Bir dəfə rejissor Əli İsa Cabbarovdan – Kann, Berlin kinofestivallarının müsabiqə proqramında kişi və qadın rejissorların say bərabərliyini təmin edən xüsusi memorandumun imzalanmasına münasibətini soruşdum. Cavab ironik idi: ”Bu, sırf siyasi, ideoloji məsələdir. Peşə, mənəviyyat məsələsi deyil. Ona görə bu cür suallara siyasi, diplomatik və riyakar cavab vermək lazımdır. Və ağıllı sima ilə demək lazımdır ki, bilirsiz, çox düzgündür, mütləq qadın rejissorlarla kişi rejissorların sayı eyni olmalıdır. Sonra susmalısan, amma ürəyində öz fikrində qalmalısan”.
İyulun əvvəllində müxtəlif ölkələrdən müxtəlif siyasi mövqələrə malik 150 intellektualın imzaladığı “Ədalət və azad diskussiya haqda” məktub Əli İsanın nəzərdə tutduğu məcburi riyakarlığa qarşıdır. AzLogos-da Bilal Əşrəfov “Totalitarizmin növbəti siması – Ləğv Mədəniyyəti” yazısında sözügedən məsələyə toxunub. Yazımda mövzuya bir qədər Azərbaycan təcrübəsindən baxmaq istəyirəm.
Öncə məktubun məğzini bir neçə cümlə ilə yığcamlaşdırmağa çalışım. 150 intellektual azad sözü boğan Ləğv və ya Boykot mədəniyyətinə, fərqli düşüncəyə dözümsüzlüyün geniş yayılmasına qarşı çıxırlar. Onlar cəmiyyətdə dominant fikrə əks fikirlər səsləndirənlərin total şəkildə ictimai ittihama, boykota məruz qalmasını doğru saymır, mürəkkəb siyasi məsələlərə ağ-qara prizmadan yanaşmanın dəbə çevrildiyindən qayğılanırlar.
Müəlliflər irqi, sosial ədalətsizliyə qarşı mübarizə aparanlarla həmrəyliklərini bildirsələr də, eyni zamanda onların mübarizəsində təzahür edən ideoloji dözümsüzlükdən narahatdırlar: “Biz ədalətlə azadlıq arasında istənilən saxta seçimdən imtina edirik, çünki bunlardan biri digərisiz mövcud ola bilməz. Bizə eksperimentlərə, risk və səhvlərə imkan tanıyan mədəniyyət lazımdır”.
Azərbaycana gəlincə, ölkəmizdə siyasi mənada ifadə azadlığının məhdudlaşdırılması azmış kimi, üstəlik, ictimai aktivistlər, feministlər, seksual azlıq müdafiəçiləri, ümumiyyətlə, müəyyən sosial qruplar- fərqli fikir sahiblərinə qarşı psixoloji hücumlarını, onları linçləmələrini, təhqiri fəaliyyətlərində norma kimi görürlər. Ölkədə onsuz da sivil polemika mədəniyyəti yoxdur. Bir tərəfdən də özünü demokratik, liberal dəyərlərin daşıyıcısı adanlandıranların isterik, repressiv münasibəti ilə üz-üzəyik. Repressiv münasibət siyasətdən tutmuş məişətə qədər bütün sahələrdə yayılıb. Bura liberal düşünənlərin mövqeyindəki ikili standartı, riyakarlığı da əlavə etsək, ortaya ikrah doğuran mənzərə çıxır.
Milsal üçün, Eldəniz Quliyevi homoseksuallara həqarətli yanaşmasına görə pisləyənlər, Altay Göyüşovun və ya damda üsyan edən yoldaşın ayrı–ayrı şəxslərə ünvanlanmış qeyri-normativ leksikonunu, təhqirini normal və haqlı sayırlar. Sosial şəbəkələrdə fikir azadlığına dözümsüzlük tendensiyası əsasən liberalizmin diktaturası çərçivəsində baş verir və demaqogiya bir qisim adamı riyakarlığa dəvət edərək, öz gerçək düşüncəsini səsləndirməkdən çəkindirir.
150 intellektualın məktubunda xüsusən bu fikrə diqqəti yönəltmək istəyirəm: “Bizə eksperimentlərə, risk və səhvlərə imkan tanıyan mədəniyyət lazımdır”. Belə bir təcrübə artıq geniş yayılıb: tutaq ki, bir ictimai şəxs hansısa vəziyyətə adekvat olmayan fikir səsləndirəndə, onu təhqir və ittiham yağışında islatmaq bir yana, həmin şəxsi yer üzündən silməyə, statuslarını bəyənənləri və izləyənləri, onunla kəlmə kəsənləri liberalsayağı dözümsüzlükdə ittihama qalxırlar. Birinin siyasi hakimiyyəti arqumentli, aqressiyasız, nisbətən yumşaq tənqidləri zamanı da bolşevik təfəkkür meydana çıxır. Bu zaman “hakimiyyətə satılmısan” kimi əsaslarla müəllif küncə sıxışdırılır.
