“St. Beatus” (Müqəddəs Beatus) mağaraları İsveçrə turizminin qabaqcıl obyektlərindən biridir. Paytaxt Berndən təqribən 45 km uzaqlıqda, Thun şəhəri ilə İnterlakenin arasında, Alpların Niederhorn silsiləsində yerləşir.
Geoloji qruluşu ilə bağlı dəqiq məlumat əldə edə bilməsəm də, mağaranın formalaşmasının bir neçə milyon il əvvələ uzandığı şübhəsizdir.
Mağaranın ümumi uzunluğu 14 km-dir. Bu ərazinin böyük qismi təhlükəsizlik və araşdırmalar məqsədi ilə ziyarətçilərin üzünə qapalıdır. Mağaranı görmək istəyənlər St. Beatusun sadəcə bir km-ini gəzə bilərlər. Əslində bunun üçün heç kim giley etmir, çünki bu bir km də dar yollardan, alçaq tavanlardan ibarət olduğu üçün, inanmıram ki, kimsə bu məsafədən daha artığını gəzmək istəsin.
Mağaranı ecazkar edən orda milyon illərdir formalaşmaqda olan rəngli suxurlarla yanaşı, yeraltı suların qayaların içindən surətlə axması və şəlalə formasında Thun gölünə tökülməsidir.
Bəs nə üçün bu mağara kompleksinə “St Beatus” adı verilib? Bu ad bir əfsanəyə söykənir: Deyilənə görə VI əsrdə bu mağarada ürküdücü və od püsgürən bir əjdaha yaşayarmış. Həccə səfər edən zəvvarlar Həcc yolçuluğu zamanı məcburi bu mağaradan keçməli olurlarmış. Günlərin bir günü müqəddəs Beatus Həcc ziyarətinə gedərkən bu mağaradan keçir və od püskürməkdə olan əjdaha ilə üz-üzə gəlir. O, dərhal əjdahaya xaç göstərir. Bunu görən əjdaha kükrəyərək mağaradan qaçıb, Thun gölünə düşərək boğulur. Həmin gündən St. Beatus bu mağarada inzivaya çəkilərək yaşayır.
Təbii ki, bu, bir əfsanədir, amma yenə də yolunuz bu tərəfə düşərsə bu mağara kompleksini görməyinizi israrla tövsiyə edirəm. Mağara kompleksinin girişində mağaradan çıxarılmış qiymətli minerallar, suxurlar nümayiş etdirilir. Siz bu minerallardan eviniz üçün satın ala da bilərsiniz. Qiyməti münasibdir.