Ötən yazımda söz verdiyim kimi, New Queer Cinema dalğasında yaranmış filmlərdən danışacam. Amerika müstəqil kinosunda 1990-cı illərdə meydana gələn New Queer Cinema filmləri-homoseksuallarla bərabər transseksualların, biseksualların, transvestitlərin həyat tərzini təsvir edir, problemlərini qaldırır, onların müsbət obrazlarını yaradır, homofobiyaya qarşı mübarizə aparır və s. Maraqlananlar, cərəyanla bağlı Google-da axtarış verib əhatəli bilgilər ala bilər.
Yazıma izlədiyim son filmdən başlamaq istəyirəm: fransız rejissoru Alen Qirodinin 2013-cü ildə Kann festivalının “Xüsusi baxış” proqramında nümayiş olunan və Kvir Palma mükafatına layiq görülən “Stranger by the Lake” filmindən. Məlumat üçün zəruri qeyd edim: A kateqoriyalı festivallarda- Berlində məlum motivli filmlərə Teddi, Venesiyada Kvir Şir, Kannda isə Kvir Palma təqdim olunur.
Qirodinin qəhrəmanı Frank yay tətilini göl kənarında keçirir. Kruizinq (ictimai yerlərdə seksual partnyor axtarışı) məqsədilə bura gələn, ilk dəfə bir-birini görən kişilər cinsi əlaqəyə girir, ehtiraslarını öldürür və s. Göldə gənc kişilərdən biri boğulur və cinayəti Frankın partnyoru Mişelin törətdiyi aydınlaşır. Mişel daha bir neçə qətl törədir. Final isə açıq qalır.
Qirodi geydir və bir qayda olaraq, homoseksual temanı işləyir. “Stranger by the Lake” da daxil olmaqla bu tip filmlərin əksərinin əsas problemi homoseksuallığı fizioloji qatda, seksi münasibətlərin yeganə forması kimi göstərmək, personajların daim satiriazis vəziyyətidir.
Bir saata qədər filmdə heç nə baş vermir, bu müddətdə orta və iri planlarda penislərini oxşayan, onunla oynayan, təsadüfi partnyorlarla seksual aclığını öldürən kişiləri görürük. Bəzi epizodlarda rakurs elə götürülür ki, kadrın mərkəzində məhz penisin görünütsü gözə girir. Personajların adi məişət söhbəti zamanı – təsvirdə mərkəzi nöqtə kimi nədən penisin götürülməsinin dramaturji əsası qaranlıq qalır.
Ümumiyyətlə, süjetin böyük hissəsini əhvalatda psixoloji, dramaturji funksionallığı aydınlaşmayan – fiziki əlaqədə olan və ya toxunuşlara cəhd göstərən kişi bədənləri təşkil edir. Nəticədə təyinatsız təsvirlər mahiyyətcə pornodan fərqlənmir. Yeri gəlmişkən, kinoda erotika ilə pornoqrafiya janrları arasında sərhəd belə müəyyənləşdirilir: pornoqrafiyadan fərqli olaraq erotikaya naturalizm və diqqəti cinsiyyət orqanlarına yönəltmək xas deyil. Sənətin hüdudsuzluğunun müqabilində verilən tərif qüsurludur. Trierin “Breaking the Waves“ (1996) dramında Bessin və Yanın zifaf gecəsində kişinin cinsiyyət orqanı yaxından göstərilir. Həmin hissənin sakral əhvalı, Besslə Yanın sevgisi, dialoqu, qadının məsumluğu və digər məzmunlu, bədii estetik nüanslarla rejissor natural çılpaq təsvirləri pornodan, bayağılıqdan təmizləyir və nəzərdə tutduğu ideyaya daxil edə bilir…
Dediyim odur ki, cinsiyyət orqanlarının, fiziki əlaqədə olan vücudların natural təsviri nəsə bir mənayla yüklənməlidir, süjetdə sxemtaik qalmamalıdır, başqa sözlə, onlar ekranda boş-boşuna, məqsədsiz görünə bilməz.