Üç-dörd il əvvəl jurnalistlərdən biri status yazmışdı ki, ölkədə homoseksualların problemindən daha vacib məsələlər var. Göründüyü kimi, statusda təhqiramiz nəsə yoxdur. Ancaq seksual azlıq müdafiəçiləri müəllifi aqressiv və qəzəbli şərhlərində boğdular, hətta imkanları olsa, onu yəqin, edama da yola salardılar.
Gender həssaslığı olan tanışlarımdan biri məni müsahibələrimdə heteronormativ sual (heteronormativliyə əsasən, heteroseksuallıq fərdin seksual davranışının sosial norması kimi anlaşılır) verməkdə qınadı. Bəzən belə təəssürat yaranır ki, seksual azlıqlara tolerant münasibət adı altında kişi və qadın anlayışını leksikonumuzdan silməyə cəhd olunur. Halbuki, nəzərdə tutduğum məna və kontekstdən asılı olaraq “kişi və qadın münasibəti” əvəzinə “insan münasibətləri” demək doğru deyil. Çünki bu, məna və mahiyyət təhrifinə aparır. Ümumiyyətlə, seksual azlıqların hüquqlarının qorunması çoxluğun söz azadlığının pozulması hesabına başa gəlməməlidir. Mən bunu təhlükəli tendensiya sayıram və tolerantlıq adı altında heteronormativ leksikona basqı sezirəm.
Yaxınlarda yazıçı Coan Roulinqi Tvitterdə yazdığı bir fikrə görə transfobiyada günahlandırdılar. O, hesabında “COVID-19-dan sonra menstruasiya olan insanlar üçün daha ədalətli dünya yaratmaq lazımdır” fikrinə yazdığı ironik şərhdə bildirib ki, bu cümlədə deyəsən, menstruasiya olan adamı ifadə edən hansısa söz olmalıydı. Yazıçı “qadın” sözünü müxtəlif variasiyalarda işlədib: “Wumben? Wimpund? Woomud?”. Bundan sonra Roulinq kəskin tənqidlərə məruz qalıb, transfobiyada ittiham olunub.
Aydınlıq üçün deyim ki, Qərbdə menstruasiya olan transgender kişilər (qadından kişiyə çevrilənlər) təhqir olunmasın deyə, menstruasiya prosesini yaşayanlara qadın yox, insan deyilir. Yəni burdan belə nəticə çıxır ki, müasir Qərb dünyasında transgenderlərin hüququnun pozulmaması naminə “qadın” sözü müəyyən fikirlərdən silinməlidir. Hər halda transgenderlərin qəlbini qırmamaq üçün alternativ sözlər tapmaq mümkündür axı. Yeri gəlmişkən, Ələkbər Əliyev bu mühüm məsələyə belə toxunmuşdu:
“Pandemiya göstərdi ki, fors-major situasiyalarda üçüncü-beşinci-on beşinci cins söhbətləri gedir işinin dalınca. Hər şey konkretləşir – filan qədər qadın, filan qədər kişi öldü. Bu qədər. Siz heç vaxt filan qədər lesbi, filan qədər trans, filan qədər on üçüncü cinsin nümayəndəsinin öldüyünü xəbərlərdə eşitməzsiniz… Ölüm seçimləri silir – öləndən sonra ya kişi, yaxud qadın kimi münasibət görürsən. ”
Roulinq onu transfobiyada suçlayanlara əsaslı cavab verir:
“Əgər bioloji cins yoxdursa, eyncinsli sevgi də yoxdur. Əgər cins yoxdursa, onda qadınların yaşadağı bütün reallıq silinib gedəcək. Mən çoxlu transgenderlər tanıyır və sevirəm, amma cins konsepsiyasını silməklə, siz çox insanın əlindən onların öz həyatını şüurlu müzakirə etmək imkanını alırsız. Bu hеytspiç (fikirdə nifrətin, təhqirin yer alması) yox, həqiqətdir”.
Bundan əvvəl isə Roulinq bir şirkətdə transqadınları qadın kimi görmədiyinə görə işdən qovulan qadını dəstəkləmişdi və bu səbəbdən tənqid olunmuşdu.
Sebastyan Lelionun “Fantastik qadın”ı kvir tematikada çəkilən tək-tük yaxşı filmlərdən biridir. Filmin qəhrəmanı ofisiant Marina transseksualdır, oriyentasiyasına görə addımbaşı təhqir olunur və hüquqları uğrunda mübarizəyə başlayır. Rolun ifaçısı Daniela Veqa realda transseksualdır və bu obraz həm də onun şəxsi təcrübəsidir. Əsas motiv odur ki, Marina cəmiyyətdə qəbul olunmaq, öz həyatını yaşamaq istəyir. Toplum isə buna hazır deyil. Polisdən tutmuş bu məsələlərlə məşğul olan mütəxəssisə qədər əksəriyyət onunla təhqiramiz şəkildə danışır. Rejissor aktrisanın kədərli, dərin gözlərini xüsusi vurğulayır və əhvalatın emosional mərkəzi onun gözlərinin ifadəsində toplanır. Film boyu o, qadın olduğunu təsdiqləməyə çalışır, normalda qadın ədası, davranışları göstərir, amma ekstremal situasiyalarda kişi təbiəti üzə çıxır: qəzəbini, mübarizəsini məhz kişi kimi ifadə edir… Demək istədiyim odur ki, bu mənada kiminsə transgenderin cinsinə skeptik yanaşmasını səsləndirməsi sadəcə fikirdir və buna görə həmin şəxsin qovulmaya, alçaltmaya məruz qalması özlüyündə faşist münasibətidir.
