Hollandiyanın Amersfoort şəhərinin yaxınlığında yarı sivil, yarı hərbi Rusthof qəbiristanlığı yerləşir. Burada, əsasən İkinci Dünya müharibəsində həlak olanlar dəfn olunub. Onlar Britaniya, Fransa, Belçika, Polşa, Yuqoslaviya, Yunanıstan, Macarıstan, Rumıniya, Çexoslovakiya, Portuqaliya və digər ölkələrdən idi, lakin Sovet İttifaqından olan 101 özbəyin taleyi isə başqalarından fərqlidir.
10 may 1940-cı ildə Nasist Almaniyası Hollandiyaya hücum etdi və təqribən 5 gün ərzində ölkə tam təslim oldu. Hitler hollandlar haqqında yüksək fikirdə idi, belə ki, onları da “Ari irq”dən sayırdı və nasistlər hollandları əməkdaşlığa dəvət edirdilər. Bunun üçün isə müxtəlif yollara əl atırdılar və bu yollardan biri də müharibədə almanlara əsir düşmüş sovet əsgərlərini xalqa nümayiş etdirmək idi. 1941-ci ilin sentyabr ayında Smolensk yaxınlığında almanlara əsir düşən sovet əsgərlərindən 865 nəfəri xüsusi təbliğat məqsədi ilə Hollandiyaya, Amersfoort əsir düşərgəsinə aparılır. Bu əsgərləri Holland xalqına nümayiş etdirəcək, onları Nasist Almaniyasının “haqlı savaşı”na inandırmağa çalışacaqdılar, çünki bu əsgərlər əsil almanlara qarşı Şərq Cəbhəsində vuruşmuş, Ari irqdən olmayan, aşağı təbəqənin insanları (untermenschen) idilər. Amersfoort əsir düşərgəsinə gətirilən 865 sovet əsgəri arasında əsasən Səmərqənddən olan özbəklər də var idi və onların sayı 101 idi. Asiyalı görkəmli bu insanlar nasist düşüncələrinə müxalif olan Hollandlara göstərmək məqsədilə xüsusi seçilmişdilər.
2017-ci ildə verdiyi müsahibədə 91 yaşlı Hollandiya vətəndaşı Henk Broekhuizen əsirlərin düşərgəyə gətirildiyi ana şahid olmuş, gördüklərini bu cür nəql etmişdi:
“Gözlərimi yumanda onların üzlərini xatırlayıram. Əski parçasına bürünmüşdülər, sadəcə üzləri görünürdü. Bu görkəmdə, onlar heç əsgərə oxşamırdı. Nasistlər onları qatar stansiyasından əsir düşərgəsinə qədər şəhərin içi ilə piyada yeriməyə məcbur edirdilər. Onlar çox zəif və kiçik görünürdürlər, bəziləri ayaqlarına köhnə paltar sarımışdı. Aralarında bir neçəsinin yeriməyə taqəti olmadığından, onlara əsir yoldaşları kömək edirdi. Onlara kənardan tamaşa edənlərlə göz təması qurmağa çalışır, əl işarələri ilə “biz acıq” deyirdilər. Yerli əhali onlara çörək və su gətirirdi, nasistlər isə buna icazə vermir, əllərindən alıb yerə atırdılar.”
Yeniyetmə Henk Broekhuizen onları bir daha görməyəcək, bu əsirlərin aqibətlərindən xəbərsiz qalacaqdı.
Əslində, Moskva müharibəsinə ciddi hazırlaşan Nasist Almaniyası işğal etdiyi ölkələrdən dəstək qazanmaq məqsədilə sovet əsgərlərini pərişan halda insanlara nümayiş etdirmək, Sovet İttifaqının əsgərlərinin necə aciz və zəif olduqlarını göstərmək fikrində idi. Digər tərəfdən, sovet əsgərlərini düşərgələrdəki kommunist hollandiyalılara canlı göstərməklə onları kommunizmdən soyutmağa, öz tərəflərinə çəkməyə səy göstərirdilər. Hətta sırf bu məqsədlə xüsusi ssenari də hazırlanmışdı və əsgərlərin hazırkı vəziyyəti lentə alınacaq, sonra isə kütləvi nümayiş etdiriləcədi. Ancaq bu baş tutmadı!
