Təhsil Nazirliyinin bugünkü qərarı ilə, məktəblər mart ayının 9-na qədər bağlı qalacaq. Qərar zəruri idimi, vaxtındamı verilmişdi deyə bilmərəm, koronavirusla bağlı gündəm onsuz da qaynardır, bir də mən qoşulmayım. Demək istədiyim odur ki, uşaqlarımızı Azərbaycan məktəblərinə ümumiyyətlə buraxmağın tərəfdarı deyiləm.
Əslində bu təklifdə antihumanist, antimaarif, antidövlət heç nə yoxdur. Məktəblərin yerli-dibli bağlanması artıq zərurətə çevrilib, çünki pan-türkist, psevdo-mühafizəkar, şəriətçi, seçkilərdə saxtakarlıq edən, avtokratiya sevdalısı müəllimlər təhlükə saçır. Bizim saf arzularla yaşayan gələcəyimizi onlara etibar etmək olmaz. Bunlar faktdır, burada zərrə qədər şişirtmə yoxdur.
Məktəb dedim yadıma illər öncə sosial şəbəkədə gördüyüm bir düşdü – bir tərəfdə “az-sektor”, digər tərəfdə “rus-sektor”un rəsm guşələrinin əks olunduğu foto-kollaj. “Azsektor”un rəsm guşəsində yalnız Heydər Əliyevin, İlham Əliyevin dağ, səma, günəş fonunda portretləri, erməni öldürən Azərbaycan əsgəri rəsmi və s. var idi. “Rus-sektor”un rəsm guşəsində isə qeyri-adi təbiət mənzərələri, abstrakt fiqurlar, mehriban ailə rəsmi. Müəllimlərin şagirdlərə verdiyi təhsilin keyfiyyətini rəsmlərdən tutmaq olurdu.
İndi mənə deyin görüm, bu uşaqların kortəbii, məcburi qaydada əxz etdikləri dəyərlər onların perspektivdə radikallaşmasını, analitik təfəkkürdən məhrum qalmasını, cahilliyə yuvarlanmasını nə qədər yaxınlaşdırır, tezləşdirir? Ondandır bəlkə gənclərimizin sağa-sola, sünniyə-şiəyə sorğulamadan, çox rahat yönəlməsi?
Özümün məktəb illərini, məruz qaldığım propaqandanı təbəssümlə xatırlayıram. Xüsusi günlərdə keçirilən tədbirlərdə “uşaqlar, erməni uşağının başını kəsərdinizmi?” sualı səsləndirilir, uşaqlardan hansısa biri cəld “yox” cavabı verir və bütün zal çəpik çalaraq ultra-humanist millət olmağımız faktını dünyaya bəyan edirdi. Hələ o vaxt bunun nəsə absurd, gic bir şey olduğunun fərqində idim. Belə bir sual azyaşlı uşaqlara, yeniyetmələrə niyə verilir, bizi niyə əcaib dilemma qarşısında qoyurdular ki? Əlbəttə, suallarımla baş-başa qalırdım, heç kimlə bölüşmürdüm, şübhəliydim ki, başa düşən tapılar.
Doğrudan axı, biz məktəb oxumuşuq. Nə qalıb yadımda bu məktəbdən?
Hiperaktiv, təşəbbüskar müəllimlərimiz bizə avtobusda böyüklərə yer verməyi, böyüklərə itaət etməyi öyrədir, imkan düşdükcə (ki, imkan həmişə düşürdü) bizi öz “böyük məsləhət”ləri ilə feyzyab edirdilər. Ailəsi ilə sözü düz gəlməyən (etdiyi hansısa seçimə görə) şagirdə məktəb rəhbərliyi də təzyiq edir, “böyük məsləhət”inin doza və intensivliyini ikiqat artırırdı. Bilavasitə öz işi-peşəsi ilə məşğul olan peşəkar müəllim xatırlamıram.
Hə, bir də inanc məsələsində fərqli seçim etmək vardı axı. İnanc, din barədə çoxluğun ziddinə gedən fikrin, qənaətin ifadə olunması o demək idi ki, həm müəllimlərin, həm də onların yetişdirdiyi şagirdlərin təzyiqi ilə üzləşəcəksən. Müəllim təsəvvür edin ki, dərsini bitirən kimi Allahdan qorxunun vacibliyi, namaz, məscid haqqında danışmağa girişir. Bunun dünyavi məktəbdə nə işi var? soruşmaq istəyirsən, amma kimdən?
2016-cı ilin aprel döyüşlərindən sonra Şuşaya doğru yol alan müəllimlər yadınızda olar. Nətəhər eyforiyaya qapılmışdılarsa Şuşaya doğru yolda heç qarşı səkiyə gedib çatmadıqlarını görmədilər, hiss etmədilər. Cismən Bakıda qalsalar da ruhən artıq Şuşadaydılar, ermənilər hamısı asılmışdı, Natavanın heykəli yerinə qayıtmışdı. Bəs bizim hərbi müəllimimiz? Hamımızı həyətdə toplayıb hayqırmışdı ki, hər biriniz şəhid olacaqsız. O anda özümü Yaxın Şərqdə, terror təşkilatların birinin kampında təsəvvür etmişdim.
Qurban tələb edən hər bir ideya iyrəncdir. Bunu deyəsən altıncı hissimlə anlayırdım. Şüur sonralar gələcəkdi, hələlik müşahidə edirdim. 1988-ci ilin bağrından qopan, nexti basılmamış əcaib-qəraib müəllimlərin söz və davranışlarını izləyirdim. Hərdən mənə elə gəlirdi ki, onlar gecə meydanda yatırlar, sadəcə səhərlər işə gəlib axşam yenidən meydana qayıdırlar. Etibar Məmmədov, Nemət Pənahlı, Xəlil Rza Ulutürk (maraqlı mix alındı) aşiqi bir İrəvanlı müəlliməmiz isə tez-tez yadımıza türk olduğumuzu salır, Ərgənokon dastanı, Malazgirt döyüşündən danışırdı. Sinifdə etnik türk olmayan, ya da özünü elə tanımayanlar da mütləq türk idi, Türkiyə isə onların qardaş ölkəsi, hətta ana vətəni.
Sonralar, həmin bu ergenekonçu müəllimənin 23-saylı Nəsimi Səbail seçki dairəsində saxtakarlıq başında çəkilən videosunu gördüm. Təəccüblənməliydim? Məncə də yox.
Ona görə deyirəm ki, 9 martdan sonra da uşaqlarınızı məktəbə buraxmasanız olar.