Detektiv deyəndə ən, ən, ən birinci yadınıza kim düşür? Təbii ki, Şerlok Holms. Britaniyalı həkim, tarixi romanlar müəllifi, ser Artur Konan Doylun, iş yoldaşı Cozef Beldən ilhamlanıb yazdığı və müəllifinə dünya şöhrəti gətirən beyker-stritli özəl xəfiyyənin sərgüzəştləri.
A.K.Doyl Şerlok Holmsa 56 hekayə və 4 povest həsr eləmişdi. Əksəriyyəti Holmsun dostu doktor Vatsonun dilindən danışılan əhvalatlar o qədər məşhurlaşmışdı ki, A.K.Doyl özü yaratdığı personajı qısqanmağa başlamışdı. Doyl, detektiv janrının klassikası sayılan “sərgüzəştləri” yüngül ədəbiyyat hesab eləyir, oxucuların onu digər, daha ciddi əsərlərindən üstün tutmasına əsəbləşirdi. Odur ki, müəllif personajını professor Moriarti ilə döyüşdə öldürür. Bundan qəzəblənən oxucuları A.K.Doylu əsl məktub atəşinə tutaraq sevimli xəfiyyələrini diriltməyə, sərgüzəştlərin davamını yazmağa məcbur eləyirlər. Deyilənə görə, hətta kraliça Viktoriya da Şerloku öldürməməsi üçün yazıçıya məktub yazıbmış.
Britaniyalı sosioloqların 2011-ci ildə apardıqları sorğunun nəticələrinə görə hər beş britaniyalıdan biri Şerlok Holmsun real insan olduğuna inanır.
Şerlok Holms həm də çox uğurlu kinoobrazdı. Əfsanəvi xəfiyyənin macəraları ekranizasiya sayına görə Ginnesin rekordlar kitabına düşüb- keçən əsrin əvvəllərindən bu günə qədər ona 211-dən çox film həsr olunub, 75-dən çox aktyor Şerlokun qəlyanını çəkib, yerişini yeriməyə çalışıb. Şerlok Holms həm də mavi ekrana köçürülən ilk ədəbi obrazdı.
Və bu ilk, 1900-cü ildə ABŞ-da baş verib.
“ŞERLOK HOLMS ÖZÜNÜ İTİRİR”
…adlanan qısametrajlı, səssiz filmin (ingiliscə – “Sherlock Holmes Baffled”) rejissoru və operatoru Artur Marvin idi.
Süjetə görə Şerlok Holmsun evinə oğru girir və onun gözləri önündə bir kisə əşya yığır. Oğru gah görünüb, gah da yoxa çıxdığından Şerlok nə baş verdiyini anlamır. Finalda oğru yoxa çıxır, Holms isə çaşqın halda otağın ortasında dayanır.
Şerlok Holms haqqında filmlərin araşdırıcısı Maykl Poynter hesabatlarında pavilyonda, bir rakursdan çəkilmiş filmin lentdə illüziya effektlərini sınamaq, ya da mutoskop, yaxud hansısa başqa cihazı təcrübədən keçirmək məqsədilə meydana çıxdığını yazır. Hər halda filmdə istifadə olunan «stop-kadr» effektini Marvindən əvvəl ilk dəfə 1896-cı ildə Jorj Melyes istifadə eləyib.
“Şerlok Holms özünü itirir” filmi çəkildiyi vaxtdan üç il sonra qeydiyyata alınıb, titrlərdə aktyorların adları yoxdu. 1968-ci ilə qədər filmin yeganə nüsxəsi itmiş hesab olunurdu. 1968-ci ildə Maykl Poynter ABŞ konqressinin kitabxanasında, arxiv materiallarının arasında filmin kartlarını tapır və onların əsasında 30 saniyə bərpa edilir. İş ondadı ki, 1912-ci ilə qədər kinofilmlər, müəlliflik hüquqları haqqında qanuna daxil olmadığına görə studiyalar arxivə lentləri yox, kadrlar basılmış kartlar verirdilər. Kinokadrla eyni ölçüdə olan həmin kadrlar son dərəcə həssas kağızdan hazırlanır və fotoya bənzəyirdi.
