Bir qrup kino adamı builki DokuBaku Beynəlxalq Sənədli Film Festivalının proqramından üç filmin çıxarılması ilə bağlı etiraz edib. Etiraz mətnində proqrama seçilən üç yerli filmin (“Dog Doc”, “Eşit evdən səsləri”, “Hasarların arxasında”) festivalda yer almamasının səbəbinin açıqlanmadığı deyilir. Bir neçə gün sonra onlar Mədəniyyət naziri Adil Kərimliyə açıq məktub ünvanlayıblar. Məktubda nazirlik, Kino Agentliyi ilə əməkdaşlıq edən DokuBaku Festivalına adıçəkilən qurumların məmurları tərəfindən təzyiq göstərildiyi yazılıb. Məktub müəllifləri baş verən hadisə ilə əlaqədar şəffaf açıqlama gözlədiklərini bildiriblər.
Nazirlik isə mətbuata açıqlamasında deyib ki, DokuBaku Festivalına onlar tərəfindən dəstək verilsə də, “festivalın proqramının tərtib olunması, filmlərin nümayişi, münsiflər heyətinin müəyyənləşdirilməsi və s. digər məsələlər festivalın təşkilat komitəsinin daxili işidir”.
Yaranmış vəziyyətdə əsas məsuliyyət daşıyan və açıqlama verməli olan şəxs festivalın rəhbəri İmam Həsənovdur. Amma İmam Həsənov niyəsə susur, yaxasını kənara çəkir və öz həmkarlarını, dostlarını, etiraz mətnini imzalayan kino adamlarını iqnor edir. Bəyanat müəlliflərinə məsələ ilə bağlı İmam Həsənov tezliklə festival rəhbəri kimi açıqlama verəcəyini söz versə də, sonra Mirzə Cəlilin Qurbanəli bəyi kimi aradan çıxıb.
Bir halda ki, bəyanat müəllifləri filmlərin hansı səbəbdən çıxarılması haqda məlumatsızdırlar, nazirlik isə rəsmi açıqlamasında bunu festivalın daxili işi olduğunu deyir, qərara gəldim ki, sözügedən filmlərdən yazım. Filmlərinə baxmağa imkan yaratdığına görə müəlliflərə təşəkkür edirəm. Səbinə Əbubəkirova xahişimi cavabsız qoysa da, əlaqələrimdən istifadə edərək filmi izlədim.
Elə Səbinə Əbubəkirovanın “Eşit evdən səsləri” filmindən başlayım. Film ailədə zorakılığa məruz qalan, hüquqları pozulan qadın taleləri haqdadır. Onların hekayələri əsas qəhrəman, sosial işçi Sənubər Heydərovanın fəaliyyəti fonunda (o, zərərçəkmiş qadınlara dəstək olur, hüquqi, psixoloji yardım edir və s.) danışılır. Üzləşdikləri zorakılıqdan danışan qadınlar göstərilmir, kadrarxasında qalır və rejissor ekranı doldurmaq üçün bəzi bədiiləşdirilmiş elementlər də daxil olmaqla, əsasən telesüjetlərdə çox istifadə olunan və mövzuya uyğun vizual informasiya verməyən şəhər, dəniz mənzərələrindən istifadə edir. Qadınlar cəmiyyətdəki patirarxal münasibətdən, qızların ailədə təzyiq altında yaşamasından danışdıqca kamera şəhərdə gülərüz, rahat gəzən, müasir geyinən, hətta sevgilisi ilə qolboyun gəzən xanımlara fokuslanır. Bu kadrların düşünülmüş kontrapunkt (təsvir və səs sırasının uyumsuzluğu) olması, yoxsa rejissorun mətnə adekvat təsvir, həll tapa bilmədiyi səbəbindən filmə salınması aydın deyil. Bütün hallarda burda kontrapunkt fəndi özünü doğrultmur, çünki yeni məna hasil olmur.
