1 – Üç güc və Liviya
2014-cü ildə başlayan Liviya Vətəndaş müharibəsində 2 qırılma hadisəsini qeyd edə bilərik:
– Qiyamçı general Haftar ordusunun, BMT tərəfindən tanınan Milli Razılıq Hökümətini devirmək üçün 2019-cu ilin aprelində Tripoliyə hücum etməsi,
– Qiyamçı general Haftarın Tripolidəki əməliyyatlarını dəf etmək üçün Türkiyənin geniş miqyaslı hərbi müdaxilə başlatması.
Təhlilin düzgün aparılması üçün, hesab edirəm ki, “Üç güc” adlandırdığım Rusiya, Türkiyə və BƏƏ-nin Liviyadakı maraqları və müdaxilə səbəbləri haqda danışmaqda fayda var.
Rusiyanın Liviyadakı maraqları əsasən iqtisadi və geosiyasidir. 2011-ci ildə Qəzzafi dövründə ABŞ-ın rəhbərliyi ilə BM qüvvələrinin Liviyaya müdaxiləsindən sonra ölkədə meydana gələn qeyri-sabitlik və Qərb dövlətlərinin bu bölgəyə marağının azalması, Rusiyanın bölgədə mövcud olmasını şərtləndirərək, Aralıq dənizi və Afrika qapılarına açılan Liviya kimi geosiyasi baxımdan güclü bir ölkə ilə infrastruktur layihələrinə qoşulmasının, silah satışı müqavilələri bağlamasının və digər bir çox sahədə iqtisadi və geosiyasi sazişlər imzalamasının yolunu açdı. Bütün bunlar Rusiya üçün ekzistensial əhəmiyyət kəsb etməsə belə, Rusiya bu bölgədə mövcud olmağı özü üçün mühüm hesab edir.
Türkiyənin 2019-2020-ci illərdə Liviyadakı fəaliyyətini nəzərə almasaq, Türkiyənin bu ölkədəki maraqlarının Rusiya ilə üst-üstə düşdüyünü deyə bilərik. Bunun ən bariz göstəricisi isə, hələ 2011-ci ildən əvvəl Türkiyə ilə Liviya arasında energetika, inşaat və mühəndislik sahələrində imzalanan 20 milyard dollarlıq müqavilələrdir. Həmçinin, Türkiyənin Liviyadakı ən böyük mənfəəti Şərqi Aralıq dənizində baş verən hadisələrdən sonra imzalanmış Eksklyuziv İqtisadi Zona müqaviləsidir ki, Türkiyə Liviyadakı hərbi varlığını da bununla əsaslandırır.
Başqa ölkələrdən fərqli olaraq, Birləşmiş Ərəb Əmirliklərinin Liviya ilə bağlı ən böyük marağı və narahatlığı isə ideoloji əsaslıdır. BƏƏ narahatdır ki, Tripoli rəhbərliyi kimi siyasi islam meylli qüvvələrin iqtidara gəlməsi, bölgədəki sünnilərin çoxluqda olduğu ölkələrin Liviyadan ilham almasına, yəni domino effektinin yaranmasına səbəb olar, bu da ərəb ölkələrində idarəetmə dəyişikliyinə gətirib çıxarar.
Liviya kontekstində Türkiyə-Rusiya münasibətləri
Başqa ölkələrdən fərqli olaraq Rusiya Türkiyənin regional güc olmaq istəyini başa düşür və bununla razılaşır. Etiraf etməliyik ki, Rusiya ilə Türkiyə Suriya, Liviya, Ukraynada, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bir-birlərinə rəqib olasalar da, Rusiya üçün Türkiyə hər zaman qarşılıqlı olaraq güzəştə getmək, razılaşma əldə etmək baxımından vacib tərəfdaşdır, habelə Türkiyə Rusiyanın uzunmüddətli, bahalı münaqişələrə girməsinin də qarşısını almaqda axırıncıya xeyli kömək edir.
Eyni zamanda Rusiya, ona qarşı qurulmuş NATO-nun ən böyük ordularından biri ilə yaxın münasibətə nail olmaqla, NATO-nun monolitliyini də təhdid edir.
BƏƏ kontekstində Türkiyə-Rusiya münasibətləri
Türkiyənin Liviyadakı varlığını öz mənafeyinə zidd hesab edən BƏƏ, Rusiya ilə strateji əməkdaşlıq qurmaq üçün səy göstərmişdir. Rusiyanı bölgədə proksi dövlət kimi görən BƏƏ, Liviyadakı maraqlarını təmin etmək naminə Türkiyə-Rusiya münasibətlərindən istifadə etməyə də çalışmışdır. Lakin eyni zamanda BƏƏ Türkiyə ilə Rusiyanın Liviya çərçivəsində razılıq əldə etmələrindən və bunun nəticəsində bölgədən xaric olunaraq Liviyadan mənfəət payı götürə bilməmək ehtimalından da qorxur.