“Şerlok Holms özünü itirir”dən sonra XXI əsrə qədər britaniyalı özəl xəfiyyənin macəralarından bəhs eləyən filmlərin, demək olar ki, hamısı eyniadlı və çoxseriyalıdı- “Şerlok Holmsun macəraları”. Onları bir-birindən fərqləndirən Holmsla Vatsonun üzü, yaşı, boy-buxunudu – yəni aktyorlardı. Və aktyorların arasında ifası ilə qəhrəmanını özəlləşdirə bilən, adını Holmsun ekran versiyalarının tarixinə yazanlar da var. İngilis mənşəli aktyor Bezil Retboun kimi…
ORİJİNALA ƏN YAXIN ŞERLOK HOLMS (ABŞ-1939-1946)…
…30-cu illərdə Hollivudda tarixi filmlərdə, ekranizasiyalarda oynadığı mənfi qəhrəmanlarla populyar olan Filipp Sent Con Bezil Retboun əsl şöhrətin dadını, 1939-46-cı illər arasında çəkilmiş “Şerlok Holmsun macəraları” silsiləsindəki Holms rolu ilə öyrənmişdi. Sovet insanı üçün Vasili Livanov kimdisə, amerikalılar üçün də Bezil Retboun odu. Retbounun Holmsu orijinala ilk ən yaxın kinoobraz hesab olunur. Dahi xəfiyyə onun ifasında sakit, sirli, enerjilidi. Retbounun tərəf müqabili Naycel Bryusun Vatsonu isə astagəl, hər şeylə maraqlanan və qayğıkeşdi.
Əslində “XX Centure Fox” studiyası silsilə çəkməyi planlaşdırmırdı. Lakin «Baskervillərin iti» adlı ilk film (rejissor Sidni Lanfild) kassa rekordu vurduğundan studiya bir filmlə kifayətlənməmək qərarına gəlir, Şerlok Holmsun macəraları haqqında daha on dörd film çəkilir.
Retbounla Bryus kinoda onlara uğur gətirmiş cütlüyü radio, televiziya tamaşalarına, teatr səhnəsinə də daşıyıblar.
Bezil Retbounla Naycel Bryus kinematoqrafiya tarixində ilk məşhur Şerlok Holms və doktor Vatson sayılır.
DOĞMA, ƏZİZ ŞERLOK HOLMS:
“ŞERLOK HOLMSLA DOKTOR VATSONUN SƏRGÜZƏŞTLƏRİ”
(SSRİ 1979-1986)
Rejissor İqor Maslennikov, Konan Doyl yaradıcılığının pərəstişkarı deyildi. Amma Yuli Dunski ilə Valeri Fridin (“Parla, parla, mənim ulduzum”, “İki dost vardı” filmlərinin ssenari müəllifləri) təqdim etdiyi ssenaridəki ideya, Şerlok Holmsla doktor Vatsonun münasibəti ürəyinə yatır. 1979-cu ildə “Lenfilm” kinostudiyasına təqdim olunan ssenaridə Holms Skotland-Yardın rəsmi polis sisteminə qarşı qoyulurdu. Onun üçün ən əsası – yardım göstərmək idi və əksər hallarda Holms bunu təmənnasız eləyirdi.
Maslennikov ssenarini oxuduğu anda Holms rolunu kimin oynayacığını özü üçün müəyyənləşdirir – məşhur xəfiyyəni Vasili Livanov canlandırmalı idi. Ədaləti qorumaq naminə formal kastinq keçirilsə də, rejissor qərarını dəyişmir. Qızğın temperamentinə, üsyankarlığına görə rəhbərlik tərəfindən sevilməyən cəngavər təbiətli Livanov Maslennikovun təkidi ilə Holms roluna təsdiqlənir.
