Müsahibimiz tanınmış jurnalist, BDU-nun professoru Qulu Məhərrəmlidir. Qulu müəllimlə bir aydan çoxdur məhkum olunduğumuz karantin müddətindən sonra cəmiyyətdə, insanların münasibətlərində nələrin dəyişib-dəyişməyəcəyi barədə danışmışıq.
– Qulu müəllim, karantin necə keçir?
– Hətta karantində də vaxt çatışmazlığı var, gün ərzində planlaşdırılan bütün işləri görmək olmur. “Pressklub TV” adlı yutub kanalımız fəaliyyətə başlayıb, verilişlər hazırlayırıq. “Rakurs”, “Koronavirus gündəmi”, “41-ci paralel” kimi verilişlərimiz efirə çıxır. Hazırkı çətinliklərə baxmayaraq televiziyanı yavaş-yavaş ayağa qaldırmağa çalışırıq.
– Mən də boş vaxtınız yaranıb-yaranmadığını soruşmaq istəyirdim. Deməli, sizin gündəlik rejiminizdə ciddi dəyişiklik olmayıb.
– Əsas dəyişiklik odur ki, oturaq işlər qismən artıb. Bəzi işlərim vardı ki, vaxt olanda eləyərəm deyə saxlayırdım. İndi həmin məqam gəlib və görürəm ki, yenə də vaxt azlıq edir. Gərək qapılıb qalasan evdə, heç çıxmayasan. Evdən çıxırsansa, artıq gün itir. Niyə? Çünki kökləndiyin yazıda, apardığın araşdırmada səni bəlli nöqtələrə aparan fikir cığırını itirirsən, detalları tam izləyib məntiqi ardıcıllığı tapa bilmirsən. Bir də indiki şəraitdə virtual ünsiyyətə dayaq olduğu üçün internetin mövcudluğuna dua etmək lazım gəlir. O olmasaydı, insanlar bəlkə də bu tənhalıqdan, ya da bu darıxmaqlıqdan çərləyib ölərdilər. Bu gün internet bütün insanları, bəşəriyyətin özünü xilas eləyir. Vəziyyətlə bağlı burdan əlavə informasiyalar alırıq, olanlardan xəbər tuturuq, üstəgəl maariflənirik. Qısası, düşdüyümüz indiki vəziyyət adi həyat epizodudur, intəhası, bir az forması dəyişib. Əlbəttə, əvvəlki aktivlik yoxdur, indi oturaq işlərə daha çox vaxt ayırırsan. Məsələn, kitabxanamı əməlli-başlı sahmana salmaq lazımdır. Neçə illərdir, kitabları necə gəldi yığmışıq. İndi burda sistem yaradırıq. Mənə zaman-zaman bağışlanan kitablar var, bəzilərini oxuya bilməmişəm, onları diqqətlə vərəqləyirəm, xüsusən, elmi-publisistik kitabları. Bədii kitablardan maşına da qoymuşam, onları davamlı oxuyuram. Vaxtımın çox hissəsi belə keçir. Özümüzü şəraitə uyğunlaşdırırıq. Məncə, bu müddətin uzun sürməsi insanın düşüncəsindən tutmuş davranışlarına qədər çox şeyə yeni cizgilər gətirir. Artıq ənənəvi həyat tərzindən uzaqlaşırsan, sanki qaç-qov bir az azalır. Buna görə də bir az özündə, düşüncələrində, həyatında yeni işartılar yaranır. Əslində bu situasiyada çevrəmizdəki dəyərli insanları görürük, canlı ünsiyyətin nə qədər qiymətli olduğunu anlayırıq. Ona görə də, hesab eləyirəm ki, yaranmış şərait insanın səmərəli, gərəkli şeylər haqqında düşünmək imkanlarını artırır. Daha doğrusu, artırmalıdır. İndiki halda hamımız bu situasiyanın məhsullarıyıq.
