Heç kimin dilindən düşməyən haqq sözünün anlamı nədir?! Bunun anlamı – haqq sahibi olmaq və ya bir şeyi qanuni olaraq tələb edə bilmək deməkdir. Yəni haqq kəlməsinin arxasında əxlaqi bir düşüncə, doğruluq iddiası dayanır. Başqa sözlə, hər bir haqq iddiası, müvafiq ölçüdə başqa birinin azadlıq sferasına müdaxiləni nəzərdə tutduğu üçün əxlaqi səlahiyyətlərə sahib olmalıdır. Çünki haqqı əldə etməkdən ötrü müdaxilə qaçınılmazdır.
Necə bir müdaxilə? Hüquq dövlətində haqq arayışı hüquqi instansiyalar vasitəsilə həyata keçirilir. Bəs ortada hüquqi dövlət yoxdursa və ya hüquq sistemi ləng və zəif işləyirsə? O zaman Lenin, Mao, Fidel Kastro, Xo Şi Min, Çe Gevara, Lumumba, Sankaranın və digərlərinin etdiyi kimi etməli? Bu liderlər “Haqq verilmir, alınır” fikrinə öncə özləri inanıb sonra insanları inandıraraq onları öncə küçələrə, ordan isə savaş meydanlarına tökürdülər. Nazim Hikmətin dediyi kimi, axın vardı, axın, günəşə axın. Bu axın onlardan çoxlarını aparacaqdı, lakin bu riskə dəyərdi. Beləliklə, haqq arayışının hüquqi instansiyalarla təmin oluna bilmədiyi çıxılmaz vəziyyətlərdə mübarizə artıq daha sərt formalarda davam etdirilə bilər. Mübarizə tərəfinin buna mənəvi haqqının çatıb-çatmadığına isə biz qərar verə bilmirik. Çünki hər kəsin öz pəncərəsindən gördüyü fərqli həqiqət, fərqli doğru, fərqli əxlaq anlayışı var. Məsələn, İran azərbaycanlılarının öz milli haqlarını əldə etmək uğrunda mübarizə aparmaq üçün nə qədər haqları varsa, Türkiyə kürdlərinin də eynən o qədər haqları yoxmu/varmı?! Bu suala İran və Türkiyə tərəfi bir cür, etnik azərbaycanlılar və kürdlər isə başqa cür cavab verə bilərlər. Hərəsinin öz haqqı var. Bu haqqı onlara beynəlxalq prinsiplər verib: dövlətlərin öz ərazi bütövlüyünü təmin etmək, xalqların öz müqəddəratını təyin etmək haqqının var olduğunu iddia edən bu iki, mahiyyətcə bir birinə tamamilə zidd prinsiplər.
Əgər xarici düşmənlərə qarşı mübarizədə (məsələn, müstəmləkəçiliyə qarşı) xalqların öz müqəddəratını təyin etmək haqqı uğrunda mübarizəyə haqlı don geyindirilirsə və xalqın buna mənəvi haqqı çatırsa, niyə daxili mübarizədə çox vaxt xalqlara bu haqq verilmir? Ölkə daxilində öz haqları uğrunda mübarizə aparanlar ən pis halda terrorçuya, orta halda siyasi məhbusa, ən yaxşı halda isə siyasi rəqibə çevrilirlər. Nəyə çevriləcəyi isə mübarizənin qarşı tərəfinin necə davranacağına bağlıdır. Məsələn, Azərbaycanda Dağlıq Qarabağda kompakt şəkildə yaşayan etnik erməni azlığına münasibətə baxaq. Bu xalqın buraya haçan, necə və nə cür gəldiyi haqda fikir bildirmədən (çünki geniş mövzudur və bugünkü mövzumuza aidiyyəti yoxdur), onların qurduğu idarəçiliyin günümüzdə Azərbaycan dövləti tərəfindən terrorçu hesab edildiyini deyə bilərəm. Çeçenlər Rusiyada, irlandlar Böyük Britaniyada olduğu kimi, ermənilər də Azərbaycanda separatçılıq etdikləri üçün, dövlətin ərazi bütövlüyü prinsipinə