Ədəbi variantda zahiri görkəminə, xarakterinə diqqət ayrılmayan Vatsonu isə uzun müddət axtarmalı olurlar. Bir gün aktyorların fotolarını nəzərdən keçirən Maslennikovun gözü aktyor Vitali Solominin bığlı şəklinə sataşır. Rejissor xatirələrində yazır ki, “şəkli görən kimi “Konan Doylun özüdü ki?! Kürən, qırmızı ənsəli, fındıqburun, çilli Edinburq ingilisi” deyə düşündüm. Solomin, mənə həm də Stenli Kramerin “Bu çılğın, çılğın dünya” filmində oynayan ingilis komiki Terri Toması xatırlatdı.”
Beləliklə, Solomin də təsdiqlənir.
Filmin sifarişçisi- Dövlət Televiziyası, Missis Hadson roluna seçilmiş Rina Zelyonayanın namizədliyini də narazı qarşılayır. Çünki aktrisa bu rola təsdiqlənəndə 77 yaşına qədəm başmışdı. Telestudiya “biz onu Moskvadan Leninqrada necə aparıb gətirəcəyik?” deyə R.Zelyonayanı dəyişdirməyi tələb eləyir. Ancaq Maslennikov bu dəfə də dediyindən dönmür və istəyinə nail olur.
“Şerlok Holmsla doktor Vatsonun sərgüzəştləri” silsiləsinin sadə, amma unudulmaz musiqisi də ayrı bir əhvalatdı.
Bəstəkar Vladimir Daşkeviç İqor Maslennikovla artıq bir neçə dəfə əməkdaşlıq eləmişdi. İkisi də bir-birini çox yaxşı anlayırdı. Ancaq “Holms”da bəstəkar uzun müddət rejissorun ondan nə istədiyini başa düşmür. Maslennikov əsas leytmotiv kimi BBC-nin çağrı siqnalına bənzəyən musiqi istəyirdi. Sovet İttifaqında isə kapitalist ölkələrin radiodalğaları qısıldığından Daşkeviçin BBC-ni dinləmək imkanı yox idi. Nəhayət, Maslennikov bütün bir günü və gecəni düşmən dalğasını tutmağa sərf eləyir. İstəyinə nail olan kimi Moskvaya zəng vurub yazdığı səsləri telefonla bəstəkara dinlədir. “Bunda çətin heç nə yoxdu” deyən bəstəkar dəstəyi fortepianonun yanına qoyur və hər eşidəndə yaddaşlarımızı isidən tanış notları çalır.
Ümumiyyətlə, “Şerlok Holmsla doktor Vatsonun srəgüzəştləri” çoxseriyalı filminin çəkiliş prosesi maraqlı hadisələrlə zəngindi.
Vasili Livanov birinci seriyanın çəkilişləri bitənə qədər Konan Doylun yazdıqlarına gözünün ucu ilə də baxmayıb. Aktyor, “Sizin Şerlok Holms” adlı kitabında bu barədə danışarkən beynində yaratdığı obrazı itirmək istəmədiyini, yalnız çəkilişlər bitəndən sonra kitabın üzünü açdığını deyir.