– Bütün dünyada tanınmış fikir adamları, sosioloqlar, politoloqlar pandemiyanı geniş anlamda cəmiyyət üçün bir dönüş nöqtəsi, ya da yolüstü bir dayanacaq kimi görürlər. Proqnoz verirlər ki, bundan sonra nəinki iqtisadiyyatda, siyasətdə, ümumiyyətlə, insanların baxışlarında, münasibətlərində çox şeylər dəyişəcək. Siz belə dəyişikliklərin olacağına inanırsınız?
– Mənim düşüncəmə görə, geniş mənada dünyada heç nə dəyişməyəcək. Ola bilər, insanların psixologiyasında hansısa xırda çalxalanmalar olsun, çünki istər-istəməz insan özündə bir təbəddülat hiss eləyir. O, fərd olaraq cəmiyyət, ailə səviyyəsində özü üçün, öz həyat tərzi üçün dəyərli olan nələrisə götür-qoy eləyə bilər, həyat tərzini dəyişə bilər, adamların bir-birinə münasibəti dəyişə bilər. Həyatda onun üçün dəyərli, əziz olan nədir? Məncə, adamlar bu barədə çox düşünəcək, nələrinsə qədrini daha çox biləcəklər, amma geniş mənada insanın psixologiyasında heç nə dəyişməyəcək.
Bunu niyə deyirəm? Məsələn, evlərdən uzaq, siz hüzr yerinə, ya da qəbirstanlığa dəfnə gedirsiniz. Qəbirstanlıq isə dünyanın ən hüznlü yeridir, orda insan, sanki katarsis keçirir. Həyat haqqında düşünürsən, ölüm haqqında, həyatın mənası haqqında düşünürsən, mərhəmət və şəfqətin önəmi, pisliyin nə qədər mənasız bir şey olduğu haqqında düşünürsən, özünü rahat, xeyirxah görmək istəyirsən. Amma elə ki o məzarlıqdan çıxdın, gəlib oturdun maşına, adi cəmiyyətə girdin, o fikirlər də tədricən buxarlanıb gedir. Yəni o şey ki insanın canında-qanında, xasiyyətində yoxdur, onu heç bir pandemiya, heç bir koronavirus yarada bilməz.
Qlobal anlamda, pandemiya nəyi ortaya çıxardı? Bu gün insanlar sadəcə yaşamaq və mövcud olmaq uğrunda mübarizə aparırlar, həyatın, varolmanın qiyməti artır. O baxımdan, dünya səhiyyəsi bəzi problemləri həll edə bilər. Böyük dövlətlər, insan həyatı ilə bağlı məsələlərdə dəyişikliklər apara, beynəlxalq təşkilalatların fəaliyyətinə yenidən baxa bilərlər. Məsələn, Merkel karantin rejimi ilə bağlı məhdudiyyətlər haqqında danışanda bir neçə dəfə vurğuladı ki, biz başa düşürük, insanları evdə oturmağa məcbur eləmək demokratiyaya ziddir və s. Yəni bu cəmiyyət, xüsusən, Avropa cəmiyyəti sosial-demokratiya məskənidir. Amerikada bir az fərqlidir, orda daha çox liberal-demokratiyadır. Həmin cəmiyyətlər öz yolları ilə gedəcək. Problem, dərd bizim kimi cəmiyyətlərdir – həm xırda, həm də rəngi, formatı bəlli olmayan cəmiyyətlər. Biz hansı yolu gedəcəyik? Bundan sonra neynəyə biləcəyik? Bunlar ənənəvi suallardandır və təəssüf ki, həmin suallar yenə də aktual olaraq qalacaq. Əlbəttə ki, pandemiyanın özünəməxsus dərsləri də olacaq və yalnız ağıllı adamlar bu dərslərdən nəticələr çıxara biləcəklər.
– Elə bil, pandemiya daha çox insanların instinktlərini üzə çıxardı, nəinki dəyərlərə meyllərini.