“Stranger by the Lake”ın kinematoqrafik baxımdan yeganə dəyəri, məkan minimalizmi, əhvalatın eyni yerdə baş verməsidir. Göl ətrafının dünyadan qopuq yer kimi göstərilməsi ola bilsin, homoseksuallığın hələ də ayrı-ayrı ölkələrdə qınaqla qarşılanmasını eyhamlaşdırır. Çünki personajlardan bir neçəsi çimərliyə gəlməklə reputasiyalarının zədələnəcəyindən ehtiyatlanırlar.
Əgər film homoseksualların tənhalıq problemini önə çəkirsə, burda şərti tənhalıq belə görünmür: baş verənlər yalnız seks aclığının, ötəri münasibətin illüstrativliyinə əsaslanır. Personajların seksual ünsiyyəti burda və indidə baş verir, emosional bağlantıdan, münasibətlərin davamından söhbət gedə biməz. Stiv Makkuinin “Shame” (2011) filmində də çoxlu bədən və seks var, amma rejissor hekayəni psixoloji drama çevirərək seksual asılılığın təbiətini araşdırır.
Todd Heyns də geydir, onun “Poison” (1991) filmi orqanik montaj sayəsində vahidləşən üç müxtəlif əhvalatdan ibarətdir. Əhvalatlardan birində -müəllif həbsxanada cəza çəkən homoseksualların timsalında kişi dünyasını araşdırır. Amma yenə də bədənə istinad edərək. Kişi əzəməti, gözəlliyi, gücü və zəifliyi bədənin ayrı-ayrı hissələrində (siqaret tutan dodaqlarında, tərli çənələrində, qamətində) konkretləşir. Zorakı və könüllü cinsi münasibət, şəhvət ön plana çıxır. Beləliklə mənəvi ruhi cəhətlərin yoxluğu səbəbi ilə süjet fiziki tələbatdan başqa bir mənaya gəlmir.
Homoseksuallığını gizləməyən rejissor Tom Ford eyni zamanda dizaynerdir. “A Single Man” (2009) filmində o da seksuallığın diliylə işləyir. 1960-cı illəri əhatə edən əhvalatın qəhrəmanı, professor Corc avtoqəzada partnyorunu itirir. Qəhrəmanın bundan sonra varolmasının mənasızlığına, itkinin ağrısına səbəb verən əsas amil kişi bədəninə susaması, tələbatını təmin edə bilməməyidir. Misalçün, kameranın ayrı-ayrı kişilərin əzalarına etdiyi vurğulara qəhrəmanın nəzərindən baxırıq. Və onun xatirələrində ölmüş sevgilisi ən çox bədəni ilə qalıb.
Homoeksual mövzunu işləyən rejissorlardan biri ispan Eloy de la İqlesia da gey idi. “Bulgarian Lovers” (2003) filmi əsasən homoerotik münasibətlərin əksidir, burda da penis vurğulanır, yataq səhnələri təfərrütalıdır, personajların söhbətinin əsas mövzusu fiziki həzzdir.
Enq Linin “Brokeback Mountain” (2005) filmində əhvalat keçən əsrin 60-cı illərin Amerikasında baş verir. Donqar dağ deyilən ərazidə kovboy işləyən Ennis və Cek arasında sevgi münasibəti başlayır. Mövsüm bitəndə onlar ayrılır. Uzun illər sonra görüşən kişilər sevgi duyğularının güclü olduğunu anlasalar da, şərtlər birlikdəliyə imkan vermir. Sonra Cek qətlə yetirilir, Ennis onun homofoblar tərəfindən öldürürldüyünü düşünür. Kino tarixində ilk gey-vestern adlandırılan “Brokeback Mountain” mükəmməl təbiət təsvirləri istisna olmaqla, kinematoqrafik özəlliyi olmayan, material baxmdan ortabab melodramdır. Bununla belə film homofobiya üzündən qəhrəmanların ağrısını, qorxusunu, mənəvi təcridini ifadə edə bildiyindən bu mövzuda çəkilən filmlərdən bir qədər seçilir.
