Müasir milliyətçiliyin – bir sıra (din, dil, iqtisadi və mədəni birlik vs.) fərqləndirici xüsusiyyətlərinə görə birləşən insanların “Vətən” adlandırdıqları ərazidə özlərini idarə etmək haqqı ideyasının ortaya çıxması, xüsusən, XVIII əsrə təsadüf edən Maarifçilik dövrü ilə əlaqələndirilir. Lakin etnik nəzəriyyələr, əcdad-köklərə istinad və torpaqla insan arasındakı bağa edilən vurğu müasir milliyətçilik nəzəriyyələrindən daha qədim dövrlərə gedib çıxır.
Məsələn, yəhudilər Davidin krallığının əhatə etdiyi – Dandan Beerşebaya qədər olan – əraziləri ulu ataları Yahvehin öz övladlarına qoyduğu miras və ya Vətən adlandırırlar. Bunun Bibliyada da öz əksini tapdığını iddia edərək həmin torpaqların məhz özlərinə – israillilərə (fələstinlilərə deyil) aid olduğunu isbat etməyə çalışırlar. (Shain, 2007: 1).
Nəticədə 1948-ci ildə BMT-nin verdiyi qərarda qədim İsrail-Fələstin torpaqlarında həm İsrail, həm də Fələstin dövlətinin yaradılması nəzərdə tutulsa da, yalnız biri yaradıldı. Fələstinin dövlət olaraq (fələstinlilərin özlərini idarə haqqını əldə etməsinin) tanınması məsələsi isə bu günədək aktual, amma həll edilməmiş olaraq qalır. Bütün ərəb dünyasının, hətta digər qeyri-ərəb müsəlman ölkələrinin Fələstinə maddi, mənəvi, hərbi və iqtisadi dəstək göstərməsinə baxmayaraq, fələstinlilər hələ də öz “azad vətənlərinə” qovuşa bilməyiblər. Bunda İsrail dövlətinin dəstəklədiyi diasporanın da böyük rolu olduğu qeyd edilməlidir.
Bənzər şəkildə ermənilər də “Böyük Ermənistan” xülyası ilə yaşayırlar. Onlar özlərinin uydurduqları “Böyük Ermənistan” adlı dövlətin e.ə. 83-69-cu illərdə Böyük Tigran adlı hökmdarın dövründə var olduğunu iddia edirlər. Guya həmin dövrdə Ermənistan ərazisi Qara dənizdən Xəzər dənizinə kimi yayılaraq geniş bir arealı əhatə edib. Ümumiyyətlə, qədim Ermənistan dövlətinin e.ə. 321-ci b.e-nın 428-ci illəri arasında mövcudluğunu iddia edən ermənilər hər vəchlə Qarabağın (erməni təbirincə desək, Arsaxın) qədim erməni torpağı olduğunu, Azərbaycanın isə bir dövlət kimi sadəcə 1918-ci ildə yarandığını dünyaya sübut etməyə çalışırlar. Hətta Ermənistanın baş naziri Paşinyan 15 fevral 2020-də Münhendə keçirilən beynəlxalq tədbirdə Azərbaycan prezidenti İlham Əliyevlə debatında utanmazcasına “Erməni kralı Böyük Tiqranın Romanın hərbi lideri Pompeylə danışıqlar apardığı dövrdə Azərbaycan adlı dövlətin, ümumiyyətlə, dünya xəritəsində mövcud olmadığını” dilə gətirməsi də sıravi erməni həyasızlığının göstəricisidir.
Bu məqalədə Azərbaycan tarixi haqda məlumat verməyə (həm şimali, həm də İran əraizisində qalan cənubi Azərbaycan), bu torpaqlarda qədim Qafqaz Albaniyası və Atropatena dövlətlərinin mövcudluğu, ərazinin adının zamanla Azərbaycan şəklini aldığı, antik dövr coğrafiyaçı-tarixçisi Strabonun “Coğrafiya” əsərində Arsaxın-Qarabağın Qafqaz Albaniyası ərazisi olaraq qeyd edildiyi və sadəcə 371-387-ci illər arasında qədim Ermənistanın Qarabağ torpaqlarını idarə etdiyi faktına çox yer ayırmaq istəmirəm. Mən yalnız ermənilərin unutduğu bir məqamı xatırlatmaq istəyirəm: müasir beynəlxalq hüquq eramızdan öncə baş verən hadisələri əsas götürmür.