Maraqlıdı ki, personajların filmdəki münasibətləri ilə onları oynayan aktyorların həyatdakı münasibətləri paralel olub. Məsələn, Holmsla Moriarti – Vasili Livanovla Viktor Yevqrafov həyatda da rəqabət aparıblar, bir-birilərindən xoşları gəlməyib. Solominlə isə əksinə… 1979-cu ildə çəkiliş meydançasında tanış olan aktyorlar 2002-ci ildə Solomin dünyasını dəyişənə qədər yaxın dost olublar. Seriyaların arasında ən maraqlı çəkiliş prosesi də “Baskervillərin iti”nin payına düşüb, ən böyük uğur da. Yəqin, ona görə ki, o, eyni silsilədən olan digər filmlərdən seçilir. “Baskervillərin iti” seriyasından əvvəlki iki film tamaşaçılar tərəfindən o qədər yaxşı qarşılanır ki, Maslennikov artıq istədiyi aktyora cəsarətlə müraciət eləyə bilir. Adlı-sanlı aktyorların hamısı bu filmlərdə çəkilməyə can atırdılar. Onların arasında aktyor və rejissor Nikita Mixalkov da vardı. Lakin hər şey göründüyü qədər asan olmur. Gənc Baskervillin rolunu canlandıran N. Mixalkov çəkiliş meydançasına ayaq basan kimi Maslennikovu məsləhət atəşinə tutmağa başlayır. Ancaq Maslennikovun iradəsi sayəsində aktyor Mixalkov rejissor Mixalkova təslim olur. Mixalkovun vasitəçiliyi ilə heyətə qoşulan, Berrimor rolunun ifaçısı ssenarist, rəssam, aktyor və rejissor Aleksandr Adabaşyanın dediyinə görə, məxsusi olaraq çəkiliş üçün bişirilən və hər səhər gənc Baskervillin qarşısına qoyulan yulaf sıyığı o qədər ləzzətli imiş ki, çəkilişlər bitəndən sonra meydançaya bütün yaradıcı heyət üçün böyük bir qazan yulaf sıyığı gətiriblər. Berrimorun məşhur “Sıyıq, ser!” cümləsi isə aktyorun vizit kartına çevrilib.
Yalnız insanlarmı? Bu seriyalarda itlər də macəra yaşayıb. Yadınızdadısa, hekayədə Cek Steplton itə qorxunc görkəm verməkdən ötrü ona qaranlıqda işıq saçan fosfor sürtür. Çəkiliş meydançasında eyni fəndi təkrar eləməyə çalışanda nə görsələr, yaxşıdı? Sən demə, bu sadəcə müəllifin fantaziyası imiş. Əslində heyvan dərisinə çəkilmiş yad məhlulu dərhal yalamağa, ondan təmizlənməyə başlayır. Odur ki, filmin yaradıcıları çox fikirləşəndən sonra itin belinə yol nişalarında istifadə olunan parıltılı material yapışdırırlar.
İlk seriyası 1980-ci il martın 22-də ekrana çıxan 11 seriyalı “Şerlok Holmsla doktor Vatsonun sərgüzəştləri” dərhal bütün SSRİ-də populyarlaşır, qəhrəmanların sözləri aforizmlərə çevrilir.
Serial o qədər məşhurlaşır ki, yaradıcıları hər dəfə yorulub bitirmək istəyəndə tamaşaçılar məktub dalınca məktub göndərirdilər. Yeri gəlmişkən, onların arasında bakılı tamaşaçıların “ŞHD və DVD (Şerlok Holmsun dostları və doktor Vatsonun dostları)” imzası yazıb göndərdiyi məktub da var. Rejissor İqor Maslennikov “Avrora” qəzetinin iyul nömrəsində (1985-ci il) bakılı tamaşaçıların timsalında bütün holmssevərlərə cavab yazır və serialı niyə dayandırmaq lazım gəldiyini izah edir: (ixtisarla)
“Çox hörmətli ŞHD və DVD!
Sizin kimi mən də Şerlok Holmsu çox sevirəm. Amma kinoda bütün hekayələri ekranlaşdırmaq mümkün deyil. Yaxşısı budu, onları oxuyasınız. Kino da, televiziya filmləri də yalnız sənətin zirvəsinə çatanda sizin xoşunuza gəlir. Ola bilsin, siz bunu dərk eləmirsiniz – eləməyiniz vacib də deyil- amma bu həqiqətdir”.
Beləcə, 1986-cı ildə Şerlok Holmsla doktor Vatsonun Sovet İttifaqının teleekranlarındakı sərgüzəştləri başa çatır. Amma şöhrətləri yox…
Hələ xarici ölkələrlə divarların yıxılmadığı dövrdə serial qeyri-qanuni yolla Qərbi Almaniyaya, ordan da Holmsun vətəninə gedib çıxır.