zidd gedərək ölkəni parçalamağa və özlərinə torpaq qoparmağa çalışdıqları üçün terrorçu hesab olunurlar. Sual yaranır: bəs o zaman imperiyaları parçalayan anti-müstəmləkəçi hərəkatları həyata keçirənlər niyə terrorçu sayılmırlar? Bu günümüzün müstəvisində biz onları terrorçu kimi görmürük. Amma ola bilsin, o dövrün pəncərəsindən baxdıqda görərik ki, məsələn, XVII əsrdəki dövləti idarə edən qurum bu dövlətdən ayrılmaq istəyənləri terrorçu hesab edirmiş. Sadəcə biz bugünümüzün gözü ilə baxdığımız üçün onlara haqq veririk. Ola bilsin ki, 1000 il bundan sonra dünya var olsa, burada yaşayan insanlar da tarix kitablarını açıb oxuyarkən çeçenlərə, kürdlərə, ermənilərə, irlandlara haqq verəcəklər. Düşünəcəklər ki, ayrılmaq istəyirlər, qoy ayrılsınlar da, onlara qarşı bu qədər nifrət, kin-küdurət nəyə lazımdır? Ancaq məsələ bu qədər bəsit deyil.
Tarixi yaddaş deyə bir şey var – xalqların tarixi yaddaşı. Kimiləri zəfərlə doldurur bu yaddaşını, kimiləri qanla. Bizimki qan yaddaşıdır. Çünki Azərbaycan yaddaşımıza həkk olunan bu tarixlərdə torpaqlarını, insanlarını, canlarını itirib. Sözügedən tarixlər:
1992-1993-cü illər ərzində Dağlıq Qarabağın (bura daxil olan 5 rayon – Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut və iki şəhər – Şuşa, Xankəndi) işğalı;
18 may 1992-ci il tarixində Laçının işğalı;
2 aprel 1993-cü il tarixində Kəlbəcərin işğalı;
23 iyul 1993-cü il tarixində Ağdamın işğalı;
23 avqust 1993-cü il tarixində Cəbrayıl və Füzulinin işğalı;
31 avqust 1993-cü il tarixində Qubadlının işğalı;
29 oktyabr 1993-cü il tarixində Zəngilanın işğalı.
Bu tarixlərə bir də 20 yanvar 1990 və 26 fevral 1992-ci ili əlavə edə bilərik.
Siyahımızı 27 aprel 1920-ci il tarixində Azərbaycan Xalq Cumhuriyyətinin hakimiyyəti bolşeviklərə təslim etməsinə, 21 fevral 1828-ci il tarixində imzalanan və Azərbaycan torpaqlarının şimali və cənubi Azərbaycan olaraq ikiyə ayrılmasının təməlini qoyan Türkmənçay müqaviləsinə, yaxud daha əvvələ gedib 9 avqust 1578-ci il tarixində baş tutmuş Səfəvilərin Osmanlılara məğlub olması nəticəsində Gürcüstan və Şirvanı (o zaman Azərbaycan belə adlanırdı) itirməsinə səbəb olan Çıldır döyüşünə, hətta bir az da qədimə gedib qədim Qafqaz Albaniyasının 10 il sonra Sasani İmperiyasına daxil ediləməsinə gətirib çıxaran 26 may 451-ci il tarixindəki Avarayr döyüşünə qədər genişləndirə də bilərik. Amma buna ehtiyac yoxdur. Çünki müasir milli-dövlət anlayışı və müasir hüquq sisteminin tarixi XVII əsrdən daha qədim deyil. Daha dəqiq desək, müasir beynəlxalq münasibətlər siteminin başlanğıcı olaraq Avropa dövlətləri arasında 30 illik müharibəni bitirən, 1648-ci ildə imzalanan Vestfal sülh müqaviləsini əsas götürürük. Məhz bu müqavilə ilə müasir sivilizasiyanın mərkəzi sayılan Qərb, yəni Avropa dövlətləri milli dövlətlərin varlığını və ərazi bütövlüyünün toxunulmazlığı prinsipini qəbul etmişdi.