İtalyan Luka Quadanyinonun (geydir) “Call Me by Your Name” (2017) dramı 17 yaşlı Elio ilə 24 yaşlı Oliverin sevgisi haqdadır. Rejissor duyğuları nisbətən hissiyyatlı ifadə etsə də, seks, yataq səhnələri ümumi süjetdə önə çıxır. Elionun atasının oğlunun homoseksual istəyinə anlayışlı reaksiyası, özünün də erkən gəncliyində eyni şeyi yaşadığını deməsi ilə müəllif bunun normallıq olduğunu, maarifındirmə qatını qabardır.
İki qadının sevgisindən, çətin münasibətlərindən danışan “Blue Is the Warmest Colour” (2013) melodramının müəllifi ərəb əsilli fransız rejissoru Abdelatif Keşiş gey deyil.
Film melodram janrının kinematoqrafiyada dəfələrlə işlənmiş standartları üzərində qurub: Emma və Adel bir-birinə aşıq olur, birlikdə yaşayırlar, sonra isə münasibət çat verir. Nümayişkaranə formada detallı yataq səhnlərinin çoxluğunun, Adel yemək yeyərkən yaxın planda ağzının, (rejissorun dediyinə görə insanların yemək yeməsində erotizm görür), arxasının göstərilməsinin, küçədə yeniyetmə qızların arxa hissəsinə kameranın tuşlanmasının mənası aydın deyil. Qadın bədənini kişi acgözlüyü ilə tədqiq edən şəhvani kadrların bir neçə dəfə təkrarlanmasıyla Keşiş rejissor mövqeyi ilə kişi şəhvəti arasında sərhədi itirir.
Venesuelalı Lorenso Viqasın “From Afar” (2015), Cənubi Afrikalı Oliver Hermanusun “Beauty” (2011), paraqvaylı Marselo Martinessinin “The Heiresses” (2018), fransız Selin Syammanın “Portrait of a Lady on Fire” (2019) filmlərində də homoseksuallıq bədəndə araşdırılır, personajların dünyası hermetikdir, süjetlər monotondur, konflikt-ideya problematika işlənməyib, emosional enerji isə sadəcə yox səviyyəsindədir.
Gey rejissorların filmlərində yataq səhnələrinə təfərrüatlı yer ayrılması onların travma-kompleksini ortaya çıxarır: biz normalıq, hamı kimiyik, sevişməyimiz normaldır. Latent aqressiya, hansısa məqamlarda heteronormativliyə qarşı çağırışın duyulması təsadüf deyil. 1980-ci illərdə QİÇS-in geniş yayılması Qərbdə homofobiyanı gücləndirdi, çünki xəstəliyin yayılmasında seksual azlıqlar günahlandırılrdı. Homofob ritorika gey rejissorların kinoya gəlişini və ümumuyyətlə, seksual azlıqların emansipasiyasını aktuallaşdırdı.
Amerikalı rejissor, biseksual, New Queer Cinema-nın nümayəndələrindən biri Qreqq Arakinin “The Living End” (1992) dramı homofobiyaya aqressiyadan qaynaqlanır. QİÇS-ə tutulduğunu öyrənən kinotənqidçi hara gedəcəyini konkretləşdirmədən avtomobillə yola çıxır. Yolda QİÇS-ə yoluxan başqa geylə tanış olur, onların arsında seksual və emosional bağlantı yaranır. Cinsi əlaqə, minet səhnələri, bədənin mərkəzdə olması – özünü tapa bilməyən, cinsi yönündən dolayı identifikasiya problemi yaşayan qəhrəmanların daxili dünyasını, ağrısını süjetin periferiyasına sıxışdırır. Düzdür, personajların cəmiyyətdə özünü yad hiss etməsində, cinayətin homofobiyaya qarşı protest mahiyyəti daşımasında fransız Yeni dalğasının və Yeni alman kinosunun təsiri sezilir. Hətta bir epziodda Qodarın adı yazılmış divar diqqəti çəkir. Amma Avropa filmlərində gəncliyin etirazı məzmunca qlobaldır, hədəfləri ideyalı-intellektualdır, forma və üslub axtarışları var. Arakkinin filmində isə protest homoertika ilə məhdudlaşır, stilsitikası, forması isə ənənəvidir.