1991-ci ildə SSRİ dağılarkən qurulan Ermənistan və Azərbaycan dövlətlərinin sərhədlərinin necə olduğu bütün dünyaya məlumdur. Hətta bir az əvvələ gedib 28 may 1918 tarixində eyni gündə qurulan Azərbaycan və Ermənistan dövlətlərinin Paris Sülh Konfransında de-fakto dünya dövlətləri tərəfindən eyni vaxtda (1920-ci ilin yanvarında) tanındığı dövrdə Qarabağın Azərbaycan ərazisi kimi qəbul edildiyi faktını da qeyd edə bilərik. Lakin bütün bunları görməzdən gələn və uydurduqları “qədim tarixi” eyforiyada qeyb olan Ermənistan vətəndaşları və xaricdə yaşayan erməni diasporası öz iddialarını, yalanlarını dünyaya çatdırmaq üçün ciddi şəkildə səfərbər olublar. Onların bu iddiaları o qədər israrlıdır ki, hətta ermənilərin ən güclü siyasi və mənəvi dəstəkçiləri olan fransızlar bu “Böyük Ermənistan” xəritəsini geniş tədbirlərdə ictimailəşdirməkdən çəkinmirlər. Məsələn, 5 oktyabr 2020-ci ildə Fransanın Auvergne-Rhone-Alpes bölgəsində Respublikaçı Partiyanın keçmiş prezidenti Laurent Wauquiez tərəfindən təşkil olunan tədbirdə Türkiyənin şərq və Azərbaycanın qərb bölgələrinin Ermənistan sərhədləri içərisində göstərildiyi “Böyük Ermənistan” xəritəsi nümayiş olunub. Bu tədbir Qarabağda yaşanan ən son hadisələr fonunda ermənilərə dəstək məqsədilə təşkil olunmuş, xəritənin önündəki tibbi ləvazimat qutularının isə ermənilərə humanitar yardım məqsədilə göndərilməsi nəzərdə tutulmuşdu (Twitter-dən foto @laurentwauquiez). Heç şübhəsiz, bu tədbir erməni diasporasının dəstəyi sayəsində baş tutmuşdu.
Bəs diaspora nədir?
Yunanca “səpələnmək” sözündən olan diaspora kəlməsi bir toplumun aid olduğu torpaqlardan uzaqda yerləşən ərazilərə köç edərək orada məskunlaşması, yəni dünyaya səpələnməsi anlamına gəlir. İlk olaraq qədim Yunanıstan şəhər dövlətlərinin əhalisinin öz vətənlərini tərk edərək yeni koloniyalar yaratmaq üçün uzaq ərazilərə köç etməsini ifadə etmək üçün işlədilən bu kəlmə, daha sonra yəhudilərin e.ə 586-cı ildə babillər tərəfindən qədim İsrail torpaqlarından, b.e-nın 136-cı ilində isə romalılar tərəfindən yaşadıqları İudeya vilayətindən sürgünü zamanı dünyaya səpələnməsini ifadə etmək üçün işlədilməyə başlamışdı.
Lakin sadəcə dünyaya səpələnmək özü özlüyündə diaspora yaratmır. Diasporanın formalaşması üçün birinci şərt institusionallaşmaqdır. Başqa sözlə, təşkilatlanma. Diasporanın formalaşma prosesi aşağıdakı mərhələlərdən keçir:
– İmmiqrantların vətəndən uzaqda, hər hansı bir ölkə ərazisinə yerləşməsi. Xüsusilə, bu mərhələdə immiqrantı qəbul edən toplum ona qarşı sərt, düşmən münasibət göstərirsə, bu hal miqrantın öz soydaşları ilə sosial əlaqələrini daha da gücləndirir və diasporanın formalaşmasını təşviq edir.