– Doğrudur. İnsan üçün əsas instinkt nədir? Yaşamaq, təhlükəsizlik və özünüqoruma hissi. Birinci burdan başlayır. Amma sonra dərkolunmuş dəyərlər sisteminə münasibət ortaya çıxır. Əslində bu gün pandemiya insan və cəmiyyətlə bağlı bir çox məsələləri qabardır: yaxşılar, pislər, insan həyatı, xeyirxahlıq, mərhəmət, şəfqət və təbii ki, bunların əksi olan hisslər. İstənilən hadisə insanın xislətində, alt qatda olanları üzə çıxarır. Məsələn, həkimlər necə böyük mübarizə aparırlar? Avropada, lap elə bizim özümüzdə də. Bir neçə gün əvvəl bir həkim soydaşımız koronavirusdan rəhmətə gedib. Fədakarlıq nümunəsidir, ruhu şad olsun! Biz həmişə həkimləri və müəllimləri çox tənqid eləyirik. Amma indi məlum olur ki, heç də hər şey birrəngli deyil. Savadsız həkimlər olduğu kimi vicdanlı, fədakar və bilikli həkimlər də var. Yəni biz heç nəyə ağ və qara rəngdən baxmamalıyıq.
Bilirsiniz, o yerdə ki insan var, insanın özünüqoruma, yaşama instinkti var, təbii ki, onlar bir dalğa kimi önə gəlir. Amma uzun müddət dayanmır və o qorxu, instinktiv hərəkətlər yerini dəyərlərə verir. Baxın, Azərbaycanda da könüllülər var, dünya da bir-birinə yardım eləyir, bir-birilərinə düşmən, ya da dost münasibətdən asılı olmayaraq təcrübələrini bölüşür. Dünya dərk eləyir ki, ümumi və görünməz düşmənə qarşı birlikdə mübarizə aparmaq mümkündür. Bu gün bu var. Amma sabah, məsələn, nüvə təhlükəsinə qarşı yenə birlikdə mübarizə aparacaqlarmı? Odur ki, dünyada mövcud olan tendensiyalar, o cümlədən təhlükəsizliklə, insan həyatı ilə bağlı yeni düşüncələr var. Məsələn, pandemiya yaxşı yazı, roman, kino mövzusu ola bilər. Kino xadimlərinin, yazıçı və ssenaristlərin bu gün baş verənləri ssenariləşdirmək imkanları var: pandemiya şəraitində insan xarakteri, qarşılıqlı münasibətlər, nifrət, sevgi, ailədaxili problemlər, gənclər… Bunların hamısı hekayə, roman, pyes və ekran üçün çox cazibədar mövzulardır. Əlbəttə, söhbət yaxşı nümunələrdən gedir.
– Yeri gəlmişkən, Mədəniyyət Nazirliyi və AYB artıq bu istiqamətdə fəaliyyətə başlayıb, pandemiya ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan eləyib. Belə çıxır ki, bu, vaxtında atılmış addımdır? Hərçənd sosial şəbəkələrdə bir az məzə obyekti oldu. Sovet dövründəki beşillik plandoldurma mövzusundakı ədəbi müsabiqələri xatırlatdı.
– Əvvəla, bizim sosial şəbəkələrdə az qala hər şeyin məzə obyektinə çevrilməsinin nə qədər ciddi əsası varsa, bir o qədər də təhlükəsi var. İkincisi, bu yaradıcılıq-yazı müsabiqəsinin mahiyyətində sovetlərdən qalma bir şüarçılığın olması da faktdır. Amma mən həqiqətən, pandemiya ilə bağlı nazirliyin və AYB-nin elan etdiyi hekayə müsabiqəsinin gərəkli olduğunu görürəm. Çünki dediyiniz sovet beşilliklərinə aid müsabiqələrin ideoloji məqsədi var idi, yazıçı hadisələri, qəhrəmanları bu ideologiyadan keçirib müsbət obrazlar yatatmalı idi. Amma pandemiya mövzusu cazibədar olduğu qədər də fərqlidir. Burada insan həyatı, yaşamaq uğrunda mübarizə, ətraf mühitlə kontakt, instinktlər və şüurlu davranış, insan taleyi, ziddiyyətli addımlar, mənəvi mənzərə, cəmiyyətin dəyərlər sistemi, fərdin sosial-psixoloji portreti və s. bədii yaradıcılıq üçün çox zəngin material verir. Və insan qəlbinin mühəndisi olan yazıçı bu zənginlik içərisində ciddi manevrlər edə, dövrümüzün, situasiyanın və müasirimizin bədii portretini yarada bilər.