İndi haqqında danışacağım filmlərin qəhrəmanları QİÇS-dən əziyyət çəkənlərdir və bu ekran işlərinin məna miqyası daha genişdir.
Bioqrafik filmlər işləyən Culian Şnabelin “Before Night Falls” (2000) dramı kubalı şair, gey, QİÇS-dən ölən Reynaldo Arenasın təsirli hekayəsidir. Filmin süjeti diktaturaya, senzuraya qarşı müqavimət, söz azadlığı uğrunda mübarizəyə əsaslanır.
Qas Van Sent də geydir, onun “Milk” (2008) bioqrafik dramı oriyentasiyası haqda açıq danışan ilk siyasətçi Harvi Milkin geylərin hüququları uğrunda mübarizəsini əks etdirir. Digər filmlərdə homoseksuallığın normallıq olması haqda vizual mesajlar verilirdisə, burda mesaj-təbliğat linqvistik səviyyədədir. Rəqibləri ilə daim psixoloji müharibədə olan Milk debatlarında, mitinqlərdə homoseksualların hüququları barədə açıq, sərt danışır.
Müəllif psevdodokumentallıqdan və sənədli kadrlardan istifadə edib, Milkin mübarizəsi xroniki ardıcıllıqla verilib. Bu, homoseksualların ictimai-siyasi həyata daxil olmasını göstərən ilk filmdir.
Yeri gəlmişkən, “Milk”in gey filmi çərçivəsinə salınmasına qarşı çıxan rejissor onun əsas məzmununun söz azadlığı olduğunu deyib.
Conatan Demminin “Philadelphia” (1993) hüquq dramında da real əhvalat yer alıb. Qəhrəman QİÇS-ə yoluxduğu, homokseksual olduğu üçün başqa bəhanəylə şirkətdəki işindən qovulur. Onun müdafiəsini vəkil Co Miller üzərinə götürür və prosesi udur. Amerika kinosu keyfiyyətli hüquq dramları ilə məşhurdur. Homofobiyaya qarşı mübarizəni hüquq müstəvisində təsvir edən “Philadelphia” da bu baxımdan maraqlıdır.
Britaniyalı avanqard-rejissor, gey Derek Carmen isə özü “The Garden” (1990) filmini çəkəndə QİÇS-dən əziyyət çəkirdi. “The Garden” metaforik, abstrakt vizual düşüncə üzərində xaotik qurulmuş kinomaterialdır, burda həmçinin, instalyasiya və video-art formasında kompozisiyalar yer alıb. Homoseksualizmi qadağan edən qanunlara qarşı protest kimi ortaya çıxan filmin məqsədi homoseksual cütlüyün əhvalatı ilə homoseksual olmağın çətinliyini göstərməkdir. Rejissor İncil motivlərindən yararlanır, Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərindən sitat gətirir. O, Məcdəlli Məryəmin daş-qalaq epziodunu dekonstruksiya edir: qadın qiyafəti geymiş transvestit kişi qadınlar tərəfindən fiziki təzyiqə məruz qalır.
***
Ümumən, homoseksual motivi vurğulayan əksər filmləri izləməyimi itirilmiş vaxt sayıram. Film-hekayə alternativ təcrübə verməsə belə, heç olmasa emosional yenilənmə yaratmağı bacarmalıdır. O, ənənəvi nəql texnikasında göstərilə, özünəməxsus nəql metodundan yararlanmaya bilər, vacibi hekayəyə baxışın, kinodilinin universallığı, onu hər kəsin əhvalatına çevirmək bacarığıdır. Cinsi aktın təsviri məqsəd yox, ideyanın, personajlarının xarakterinin açılmasına hesablanmalıdır və s. Əksi olanda kitç, konyunktura meydana çıxır.
…İtalyan rejissoru Damiano Damianinin “The Case Is Closed, Forget It” (1971) kriminal dramında vəkili müştərisinə həbsxanada vaxtının öldürməsi üçün əlverişli təklif edir: “Homoseksuallardan ədəbi əsər yaz, nəşriyyatlara da maraqlı olacaq. İndi dəbdə olan, çox işlənən mövzudur”.