– Tam formalaşmış diapora fəaliyyətinin təşkili. Diaspora institutunun yaradılması, təşkilatlanmanın gücləndirilməsi insanların yerləşdikləri ölkənin iqtisadiyyatına təsir imkanlarını artırmaları ilə müşayiət olunur.
– Diasporanın genişlənməsi. Burda say çoxluğu, xüsusilə, ciddi önəm daşıyır. Azsaylı diaspora daha tez dağılır, üzvləri yerləşdikləri ölkənin cəmiyyətinə daha tez inteqrasiya olur. Güclü və çoxsaylı diasporada isə etnik azlıq öz identikliyini daha çox qoruyub saxlaya bilir və daha möhkəm birləşərək ana vətənə yardımçı qüvvə olaraq təşkilatlana bilir. Xüsusilə, çoxsaylı diaspora yerli hökümətə təsir edərək diaspora üzvlərinin “vətən” olaraq adlandırdıqları dövlətin lehinə işləyəcək formullar təklif edə və qəbul etdirə bilirlər. Bu mənada, məsələn, Laguerre (2006: 6) Haiti diasporasının Fransadakı, ABŞ-dakı və Kanadadakı gücünün də bir-birindən fərqləndiyini vurğulayır və eyni şəkildə ABŞ-da daha güclü təsirə malik olan yəhudi diasporasının Avropa İttifaqı üzərindəki təsirinin daha zəif olduğunu qeyd edir. Bu, sadəcə diasporanın gücü ilə deyil, həm də onların dövlət aparatına təsiretmə mexanizmini yaradan hökümətlərin strukturu ilə əlaqədardır.
Diasporanın sosial funksiyaları:
– Milli identikliyin qorunub saxlanılması – vətənlərindən uzaqda məskunlaşan insanların öz milli kimliklərini, xüsusilə, mədəni xüsusiyyətlərini, dillərini qoruyub-saxlamalarını təmin edir.
– İqtisadi inteqrasiya – Xüsusilə, geniş diasporalar yerləşdikləri ölkənin iqtisadiyyatında ciddi rol oynayan iqtisadi şəbəkə qura bilirlər. Bu şəbəkə əraziyə köç edən digər diaspora nümayəndələrinin cəmiyyətə iqtisadi inteqrasiyasının daha rahat şəkildə təşkilinə yardım edir.
– Sosial müdafiə – diaspora nümayəndələri öz üzvlərinin müxtəlif iqtisadi və sosial problemlərlə bağlı müdafiəsini təşkil edir.
– Adaptasiya – diaspora çərçivəsində hər hansı bir etnik azlığın nümayəndəsi özünə yad bir mühitə sahib ölkədə daha tez və rahat adaptasiya ola bilir.
– Tərbiyə və sosiallaşmaya yardım – vətəndən uzaqda yerləşən insanların övladlarının vətənə bağlılığının, təlim və tərbiyəsinin təşkil olunmasına yardım edir. Bu işdə ana dilində təhsil müəssisələrinin yaradılması, qəzet və jurnalların çapı önəmli rol oynayır.
Güclü diasporanın önəmi
Güclü diasporanın sosial funksiyalarından başqa ən önəmli funksiyası – ana vətənə xidmətdir. Xüsusilə, son bir neçə onillikdə dünyada qloballaşmanın gedərək artması, “dünyanın balacalaşması”, başqa ifadəylə, insanlar, toplumlar arasındakı münasibətlərin məsafələrlə ölçülməməsi, inkişaf edən texnoloji vasitələrlə ölkə içərisində yaşanan hadisələrin an içində bütün dünyaya yayılması və ölkənin xaricdəki vətəndaşlarının və ya soydaşlarının buna səssiz, sakit yanaşa bilməməsi, bu fonda diaspora təşkilatlarının aktivləşməsi, ən önəmlisi də münaqişəli problemlərə malik olan ölkələrin xaricdəki diaspora təşkilatlarının, məsələn, alban, erməni, yəhudi-İsrail, hind-sikh, tamil, fələstin vs. diasporalarının fəaliyyətlərinin artması – bütün bunlar diaspora təşkilatlarının daha ətraflı öyrənilməsinə stimul verir.