Bu səbəblə də Birləşmiş Ərəb Əmirliklərinin Liviya siyasəti intensiv diplomatiya ilə yox, qiyamçı general Haftara verilən dəstəklə məhdudlaşır.
2 – Rusiya və Səhralar
Rusiya Liviyada necə güc faktoruna çevrildi?
2017-ci ildə Avropa KİV-lərinin apardığı araşdırma nəticəsində məlum oldu ki, Haftar sıralarında təhlükəsizliyin təmin edilməsi, minaların təmizlənməsi və liviyalı pilotlara rus qırıcı təyyarələrinin idarəedilməsinin öyrədilməsi üçün Rusiyanın muzdlu hərbi qruplaşması Liviyada fəaliyyət göstərir. Bu, Rusiyanın Liviyada ilk varlığı idi. 2018-ci ilin birinci yarısında isə qiyamçı general Haftarın Liviya Milli Ordusu ilə Rusiya Kəşfiyyat Xidməti arasında görüş keçirildi. Bu görüşdən sonra, yəni 2018-ci ildən etibarən Vaqner qrupu Liviyada intensiv fəaliyyətə başladı. Əvvəl təlim, təchizat, təhlükəsizlik xidmətləri və cəbhə təminatı kimi sahələrdə fəaliyyət göstərən Vaqner, bir müddət sonra cəbhə xəttində daha çox mövcud olmağa başladı və Tripoli cəbhəsində görüldü.
Apardığım araşdırmalardan əldə etdiyim məlumatlara görə Vaqner qrupunun cəbhə xəttindəki ən böyük bazası Zintanda yerləşirdi. 2018-ci ilin oktyabr ayından onlar, hazırda Türkiyənin nəzarətində olan Wattiah hava bazasında da yerləşmişdilər.
2018-ci ilin son aylarında Haftarın Moskvada Vaqner qrupunun rəhbərləri ilə keçirdiyi görüşün video görüntüləri paylaşılandan sonra, Vaqnerin Liviyadakı mövcudluğu şayiə olmaqdan çıxaraq öz təsdiqini tapdı. Eyni zamanda, o dövrdə aparılan araşdırmalar nəticəsində bir çox Rusiya Xüsusi Təyinatlılarının və rusiyalı keçmiş şəxsi heyətin Liviyada xidmət etdiyi sübuta yetirildi.
2019-cu ilin əvvəllərində Birləşmiş Ərəb Əmirlikləri, Haftar Ordusuna yeni hərbi sistemlər göndərmiş, Vaqner qrupu isə cəbhə xəttində hazırlıq görmüşdü. Artıq Haftarın ordusunun Tripoliyə hücum etməsi və Vətəndaş müharibəsini bitirməsi üçün hər şey hazır idi.
Milli Razılıq Hökuməti, o zaman ABŞ Dövlət katibi Mike Pompeo ilə görüşsə də ABŞ, BMT tərəfindən tanınan hökuməti dəstəkləmək əvəzinə, Haftarı dəstəkləyərək, ondan Liviyanın cənubundakı neft mədənlərini qorumağı xahiş etdi. Bundan sonra Liviya Milli Ordusu və Vaqner qrupuna bağlı dəstələr Liviyanın cənubundakı mədənlərin mühafizəsi üçün ərazidə möhkəmləndi. Yalnız BƏƏ, Rusiya, ABŞ yox, həmçinin Fransa da MRH-in çökəcəyini hesab edərək 2019-un fevralından etibarən Haftarı dəstəkləməyə başlamışdı. Eyni zamanda, Sudandan muzdlu əsgər cəlb edən Haftar də Liviyanın cənubuna nəzarəti tam ələ keçirmişdi. Beləliklə, hadisələr Haftarın xeyrinə inkişaf edir, MRH-in dağılacağını düşünən böyük dövlətlər isə, bu baş verdikdən sonra Liviyadan pay qapmağa hazırlaşırdılar.
4 Apreldə Haftar orduları Tripoliyə hücuma keçsə də, Haftar ilkin üstün mövqeyinə baxmayaraq irəliləyə bilmədi. Əməliyyatın uğurlu alınmasını istəyən BƏƏ, başda Çin istehsalı olan Wing Long PUA-ları olmaqla, xeyli sayda hava vasitəsini Tripoli cəbhəsinə yolladı. BƏƏ-nin hava vasitələri 2019-cu ilin aprel və dekabr ayları arasında 900-dən çox hava hücumu həyata keçirsə də, Haftar ordusu MRH qoşunlarının müqavimətini qırmağa və irəliləməyə nail ola bilmədi.
