istifadə eləyirdilər, ancaq bu, meyllərə yox, daha çox müəyyən fəaliyyətlərə aid edilirdi. Kişini sevən kişini, ya da qadını sevən qadını təsvir eləyən konkret sözlər yox idi. Bununla belə, onlar etiraf eləyirdilər ki, insanların bu və ya digər meylləri ola bilər. Məsələn, XV əsrdə Florensiyada gey-submədəniyyətinə bənzər bir şey vardı: kişilərlə seksdən xoşlanan kişilərin toplaşdığı meyxanalar fəaliyyət göstərirdi. Ancaq yenə də, müasir dövrümüzdən fərqli olaraq, seksuallıq identifikasiyaya xidmət eləyən kateqoriya hesab olunmurdu.
ORTA ƏSRLƏRDƏ SEKSUALLIĞA DAİR MÜASİR TƏDQİQATLAR
Orta əsrlərdə seksuallığın öyrənilməsinə feminist araşdırmalarının və LQBT-nin araşdırılmasının böyük təsiri olub. Hazırda Orta əsrlər ədəbiyyatı ciddi şəkildə tədqiq olunur, çünki o, insanların mentallığını digər sənədlərdən qat-qat çox əks etdirən son dərəcə vacib bir mənbədir. Ədəbiyyatı araşdıranlar arasında Karmu Lokrinin, Kerolin Dinşounun, Qlenn Burgerin, Eqq-Mari Rasmussenin, həmçinin tarixçilər Dayan Elliot və Metyu Kyüflerin, sənətşünaslar Robert Mills və Dayan Volftalın adlarını çəkə bilərik.
Kilsə məhkəmələrinin protokollarından əldə edilən yeni məlumatların sayı gündən-günə artır. Bu sahədə hələ çox iş görülməlidi, çünki həddindən artıq perspektivli istiqamətdir.
Tədqiqini gözləyən məsələlərdən biri də – seksual aktivliyin kişilər tərəfindən necə qavranılmasıdır. Qadınlar haqqında feminist tədqiqatçılar tərəfindən yazılmış çox sayda araşdırmalar mövcuddur, ruhanilər haqqında da xeyli yazılıb. Dünyəvi kişilər, əsasən də, aristokratlar öz arvadlarından uzaq durmurdular. Amma cəmiyyət buna necə baxırdı və bu, onların öz maskulinliyini qəbul etmələrinə necə təsir eləyirdi? Bu, son dərəcə maraqlı sualdır.
Həmçinin seksuallıqla zorakılıq arasındakı əlaqə də ciddi şəkildə araşdırılmalıdır. Zorakılığın, cinayətin bir növü kimi tədqiqi istiqamətində bəzi addımlar atılıb, lakin bu sahədə hələ xeyli iş görülməlidir. Hal-hazırda biz təsdiq edirik ki, seks yalnız qarşılıqlı razılaşma əsasında baş verməlidir. Bir insan digərini məcbur eləyirsə, bu, artıq zorakılıq kateqoriyasına keçir. Təcavüz – seksuallıqla deyil, şəxsiyyətə qarşı zorakılıqla bağlı olan cinayətdir. Yuxarıda da deyildiyi kimi, Orta əsrlərdə seks bir insanın digərinə elədiyi bir şey kimi qəbul olunurdu. Ona görə də, Orta əsrlərdə seksual aktivlik anlayışına zorakılıq elementinin də aid edilib-edilmədiyini öyrənmək çox vacibdir.
Son onilliklərdə orta əsrlər tarixi sahəsi xeyli genişlənib. Hazırda bu, sadəcə kişi elitasının tarixi deyil. Cəmiyyəti anlamaqdan ötrü insanların necə yaşadıqlarını anlamaq lazımdır və bunu yalnız xronikaları, daşınmaz əmlaka aid sənədləri araşdrımaqla eləmək mümkün deyil.
Seks – hər kəsə dəxli olan bir şeydir. Hətta biz bununla bağlı hamının fikrini öyrənə bilməsək belə, ən azından, Orta əsrlərlə bağlı təsəvvürlərimizi dərinləşdirməyə imkan verir.
Rut Mazo Karras
Minnesota Universitetinin tarixçi professoru
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.