Diasporanın çoxsaylı olması onun güclü olması demək deyil. Diasporanın güclü olmasının təməl şərtlərindən biri xarici ölkələrə köç edən insanların təşkilati fəaliyyətə cəlb edilə bilməsidir. Bu fəaliyyət özlüyündə aşağıdakıları ehtiva edir:
– Diaspora üzvləri arasında dəstək və birliyin təmin olunması,
– Digər diasporalarla yaşana biləcək qarşıdurmalar və ideoloji mübarizə zamanı ortaq fəaliyyət naminə tam şəkildə mobilizə olmaq;
– Diaspora üzvlərinin onları qəbul edən ölkədəki fəaliyyətinin genişləndirilməsi, səsvermədə və siyasi proseslərdə iştiraklarının (formal və qeyri-formal) təşviq olunması və dəstəklənməsi;
– Diaspora üzvlərinin həm onları qəbul edən, həm də tərk etdikləri, ana vətən adlandırdıqları ölkənin xarici siyasətinə təsir etmə imkanlarının artırılması;
– Diaspora üzvlərinin ana vətənlə bağları, burdakı fəaliyyətləri, ikili vətəndaşlıq sisteminin təşkili.
Son zamanlar arasında münaqişə yaşanan ölkələrin xaricdəki diaspora təşkilatlarının daha aktiv olduğu görülməkdədir. Bu diasporalarda, xüsusilə, vətənə qayıdış arzusu, vətən adlandırdıqları torpaqlara mənəvi bağlılıq, vətənlə bağlı siyasi proseslərə radikal münasibət və baxış tərzi müşahidə edilir. Lakin bu mənəvi iddialar mübahisə və münaqişə doğurduğu kimi, bəzi hallarda diasporaların sülh quruculuğu prosesinə töhfə verə biləcəkləri də vurğulanır. Başqa ifadə ilə, münaqişəli məsələlərə sahib ölkələrin diaspora təşkilatları ya türklər demiş, “ılımlı” – sülhməramlı ya da radikal – münaqişəni qızışdıran olurlar. Hansı formanın seçilməsi isə diasporanın etnik kimliyinə xarici təcavüz faktoru, eyni zamanda ana vətəndəki hökumətin münasibəti ilə bağlı ola bilər. Məsələn, alban diasporası Kosovonun 2008-ci ildə Serbiyadan ayrılaraq əldə etdiyi müstəqilliyi uğrunda həm hərbi yardım, həm də sülhməramlı dəstək aksiyaları təşkil etmişlər. Bu fəaliyyətin nəticəsi olaraq bugün Kosovo dünyanın 193 (BMT üzvü) ölkəsindən 98-i tərəfindən rəsmi olaraq tanınır.