Yaxud “Transgender məktəbdə, bağçada işləməməlidir” fikri vəhşi, tərbiyəsiz reaksiyalara səbəb yox, normal müzakirəyə açıq olmalıdır. Yəni cəmiyyəti hazır, doqmatik həqiqətlərlə bəsləməyin, başqa fikirlərə açıq olmamağın özü ifadə azadlığının sərhədlənməsidir.
Yaxud başqa bir məsələ. Yazılı və vizual tekstdə mütləq seksist yanaşma axtarmaq cəhdləri birmənalı qiymətləndirmədən, çoxtərəfli baxışın olmamasından qaynaqlanır. Bir reklam fotosunda qadının ev təmizləməsini, kişinin isə soyuducunu açmasını feministlər tənqid etmişdilər. Ki, qadın işləyir, kişi isə yemək yeyir. Halbuki fotonu başqa cür də oxumaq olar: İşdən gələn kişi, arvadının qayğısını artırmamaqdan ötrü özünə yemək hazırlayır və s.
Qərbdə azad düşüncənin sıxışdırılmasına dair daha bir misal çəkmək istəyirəm. Yaxınlarda rejissor Andrey Zvyagintsevin azərbaycanlı auditoriya ilə onlayn görüşü oldu. Söhbətdə maraqlı məqamlar yer alıb. Maraqlananlar ArtLogos-da mətn və video ilə tanış ola bilər. Rejissorun aşağıdakı fikrinə diqqət yetirək:
”Bir dəfə Erik Lajetsa (“Why Not Productions”) dünya prokatı hüquqlarını aldığı “Leviafan” filminə baxandan sonra uzun bir siyahı yazmışdı. Tələb yox, çox nəzakətlə yazılmış təkliflər siyahısı… O, fransızdır, axı! Özü də prodüser yox, distribütordur. Yazmışdı ki, nədənsə qəhrəman çox içir, alkoqol çoxdur, bəlkə filan epizodu çıxardasınız və sair və ilaxır. Mən sadəcə gülümsədim və Rodnyanskiyə dedim ki, Aleksandr Yefimoviç, mən davamını oxumayacağam, heç bir düzəliş siyahısı ola bilməz! Bu necə ritorikadır? Filmin rejissoru var, o özü üçün bu sualların hamısının cavabını tapıb, hər şeyi vicdanı ilə razılaşdırıb, neynədiyini bilir. Müqavilənin şərtlərində yazılıb ki, “final cut” rejissora məxsusdur. Başqa heç bir şərt ola bilməz”.
Məlumdur ki, Qərbdə rejissorlara konyunktur tələblər, qadağalar qoyurlar. Əgər dünyada azad düşüncə, həqiqi sənət, konyunkturaya müqavimət qalacaqsa bu, məhz Zvyagintsev kimi kompromissiz, əqidəli rejissorların hesabına olacaq.
Yazımı britaniyalı yazıçı, musiqiçi Ceyms Yanqın 150 intellektualın məktubuna münasibəti (ixtisarla) ilə bitirirəm:
“Ləğv mədəniyyəti universitetlərə on illiklər əvvəl daxil olub, geniş yayılıb və diskussiyaları zəiflədib. Bütöv alimlər nəsli öz iş yerlərini saxlamaqdan ötrü şüurlu şəkildə sokrat metodundan imtina edirlər. O metod ki, arqumentləşdirilmiş disput, həqiqətin axtarışı zamanı dialektik prosesin ayrılmaz hissəsi kimi çıxış edir. Bunun əvəzində isə akademiya öz nöqsanını görməzdən gələn “təqib mədəniyyətinə” uyğunlaşdırmağa üstünlük verdi.
Qərbin sol/liberal intellektualları son yarım əsrdə, bəlkə daha çox, Qərb mədəniyyətinin əsasını müntəzəm surətdə parçaladı. İndi bu adamlar gileylənirlər ki, dünya xarabalığa dönüb və indi gündəlikdə qəzəbli, kinli traybalizmə dönüş məsələsi dayanır.
Mən sol demokratam, amma fərqliliyi, ziddiyyətləri və polemikanı dəyərləndirirəm. Xoşuma gəlir ki, mənim vərdiş etdiyim və mötəbər saydığım ideyalar çək-çevirə salınır. Bilmək istəyirəm ki, ideyalarım haqda ağıllı konservator nə düşünür, onların haqlı olub-olmamasına özüm qərar vermək istəyirəm. Məhz bunu tələbələrə və istənilən düşünən adama təklif etmək lazımdır”.