– Adətən, insan rasional izah edə bilmədiyi gözlənilməz hadisələrlə üzləşəndə baş verənlərə ilahi, fövqəl anlamlar yükləməyə, sətiraltı mənalar tapmağa çalışır. Pandemiyanı da əksəriyyət təbiətin insanlara cəzası, ya da dayanıb əməllərini gözdən keçirmək üçün fürsət kimi yozmağa çalışır. Sizcə, bu fikirlərdə məntiq var, yoxsa olanları bu qədər şişirtmək lazım deyil?
– Əvvəla insanın xarakteri, zəifliyi belədir: bir şeyi bacarmayanda, yaxud onun qarşısında çarəsiz qalanda başlayır ilahi qüvvələrə inanmağa. Allaha inam və s. bunlar insanın təsəllisi, ruhunun ehtiyacı və müəyyən mənada onun idarə olunmasıdır. Əgər bu gün pandemiya, insanın bəd, şeytani əməllərdən çəkinməsi üçün ona düşünmək imkanı verirsə, insanın allaha səmimi inamını artırırsa, virusu allahın göndərdiyi bir bəla kimi düşünmək insanların özünə qayıtmasına, ekologiyanı korlamamasına, bir-birinə səmimi olmasına, şeytaniyyətdən uzaqlaşmasına şərait yaradırsa, insanı mənən, ruhən təmizləyirsə, mən belə fikirlərin gündəmdə olmasına normal baxıram.
– Əgər sivilizasiyanın tənəzzülü ilə bağlı məşhur nəzəriyyədən çıxış eləsək, bu gün baş verənlərə – pandemiyaya, əsas risk qrupuna yaşlıların daxil olmasına – cəmiyyətin, ya da təbiətin özü-özünü yeniləmək cəhdi kimi baxmaq olarmı?
– Bir az mübahisəli fikirdir. Amma prosesin özü, təxminən, siz deyən kimi gedir. Bəlli bir yaşdan sonra insanın xəstəliklərə qarşı müqaviməti azalır, immuniteti zəifləyir. Ona görə də yoluxma və ölüm halları daha çox yaşlı insanlar arasında baş verir. Amma mənfi tendensiyalardan danışırıqsa, nəyə görə belə fikirlər yaranır? Guya yaşlılar ölüb gedəndən sonra təzələnmə olacaq? Yoxsa gələn nəsil imam övladı olub qəbahətlərə yol verməyəcək? Mənim düşüncəmə görə, burda məsələyə bir az da qeyri-insani baxış var. Məsələn, səksən neçə yaşında bir kişinin ölüm xəbəri getmişdi, çox ironik yanaşmalar oldu ki, “80 yaşayıbsa, bəsidir”. Yaxşı ki, sonra belə hallar aradan qalxdı. Əvvəla, hər kəs allahın ona verdiyi ömrü yaşayır. “Ac həriflər”də məşhur dərvişin dediyi kimi, o şey ki olmalıdır, olacaq, o şey ki nəzərdə tutulmayıb, olmayacaq.
Əlbəttə, insan nəsillərinin təzələnməsi təbii bir prosesdir. Ona görə də pandemiya şəraitində yaşlı və xəstə adamların ölümünə belə yanaşmanı doğru saymıram. Hərçənd kimsə bunu belə də qiymətləndirə bilər. Amma mənim düşüncəmə görə, heç kim bir başqasının həyatını yaşamır. Ona görə də, bir nəslin pandemiya, xəstəlik, virus səbəbindən aradan çıxması yeni nəsil üçün heç nə vermir. Bu, bir dərsdir, bir situasiyadır, düşünmək üçün fürsətdir. Bu barədə danışmaq olar, ancaq pandemiyanın yaşlı nəsli sıradan çıxardığını düşünmək… Bunu çox da humanist, insani yanaşma hesab eləmirəm.