Bütün dünya dövlətləri tərəfindən tərk edilən və diktator Haftarın qabağına yem kimi atılan MRH-nin yardımına Türkiyə tələsdi. BƏƏ-nin aprel ayında xeyli sayda hava vasitəsini Haftara göndərməsindən bir neçə həftə sonra Türkiyə çox sayda zirehli texnika, döyüş sursatı və 40-a yaxın Türk hərbçisi ilə MRH-ə dəstək verdi. Sonradan hərbçilərin sayını artıran Türkiyə, MRH-ə Bayraktar TB-2 PUA-larını da göndərdi.
2019-cu ilin sonlarına çatanda Bayraktar TB-2-lərdən 250-dən artıq hava hücumu həyata keçirilmişdi. Həmin dövr, BƏƏ-nin tədricən Türkiyəni Liviyada güc faktoru kimi qəbul etməyə başladığı dövr idi.
Əslində Haftarın problemi Liviya Milli Ordusunda yaşanan canlı qüvvə defisiti idi. Sudan və Vaqner qrupları nə qədər dəstək göstərsələr də, MRH qoşunlarını məğlub etmək heç cür alınmırdı və sırf bu səbəbdən Haftar BƏƏ-nin də böyük dəstəyinə rəğmən, Rusiyaya möhtac vəziyyətdə idi.
Haftarın Rusiyaya möhtaclığının ən bariz nümunəsi, 2019-cu ilin sentyabrında Haftar qoşunlarının Tripolidə irəliləyə bilməməsi və vaqnerçilərin avanqard qüvvə kimi bilavasitə döyüşlərə atılması idi. Vaqnerçilərin dəstəyi ilə az da olsa irəliləyişə nail olunsa da, Vaqnerin bu döyüşlərdə 70-dən çox əsgəri həlak olmuşdu.
2020-ci ilin may ayında Haftarın uğursuzluqlarını və cəbhənin dalana dirəndiyini görən Rusiya Vaqneri cəbhədən çəkməyə qərar verdi, MRH rəhbərliyi isə cəbhəni tərk edən Vaqner döyüşçülərinin təhlükəsizliyinə zamin durdu. 22 mayda Türkiyənin PUA-larla əməliyyata başlamasından sonra vaqnerçilər təcili surətdə Tarhuna və bir çox bölgəni tərk etdilər. 2000-ə yaxın vaqnerçi Bani Walid hava limanına və Əl-Cufra Hava bazasına axın etdi. Rusiyanın geri çəkilməsi ilə boş qalan cəbhəni sudanlı muzdlular vaxtında doldura bilmədiyinə görə, Tripoli cəbhəsi çökdü.
Türkiyənin MRH ilə birlikdə keçirdiyi böyük və uğurlu əməliyyat nəticəsində Haftar ordusu Sirtəyə qədər geri çəkilməyə məcbur oldu. Beləliklə, Sirtə şəhərindən başlayaraq 250 km boyunca davam edən MRH – Liviya Milli Ordusu cəbhə xəttə yarandı. Cəbhə xəttinin ilk günlərində Rusiya və BƏƏ Haftara xeyli sayda silah-sursat və canlı qüvvə göndərdi. Misirin də səhnəyə çıxması və “Sirtə bizim qırmızı xəttimizdir” deməsindən sonra Türkiyə və MRH-nin Sirtəyə hücumu təxirə salındı.
Son zamanlar, Rusiyanın, hələ ki, təsdiqini tapmayan S-300-lərlə birlikdə, Haftara dəstək üçün Liviyaya 14 ədəd MİQ-29 və SU-24 hərbi təyyarələrini göndərdiyi xəbər verilir. Bundan əlavə, Vaqner qüvvələrinin nəzarətində olan 3 hava bazasının da (El-Xadim, Cufrah, Qardabiyah) Rusiya üçün böyük əhəmiyyətə malik logistik məntəqələr olduğu nəzərə alınmalıdır.
Rusiya Haftarı Tripoli cəbhəsinin itkisi ilə barışdırandan sonra Vaqner və Rus qüvvələri Liviyada daha aktiv olmağa və mühüm məntəqələri ələ keçirməyə başladılar. Eyni zamanda, BƏƏ-nin təsir imkanlarını azaltmağa hesablanmış həmlələrlə ruslar, qiyamçı Haftarı özlərindən daha çox asılı vəziyyətə saldılar. Bununla da ruslar Liviya Milli Ordusuna tam nəzarət etmək və vaxtı çatanda əl altında saxladıqları Haftara bütün Liviyanı hədiyyə edərək, Aralıq dənizində daha bir nəhəng baza qurmaq istəyir. Türkiyənin isə bu məsələdə seçimi çox da böyük deyil, çünki MRH qazanılan Tripoli qələbəsindən sonra Rusiya ilə razılaşmağa və ortaq bir hökumət qurmağa meyllidir.
Zaman isə Rusiyanın xeyrinə, Türkiyənin əleyhinə işləyir. Gün keçdikcə Haftar Liviyanın yeganə hakimi ola bilmək üçün Rusiyadan daha çox asılı vəziyyətə düşür.
David Budd (Türkiyə)