Milli dövlətlərin beynəlxalq siyasi arenaya daxil olması və sayının gedərək artması ilə birlikdə millətlər də formalaşmağa başladılar. Bundan öncəkilər sadəcə tayfa birləşmələri, etnoslar idi. Beləliklə, bu nəzəriyyəyə dayanaraq Azərbaycan millətinin XVII-XX əsrlərdə formalaşma dövrü keçdiyini və 1918-ci ildə indiki Azərbaycan dövlətinin sələfi olan AXC-nin qurulması ilə (eynən Ermənistan kimi) bu formasiyanın tamamlandığını söyləyə bilərik. Artıq bir Azərbaycan millətindən bəhs etmək mümkün idi. Bundan daha əvvələ getməyin və hüquq müstəvisinə tarixi qatmağın mənası da yoxdur. Bunu, əsasən, ermənilər edir – özlərinə daha çox qan yaddaşına sahib millət görüntüsü bəxş etmək üçün. Bizim isə buna ehtiyacımız yoxdur. Zatən 1918-ci ildə qurulan AXC Dağlıq Qarabağı da idarə edirdi. İngilis hökumətinin də təsdiqi ilə 1919-1920-ci illərdə AXC-yə daxil olan Qarabağa general-qubernator təyin olunan Xosrov bəy Sultanovun adından da məlum olduğu kimi, bölgə azərbaycanlı yönətimində idi. Lakin, təxminən, eyni dövrdə 1914-1918-ci illərdə baş vermiş I Dünya Müharibəsinin qalib və məğlublarının taleyinin həll edildiyi Paris Sülh Konfransında ABŞ Prezindenti Vudro Vilson tərəfindən dünyaya bəxş edilən 14 maddədən biri – xalqların öz müqəddəratını təyin etməsi prinsipi ortaya atıldı. Bu prinsip daha əvvəl Rusiyadakı bolşeviklər tərəfindən də dilə gətirilmişdi. Beləliklə, ideya gedərək yayıldı və müxtəlif imperiyaların koloniyaları onu öz azadlığı uğruna mübarizədə istifadə etdi.
Ermənilər Azərbaycanda tarixin qədim dövrlərindən bəri (Azərbaycanın əksər tarixçiləri bunu Çar Rusiyası dövrünə bağlamağa çalışsalar da, dünyanın əksər, xüsusilə qərb tarixçiləri ən qədim zamanlara bağlayırlar) yaşayıb, məskən salıblar. Dağlıq Qarabağ onların xüsusilə kompakt yaşadığı (və ya qəsdən məskunlaşdırıldığı) ərazi olub. Sovet İttifaqı xalqların öz müqəddəratını təyinetmə prinsipinə öncəlik verdiyi üçün Dağlıq Qarabağ ermənilərinə Azərbaycan daxilində muxtariyyət bəxş edib (halbuki bir çox ermənilər bunu tamamilə başqa cür şərh edir və Stalini Qarabağı Azərbaycana bəxş etməkdə günahlandırırlar). Sovet İttifaqının dağılhadağılında, daha dəqiq desək, 3 aprel 1990-cı il tarixində İttifaq ərazisində sonradan qaynar münaqişə ocaqlarının yaranmasına səbəbiyyət verəcək bir qanun qəbul edildi. Konstitusiyaya görə, SSRİ dövlətlərinin istədiyi zaman İttifaqdan ayrılma haqları vardı, amma yeni qəbul edilən qanuna görə, bu haqq qismən onların içərisində olan muxtar respublikalara da şamil edilirdi. Yəni muxtar ərazinin İttifaqdan ayrılan dövlətin tərkibində qalıb-qalmaması öz istəyinə əsasən həyata keçiriləcəkdi. Beləliklə, ilk dəfə rəsmi olaraq 20 fevral 1988-ci il tarixində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşdirilməsi haqda mərkəzə müraciət edən, bu istəklərinə müvəqqəti olaraq “yox” cavabı alan Dağlıq Qarabağ erməniləri Azərbaycandan ayrılmaq üçün hüquqi baza əldə etmişdilər.
