Son günlər hökumət dünyanı çalxalayan koronavirus böhranına öz rüzgarını da əlavə edərək həm epidemiyanı anlamağa çalışır, həm də öz gücünü nümayiş etdirmək fürsətini əldən buraxmır. İnsafən bizim hökumət tək deyil və pandemiya şəraitində dünyanın bir çox hökuməti «indi biz sizə dövlətin gücünü göstərərik» rejiminə məmnuniyyətlə keçmişdir, ya da ən azından elə görünür.
Bizim hökumət də karantin rejimini seçənlərdəndir. Yəqin ki, karantin insanların sağ qalması, bundan sonrakı həyatlarını sağlam yaşamasına xidmət edir, etməlidir. Bəs bizdə vəziyyət necədir, gəlin nəzər salaq:
Karantin rejimi ilə əlaqədar iş yerlərinin bağlanması insanların bir ay işsiz qalması deməkdir. İşsiz qalan adam korrupsiyadan altına yığdığı, fırıldaqla, kiminsə cibinə girərək qazandığı pulu yoxdursa, qidalanma, evin kommunal xərci və s. maddi tələbatlarını qarşılaya bilməyəcək. Dövlət bu adamın dolanması üçün real tələbat büdcəsi hazırlamalı, o büdcəyə müvafiq sosial təzminat ödənməlidir. Senzuralı medianın Məşğulluq İdarəsində adı qeydiyyatda olan hər adama 2 ay üçün 190 manat pulun ödənməsi ilə bağlı prezidentin sərəncamını “Əhaliyə prezidentdən şad xəbər” başlıqları ilə verməyə tələsməsində qəribə heç nə yoxdur, lakin dövlətin bu 190 manatı necə, hansı araşdırmalar, əsaslarla təyin etməsi haqda bircə cümləyə belə rast gəlməməyimiz təbii olaraq dalağımızı sancır.
Doğrudan da, müxtəlif münasibətlərlə təyin olunan sosial yardım məbləğlərini sorğulamamaq ənənə halına gəlib – bir soruşan yoxdur ki, «Cənab prezident, imzaladığınız sərəncamı diqqətlə oxumusunuz, yoxsa aidiyyatı olan qurum və şəxslərin məsləhəti kifayət edir? İndiki halda bizə verilən 190 manat sədəqəyə daha çox oxşayır…».
Gəlin, məsələni bir az da açaq. Bu aşağı həddin təyin olunması hansı məntiqlə baş verir?
1) Ya bu məbləği təyin edən adamlar özləri bazarlıq etmir, qida üzrə bazar qiymətlərindən, kommunal ödənişlərdən bixəbərdirlər və beyinlərindəki hesab maşınları hələ “şirvan” dövrünün kursu ilə işləyir;
2) Ya da insanların üsyan, bəlkə də iğtişaşından çəkinib gözdən pərdə asmaq xətrinə “bu da olsun başımızın sədəqəsi” deyə verirlər.
Davamlı olaraq ölkənin iqtisadi vəziyyətinin yaxşı olması ilə öyünüb sədəqəyə bənzər sosial təzminat ödəmək təzad yaradır. Toplam 190 manat məvacib kobud bənzətmə ilə ifadə etsəm, milyonluq saatını oğurladan bir məmur övladının təkcə nahar pulu edər, ya etməz. Əgər sual yaransa ki, yüksək vəzifəli məmur ailəsi ilə sıravi bir ailənin xərcini bir tutmaq doğrudurmu deyə, cavab verirəm ki, bəli. Demokratik cəmiyyətlərdə, zənnimcə, maddi vəziyyətinə görə təbəqələşmənin göstəricisi qidalanma olmamalıdır. Kasıbın da, varlının da əli qidadan eyni məsafə uzaqlığında olmalıdır. Onlar arasındakı təbəqələşmə fərqini yaradan, zəhmətlərinə uyğun gəlir səviyyələri ilə əldə etdikləri mal-mülk ola bilər, qidalanma yox. Əgər bu gün cəmiyyətimizdə hansısa adamlar uşaqlarının acından ölməsindən qorxub hönkür-hönkür ağlayıb kimlərəsə yalvarırsa, kimlərsə onlara apardığı yardım payını uzun leksiyalar oxuyaraq kamera qarşısında təqdim edirsə, demək ki, o yardıma möhtac adamın qidaya əlçatanlığı ilə cəmiyyət olaraq demokratiyaya əlçatanlığımız indiki hal üçün düz mütənasibdir.