– Mən sivilizasiyanın ölümü nəzəriyyəsi ilə paralel aparmaq baxımından soruşdum.
– Bəlli bir yaşdan sonra insana yeni qan vururlar ki, qan dövranının ritmi dəyişsin. İnsanın orqanizmi, bədən üzvləri yeni qan qəbul eləyir və daha effektli işləyir. Bu baxımdan, əlbəttə.. Amma doğrudan da, nəsillərin belə sürətlə dəyişməsinə, təzələnməsinə ehtiyac varsa, deyim ki, pandemiya bunun üçün heç də yaxşı variant deyil. Yaşlı adamlar bu dünyaya yük deyil, onlara təhlükə mənbəyi kimi baxmaq da məncə, uca və mərhəmətli dediyimiz allahın iradəsindən kənar məsələdir.
– Statistik məlumatlarda xüsusi vurğulanan məsələlərdən biri də odur ki, özünütəcrid dövrü başlayandan bəri ən sivil ölkələr, məsələn, Fransadan tutmuş Çinə qədər dünyanın hər yerində ailədaxili zorakılıqların, boşanmaların sayı artıb. Belə çıxır ki, sən demə, insanlar bu vaxta qədər bir-birinə sadəcə dözürmüşlər. Bəs o romantik şeirlər, filmlər, mahnılar – bunlar hamısı özünü aldatmaymış?
– Mən bu məsələnin kütləvi şəkil aldığına inanmıram. Bəlkə hansısa Şərq ölkəsində belə şeylər baş verir. İş ondadır ki, o ailələrdə ki əvvəldən zədə, bir-birinə dözümsüzlük olub, pandemiya onu çox-çox böyüdə bilər. Amma bunun əksi olan nümunələr də var, insanlar bir-birilərinə nə qədər gərək olduqlarını hiss eləyirlər. İndiki sosial təcrid ailələr üçün də bir sınaqdır, bu sınaqdan keçən də olur, keçməyən də. Ölkələr də, cəmiyyətlər də belədir və təbii ki, bu şəraitdə ailə cəmiyyətin bir mini modeli və göstəricisi kimi ortaya çıxır. Deməyim odur ki, mən pandemiya şəraitinin çox zorakılıqlara yol açdığına inanmıram. Yalnız əvvəllər problemli olan, kişi və ya qadının müxtəlif səbəblərdən evə yovuşmadığı ailələrdə belə hallar qabara bilər. Bizdə də sosial şəbəkədə zarafatla “Kişilər klubu” yaradıblar, maraqlı yumorlar olur. Yaxşıdır, qoy yumor olsun. Ya da qadınlar əvvəllər kişilərə iş gördürə bilmirdilər, indi əllərinə fürsət düşüb. Qoy eləsinlər. Burda pis heç nə yoxdur.
– Siz də evdar kşilər klubunun üzvüsünüz?
– Yox, o şərəfə nail olmamışam, amma paylaşımlar olanda görürəm. Təbii ki, zarafat kimi baxıram ona. Məncə, qadın həmrəyliyi olduğu kimi, bir kişi həmrəyliyi də olmalıdır. Qruplar-filanlar.. olsun, bu da bir xətdir. Belə həmrəyliyin olmağı işin xeyrinədir. Yəqin ki, orda fikir mübadiləsi də apara bilirlər ki, evdə xanıma hansı həddə qədər itaətkarlıq göstərmək olar. Əslində artıq o yük iki adamın çiynindədir. Ailədə kişi diktaturası olan yerdə onun qarşısına bir qadın hökmranlığı çıxır və bu balansı qorumaq lazımdır. Məncə, ailə üzvləri bir-birlərinə güzəştə gedəndə, güzəşti bacaranda heç bir konflikt olmur. Şübhəsiz ki, biz müsəlman ailəsiyik və mənim düşüncəmə görə, burda aparıcı qüvvə, atmosferi müəyyənləşdirən tərəf qadınlardır. Bizim çox gözəl atalar misalımız var: deyir, ho var, dağa qaldırır, ho var, dağdan endirir. Yəni gərək birinin sözü o birinin boğazından keçsin. Bu, bir az pedaqoji öyüd-nəsihətə oxşayır, amma hər halda indi ailə daxilində də tərəflər o dözümlülük testindən keçirlər. Qadın var ki həyat yoldaşını evdə bu qədər müddət görməyib. Kişi var ki, evdə qalmağa başlayandan “mənim necə gözəl həyat yoldaşım var imiş, nə qədər yaxşı qabiliyyətləri var imiş” qənaətinə gəlib. Təbii ki, bunun tərsini deyənlər də var.