Lakin bu hüquqi baza təmin edilə bilmədi. Çünki Azərbaycan höküməti SSRİ-yə çox loyal idi. Buna görə, qanun Azərbaycanda tətbiq edilmədi. 2 Sentyabr 1991-ci il tarixində təkrar öz müstəqilliyini elan edən vilayətin bu özbaşına hərəkəti nə Azərbaycan SSR, nə də SSRİ tərəfindən tanınmadı. 18 oktyabr 1991-ci il tarixində müstəqillik haqqında konstitusiya aktı qəbul edərək müstəqilliyinə qovuşan Azərbaycan Respublikası 26 noyabr 1991-ci il tarixində Dağlıq Qarabağın muxtar statusunu ləğv etdi. Bu yolla ölkədəki erməni separatçılarının önü kəsilməyə çalışılsa da, alınmadı. Ermənilərin separatizm maşını artıq yola çıxmışdı. 21 sentyabr Müstəqilliyini 1991-ci il tarixində elan edən Ermənistan Azərbaycandan, təxminən, 1 ay əvvəl müstəqillik haqqını qazanmışdı. Beləliklə, onların artıq bir milli dövlətləri vardı – Ermənistan Respublikası. Növbə Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün hərbi əməliyyatlara gəlib çatmışdı. Tam da bu anda ermənilərin öz müqəddəratını təyin etmə prinsipi yadlarına düşmüşdü. Alexander ve Friedlander (1980) tərəfindən də qeyd edildiyi kimi, bir çox beynəlxalq hüquqşünasların fikrincə, millətlər bu prinsipdən yalnız bir dəfə istifadə etmək haqqına sahibdirlər. Ermənilər də artıq öz milli dövlətlərini qurmuşdular. Lakin təbii olaraq başqa bir dövlət ərazisində yaşayan etnik azlıqlara qarşı mərkəzi hökümətin hər hansı diskriminasiya və ya təhqiredici siyasət həyata keçirdiyi zamanlarda bu qayda pozula bilər. Ermənilər də bütün dünyaya bar-bar bağıraraq guya özlərinin, xüsusilə, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan tərkibində diskriminasiyaya məruz qaldıqlarını, guya yaşadıqları bölgələrdə azərbaycanlıların sayının qəsdən artırıldığını, özlərinin məhv olma təhlükəsi ilə üzləşdiklərini bildirirdilər. Bu yalanlar dünyanın çox da vecinə olmasa belə, xristian birliyi öz sözünü deyirdi (elə indiki kimi). Bura – Rusiyanın “yaxın çevrəsi”, yəni maraqlarının sirayət etdiyi ərazi idi. Müstəqilliyin yolu Rusiyaya erməni loyallığından keçirdi. Azərbaycan və Gürcüstan bu arada Qərblə əməkdaşlığı seçərkən Ermənistan Rusiyanın vassalına çevrilməkdə idi. Nəticə isə Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun Azərbaycandan qoparılması, yüz minlərlə insanın öz doğma vətənində məcburi köçkün halına düşməsi oldu. Bənzər şəkildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində etnik davalar qızışdırılmışdı. Bu davaların hər biri günümüzdə də qaynar nöqtələr olaraq qalmaqda davam edirlər, eynilə Dağlıq Qarabağ kimi. DQ müharibəsinin 12 may 1994-cü il tarixində atəşkəs sazişi ilə dondurulmasına baxmayaraq, zaman-zaman güllələrin havada uçuşduğunu bilirik. Lakin bu anlıq gedişlər müxtəlif səbəblərdən (daxili və xarici) əsaslı xarakter daşımır, təkrar ara soyuyurdu. Ta ki 27 sentyabr 2020-ci ilə kimi.