Düşərgədə olan digər əsirlərlə müqayisədə, Orta Asiyadan olan əsirlərə münasibət daha pis idi. İlk üç gün onlara yemək verilməmiş, tikanlı məftillərlə əhatələnmiş açıq ərazidə saxlanılmışdılar. Elə bu səbəbdən 24 əsgər aclıq və xəstəliyə tab gətirməyərək ölmüşdü. Əsirlərin ac və susuz saxlanılması da məqsədsiz deyildi: ac qalmış sovet (asiyalı) əsgərlərinin – barbarların – bir tikə çörək üçün amansızca savaşacaqlarını lentə almaq istəyirdilər. Ssenariyə görə onların arasına çörək atılacaq, ac qalmış əsirlər arasında çörək üçün gedən “mübarizə”ni lentə alacaqdılar. Çörək ortaya atılır, lakin gözlənilən reaksiya gəlmir. Özbək əsirlərdən biri sakitcə yerdən çörəyi götürür, onu bərabər hissələrə bölərək digər əsirlərə verir.
Bu gözlənilməz, eyni zaman alicənab hərəkətdən məyus olan və hiddətlənən nasistlər bundan sonra özbəklərə daha qəddar davranmağa başlayır. Əsirlərə verilən yemək normasının yarısı qədər özbəklərə qida verilirdi. Əgər düşərgədə kimsə onlara kömək etmək istəsəydi, bütün düşərgə cəza olaraq həmin gün ac saxlanılırdı. Donuzlar üçün nəzərdə tutulmuş yemək qırıntılarını və kartof qabıqlarını yedikləri üçün nasistlər tərəfindən döyülürdülər. Düşərgənin keçmiş gözətçisinin verdiyi məlumatlara görə, onlar mütəmadi döyülür, soyuq havada hörgü, qum və şalban daşıma kimi ağır işlərdə işlədilirdilər.
Ən dəhşətli hadisələrdən biri isə düşərgənin holland həkimi Nikolaas Van Nieuwenhuysenin sifarişi idi.
İki özbək əsir düşərgədə həlak olur, həkim Nikolaas digər əsirlərə ölən əsirlərin başlarının bədənlərindən ayrılmasını, ət sümükdən ayrılana qədər qaynadılıb təmizləndikdən sonra təhvil verilməsini tələb etmişdi. Həkim, bu iki kəllə sümüyünü “tədqiqat üçün” həmişə masasının üstündə saxlayırdı. Müharibə başa çatdıqdan sonra Nikolaas Van Nieuwenhuysen 10 il azadlıqdan məhrum edilir.
Yuxarıda qeyd edildiyi kimi, həddən artıq pis şəraitdə əsir saxlanılan özbəklərin artıq 24 nəfəri dünyasını dəyişmişdi. Qalan 77 nəfər isə aclıqdan artıq siçan, siçovul və bitki kökləri yeyirdilər, nəticədə isə onlar haldan düşmüş, iş görə biləcək gücləri yox idi. Təbii ki, nasist əsir düşərgəsində ancaq əli iş tutan əsirlərə “yaşamaq” şansı verilirdi, nəticədə sağ qalan ancaq heç bir işə yaramayan 77 nəfər özbək 1942-ci ilin aprel ayında, səhər saat 06:30-da meşəyə aparılaraq güllələnirlər. Ölümə aparılan əsirlər arasında panika yaranmasın deyə, onlara “sizi daha isti bölgə olan cənubi Fransaya aparırıq” adı ilə əsir düşərgəsindən çıxarmışdılar. Düşərdə gözətçisi və sürücülər xatırlayır ki, əsirlər artıq qətlgaha gətirildiklərini başa düşəndə, onlardan bəziləri ağlayır, bəziləri əl-ələ tutur, bəziləri isə ölümün gözünə dik baxırdı. Aralarında meşənin içinə doğru qaçıb canını qurtarmaq istəyən olsa da, almanlar onları tutub və yerindəcə güllələmişdi.
Bu hadisələrin əsas tədqiqatçısı olan hollandiyalı jurnalist Remco Reiding Hollandiya arxivlərində işləmiş, orada həlak olanların həqiqi kimliyini tapmağa çalışımışdır. Bir holland əsirin qələmlə çəkdiyi iki özbək portreti hələ də qalmaqdadır. Ehtimal ki, rəssam adlarını doğru yazmayıb, amma düzgün variantı ilə əsirlərin ad və soyadları “Hətəm Kadirov” və “Zair Muratov”dur.
101 özbəyin Amersfoort əsir düşərgəsindəki taleyi barədə yeni kitabların nəşri və bir bədii filmin ekranlaşdırılması nəzərdə tutulur.