İndi isə bu krizisin bizi haralara aparacağı barədə düşünək. Tələbata çevirilmiş ehtiyaclar ödənməyəndə borclanmalar başlayacaq. İş və pul münasibəti indiki dünya rejimi üçün zəncirvari olduğundan zəncirin baş halqaları xaric, orta və son halqaları üçün yaşamaq olduqca çətinləşməkdədir. Bu çətinliyi aradan qaldırmaq üçün başdakı halqalara ekstra möhtaclıq yaranır. Ölkə üzrə hələ ki sabitliyini qoruyan halqalardan biri banklardır. Lakin bu günlərdə banklar da vətəndaşa normala nisbətdə daha da qorxa-qorxa qucaq açır. Krediti yalnız çox əmin olduqları müştərilərə verirlər. Məyusluq dolu niyə sualları yaranır. Niyəsiylə bağlı fikrimi izah etmək üçün, məncə, bir az geniş rakursdan baxmalıyam:
Adi günlərdə belə, bankların kredit şərtləri ölkə insanı üçün olduqca ağırdır: son iş yerində minimum 6 ay staj, əgər bankın Bakı filialına müraciət edirsinizsə Bakı qeydiyyatında olmaq, daşınmaz əmlak, zaminlik və s. İndi məsələyə həm vətəndaş, həm də banklar nöqteyi-nəzərindən baxaq. Ölkə əhalisinin ciddi faizi bölgələrdəki işsizlik, yaşamaq üçün uyğun olmayan şəraitdən, əyləncə məkanlarının yoxluğundan dolayı mərkəzə-Bakıya üz tutub. Üz tutanların əksəriyyəti kirayədə yaşayaraq çoxu qeyri-rəsmi işlərdə işləyir. Ölkədə rəsmi işlərin sayı əhalinin sayına müvafiq deyil. İş verənlərin çoxu vergidən yayınmaq, rəsmi gəlirini bəyan etməmək üçün işçiləri qeyri-rəsmi, əmək müqaviləsiz işlədir. İşçilərin çoxu bunu tələb etmir, etsə də, “işçidən çox işçi, bu dəqiqə ölkə işsizlə doludur” cavabını alıb işdən qovulmaqdan qorxub başını aşağı salıb işini görəcəklər. Əgər bu adamların nə zamansa hansısa işlə bağlı təcili pula ehtiyacları olsa, banka üz tutsalar, bank Bakı qeydiyyatı, rəsmi iş yeri olmadığı üçün vətəndaşa yardım etməyəcək. Yardım əlini uzatmamağın, şərtlərin ağırlığının səbəbi güvənsizlikdir. Lakin təkcə vətəndaşa yox, sistemə:
1) Banklar ölkədəki işsizlik faizinin statistikalardakı kimi olduğuna, başda məhkəmələr olmaqla digər hüquq mühafizə orqanlarının ədalətlə, süründürmə etmədən işlədiyinə, Məşğulluq İdarəsinin vətəndaşı yaxşı işlə təmin etdiyinə əmin olsaydı, çox rahat şərtlərlə pul verərdi. Düşünərdi ki, əgər vətəndaş işindən ayrılsa, başqa iş tapıb işləyəcək və pulumu qaytaracaq. Əgər qaytarmasa, məhkəməyə verərəm, qısa zamanda məhkəmə Məşğulluq İdarəsinə yönəldər, vətəndaşa iş tapılar, maaşının müəyyən faizindən də aylıq borcunu qaytarar. Lakin Banklar bilir ki, bunlar hələki utopiyadır, Mİ-dən iş tapılsa da, ona o maaşdan pul qaytarmaq mümkün olmayacaq.
2) Banklar həm də vətəndaşa məsuliyyətinə görə güvənmir. Çünki ölkə əhalisinin çoxunun təfəkkürünün məsuliyyətlərinin öhdəsindən gələ biləcək səviyyədə olduğunu düşünmür, ona görə də ancaq müəyyən kəsimə pul verir. Bu müəyyən kəsim də stabil olaraq azı 6 ay bir iş yerində işləyən, əmlakı və s. kriteriyaları olan adamlardır.
Vətəndaşın məsuliyyətlilik dərəcəsi dövlətin vətəndaş qarşısında öz öhdəliklərini necə icra etməsi ilə əlaqədardır, məncə. Yəni vətəndaş dövlətin yazdığı oyunun oyunçusudur. Bu, çox genişdir, qısacası deyim ki, əgər vətəndaş təhsil, səhiyyə, hüquq-mühafizə orqanları tərəfindən qorunar, obyektiv mediyadan həqiqətləri dinləyər, əyləncə və s. kimi hüquqları cani-könüldən, materialdan oğurluq edilmədən təmin edilərsə, şüur səviyyəsi yüksək, təfəkkürü yaxşı işləyən vətəndaş formalaşar və o vətəndaş dövlətin ona yanaşdığı kimi də dövlətə yanaşar. Əgər dövlət və vətəndaş bu gün bir-birinə güvənmiş olsaydı, karantin rejimi ilə əlaqəli saatlı icazələrə də gərək olmayacaqdı. Saatlı icazələr valideynlərin hələ doğru qərar verə biləcək yetkinlik səviyyəsinə gəlməyən uşağına rəftarını xatırladır. Yəqin ki, qaydadan kənara çıxanlara 100 manat cərimə ödətmək də avtoritarlığın göstəricisidir. Ümid edirəm ki, çox qısa zamanda iki yetkin tərəfin diskursuna keçid edə biləcəyik.