Bu gün Azərbaycan və Ermənistan arasında II Dağlıq Qarabağ müharibəsi yaşanır. Hamı 7/24 xəbərləri izləyir və əminəm ki, ən son hadisələrdən hər kəsin xəbəri var. Buna görə, yazımı xəbər lentinə çevirmək niyyətim yoxdur. Hər kəs kimi, mən də xəbərləri səbirsizliklə izləyir və nikbin bir ruhda işğal altında olan bütün torpaqlarımızın yaxın zamanda düşmən işğalından azad ediləcəyi günü gözləyirəm, bunun tezliklə baş verəcəyinə inanıram. Gözləntilərin xaricində hər hansı birbaşa (sadəcə diplomatik ifadələrlə deyil) həqiqi müdaxilə olmazsa, Azərbaycanın, erməni tərəfini kapitulyasiyaya məcbur edib təkrar öz şərtləri altında masaya oturtması an məsələsinə dönüb. Bəli, Azərbaycanın şərtləri! 1994-cü ildə bu şərtləri bizə beynəlxalq qurumlar diktə etmiş, bu şərtlərlə razılaşmağımızı istəmiş, amma bizim Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcəyimizi görüb günümüzə qədər müxtəlif həll üsulları ilə qarşımıza çıxmışdılar. Bu həll üsulları aşağıdakılardır:
1. Paket həll üsulu
İsveç Xarici İşlər Naziri Flaviyo Kotti (həm də həmin il ATƏT-in prezidenti vəzifəsini daşıyırdı) tərəfindən 1996-cı ilin martında təklif edilən bu həll üsulu ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında hazırlanmışdı və Dağlıq Qarabağa Azərbaycan daxilində ən geniş muxtariyyət statusu verməyi nəzərdə tuturdu. Ermənilər işğal etdiyi torpaqlardan geri çəkilməli, məcburi köçkünlər geri dönməli idi. Lakin ermənilər bu təklifi rədd etdilər.
2. Mərhələli həll üsulu
1997-ci ildə gündəmə gələn bu həll üsuluna görə, DQ ətrafındakı işğal olunmuş rayonlar geri qaytarılmalı, məcburi köçkünlərin geri dönməsi təmin edilməli, Dağlıq Qarabağın statusu məsələsi isə daha sonra həyata keçiriləcək referendum yolu ilə həll olunmalı idi. Bu həll üsuluna o vaxtkı Ermənistan prezidenti Petrosyan müsbət yanaşsa da, DQ erməniləri kəskin qarşı çıxmışdılar. Bundan 1 il sonra isə Petrosyan istefa verməli olmuşdu.
3. Ortaq dövlət həll üsulu
1998-ci ildə gündəmə gələn bu həll üsuluna görə, DQ və Azərbaycanın daxil olduğu konfederasiya qurulmalı idi. Lakin Azərbaycan tərəfi bu təklifi rədd etdiyi üçün tezliklə gündəmdən düşmüşdü.
4. Key-West danışıqları
2001-ci ildə ABŞ-ın Florida ştatında Heydər Əliyevin iştirakilə həyata keçirilən bu danışıqlarda paket həll üsulu bir sıra əlavələrlə təkrar gündəmə gəlmişdi. Bu həll üsuluna görə, 7 rayon geri qaytarılmalı, məcburi köçkünlər geri dönməli, DQ-nin statusu məsələsinə gəlincə isə, Ermənistan Respublikasının bir sıra (İranla sərhəd) ərazilərinin Azərbaycana verilməsi qarşılığında Dağlıq Qarabağın müstəqilliyi tanınmalı idi. Lakin nə Azərbaycan, nə də Ermənistan tərəfinin bir çox rəsmiləri bu həll üsuluna razılıq vermədiyi üçün gündəmdən düşmüşdü.