– Sizin xanımınız üçün nəsə dəyişibmi deyə soruşmaq istəyirdim. Amma başdan dediniz ki, yenə evdə çox olmursunuz.
– Bizdə əvvəldən qarşılıqlı anlaşma şəraiti olub. Sabitlikdir. Həm də birinci dəfə deyil ki, evdə qalıram. Əvvəllər də bəzən istirahət günləri bütün vaxtı evdə olmuşam…
– O bir gündür. Bir də var – bir ay və günün 24 saatı.
– Bəlkə bəziləri daha patriarxal düşünür, amma mənə elə gəlir ki, evi idarə eləyən xanımdır. Evdə qalmaq qadını ikiqat-üçqat istismar etmək, dəqiqəbaşı “yemək gətir”, “çay gətir” demək mənasına gəlmir. Çay istəyirsən, dur, get, özün süz, dünya dağılmayacaq. Mənim düşüncəmə görə, bu, artıq tərbiyə məsələsidir, ailəni, qadını dərk etmək məsələsidir. Gənc ailələrdə bununla bağlı problemlər ortaya çıxa bilər, amma bəlli bir ömür yaşayan ailədə o cür konfliktlərin ortaya çıxması böyük eybəcərlikdir. Təsəvvür eləyə bilmirəm ki, uzun illər bir yerdə yaşayasan, ancaq üç gün, beş gün, bir ay bir yerdə qalanda özünü apara bilməyəsən. Bunlar bir az məişət söhbətləridir, amma görünür ki, bunları da eləmək lazımdır.
– Qulu müəllim, günümüzdə internet zatən aktual idi, amma pandemiya onu, onlayn rejimi daha da aktuallaşdırdı. Necə fikirləşirsiniz, bu, televiziyaların gündəmdən düşməsinə gətirib çıxara bilərmi? Kino da addım-addım internet formatına keçir. Netflix artıq balaca ekranlar üçün filmlər istehsal eləyir. Eyni şey televiziya üçün də realdırmı?
– Çox ciddi məsələyə toxunursunuz, amma gəldiyiniz nəticə, məncə, mübahisə doğurur. Əslində bəli, indiki şəraitdə bizə oksigen verən, dərdimizi, problemlərimizi nisbətən yüngülləşdirən internetdir: məlumatlar alırıq, filmlərə baxırıq və sair. Amma televiziyanın özü də internetin içərisindədir. Yəni bu gün televiziyaya baxanların da sayı çoxalıb. Bu, təbii və düşünülmüş situasiya deyil. Yəni qəfil qapalılıq, informasiyasızlıq istər-istəməz televiziyanın da auditoriyasını genişləndirib. Məsələn, bəzi televiziyalarımız yaxşı işləyirlər: informasiya, həkim çıxışları verirlər, profilaktik mesajlar var, sosial çarxlar çəkilib göstərilir. Demirəm, hamısı uğurludur, amma var. Lakin bəzi televiziyaların və aparıcıların özlərini həddindən çox şişirtməsi, özlərini guya nəsə qeyri-adi bir iş görürmüş kimi göstərməsi, “biz sizin üçün işləyirik, siz də evdə qalın” kimi mənasız çağırışlar etməsi yanlışdır. Bizim TV-lər uzun illərdir ki, gərəkli məlumatlandırma işi görmürdü, cəmiyyətə təsiri də yox idi, amma indi onun hazır, toplanmış auditoriyası var, insanlar məcburən ekranın qarşısındadırlar və o, auditoriyaya mesajlarını verə bilir. Ancaq bununla nə televiziya interneti öldürür, nə də internet televiziyanı. İnternet bir vasitədir.