Diqqətimi xüsusən, bir kadr çəkdi. Kadrarxası mətndə qadın danışır: “Azərbaycanda fikir olaraq, norma təzyiqdir. Məsələn, qızını döyməsən dizini döyərsən”. Mətnin səsləndiyi anda nədənsə kamera şəhərin mərkəzi küçələrindən birində asılmış, yumruq təsviri olan “8 noyabr-Zəfər günü” plakatını xüsusi vurğulayır. Müəllifin nəyə eyham etdiyni anlamasam da, yenə qadına zorakılıqla 8 noyabr Zəfər günü arasında əlaqə tapmağa cəhd göstərirəm. Bəlkə bu, müəllifin ironiyasıdır? Bəlkə demək istəyir ki, erməni işğalçılarını əzən yumruq qadınlarımızı da əzir? Əgər belədirsə, bu təhqiramiz tapıntıya ancaq təəssüf edə bilərəm. Minlərlə əsgərin həyatı bahasına qazanılan qələbəni qadına zorakılıq kontekstində aşağılamaq sinizmdir. Festivalın seçim komissiyasında olsaydım, təkcə elə bu kadra görə filmin proqrama salınmasına etiraz edərdim.
Digər tərəfdən müəllifin mövzuya orijinal yanaşması, problemlə bağlı dərin araşdırması nəzərə çarpmır və həll yolları təklif olunmur. Film mediada, sosial şəbəkələrdə haqqında dəfələrlə danışılan problemin daha çox televeriliş estetikasında, müəyyən kino elementləri ilə hibrid edilmiş illüstrasiyasıdır.
Əvvəldən Sənubər Heydərovanın mübarizəsinin (iş prosesi zamanı yaşadıqları, qarşısına çıxan maneələr, çətinliklər) vacib detalları üzrə vahid xətt qurulsa da, o, gedişatda yarımçıq qalır, qəhrəmanı və problemi başqa tərəflərdən anladacaq vəziyyətlər təklif edilmir. Və dramaturji qırılma filmi televeriliş səviyyəsində saxlayır.
Sitarə İbrahimbəyli və Dadaş Musayevin küçə heyvanlarının öldürülməsindən, heyvansevərlərin fəaliyyətndən bəhs edən “Dog Doc” filminin əvvəlində müəlliflər şiddət görüntlülərinin olduğu haqda xəbərdarlıq edir.
“Dog Doc” heyvan cinayətlərinin qarşısını almağa yönəlmiş təbliğat filmidir. Müəlliflər təbliğat effektini gücləndirmək məqsədilə real, amansız kadrlardan istifadə edir. Heyvan cəsədlərinin, yaralı itlərin, onlara işgəncələrin əks olunduğu səhnələrin çoxğluğu, yaxın planda təsvirləri az qala psixoloji təzyiq səviyyəsində qurulur və body horror janrınn xüsusyyətlərini daşıyır. İtləri aparan, onları qətlə yetirən şəxslərə heyvansevərlərin isterik həddəki davranışı, yaralı, ölmüş itləri ağı intonasiyasında əzizləməsi və analoji vəziyyətlərin lirik musiqi ilə müşayiəti Xoşqədəm Hidayətqızının, Zaur Baxşəliyevin sosial proqramlarının atmosferini yada salır. Rejissorlar çox vacib məsələyə toxunsalar da, “Dog Doc” aqressiv filmdir. Halbuki filmi soyuqqanlı, təmkinli çəkilsəydi, emosional, təsir effekti daha güclü olardı. Sahibsiz heyvanlara sahiblənmək isə ayrı-ayrı vətəndaşalardan çox dövlət səviyyəsində tənzimlənməli məsələdir. Bir epizodda heyvansevər xanım itlərdən zərər görən adamları qınayır və məsləhət görür ki, ona sevgiylə yanaşsaz, çörək versəz o da adekvat davranacaq. Belə çıxır ki, bir ac itin hücumunun qarşısını almaq üçün çantamızda həmişə çörək, sosiska daşımalıyıq. Yəni problem belə sadəlövh yanaşmayla həll oluna bilməz.
Ümumən, filmə “cəmiyyətimiz mərhəmətsizdir, heyvanlarla qəddar davranırlar” tonu hakimdir. Dəfələrlə Danimarkada delfinlərin əyləncə naminə və qədim ənənəyə görə öldürülməsi baş verib. Avropa zooparklarında hər il 30 qədər heyvan ya xəstə olduğundan, ya da inbridinq (heyvanlarda qohumluq dərəcəsinə görə yaxın fərdlərin qohum çarpazlaşmasıdır. Bu zaman mənfi genlər orqanizmin həyat qabiliyyətini, xəstəliklərə davamlılığını aşağı salır) səbəbindən öldürlür.