5. Madrid prinsipləri
2007-ci ildə gündəmə gələn Madrid prinsipləri həm dövlətlərin ərazi bütövlüyü, həm də xalqların öz müqəddəratını təyin etmə prinsipinin toxunulmazlığını təmin edirdi. Bu prinsiplər mərhələli həll üsuluna əsaslanır. Yəni ətraf rayonlar geri qaytarılmalı, Dağlıq Qarabağa özünü idarə etmək və təhlükəsizliyini təmin etmək üçün keçici status verilməli, Ermənistanla DQ-ni birləşdirəcək koridor təmin edilməli, DQ-nin gələcək rəsmi statusunun müəyyən edilməsi üçün referendum təşkil olunmalı, məcburi köçkünlərin geri qayıtmasına şərait yaradılmalı, ərazidə beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməli idi.
Lakin burada da bəzi münaqişə doğuran məqamlar vardı: referendumun keçiriləcəyi tarixin qeyri-müəyyən gələcək zamana saxlanılması, referendumda kimlərin iştirak haqqı olacağının dəqiq müəyyən edilə bilməməsi, sülhməramlı qüvvələrin tərkibinə hansı ölkə ordu hissələrinin qatılacağı məsələsi.
Beləliklə, bu və digər təkliflərin hamısı kağız üzərində qalaraq həyata keçirilməsi mümkün olmamışdı. Danışıqlar prosesi zaman-zaman tamamən durmuş, tərəflər bir-birinə qarşı hərbi əməliyyatları canlandırmış, lakin xarici təzyiqlər sayəsində təkrar atəşkəs təmin olunmuşdu.
Hazırkı atəşkəs rejimi Ermənistan üçün olduqca sərfəli idi. Onsuz da DQ-də istədiyini edir, müxtəlif tədbirlər, hətta bölgəyə xaricdən ermənilərin köçürülməsini həyata keçirirdi. 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən “məxməri inqilab” zamanı Azərbaycan tərəfində danışıqlar prosesinin canlanacağına və müsbət nəticələrin əldə oluna biləcəyinə dair kiçik bir ümid yaranmışdı. Lakin Paşinyanın siyasəti bütün bu ümidləri puç etdi. Hətta indiyə qədərki bütün Ermənistan rəhbərliyindən fərqli olaraq, Paşinyan, DQ-nin Ermənistana aid olduğunu dilə gətirib bütün qırmızı xətləri keçmiş, danışıqlar prosesinə ağır zərbə vurmuş və ermənilərin DQ-yə yanaşmasının əsl mahiyyətini üzə çıxarmışdı. Beləliklə, artıq heç bir danışıqlardan söz gedə bilməzdi. Ermənistan-Azərbaycan cəbhə xəttindəki mütəmadi təxribatlar da bunun əyani göstəricisi idi. Bu təxribatlar öz pik həddinə 2020-ci ilin yayında çatdı və axır ki, ermənilər layiqli cavablarını almağa başladılar. Bunda, bəlkə də, bölgədəki əlverişli siyasi konyukturun yaranması da rol oynayır. Amma bizim üçün əsas olan nəticədir.
Bu gün artıq işğal altında olan torpaqlarımız bir-bir azad edilir. Torpaq bütünlüyümüzün təmin olunacağı günə az qalıb. Tam da bu anda Türkiyənin “İstiqlal Marşı”nın bu misraları yadıma düşdü:
“Arkadaş! Yurduma alçaqları uğratma sakın,
Sipər et gövdəni, dursun bu həyasızca axın.
Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın,
Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın”.
Bəli. Bəlkə yarın, bəlkə yarından da yaxın. Bütün Qarabağın işğaldan azad olacağı günü görəcəyik. Bizə diplomatik danışıqlarla verilməyən haqqımızı hərbi yolla geri almaq haqqımızdır. Müharibə də siyasətin bir alətidir. Bu aləti işə salmağa bizi qarşı tərəf məcbur etdi. Bəlkə də onlar düşünürdülər ki, danışıqları uzadıb status-kvonu qorusalar, zamanla Azərbaycan xalqı Qarabağı unudacaq, onlar da dünyaya DQR adında bir dövlət tanıda biləcəklər. Amma olmadı. Xalqın tarixi yaddaşı, xüsusilə də qan yaddaşı heç vaxt silinmir!