Əfsanəvi xəfiyyənin vətənində rusiyalı Şerloku, Konan Doylun hekayələrinin ən yaxşı ekran versiyası hesab eləyirlər. İngilislər “ruslar bizim milli qəhrəmanlarımızı özümüzə qaytardılar” deyə sevinirlərmiş. Hətta “dəmir ledi” Marqaret Tetçer “Daily Mail” qəzetinə verdiyi müsahibələrin birində Holmsun sovet versiyasını sevdiyini deyib. Londonda, Beyker-stritdəki Holms muzeyində ən yuxarıda Vasili Livanovun portreti asılıb. 2006-cı il fevralın 23-də Livanov, Britaniya İmperiyasının Ordeni ilə təltif olunub. 2007-ci ilə Yeni Zellandiyada “Şerlok Holmsun macəraları” kitabının işıq üzü görməsinin yubileyi münasibətilə buraxılmış gümüş qəpiklərdən ibarət xatirə seriyasında Livanov, Solomin, Mixalkov və serialda çəkilmiş digər sovet aktyorları həkk edilib.
SEKSUAL ŞERLOK HOLMS (BÖYÜK BRITANİYA 1984-1985)
1984-cü ildə İngiltərədə məşhur bir televiziya prodüseri dünyasını dəyişir. Dəfnə yığışan həmkarları mərhum haqqında riqqətli nitqləri dinləyə-dinləyə “Şerlok Holmsun macəraları”nı ekranlaşdırmağın nə qədər maraqlı olacağını müzakirə eləyirlər. Mərasimin sonuna yaxın artıq baş rolun ifaçısı da müəyyənləşir. Aktyor Ceremi Brett. Britaniyanın seks-simvolu. Məzarlıqdakı “iclasdan” altı ay sonra Brett əfsanəvi xəfiyyənin qəlyanı əlində, maral ovçusu şlyapası da başında deduktiv metodun köməyi ilə ekranlarda cinayətləri açmağa başlayır və tezliklə Şerlokun ən yaxşı ekran versiyalarının siyahısına düşür.
C.Brett zahirən Konan Doylun təsvir elədiyi Şerloka çox oxşayır. Arıq, hündür, iti, sınayıcı baxışlar, nazik qartal burun, sivri çənə. İngilis tənqidçilərinin əksəriyyəti Cereminin oyununda sünilik görsələr də, bu, onun tamaşaçıların sevimlisinə çevrilməyinə mane olmur.
Və Vatson.. Onu əvvəlcə Devid Berk, sonra isə Edvard Hardvik oynayıb. Britaniya versiyasında Şerlokla Vatsonun dostluğu silsilənin əsas xətlərindən biri olsa da, ekranda Vatson obrazı bir qədər diqqətdən kənarda qalır.
“Şerlok Holmsun macəraları”nın bu versiyası tamamilə orijinala uyğun çəkilib. Yaradıcıları yalnız Holmsun narkotik maddələrə olan sevgisini çıxartmağa məcbur olublar. Çünki Kornueldə “Şeytan ayağı” seriyasının çəkilişləri zamanı meydançaya polislər təşrif buyurub və “Ümid edirik, siz narkotikdən istifadənin əleyhinəsiz?!” deyə ritorik bir sual veriblər. Prodüserlər də ağrımayan başlarına buz bağlamamaq üçün həmin seriyadan etibarən Holmsa narkotiki “tərgitdiriblər”.
KOMİK HOLMSLAR
a) “MİSS ŞERLİ HOLMS”: “MƏNİM SEVİMLI XƏFİYYƏM” – (1986; SSRİ)
Yenidənqurmanın qızğın vatxlarında Sovet kinosunda ironik, dövrə, rejimə qarşı gizli atmacalarla, söz oyunları ilə zəngin komediyalar dəb düşmüşdü. Qriqori Qorinlə Arkadi Haytın ssenarisi, Aleksey Simonovun rejissorluğu ilə çəkilmiş “Mənim sevimli xəfiyyəm” filmi də həmin axına aid filmlərdəndi.
