Gündəmin yeknəsəkliyindən yorulmusunuz?
Hər gün eyni cür yazıları oxumaqdan bezmisiniz?
Gözünüzü ekrandan ayırmayın, xüsusilə də stajlı futbol azarkeşləri üçün maraqlı ola biləcək bir mövzuda yazmaq istədim.
İçində 9-u bol olan bu yazıda 90-cı illərə damğa vurmuş 9 nəfər 9 nömrəli futbolçudan bəhs edəcəm.
Doğrudur, onları unutmaq mümkün deyil, amma yaddaşları yeniləməkdə də fayda var deyə düşünürəm.
Beləliklə, uşaqlığımızın futbolçu qəhrəmanlarını, əfsanəvi 9 nömrələri birlikdə yada salaq.
9. Corc Vea
Afrika futbolunun yetişdirdiyi ən böyük istedadlardan biri olan Corc Vea PSJ, “Monako” və “Milan”dakı çıxışları ilə dönəmə damğasını vuran hücumçulardandır.
FİFA “İlin ən yaxşı oyunçusu” mükafatını alan ilk afrikalı futbolçu kimi tarixə düşən Vea bu şərəfə 1995-ci ildə nail olmuşdu. O, həmçinin 1989, 1994 və 1995-ci illərdə “İlin ən yaxşı afrikalı oyunçusu” seçilib.
1998-ci ildə isə “Əsrin afrikalı oyunçusu” seçilərək qitənin ən önəmli oyunçularından biri olduğunu artıqlaması ilə sübut edib.
8. Robbi Fauler
“Liverpul” akademiyasının yetişdirdiyi ən önəmli oyunçular sırasında yer alan Fauler 1993-2001-ci illərdə mersisaydlıların formasını geyinib.
Premyer Liqa tarixinin ən çox qol vuran futbolçularından biri olan Robbi 1995-ci ildə İngiltərə Liqa Kubokunun finalında “Arsenal”a qarşı 4 dəqiqədə 3 qol vuraraq diqqətləri üzərinə çəkmişdi.
1995 və 1996-cı illərdə İngiltərədə “İlin gənc oyunçusu” mükafatlarını qazanıb.
7. Patrik Klayvert
Klayvert Hollandiya futbolunun tarixə bəxş etdiyi ən istedadlı oyunçulardan biridir.
“Ayaks”ın əfsanəvi jenerasiyasının əsas simalarından biri olan Patrik doğma klubu ilə yanaşı “Milan” və “Barselona”dakı çıxışı ilə də zamanın ən önəmli simalarından biri olub. O, hər üç klubda əfsanə mərtəbəsinə yüksəlməyi bacarıb.
Hollandiya millisinin bombardirləri sırasında özünə yer tapan Klayvert 2004-cü ildə açıqlanan “Futbolun yaşayan əfsanələri” siyahısına da düşməyi bacarıb.
6. Endi Koul
Duayt York ilə birlikdə futbol tarixinin ən anlaşımlı dueti kimi tarixdə yer alan Koul “Mançester Yunayted”dəki karyerası ilə tanınır.
1995-ci ilə kimi qısa zamanda 4 komanda dəyişdirən Endi həmin il transfer olduğu “qırmızı şeytanlar”ın heyətində fantastik karyera qurdu.
“Mançester Yunyated” ilə 5 dəfə Premyer Liqa çempionluğu qazanmış hücumçu 1999-cu ildəki məşhur Çempionlar Liqası finalında da (“Bavariya” – “Mançester Yunayetd” – 1:2) qalib olmağı bacarıb.
5. Filippo İnzagi
İtaliya futbolunda qolu ən yaxşı “qoxlayan” hücumçuların başında gələn “Super Pipo” bir anlamda bombardir sözünün lüğətdəki qarşılığı kimidir.
Xüsusilə də “Yuventus”da və 11 il formasını geyindiyi “Milan”da əfsanəvi işlərə imza atıb. Karyerasında 300-dən çox qola imza atan İnzagi 1996/97 mövsümündə A seriyasında bombardir olmaqla yanaşı 2007-ci ildə Avropada “İlin ən yaxşı oyunçusu” seçilib.
Əfsanəvi hücumçunun “Milan”ın yaxşı dönəmlərində 2 Çempionlar Liqası və 3 Super Kubok çempionluğu da var.
4. Jan Pyer Papen
“Marsel” tarixinin əfsanəvi qolçularından biri olan Papen 1988-1992-ci illər arasında ardıcıl 5 dəfə arxa-arxaya liqa bombardiri olmağı bacarıb.
1991-ci ildə Avropada “İlin ən yaxşı futbolçusu” seçilən forvard Avrokuboklarda 38 qolla ən çox qol vuran fransız futbolçulardan biri kimi tarixə düşüb.
O, həmçinin 1994-cü ildə “Milan”la Çempionlar Liqasının qalibi olmağı da bacarıb.
3. Qabriel Batistuta
Onun haqqında ətraflı danışmağa gərək yoxdu. Möhtəşəm zərbələri, qol duyumu və xarakteri ilə özündən söz etdirən Batistuta 90-cı illərdə İtaliyanı titrədən hücumçulardan biri olub.
184 qolla A sriyasının ən çox qol vuran hücumçularından biri olan argentinalı 56 qolla milli komandasının da ən yaxşıları sırasındadır.
Liqada 1994/1995 mövsümünün bombardiri olan Batiqol “Fiorentina” və “Roma”dakı performansı ilə iz buraxıb.
2. Alan Şirer
İngilis futbol tarixinin son vuruş anlamında ən usta oyunçularının başında gələn Şirer “Blekbörn” və “Nyukasl”dakı çıxışları ilə tam bir istiqrar abidəsi kimi tanınıb.
Premyer Liqa tarixində “Qızıl buts” mükafatını 3 dəfə ardıcıl olaraq qazanmağı bacarmış nadir oyunçulardan biri olan Alan uzun illər hücumçu qıtlığı çəkən İngiltərə millisinin əsas vuran ayağı olub.
1. Ronaldo
Müasir futbolda Kristiano Ronaldonun parlamasından sonra “əsl Ronaldo”, “Fenomen Ronaldo”, “Ata Ronaldo” kimi ləqəblərlə anılan braziliyalı 90-cı illərin futbolsevərlərinin əsas kumirlərindən biri olub.
Dünya kubokları tarixinin ən yaxşı ikinci bombardiri olan Ronaldo PSV, “Barselona” və “İnter” formaları ilə Avropa futbolunda qasırğa kimi əsib.
Karyerasında saysız-hesabsız şəxsi uğurlar qazanan Fenomen Ronaldo zədələrdən əziyyət çəkməsə, daha nə qədər rekord qıra bilərdi, hələ də müzakirə olunur.
O, 1994 və 2002-ci illərdə dünya çempionluğunu, 1998-ci ildə dünya kubokunun gümüş mükafatını qazanıb.