Yalnız finalda bilirik ki, Lars fon Trierin “İdiotlar” filminin qəhrəmanı övladını itirib. Ağrıyla nə edəcəyini bilməyən qadın doğmalarına nəsə demədən evdən baş götürüb gedir və ictimai yerlərdə ağıldankəmliyi imitasiya edən qrupa qoşulur. Əhvalatboyu susqun, müşahidəçi mövqedə qalan Kareni görürük. Sonda evə qayıdanda doğmaları onu baxışları, sükutu ilə oğlunun dəfninə gəlməməkdə, laqeydlikdə ittiham edir. Lakin yenə də biz tamaşaçılar bilirik ki, ən böyük ağrını məhz Karen daşıyıb. Başa düşürük ki, rolunu sakit, statik vəziyyətdə oynayan qadın əslində, hadisələr boyu emosional şok içərisindəymiş…
Yeni il ərəfəsində Whatsapp statuslarında bir neçə tanışımın “Məni yeni ildə təbrik etməyin” bəyanatına rast gəldim. Yeni il təbrikini, yolka qurmağı Qarabağdakı itkilərimizə görə doğru saymayanlar – əksini edənlərə sosial şəbəkələrdə hücuma keçərək qınayırlar.
Mən bu il dostlarımı və hörmət etdiyim insanları təbrik elədim. Təbriklərimizin əsasında, daha çox bu arzu və dualar dayanırdı: itkilərimiz olmasın, ölkəmizdə rifah və firavanlıq olsun, itkini yaşayan insanlar və hamımız təskinlik tapaq, daha çox azadlıq və sağlamlığımız olsun. Təbrik həm də duadır, mənəvi dəstəkdir, sevgini və kədəri paylaşmaqdır, ünsiyyətdir, sıxıntılarımızı birlikdə aşmaq, necəsə yaşamağa davam etmək cəhdidir. Həmçinin, sevgiyə və duaya ehtiyacı olan tənha insanları xatırlamaq, onları sevindirməkdir.
Gərək ki, bir dəfə yazmışdım: mentalitetimizdə bir qayda olaraq kədəri, ağrını ifadə etməyin başlıca ifadəsi kimi göz yaşı, ağlamaq, kədərli cümlələr qəbul olunur. Halbuki itki, ağrı ən müxtəlif vəziyyət və vasitələrlə ifadə edilir. Bu, həm də fərdin təbiətindən, temperamentindən qaynaqlanır. Yuxarıda qeyd etdiyim – Karenin nümunəsində olduğu kimi.
Onsuz da min cür problemlərimiz vardı, bunun üstünə bir də pandemiya qayğıları, müharibədə itirdiklərimiz gəldi. Digər tərəfdən virusdan həyatını dəyişənlər, mənzillərə həbs olunmağımız. Ölkədə kütləvi yığışmaq, bayram keçirmək zatən qadağandır. Stressdən qurtulmaq, ağrını unutmaq, özümüzü ovutmağın, müvəqqəti yaxşı əhvaldan ötrü yolka qurmağın, bayram süfrəsi açmağın nəyi pisdir ki? Hələ o evdə uşaqlar varsa, onları quruca yolka ilə niyə sevindirməyək ki?
Bəlkə fişəng atanların arasında elə adam var ki, fişəngi yeni ildə məhz şəhidlərin xatirəsinə atıb? Ola bilməzmi?! Yəni, təbrik etməyin, yolka bəzəməyin, yaxud onun fonunda şəkil çəkdirməyin, fişəng atmağın müxtəlif niyyəti, səbəbi ola bilər ki, bunun vətənpərvərliklə, şəhidlərimizə sayğısızlıqla əlaqəsi yoxdur.
Məgər yad etməyin, sayğının göstəricisi mütləq ağlayıb- sızlamaq, kədərli statuslardır? Yoxsa publika qarşısında kədərli görünüş və kədərli nitqlər səmimiyyətin göstəricisidir? Bu isterika, göstərişli duyğu sümürücülüyü mədəniyyətini hamımız mənimsəməyə, onu daşımağa niyə borclu olmalıyıq axı?! Bəlkə də qınayan adamların evlərinə gizli kamerayla baxılsa, məlum olar ki, yolka da qurublar, plov da bişirblər, üstəlik paytaxt salatı da hazırlayıblar.
Problem odur ki, müxtəlif səbəblərdən bizim cəmiyyətdə əksər insanların özünü ifadə çətinlikləri olduğundan ona-buna əsassız şəkildə moralist pafosla hücuma keçirlər. Başqa bir problem isə xalqımızın hamını hər şeyə eyni yanaşmağa məcbur etməsidir. Görünən hər şey həqiqət deyil: kədər gerçək kədər, sevinc gerçək sevinc olmaya bilər. Çünki gerçəklər, ağrılar çox vaxt dərində gizlənir.
Karen öz ağrısını qəlbinin dərinliyində gizlətdiyi və göstərmədiyi kimi.
P.S. Mümkündürsə, kameranı görcək ağlayan riyakarlardan olmayaq.