Eyni pafos “Eşit evdən səsləri” filmində də duyulur. Sanki qadın zorakılığı ancaq Azərbaycanda baş verir. Halbuki 2019-cu ilin statistikasına görə, Fransa və Bötük Britaniya qadına qarşı zorakılıqda ilk yerləri tutub. Qaldırılan problemlər vacib olsa da, filmlərdə yaradıcı axtarışlar, vizual dil axsayır. Sənədli film təkcə real olanı köçürmək yox, görünməyənləri göstərmək, maraqlı struktur tapmaqdır.
Bu filmlər arasında bədii-estetik keyfiyyəti, yaradıcı yanaşması ilə seçilən Azad Əlizadənin “Hasarların arxasında” filmi oldu. Süjet Buzovna qəsəbəsinin sakinlərinin qayalığı, sahilləri villaları ilə zəbt etmiş şəxslərə qarşı mübarizə prosesinə əsaslanır. Rejissor gerçəkliyi, sosial problemi ekrana hərfi mənada köçürmür. O, mübarizənin başında dayanan şəxslərdən biri Seyfulla Azərin şəxsi həyat hekayəsindən boylanaraq hadisəyə giriş üçün doğru dramaturji zəmin tapır. Seyfullanın simasında uşaqlığı, keçmişi Buzovna ilə bağlı olan insanların mübarizəsinin intim, duyğulu tərəfləri poetik qatda açılır. Məişət səhnələri, onun qızıyla, dostları ilə söhbəti, səmimiyyəti və təmənnasızlığı filmi sosial plakat formatından çıxararaq təsirli edir. Vizual müşahidələr, gerçəkliyə səliqə ilə daxil edilmiş qurama-bədii kadrlar, əsas xəttdən sonadək yayınmamaq, ekspozisiyada qəhrəmanla ilk tanışlıq zamanı – onu istintaq edirmişlər kimi qurulmuş kompozisiya, danışan başların və kadrarxası mətnin olmaması, təsvirin funksionallğı filmin üstün cəhətləridir. Villa sahibləri və onlara bunun icazəsini vermiş məmurlar filmdə görünməsələr də, sahili tutan nəhəng evlərin təsviri konfliktin görüntüsünü yaratmağa kifayət edir.
“Hasarların arxasında” ümumi ictimai maraqlar uğrunda, təbiəti və tarixi qoruyan vətəndaş mübarizəsini əks etdirən vacib filmdir. Ötən il buzovnalıların prezidentə müraciətindən sonra dövlət başçısı Bakı Şəhər İcra hakimiyyətinə məsələnin araşdırılmasına dair göstəriş vermişdi: “Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir”.
Final səhnəsi ümidlə bitir, Buzovna sakinlərinin mübarizəsi bəhrəsini verir, sahili bağlayan hasarların bir qismi sökülməyə başlayır. Bununla belə onların məntiqi sonluğa çatmayan mübarizəsi davam edir.
Digər iki filmə keyfiyyət baxımından skeptik yanaşsam da, “Hasarların arxasında”nın festivala buraxılmamasına təəssüflənirəm…
Yeri gəlmişkən, bildiyim qədərilə, proqramdan çıxarılan digər film alman rejissoru Daniel Kötterin “Landşaft” sənədli işi olub. Almaniya və Ermənistan birgə istehsalı olan filmdə Ermənistanın bir bölgəsinin sakinlərinin İkinci Qarabağ Savaşından sonrakı vəziyyətlə bağlı fikirləri səslənir. Bir mənbənin bildirdiyinə görə, filmin çıxarılmasına səbəb birtərəfli, qərəzli mövqe və üstəlik, həmin filmin festivalda nümayişinin sentyabrın 27-ə Anım Gününə salınması olub.
Filmi izləmədiyimdən haqqında nəsə deyə bilməyəcəm. Lakin filmə baxan, peşəkarlığına inandığım bir ekspertin rəyinə görə, filmdə azərbaycanlılara qarşı təhqiramiz ifadə işlənir, Azərbaycan hakimiyyətinin Qarabağla təbliğatının haqda qərəzli fikirlər səslənir və erməni işğalı gizlədilir. Rejissor filmdə Azərbaycan tərəfinin fikirlərinə yer vermir. Məsələ ilə bağlı İmam Həsənova ünvanladığım sual cavabsız qaldı…
Ümumi mənzərəyə baxanda isə gəldiyim qənaət budur ki, məlum qalmaqalın, səs-küyün kökündə hər şeydən öncə sözün böyük mənasında qeyri-peşəkar münasibət dayanır.