50-ci illərin ortalarında televiziya da populyarlaşanda belə bir fikir var idi ki, artıq kinoya, teatra gedən olmayacaq, televiziya kinonu öldürəcək. Bu barədə fransız sosioloqu Jan Kokto maraqlı fikirlər yazıb. İndi də internetin televiziyanı tam məhv eləyəcəyi anlayışı, mənim fikrimə görə, doğru deyil. Hərəsi öz yoluyla gedəcək. Amma televiziya əvvəlki kimi hakimlik edə, insanların şüuruna, ağlına, vaxtına hakim kəsilə bilməyəcək. Çünki məsələn, telefon-internet mənim əlimdədir və hazırda bütün dünya burda, bu ekrandadır. Mən yutuba da burdan baxıram, votsapla danışıram, foto-videolar alıram, elektron poçtumu da burdan yoxlayıram. Təbii ki, bunlar internetsiz mümkün deyil. Odur ki, internetin öz yeri var, öz xətti ilə gedəcək, daha da genişlənəcək, çünki artıq onun tətbiq sahələri həddindən artıq genişlənib. Təhsil, təbabət, ölkənin idarə olunması, informasiyanın idarə olunması… Vaxtilə Aya gedənlər kosmik gəminin içindən reportajlar verirdilər. İndi bu funksiyanı internet daha geniş bir şəkildə yerinə yetirir. İnternetin perspektivi ilə bağlı ən ciddi yenilik isə yaxınlarda auternet sisteminin işə düşməsi olacaq. Həmin sistem interneti kosmosdan yerə verəcək. Afrika cəngəlliklərindən tutmuş Ərəbistan səhralarına qədər dünyanın hər yerində auternetə pulsuz-parasız rahat qoşulmaq mümkün olacaq. Dünyanın gələcəyi bundan keçir. Deməli, televiziyanın müəyyən effektli işinə baxmayaraq, indi internetlə müqayisədə o qədər də cazibədar deyil. Çünki biz televiziyadan istədiyimizi ala bilmirik. Televiziya bizə öz istədiyini verir. Amma internetdən öz istədiyimizi ala bilirik. Bunlar çox ciddi məsələlərdir. Burda həm sosioloji, həm də ciddi kulturoloji aspektlər var. Və hesab eləyirəm ki, internetlə televiziyanı eyni rinqə çıxardanda internetin imkanları daha böyük görünür. Buna da təbii baxmamız lazımdır.
– Belə görünür ki, sosial məsafənin qorunması, özünütəcrid prosesi birdən-birə yox, mərhələli şəkildə bitəcək. Sizcə, insanlar qucaqlaşmağı yadırğamazlar? Ümumiyyətlə, belə şeyi yadırğamaq mümkündür?
– Doğrudan, maraqlı məsələdir. Məsələn, elə doğma adamlar var ki, indi onları görəndə qucaqlamamaq üçün özümü güclə saxlayıram. Sosial izolyasiya söhbəti yaranandan sonra baxdım ki, ilahi, nə qədər qucaqlanmalı, nə qədər bağıra basmalı insanlar var, bizsə bundan məhrum olmuşuq. Bu, çox pis situasiyadır. Geniş mənada sosial izolyasiyanın özü də canlı, yaxın ünsiyyətin nə qədər vacib olduğunu göstərdi. Biz adamlarla təkcə semiotik işarələrlə danışmırıq, onları həm də əl-ələ tutaraq, göz-gözə baxaraq, nəfəsini hiss eləyərək anlayırıq. Odur ki, məncə, yox! Məncə, bundan sonra insanlar daha odlu-alovlu, daha səmimi, daha ürəkdən qucaqlaşacaqlar. Və o gün nə qədər tez olsa, bir o qədər yaxşıdır.
Söhbətləşdi: Aygün Aslanlı