Süjet: özəl xəfiyyə agentliyinin əməkdaşları miss Holmsla miss Vatson həm ən ağır cinayətləri çözürlər, həm də qadın olduqlarını və sevgini yaddan çıxartmırlar.
Filmdə eleqant və ironik Şerli Holmsu bu janrlı filmlərin vazkeçilməz aktrisası Yekaterina Vasilyeva, Ceyn Vatsonu Qalina Şepetova, inspektor Lesteri isə misilsiz Valentin Qaft oynayır.
“Mənim sevimli xəfiyyəm” filmi 1987-ci ildə Qabrovoda komediya filmləri festivalında ən yaxşı rejissor işi nominasiyasında mükafat qazanıb.
b) SAXTA ŞERLOK:
“DƏLİL-SÜBUTSUZ” (BÖYÜK BRİTANİYA; 1988)
rejissor Tom Eberhardt
Süjet: Şerlok Holms adlı şəxs mövcud deyil. Cinayətləri doktor Vatson (Ben Kinqsli) açır. Amma cəmiyyətin qınağından, işlədiyi institutda nüfuzunu itirməkdən qorxduğu üçün bunu Holms adı ilə eləyir. Günlərin bir günü Holmsu üzə çıxartmağa məcbur olanda istedadsız, əyyaş aktyor Recinald Kinkeydi (Maykl Keyn) tutur.
Komediya janrında çəkilmiş bu filmdə Holms işi-gücü kameraların qarşısında forslanmaqdan və içməkdən ibarət olan avaradı. Təbii ki, finalda qəhrəmanların arasındakı ziddiyətlər həll olunur. Holms bir anda deduktiv metodun mahiyyətini çözür və təkbaşına cinayətin üstünü açır.
HOLLİVUDLU ŞERLOK HOLMS (ABŞ 2009)
İngilitərədə “Kartlar, pul və iki tüfəng” adlı art-haus filmi ilə məşhurlaşıb, sonra Amerikaya köçmüş rejissor Qay Ritçi 2009-cu ildə Şerlok Holmsu öz interpretasiyasında təqdim elədi. Daha doğrusu, Hollivudun interpretasiyasında. Filmdə baş rolu kiçik Robert Dauni, onun tərəf müqabilini isə Cud Lou oynayırdı.
R.Dauninin Holmsu soyuqqanlı ingilis centlmeni yox, son dərəcə emosional, dəlisov avantürist, eyni zamanda məntiqlə düşünməyi bacaran dahi xəfiyyədi. Aktyor rola hazırlaşarkən Şerlok Holmsun macəralarını oxuyub, ingilis seriallarına baxıb.
Cud Lounun Vatsonu isə klassikdi- sakit, düşüncəli və sadiq dost. Süjetə görə dünyanı xilas eləməyə çalışan qəhrəmanlar (Hollivud kiçikmiqyaslı məişət cinayətlərini özünə yaraşdırmır) saysız-hesabsız maneələrdən keçir, sərgüzəştlər yaşayırlar. Film xüsusi effektlərlə, təqib, atışma səhnələri ilə zəngindi. Prodüseri Layonel Qrem layihə hazırlanan zaman dramaturji xəttə yox, xüsusi effektlərə aksent olunmasını istəyib. Qay Ritçi də dinamik, yaddaqalan film çəkməyə nail olub.
Filmdə Moriarti rolunun ifaçısının üzü görünmür, titrlərdə də adı “anonim” kimi yazılır. Deyilənə görə, bu personajı Bred Pitt səsləndirib.
Yeri gəlmişkən, Q.Ritçi Vasili Livanovu da epizodik rollardan birinə dəvət edibmiş, amma o, təklifi qəbul eləməyib.
Ritçinin “Şerlokları” (2011-ci ildə “Şerlok Holms-2: Kölgələrin oyunu” filmi ekranlara çıxıb, hazırda üçüncü hissənin ssenarisi üzərində iş gedir) yalnız personajların adları ilə Artur Konan Doylu xatırladır, nə birinci, nə də ikinci “Şerlok Holms”un süjeti Doyldan götürülməyib. Əvəzində sitatlar kifayət qədərdi.