27 sentyabrda Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda müharibə alovlandıqdan sonra deyə bilərik ki, erməni tərəfi yeganə qurtuluş yolunu Dağlıq Qarabağda elan etdikləri qondarma “Arsax Respublikası”nın dünya dövlətləri tərəfindən tanınmasında görür və erməni diasporası bu istiqamətdə canfəşanlıqla fəaliyyət göstərir. Onu da qeyd edim ki, bu fəaliyyətləri nəticəsiz qalmayıb. Günümüz etibarilə erməni diasporasının fəaliyyətinin nəticəsi olaraq (erməni mənbələrinə əsasən) bəzi dövlətlər – Fransa, Niderland, Belçika, Avstriya, Lüksemburq, Uruqvay və bəzi ərazi vahidləri (şəhərlər, yerli özünü idarəetmə qurumları və ya muxtar bölgələr) – Miçiqan (ABŞ), Alfortville (Fransa), Cenevrə (İsveçrə), Basklar Ölkəsi (İspaniya), Fort Lee (ABŞ), Milan (İtaliya), O-de-Sen (Fransa), Limone (Fransa), Vienne (Fransa), Fauler (ABŞ), Kataloniya (İspaniya), Rayd (Avstraliya), Yeni Cənubi Uels (Avstraliya), Buş-dyu-Ron (Fransa), Sayaxçe (Qvatemala) “Arsax Respublikası”nın mövqeyini dəstəkləyən və Azərbaycanı tənqid edən qətnamələr qəbul ediblər. Ermənilərin iddiasına görə, bu qətnamələr qondarma respublikanı guya de-fakto tanıyır. Lakin qətnamələrin mətni ilə tanış olarkən Azərbaycanı tənqid ruhu hiss olunsa da, tanınma məsələsinin gündəmdə olmadığı aydın görünür. Hətta 2012-ci ildə Uruqvay parlamentinin spikeri nümayəndə heyəti ilə birgə Arsaxa gəlib “respublika”nın “rəsmiləri” ilə görüşərkən ermənilərdə belə bir ümid yaranmışdı ki, Uruqvay qondarma respublikanı de-jure tanıyan ilk dövlət olacaq. Amma Azərbaycanın Uruqvaya verdiyi rəsmi nota, kəskin duruşu və diplomatiyasının gücü bunun qarşısını aldı və günümüzədək heç bir dövlət, hətta Ermənistanın özü də belə bir addım atmağa cəsarət etməyib.
“Arsax Respublikası”na “Dağlıq Qarabağ Respublikası” demirəm, çünki onun dünyaya tanıtdığı ölkənin xəritəsinə ermənilərin işğal etdiyi ətraf 7 rayon da daxil edilib. Bu, əslində, ermənilərin işğal etdikləri torpaqları (ən azından, DQ xaricindəki ətraf 7 rayonu) heç bir zaman sülh yolu ilə qaytarmağa niyyətli olmadıqlarını, ATƏT və digər platformalarda davam edən 28 illik danışıqların isə sadəcə status-quo-nu qoruduğunu, başqa sözlə, erməni maraqlarına xidmət etdiyini deməmizə əsas verir. Erməni diasporasının fəaliyyəti isə bunu bir daha təsdiq edir. Ümumiyyətlə, parlamentdə hansısa qətnamə layihəsinin ortaya atılması hələ onun qəbul edilməsi və tətbiqi demək deyil. Məsələn, İngiltərə Parlamentində 12 iyul 2020 tarixində Azərbaycan-Ermənistan sərhədində yaşanan hərbi əməliyyatlar gedişində Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyası haqqında qətnamə layihəsi (motion) 6 parlamentari tərəfindən təklif olunmuş, 2-i tərəfindən isə rədd edilmişdir. Eynilə ermənilərin də müxtəlif ölkə parlamentlərində dəstəklədikləri parlamentarilər vasitəsilə gündəmə gətirdikləri məsələlər hələ onların qələbəsi demək deyil. Lakin bunlar erməni diasporasının aktivliyinin və nəticə etibarilə kiçik də olsa, uğurunun göstəricisi sayıla bilər.
Bəs Azərbaycan diasporası bu müddətdə hansı işlə məşğul olub?
Diaspora İşləri üzrə Dövlət Komitəsinin rəsmi saytında yayımlanan xəbər lentini izlədikdə xaricdə təşkil olunan əsas fəaliyyətin tanıtım işlərinə həsr olunduğunu, lakin bu fəaliyyətə cəlb az say da insanın cəlb olunduğu və geniş kampaniya (ermənilərdə olduğu kimi) təşkil edə bilmədikləri görülür.