Robert Dauni, Holms roluna görə ən yaxşı kişi rolu nominasiyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb. Filmin özü isə “ən yaxşı musiqi” və “rəssam işi” nominasiyalarında Oskara namizəd olub.
MÜASİR ŞERLOKLAR
Benedikt Kamberbetç – “ŞERLOK” (Böyük Britaniya 2010)
Böyük Britaniya istehsalı olan “Şerlok” serialı ədəbi materialın motivləri əsasında çəkilsə də, hadisələr və personajlar XXI əsrə köçürülüb.
Şerlok Holms müasir texnologiyaları mükəmməl bilir, öz saytı var, sms yazır, qəlyan əvəzinə nikotin əleyhinə plastır istifadə eləyir. Filmdə hətta əsas qəhrəmanların homoseksual olduqlarına da eyham vurulur.
4 mövsüm davam eləyən (2010-2017) “Şerlok” serialında Şerlok Holms obrazını Benedikt Kamberbetç, doktor Vatsonu isə Martin Frimen canlandırır. Holms həmişəki kimi özündən razı, cəsur, xarizmatik və dahi, Vatson isə sadə, sakit və məntiqlidi.
CONNİ Lİ MİLLER- “ELEMENTARDI” (ABŞ; 2012 )
CBS kanalının sifarişi ilə çəkilən “Elementar” serialında hadisələr müasir Nyu-Yorkda baş verir. Məcburən.
2012-ci ildə CBS, Böyük Britaniyaya – “Hartswood Films” studiyasına və “BBC” kanalına sorğu göndərir və amerikalılar üçün “Şerlok” serialının rimeykini çəkməyə icazə istəyir. Amma BBC serial üzərində hüqüqları satmaqdan imtina eləyir. Acığa düşən CBS öz layihəsini yaradır, adını da “Elementardır” qoyur.
Şerlok Holms- Conni Li Miller– Skotland –Yardın keçmiş məsləhətçisidi. Sevgilisi İren Adlerin ölümündən sonra narkotikə qurşanıb. Varlı atası onu Amerikadakı reabilitasiya mərkəzlərindən birinə yerləşdirir. Klinikadan çıxandan sonra isə Nyu-Yorkdakı mənzillərindən birini ona verir. Bir şərtlə: nəzarətçi-həkim Coan Vatson da – Lyüsi Liu– gecə-gündüz onun yanında olacaq. Şerlok Holms Nyu-York polisində havayı məsləhətçi işləməyə başlayır. Coan Vatson da onunla birlikdə cinayət məkanlarına getməyə, cəsədlərə baxmağa və istintaqda iştirak eləməyə məcbur olur.
Conni Li Millerin Şerloku tez-tez səhv eləyir, ağlını yox, hisslərini dinləyir, gecələr yatmır. Bir sözlə, adi insan və dahi xəfiyyədi. Yəqin, onu tamaşaçılara sevdirən də elə budu. Hər halda təkcə qəhrəmanların adları ilə A.K.Doylu xatırladan serial qısa müddətdə həm tamaşaçıların, həm də tənqidçilərin rəğbətini qazana bilib və iki «Emmi» mükafatına layiq görülüb.
VƏ BU SON DEYİL
Niyə? Çünki ser Artur Konan Doyl (elə onun müasir həmkarları da) Şerlok Holmsun macəralarını yüngül ədəbiyyat hesab eləsələr də, o, oxucuların da, tamaşaçıların da ürəyində özünə yer eləyib. Sevgi isə həmişə ciddi məsələdi. «Elementardır, Vatson».
P.S.
«Elementardır, Vatson» ifadəsinin müəllifi A.K.Doyl yox, ingilis satiriki Pelem Vudhauzdu. Yazıçının «Psmit-jurnalist» adlı yumoristik detektivində (1925) personajlardan birinin dilindən səslənir.