Cədvəl: 2019-cu ildə Azərbaycan diasporasının fəaliyyətinin SWOT Analizi
Tədbirlər | Strengths
(Güclü tərəfləri) |
Weakness
(Çatışmazlıqları) |
Opportunity
(Yeni imkanları) |
Threats
(Təhlükələri) |
Diaspor gənclərinin yay və qış düşərgələri | Dünya Azərbaycanlı gəncləri arasında Vətənə bağlılıq hissinin gücləndirilməsi | Tədbirdə iştirak üçün Influencer (cəmiyyətə təsir gücünə malik) gənclərin düzgün tərkibinin seçilə bilməməsi | Dünyanın Azərbaycan həqiqətləri ilə bağlı gənclər vasitəsilə daha optimal məlumatlandırılması | Tədbirə seçilən gənclərin influencer olmadığına görə büdcədən bu tədbirlər üçün ayrılan xərclərin boşa getməsi |
Beyin qazanma proqramı | Savadlı, perspektivli kadrların Vətənə qazandırılması | Xaricdə təhsil alıb iş fəaliyyətinə davam edən kadrların Vətənə qayıtması üçün yetərli perspektivlərin təklif olunmaması | Azərbaycanın insan kapitalının artması | Savadlı, perspektivli kadrların Vətənə qayıtmaqdan imtina etməsi |
Diaspora təşkilatlarının elektron informasiya vasitələrinin təşkili | Qlobal telekommunikasiyanın önəminin artdığı bir dövrdə diaspora təşkilatlarının bütün elektron kommunikasiya vasitələri ilə təşkilinin önəmi | Telekommunikasiya vasitələrinin xaricilər arasında təbliğatının zəifliyi | Dünyanın Azərbaycan diasporasının fəaliyyəti ilə bağlı daha çox məlumat əldə etməsi | Azərbaycan diasporasının elektron resurslarla işləmə səviyyəsinin aşağı olması |
Diasporla İş Üzrə Dövlət Komitəsinin Media Mərkəzinin yaradılması | Xarici mediaya Azərbaycan həqiqətlərinin operativ çatdırılması baxımından önəmi | Xarici mediaya çıxışın zəifliği | Xarici izləyicilərin Azərbaycan həqiqətləri haqda daha çox məlumat əldə etməsi | Xarici media nümayəndələri ilə əlaqələrin geniş olmaması |
Xaricdə yaşayan aztəminatlı ailələrə yardım proqramı təklifi | Xaricdəki aztəminatlı soydaşlarımıza yardım göstərilməsinin önəmi | Proqramın hələ ki qəbul edilməməsi | Milli birlik və sosial ədalət hissinin gücləndirilməsi | Proqamın qəbul edilməmə ehtimalı |
Diaspor fəaliyyətində xidmətə görə medalı | Həvəsləndirici mükafat olması | Təqdim olunacaq şəxsin subyektiv qərarla deyil, obyektiv və ədalətli şəkildə seçilməsinin önəmi | Diaspor üzvlərinin daha aktiv fəaliyyətini təşviq etməsi | Düzgün seçimin edilə bilməməsi ehtimalı |
Bioqrafiya bankı və alimlər platformu | Dünyaya yayılan azərbaycanlılar haqqında dəqiq və ətraflı məlumatın toplanmasının və onlar arasında xüsusilə fərqlənən, alim/savadlı kadrların seçilməsinin önəmi | Koordinasiya işlərinin yetərli və düzgün aparıla bilməməsi və yaradılan platformaların təsir gücünün olmaması | Xaricdə yaşayan soydaşlarımıza cəmiyyətə inteqrasiyaya, iş tapmaqlarına, iş yerlərində yüksəlmələrinə, alim kadrların fəaliyyətinin əlaqələndirilməsinə yardım | Bioqrafiya bankından düzgün istifadə oluna bilməməsi, işsiz diaspora üzvlərinə iş tapmaqda yardım edilməməsi, alimlər platformunun fəaliyyətinin stimullaşdırılmaması ehtimalı |
Kitab fondu | Xaricdə yaşayan soydaşlarımızın azərbaycandilli kitablarla təmini | Azərbaycan həqiqətlərini dünyaya çatdıran kitabların az olması | Xarici elmi institut və şəbəkələrin Azərbaycan həqiqətlərini əks etdirən kitab və elmi resurslarla tanış olması | Xarici elmi institut və şəbəkələrinə Azərbaycan həqiqətlərini çatdırmaqda yetərsizlik |
Azərbaycanlıların Koordinasiya Şurasının | Müxtəlif ölkələrdəki azərbaycanlı diaspora təşkilatların fəaliyyətinin koordinasiyası | Koordinasiya işinin zəifliyi | Dünyada azərbaycanlıların daha güclü təsir gücünün formalaşması | Koordinasiya işinin tam təşkil oluna bilməmə ehtimalı |
Diaspor üzvləri və təşkilatları arasındaki anlaşmazlıqların həlli | Birliyin təmin olunması | Anlaşmazlıqların aradan qaldırılmasına mane olan faktorların hələ də mövcud olması | Daha güclü təşkilatlanma | Birliyin təmin oluna bilməmə ehtimalı |
Azərbaycan dili və mədəniyyət mərkəzlərinin qurulması | Azərbaycan dili və mədəniyyətinin təşviqi | Xarici vətəndaşların fəaliyyətə cəlb edilə biləcəyi mədəniyyət mərkəzlərinin qurulmaması | Diapora üzvlərinin Azərbaycanla mənəvi bağının gücləndirilməsi | Xarici vətəndaşların fəaliyyətə cəlb edilə bilməməsi |
Digər millətlərin diaspora təşkilatları ilə əlaqələrin qurulması | Azərbaycan diasporuna xarici dəstəyin artırılması | Xarici diaspora təşkilatları ilə davamlı əlaqələrin təşkil oluna bilməməsi, koordinasiya zəifliyi, onlarda Azərbaycana qarşı marağın oyandırılmaması | Beynəlxalq platformada Azərbaycana xarici dəstəyin artırılması | Xarici diaspora təşkilatlarının Azərbaycanlı diasporla əməkdaşlıqda maraqsızlığı |
Diaspor könüllüləri proqramı | Könüllü şəkildə Vətənə maddi və mənəvi yardım edən şəxslərin fəaliyyətinin koordinasiyası və potensialının artırılması | Xaricdə yaşayan zəngin soydaşlarımızın maddi dəstəyilə ödənişli əsaslarda təbliğat-təşviqat proqramlarının və bu cür proqramların təbliğat-təşviqatının təşkil olunmaması | Beynəlxalq platformalar/tədbirlər/müzakirələr/debatlarda könüllülərin fəaliyyətindən istifadə edilməsi | Ödənişli əsaslarda təşkil olunan fəaliyyətin daha səmərəli olması |
Diaspora ilə İş üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə İllik Hesabatı əsasında hazırladığım bu SWOT Analizdən də göründüyü kimi, azərbaycanlı diasporasının əsas gücü təbliğat-təşviqat fəaliyyətinə həsr olunsa da, bu fəaliyyət daha çox azərbaycanlı icmaya yönəlmiş olub, xaricilərə istiqamətdə isə olduqca zəif qalmaqdadır. Bu çərçivədə gələcəkdə xaricdə yaşayan azərbayanlıların məskunlaşdıqları ölkələrin yerli idarəetmə, hökumət və digər orqanlarına işə qəbuluna, ümumiyyətlə, azərbaycanlıların, yaşadıqları ölkələrdə adaptasiyasına və inkişafına yardım, onların yerli idarəetmədə iştirakı təbliğ edilməlidir. Beləliklə, xarici ölkələrə təsir mexanizminin qurulmasına, xarici siyasətçilər və dövlət adamları ilə əməkdaşlığa, xüsusilə xarici media qurumları ilə əlaqələrin gücləndirilməsinə diqqət artırılmalıdır. Bütün bunların təşkilində isə dünyanın ən güclü diaspora təşkilatlarından birini qurmağı bacaran Yəhudi diasporasının fəaliyyəti araşdırılaraq öyrənilə bilər.